Dünyaya gəlmişdi bir may səhəri...
GƏLƏNDƏ "DAĞ
QUŞÇU" SEVİNMİŞDİSƏ, GEDƏNDƏ
ALİMLƏR YOLA SALDILAR
Əslində, bütün insanlar belədir.
Hamı dünyaya gələndə
öz ailəsini, yaxınlarını sevindirir.
Çünki onu ancaq həmin adamlar tanıyırlar.
Dünyadan
gedəndə isə...
hərə bir cürə gedir - biri səssiz-səmirsiz, biri də məhz
professor Talətdin Bağırov
kimi - yüzlərcə
ziyalının, onlarca
alimin göz yaşlarının müşayiəti,
"Yerin cənnət
olsun!" - xeyir-duası ilə. Ona həmin "arzuları"
səsləndirənlərin hamısı bilir ki, Talətdin müəllim bu nahaq dünyadan haqq dünyasına köçənədək Cənnəti
qazanmışdı. Çünki
ailədə, qohum-qardaş
arasında, ali
məktəb illərində,
universitetdəki fəaliyyəti
dövründə, yəni
bütün ömrü
boyu elə yaşamışdı ki,
hamı onun məhz cənnətlik olduğunu söyləyirdi.
Söhbət Bakı Dövlət Universiteti Maddə quruluşu kafedrasının professoru,
130-dan çox məqalənin,
1 patentin, 2 dərs vəsaitinin müəllifi,
bir neçə elmlər namizədinə rəhbərlik etmiş Talətdin Ocaqqulu oğlu Bağırovdan gedir. Onu
tanıyanlar deyirlər
ki, professor Bağırov
57 illik ömrü boyu iki ünvanda
yaşamışdır: əvvəllər
Xızı rayonuna aid
olan, sonralar isə Siyəzənə birləşdirilmiş Dağ
Quşçu kəndində
və Bakı Dövlət Universitetində.
Çünki onu Dağ Quşçuda axtaranlar universitetdə tapırlarmış,
universitetdə axtaranlar
isə Dağ Quşçuda. Ancaq
mayın 20-də, Siyəzən
rayon Mədəniyyət Mərkəzində
professorun ad
günü və ona həsr edilmiş
"Bu dağların alim
oğlu"
kitabının təqdimat
mərasimində qeyd edildi ki, Talətdin
Bağırovun yaşadığı
üçüncü ünvan
da var və
həmin ünvan Dağ Quşçudan da böyükdür, Bakı Dövlət Universitetindən də. Həmin ünvan minlərlə talətdinsevərin ürəyidir.
Cabir
Novruz "Mədəniyyət
Fondu"nun Siyəzən
Rayon icra hakimiyyəti
ilə birlikdə təşkil etdiyi tədbirin aparıcısı
Nəcməddin Mürvətov
(o, həm də
"Bu dağların alim
oğlu" kitabının
müəllifidir) qeyd
etdi ki, 1960-cı il mayın 20-də Dağ Quşçu kəndində dünyaya gələn Talətdin Bağırov 1970-ci ildə
Bakı Dövlət Universitetinə daxil olmuş və həmin qəbul kağızı ilə də onun taleyi
universitetə bağlanmışdır.
1982-ci ildə universitetin
fizika fakültəsini
fərqlənmə diplomu
ilə bitirən gənc Talətdin iki il
AMEA-nın Fizika institutunda işləsə
də, tezliklə universitetə qayıtmış
və həmin qayıdışla da ömrünün sonunadək
ölkənin ilk və
ən böyük təhsil ocağında çalışmışdır.
Doğrudur,
"İstilik fizikası
və molekulyar fizika" ixtisası üzrə universitetin aspiranturasına daxil olandan sonra bir
neçə il SSRİ Elmlər Akademiyasının Moskvadakı
"Elementar üzvi birləşmələr" İnstitutunda
elmi tədqiqat işləri aparmışdır.
Ancaq
1988-ci ildən sonra yenidən BDU-nun laboratoriya
və auditoriyaları
ilə qovuşmuşdur.
1988-ci ildə namizədlik
dissertasiyası müdafiə
edərək elmlər
namizədi alimlik dərəcəsi alan Talətdin Bağırov 2005-ci ildə
BDU-nun dosenti seçilmişdir.
2011-ci ildə isə doktorluq dissertasiyası müdafiə edərək
fizika elmləri doktoru elmi dərəcəsi
qazanmışdır. Dörd
il idi
ki, maddə quruluşu kafedrasının
professoru idi. Ötən il
noyabrın 20-də qəflətən
vəfat etmişdir.
Siyəzəndə keçirilən tədbirdə kimlər çıxış etmədilər?
Mərhum professorun qohumlarından biri dedi ki, Siyəzən
ilk dəfədir ki, bu qədər alimi eyni tədbirdə
görür. Rayon İcra
Hakimiyyəti Başçısının
müavini Zəfər
Əliyev, Bakı Dövlət Universiteti Fizika fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri doktoru, professor Məmmədəli Ramazanov,
universitetin Maddə quruluşu kafedrasının
müdiri, Rusiya Pyotr elmlər və incəsənət akademiyasının həqiqi
üzvü Eldar Məsimov, BDU maddə quruluşu kafedrasının
professoru Sacidə Əbdülvahabova, ADPU-dan
fizika-riyaziyyat elmləri
doktoru, dosent Aydın Ələkbərov,
BDU-nun dosenti Naqif Nəbiyev, professorun uşaqlıq dostu Fəxrəddin Paşayev,
Cabir Novruz "Mədəniyyət Fondu"nun prezidenti,
professor Cavanşir Qurbanov,
filologiya elmləri doktoru, professor Məhəmməd
müəllim, fizika-riyaziyyat
elmləri namizədi, dosent Tünzalə Bayramova, pedaqoji elmlər namizədi, Əməkdar jurnalist Qafar Əsgərzadə, kənd
ziyalıları, alimin
ailə üzvləri
və qohumları çıxış edərək
həyatdan nakam - 57 yaşında getmiş görkəmli elm adamı
barədə ürək
sözlərini dilə
gətirdilər.
Rayon icra hakimiyyəti başçısının müavini
Zəfər Əliyevin
dediyi "Allah ondan
heç nəyi əsirgəməmişdi. Yaşamaq şansı
verdiyi ömürdən
başqa. Amma ömür
zamanla yox, əməllə ölçülür"
- fikirləri görkəmli
alimin yaradıcılığına
verilən qiymət idisə, qızı Ayan xanımın "Mən onu heç
nə olmamış kimi həmişə yanımda hiss edirəm.
Sadəcə, səsi üçün
çox darıxıram..."
fikirləri kövrəklik
və səmimiyyət
baxımından dəyərli
idi. BDU Maddə quruluşu kafedrasının
professoru Sacidə Əbdülvahabovanın "Biz onu həmişə parlaq bir hüzn
hissi ilə xatırlayacağıq. Talətdini xatırlayanlar
varsa, onda o, həmişə yaşayacaq.
Xatırlayanların sayı isə
olduqca çoxdur"
- ifadələri həmkar
təəssüfü kimi
qəbul edilirdisə,
mərhumun dostu Mehdi müəllimin "Hacının haqqında yalnız xoş sözlər söyləyə
bilərik. Biz onun xeyirxahlığını
və doğma kəndinə bağlılığını
əməllərində gördük.
Mənim
Hacı Talətdinlə
bağlı xatirələrim
daim Asəflə birlikdə olub" - ifadələri alimin doğulub böyüdüyü
elə-obaya bağlılıq
nümunəsi kimi yaddaşlara yazılırdı.
Deyilməli,
yada salınmalı məqamlar çox idi. Mərhum alimin qardaşı Azər müəllimin dediyi fikirlərisə xatırladılmalı məqamların
hamısından seçilirdi:
"Talətdin həmişə
mənə deyərdi
ki, nikbin ol, yaxşı şeylər danış ki, yaxşı şeylər baş versin. Bəs niyə onun
özü üçün
yaxşı şeylər
baş vermədi?"
İnsan oğlu nəyə qadirdir ki, hər şey
qismətin, talenin, bəxtin əlindədir.
... Amma tədbirin sonunda eşitdiyim bir ifadə də var idi ki,
onu heç zaman unuda bilməyəcəyəm.
Kənd ziyalılarından
biri dedi: "Məsəl var, deyirlər, o yerə ki, alim gələr,
orada yeddi il ruzi, bərəkət
olar. İndi bizim Siyəzənə bu qədər alim gəlibsə, deməli,
ruzi-bərəkətimiz on illər boyu azalmayacaq".
Təki,
belə olsun!
Rafiq SALMANOV
525-ci qəzet.-
2018.- 5 iyun.- S.8.