Milli
istiqlalımızın alovlu şairi - Xəlil Rza Ulutürk
Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə
doktoru
Bütün zamanlarda Sözün qüdrəti,
hökmü böyük olub. Məqamında səslənişi
ilə könüllər nura boyanıb, aləm gülşənə
dönüb, aydın, işıqlı sabahlara doğru yol
başlayıb...
Hər şeydən uca, dəyərli olan,
düşüncəyə hakim kəsilən Söz göy
qurşağının rəngləri kimi
çoxçalarlıdır. Sənətkarlar
yaratdıqları əsərlərində kimlərinsə mənəvi
dünyasını, taleyini, obrazını sözün rənglərilə
elə təsvirə alır ki, onları sevməmək,
yaxına almamaq mümkünsüzdür. Əlbəttə
ki, təsvir və bənzətmələrin duyğusallıqla
ifadəsində sözün yeri əlahiddədir.
Onda da ola söz həqiqi mənada sülhü, əmin-amanlığı,
xalqın azadlıq arzularını, istiqlalını, milli mənafeyini
və mənəvi dəyərlərini ifadə etmiş
olsun. Fitri istedadın, dağ şəlaləsi
təki coşqun bir ehtirasla axan yaradıcılıq
eşqinin vətənpərvərlik, yurdsevərlik sevgisilə
dopdolu olan sənət sahiblərinin amalı belə bir
ülvi hisslərlə süslənəndə xalq mənəvi
ucalığın, rahatlığın, qəlbə bahar təravəti
gətirən gülzarlığın içində olar.
Bütün bunları böyük sənətkarlıqla,
bədii təfəkkürün işığında
obrazlı şəkildə, həm də xalqın milli
qürurunu, müstəqillik duyğularını ucadan-uca
sözün qüdrətilə ifadə edə bilmək məharəti
də hər kəsə nəsib olmur.
Bu fikirlərin işığı düşüncəmi
100 ildən də bir qədər uzaqlara çəkib
aparır.
Hansı ki, H.B.Zərdabi, M.F.Axundovdan başlamış,
xalqı qəflətdən oyatmaq, savadsızlığa, mədəni
geriliyə qarşı mübarizənin, mənəvi dəyərlərin,
vətənpərvərlik duyğularının
formalaşması və ictimai şüura təsiri yolunda
mübarizəni genişləndirmək bir amal olaraq münəvvər
insanların qəlbini çulğamış, ümdə vəzifəsi
olmuşdur. Milli mücadiləni yaymaqdan
ötrü XIX əsrin sonları və XX əsrin əvvəllərinin
milli oyanış dövründə M.Şahtaxtlı, C.Məmmədquluzadə,
Ö.F.Nemanzadə, Ə.Hüseynzadə, Ü.Hacıbəyov
və digər maarifpərvər ziyalılar doğma ana
dilimizdə yaratdıqları mətbuatda öz fikirlərini
bir toxum kimi səpməyi vacib sandılar. Və
beləliklə, böyük bir maarifçi nəsil - mollanəsrəddinçilər,
füyuzatçılar milli dirçəliş
işığında öz fikir və amallarını bir vətəndaş
qeyrətilə yaymağa başladılar. Bu yolda təqiblər, sui-qəsdlərlə üzləşsələr
də, milli məfkurəni xalqa aşılamaqdan çəkinmədilər.
Və zamanı üçün nə qədər çətin
də olsa bunlara müəyyən mənada nail ola
bildilər. Bunun ardınca xalqı azadlığa, müstəqilliyə
aparan yollarda
mücadilə edən vətənpərvər ziyalılar,
ictimai-siyasi xadimlər böyük fədakarlıq və əzmkarlıqla
Şərqdə ilk müsəlman dövlətini, parlamentli,
azad və müstəqil Azərbaycan Demokratik
Respublikasını qurdular (1918-1920). Cəmi 23 ay yaşayan və
bolşeviklərin qəsbkarlığı ilə devrilərək,
ömrü yarıda bitən cümhuriyyətin qurucuları,
qeyrətli vətən oğulları az
bir vaxtda qarşıya qoyduqları böyük vəzifələri
müstəqillik eşqinin gücü, qüdrətilə həyata
keçirməyə nail oldular. Bu gün hər
birimiz dövlətçilik tariximizin bir şərəfli səhifəsi
olan Azərbaycan Xalq Cümhuriyyəti qurucularının
böyük fədakarlığı ilə qürur duyuruq.
Bu yerdə ötən əsrin axırları milli
oyanış dövrünün tarixilik və müasirlik
baxımından ənənəvi və yeni məna kəsb edən
müstəqilliyin bərpası və xalqın
azadlığı uğrunda mübarizələrdə təhdidlərə
məhəl qoymadan milli mücadilənin önündə gedən
aydınlarımızı, vətən aşiqlərini
göz önündən keçirirəm. Və bu milli-mənəvi
duyğuları yaşadığımız indiki anlarda, 70 ildən
sonra onun bərpası yolunda aparılan mübarizədə
M.Ə.Rəsulzadənin və silahdaşlarının azərbaycançılıq
məfkurəsindən qor alan, müstəqillik
amalını ruhunda, varlığında bir məşəl
kimi daşıyan milli istiqlal şairi Xəlil Rza
Ulutürkü xatırlayıram. Xalqı Sovet
imperiyasının caynağından qurtarmağa, öz taleyini
özü həll etməyə səsləyən, vətənpərvərlik
eşqi, ədəbi-bədii yaradıcılığı,
poetik inciləri ilə yaddaşımıza nur çiləyən
azadlıq aşiqi hər zaman qürur duyduğumuz ədəbi
şəxsiyyətdir. O, bütün
yaradıcılığı boyu, ələlxüsus da ötən
əsrin 80-ci illərindən başlamış milli
mücadilədə özünün əqidəsi, ideoloji
mübarizəsi, sözünün qüdrətilə hər
bir azərbaycanlının hafizəsində Azərbaycan Xalq
Cümhuriyyəti qurucularının varisi kimi yaşayır. Xəlil Rza Ulutürkün
yaradıcılığı başdan-başa xalqın
azadlığı, vətənpərvərlik
duyğuları, müstəqillik arzuları, istiqlalı ilə
süslənmiş, milli-bəşəri amallar ilə ifadə
olunmuşdur.
Xəlil
Rza Ulutürkün yaradıcılığını
mövzusuna görə 3 mərhələyə bölmək
olar:
I. Sovet
dövrü.
II.
Milli-azadlıq hərəkatının meydan dövrü.
III.
Müstəqillik dövrü.
Xəlil Rzanı milli mücadiləyə aparan
azadlıq arzuları yaradıcılığının ilk
dövrlərindən, birinci mərhələsində pöhrə
tutmuş, göyərmiş, qəlbini, ruhunu
sarmışdı. Azərbaycançılıq məfkurəsinə,
xalqına bütün qəlbi, ictimai şüuru ilə
bağlı olan şairin bağrından qopan misraları bir cəngavərin
azadlığa səsləyən marşına bənzəyirdi.
O, qəlbi vətən və xalq üçün
çağlayan bir vətəndaş kimi, hələ gəncliyindən
ölkəsini azad, müstəqil görmək istəyirdi. Vaxtilə Xalq Cümhuriyyətinin yüksəltdiyi
bayrağın endirilməsi ilə heç vəchlə
barışmır, onun yenidən yüksələrək
başımızın üstündə
dalğalanmasını görmək arzusu ilə
yaşayır, səsinin-sözünün gücü,
qüdrətilə mübarizə aparırdı. Şair bilirdi ki, bu mübarizənin təməlində
onun milli varlığının, kimliyinin, ifadəsi olan ana
dilinin qorunması, yaşadılması qayğıları
dayanır. 1962-ci ildə yazdığı "Ana
dili" şeirində vaxtilə dilimizin başına oyun
açanlara, onu öldürməyə, məhv etməyə
cəhd edənlərə qarşı üsyan edir, öz
içimizdə də dilimizin qədrini bilməyənlərə,
onu qorumayanlara qarşı sanki qələmindan misra-misra od saçırdı:
Kim qoruya
bilməyirsə
Öz
yurdunu, yuvasını,
udmasın yurd havasını.
Kim qorumur
öz dilini,
itsin mənim
gözlərimdən ilim-ilim,
O sahili bu
sahilə birləşdirən
polad
körpüm, qılıncımdır,
günəşimdir mənim dilim!
Şair bilirdi ki, vətən qəsb ediləndə onu
azad etmək mümkündü, lakin dil qəsb olunanda bu, millətin,
xalqın məhvidir. Bu, Xəlil Rzanı həmişə
düşündürür, narahat edirdi. Dildən
başlamış, vətəni bütöv, azad görmək,
mədəniyyətimizin, ədəbiyyatımızın
minillərə söykənən tarixinin
yaşadılması uğrunda milli mücadiləyə
qoşulmaq onun həyat amalı olmuş, bu yolda bir an da olsa, söz-qələm mübarizəsindən
çəkinməmişdir. Elə buna görə
də şair rus imperiyasının ağır rejimində qəlb
çırpıntıları, həyəcanlar içində
yaşamış, təqib olunmuş, bəzən təklənmiş,
həyatın ağır sınaqları qarşısında
olmuşdur. Lakin bunlar onu qorxutmamış,
əqidəsindən dönməmiş, azadlıqsevər ruhu
onu daim mübarizə meydanında bir cəngavər kimi
döyüşlərə səsləmişdir. Sovet
dövründə yazdığı şeirləri birbaşa,
həm də mətnaltı ifadələrlə intişar edirdi. Yüzillər
boyunca xalqın azad, müstəqil yaşamaq istəyinin təşnəsi
olan aydınların arzuları qərinələrin
aşırımlarından keçərək vətən
sevdalı Məcnun şairin misralarında yenidən boy
göstərirdi. Artıq səksəninci
illər milli oyanışın ictimai şüurları silkələdiyi
bir vaxtda X.Rza öz haqqını müdafiə etmək,
azadlıq arzularını gerçəkləşdirməkdən
ötrü xalqı mübarizəyə səsləyir,
odlu-alovlu şeirləri, çıxışları ilə
bu hərəkatın önündə gedirdi. O,
üzünü bütün Azərbaycana tutub var səsiylə
hayqırırdı:
Sürünmüsən
iki əsr,
Övladların
əsir-yesir,
Nə qəm,
adın çəkiləndə
Yad hələ də zağ-zağ əsir.
... Sən
can dedin, çor dedilər,
Haqqını basıb yedilər.
Pak,
müqəddəs torpağını
Parçalayıb çeynədilər.
O qurdlara
sən vermə can,
Qalx
ayağa, Azərbaycan!
... Dəmir-beton
qapıları
Tay-tay
açan, şölə saçan
Yer titrədən,
göy gurladan,
Ulduzları
öpüb-qucan,
Nə
yaralı, nə yarımcan,
Bizə nəfəs,
bəşərə can -
Qalx
ayağa, Azərbaycan!
Milli-azadlıq hərəkatının meydan
dövrü yaradıcılığının yeni bir məzmun,
milli-bəşəri ideya-mahiyyət kəsb etməsilə
böyük təsir gücünə malik idi. X.Rzanın şeirləri
düşmənə od
püskürür, milləti öz azadlığı
uğrunda mübarizəyə səsləyirdi. Onun
söz mübarizəsi bir ordunun gücündən də
qüdrətli idi. Hər bir Azərbaycan vətəndaşı
Azadlıq meydanından başlamış, bütün
yığıncaqlarda, dəstə halında evlərdə
belə, onun şeirlərinin təsiri ilə coşur,
xalqın azadlıq arzularının gerçəkləşməsi
yolunda birləşirdi.
Döyüşüm
qəbrətək davam edəcək
Sevindirmək üçün yurdu, bəşəri.
Dəmiri
doğrayan polad qayçıtək
Mənim hər addımım şəri kəsəcək.
- deyən şair bütöv əqidəsi, bədii
sözünün gücü ilə mübarizə
aparırdı. Bu ideya və məzmunda olan bir
çox əsərləri onun səksəninci illərin
sonlarından başlamış, müstəqillik uğrunda
apardığı mübarizənin əks-sədası idi.
Bu dövr yaradıcılığı
şairin həm də məddahlığı, rüşvətxorluğu,
vəzifəpərəstliyi ifşa etməsilə
xarakterikdir. Sovet ordusunun, qırmızı qəsbkarların
ölkəmizdə törətdiyi qırğınlar,
1990-cı il faciəsi şairin həyatını
fırtınaya döndərmişdi. Bu
mübarizədə o, bütün
sağlamlığını itirsə də, son gücünədək
milli istiqlal uğrunda savaşın önündə
getmiş, xalqın ictimai şüurunun formalaşmasına,
azadlıq mübarizəsinin ürəklərdə sonsuz bir məhəbbətlə
çağlamasına böyük təsir göstərmişdir.
Azadlıq carçısı olaraq Baş meydanda, gənclər
arasında etdiyi alovlu çıxışları, od saçan şeirləri və müstəqilliyimizin
ilkin dövründə yazdığı əsərləri,
bütünlükdə bədii
yaradıcılığı, publisistik fəaliyyətilə
xalqın mübarizə yolunda mayak idi. Qüdrətli,
coşqun çaya bənzər səsi ilə xalqın ruhunu
alovlandırırdı:
Biz
Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları
qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər
meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən
təmizləyək!
Şölə
versin bu ləl, mərcan
Ermənisiz
Azərbaycan!
Və o
zaman şairin səsinə minlərlə, milyonlarla vətən
sevdalısı səs verdi. Bu
dövrdə mübariz çıxışlarına,
meydanı azadlıq ruhu ilə
dalğalandırdığına görə Lefertova
zindanına atılsa da, sənədli-sübutlu memuar
yazılarını işıq üzünə
çıxardı, millətin istiqlalına yetdi. Bu, hər inqilabçı şairə qismət
olmur. Səd heyf ki, istiqlaliyyət uğrunda
qılıncdan kəsərli misraları ilə
döyüşüb, mübarizə aparmış azadlıq
aşiqi istiqlal şairi olmasını rəsmən təsdiqləyən
İstiqlal ordeni ilə təltif olunmasını görə
bilmədi. Amma nə qəm, şair
özünün və sözünün əbədi
olacağına bütün varlığı, şüuru ilə
inanırdı. Bu vətənə,
xalqına, minbir bərəkətli torpağına
bağlılıqdan qaynaqlanırdı. Elə buna
görə də deyirdi ki:
Odur,
yanır dan yeri...
Addımla günəşlə tən.
Torpaqdan
başlanmır, yox,
Kişi
qanındakı qeyrət selindən,
Səndən başlanır Vətən.
Məndən
başlanır Vətən!
Bu gün
şairin sağlığında və özündən sonra
nəşr olunmuş çoxsaylı kitablarına nəzər
yetirib, hər biri ilə ayrıca tanış
olanda bu vətən oğlunun, istiqlal şairinin içindən
bir vulkan kimi püskürən əsərlərinin qüdrətinə
heyrət etməyə bilmirsən. 1957-ci ildə nəşr
olunmuş "Bahar gəlir" ilk şeirlər kitabından
başlamış, "Sevən gözlər", "Məhəbbət
dastanı", "Hara gedir bu
dünya", "Daşdan çıxan bulaq", "Məndən
başlanır vətən", "Davam edir 37", "Mən
Şərqəm", "Türkün dastanı", "Mən
onsuz da əbədiyəm"... üst-üstə 100-ə
yaxın topluda hansı ideyaları, hikmətləri əhatə
edən mövzular ifadə olunmayıb! Təbiətə, onun
yaratdığı gözəlliklərə heyranlıq, milli
sərvətimiz olan dilimizə, mədəniyyətimizə,
adət-ənənələrimizə, ən
başlıcası, vətənə, insana məhəbbət,
xalqın azadlıq, müstəqillik arzularının
gerçək ifadəsi olan mübarizələr tarixi,
xoş günlərimizin vəsfi əsərlərinin
leytmotivini təşkil edib. Bütün bunlarla
yanaşı, əyriləri, vətəni satanları,
qorxaqları, mənsəbpərəstləri və bu qəbildən
bütün naqislikləri qılıncdan iti
sözünün qüdrəti ilə kəsib-doğrayıb.
Xəlil Rzanın yaradıcılıq diapozonu o qədər
genişdir ki, indiki məqamda onları bir araya gətirmək,
ümumiləşmiş formada belə, hər birindən bəhs
etmək olduqca çətindir. Bu əsərlər
yaradıcılığın bütün mərhələlərinin
mövzusuna, ictimai-siyasi tutumuna, vətəndaşlıq
mövqeyinə, bədii-poetik siqlətinə, ümumən
bir sıra prinsiplərinə görə hələ neçə-neçə
tədqiqat əsərlərinin predmeti olacaqdır. Bu yaradıcılığın əhatə etdiyi
növlərinə gəlincə, qeyd etməliyik ki, şairin
istedadı ona ədəbi fəaliyyətin bir çox sahələrində
qələm işlətməyə imkan vermişdir.
Bunların sırasında bədii
əsərləri, tərcümə kitabları, elmi əsərləri,
monoqrafiyaları, elmi-tarixi memuarları, bunların da üzərinə
ölümündən sonra vəfalı ömür-gün
yoldaşı Firəngiz xanım Ulutürkün nəşr
etdirdiyi 63 adda kitabını, çap olunmuş və
olunmamış gündəliklərini də əlavə etsək,
bu yaradıcılıq yolunun nə qədər zəngin,
çox növlü və çoxjanrlı olduğundan heyrətlənməyə
bilmərik. Xəlil Rza yaradıcılığının ən
səbatlı tədqiqatçılarından olan, bir çox
kitablarının redaktoru, ön sözün müəllifi,
filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli
şairin 80-ci illər yaradıcılığından bəhs
edərək yazır: "1980-ci illərin şeirləri mənəvi dəyərləri,
humanist keyfiyyətləri ilə seçilib. Sənətkarın
humanizmi müasir şəraitdə azad, müstəqil və
demokratik keyfiyyətlər qazanıb, mənəvi-tarixi,
qan-idrak yaddaşı ifadə edib.
Xəlil Rza ruhun əbədiyyətini, həyatını
qəbul etməklə əslində, milli şəxsiyyətlərin
yaşarılığını, deməli, milli ənənəni
təsdiq edir, onları xalqın yaşatmasını
arzulayır.
Xəlil Rzanın yaradıcılığında ötəri
bir həvəs, adi ovqatla yazdığı bir misraya, sətrə
belə rast gəlmək mümkün deyil. O, hər açılan
sabahların bir-birindən fərqlənməyən adi həyat tərzində təbiət
hadisələrindən, bir zərif çiçəyindən,
sısqa otundan, xırdaca daşından və əlbəttə
ki, üstündən onilliklər ötsə də, ilk gənclik
illərindən bütün varlığını
sarmış sevgisindən, duyğularından da
döyüşkən ruhlu bir şair olaraq söz
açır. Bəzən lirik "mən"
özünün də dünənindən bu gününə
yetdiyi mübariz həyatına kənardan baxaraq heyrətini
gizlədə bilmir. Yəni mübarizələr
içrə keçən ömründə saf, ülvi hisslərin
bir qanadı olan sevgidən (əlbəttə ki, bu sevgi ilk
olaraq vətəndən, ana torpaqdan başlayır!) də
qaynar təbli, gursəsli bir aşiq təki
danışır. Və fikrin ifadə tərzi
də onu təlqin edir ki, həyatda heç bir istəyə,
arzuya ürəyində işıq, arzu və bu arzuya
aşiqtək bağlı olmadan yetmək olmaz. Sevgi, saf niyyət bütün müşküllərin
açarı, keçilməz sədlərin cəsarətlə,
mərdliklə qət olunmuş aşırımlı
yollarıdır. Mübarizəyə gedən yolda,
yetişib formalaşmasında saf eşqinin, incə
duyğuların ona qol-qanad, yeni güc, coşqun bir ehtirasla
yaşamaq, mübarizə aparmaq əzmi
aşıladığını "Yalnız sənin
eşqinlə" şeirində Xəlil Rza görün necə
bir zərifliklə ifadə etmişdir:
... Mən
dəmir qayaların altında
bir
bulaqdım.
Nə
cür qırdım Qayanı,
soruş
bəs nə cür axdım?
Mən zərif
bir zoğ idim, üstə beş,
on
tumurcuq.
Nə cür barlı bağ oldu, o incə zoğ, o
cocuq?
Mən
dünən bir göy budaq, bu gün başı qarlı
dağ...
Nə cür qalxıb ucaldım?
Sənin
eşqinlə ancaq!
Sənin
eşqinlə ancaq!
Xəlil
Rza az yaşadı, lakin azadlıq aşiqi
olaraq qəlbində ümmanlara sığmayan vətən və
xalq sevgisi ilə dopdolu bir ömür yaşadı. 1994-cü ilin 22 iyunundan sonra özü dediyi kimi, əbədi
ömrü başladı. Millətini, vətənini
sevən bir insan kimi həyatda ən şirin nemət onun
üçün Azadlıq idi. Özü də
bütöv və əbədi olan bir Azadlıq!
Azadlığı
istəmirəm zərrə-zərrə,
qram-qram!
Qolumdakı
zəncirləri qıram gərək,
qıram,
qıram!
Azadlığı
istəmirəm bir həb kimi,
dərman
kimi
İstəyirəm
Səma
kimi,
Günəş
kimi,
Cahan kimi!
Çəkil,
çəkil, ey qəsbkar,
Mən bu
əsrin gur səsiyəm!
Gərək
deyil sısqa bulaq,
Mən
ümmanlar təşnəsiyəm!!!
- deyən şairin azadlıq harayı kimi səslənən
misraları minlərlə, milyonlarla insanların qəlbini
ehtizaza gətirdi. Onun milli azadlıq
ideyalarını tərənnüm edən yüzlərlə
əsərləri ədəbiyyat tariximizin bir şanlı səhifəsidir.
Xəlil Rza həqiqi mənada milli istiqlal
şairi kimi xalqın ədəbi yaddaşının günəşidir.
525-ci qəzet.-2018.-6 iyun.-S.6.