"Türkçülüyün patriarxı: Əhməd bəy Ağaoğlu" adlı kitab çıxdı

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə nəşr edilən kitabların sırasına daha bir sanballı əsər daxil olub.

"Türkçülüyün patriarxı: Əhməd bəy Ağaoğlu (1869-1939)" adlı kitab bu günlərdə "TEAS Press" Nəşriyyat Evi tərəfindən çapdan buraxılıb.

"Məşhurların həyatı" seriyasından çapa hazırlanan əsərdə türkçülük ideologiyasının banilərindən biri, müsəlman Şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan görkəmli Azərbaycan mütəfəkkiri ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat fəaliyyətindən danışılır. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olan Əhməd bəy Ağaoğlu XX əsrin əvvəllərində Azərbaycan türklərinin milli oyanışında müstəsna xidmətlər göstərib.

Kitabın müəllifi Cümhuriyyət tarixinin araşdırıcısı, tarix elmləri doktoru Aydın Balayevdir. Müəllif qeyri-adi istedada malik bu şəxsiyyət barədəki bioqrafik məlumatların sadəcə sadalanması ilə kifayətlənməyərək, həmçinin, geniş sənədli materiallara əsaslanaraq Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının təkamülünü konkret zaman məkan kontekstində izləməyə çalışıb.

Türkiyədə nəfis şəkildə çap edilən "Türkçülüyün patriarxı: Əhməd bəy Ağaoğlu (1869-1939)" kitabı rus dilindədir. Kitab tarixçilər, etnoloqlar, politoloqlar, eləcə milli tariximizlə maraqlananlar üçün nəzərdə tutulub.

 

 

ŞAHANƏ

 

525-ci qəzet.-2018.-5 iyun.-S.8.