YAZ
QALDI
Yenə aldım əllərimə
üzümü,
Fikrə getdim, əl
boşaldı, üz qaldı.
Doğrudan da torpaq imiş adamlar,
Dirildilər, dərildilər, toz qaldı.
Biləmmədik dəyərini hər anın,
Seyri fərqli hər yörənin, hər yanın,
Bu əzəli, bu əbədi dünyanın,
Yolçuları keçib getdi, iz
qaldı.
Taleləri, qismətləri yazan var...
Hanı hökm, hanı əmr yazanlar?
Köçüb getdi nə aşıqlar, ozanlar,
Dərdimizi dilləndirən saz qaldı.
Əvvəl-axır qiymətini aldı zər,
Mənzilinə yetişməmiş qaldı şər,
Əyri yolda yoxa çıxdı əyrilər,
Haqq yolunda yolçu yenə düz
qaldı.
Arzuladıq: hər kəsə öz bəxti yar,
Axtardıq biz o bəxti diyar-diyar.
Yanımızdan ötüb keçdi bəxtiyar,
Tapammadıq, qafiyəsiz söz qaldı...
Bu canımız ocaq yeri, od yeri,
Atammadıq üstümüzdən dərd-səri.
Tək canlıyıq yer üzündə sərsəri,
Bir də gördük ocaq söndü,
köz qaldı.
Ay Adilə, Tanrı varkən üşənmə.
Hamı kimi aldat özün,
düşünmə.
Hesab et ki Gün doğacaq,
üşümə,
Bura qədər qış yaşadın,
yaz qaldı.
TANRIM, ÖZÜN QORU...
Tanrım, özün qoru məni sevgidən,
Yalandır - sorağı olur sevginin.
Sevgi bir toxumdu, adam sevgidən
Yaranıb, torpağı olur sevginin.
Bir sevgi üç dövrün kələfi olur,
Adamın ən qırıq tərəfi
olur.
Gül-çiçəyi, otu-ələfi olur,
Saralan yarpağı olur sevginin.
Hamı bir "öldürən" sevgiyə acdı,
O neçə korların gözünü
açdı...
Kimi bir sevginin başına tacdı,
Kimisə dırnağı olur sevginin.
Mən qaçıb sığındım Sənin izinə
Sən demə düşmüşəm
Eşq dənizinə.
Uzaqdan qaraltı dəyir gözümə,
Deyirlər qarmağı olur sevginin.
AĞAC OLMAQ İSTƏYİRƏM
Ağac olmaq istəyirəm,
Külək əssin qollarıma.
Ağac olmaq istəyirəm,
Dolu döysün əllərimə.
Quşlar qonsun budağıma,
Cür-cücülər yarpağıma,
Qarışqalar və böcəklər
Yol alsınlar torpağıma.
Ağac olmaq istəyirəm...
Qoy lap Günəşdən usanım,
Gur leysanlarda islanım...
Soyunum, geyinim... bilim,
Bir gün gövdəmə yaslanıb
Uyuyar yolçu sevgilim.
Ağac olmaq istəyirəm...
ANAM, YENƏ...
Gözlərimdə bulaq çağlar,
Məni görən ağlar, ağlar,
Yıxıldı başıma dağlar,
Anam, yenə, yenə, yenə...
Açmır yalan o yalanı
Sancmır ilan o ilanı.
Qoruyur filan filanı...
Anam, yenə, yenə, yenə...
Qüdsün qapıları Aya,
Boynuna asılıb qaya.
Susdum səsimi dünyaya,
Anam, yenə, yenə, yenə...
Özgə yanarmı oduma,
Bunu da yaz öz adıma.
Xocalı düşdü yadıma,
Anam, yenə, yenə, yenə...
SƏNƏ ŞEİR YANDIRDIM
Sən şeir yazırsan, mən
"yandırıram"...
Hardasa bir yerdə qovuşuruq biz.
Zatən üçümüzük sözün bu
vaxtı,
Sənsən, mənəm, bir də öz
qələmimiz.
Hərə öz ömrünü yazır beləcə,
Beləcə zaman da ötüşüb
keçir.
Gözümün yaşını ağappaq
kağız,
Mürəkkəb yerinə içdikcə
içir.
Soyuq nəfəsini verib üzümə,
Açıq qollarımdan
sürüşür həyat.
Hər dəfə unudur məni nədənsə,
Keçib o birilə görüşür
həyat.
Tökülür üstümə dağların
qarı,
Bir vaxt sevənləri xoşbəxt
sanırdım.
Yanıq qoxusunu duydunmu barı?
Mən yenə sənə bir şeir
yandırdım.
SƏN VƏ QOCA PALID
Sən və qoca palıd... bir vuran ürək,
Baxıram qarşımda sanki cüt
dağa.
Yaxşı bənzətmədi, o da sənin tək
Elə vəfalıdır ana torpağa.
Bu gündən sevgimi ikiyə böldüm,
Bir qoca palıdla sənin aranda.
O mənim dərdimi anladı, - bildim,
Qəlbimi ortadan iki yaranda.
Qorxuram alışıb yanaram oda,
Bilmirəm yanaşım nə təhər,
necə.
Dünən axşamçağı susdum palıda,
O da titrəyirdi incədən - incə..
Bal
dadlı bəlasan - canıma qənim,
Küsdürsən palıda
sığınacağam.
Ürəyim o qədər böyükdü mənim,
Bir qəlbə iki eşq
sığdıracağam.
Torpaq olacağam vəsfindən kənar,
Bunu hesab etmə darılmaq kimi.
Palıdın müqəddəs vəzifəsi var,
On əsr torpağa sarılmaq kimi...
XƏZƏRİN SAHİLİNDƏ
Xəzərin sahilində, Bakının küləyində,
qara-boz buludların dolu gözü altdayam..
Xəyalımda yenə də su kimi and içirsən,
sonra qəfil
yanaşıb
tam
qırmızı işıqda ürəyimdən keçirsən..
Xəzrilə gəlir qoxun...
gəlir köhnə həvəslə..
İçimdən gələn səslə,
isti, qaynar
nəfəslə çağırıram adını..
açıram qəfəsimi - yumuram gözlərimi,
islanırsan cumculuq...
Yaxşı ki, ətraf səssiz, kimsəsiz,
nəfəssizdir.
ya da
arsız, duyarsız...
Yoxsa üzümü görən
soyuq deyəcək
mənə, özümü görən dəli...
Dağılanı heç kimsə bir də eyni
yığmayır,
Bir çimdiyə sığan ruh bir bədənə
sığmayır...
Elə parçalanmışam - atom zərrələri
tək...
Adam da tapammıram bu qəmi birgə içək.
Səndən sevgi gözləmək
bir kordan
görməsini gözləmək kimi imiş,
indi səni
Allaha susmağın dəmi imiş..
Xəzərin sahilində...
Adilə NƏZƏR
525-ci qəzet.-
2018.- 7 iyun.- S.7.