“Uşaqların
sehirli qələmi”ndəki doğma cizgilər
İSTANBULUN BÖYÜKÇƏKMƏCƏ
BƏLƏDİYYƏSİNDƏ KEÇİRİLƏN SƏRGİNİN
AÇILIŞINA AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ DƏ
QATILIBLAR
Bugünlərdə Türkiyənin İstanbul şəhərində
səfərdə olan və bir sıra görüşlər
keçirən Azərbaycan QHT təmsilçilərindən
və media nümayəndələrindən ibarət heyət
Böyükçəkməcə Bələdiyyəsində
gerçəkləşən maraqlı bir mədəni tədbirdə
iştirak edib.
Həmin gün Bələdiyyənin - başqan doktor
Hasan Akgün tərəfindən layihələndirilmiş -
inzibati binasının sənət qalereyasında Alamara Sənət
Evi - Mine Barbaros və şagirdlərinin əsərlərindən
ibarət geniş rəsm sərgisi açılıb.
“Çocukların sehirli qələmi” adlı sərginin
açılış mərasiminə Böyükçəkməcə
Bələdiyyəsinin başqan vəkili Ahmet Şahinin təklifi
ilə Azərbaycan nümayəndələri də
qatılıblar.
Sərgidə dəyərli rəssam və pedaqoq Mine
Barbarosun rəhbərliyilə onun şagirdlərinin əsərləri
nümayiş etdirilib. Sərgilənən əsərlər həm
Bələdiyyə tərəfindən dəvət olunmuş
sənətsevərlər, həm də ictimaiyyət təmsilçiləri
tərəfindən maraqla qarşılanıb. Azərbaycanlı
nümayəndələr də sərgidə
iştiraklarından duyduqları sevinci, kiçik rəssamların
əsərlərinin doğurduğu məmnunluğu ifadə
ediblər.
Başqan vəkili Ahmet Şahin
çıxışında Mine Barbarosa minnətdarlığını
bildirərək onun şagirdlərinin əsərlərinin məhz
Bələdiyyənin inzibati binasındakı yeni qalereyada sərgilənməsini
sevindirici hadisə kimi dəyərləndirib. Qeyd edib ki,
kiçik sənətçilərin əsərləri
dünyanın daha gözəl və daha firavan bir məkan
olması ilə bağlı arzularla, incə duyğularla zəngindir.
Ona görə də bu əsərlərin davamlı şəkildə
nümayiş etdirilməsinin, xalqa, ictimaiyyətə
çatdırılmasının xüsusi əhəmiyyət
daşıdığını deyən Ahmet Şahin gələcəkdə
də belə tədbirlərin təşkilinə xüsusi
önəm verəcəklərini açıqlayıb.
A.Şahin kiçik rəssamların gözüylə
dünyanın, xüsusən təbiətin fərqli
çalarlarla ifadə edildiyini nəzərə
çatdıraraq azərbaycanlı nümayəndələrin
də bu tədbirdə iştirakının əlamətdar
hadisə olduğunu vurğulayıb.
Azərbaycan heyətində təmsil olunan ədəbiyyatşünas
və tərcüməçi, “Dünya ədəbiyyatı”
dərgisinin baş redaktoru Seyfəddin Hüseynli belə bir sərginin
açılışına qatılmağın hər kəsə
sonsuz məmnunluq hissi yaşatdığına əminliyini dilə
gətirib: “Uşaqlar özü-özlüyündə fərqli
aləm, işıqlı, rəngli bir dünyadırlar. Ancaq
onların zehninin, istedadının, bacarığının məhsulu
olan əsərlər bizə daha gözəl, daha sevincli,
bütün insanların ümidlə, sevinclə yaşaya biləcəkləri
bir dünya göstərir. Buradakı əsərlər də
məhz bu baxımdan xüsusilə əlamətdardır. Bu
gün burada sərgilənən balaca sənətçilərin
əl işləri həm Türkiyədə, həm də Azərbaycanda
çox istedadlı, sağlam və ümidverici bir nəsil
yetişməkdə olduğunun göstəricisidir. Hər iki
ölkədəki yeni nəsil özünün istedadı, fərqli
dünyagörüşü və insane ideyaları ilə
seçilir”.
Sərgidəki əsərlərin işıqlı rənglər
və aydın cizgilərlə diqqət çəkdiyini deyən
Seyfəddin Hüseynli bildirib ki, uşaqların təbiətə
- heyvanlara, bitkilərə olan fərqli münasibəti, eləcə
də tariximizə, bu günümüzə, dünyada
sülhün təbliği kimi mövzulara diqqət yönəldən
əsərlər yaratmaları onların həm istedadından,
həm də yaşlarından daha böyük
düşüncələrindən, gələcəklə
bağlı xoş arzularından xəbər verir.
Rəssam və pedaqoq Mine Barbaros şagirdlərinin
uğurlarından böyük xoşbəxtlik duyduğunu, eləcə
də bu açılışda həm Türkiyə, həm
də Azərbaycan ictimaiyyətinin fəal nümayəndələrinin
iştirakının onlara böyük sevinc
yaşatdığını qeyd edib. M.Barbaros,
əsərlərindən də göründüyü
kimi, çox
istedadlı yetirmələrinin olduğunu
bildirərək əlavə edib ki, əsərlərin mövzularını uşaqlar özləri seçsələr də,
o da müəyyən
istiqamət verib və beləliklə,
qiymətli sənət əsərləri meydana gəlib. Bir daha Böyükçəkməcə Bələdiyyəsinə,
başqan doktor Hasan Akgünə və başqan
vəkili Ahmet Şahinə bu sərgiyə şərait
yaratdıqları üçün minnətdarlığını
bildirən M.Barbaros şagirdlərinin gələcəyin
böyük sənətçiləri kimi Türkiyəyə və Türk
dünyasına böyük qürur yaşadacaqlarına əminliyini
vurğulayıb.
Sərginin açılışından sonra əsərlərə
tamaşa edən qonaqlar balaca rəssamların əl işlərini
çox bəyənib, hər bir əsərlə ayrıca
maraqlanaraq onların müəlliflərilə qısaca
söhbət edib, dünyagörüşlərini, gələcəklə
bağlı düşüncələrini öyrəniblər.
Bundan əlavə,
Azərbaycan nümayəndə heyəti, S.Hüseynlinin
təklifi ilə, kiçik rəssamların
əsərlərinin bir neçəsini
satın alıb. M.Babrbaros bu
maraqlı jestin öz
yetirmələrinə önəmli bir
yaradıcılıq stimulu
olacağını deyib. Uşaqlar
onlara göstərilən bu
diqqətdən böyük sevinc duyduqlarını ifadə edib, qonaqlara təşəkkürlərini
bildiriblər.
İstanbul Böyükçəkməcə Bələdiyyəsinə
25 ildən bəri uğurla başqanlıq edən doktor Hasan
Akgünün təşəbbüslərilə burada
çox böyük modernləşmə, mədəni
yüksəliş layihələri həyata keçirilib. Sakinlərin
yaşayışı, istirahəti naminə ciddi
addımlar atılıb, Avropaya
açılan bu böyük
işçədə insanların rifahının
yaxşılaşdırılmasında böyük
irəliləyiş olub. Böyükçəkməcə
Bələdiyyəsi burada ardıcıl olaraq mədəni tədbirlərin, sənət
festivallarının keçirilməsinə diqqət
ayırır, bu tədbirlərin yüksək
səviyyədə, yaddaqalan şəkildə
gerçəkləşməsi üçün
önəmli əmək sərf edir.
Şahanə MÜŞFİQ
525-ci qəzet
2018.- 5 iyun.- S.7.