Mifoloji
mətnlərin bədii poetikası:
Kamal Abdulla düşüncə palitrasında
Yaradıcılıqda istedad və şəxsiyyətin
orijinal vəhdətindən yola çıxan Kamal
Abdullanın fikirlər palitrası qurduğu və təhlil
etdiyi mətnlərin (istər elmi, istərsə də bədii)
estetikası, gözəlliyi ilə səsləşir,
harmoniya təşkil edir.
Təhlil etdiyi obyektin (qədim mətnlərin
poetik qatı və s.) "poetik möcüzə"ni yerindəcə
müəyyənləşdirir, bütün poetik-üslubi
fiqurların dilin stixiyasında yarandığını duyur;
qədim dilimizin, mif dövrünün, yazı dövrünün
mətnlərinin (qədim oğuzların qurduğu mətnlər)
içinə girə bilir, həmin mühiti və şəraiti,
bu mühitdə qatı açılmamış tipik əlamətləri,
yeni fikir-poetik keyfiyyətləri, daxili məntiqi strukturu
interpretasiya edir. Bu və ya digər sadalanalar ən
birinci akademikin bədiipoetiklik məsələlərinin təhlil
yeniliyində özünü göstərir. Belə təhlil
tipinə ən çox Kamal Abdullanın 2009-cu ildə
çap edilmiş "Mifdən Yazıya və yaxud gizli Dədə
Qorqud" kitabında, indi də təzə nəşr
olunmuş "Kitabi-Dədə Qorqud" poetikasına
giriş" monoqrafiyasında rast gəlmək olur.
Yaradıcılığı ilə ilkin tanışlıq
göstərir ki, o, öncə "Kitabi-Dədə
Qorqud"un monumental tarixini (burada dil,
folklor, mifologiya və s. gedir) yaratmaqda qərarlıdır. Bu sahədə çoxillik axtarışları
yeni-yeni mərhələlərdən keçir, hər dəfə
yeni çalar qazanır. Monoqrafiyada, əlbəttə, əhatəli,
böyük mövzunun ancaq bir tərəfinə - mətnlərin
bədiipoetikliyinə daha çox diqqət yetirilir: "bədiipoetiklik"
nə deməkdir?! Anaxronik mətn, mif
dövrünün mətni, qədim mətnin mağara mühitində
və şəraitində formalaşması, ibtidai bədiipoetiklik
üçün xüsusi qəliblər. Bir
qədər də dəqiq desək, çox siqlətli problem
olan əsərdəki sahmanlayıcı ünsürlər,
sadəlövh suallar, təkrarlar, yasaqlar və s.
Bu məsələlərin hər birinin
monoqrafiyada sadə və aydın dildə izahı belə deməyə
əsas verir ki, ümumiyyətlə, tarixən dildə, onun
ayrı-ayrı qatlarında, müxtəlif dərəcədə
olmaqla, cəmiyyətdəki inkişaf və təkamülün
təsirinə müəyyən reaksiya vardır. Həmin reaksiya "Kitabi-Dədə
Qorqud" boylarına məxsus mətnlərdə daha
aşkar seçilir. Kamal Abdullanın bu
silsiləyə aid ideyaları tədqiqatdan tədqiqata yeniləşir
və onun fərqli yaradıcı irsinə çevrilir.
"Mifdən Yazıya və yaxud Gizli Dədə
Qorqud" (Bakı, 2009) kitabından da, müəllifin qeydlərindən
də başa düşülür ki, bu kitabın
yazılışı, görünür, heç zaman bitməyəcək. Daha cilalanmış, əlavələr
edilmiş, mükəmməlləşdirilmiş yeni variantlar
meydana çıxacaq. Necə ki,
çıxmaqdadır. Günümüzdə
tamamlanmış, əvvəlkinin davamı olan yeni tədqiqatlar
öz təbii zəminində - öncəkilərə
söykənir. Mövzunun əhatə dairəsinin
inkişafı, Kamal Abdullanın bu yöndə ideyaları və
uğurları haqqında kifayət dərəcədə
aydın təsəvvür formalaşdırır.
Kamal Abdulla prizmasından baxıldıqda,
Dədə Qorqudu bilməmək mədəni irsdən
uzaqlaşmaq deməkdir. O, mədəni
irsə - Dədə Qorquda ümumbəşəri təcrübədən
və Ümumtürk kontekstindən yanaşır.
Yazıçı-alimin bu sahədəki
yeni ideyaları kəşf sayıla bilər. Çünki
çağdaş elmi fikri aramsız olaraq eyni mövzunun məntiqi
davamı kimi inkişaf etdirir, təhlil edərkən yeni
üsul və metodlara əl atır, daha doğrusu, üzə
çıxarır, elmi fikrin (öz fikrinin) inkişaf
dialektikasını tarazlayır, daha geniş miqyaslar "fəth
edir". Bu nailiyyətlərin
özülündə isə, heç şübhəsiz, ən
imtiyazlı sahə olan dilçilik dayanır. Əlbəttə, bədii mifoloji faktı anlamaq, təhlil
etmək üçün önəm daşıyan yeganə və
əsas obyekt dildir. Bədii mifoloji mətnlərin
dilin ayrı-ayrı təbəqələri üzrə
struktur metodlarla araşdırılması bu zaman ön plana
çəkilir. Bu cəhətdən
kitabda Kamal Abdullanın irəli sürdüyü hər bir
müddəa çağdaş bədiipoetik tədqiqatlardan
ötrü xüsusilə önəmlidir.
Onun çoxsaylı, dünyada tanınan
(tərcümə olunaraq) "Kitabi-Dədə Qorqud" mətnlərinin
təhlili ilə bağlı dərin araşdırmaları
onun mürəkkəb və özünəməxsus bədii
dünyasından soraq verir. Onun bədiipoetiklik düşüncələri
digər elmi tədqiqatları ilə adekvat təşkil edir.
Onun yaradıcılıq təfəkkürü
texnologiyası "ideya-obraz" kompleksini bütövlükdə
tamamlayır. Xüsusi bədii reallıq, poetik
obrazların xarakteri və inkişafı,
funksionallaşması, poetik təsəvvür, təxəyyül
və s. insanlığın sosiokultur məhsulu kimi dərk
edilir.
"Poetika" anlayışı Kamal
Abdullanın fikrinə görə, bütövlükdə həm
bədiipoetik, həm də təmiz poetik hissələrin cəmini
təşkil edir" (s.8). Özü bu termini ("bədiipoetik")
yaradır və onun yeni məzmununu ortaya çıxarır, əsaslandırır.
Mifoloji kontekstdə "Kitabi-Dədə Qorqud"un
"Dansökülən variantı" anlayışında
da nəsə var. Dan, dan yeri, dan yeli, dan ulduzu, dan üzü,
dan vaxtı... Günün doğmasına azca qalmış
havanın işıqlanması, sabah
açılarkən günəşin üfüqdə ilk
ağarması.
Kamal Abdulla Mifoloji Dansöküləndə
bədiipoetik enerji axtarışına çıxmış,
mifoloji yaradıcılıq dövrünün səciyyəvi
əlamətlərini saf-çürük etmişdir.
I variantı bildirən "Dansökülən"ə
lüğətlərdə rast gəlmək olmur. Dansökülən - Günortac -
Qürub assimmetriyası insanın ilkin keçmişindən
ayrılma yollarını, insanın öz
inkişafının müəyyən mərhələlərini,
tarixi məqamları inikas etdirir. Bu inkişaf
yolunda insanlara "insanlıq dərsi" keçilir, şəxsiyyətdə
insani keyfiyyətlər yaranır (s.241).
Kamal Abdullanın zamanı - fəlsəfi-obyektiv
zamanı mifoloji yöndən bu cür təsnifləndirməsini
mühüm bir yenilik saymaq olar. Özünün dediyi kimi, qeyd edilən
bu müxtəlif variantlar yeni tədqiqat yönləri və həm
də yeni daha mükəmməl nəşrlər deməkdir.
Bu üçlük "Dədə Qorqud"
poetikasının immanent təhlilinin ilkin əsasına
dönə biləcək. O zaman, həqiqətən də,
"Kitabi-Dədə Qorqud" dastanının bütöv
olaraq mifologiyasının, həmçinin də başqa
problemlərinin öyrənilməsinə doğru yeni real
addımlar atılacaq.
Kamal Abdulla göstərir ki, insan
bütün yaşayış tarixlərində, müxtəlif
sivilizasiya pillələrində öz etnik-genetik kökünə
laqeyd qalmamağın, mağaradakı durumundan mənimsədiyi
irsi psixoloji keyfiyyətlərin əziyyətini çəkmişdir. İnsanın gələcək
kamillik mübarizəsi bu keyfiyyətdən təmizləmə
mübarizəsidir. Bu cəhətdən
monoqrafiyada sübut olunur ki, mif əbədi
yaradıcılıq faktıdır.
Bundan savayı, bədiipoetikliyin qədim mətnlərdə
ifadə və məzmun aspektləri üzrə təhlili
üçün mətnəqədərki mücərrəd
keyfiyyət-kəmiyyət ölçüləri də
müəyyən edilir.
Bu kimi məsələlərin Kamal Abdulla
tərəfindən əvvəllər də
qaldırılması dastanın ayrı-ayrı
boylarının mifopoetik aspektdə öyrənilməsi
üçün (daha geniş biçimdə) istiqamətlər
müəyyənləşdirilmişdir. Bu araşdırma, əlbəttə,
dünyanın bədii xəritəsində öz yerini,
mövqeyini qoruyub saxlayacaqdır. Bu gün ədəbiyyat
və mif problemlərinin öyrədilməsində təkcə
"müqəddimə"nin rolu kifayət
edər. "Kitabi-Dədə Qorqud" öz
epoxasının nəfəsini, sürətini
daşıyır. Onun bədiipoetikası
qədim oğuzların hərəkət və coşğun
həyat tərzini güclü inikas etdirir. Hər bir qədim mətnlərdə olduğu kimi,
bu qaynaqda da başa düşülən, dərk edilən
ölçülər mövcuddur. Bu
ölçüləri Kamal Abdulla tarixi və nəzəri
münasibətlərin birliyində ortaya çıxarır.
Bədiipoetika müstəqil elm sahəsi
kimi son dövrdə yaransa da, onun ənənələri,
ayrı-ayrı ünsürləri bəşər elmi təfəkkürünün
ən qədim zamanlarına gedib çıxır. Tədqiqatlar da göstərir
ki, günümüzdə geniş müzakirə obyektinə
çevrilmiş bir çox tarixi bədiipoetikliklə
bağlı hadisələrin şərhi ilə şərq və
yunan mütəxəssisləri məşğul olmuşlar.
Bu abidədə "oğuzların donmuş
tarixi" Kamal Abdullanın axtarışları nəticəsində
əriyir, əridikcə də həmin abidənin bədii
poetik quruluşunda mövcud olan "sirlər
açılır". Qədim bədiipoetik
qat açıldıqca tayfa dilinin bədii təfəkkürlə,
ələlxüsus da söz sənəti ilə
bağlılığının çoxşaxəli parametrləri
üzə çıxır. "Dil və bədii
düşüncənin qırılmaz əlaqəsi mağara
mədəniyyət tarixinin ilk mərhələlərinə
nəzər salan zaman daha aydınlığı ilə hiss
edilir. Həmin epoxada ibtidai insan öz mənəvi
aləmini, emosiyalarını təzahür etdirmək
üçün aktiv olan öz dilini istər-istəməz zənginləşdirməyə,
yeni məzmun planı və ifadə planı hazırlamağa
və s. çalışır.
Bu baxımdan Kamal Abdullanın kitabı tariximizin ilk
dövrlərində oğuz tayfalarının yaradıcı
gücünün, ələlxüsus da dil
yaradıcılığının intensiv və mürəkkəb
bir proses olduğunu aydın göstərməkdədir.
İnkişafın hələ ilkin pillələrində
ortaya çıxan poetika (mif dövründə), daha
doğrusu, poetik dil varlığının uzunmüddətində
ibtidai (bəsit) dil və kompozisiya şəkillərini, eləcə
də hər hansı dil vahidlərinin, obrazlı sistemin
seçim və təşkilinin xüsusi prinsiplərini
yaratmışdır ki, bunlar, əlbəttə, dilin vəzifələrinin
sosial həyatın uyğun sferalarında
reallaşmasının məqsədi ilə müəyyən
edilir. Kamal Abdullanın kitabında bu kimi məsələlərə
münasibəti və müşahidləri çox
maraqlıdır.
Bu baxımdan monoqrafiyanın annotasiyasındakı
ümumiləşdirmənin gerçəkliyi hissolunandır:
"Monoqrafiya müəllifin "Gizli Dədə Qorqud"
silsiləsindən çalışmalarının məntiqi
davamıdır. Əsərdə qədim mətnlərin
poetik qatı ilə bağlı orijinal və yeni yanaşma təqdim
edilir. "Kitabi-Dədə Qorqud" kimi anaxronik,
müxtəlif qədimlik dövrlərinin əlamətlərinə
malik olan mətnlər üçün bu yanaşma bədiilik
qatının immanent təhlil açarı ola
bilər. Qədim yazılı abidənin
müxtəlif poetik qatlarının bir-birindən ayrı təhlili
sonrakı birgə təhlilin platformasına çevrilir".
Öyrənilmə obyekti "ibtidai bədiipoetika"dır. Linqvistik poetika və poetik
nitqin linqvistikası. Problemin mürəkkəbliyini
heç kəs dana bilməz. Mürəkkəblik
orasındadır ki, "nitqin obrazlı-semantik strukturunun əsaslandırılmış
şərhi"nin (S.N.İvanov) başa
çatdırılması çətinliyi ibtidai bədiipoetik
vasitələrini müəyyənləşdirməkdən
ibarətdir.
Bu vasitələr ilkin xüsusi arxitektonik
qurmalar və ona aid olan sahmanlayıcı ünsürlər,
sadəlövh suallar, təkrarlar, yasaqlardır. Kamal Abdulla mifoloji mətnlər üzrə
bu məqamların öyrənməsini ona görə vacib
bilmişdir ki, birincisi sözügedən mətnlərin
kompozisiyasına ona kimi az nəzər
salınıb, ikincisi isə mif
yaradıcılığının başlıca
xarakteristikasının meydana çıxarılmasında
obrazlar sisteminin sintaksisi qeyri-müəyyən durumda qalır.
Müəllifin belə bir interpretasiyası yerinə
düşür: "Kompozisiyanı quran vasitələr
mifoloji mətnin bədiipoetiklik ünsürü kimi yenə də
Kosmosun (nizamın) bərpa edilməsilə
bağlıdır. Kosmosun bərpasının
(nizama salınmasının) mətndə inikası müəyyən
dil və qrammatik ünsürlərin vasitəsilə həyata
keçirilir.
Bədiipoetikaya dair problemlərin müəyyən edilməsi,
struktur vasitələrin, ünsürlərin mümkün qədər
sitem biçimində təhlili, ayrı-ayrılıqda
izahı, həmin vasitələrin mif mətnlərində
mövqeyi və əhəmiyyəti, formal və məna
yükü, işlənmə tezisi və digər əlamətləri
və s. bu kimi məsələlərin şərhini əhatə
edir. Həmçinin, də sözügedən
struktur ünsürlərin bir-biri ilə
qarşılıqlı bağlılığı və
mifoloji mətnin bədii strukturunda yeni semantik potensialın
ortaya çıxarılmasını Kamal Abdullanın bilik təcrübəsinin
zənginliyi, axtarışlarının dinamikliyi ilə
bağlamaq olar.
Qədim poetik qatda sahmanlayıcı
elementlərdən istifadə olunur. Mətn sahmana düşür. Yəni mətndə qayda, səliqə,
düzgün durum yaranır. Qeyd olunan dil və
qrammatik vasitələr öz yerində düzgün yerləşir.
Dastan müəllifi tərəfindən nizama
salınmış, düzəldilib hazırlanmış mif mətnləri
bir-birindən "kənarda" hazırlanır və
sonradan vahid mətn içərisinə "yeridilir"
(s.152). Kamal Abdulla mətni sahmanlayan üç leksik
variant göstərir: "məgər", "bu (ol)
mahalda", "bu yandan" ("bu yana"). Bunlar
mətnin sərhədlərini bir-birindən ayırır.
Kitab müəllifi ilkin olaraq özünü bədiipoetik
element kimi göstərən sahmanlayıcı vasitələrin
hər biri üzərində ayrıca dayanır. Boylara müraciət olunaraq aydınlaşır ki,
"Kitabi-Dədə Qorqud"da "məgər"
elementinin köməyilə bir məkan digər bir məkana
köçürülür. Bu ünsürün
iştirakı ilə təsvir olunan hadisələr bir-birindən
aralanır.
"Məgər"in ayrı-ayrı
boylarda işlənmə məqamını bütün incəliklərinə
qədər izləyən Kamal Abdulla göstərmək istəyir
ki, təbii ki, mətndə onun hansı informativ hissələri
bir-birindən ayırmağa xidmət göstərməsi
aydınlaşmır. O,
düzgün fikir yürüdür ki, bunun semiotik (işarəvilik)
mənası mövcuddur, ona görə ki, bu durum həmən
boyun başlanğıc təsvirindən öncə mətndənkənar
hansısa başqa təsvirin də olmasına bir işarədir
(s.163). Müəllif "məgər" sahmanlayıcı
elementinin boylarda mətnin prepozisiyasında işlənməsini,
mətn daxilində məzmunun gücləndirilməsi məqsədilə
onun müəyyən əlavələrlə (bunlar bu sözdə
ikən) birgə
işlənməsini də müşahidə edir. Dastanda digər sahmanlayıcı element "bu (ol)
mahalda" tərkibidir. Təhlildən
aydın olur ki, bu sahmanlayıcı elementdə zaman anlamı,
eynizamanlılığın müxtəlif məkanı
"gizlənib". Mətndə iki
informativ parça arasında (həm zamanca, həm də məkanca)
nizamlama funksiyasını yerinə yetirir (s.166).
"Bu mahalda"nın yaxın hadisələri, "ol
mahalda"nın isə uzaq hadisələri
bildirməsi mətnin ahəngini təbii ki, ikiləşdirir.
Dastanda Dədə Qorqudun ən
mühüm xidməti kimi ibtidai mətnlərin ilkin
quruluşunun yaradıcısı olması faktının
açıqlanmasıdır. Həssas tədqiqatçı mətnə sonrakı
"redaktələri" Əli Sultanlının təbiri ilə
ağ sapla tikilmiş qara yamağa bənzədir.
Bu yolla Kamal Abdulla mətndə intertekst
münasibətləri yarada bilir.
Xüsusən də, intertekstual münasibətlər
monoqrafiyanın Dədə Qorqudun dastandakı müxtəlif
funksiyalarından ayrı-ayrılıqda danışarkən
formalaşır. "Müəllif
Dədə Qorqud"da görkəmli ədəbiyyatşünas
Əli Sultanlıdan, "Kahin Dədə Qorqud"da
V.V.Bartoldan, "Müəllim Dədə Qorqud"da C.Vikodan
(məs: C.Vikonun belə bir fikrinə şərik
çıxdıq ki, o ibtidai dövrdə ilk
yaradıcılar özləri özlərini
yaradırdılar (Vikoya görə öyrədirdilər, s.
171), O.Freydenberqdən (arxaik hekayədə müəllif
öz hekayəsinin təsvirində nə həmən
vaxtın, nə də həmən məkanın içində
olur" (s.173) sitat gətirilir. Burada yerinə
düşər ki, göstərək, gətirilən sitatlar
kompleks mədəni-linqvistik hadisə kimi görünür.
Hər hansı bir mətnin, o cümlədən,
"Kitabi-Dədə Qorqud" mətnlərinin dərində
(alt və üstqat) mənalarını səciyyələndirir.
Sitat bədiipoetik mətnlərdə informativlik, kompozisiyon,
assosiativlik, arqumentlik, xarakterlik, emosional-qiymətləndirmə,
tipikləşdirmə, perifraz və s. funksiyaları
daşıyır, bütöv spektri gerçəkləşdirir.
Fikrimizcə, bu monoqrafiyada Kamal Abdullanın
intertekstual konsepsiyası üzərində bir qədər
geniş dayanılmalıdır. Əlbəttə, bu
ayrı bir araşdırmanın mövzusu ola
bilər. İntertekstuallıq (mətnlərarası
əlaqəlilik) bir kateqoriya kimi linqvistik və bədii mətnlərin
aktual istiqamətlərindən biridir. Müasir
dilçilər intertekstuallığı mətnin
kateqoriyası və mədəniyyət elementi kimi
baxmışlar (Lotman Ö.M. Kultura i vzrıv. Semiosfera. SPb.: İskusstvo-
SPb, 2010, 2010, s. 12-148)
Tədqiqatçının dəqiq
müşahidələri "yad mətnlər"lə
öz mətninin arasındakı əlaqənin yüksək
səviyyədə olduğunu göstərir. O, "sıfır" variantlı
(implisit) sahmanlaycı ünsür" hissəsində
görkəmli yazıçı və filosof Umberto Ekonun
"Təzahürsüz quruluş" adlı əsərindən
belə bir mətn parçası (sitat) verir: "Umberto Ekoya
görə, M.Haydegger bizə xatırladır ki, mətndə
reallığın təzahürünü
(özünübiruzəni) görmək o demək deyildir ki,
bu zaman biz bu mətnin nəyin barəsindəsə
danışdığını anlayırıq, bu, daha
çox o deməkdir ki, biz bu mətnin nəyin barəsində
danışmadığını anlayırıq" (bax:
s.178).
Transmətn münasibətlərin növlərinin
funksional tipləri, mətn münasibətlərini
aşağıdakı hissələrə ayırır: 1)
intertekstuallıq (sitatlar, allüzsiya, intekst və s.), 2)
paratekstuallıq (mətnin öz hissələrinin bir-biri ilə
münasibəti, məsələn, epiqraf), 3) metatekstuallıq
(öz konteksti olan mətnin münasibətləri), 4)
hipertekstual (törəmə münasibətlər), 5) arxitekstual
(mətnin janr əlaqəsi) (Aksenova, 2013, s.4).
Bu bölgü üzrə Kamal
Abdullanın bədii mətnlərini tədqiqata cəlb etmək
olar. Kamal Abdulla intertekstual əlaqələrini
davam etdirir, gəldiyi nəticədə yenə də
yuxarıda olduğu kimi, Umberto Ekonu həm ustad adlandırır,
həm də ondan aşağıdakı fikri öz mətninə
pərçimləyir: "İnformasiya bəlkə də o
demək deyildir ki, nə isə deyilsin, informasiya bəzən
o deməkdir ki, nə isə deyilmir, amma deyilə bilər".
Bu fikrə daha heç nə əlavə etmək
olmaz, çətindir.
Sitat Kamal Abdullanın əsərində
ikonik işarə kimidir. Bu işarə Kamalın mətnin təhlili
kontekstində hərdənbir verdiyi ricətlərdə
(haşiyələrdə) müşahidə olunmaqdadır.
Bu kimi ikonik işarələrin mətndə
güclü mövqeyi vardır: Bu gücü epiqraf, sərlövhə
(başlıq, ad), mətn konsovkası, postskiptum, mətnin
kulminasiya (açar) anı (momenti) və s. daha da
artırır.
Belə təsəvvür yaranır ki,
intellektual nəhənglərdən (özü də
intellektual nəhəngdir!) gətirilən allüziyalar fikrin
genişliyi məqamında köməyə çatır. Belə bir fikir də həmin məqamda səsləşir:
"Mütləq anlaşıqlı mətn eyni zamanda
mütləq əhəmiyyətsiz mətndir". Bu, Y.M. Lotmanın insan və mətn, eləcə də
semiosfera barədəki fikirlərindən biridir. Burada intertekstuallıq mətnqurma funksiyasını
yerinə yetirir.
Əlbəttə, linqvistikada belə
sitatlar mikrosistem hadisəsi yaradır. Mətndə sitatın sərhədlərini
müəyyənləşdirməkdən ötrü bir
sıra qarışıq hadisələri müqayisə etmək
lazım gəlir. Qarışıq hadisələr
"allüziya" (hər hansı bir mətndə namyok),
"reminissensiya" (başqa əsərin izi, təsiri)
aiddir. Sitatı bu termin-anlayışlarla
da müqayisə etmək olar. Allüziya mətnin
təşkili prinsipidir. Allüziyalıq
vertikal kontekst kateqoriyasıdır.
Mətndə inetertekst münasibətlər
sitat vasitəsilə formalaşır. Boyların Dəşti-müstəqimiyyə
adlanan qatının içində də ibtidai bədiipoetik
elementlər, burada qədim mətnlərdə sözün,
ifadənin müstəqim mənaları müəyyənləşərək
meydana çıxarılır. "Müstəqim"
ərəb sözüdür, mənası doğru, düz,
birbaşa deməkdir.
"Qarşı yatan Ala Dağ" ifadəsinin
mənası bu baxımdan birbaşa açılır və
həmin məna qədim insanın konseptual biliyinə əsaslanılır. "Bu informasiyanı alan
insan, sadəcə, inanır ki, qarşıda ucalan və onun
gördüyü Ala Dağ həqiqətən yatıb və
nə zamansa hökmən yuxudan oyanacaq.
Çox maraqlıdır ki, bu təhlil prosesində
ifadənin gizlində qalan və açıq mənaları
qarşılaşdırılır, müstəqim məna
"dağın ucalması" (yatması yox!) unudulmuş,
arxada qalmış məna (arxaizm) aşkar edilir. Əgər Kamal Abdulla
boyların mətnlərindəki Dəşti-Müstəqimiyyə
elementlərini (çoxmənalılığı) bu səpkidə
davam etdirsə, üç bu boyda kitab yaranar.
Boylarda işlənmiş metaforaların
çoxu qədim dilin quruluşu ilə bağlıdır
(kimi qoşmasının metamarfozları). Bu da təbiidir. Hiss
olunur ki, ayrı-ayrı boylarda fikri fəaliyyətin əsas
formalarından biri olan müqayisə bütünlükdə
təfəkkürə bağlanan əlamət kimi şərh
edilmişdir. Bizə elə gəlir ki, Dədə
Qorquddakı müqayisələr əksliklərin vəhdəti
olduğundan Kamal Abdulla tərəfindən məhz təfəkkürün
dialektikası prizmasında interpretasiya olunur. Müstəqimliklə məcaziliyin münasibəti
isə monoqrafiyada "təsəvvürlər kompleksi"
baxımından izah olunur. Düzgün
olaraq, tarixən qədim mətnlərdə metaforlaşma
hadisəsinin yaranması, meydana çıxması ibtidai bir
dilin strukturu ilə əlaqədardır. Amma bununla belə,
semasiologiyadan bəhs edən bəzi əsərlərdə
metaforanın dil strukturu ilə bağlı
olmadığına da işarə edilir (Bax: Zveqinüev. Semasioloqiya). Aydın
görünür ki, Kamal Abdulla mətnlərdə
sahmanlayıcı elementlərin işlənmə tezliyini də
təyin etmiş, dərəcələri göstərmişdir.
"Xüsusi araşdırmağa dəyər"
ifadəsi nəticə məzmunlu olub Kamal Abdulla tərəfindən
irəli sürülən məsələlərin gələcəkdə
daha dərindən öyrənilməsinə rəvac verir.
Həmin məsələlərdən biri də
mətnin məzmun qatıdır. Yəni mətnin
struktur qatından sonra onun dərində olan məzmun
qatına enmək və orada olan təzahürləri öyrənmək
daha aktual səslənir. Beləliklə, təzahürlü
quruluşun təzahürsüz quruluşla korrelysiyası o səviyyəyə
gəlib çatır ki, mətnin arxitektonik qurulmasında, yəni
qədim mətnin bədiipoetik təqdimatında onun, reallıqda
olmasa da, "izini" - keçib gəldiyi biruzə prosesini
"görmək" mümkün olur (s.182).
Tarixən dildə, mətnlərdə real
olaraq təkrar hadisəsinin mövculuğu təsdiq
edilmişdir (İ.M.Astafyeva). Tədqiqatın sonrakı mərhələsi
mətndəki təkrarlı ifadə tərzi ilə, sintaktik-konstruktiv
təkrarlarla bağlıdır. Təkrarlar
bu mənbədə elə bil ki, "at ayaqlarının səsini
xatırladır".
Təkrarlar oğuz boylarının dilini
sanki qanadlandırır. ...Təkrarlar möhtəşəm bir sistem kimi əvvəlcə
kompozision qurma olaraq, buradan da bədiipoetiklik ünsürü
kimi məhz bu şəkildə yaranmağa başlayır, yəni
başqa bir məqam yenidən mətnə daxil edilir"
(s.152). Məs.: "Ol gün ciyərində
olan ər yigitlər bəlirdi. Ol gün müxənnətlər
sapa yer gözətdi. Ol gün bir qiyamət
savaş oldu, meydan dolu baş oldu, başlar kəsildi top kimi.
Şahbaz-şahbaz atlar yügürdü,
nalı düşdü, ala-ala göndərlər susaldı.
Qara polad üz qılıclar
çalındı, yelmağı düşdü.
Üç yeləkli oxlar atıldı, dəmrəni
düşdü..." (KDQ, s.40)
"Ol gün"ün mətndə təkrarı
ritmik konfiqurasiya yaratmışdır. Mətnin təşkili mexanizmini təmin
etmişdir. Dastana, boya məxsus daxili
dinamikanı əks etdirmişdir. Kamal
Abdullanın müşahidələri göstərir ki, bu
möhtəşəm qaynağın mətnlərində səs,
söz, söz birləşməsi, cümlə, hətta
situasiya və boy sonluqları intensiv təkrarlanır.
"Bu dil-üslub fenomeni"nin işlənməsi ibdidai bədiipoetiklik
əlaməti kimi özünü göstərir" (Bax:
s.206).
Belə ki, təkrarlar ibtidai bədiipoetik
quruluşun əsas vasitəsi kimi başlıqda yerləşdirilir. Və onun 8 hissəli
yarımbölmələrində təkrarlar tarixi mətnlərdə
(biz qədim əvəzinə tarixi yazırıq-İ.K.)
universal nəzəri-metodoloji cəhətdən qiymətləndirilir.
Sözügedən mətnlərdə təkrarların
Kamal Abdullanın doğru-dürüst müəyyənləşdirdiyi
səviyyələr (dil səviyyələri)
ardıcıllıq, mahiyyət, daha doğrusu, sistem baxımından
səciyyəvi sayıla bilər. Sahmanlayıcı
ünsürlər mətnqurucu işarə, qurma faktı kimi
özünü göstərir.
"Sadəlövh suallar" deyilən
forma adama elə gəlir ki, ibdidai dövrün pafosundan
doğulur, E.Meletinskinin dediyi kimi (Pogtika mifa), o, sosial atmosferin,
mühitin bədii şəraitindəki dalğadır, sədadır,
tarixi hadisələrin harmoniyası bu formalar vasitəsilə
də əks-səda tapır" (s.164).
Mətnlər haqqında Kamal Abdulla öz
sözünü deyə-deyə gəlir. Bu faktı da görür: ibtidai dialoqlar,
replikalar, suallar-cavablar... "Kitabi-Dədə Qorqud"un mətnlərində xüsusi məqamda və
xüsusi məqsəd üçün istifadə olunmuş
sual və cavablar ayrıca fəsil təşkil edir və həmin
başlıq "sadəlövh suallar" (əslinə
qalanda həmin suallar mühüm mətləbləri təzahür
etdirir. Məs.: həyat dərsi kimi
ünvanlamış suallar: Yağı diyü neye dirler? Ecel aldı, yir gizledi, Fani dünya kime kaldı?)
adlandırılır. Kritik
məqamda üzə çıxan, müəyyən məntiqə
söykənən, bəziləri ritorik mahiyyətli bu suallar
ritual (dərs) və mifoloji, eləcə də virtual (həyati)
məzmunu ilə seçilərək mağara
dövrünün cəmiyyətinin son dərəcə
psixoloji durumunu və praqmatik məqsədlərini həyata
keçirmiş, onların öyrənməyə canatım
ehtirasını ifadə etmişdir. Kamal
Abdulla həmin sualların qədim kahinlərdən gəldiyini
də, kökünü də müəyyənləşdirmişdir.
Bədiipoetik
yaradıcılığın ən birinci şərti, ən
ümdə tələbi budur ki, qatlarda, boylarda olan estetik mətləbi
yüksək poetik səviyyədə ifadə etməyi
bacarasan. Bu
bacarıq kitabın "Bədii yasaqlar" fəslində də
görünür. Boylarda bir sıra
hallarda əsl məqsəd, əsl həqiqət qəsdən
gizlədilir. Bu gizlənmənin kontekstində blef, qorxu,
tabu dayanır. Həmin şifrələnmiş
ifadələri, psixoloji momentləri mətndən tapmaq və
nə üçün işləndiyini demək çətindir.
Amma bu bacarığı Kamal Abdulla tədqiqatında
ortaya qoyur və müasir oxucu ilə müasir ideya söhbəti
aparır, oxucunun zehninə, duyğularına nüfuz etməkdən
ötrü ən əlverişli (həm də yeni) təhlil
formasını tapır. Bu, bizcə, tədqiqat
uğuru hesab edilməlidir.
Kamal Abdulla doğru olaraq
düşünür ki, KDQ-nin "suallar və cavablar"
konsepsiyasının ayrıca sahə kimi bu tədqiqatın gələcək
variant və nəşrlərində
araşdırılması qədim bədiipoetik qata yeni
işıq sala bilər.
Beləliklə, ibtidai bədiipoetiklik qənaətləri
və nəticələri göstərir ki, Kamal Abdullanın
"Kitabi-Dədə Qorqud" poetikasına,
bütövlükdə əsərin özünə elmi-fəlsəfi
baxışla nüfuzu təkcə mühakimələrində,
bədii məntiqində, poetik sintaksisində deyil, həm də
konkret biçimdə elmi dilə məxsus yeni leksikadan,
müxtəlif düşüncə sahələri ilə
bağlı terminoloji vahidlərdən istifadəsində
görünür.
Deyilən ən ümdə tipik
xüsusiyyətləri, necə deyərlər, mifoloji mətnlərin
özü seçmişdir. Həmin "abırlı mətnlər"
haqqında görünən və görünməyən həqiqətləri
isə Kamal Abdulla qədirbilən oxucularına
çatdırmışdır.
Kamal Abdullanın bu kitabını - həyatiliyi
və rəng ovqatları ilə seçilən "Kitabi-Dədə
Qorqud" mətnlərində ideya və mifologiya, dil və
mifologiya və forma və məzmun axtarışlarını
yüksək qiymətləndirmək lazımdır. Xüsusən də,
sözügedən kitab mətn kimi çətin bir fenomeni təhliletmə
yeniliyi ilə yadda qalır. Ümumiləşdirici
fikir hər bir fakta fəlsəfi-linqvistik müdaxilə, hətta
kitabda özünə yer almış haşiyələrin
(kitabda ricət) məzmununa çevrilir; bu məzmun
özü emosional dərinlik yaradır - dərinliyin
özü nəhayətsizlikdir. "Dədə
Qorqud" nəhayətsizliyi!
İsmayıl KAZIMOV,
Filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2018.- 7
iyun.- S.6.