Varı/vari
morfemi: şəkilçi, yoxsa qoşma
Möhsün NAĞISOYLU
AMEA-nın müxbir üzvü, AMEA Nəsimi
adına Dilçilik İnstitutunun direktoru
Azərbaycan dilinin orfoqrafiya lüğətinin
son nəşrlərində (1975, 2004, 2013-cü illər)
birvariantlı sözdüzəldici şəkilçi kimi
qeyd olunmuş morfemlərdən varı xüsusi olaraq diqqəti
çəkir.
Belə ki, sözügedən lüğətin 1975 və
2013-cü il nəşrlərində bu
morfem ahəng qanununa uyğun olaraq yuxarıdakı kimi, yəni
varı şəklində qeyd olunmuşdur. Orfoqrafiya
qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən təsdiq edilmiş lüğətin
2004-cü il nəşrində isə bu
morfem vari şəklində təqdim olunmuşdur. Bununla belə,
lüğətin içində şəkilçinin işləndiyi
nümunələrdə ona əvvəlki illərin
lüğətlərində olduğu formada, yəni varı
şəklində rast gəlirik: buynuzvarı, halqavarı,
qalxanvarı, üzükvarı, yüngülvarı və s.
Maraqlıdır ki, birinci cildi 1966-cı
ildə nəşr olunmuş "Azərbaycan dilinin izahlı
lüğəti"ndə bu şəkilçi varı kimi
təqdim olunaraq onun "sifətlərin axırına gətirilərək
oxşarlıq, bənzərlik bildirdiyi" göstərilmişdir. Qeyd edək ki, bu izahda
qeyri-dəqiqliyə yol verilmişdir. Belə
ki, verilən nümunələr (dalğavarı,
xaçvarı, halqavarı) göstərir ki, varı sifətlərə
yox, isimlərə qoşularaq düzəltmə sifət
yaradır. Lüğətdə o da diqqətə
çatdırılır ki, varı eyni mənada bəzən
adam adlarına da əlavə edilir:
Füzulivarı, Vaqifvarı və s. Azərbaycan dilinin
izahlı lüğətinin 2006-cı il nəşrində bu
səhv düzəldilmişdir, yəni sözügedən
şəkilçi ilə düzələn sözlərin sifət
olduğu göstərilmişdir. Məsələn: buynuzvari -
sifət. Görünüşcə buynuza
oxşayan, buynuz kimi, halqavari - sifət. Halqa,
çənbər, çevrə şəklində; dairəvi,
halqaşəkilli, yüngülvari - sifət. 1. Bir qədər
yüngül. Əl çamadanı boyda: yüngülvari
bağlama əlimə aldım. 2. Çətin olmayan,
çox mürəkkəb olmayan, çox zəhmət, bilik,
bacarıq tələb etməyən; asantəhər:
Yüngülvari bir iş. Nümunələrdən
göründüyü kimi, izahlı lüğətin yeni nəşrində
bu morfem vari şəklində qeyd olunmuşdur. Qeyd edək ki, sözügedən morfemin vari şəklinə
ilk dəfə E.V. Sevortyanın 1966-cı ildə Moskvada nəşr
olunmuş "Affiksı imennoqo slovoobrazovaniya v azerbaydjanskom
yazıke" kitabında rast gəlirik.
Tanınmış türkoloq alim adı çəkilən əsərində
-vari şəkilçisinin fars dilindən
alınma olduğunu qeyd edərək onun Azərbaycan dilinin
söz yaradıcılığında məhsuldar olduğunu,
hətta bir sıra neologizmlərin tərkibində də (məsələn:
vintvari) iştirak etdiyini diqqətə çatdırır. Kitabda -vari morfemi ilə bağlı müəllifin
qısa açıqlamasında bir ziddiyyətli məqama da
toxunmaq yerinə düşər. Belə ki, E.V.Sevortyan
-vari morfemini əvvəlcə sözdüzəldici şəkilçi
(kitabda: affiks) kimi təqdim edir, onun haqqındakı qısaca
açıqlamasında isə Mirzə Abdulla Qaffarovun tərtib
etdiyi "Farsca-rusca lüğət"ə (Moskva, II cild,
1927) əsaslanaraq, morfemin fars dilinə məxsus sifət
("podobnıy" - oxşar, bənzər) olduğunu
göstərir. Görünür, bu məsələdə
- vari morfeminin rusca qarşılığı olan
"podobnıy" sözünün qrammatik mənaca sifət
olması öz işini görmüş, lakin müəllif
bu incə məsələyə nədənsə diqqət
yetirməmişdir. E.V.Sevortyan - vari morfemi
ilə bağlı qeydlərində bu şəkilçinin
qoşulduğu sözlərə bənzərlik - kiçiltmə
anlamını verdiyini və onların qrammatik mənaca sifət
olduğunu da diqqətə çatdırır.
D.A. Maqazanikin 1945-ci ildə Moskvada nəşr
olunmuş "Tureüko-russkiy slovarğ" kitabında da bu
morfem vari kimidir. Lüğətdə bu sözün qrammatik mənaca
pristavka (şəkilçi) olması və mənaca bənzərlik
çaları bildirməsi göstərilir. Və nəhayət,
1977-ci ildə Moskvada SSRİ EA Şərqşnaslıq
İnstitutunun nəşrə hazırladığı
sanballı "Türkcə-Rusca sözlük"də də
(Müəlliflər: A.N.Baskakov, N.P.Qolubeva, A.A.Kamileva,
K.M.Lyubimov, F.A.Salimzyanova, R.R.Yusipova - 48.000 söz)
sözügedən morfem =vari şəklində verilmiş,
onun farsmənşəli olması göstərilməklə
yanaşı, mürəkkəb sözlərin ikinci tərəfi
olaraq kimi, oxşar mənalarında işlənməsi
göstərilir: "=vari fars mürəkkəb sözün
ikinci hissəsi: kimi, oxşar; artistvari - artist kimi, haçvari
- xaç kimi, makinevari- mexaniki".
Burada bir məqam xüsusi olaraq diqqəti çəkir:
lüğət müəllifləri vari morfeminin
qoşulduğu sözləri mürəkkəb söz kimi təqdim
edirlər. Deməli, onlar vari morfemini şəkilçi
kimi qəbul etmirlər, belə olsaydı, onda həmin
sözlər quruluşca mürəkkəb yox, düzəltmə
olardı. Təəssüf ki,
sözügedən lüğətdə vari morfeminin qrammatik
funksiyası aydın şəkildə qeyd olunmamışdır.
Yuxarıda göstərildiyi kimi, D.A. Maqazanik
vari morfemini "pristavka" (ön şəkilçi)
adlandırır. Burada bir maraqlı məqamı
da qeyd etmək lazımdır. Professor
M.Tağıyevin rəhbərliyi ilə tərtib edilmiş
dördcildlik "Azərbaycanca-rusca lüğət"in I
cildində ...varı morfeminin kimi, oxşar mənasında
mürəkkəb sifətlərin tərkib hissəsi kimi
işlənməsi qeyd olunur və nümunə kimi
dalğavarı (volnoobraznıy), xaçvarı
(krestoobraznıy) sözləri göstərilir. Deməli, faktiki olaraq bu lüğətdə də
varı morfemi şəkilçi kimi qəbul edilmir,
çünki belə olsaydı, onun qoşulduğu sözlər
quruluşca mürəkkəb yox, düzəltmə
sayılardı.
Qeyd edək ki, istər E.V.Sevortyan, istərsə də
"Türkçe-Rusça Sözlük" müəllifləri
bir məsələdə həmfikirdirlər: sözügedən
morfem varı yox, vari şəklindədir və farsmənşəlidir.
Təəssüf ki, "Azərbaycan dilinin
izahlı lüğəti"ndə bu morfemin mənşəyi
məsələsinə, ümumiyyətlə,
toxunulmamışdır, halbuki bu qəbildən olan
lüğətlərdə sözügedən məqamın
qeyd olunması vacib şərtlərdən biridir.
Vari morfeminin farsmənşəli olması, həm də
məhz bu fonetik variantda işlənməsi (fars
dilində ı saiti, ümumiyyətlə, yoxdur) həmin dilə
aid istər izahlı lüğətlərdə, istərsə
də farsca-türkcə lüğət nümunələrində
də (həm klassik, həm də müasir) qeydə
alınmışdır.
Öncə qeyd edək ki, farsca-türkcə ilk klassik
lüğətlərdən sayılan və
tanınmış Azərbaycan alimi Hinduşah
Naxçıvaninin (XIII-XIV əsrlər) qələmindən
çıxan "Sihahül-əcəmiyyə"
sözlüyündə bu morfemə yalnız - var şəklində
rast gəlirik: var - kibi/ (kimi). Qeyd edək ki,
H.Naxçıvaninin lüğətində var morfeminin
ayrıca bir maddədə yer alması, eləcə də onun
türkcə qarşılığı (kibi) bizdə bu
ünsürün Azərbaycan dilçiliyində şəkilçi
kimi təqdim edilməsi məsələsinə şübhə
ilə yanaşmağımıza və əslində, onun
qrammatik mənaca, bənzərlik bildirən qoşma olması
haqqında fikrimizin ortaya çıxmasına gətirib
çıxardı. İlk növbəbə ona görə
ki, istər adı çəkilən lüğətdə,
istərsə də sonrakı dövrə aid lüğətlərdə
fars dilinə məxsus olan və dilimizdə
vətəndaşlıq hüququ qazanmış bir sıra
şəkilçilər, o cümlədən, -baz (sözbaz,
hoqqabaz, qumarbaz və s.), -gər (hiyləgər, zərgər
və s.), -kar (tamahkar, peşəkar, sənətkar və s.),
-şünas (şərqşünas, musiqişünas,
hüquqşünas və s.), -xor (rüşvətxor,
müffəxor və s.) yer almamışdır. Yeri gəlmişkən onu da qeyd edək ki,
tanınmış Azərbaycan alimi Səlim Cəfərovun
"Azərbaycan dilində söz
yaradıcılığı" adlı kitabında adı
çəkilən şəkilçilər haqqında kifayət
qədər məlumat verilmişdir. Bu
mötəbər mənbədə isə varı adlı
şəkilçiyə, ümumiyyətlə, rast gəlmirik.
H.Naxçıvani "Sihahül-əcəmiyyə"
lüğətində farsmənşəli -vəş
morfeminin var ünsürünün sinonimi olmasını, daha
doğrusu, eyni mənanı daşımasını (kibi) diqqətə
çatdırır. XVII əsrin
ən məşhur və sanballı farsca izahlı lüğətlərindən
olan "Bürhan-e qate" adlı leksikoqrafik əsərdə
isə bu morfemə üç şəkildə rast gəlirik:
var, vare və vari. Görkəmli Azərbaycan alimi Bürhan təxəllüslü
Məhəmməd Hüseyn bin Xələf Təbrizinin
Hindistanda ərsəyə gətirdiyi bu dəyərli
lüğətdə adı çəkilən üç
morfemin bir sıra mənaları ilə yanaşı,
oxşar, bənzər anlamları da qeyd olunur. Maraqlıdır
ki, lüğət müəllifi var morfeminin mənalarını
açıqladıqdan sonra onun türkcədə vardır
anlamında işləndiyini də xüsusi olaraq qeyd edir.
M.H.Təbrizi onu da əlavə edir ki, var türkcədə
getmək feilinin əmr şəkli kimi də işlənir: Və
əmr be rəftən həm həst, yəni boro. (Həm də
getmək (sözünün) əmridir, yəni get). Qeyd edək ki, lüğət müəllifi var
morfeminin işlənmə məqamlarına dair heç bir
nümunə vermir. "Bürhan-e qate"ni nəşrə
hazırlayan görkəmli İran alimi Məhəmməd
Müin isə kitabın izahlar bölməsində
"var"ın aşağıdakı sözlərin tərkibində
işləndiyini qeyd edir: "divanevar" - dəli kimi,
"məcnunvar" - dəli kimi, "şirvar" - aslan
kimi, "dayerevar" -dairə kimi, "sufivar"- sufi kimi.
M.Müinin özü də məşhur "Fərhəng-e
Farsi" (“Farsca izahlı lüğət") kitabının
müəllifidir və bu kitabın da başlıca
qaynaqlarından biri elə yuxarıda adını çəkdiyimiz
"Bürhan-e qate"dir. M.Müin "Fərhəng-e
Farsi" lüğətində "var" morfemini şəkilçi
kimi qeyd edərək, onun həm ümumi isimlərə
("beheştvar", "pələngvar",
"divanevar", "şirvar", "sufivar", "məcnunvar"),
həm də xüsusi isimlərə ("Rüstəmvar",
"İskəndərvar", "Fironvar")
qoşulduğunu göstərir. Müəllif
bu şəkilçinin sinonimi olaraq vare və var morfemlərini
də qeyd edir. Onu da qeyd etmək lazımdır ki, istər
M.H.Təbrizinin, istərsə də M.Müinin lüğətində
-var şəkilçisinin mənalarından biri də dilimizdəki
sahib, malik olan sözünün, eləcə də -lı,-li
şəkliçisinin daşıdığı anlama
uyğun gəlir. Məsələn: ommidvar (ümidli,
ümidvar), sugvar (yaslı, matəmli), əyalvar (çoxlu
övladı olan). Nümunələrdən
göründüyü kimi, onlardan birincisi - ommidvar müasir
Azərbaycan ədəbi dilində də eyni anlamda (ümidvar
şəklində) işlənir.
Farsmənşəli -var, -vare və -vari şəkilçiləri
fars dilinə dair yuxarıda adları çəkilən
mötəbər qaynaqlarda "bənzər",
"oxşar" anlamlarında sinonim morfemlər kimi təqdim
olunsa da, bu morfem dilimizə varı// vari şəklində
daxil olmuş və istər ərəbmənşəli
(halqavarı), istərsə də türkmənşəli
(üzükvarı, qılıncvarı, buynuzvarı və
s.) sözlərin tərkibində işlənir.
Həsən Əmidin müəllifi
olduğu "Fərhəng-e Əmid" adlı farsca
izahlı lüğətdə isə bu şəkilçinin
"bənzər". "oxşar" anlamında yalnız iki
variantı qeyd olunur: -var və
-vare. Qeyd edək ki, son dövrün məşhur
farsca izahlı lüğətlərindən olan "Soxən"
("Söz") kitabının qısa variantında -var
şəkilçinin yuxarıdakı mənası qeyd
olunmamışdır.
Farsca-azərbaycanca müasir lüğətlərdə
gəldikdə isə, İran alimi Nəyyerzaman Səqəfinin
(Hatəmi) tərtibçisi olduğu bu qəbildən olan
irihəcmli sanballı lüğətdə sözügedən
morfem yalnız -var şəklində oxşarlıq mənalı
sözdüzəldici şəkilçi kimi qeyd olunmuşdur. Digər bir İran alimi
Behzad Behzadinin "Farsca-azərbaycanca lüğəti"ndə
isə bu şəkilçi iki variantda (-var və -vare) təqdim
olunmuşdur.
İndi isə sözügedən morfemin
şəkilçi olması və ya dilimizdə
daşıdığı mənaya görə qoşma səciyyəsi
daşıması ilə bağlı mülahizələrimizi
təqdim edirik. Morfemin Azərbaycan
dilində işlənən nümunələrdən
(buynuzvarı, dalğavarı, xaçvarı, halqavarı,
sünbülvarı və s.) də göründüyü
kimi, bu sözlərin tərkibindəki morfem bənzətmə,
oxşarlıq bildirir və dilimizdəki kimi
qoşmasının sinonimi kimi çıxış edir:
buynuzvarı - buynuz kimi, dalğavarı - dalğa kimi və s.
Yuxarıda qeyd etdiyimiz kimi, "Azərbaycan dilinin izahlı
lüğəti"ndə də eyni fikir bildirilir. Maraqlıdır ki, bu mötəbər qaynaqda -varı
morfeminin konkret olaraq şəkilçi olması haqqında
heç bir qeydə rast gəlmirik. Burada
yalnız varı morfeminin sözlərin axırına gətirilərək
oxşarlıq, bənzərlik bildirməsi qeyd olunur. Ümumiyyətlə, kitabda sözügedən
morfemin sözdüzəldici şəkilçi, yoxsa digər
bir ünsür olması məsələsi açıq
qalır. Qeyd edək ki, bu məsələnin
mübahisəli olmasını daha bir fakt sübut edir.
Belə ki, adətən, bu tipli lüğətlərdə
istər sözdüzəldici, istərsə də sözdəyişdirici
şəkilçilər yer almır: bu, bir aksiomdur. Belə olduqda varı morfeminin izahlı lüğətdə
ayrıca bir maddədə qeyd olunması nə ilə
bağlıdır? Axı lüğətdə
digər sözdüzəldici şəkilçilər (istər
milli, istərsə də alınma şəkilçilər)
yer almamışdır. Maraqlıdır
ki, məqalənin əvvəlində adını çəkdiyimiz
"Türkçe-Rusça Sözlük"də də məsələ
eynilə belədir. Burada da digər
sözdüzəldici və sözdəyişdirici şəkilçilər
verilməmişdir. Lüğətlərin
tərtib qaydaları belədir. Bizcə,
bu məsələnin başlıca səbəbi varı
morfeminin şəkilçi yox, məhz qoşma səciyyəli
bir söz olmasıdır.
Qeyd edək ki, orta əsrlərə aid Azərbaycan
klassik ədəbiyyatı nümunələrində, o
cümlədən, İmadəddin Nəsimi və Məhəmməd
Füzuli kimi böyük söz ustalarının dilində
varı morfeminə rast gəlmirik. Maraqlıdır ki, Füzulinin anadilli poetik əsərlərində
yalnız bir neçə nümunədə var morfeminin
işlənməsi qeydə alınmışdır:
Dürci - düri - şahvarım ana.
Ya Rəb, kərəm et ki, xarü
zarəm,
Dərgahə bəsi ümidvarəm.
Lakin nümunələrdən də
göründüyü kimi, buradakı -var oxşarlıq, bənzərlik
mənalarını bildirmir: şahvar - şaha layiq, şahanə;
ümidvar - ümidi olan, ümidli. Bununla belə,
Füzulinin adıçəkilən əsərlərində
varı morfeminin sinonimi olan yenə də farsmənşəli
vəş morfemi nisbətən geniş şəkildə təmsil
olunmuşdur. Bu morfem də eynilə
oxşarlıq, bənzərlik anlamını
daşıyır.
Leyliyi sən eylədin pərivəş
Kim, canə cəmali urdu atəş.
Ey Füzuli, kəsmə ol məhvəş
vüsalından ümid,
Səbr qıl kim, dövr
dövranı degil bihudə gərd.
Nümunələrdən
göründüyü kimi, Füzuli burada məhvəş
sözünü ay kimi, aya bənzər mənasında, pərivəş
sözünü isə pəri kimi anlamında işlətmişdir. Qüdrətli söz ustadı anadilli
poetik əsərlərində tərkibində -vəş
morfemi olan ləlvəş (ləl kimi), sayəvəş
(kölgə kimi), səbzəvəş
(yaşıllıq kimi) və s. sözləri də çox
uğurla işlətmişdir.
Maraqlıdır ki, Füzuli vəş morfemini
aşağıdakı nümunədə xüsusi ismə də
artırmışdır:
Yetməyib vəslinə sən Leylivəşin bir
ömrdür,
Mən kimi Məcnun olub səhrayə
düşmüş afitab.
Bu fakt həmin dövrdə klassik Azərbaycan
ədəbiyyatında varı morfemi ilə müqayisədə
onun sinonimi olan -vəş morfeminin daha işlək olduğunu
açıq-aşkar şəkildə sübut edir. Onu da qeyd edək ki, Füzulinin işlətdiyi
nümunələrin (ləlvəş, məhvəş, pərivəş,
sayəvəş, səbzəvəş və s.) şəkilçi
kimi deyil, bütövlükdə söz tərkibində fars dilindən keçməsi daha ağlabatan və
inandırıcıdır. Belə ki, böyük şair həmin
sözləri fars dilindən hazır şəkildə,
yəni elə nümunələrdə işlətdiyi kimi
alaraq ədəbi dilimizə gətirmişdir.
Fars dilinin izahlı lüğətləri
üzərindəki müşahidələr göstərir
ki, bu dildə vəş morfemi də oxşar, bənzər
anlamlarında geniş şəkildə təmsil
olunmuşdur. Məsələn,
yuxarıda adını çəkdiyimiz "Bürhan-e
qate" lüğətində vəş sözünün
xoş mənası ilə yanaşı, bənzər,
oxşar anlamlarında da işləndiyini qeyd edir:
"Və şebh və manəndra niz
qofteənd.
Həmço: şahvəş və mahvəş".
(Və bənzər, oxşar mənalarını
da demişlər. Necə ki şahvəş (şah kimi) və mahvəş
(ay kimi). M.Müin də vəş
morfeminin bənzər, oxşar anlamlarında ayinəvəş
(ayna kimi), kəjdomvəş (əqrəb kimi) nümunələrində
işləndiyini qeydə almışdır. Həsən Əmidin lüğətində də
-vəş bənzərlik və oxşarlıq bildirən
şəkilçi kimi təqdim olunmuşdur.
Burada birbaşa məsələ ilə
bağlı bir faktı da qeyd etmək yerinə düşər. Görkəmli Azərbaycan
dilçisi professor, AMEA-nın müxbir üzvü
Əbdüləzəl Dəmirçizadə "Müasir Azərbaycan
dili" kitbında bir cür yazılan şəkilçilər
sırasında -dək qoşmasını da verir. Varı morfeminə gəldikdə isə
tanınmış alim şəkilçi kimi qəbul etdiyi bu
ünsürü varı formasında təqdim edərək
ona nümunə olaraq qalxanvarı, yüngülvarı,
üzükvarı sözlərini göstərmişdir.
Ə.Dəmirçizadənin bir cür
yazılan şəkilçilər sırasına -dəkqoşmasını
da daxil etməsi göstərir ki, bu məsələdə, yəni
varı morfeminin şəkilçi, yoxsa qoşma kimi qəbul
edilməsində müəyyən mübahisəli məqamlar,
sual və şübhələr hələ o zaman mövcud
imiş.
Beləliklə, istər vari, istərsə də onun
sinonimi olan -vəş morfemi haqqında deyilənlər və
onlara aid verilən nümunələr göstərir ki, bu
morfemlərin hər ikisi müasir Azərbaycan ədəbi
dilində əslində şəkilçi funksiyasını
daşımır, əksinə bənzərlik, müqayisə
bildirən kimi qoşmasının qarşılığı
kimi çıxış edir. Bunu sübut edən
ən başlıca dəlillərdən biri farsca klassik və
müasir izahlı lüğətlərdə bu dilə məxsus
digər sözdüzəldici şəkilçilərin yer
almamasıdır. Eyni sözləri
yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan dilinin izahlı
lüğətinə də şamil etmək lazım gəlir.
Qeyd edək ki, sonuncu qaynaqda -vəş morfeminə,
ümumiyyətlə, rast gəlmirik. Bununla
belə Azərbaycan dilinin orfoqrafiya lüğətinin son nəşrində
mahvəş və pərivəş sözləri qeydə
alınmışdır.
Sözügedən morfemin vari, yoxsa
varı şəkillərindən hansına
üstünlük verilməsinə gəldikdə isə, qeyd
etməliyik ki, bu ünsürə aid nümunələrdə
onun vari şəklində tələffüzünün
aparıcı olduğu linqvistik təcrübədə
sübuta yetirilmişdir. Buna görə düşünürük ki, Azərbaycan
dilinin orfoqrafiya lüğətinin yeni nəşrində bu
morfemin -vari şəklində qeyd olunması məqsədəuyğundur.
Son olaraq morfemlə bağlı bir incə
məqamı da qeyd etmək istəyirik. Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Tərcümə Mərkəzinin nəşrə
hazırladığı "Azərbaycan dilinin işlək
orfoqrafiya sözlüyü"ndə bu morfem iki şəkildə
qeyd olunmuşdur: "-varı, -vari şəkilçiləri
ahəng qanunu üzrə işlədilib. Məsələn:
çələngvari, çəlləkvari, çəngəlvari,
daraqvarı, halqavarı, ilanvarı, qarmaqvarı və s".
Məlum olduğu kimi, dilimizdəki alınma şəkilçilərin
hamısı birvariantlıdır və onlar, bir qayda olaraq, ahəng
qanununa tabe olmur (məsələn: -zadə, -şünas). Buna görə də sözügedən morfemin ahəng
qanunu üzrə iki variantda (-varı, -vari) təqdim
olunması elmi cəhətdən yanlışdır.
525-ci qəzet.- 2018.- 6
iyun.- S.8.