Müşfiqin baxışları

 

Mikayıl Müşfiqin əziz xatirəsinə

 

Qaranlıq soyuq zindanın

Soyuq divarları arasında ulu bir şair

Son anlarını yaşayırdı.

Saçları pərişan dalğın

Üzü isə batan günəş kimi solğun.

Kədərlə gülümsəyirdi ölümün üzünə.

Baxışları da nəsə deyirdi

dik baxaraq cəlladın gözünə...

Şair öz ölümünə necə baxdısa

Cəllad da buna dözmədi

Gözləri yaşardı cəlladın

Əli çaşırdı cəlladın

Silahı yerə düşdü.

Əsdi əlləri, əsdi dizləri

Yaşardı cəllad gözləri.

Müşfiq...

O ulu şair ...

Ağlama, cəllad, ağlama

Öldür məni

Öldür, pul qazan

Cəllad qışqırdı:

...Baxma mənə, baxma...- dedi,

Mən insanam,

Cəllad olanda olar...

Müşfiq düşündü:

Əgər bu cəllad insandırsa,

İnsan olmayan kimdir görəsən,

Yanındakı əmr verən qatillərmi?

Şairi arxadan atdı cəllad.

İki gülləsi boşa getdi,

Üçüncüsü sərrast...

Döşəmədən açılan qapı

Xəzərin dalğa səslərini gətirirdi zindana.

Beləcə bir ömür çatanda sona

Bir şair öldü o gün.

Ancaq bilmədilər ki,

Ölümüylə doğulub

Dünyaya gəldi o gün.

 

 

Həvva ADƏMSOY (VASALOVA)

5 iyun 2018

 

525-ci qəzet.-  2018.- 6 iyun.- S.7.