Ədəbi
proses hərəkatı: icmal tənqidindən monoqrafik dərinliyə
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil
Komitəsinin sədri, akademik
Ədəbi proses dedikdə ilk növbədə müəyyən
olunmuş ilin və ya illərin ədəbi mənzərəsi
təsəvvür olunur.
Ona görə də “Ədəbi proses”
yaradıcılıq müşavirələri “İlin ədəbi
mənzərəsi” adlı ümumiləşdirilmiş elmi məruzələrlə
başlanır. Sovet hakimiyyəti illərindəki “Ədəbi
proses”lərdə “Ön söz”lər müstəqillik
dövründəki “İlin ədəbi mənzərələri”nin
mahiyyətini ifadə etmişdir. Doğrudur, “Ön söz”lər
və “İlin ədəbi mənzərəsi”ndə
yalnız ədəbi prosesin mövcud vəziyyətindən bəhs
edilməklə kifayətlənilməmiş, ədəbi
prosesin gedişatından, vəzifələrindən də
söz açılmışdır. Bu mənada ədəbiyyatda
gedən proseslərin mövcud vəziyyəti, inkişaf
meyilləri, yüksəliş ritmləri və çətinlikləri
ədəbi prosesin real mahiyyətini ifadə edir. Ədəbi
proses - ədəbi həyatın inkişafda olan mənzərəsini
təqdim edir. Ədəbi proses - hərəkətdə olan
yaradıcılıq prosesi deməkdir. Bu mənada “Ədəbi proses -
2013”, sonrakı “Ədəbi proses - 2014”ün start nöqtəsidir.
Yaxud “Ədəbi proses - 2016” özündən əvvəlki
“Ədəbi proses - 2015”in davamıdır. Ədəbi prosesin
illəri və gedişatı arasında daxili bir
bağlılıq mövcud olur. Ədəbi proses ədəbiyyatdakı
yaradıcılıq təkamülü proseslərinin
gedişatının mühitdəki əks-sədasıdır.
Deməli, ədəbi proses - hərəkətdə və
inkişafda olan davamlı bədii yaradıcılıq prosesləri
deməkdir. Ona görə də ən yaxşı halda ədəbi
prosesin illər üzrə təqdimatında bir əvvəlki
il başlanğıc, mövcud vəziyyət hərəkət
prosesi, sonrakı il isə ümumiləşmiş nəticə
ola bilər. Lakin “sonrakı il” özü də daha sonrakı
ilin start vəziyyətini əks etdirdiyi üçün ədəbi
proses anlayışı şərtidir. Buna görə də
şərti də olsa ədəbi prosesi müəyyən ədəbi-tarixi
hadisələr əsasında mərhələlər üzrə
ümumiləşdirmək mümkündür. Belə olduqda ədəbi
proses ədəbiyyatın bir inkişaf mərhələsi ilə
sonrakı başqa bir yüksəliş dövrü
arasındakı ideya-mənəvi bağlılığı,
yaradıcılıq təkamülü proseslərinin
varisliyini, nəticə etibarilə ədəbiyyatda
başlanan, sönən və ya yaşamaqda davam edən
proseslərin elmi cəhətdən real qiymətləndirilməsini
tələb edir. Bu mənada Ədəbi proses həm də məhək
daşı funksiyasını həyata keçirir. Ədəbi
proses - ələk rolunu yerinə yetirir. Ədəbi prosesin ələyindən,
süzgəcindən keçib, yaradıcılıq
dalğası kimi yaşamaqda davam edən proseslər
böyük ədəbiyyatı yaradan və daha da inkişaf
etdirən proseslərdir.
Bütün bunları nəzərə alaraq, Azərbaycan
Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda müxtəlif tarixi mərhələlərdə
2 dəfə təşkil olunmuş ədəbi proses
yaradıcılıq müşavirəsi konkret olaraq
ayrı-ayrı ədəbi dövrlərin mahiyyətini və
gedişatını əks etdirir. Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda keçmiş Sovet hakimiyyəti
illərində 1976-cı ildən başlanan, 1984-cü ildə
başa çatan Ədəbi proses tədbirlərinin
başlanğıcı və bünövrəsidir. Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu “Ədəbiyyat nəzəriyyəsi”
şöbəsinin müdiri, akademik Məmməd Cəfər
Cəfərovun rəhbərliyi və institutun “Müasir ədəbi
proses” şöbəsinin təşəbbüsü ilə
keçirilmiş “Ədəbi proses - 1976-1984” elmi
sessiyaları və həmin elmi sessiyaların
materiallarından ibarət olan kitablar qeyd olunan dövrün ədəbiyyatının
janrlar üzrə inkişafını, əsas problemlərini
və çatışmazlıqlarını, habelə vəzifələrini
tam halda, sistemli şəkildə əks etdirmişdir.
1977-1984-cü illərdə keçirilmiş Ədəbi
proses konfransları Azərbaycan ədəbi tənqidinin
oçerkləri kimi mühüm əhəmiyyətə
malikdir.
“Azərbaycan ədəbiyyatı tarixi” kitablarına yazılmış
xronoloji inkişafı göstərən icmallardan sonra bu elmi
sessiyaların məruzələrinin icmalları dövrün ədəbi
prosesinin vəziyyətini və vəzifələrini
işıqlandıran ciddi elmi-nəzəri tezislərdən
ibarətdir. Bunlar, Azərbaycan ədəbiyyatşünaslıq
elmində icmal tənqidinin mükəmməl nümunələridir.
Yazıçılar İttifaqının qurultaylarında səslənən
hesabat xarakterli məruzələrdən fərqli olaraq, “Ədəbi
proses” konfranslarının icmallarında ayrı-ayrı
aparıcı ədəbi növlər və janrlar əsasında
dövrün ədəbi prosesi bütün yönləri ilə
təsvir və təhlil olunmuşdur. Görkəmli ədəbiyyatşünas
Yaşar Qarayevin “Ədəbi proses” icmallarının kitab
variantlarına yazdığı “Ön söz”lər həmin
icmalların mükəmməl elmi-nəzəri müqəddiməsidir.
Yaşar Qarayevin “Ədəbi proses” icmallarındakı
“Ön söz”ləri dövrün ədəbiyyatı və ədəbiyyatşünaslıq
elmi haqqında mənalı bir monoloqdur. Yaşar Qarayevin təqdimatında
həmin illərin ədəbiyyatının və ədəbiyyatşünaslıq
elminin ayrı-ayrı istiqamətlərinin obyektiv elmi qiyməti
verilmişdir: “Bütünlükdə ədəbi ilin janr və
üslub tendensiyalarını indi lirika daha qabarıq ifadə
etməyə başlayıb: həm şeirin və nəsrin,
həm də dramatik formaların estetik strukturunda lirik
ünsürün rolu daha da artıb. Realist psixologizmə,
konkret fəlsəfi ümumiləşdirməyə, təbii
monumentalizmə meyil qüvvətlənib. Ritorik təhkiyə
ilə analitik təhlilin nisbəti bunlardan ikincisinin xeyrinə
xeyli dəyişib” (1976). Müasir, inkişaf etmiş “insan
konsepsiyası ədəbi-bədii janrlara özü ilə
birlikdə həyatın, ömrün və əbədiyyətin
mənası, məhəbbət və şəxsiyyət, fədakarlıq,
ölüm və mübarizə haqqında fəlsəfi
düşüncələr axarı gətirib gəlir” (1977);
“Poeziya, dünya və şəxsiyyət” - bu üç
qütb və onlar arasında əlaqələr bugünkü
bədii və estetik fikirdə aktual ədəbi problem kimi
qaldırılır” (1979). “İlin janrlar sistemində tənqid
və ədəbiyyatşünaslıq sahələri də
mühüm və görkəmli yerlərdən birini
tutmuşdur” (1981-1982). Beləliklə, Yaşar Qarayevin “Ön
söz” formatında icmalları tam mənası ilə “Ədəbi
proses”lərin proqram xarakterli proloqu funksiyasını yerinə
yetirmişdir. Ümumiyyətlə, Yaşar Qarayev XX əsr Azərbaycan
“Ədəbi proses” hərəkatının favoritidir.
“Ədəbi proses - 1976-1984” yaradıcılıq
müşavirələri Azərbaycan ədəbiyyatşünaslıq
elminin inkişafında mühüm mərhələ olmuş
XX əsrin həmin illərinin əhəmiyyətli ədəbi
hadisələridir. “Ədəbi proses” müşavirələrində
ardıcıl olaraq ədəbi növlər üzrə
çıxış etmiş elm adamları ölkə ədəbiyyatında
gedən proseslərə təkan verə bilən mütəxəssislər
kimi qəbul olunmuşlar. Yaşar Qarayev ədəbi tənqid,
Şamil Salmanov, Şirindil Alışanlı poeziya, Akif
Hüseynov, Vaqif Yusifli və Vilayət Quliyev nəsr, Arif Səfiyev
dramaturgiya sahəsində tanınmış mütəxəssislər
kimi ixtisaslaşmışlar. Azərbaycan ədəbiyyatında
bütün ədəbi növlər üzrə baş
vermiş inkişaf prosesləri əsas müddəaları və
perspektivləri ilə “Ədəbi proses” kitablarında öz
əksini tapmışdır. Dövrün (hətta sonrakı
mərhələlərin də) heç bir nəşrində
1976-1984-cü illərin ədəbi prosesi həmin illərin ədəbi
gedişatına həsr olunmuş ədəbi növlər
üzrə icmallarda olduğu qədər özünün
real, geniş və sistemli əksini tapa bilməmişdir. “Ədəbi
proses - 1976-1984” tənqid icmalları Azərbaycan ədəbiyyatşünaslıq
elminin orijinal elmi-nəzəri mətnləri və
mühüm yaradıcılıq nailiyyətidir.
Heç şübhəsiz, sovet dövrü ədəbi
proses konfranslarında, yaxud nəşrlərində reallıqların təqdim
olunması ilə yanaşı, hakim ideologiyanın tələbləri
də nəzərə alınmışdır. Dövrün
prinsiplərinə uyğun olaraq “Ədəbi proses”
icmallarında istər-istəməz partiyanın ədəbiyyatın
inkişafına qayğısından,
yazıçıların mövcud ideologiyanın inkişaf
etdirilməsindəki rolundan da söz açmalı
olmuşlar. Məsələn, 1976-cı ilin Ədəbi
prosesinə həsr olunmuş yaradıcılıq
müşavirəsinin materiallarında ədəbiyyatda hər
iki istiqamətin - bədii təcrübənin və
ideologiyanın yeri və mövqeyi aydın surətdə
görünməkdədir: “Ədəbi proses kitabının
və bu silsilədən davam etdiriləcək gələcək
kitabların qarşısında duran əsas məqsəd də
...diqqəti ən vacib məsələlərə - ədəbiyyatda
kommunist obrazına, fəhlə mövzusuna, müasir ədəbi
hərəkatın milli və beynəlmiləl təbiətinə,
sosialist millətləri arasında qarşılıqlı bədii
təsir və əlaqələrə, həyat və ədəbiyyat,
elmi-texniki tərəqqi və ədəbi-bədii proses
problemlərinə, poeziyanın monumentallıq və nəsrin
psixologizm axtarışlarına cəlb etməkdir;
bütün bu baxımdan milli bədii prosesin cari təcrübəsini,
onun istiqamət və meyillərini, qüvvətli və zəif
cəhətlərini mütəşəkkil və fasiləsiz
bir ardıcıllıqla ilbəil izləməyə
çalışmaqdır”.
Bununla belə, XX əsrin yetmiş-səksəninci illərində
meydana çıxmış “Ədəbi proses” elmi
sessiyaları və nəşrləri müasir Azərbaycan ədəbiyyatını
klassik ədəbiyyat tarixlərində və dərsliklərdə
olduğu kimi dövrlər və mərhələlər
üzrə deyil, konkret illər üzrə
araşdırıb təhlil etməyin və ümumiləşdirməyin
əsasını qoymuşdur. Bu, Azərbaycan ədəbiyyatında
fərqli elmi hadisə və xüsusi elmi mərhələ
hesab olunmağa layiqdir.
“Ədəbi proses” konfranslarına 30 ildən sonra,
2014-cü ildə yenidən qayıdılmışdır. Belə
ki, “Ədəbi proses” dövrünün birinci mərhələsinin
başa çatdığı 1984-cü ildən sonra Nizami
adına Ədəbiyyat İnstitutunda ara-sıra ədəbi
ilin yekunlarına həsr olunmuş elmi sessiyalar təşkil
olunsa da, bu iş ardıcıl xarakter daşımamış
və institut mühitindən kənara
çıxmamışdır. Lakin 2014-cü ildən etibarən
yeni formatda, yaradıcılıq müşavirəsi
miqyasında keçirilməyə başlamış “Ədəbi
proses” tədbirləri forma və məzmunca yeni xarakter
daşımışdır. İlk növbədə onu qeyd
etmək lazımdır ki, XXI əsrin “Ədəbi proses”
müşavirələrində ədəbi gedişatı hər
şeydən əvvəl ümummilli ideyalar və bəşəri
meyillər əsasında təhlil edib dəyərləndirmək
ön mövqeyə çəkilmişdir. Nizami adına Ədəbiyyat
İnstitutunda 2014-cü ildə yenidən bərpa edilmiş və
2013-cü ilin “Ədəbi proses”ini əhatə edən
materiallarda həmin gerçəklik aşağıdakı
kimi öz əksini tapmışdır: “Bu
yaradıcılıq müşavirəsinin aparıcı
elmi-ideoloji istiqaməti azərbaycançılıq, millilik və
bəşərilik üstündə köklənmişdir. Azərbaycan
ədəbiyyatının müstəqillik dövrünün
əsas inkişaf meyilləri, estetik idealı, aparıcı
janrları, poetikası ədəbi proses təhlillərinin
ana xəttini təşkil edir. Cəmiyyət və ədəbiyyat
istiqamətində aparılan təhlillərdə də
sosioloji baxışlara deyil, elmi-nəzəri yanaşmalara əsas
yer verilir. Bu, həm də milli maraqlarla dünyəvi elmi-nəzəri
fikrin sintezi əsasında sürətlə formalaşmaqda
olan yeni tipli ədəbiyyatşünaslığın
inkişafına xidmət edən yaradıcılıq
müşavirəsi olaraq özünəməxsus əhəmiyyət
kəsb edir”.
Göründüyü kimi, müstəqilik
dövründə nəinki Ədəbi proses tədbirlərinin
formatı və ideologiyası, hətta metodologiyası da dəyişmiş
və yeniləşmişdir. Ədəbi-tarixi proseslərin
mövcud reallıqlarının və gedişatının
daxili məntiqi və təkamülündən doğan
yaradıcılıq meyillərinin azərbaycançılıq
məfkurəsi və bəşəri ideyalar əsasında təhlil
edilib qiymətləndirilməsi yeni tarixi epoxanın “Ədəbi
proses” icmallarının əsaslarını təşkil edir.
Eyni zamanda, Milli Elmlər Akademiyasının humanitar
yönlü digər elmi-tədqiqat institutlarından başqa
Azərbaycan Yazıçılar İttifaqının, ali məktəblərin
Ədəbiyyat kafedralarının rəhbərlərinin və
əməkdaşlarının, tanınmış tənqidçi
və ədəbiyyatşünasların, ölkə ədəbi
mətbuatının nümayəndələrinin
iştirakı ilə geniş müzakirələrin
keçirilməsi Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun təşkil etdiyi “Ədəbi proses”ləri XX əsrin
yetmiş-səksəninci illərindəki elmi sessiya səviyyəsindən
yaradıcılıq müşavirəsi miqyasına
çıxarmışdır. Bu, sözün əsl mənasında
ən yeni dövr Azərbaycan ədəbiyyatının illər
və janrlar üzrə yaradıcılq problemlərini
geniş müzakirə edib dəyərləndirən və gələcək
inkişafa işıq salan ciddi elmi-ədəbi forumdur. Bu, Azərbaycan
ədəbiyyatını ayrı-ayrı mövzular üzrə
məruzələr əsasında deyil, tam, bütöv halda,
bütün inkişaf meyilləri ilə birlikdə dərin və
əsaslı təhlildən keçirilən, proseslərə
və hadisələrə elmi qiymət verən, sonrakı
inkişaf yoluna dair əsaslı təkliflər irəli
sürən çoxsəsli bir elmi platformadır. Həcm məhdudluğu
da aradan qaldırıldığı üçün janrlar
üzrə icmallar yığcam tezislər əsasında yox,
geniş təhlillər və müqayisələr üzərində
qurulduğuna görə konkret bir monoqrafik tədqiqatın fəsilləri
təəssüratı yaradır. Yaradıcılıq
müşavirəsinin materialları isə tam halda Azərbaycan
ədəbiyyatının bir ilinə həsr edilmiş və
müəlliflər kollektivi tərəfindən
yazılmış monoqrafiya kimi görünür. Sadəcə,
janrlar üzrə ilin ədəbi mənzərəsinin yox, ədəbiyyatının
o istiqamətinin inkişaf xüsusiyyətlərinin,
mühüm nailiyyətlərinin və problemlərinin şərh
olunması icmalları sistemli elmi-nəzəri tədqiqat səviyyəsinə
çatdırır. İcmallardan hər janr üzrə
2013-2017-ci illərin Azərbaycan ədəbiyyatının
inkişaf ritmlərini rentgendə olduğu qədər
aydın surətdə görmək mümkündür.
Professionalizm, yüksək nəzəri hazırlıq, dərin
və ardıcıl mütaliə əsasında təhlillərin
aparılması, səriştəli yazı tərzi yeni tarixi
dövrün “Ədəbi proses”inin özünəməxsus
elmi-nəzəri səviyyəsini müəyyən edir. Bundan
başqa, janrlar üzrə 2013-cü-2017-ci illərə dair 5
illik icmallardan hər biri də artıq müstəqil bir iri həcmli
tədqiqatdır. Bu mənada “Ədəbi proses”
yaradıcılıq müşavirəsinin materialları
2013-2017-ci illərin poeziyası, nəsri, dramaturgiyası, tənqid
və ədəbiyyatşünaslığı
ayrılıqda hər biri müstəqil monoqrafik tədqiqata
çevrilmiş sistemli elmi araşdırmalardan ibarətdir. “Ədəbi
proses”lərdəki uşaq ədəbiyyatı icmalları
ilin ədəbiyyatını tam mənzərəsi ilə
göstərməyə xidmət etməklə bərabər,
həm də Nizami adına Ədəbiyyat İnstitutunda
aparılan tədqiqatlar sırasında illərdən bəri
arxa planda qalmış bu vacib sahənin yenidən dirçəldilməsinə
imkan yaratmışdır. Həmçinin, ədəbi əlaqələrin
müxtəlif istiqamətlərinə həsr olunmuş
araşdırmalar “Ədəbi proses” anlayışında
yenilik olub, ilin ədəbi mənzərəsini və
gedişatını tamamlayır. İlin publisistika tədqiqatları
da “Ədəbi proses” materiallarını yeni əlavələrlə
zənginləşdirir. Əsası XX əsrin səksəninci
illərində Sabir Əmirovun “Cənubi Azərbaycanda ədəbi
proses” məruzəsi ilə qoyulmuş Cənub tədqiqatları
XXI əsrin “Ədəbi proses”lərində ardıcıl yer
tutmaqla daha da möhkəmləndirilmişdir. “Ədəbi
proses - 2015”də yazılmış satira icmalı Azərbaycan
ədəbiyyatını bütün rəngləri ilə
öyrənmək təşəbbüslərinin ifadəsidir.
“Ədəbi proses - 2015”dən meydana
çıxmış “Rusdilli Azərbaycan ədəbiyyatı”
məruzəsi - icmalları ilə yaradıcılıq
müşavirəsində yeni istiqamət
açılmışdır. Bu, azərbaycanlı qələm
sahiblərinin Avropa və Şərq dillərində
yaratdıqları ədəbiyyatlardan da elmi müstəvidə
söz açmağa perspektiv imkanlar yaradır. 2013-2018-ci illərdə “Bədii tərcümə”
haqqında ayrıca məruzənin dinlənilib müzakirə
olunması da xarakter etibarilə yeni olub, “Ədəbi proses”in əhatə
dairəsini genişləndirir. XXI əsrdə ədəbiyyat
problemlərinin ədəbi növlər halında deyil, daha
çox konkret janrlar və istiqamətlər üzrə
araşdırmaların aparılması təhlilə cəlb
olunan problemləri “xırdalamaqdan” yox, dövlət müstəqilliyinin
ədəbi mühitdə və bədii yaradıcılıq
sahəsində yaratdığı geniş imkanlardan
doğmuşdur. Heç şübhəsiz, məsələyə
geniş baxış “Ədəbi proses”ləri ildən-ilə
inkişaf edərək bütün janrları və ədəbi
əlaqələrlə əlaqədar inkişafı əhatə
etməklə ilin (nəticədə 5 ilin) ədəbiyyatı
və yaradıcılıq əlaqələri, habelə tənqid
və ədəbiyyatşünaslığı haqqında dərin
və ümumiləşdirilmiş elmi təsəvvür
yaradan möhtəşəm elmi platformaya çevriləcəkdir.
Müraciət olunan janrların dinamikası və əhatə
dairəsi baxımından keçilən yolun sovet
dövrü və müstəqillik mərhələsi üzrə
müqayisəli təhlili “Ədəbi proses” hərəkatının
miqyasını təsəvvür etməyə imkan verir. XX əsrin
“Ədəbi proses” nəşrlərində 1976, 1977, 1978, 1979
və 1981-ci illərdə Azərbaycan ədəbiyyatı
yalnız poeziya, nəsr, dramaturgiya və ədəbi tənqid
üzrə təhlil edilib qiymətləndirilmişdir. 1982 və
1984-cü illərdə bu sıraya “Cənubi Azərbaycanda ədəbi
proses” mövzusu əlavə olunmuşdur. Bu, mövcud ədəbi
prosesi Azərbaycan ədəbi-elmi fikrini bütün əsas
istiqamətləri üzrə tədqiq edib ümumiləşdirmək
üçün münasib bir yanaşma olub, ilin ədəbi
gedişatının bütöv obrazını yaratmağa
xidmət etmişdir. Həmin vaxta qədər, elə 70-80-ci
illərdə də ədəbiyyatda sosioloji təhlilin
üstünlük təşkil etdiyini nəzərə alsaq,
“Ədəbi proses” materiallarındakı ədəbi növlər
üzrə təhlillərin əhəmiyyəti bir daha
aydın ola bilər. Bu, Azərbaycan ədəbiyyatında
sosioloji təhlillə müqayisədə nəzəri şərhləri
və dəyərləndirmələri əsas tədqiqat
üsulu kimi önə çəkmək mənasında əhəmiyyətli
addım idi.
XXI əsrin “Ədəbi
proses” yaradıcılıq müşavirələrində isə
ədəbi növlər üzrə təhlilləri daha da dərinləşdirmək
üçün janrlar əsasında təhlillərə
keçidə start verilmişdir. Bu, tədrici proses olub, illər
üzrə daha da genişlənərək Azərbaycan ədəbiyyatının
demək olar ki, bütün aparıcı janrlarını əhatə
etmişdir. Belə ki, “Ədəbi proses-2013”də ədəbi
növlər üzrə təhlil (şeir, nəsr, dramaturgiya
və tənqid) qorunub saxlanılmaqla bu sıraya ilin poema
yaradıcılığı, bədii tərcümə və
bədii publisistika əlavə olunmuşdur. “Ədəbi
proses-2014”də ədəbi növlər və janrlar üzrə
təhlillərdə ikihakimiyyətliyə tam əməl etmək
mümkün olmamışdır. Azərbaycan
poeziyasının lirika və poema, epik növün hekayə,
povest və romanlar üzrə təhlil olunması ədəbi
növlər üzrə klassik təhlil formatını
dağıtmışdır. Üstəlik, bu il üzrə
uşaq ədəbiyyatından da ayrıca məruzənin -
icmalın meydana çıxması ədəbi növdən
- yaradıcılıq istiqamətinə doğru fərqli bir
yanaşmanı da ortaya qoymuşdur. Bundan başqa, uzun illərdən
bəri “Tənqid” adı ilə ümumi şəkildə təqdim
olunan məruzə 2014-cü ildə ilk dəfə
parçalanaraq ayrı-ayrılıqda tənqid və ədəbiyyatşünaslıq
sahələrini əhatə etməli olmuşdur. “Ədəbi
gəncliyin yaradıcılıq axtarışları” ilə
“Ədəbi proses” hərəkatına ədəbi gənclik
mövzusu da qoşulmuşdur.
Beləliklə, sovet dövrü “Ədəbi proses”lərindəki
4-5 məruzə, hətta 2013-cü ilin “Ədəbi proses”indəki
6 məruzə əvəzinə 2014-cü ildə Azərbaycan
ədəbi-elmi fikri 14 elmi məruzə əsasında təhlil
edilib dəyərləndirilmişdir. Janrlar əsasında təhlillərin
üstünlük qazanması “Ədəbi proses-2014” dədeyildiyi
kimi, “Ədəbiyyatın illik ümumi mənzərəsinin
bütün genişliyi və reallıqları ilə əks
etdirilməsinə işıq salmışdır, ...ədəbi
gedişatın nəinki əsas ana xətlərini, hətta fərqli
özünəməxsusluqlarını, incə məqamlarını
da görüb-göstərməyə imkan
yaratmışdır. Beləliklə, “Ədəbi proses -2014”
yaradıcılıq müşavirəsi XX əsrin
yetmişinci illərinin sonlarından başlanan ədəbi
prosesin illik dəyərləndirilməsi hərəkatının
tarixində janrların genişliyi baxımından diqqəti
cəlb edən mühüm hadisədir. Məsuliyyətlə
hazırlanmış məruzələrdə Azərbaycan ədəbiyyatının
bütün janrlar üzrə hərəkətini dəqiq
şəkildə, uğurları və kəsirləri ilə
birlikdə tam olaraq təsəvvür etməyə real şərait
yaratmışdır. “Ədəbi proses-2014”
yaradıcılıq müşavirəsi elmiliyi, nəzəri
səviyyəsi, ən başlıcası isə yenilik ruhu ilə
yaddaqalan ədəbiyyatşünaslıq hadisəsinə
çevrilə bilmişdir”. Həqiqətən
də “Ədəbi proses-2014” geniş mənada ədəbi
proses hərəkatında mühüm bir dönüş mərhələsi
olmuşdur. “Ədəbi proses-2014”dən başlanan proseslər
2015 və 2016-2017-ci illərin ədəbiyyatının təqdimatında
daha da genişlənmiş və dərinləşdirilmiş,
sistemli xarakter almışdır. “Ədəbi proses-2015”də
janrlar üzrə təhlillərin marafonuna satira, 2016-da
uşaq şeiri ilə uşaq nəsrinin
ayrı-ayrılıqda təmsil olunması, ədəbiyyatşünaslığın
ədəbiyyat nəzəriyyəsi və ədəbi əlaqələr
sahələri də qoşulmuşdur. Necə deyərlər,
“Ədəbi proses-2017”də artıq “Ədəbi proses”
qatarı 19 vaqonla (məruzə ilə) yola
çıxmışdır. Bu, ədəbi proses hərəkatının
inkişafında pik nöqtəsidir və ədəbiyyatın
dərinliklərinə və ən uzaq hədəflərinə
doğru yürüşün müzəffər marafonudur. Məruzələrin
sayca çoxluğu yaradıcılıq mühitində ədəbi
növlərin demək olar ki, bütün əsas janrlar
üzrə yaşadığı keyfiyyət dəyişikliklərini
izləməyə imkan açır.
“Ədəbi proses” tədqiqatlarında icmal tənqidindən
monoqrafik genişliyə və dərinliyə doğru meyil həmin
prosesin bütün inkişaf mərhələlərində
müşahidə olunmuş və təbii bir təkamül
prosesi keçirmişdir. XX əsrdə icmal tənqidinin
daxili enerjisi kimi müşahidə olunan elmi-nəzəri
yanaşmalar tədricən inkişaf edərək sistemli
problematik araşdırmalara çevrilmişdir. Hələ
1976-cı ilin “Ədəbi proses”ində təhlillərin, tədqiqatların
“klassikləri öyrətməkdən” - “klassik öyrənmək”
istiqamətində inkişaf etdirilməsinə
çağırış ilə ədəbi mühitdə
mövcud vəziyyətin təsviri və təqdimindən
mahiyyətin müəyyən olunmasına və şərhinə,
inkişaf ritmlərinə dəstək verilməsinə
işıq salmağa yönləndirilmişdir. “Ədəbi
proses”çilər 1977-ci ilin yekunlarına həsr olunmuş
icmallarında hiss etdiklərini bəyan etmişdilər ki,
“yaxın gələcəkdə tənqidi hərəkatda
fundamental-akademik istiqamətin üfüqləri, nüfuzu və
mövqeyi daha da qüvvətlənəcəkdir”. Artıq
1979-cu ildə “Ədəbi proses”də “tənqidi işi yenidən
qurmaq” zərurətinin qapını döydüyü elan
olunmuşdur. Məhz belə təkamül proseslərinin nəticəsi
idi ki, 1982-ci ilin “Ədəbi proses”i böyük cəsarətlə
“yeni elmi konsepsiyalara” yaranmış real ehtiyacı diqqət mərkəzinə
çəkmişdir. Bir sözlə, “Ədəbi proses” hərəkatı
icmal düşüncəsindən monoqrafik tədqiqata
doğru addımlamaqda davam etmişdir. Deməli, icmal tənqidindən
monoqrafik tədqiqata doğru meyil 1976-1984-cü illər “Ədəbi
proses”inin əsas tezisləri səviyyəsində
ardıcıl olaraq nəzəri şəkildə inkişaf
etdirilmişdir. Nəhayət, 2013-cü ilin “Ədəbi
proses”inin elmi hesabatında “ənənənin bərpası və
yeni mərhələ”nin başlanmasından söz
açılarkən vaxtilə Yaşar Qarayevin müdrikcəsinə
söylədiyi “müasir ədəbi proses həm də
müasir ədəbi-nəzəri proses deməkdir” - müddəasından
çıxış edilərək ədəbi
gedişatın dərinliklərinə və genişliyinə
doğru istiqaməti əsas hədəf kimi müəyyən
etmişdir. Bu cəhətdən 2014-cü il “Ədəbi
proses” hərəkatında icmal tənqidindən monoqrafik tədqiqata
keçid ili kimi səciyyələndirilə bilər. Məhz
bu ildə “Ədəbi prosesin geniş elmi təqdimatına bəslənilən
marağın “real elmə” çevrilməsi prosesinin
başlanması elan olunmuş və buna əməl
edilmişdir. Müxtəli istiqamətlərdən axan bulaqlar
çaylara, dağ çayları isə nəhrlərə
çevrildiyi kimi, 2015-ci ilin “Ədəbi proses”i icmal
formatında deyil, tam halda konkret elmi problemlər əsasında
təqdim olunmuşdur. Uzun illər ərzində “Ədəbi
proses” toplularında “Poeziya”, “Nəsr”, “Dramaturgiya”, “Tənqid”
kimi təqdim olunan icmallar 2015-ci ildə bütövlükdə
ədəbi növlərin və janrların problemlərini əks
etdirən konkret mövzular əsasında aparılmış
araşdırma materialları səviyyəsinə
çatdırılmışdır. Bu yolla icmal tənqidi
inkişaf edərək monoqrafik genişliyə və dərinliyə
qovuşmuşdur. “Ədəbi proses-2015”in “bələdçi”sindəki
bəndlərdən hər biri bütünlüklə ədəbi
gedişatın, yaradıcılıq proseslərinin konkret
janrlar üzrə problemlərinə həsr olunmuşdur. “Janr
zənginliyi və gənc qvardiya” (İsa Həbibbəyli), “Səni
axtarıram, poeziya” (Elnarə Akimova), “Zamanın hökmü və
janrın taleyi” (Nərgiz Cabbarlı), “Tarixi janrın həqiqətləri”
(Tehran Əlişanoğlu), “Çağdaş dövrün
roman bumu” (Nərgiz Cabbarlı), “2015-ci ilin ədəbi mənzərəsində
povest janrı” (Aynur Xəlilova), “Hekayənin indiki zamanı”
(Mətanət Vahid), “Bölgələrdə ədəbi həyat”
(Vaqif Yusifli), “Dramaturgiya-2015” (Aynurə Mustafayeva), “2015-ci ilin ədəbi
mənzərəsində gənclik faktoru: problemlər,
axtarışlar” (Lalə Həsənova), “Uşaq ədəbiyyatı:
nəsr və dramaturgiya” (Günay Qarayeva), “Uşaq şeiri”
(Aygün Bağırlı), “Satira, yoxsa satirasızlıq:
müasir şəraitdə durğunluğun səbəbləri”
(Səadət Vahabova), “Bədii tərcümə və ədəbi
əlaqələr” (Cavanşir Yusifli), “2015-ci ilin ədəbi
tənqidi” (Qürbət Mirzəyev), “Ədəbiyyatşünaslıq.
Nəzəri problemlər” (Maral Yaqubova), “Çağdaş Azərbaycan
ədəbiyyatında ədəbi dilin inkişafı özəllikləri
və problemləri” (Salidə Şərifova) və “Cənubi
Azərbaycanda ədəbi proses” (Pərvanə Məmmədli)
kimi mövzulardan əksəriyyəti ciddi və geniş
elmi-nəzəri problemləri əhatə edir. Hətta bu
mövzulardan bir neçəsi var ki, onlar ayrıca bir
monoqrafiyanın obyekti ola bilər.
İcmal tənqidindən monoqrafik tədqiqata keçid
“Ədəbi proses” problemə geniş baxış, nəzəri
dərinlik, elmi ümumiləşdirmə gətirmişdir.
Bu, “Ədəbi proses” hərəkatında keyfiyyətcə
yeni mərhələdir. Prodessionalizm, analitik təhlil,
masştablı baxış, nəzəri yanaşmalar “Ədəbi
proses”in bu fərqli mərhələsini xarakterizə edir. Ona
görə də “Ədəbi proses-2015” toplusu məruzələr
- məqalələr məcmuəsi deyil, həmin ilin ədəbi
gedişatına həsr olunmuş monoqrafiya təəssüratı
yaradır.
Qeyd etmək lazımdır ki, 2016-cı ilin “Ədəbi
proses”ində monoqrafik araşdırmalar daha da dərinləşdirilmiş,
qarşıya qoyulan nəzəri problemlərin çəkisi
xeyli dərəcədə artmışdır. Əvvəlki “Ədəbi proses”lərdə
“İlin ədəbi mənzərəsi” kimi təqdim
olunmuş giriş məruzəsinə 2016-cı ildə həmin
formatdan sonuna qoyulmuş iki nöqtədən sonra “Gözləntilərimiz
və reallıqlar” sözləri artırılmaqla “mənzərə”nin
elmi çərçivəsi
aydınlaşdırılmışdır (Elnarə Akimova).
Yaxud “Ədəbi proses-2016”da ilin romanı “Müasir roman
texnologiyası, kiçik roman” strukturunda doğulma” (Nərgiz
Cabbarlı), hekayə janrı “2016-cı ilin hekayəsi və
problemləri” (Nərmin Cahangirova), “Publisistika - hüdudsuz
düşüncə imperiyası” (Asif Rüstəmli) kimi
orijinal və müasir problemlər səviyyəsində təqdim
edilmişdir. Monoqrafik tədqiqat formatı 2017-ci il
üçün də “qayda” kimi qəbul olunmuşdur.
Beləliklə, təxminən 42 il əvvəl məruzələr
kimi elmi mühitin gündəminə gəlmiş “Ədəbi
proses” materialları tədricən, daxili təkamül prosesləri
ilə inkişaf etdirilərək monoqrafik tədqiqatlar səviyyəsinədək
inkişaf etmişdir. Buna görədir ki, “Ədəbi proses”
konfranslarında janrlar üzrə ardıcıl olaraq səsləndirilən
məruzələr elmlər doktorluğu və ya fəlsəfə
doktorluğuna, monoqrafiyalara, ən azı ayrı-ayrı
müəlliflərin məqalələr toplusuna doğru
inkişaf etmişdir. Filologiya elmləri doktoru Vaqif Yusiflinin
“Bölgələrdə ədəbi həyat” silsiləsi əsasında
çap olunmuş kitabları “Ədəbi proses” müzakirələrindən
doğmuşdur. “Ədəbi proses”in aparıcı
simalarından biri olan Elnarə Akimovanın bu
yaradıcılıq müşavirəsində etdiyi poeziya tədqiqatarına
dair məruzələr onun uğurla müdafiə etdiyi
doktorluq dissertasiyasının əsasını təşkil
etmişdir. Nərgiz Cabbarlı nəsr üzrə məruzələrini
monoqrafiyaya, Lalə Həsənova müxtəlif mövzularda
səsləndirdiyi mətnləri məqalələr toplusuna
çevirmişdir. Aynurə Mustafayeva “Ədəbi proses”
yaradıcılıq müşavirələrindəki
ardıcıl məruzələri ilə sanballı bir
“Dramaturgiya” serialı yaratmışdır. Aygün
Bağırlı və Günay Qarayevanın “Uşaq ədəbiyyatı”,
Aynur Xəlilovanın “Povest” serialları da monoqrafiyaya
çevrilmək prosesini yaşamaqdadır. Pərvanə Məmmədli
“Cənubi Azərbaycanda müasir ədəbi proses” məsələlərinə
həsr edilmiş doktorluq dissertasiyasını isə artıq
AAK-a təqdim etmişdir.
Vüqar Əhmədin başladığı “Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda ədəbi proses” məruzələrində
də monoqrafik tədqiqat perspektivi açıq-aşkar
görünməkdədir. Bunlar “Ədəbi proses”lərin
müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq
elminin inkişafında hansı səviyyədə
mühüm yer tutduğunu, böyük elmə ciddi töhfələr
verdiyini əyani şəkildə nümayiş etdirir.
Bütövlükdə isə 1976-1984-cü illərdə
altı toplusu, 2014-2018-ci illərdə isə artıq beş
kitabı nəşr edilmiş “Ədəbi proses” serialı
müasir Azərbaycan ədəbiyyatının tarixi
oçerklərinə çevrilmişdir. Bu sanballı nəşrlər
silsiləsi 2016-cı ilin “Ədəbi proses” materiallarında
deyildiyi kimi, “Ədəbi prosesin bütövlüyü və
yetkinlik səviyyəsini” (İ.Həbibbəyli) əks etdirən
çağdaş ədəbiyyatşünaslıq
epopeyasıdır.
Doğrudan da bu ilin səviyyəsindən baxanda
hazırkı mərhələdə “Ədəbi proses”
yaradıcılıq müşavirələri əhatə
dairəsinin və iştirakçılarının
genişliyinə, müzakirələrin miqyasına, əks-sədasına
və problemlərinin masştabına görə elmi-ədəbi
hərəkat səviyyəsinə çatmışdır.
Bu, müasir Azərbaycan ədəbiyyatını illər
üzrə bütün yönləri ilə təhlil edib dəyərləndirən
ardıcıl və sistemli bir elmi-ədəbi hərəkatdır.
“Ədəbi proses” marafonu müstəqillik dövrü Azərbaycan
ədəbiyyatının mahiyyətini açan, səciyyəsini
müəyyən edən, modellərini meydana qoyan, gələcək
inkişaf yollarını göstərən hərəkatdır.
Bu hərəkat Azərbaycan ədəbiyyatşünaslıq
elminin ayrı-ayrı nəsillərini və bütün elmi
dərəcələrdən olan elm adamlarını vahid
platforma ətrafında özündə birləşdirir.
“Ədəbi proses” Azərbaycan ədəbiyyatşünaslıq
elminin cari ədəbi prosesi tədqiq və təbliğ edən
elm adamlarını öz ətrafında cəmləşdirən
kollektiv elmi-ədəbi prosesdir. Son illərdə Milli Elmlər
Akademiyasında, xüsusən də Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda elmi işçi kimi
çalışıb, həm də bədii
yaradıcılıqla məşğul olan çoxsaylı əməkdaşların
şeir və hekayələrini də ayrıca elmi məruzədə
müzakirəyə çıxaran “Ədəbi proses” real
olaraq geniş mənada elmi-ədəbi hərəkat xarakteri
almışdır. İlin ədəbiyyatının tədqiq
və təhlil edilməsi ilə ilin alimlərinin bədii əsərlərini
də təqdim edən “Ədəbi proses” elmi xarakteri ilə
birlikdə, həm də ədəbi hərəkat xarakteri də
daşıyır. “Ədəbi proses” hərəkatı
özünün baş məqsədi
olaraq müstəqillik dövrünün ən müasir ədəbiyyatşünaslıq
elminin yaradılması və yeni elmi nəslin yetişdirilib
formalaşdırılmasına inamla və uğurla xidmət
edir. Beləliklə, “Ədəbi proses” materialları
2013-2018-ci illər Azərbaycan ədəbiyyatının sadəcə
salnaməsi deyildir və əksinə, bu dövrün ədəbiyyatının
janrları üzrə canlı mənzərəsini göstərən,
inkişaf dialektikasının qanunauyğunluqlarını
açan bir hərəkatdır. Ədəbiyyatın bir
istiqamətini, məsələn realizmi və romantizmi
özündə cəmləşdirən tədqiqatlardan fərqli
olaraq, “Ədəbi proses” yaradıcılıq müşavirəsi
ilin geniş ədəbi mənzərəsində
müşayiət olunan bütün ədəbi cərəyanlardan
və axınlardan, növlərdən və janrlardan
hamısına kompleks elmi münasibət bəsləməsi
ilə səciyyələnir. “Ədəbi proses”dəki poeziya
icmallarında Azərbaycan ədəbiyyatının son
dövrlərində müşahidə olunan dekadentizmə, bədii
nəsrdə postmodernizmə, darmaturgiyada absurd axınlara dair
araşdırmalar janrlar üzrə təhlilin içində
özünə münasib geniş yer tutur. Tədqiqatçılar
janrlar əsasında təhlillər apararkən janrın
tiplogiyası və poetikası ilə yanaşı, həmin
janr mühitində hərəkətverici amil olan ədəbi
cərəyanların, metodların və üsulların da təhlilindən
bəhs etməli olurlar. Bunlar ayrı-ayrı fərqli tədqiqatlar
olmayıb, janrlar üzrə tədqiqatların üzvi tərkib
hissəsindən ibarət olan, konkret janrın təkamül
proseslərini bütün yönləri ilə göstərmək
üçün mühüm əhəmiyyət kəsb edən
arqumentlərdir. “Ədəbi proses” tənqidçiləri və
tədqiqatçıları həmin vəzifələrin
öhdəsindən yüksək elmi səviyyədə gəlməyi
bacarmışlar.
“Ədəbi proses” yaradıcılıq hərəkatını
təmsil edən məruzəçilər-müəlliflər
heyətinin tərkibi fərqli və müxtəlifdir.
Aşkar görünür ki, bu prosesdə ədəbiyyatşünaslıq
elminin orta və cavan nəsli əsas aparıcı qüvvədir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Ədəbi
tənqid” şöbəsinin müdiri, filologiya elmləri
doktoru Vaqif Yusifli “ədəbi proses”çi cavan nəslin
müəllimi və elmi rəhbəri funksiyasını
layiqincə yerinə yetirir. Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü Tehran Əlişanoğlu “Ədəbi proses” hərəkatının
bələdçisi və elmi məsləhətçisidir.
Asif Rüstəmli, Cavanşir Yusifli, Nizami Tağısoy,
Elçin Mehrəliyev, Esmira Fuad, Pərvanə Məmmədli
kimi orta nəslin nümayəndələri “Ədəbi proses” dalğasına
dəstək verən alm adamlarıdır. Bütövlükdə
isə “Ədəbi proses” hərəkatı özünün
aparıcı qüvvəsi olan gənc qvardiyanı
yetişdirib hazırlamışdır. Vaxtilə XX əsrin
70-80-ci illərində də “Ədəbi proses” layihəsi
dövrün istedadlı ədəbi gəncliyi üzərində
qurulmuşdur. “Ədəbi proses” silsiləsindən olan sonuncu
elmi sessiyanın keçirildiyi 1984-cü ildə həmin layihənin
əsas icraçılarından Yaşar Qarayev 48, Akif
Hüseynov 33, Arif Səfiyev 50, Şamil Salmanov 51, Vaqif Yusifli
36, Şirindil Alışanlı 32, Vilayət Quliyev 32, Rəhim
Əliyev 34 yaşında olan istedadlı elm adamları idi. Məhz
yeni elmi nəsil böyük elmi ənənələri olan
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yeni
formatda və yüksək elmi-nəzəri səviyyədə
təqdim etdikləri “Ədəbi proses” icmalları ilə
ustadları olan görkəmli müəllimləri
qarşısında və ümumən elmi-ədəbi
mühitdə özlərini bir daha isbat etməyə
çalışmış və buna nail ola bilmişdilər.
XXI əsrin “Ədəbi proses” hərəkatı da əsasən
yeni elmi nəslin sınaq meydanı və xitabət
kürsüsündə “dünyaya gəlmişdir”. “Ədəbi
proses-2013”dən etibarən yaradıcılıq müşavirələrində
məruzəçi qismində cavan elmi nəslin yeri və
mövqeyi artmaqda davam etmişdir. Dəqiq ifadə olunduğu
kimi, 2013-cü ilin “yaradıcılıq müşavirəsi
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu gəncliyinin
debütü, 2014-cü ilin müşavirəsi onların
imkanlarının geniş təqdimatı, “Ədəbi
proses-2015” isə özünütəsdiqi
olmuşdur”.Yaradıcı cavanlara etimad prosesi 2016-2017-ci illərin
“Ədəbi proses” müşavirələrində də
inkişaf etdirilmişdir. Belə ki, “Ədəbi proses-2015”də
iştirak etmiş 17 məruzəçidən 12 nəfəri
gənc olduğu halda, “Ədəbi proses-2016”da bu göstərici
19/13, 2017-ci ildə isə 20/13 nisbətinə
çatmışdır. Kəmiyyət göstəriciləri
keyfiyyətin səviyyəsinə də öz təsirini
göstərmişdir. “Ədəbi proses” müşavirələrində
cavan elmi nəslin arasında baş verən sağlam rəqabət
mühiti nəticə etibarilə cavan elmi nəslin nümayəndələrindən
ayrı-ayrılıqda hər birinin, bütövlükdə
isə tənqid və ədəbiyyatşünaslıq elminin
keyfiyyətcə inkişafına xidmət etmişdir.
Tərəddüd etmədən demək
mümkündür ki, “Ədəbi proses”
yaradıcılıq müşavirəsinin materialları
müasir elmi-nəzəri səviyyədə
yazılmış qiymətli ədəbi traktatlardır. “Ədəbi
proses” bu yaradıcılıq müşavirəsinin
materialları bu forumun bütün
iştirakçılarının, xüsusən cavan elmi nəslin
ədəbi-tənqidi əsərlərinin əhəmiyyətli
bir çoxcildlik külliyyatıdır. ”Ədəbi
proses” hərəkatının
aparıcı simaları olan cavan elmi nəslin nümayəndələri
– Elnarə Akimova, Maral Yaqubova, Aygün Bağırlı, Nərgiz Cabbarlı, Aynur Xəlilova, Lalə
Həsənova, Eşqanə
Babayeva, Mətanət Vahid, Aynurə Mustafayeva, Xanım
Zairova, Günay Qarayeva, Nərmin Cahangirova, Mərcan Sofiyeva, Səadət
vahabova, Nizami Hüseynov müasir Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslıq
elminin hərəkətverici qüvvələri kimi fəaliyyət
göstərməyin şərəfli
məsuliyyətini yaşayırlar. “Ədəbi proses”
yaradıcılıq müşavirəsində iştirak edənlərlə
yanaşı, Ədəbiyyat İnstitutunda heç də az əhəmiyyətli
olmayan ölkə miqyaslı digər elmi layihələri həyata
keçirən cavan nəslin daha başqa nümayəndələri:
Mehman Həsənov, Gülbəniz Babayeva, Ruhəngiz Əliyeva,
Səadət Bayramova, Töhfə Talıbova, Gülnarə
Qasımlı, Elnarə Zeynalova, Aynurə Paşayeva, Şəhla
Qurbanovavə başqaları, habelə bu günlərdə
uğurla magitr dissertasiyası müdafiə edib doğma elmi-tədqiqat
institutunda işləməyə vəsiqə almış ən
yeni nəslin təmsilçiləri Fərəh Həsənli
və Könül Əliyeva Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunungənc
qvardiyasını təşkil edir.
Ədəbiyyat İnstitutunun son illərdə elmi
ictimaiyyətə təqdim
etdiyi gənc qvardiya adlandırdığımız cavan
elmi nəsil geniş mənada müasir dövrdə Azərbaycan
ədəbiyyatşünaslıq elminin əsas arsenalından
ibarətdir. Beynəlxalq
səviyyəli ciddi elmi nəşrlərdə və ölkə
mətbuatında yaddaqalan, sanballı, əhəmiyyətli, nəzəri
səviyyəsi ilə seçilən məqalələrlə
ardıcıl olaraq çıxış etməkdə davam eən
gənc qvardiyaçılar müxtəlif elmi nəsillərin
sıralarında öz yerlərini tutub möhkəmləndirirlər.
Artıq onların sıralarından ölkə üzrə ən
cavan elmlər doktorları (Elnarə Akimova) yetişib
formalaşmışdır. Bu nəsil özlərinin
böyük müəllimlərinin yüksək
etimadını doğrultmaq üçün var qüvvə
ilə çalışmaqdadırlar. Əlbəttə, cavan
nəsil Azərbaycan və dünya ədəbiyyatını,
elmi-nəzəri ədəbiyyatı daha çox və dərindən
mütaliə edib öyrənməli, yazı vərdişlərini
təkmilləşdirmək üçün öz üzərlərində
işləməkdən, sağlam elmi diskussiyalarda fəal
iştirak etməkdən yorulmamalıdırlar. Lakin elmi-ədəbi
mühitdəki dayanıqlı mövqeləri və
müşahidə olunan yaradıcılıq həvəsi və
əzmləri onların “Ədəbi proses” hərəkatından
ümumiyyətlə ölkə elmi-ədəbi proseslərinin
ön cəbhəsinə doğru inamlı hərəkətdə
olduqlarını diqqətə çatdırır. Və
atrıq formalaşmış böyük elmi potensial və əldə
olunmuş zəngin nəzəri təcrübə həm “Ədəbi
proses” hərəkatının, həm də Azərbaycan ədəbiyyatşünaslıq
elminin daha da inkişaf edəcəyinə, cavan elmi qüvvələrun
yeni magistrallarda inamla irəli gedəcəyinə inkbin
baxmağa tam əsas verir.
Bu il keçirilən “Ədəbi proses”
yaradıcılıq müşavirəsi həm də bu
böyük elmi hərəkatın müstəqillik
dövründəki 5 illik yubiley hesabatı kimi də
mühüm əhəmiyyətə malikdir. “Ədəbi
proses” hərəkatının bugünkü inkişaf səviyyəsindən
onun sonrakı gələcək üfüqləri də
aydın şəkildə görünür.
31 may 2018-ci il
525-ci qəzet.-2018.-5 iyun.-S.7.