Ömrün
ağır yüklü karvanı
ƏLİ
VƏKİLİN 80 İLLİYİNƏ
Almaz ÜLVİ
Filologiya elmləri doktoru
80 illiyini hörmətlə qeyd etdiyimiz, qədim
Göyçə mahalında doğulub boya-başa
çatmış Əli Vəkilin şair adını
uşaqlıq illərimdən xatırlayıram.
Hər gün saat 5-də İrəvan
radiosunun qabağında oturub Azərbaycan dilində səslənən
verilişi dinlərdik, bəlkə də su kimi içərdik. Hər proqramda bir-iki
şeir nümunəsi də olardı. Verilişin
sonunda isə səslənən mahnının ardından
diktor kimi onun da adı çəkilərdi.
İrəvan ədəbi mühitində
yaşayıb-yaradan, Azərbaycan ədəbiyyatı səhifələrində
yeri olan bir çox qələm adamları sırasında
Əli Vəkilin özünəməxsus dəsti-xətti,
yaradıcılıq yolu vardır. Məlumdur ki, hələ sovet rejimi
dövründə ermənilər Azərbaycan xalqına
qarşı düşmənçilik niyyətlərini
açıqca nümayiş etdirirdilər (biz bunun fərqinə
varmasaq da). Ali təhsil alan gənclərə
iş, yaradıcılıqla məşğul olmaq istəyənlərə
isə fürsət vermirdilər.
Azərbaycan dilində nəşr olunan
yeganə mətbuat orqanı "Sovet Ermənistanı" qəzetinin
səhifələrində ancaq rəsmi və kənd təsərrüfatına
dair yazılar dərc olunardı. Ildə iki, bəzən üç dəfə
"Ədəbi səhifə" təqdim olunardı, onda da
məlumdur ki, ancaq sovet ideologiyasını əks etdirən
nümunələr olardı, bu gün onların əksəriyyətinə
şeir demək mümkündürmü? - heç bilmirəm. Əli Vəkil
belə bir mühitdə yaşayıb, çalışan,
ağır şair taleyi yaşayan
ziyalılarımızdandır. İrəvan
İnstitutunu tamamlayandan sonra tam 17 il mərkəzdə
İrəvan radiosunun azərbaycanca olan proqramının
diktoru kimi çalışıb.
Radio mühiti onun yaradıcılıq fəaliyyəti
üçün uğurlu şanslar açıb. Yazıb-yaradan ziyalılarla
tanışlığı, onlarla yaradıcılıq
münasibətləri qurması, dostluq əlaqələrini
genişləndirmək imkanları Əli Vəkilin şair
kimi püxtələşməsində mühüm rol
oynamışdır. O, radio ilə yanaşı, mətbuat
səhifələrində də görünürdü.
İrəvanda yaşadığı illərdə - "Sona
bulağı", "Zəfərçələngi",
"İki günəş", "Əli
Şahsabahlı" kitablarını çapdan
buraxdırdı. Gerçəkdən də bu
hadisəni yaradıcı bir şəxsin həyatında o
dövrün qəhrəmanlıq səhifəsi saymaq olar.
Əli Vəkil ağrı-acı dolu
uşaqlıq həyatı yaşayıb - uşaq ikən
valideynlərini itirib.
Bəzən Allah öz bəndələrini
haqq sınağına çəkir və sonra nə vaxtsa
onun bəxtinə günəş işıqları səpələyir. Əli Vəkilin
ömrünə günəş şəfəqləri
İrəvan həyatından düşməyə
başlayıb. Onun böyük şəhər
mühitində yerləşməsi, gənclik
duyğularını pərvazlandırıb geniş
üfüqlər boyatması, püxtələşməsi,
tanınması üçün ilk vəsiqəni verən
insanı, İrəvanda ad-sanı ilə seçilən
Tapdıq Əmiraslanovu (Dünya şöhrətli həkim
Əhliman Əmiraslanovun atası) bu mənada o unutmur. Aradan illər keçəndən sonra onun
ömür yoluna "Əbədi dünya" adlı poema -
kitab bağladı.
Çox illər bundan qabaq onunla söhbətlərimizin
birində soruşdum ki, Əli müəllim,
ədəbiyyata gəlişiniz konkret bir hadisə ilə
bağlıdır, yoxsa bir də görmüşdünüz
ki, ədəbi aləmdəsiniz? Cavab verdi
ki, ədəbi aləmə gəlişim Qərbi Azərbaycan
torpaqlarında keçirdiyim uşaqlıq və gənclik illərimlə
bağlıdır. Sözün əsl mənasında
məndə ədəbiyyata marağı müəllimim Vəli
Orucov, Həbib Səmədov oyatmışlar. Bu işdə Aşıq Ələsgər
yaradıcılığı, Göyçə aşıq məktəbi
də böyük rol oynamışdır. "Bağlıyam" adlı ilk şeirim isə 1957-ci ildə "Sovet Ermənistanı"
qəzetində dərc olunmuşdur. Beləcə,
ciddi olaraq ədəbiyyat aləminə bağlandım. Bu yolda mənə ilk olaraq kömək edən,
müəyyən istiqamət verən iki nəfərin
adını xüsusilə qeyd etməliyəm.
Ədəbiyyat müəllimlərimdən
sonra bu iki nəfər yuxarıda adını qeyd etdiyim qəzetin
redaksiyasında təşkil olunmuş ədəbi dərnəyə
rəhbərlik edən qəzetin əməkdaşları -
şair-jurnalist mərhum Rza Əskərov və ədəbiyyatşünas-alim
Teymur Əhmədov olmuşlar. Gənc şair kimi ilk
addımlarımı həmin dərnəkdə
atmışam.
Həftədə bir dəfə
keçirilən dərnəkdə yeni əsərlər
oxunur və müzakirə olunurdu. Mən də
öz şeirlərimi oxuyardım. Oxuduğum şeirlərdən
uğurlusu da olardı,
uğursuzu da. Onu da
deyim ki, ilk
şeirimi cürət edib redaksiyaya şəxsən təqdim
etməmişəm. Onu zərfə qoyub
poçt ilə göndərmişəm. Hərçənd
özüm şəhərdə yaşayır və tez-tez
redaksiyaya gedib-gəlirdim. Qəzetdə ilk
şeirimi görəndə nə qədər sevindiyimi bu
gün də xatırlayıram. "Sona
bulağı" adlı ilk şerlər kitabım 1963-cü
ildə İrəvanda, mən 25 yaşında olarkən
işıq üzü gördü.
Məlumdur ki, yaradıcılıq
dünyası sahilsiz ümmana bənzəyir. Hər bir yaradıcı
şəxs bu ümmana baş vurur və oradan
götürdüyü töhfəni, seçdiyi incini öz
yaradıcılıq süzgəcindən keçirərək
oxuculara təqdim edir. Qələm əhli əsas
xətt kimi yaradıcılıq üslubunu qorumalı, öz
yazıçı, şair "mən"ini təsdiq etməlidir.
Əli Vəkilin yaradıcılığında görünən
əsas xətt heç kəsi təkrar etməmək, heç kəsi
yamsılamamaq olmuşdur.
Əli Vəkil o mənfurların
mühitində
yaşayıb-çalışdığından dillərini
təmiz öyrənmişdi. Sonralar Bakıya köçüb
yaşadığı vaxtlar on üç il
Azərbaycan Yazıçılar İttifaqının
orqanı "Qrakan Azərbaycan" ("Ədəbi Azərbaycan")
jurnalında şöbə müdiri, məsul katib vəzifələrində
çalışmış, şair-tərcüməçi
kimi fəaliyyət göstərmişdir. O, 1992-ci il 26 fevral
Xocalı soyqırımı zamanı
ağrılarını, nifrətini, qəzəbini cilovlaya
bilməyib arxivində o mənfurlarla
bağlı nə vardısa - kitabları, məktubları,
tərcümələri yandırıb məhv elədi. Amma şair sonra haradasa bir yazısında bunun
peşmançılığını qeyd etmişdi.
Əli Vəkil elm sahəsində də
xeyli işlər görmüşdü. 1973-cü ildə çapdan çıxmış
"Əli Şahsabahlı" monoqrafiyası bu sahədəki
xidmətinin nəticəsidir.
Həyat yolunun bir az irəli illərinə
nəzər salmaq istərdim: o, İrəvanda Pedaqoji
İnstitutun fizika-riyaziyyat fakültəsini bitirdikdən
dörd il sonra, yəni 1964-cü ildə Azərbaycan Dövlət
İncəsənət İnstitutunun teatrşünaslıq
fakültəsinə qəbul olub, 1970-ci ildə oranı
bitirmişdi. İlk elmi işini, əvvəl
Tbilisi, sonra isə İrəvan Azərbaycan Dövlət Dram
Teatrlarında aktyor-rejissor kimi fəaliyyət göstərmiş
Əli Şahsabahlının həyat və fəaliyyətinə
həsr etmişdi. Həmin işə
İncəsənət İnstitutunun elmi işlər üzrə
direktor müavini, sənətşünaslıq doktoru, əməkdar
elm xadimi Sabir Rzayev yüksək rəy yazmışdı.
1973-cü ildə həmin monoqrafiya Sabir müəllimin
köməyi və Siddiqə Qədimovanın redaktorluğu
ilə İrəvanda işıq üzü gördü (Sabir
Rzayev Moskvada təhsil almışdı. Əsərlərini
rus dilində yazırdı). Bu kitab nəşr
olunanda Əli Vəkil artıq Bakıya
köçmüşdü.
Vətəndən didərgin düşən insanın,
Ürəyi heç zaman şad olmaz,
olmaz.
Çəkər həsrətini doğma məkanın,
Bal yesə
ağzında dad olmaz, olmaz.
Bakıda isə onun yaradıcılıq həyatında
yeni üfüqlər açıldı. Xeyirxah insanların əhatəsində
yazıb-yaratdı, kitabları nəşr olundu, müxtəlif
mətbuat orqanlarında tez-tez görünməyə
başladı. Bunlar təbii ki, şair ömrü
üçün unudulmaz, əvəzolunmaz yaşantılar, xatirələr
bulağı oldu. "Yeddi
dağ", "Şəlalə" (şeirlər və
poemalar), "Ana qayğısı", "Əbədi
dünya (poema), "Ömür karvanı", "Əbədi
qəhramanlıq", "Fərizə-İlham
dastanı", "Qoşmalar" və sair
kitablarını nəşr etdirdi.
Qəsdimizə durdular,
Sinəmizdən vurdular,
Günahsızdıq, qırdılar,
İyirmi yanvar günü!
Əli Vəkilin yaradıcılığında
publisistika da xüsusi yer tutur. O, Azərbaycanın
başına açılan oyunları, düşmənin
torpaq iddialarını, yandırılan kəndlərimizi,
öldürülən insanlarımızı, şəhid
olmuş ərənlərimizi, dağıdılmış
yurd-yuvalarımıızı ağrılı notlarla, qəm
yüklü duyğularını publisistik məqalələrində
təqdim edir. Yazıçı-jurnalist Qədir Aslanın
böyük zəhmət və can yanğısıyla qələmə
aldığı, topladığı, tərtib etdiyi
"Göyçə şəhidləri" kitabı
şair Əli Vəkilin "Ön söz"üylə
açılır. Bu "Ön söz"də
o qədər ağrı-dərd yüklənib ki, çəkisi
dilə gəlmir.
"Ədəbi İrəvan"
almanaxının hər sayını nəşr etməklə
İrəvan ədəbi mühitində formalaşmış
yazıçı və şairlərin
ensiklopediyasını, möhtəşəm toplularını
sanki xatirə kitabı kimi ortaya qoyurdu.
Uşaqlıq illərindən bəri qəlbində
sızıldayan ana həsrətinə ehtiram olaraq "Ana!
Ana! Ana!" şeirlər toplusu tərtib edərək
528 səhifədə (1000 nüsxə) çapdan
buraxdırdı. Antologiyada 312 Azərbaycan
(Nizami Gəncəvi, Mirzə Ələkbər Sabir, Cəfər
Cabbarlı, Abdulla Şaiq, Səməd Vurğun, Süleyman
Rüstəm, Mikayıl Müşfiq, Ənvər Əlibəyli,
Mirvarid Dilbazi və b.) şeiri, 52 xarici ölkə - dünya
xalqları şairlərinin (Uilyam Şekspir, Henrix Heyne, Mixaylo
Eminesku, Qafur Qulam, Sergey Yesenin, Musa Cəlil və b.) poetik
nümunələrində (364 şeir) anaların övlad, Vətən
məhəbbətinin pıçıltıları hiss olunur.
Dəniz çaya borclu, çay da bulağa,
Torpaq suya borclu, Günəşə borclu.
Meyvə budağına, ağac torpağa,
Dünyamız insanla, borclarla dolu.
80 yaşını qeyd edən hörmətli şairimizə
- Əli Vəkilə can sağlığı, hələ
uzun yaradıcılıq yolları arzulayırıq. Getdiyiniz
yolun nuru tükənməsin, şair!
525-ci qəzet.- 2018.- 7 iyun.- S.7.