Şəmkirdəki
Cümhuriyyət konfransından görünən Vətən
Ceyhun MUSAOĞLU
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun mətbuat katibi
Konfransın vaxtı iki dəfə dəyişdirildi. Təşkilatçılar
sıradan bir tədbir keçirmək istəmirdilər.
Mötəbər tarixçilərin
iştirakı və çıxışları nəzərdə
tutulurdu. Cümhuriyyət ilində
tarixçilərin qrafiki sıx olduğundan vaxt mütləq
onların istəyinə
uyğunlaşdırılmalıydı. Belə
də oldu. İyunun 1-də Şəmkir
Heydər Əliyev Mərkəzi qapılarını
qonaqların üzünə açdı.
Azərbaycan Milli Elmlər Akademiyası
Tarix İnstitutunun direktoru, millət vəkili, akademik Yaqub
Mahmudov və onun rəhbərlik etdiyi nümayəndə heyəti
böyük həvəslə konfransa
qatılmışdılar. Qonaqlar arasında Türkiyə Respublikasının Gəncə
şəhərindəki baş konsulu Orxan İşıq,
millət vəkili Sona Əliyeva, Yeni Azərbaycan
Partiyasının ətraf rayon təşkilatlarının sədrləri,
Bilik Fondunun nümayəndəsi, rayonun dövlət idarələri
rəhbərləri, müəllimlər, tələbələr
də vardı.
Konfransı Şəmkir Rayon İcra
Hakimiyyəti başçısı Alimpaşa Məmmədov
açaraq, cəmi bir neçə cümlə ilə
unudulmaz təəssürat yarada bildi. Dedi ki, Azərbaycan tarixini yazan baş tarixçimiz
akademik Yaqub Mahmudovu aramızda görməkdən çox məmnundur.
Başçı akademiki tariximizin birinci mənbəsi
adlandırdı, Yaqub müəllimin əsas istinad nöqtəsi
olduğunu bildirdi.
Tarix İnstitutunun təmsilçiləri
bir gün öncə gəlmişdilər. Onlar Mərkəzin foyesində
Cümhuriyyətə həsr olunan sərgi qurmuşdular.
İcra başçısı həmin sərginin tədbirdən
əvvəl ziyarət olunduğunu xatırladaraq,
vurğuladı: "Sanki o dövrə
düşmüşdük, görmədiyimiz hadisələri
canımızda və ruhumuzda yaşadıq. Cümhuriyyət
tarixi qürurumuzdur. Cənab Prezident İlham Əliyev
2018-ci ili "Cümhuriyyət İli" elan etməklə və
o şanlı tarixin 100 illiyinin qeyd olunması ilə
bağlı sərəncam imzalamaqla bizləri
kökümüzə bir daha qaytardı, kimliyimizi daha dərindən
öyrənməyə
şərait yaratdı. Bizlər o
dövrə görkəmli tarixçilərimizın bilik
çırağı ilə səyahət etdik və fəxarət
hissi yaşadıq".
Başçının
çıxışı cəmi 3 dəqiqə çəkdi. Yaqub müəllimin daha
çox danışmasını istəyirdi. Zarafat da elədi:
"Hamı öz çıxış vaxtından kəsib
hörmətli akademikimizə versə, daha çox öyrənərik,
sovetlər zamanında yazılması yasaq olan faktları dinləyərik.
Qoy gənclərimiz bu dövlətin qurbanlar
bahasına yarandığını bilib, onu göz bəbəkləri
kimi qorusunlar".
Akademik kürsüdə bir saatdan artıq
danışdı, amma dinləyicilər nəfəslərini
də dərmədilər ki, birdən ona mane olarlar. Cümhuriyyət tariximizi 3 mərhələdə
izah edən Yaqub müəllim əvvəl müstəqilliyi
yaradan tarixi şəraitdən söz açdı, sonra nəhəng
azərbaycanlı mütəfəkkirlərin siyasi gedişlərindən,
qərarvermə bacarıqlarından, inamla göstərdikləri
fəaliyyətlərindən, müstəqilliyin süqutunun səbəblərindən
danışdı. Üçüncü mərhələdə
tarixdən ibrət götürməyin, dostu düşməndən
ayırmağın, o dövrdə yol verilən səhvləri
təkrarlamamağın vacibliyini önə çəkdi.
Akademik iştirakçılara tövsiyələr də
ünvanladı: "Cümhuriyyət qurucularını
bir-birindən ayırmaq, onları üz-üzə qoymaq, kimsəni
yaxşı, kimsəni pis qələmə vermək qəti
olmaz. Cümhuriyyət siyasətçiləri
şərəfli missiyanı öz üzərlərinə
götürəndə şəxsi mənafelərini bir kənara
qoydular. Onlar bu yolun məşəqqətli
olacağını bilirdilər. Ucaltdıqları
bayrağın bir daha enməyəcəyinə olan inamları
onları qəhrəmana çevirdi. Bəli,
Ulu öndər Heydər Əliyev müstəqillik
bayrağımızı enməyə qoymadı. Cənab Prezident İlham Əliyev isə o
bayrağı lap ucalara qaldırdı, Aprel döyüşləri
nəticəsində işğaldan azad olan ərazilərimizdəki
yüksəkliklərə sancdı. İndiki
nəslin borcu Vətəni, dövləti, bayrağı
qorumaqdır".
Yaqub müəllim danışırdı,
biz də heyranlıqla dinləyib, Cümhuriyyət
qurucularını ehtiramla yad edirdik. Akademik hadisələri gözlərimiz
qarşısında film kimi canlandıra bilirdi.
Düşünürdüm: indi onların ruhları
şaddır. Arzularını gerçəkləşdirmişik.
Konfransda millət vəkili Sona Əliyeva
Cümhuriyyət qurucularını əsl türk kişisinə
xas olan qürur sahibləri kimi xarakterizə etdi. Məhz bu keyfiyyətləri
ilə Şərqdə ilk demokratik respublika qura bildiklərini
diqqətə çatdırdı.
Türkiyənin Gəncədəki baş konsulu Orxan
İşıq Azərbaycanın Cümhuriyyət modelinin,
xüsusən Türkiyə üçün nümunə
olduğunu dedi. İki ölkənin
qardaşlıq münasibətindən danışan baş
konsul Nuru Paşanın rəhbərliyi altında
Bakının erməni daşnaklarından təmizləndiyini
bildirdi. Bu prosesdə türk komandanına
Azərbaycanın yeni yaranan ordusu da kömək edib. Təsadüfi deyil ki, Nuru Paşanın Batum həbsxanasından
qurtulmasına azərbaycanlı qardaşları
yardımçı olub.
Baş konsulun hər iki xalqın daim
qardaş olacağını deməsi zalda alqışlarla
qarşılandı.
Öncə bu alqışlar Yaqub müəllimə
ünvanlamışdı. Akademik çıxışını
bitirib, başçıya Cümhuriyyətə həsr olunan
kitablar hədiyyə etdikdən sonra kürsüdən
zaldakı yerinə qədər məsafə qət edən
zaman iştirakçılar onu ayaq üstə
alqışladılar.
Tədbirdə klipə də baxdıq, məktəblilərin
ifasında şeirlər də dinlədik. Başçı bizi iki
gün müşayiət etdi. Qeyri-iş günləri
olmasına baxmayaraq, qonaqlardan heç ayrılmadı. Tarixçilər onun qonaqpərvərliyinə,
sözün əsl mənasında, heyran
qalmışdılar. Başçı
onların Şəmkiri daha yaxından tanımalarını
istəyirdi. Ertəsi gün bizi
Tarix-Diyarşünaslıq Muzeyinə apardı. Bina və eksponatlar haqqında Alimpaşa müəllim
şəxsən özü məlumat verirdi. Həm də tarixçilərdən əlavə məlumatlar
öyrənirdi. Dahi Üzeyir Hacıbəyovun
130 illiyi şərəfinə muzeyin həyətində
"O olmasın, bu olsun" operettası qəhrəmanlarının
heykəllərindən ibarət kompazisiya ilə
tanışlıq unudulmaz xatirə yaratdı.
Alman Lüteran kilsəsində də olduq. Kilsənin tarixindən, bərpasından
danışan başçı orqan musiqi alətini göstərəndə
pəjmürdə halı ilə dedi ki, bu alətin əsli
Gürcüstandadır. Əlbəttə
orqanın arxasınca dəfələrlə gediblər,
danışıqlar aparıblar, təəssüf nəticəsiz
qalıb. Gürcülərin
"qoruyardız" kəlməsini Alimpaşa müəllim
böyük təəssüf hissi ilə qeyd etdi, hər dəfə
bu söz yadına düşəndə ağır hisslər
keçirdiyini söylədi.
Həqiqətən də qorumaq yaratmaqdan
daha vacibdir. Şəmkirdə tarix ciddi-cəhdlə qorunur.
Başçı hər bir daşın qədrini
bilir. "Bir ölkənin
varlığı onun tarixindədir. Tarix isə hər
şeydə var, yetər ki, onu görəsən, hiss edəsən
və qoruyasan" - belə dedi və bizi bu abu-havayla, bu ruhla
mərkəzdən 37 kilometr uzaqlıqda yaradılan
möcüzə ilə tanış
olmağa apardı.
Şəmkir Dəryaçay kompleksi. Ölkə
başçısının sərəncamı ilə
tikilib. 2014-cü ildə
açılışı cənab Prezident İlham Əliyev
tərəfindən həyata keçirilib. Dağlar arasında əsrarəngiz həyat mənbəyi
- faydası və gözəlliyi heyrətamizdir. Su elektrik stansiyasının gücü 25
meqavatdır. Bu stansiya Şəmkir,
Göygöl, Samux və Goranboy rayonlarında su təminatını
yaxşılaşdırıb. 54 248 hektar
və yeni suvarılacaq 17 147 hektar torpaq sahələri bu
kanallardan gələn suyun nəticəsində
yaşıllığa bürünüb. Şəmkirçay su anbarından
Gəncə və Şəmkir şəhərlərinə,
Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə
1,6 kubmetr su verməklə əhalinin
içməli su təchizatı
yaxşılaşdırılıb.
Şəmkir Dəryaçayı istifadəyə
verilməsi ilə rayonda nəhəng
balıqçılıq təsərrüfatı
yaradılıb. "Azfarel" adlı müəssisədə olduq.
Bu dəfə də Alimpaşa müəllim qabağa
düşüb, bizi müəssisənin işləmə
mexanizmi, istehsal gücü ilə tanış
etdi. "Azfarel"in məhsulu dünya bazarına
çıxarılacaq. Artıq indidən
qonşu ölkələrdəki balıq bazarları
"Azfarel"in məhsulunun alıcısı olmağa
hazır olduqlarını bildirirlər. Müəssisənin
rəhbərliyi dedi ki, məhsullarını Azərbaycan
bazarında 50 faiz ucuz satacaqlar: "Bu məhsulu Azərbaycanın
torpağı, suyu, adamları hasil edir. Əlbəttə
ki, onlar öz ölkələrinin brendini daha sərfəli
qiymətlərlə almalıdırlar".
Başçı bir xüsusi məqama da
diqqət çəkdi. Ermənistanın dünya bazarlarındakı farel məhsulunu
sıxışdırmaq niyyətindədirlər. Əsas məqsədlərdən biri də budur.
Müəssisə rəhbərliyi belə
olacağına əmindir. Burada becərilən
balıq axar suda saxlanılır. Su Dəryaçaydan
hovuzlara daxil olur və elə oradan da yenidən çaya
qayıdır. Balıq dövr edən suda
böyüyürsə, daha dadlı olur. Azərbaycan
brendinin fərqi və üstünlüyü həm də
bundadır.
Başçı nümayəndə heyətinə
daha iki gün qonaq qalmağı təklif edir. Hələ gəzəcəyimiz
çox yerlər var. Təbii ki, geriyə - Bakıya
qayıtmalıyıq. Tarix İnstitutunun
direktoru Yaqub Mahmudov həm başçının şəxsiyyətindən,
həm də idarəçiliyindən olduqca razı
qaldığımızı deyir. Akademik cənab
Prezidentin "Cümhuriyyət qurucuları bizi görsəydilər,
fəxr edərdilər" fikrini xatırladaraq, 1918-1920-ci il hadislərinin yaşandığı ərazilərdən
biri kimi Şəmkirin fəxr olunacaq səviyyədə
inkişafından sevindiyini bildirir.
Cümhuriyyətin təməlini
qoyduğu müstəqil ölkənin vətəndaşı
olmaq ən böyük nemətdir. Tarix yaradan o böyük insanların
ruhları şaddır. Azərbaycanlılar
cümhuriyyətçi babalarının xarakterlərini əxz
ediblər və onların vətən əmanətlərini
göz bəbəyi kimi qoruyurlar. Təkcə Şəmkiri
görmək, tanımaq, hiss etmək kifayətdir ki, bir daha
yüksələn bayrağın bir daha enməyəcəyinə
varlığımızla inanaq. Bu xalqın, bu
dövlətın, bu cəmiyyətin ən yüksək məqamlara
çatmağa haqqı var.
525-ci
qəzet.-2018.-5 iyun.-S.5.