"Dünya Azərbaycana nə qədər
lazımdırsa, Azərbaycan da dünyaya o qədər
lazımdır"
"525"in müxbirinin suallarını Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə cavablandırır:
- Ziyad müəllim,
Cənub Qaz Dəhlizi Azərbaycana, bütövlükdə dünyaya
nə verəcək? Bu layihənin məqsədi
nədir?
- Cənub Qaz Dəhlizi hazırda fəaliyyətdə
olan Bakı-Tbilisi-Ərzurum boru kəmərinin ixrac potensialını genişləndirməklə
yanaşı, Türkiyədə
TANAP və Avropada TAP qaz kəmərlərinin tikintisini özündə
ehtiva edən qlobal transmilli layihədir. Bu layihə çərçivəsində
hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan,
Türkiyə, Yunanıstan,
Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə
İtaliyaya qədər
3500 kilometrdən artıq
uzanan boru kəmərləri vasitəsilə
çatdırılacaq. İlk qazın
2018-ci ilin sonlarında
Gürcüstan və
Türkiyəyə təchiz
edilməsi planlaşdırılır.
Avropaya isə qaz təchizatının
Azərbaycanda dənizdə
ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir. Ümumiyyətlə, Cənub Qaz Dəhlizi boru kəməri elə layihələndirilib ki, gələcəkdə mümkün
əlavə qaz həcmlərinin təchiz
edilə bilməsi üçün onun ötürücülük gücü
öz ilkin ötürücülük gücünün
iki misli qədər artırıla
bilər. Layihənin
məqsədi "Şahdəniz"
qaz-kondensat yatağının
tam miqyaslı işlənməsi,
bu zaman hasil ediləcək təbii qazın genişləndirilərək, Cənubi
Qafqaz Boru kəməri (CQBK) və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə
və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün
təhlükəsizliyinin təmin
edilməsi və artırılmasıdır. Odur ki, bir
neçə il öncə Cənub Qaz Dəhlizinin yaradılması
ilə bağlı praktiki işlərə
start verildi. Çox ciddi işlər,
danışıqlar aparıldı
və nəhayət,
2012-ci ildə Azərbaycan
ilə Türkiyə arasında TANAP - Trans-Anadolu
Qaz Boru kəməri üzrə müqavilə imzalandı.
Beləliklə, Cənub Qaz
Dəhlizinin reallaşmasına
güclü təkan verildi. TANAP layihəsi
Cənub Qaz Dəhlizinin önəmli hissəsidir. Vurğulayım ki, gələn ay TANAP layihəsinin istifadəyə
verilməsini də qeyd edəcəyik. Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulub və qoyulur. Azərbaycanın təsdiq
edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Amma əminəm ki,
bundan böyük həcmdə resurslarımız
var. Gələcək kəşfiyyat
və istismar işləri də bunu təsdiqləyəcək. Bu yerdə onu da xatırladım
ki, Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir ki, onlar
Azərbaycan, Gürcüstan,
Türkiyə, Bolqarıstan,
Yunanıstan, Albaniya və İtaliyadır. Yəni bu layihənin timsalında geniş beynəlxalq əməkdaşlıq
yaradılıb.
- Ziyad müəllim,
heç şübhəsiz
ki, Cənub Qaz Dəhlizi də daxil olmaqla,
bütövlükdə bu
layihələrin həyata
keçirilməsi beynəlxalq
əməkdaşlıq olmadan
mümkün olmazdı...
- Tamamilə doğrudur.
Ölkə prezidenti də
çıxışında bu məqama xüsusi yer ayıraraq, bildirdi ki, bu layihələrin
icra edilməsində Azərbaycan da daxil olmaqla, adları çəkilən
yeddi ölkənin birgə səyləri xüsusi yer tutur. Həmin ölkələrə və onların rəhbərliyinə bu əməkdaşlığa görə
təşəkkürünü bildirən Azərbaycan prezidenti, eyni zamanda, Amerika Birləşmiş Ştatları
hökumətinə də
minnətdarlığını ifadə etdi. Qeyd etdi ki, Amerika
Birləşmiş Ştatları
bütün layihələrimizdə
bizə böyük dəstək olub, bizə kömək göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək. Əlbəttə, bu layihələr
böyük resurslar tələb edir və maliyyə resurslarının böyük
hissəsi banklar tərəfindən verilir.
ABŞ hökumətinin
bu işdə çox böyük səyləri olub. Biz bu dəstəyi, o cümlədən,
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi layihələrinin reallaşmasında
həmişə hiss etmişik
və hiss edirik.
Bu dəstək bu layihələrin icra edilməsində çox böyük rol oynayıb. Bununla yanaşı, cənab İlham Əliyev Böyük Britaniya hökumətinin həmişə
Azərbaycanın yanında
olduğunu söylədi,
Avropa İttifaqının
bu layihənin icrasında çox önəmli rol oynadığını bildirdi. Xatırlatdı ki, hələ
2011-ci ildə Bakıda
Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanıb.
Heç təsadüfi
deyil ki, Azərbaycanın və Avropa İttifaqının
təşəbbüsü ilə son dörd il ərzində
Bakıda hər il Cənub Qaz
Dəhlizinin Məşvərət
Şurasının iclasları
keçirilir. 2015-ci ildən bu günə
qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə
təmsil olunur. Yəni Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında
energetika sektoru, təbii ki, çox böyük yer tutur. Onu da bildirim ki,
bütövlükdə bu
layihələrin həyata
keçirilməsi maliyyə
institutlarının dəstəyi
olmadan mümkün olmazdı. Odur ki, Azərbaycan
prezidenti bu məsələyə dəstək
olan, beynəlxalq səviyyədə tanınmış
banklara da öz təşəkkürünü
bildirdi və qeyd etdi ki,
onlar da bizə inanıb, öz maliyyə resurslarını ayırıblar.
"Onlar da əmindirlər, biz də
əminik ki, Azərbaycan etibarlı tərəfdaş kimi bütün borcları vaxtında qaytarır və qaytaracaq", - deyə prezident İlham Əliyev fikirlərini tamamladı. Bütün bunlar Cənub Qaz Dəhlizinin, eləcə də, digər layihələrin nə dərəcədə
böyük önəm
və əhəmiyyət
daşıdığını ortaya qoyur. Geniş beynəlxalq əməkdaşlıq
çərçivəsində həyata keçirilən
bu layihə və digər layihələr gələcəkdə
nəinki energetika sahəsində, həmçinin,
bütün başqa sahələrdə Avropada
və bizim bölgədə əməkdaşlığın
dərinləşməsinə xidmət göstərəcək.
Bu layihələr Azərbaycanın bölgədəki
və dünyadakı
yerini möhkəmləndirəcək,
onun rolunu, nüfuzunu artıracaq.
Bir sözlə, Azərbaycan xalqı və dövləti bu layihədən və digərlərindən gələn
gəlirlər hesabına
həm də öz iqtisadi inkişafını, öz
sabit və təhlükəsiz yaşayışını
daha da gücləndirmiş
olacaq.
- Yeri gəlmişkən,
Cənub Qaz Dəhlizinin nə dərəcədə böyük
önəm daşıdığını
elə açılış
mərasiminə olan diqqətdən də görmək mümkündür.
ABŞ Dövlət katibinin
köməkçisinin enerji
məsələləri üzrə
müavininin, Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının
baş nazirinin Azərbaycan üzrə ticarət elçisinin, Neft İxrac Edən Ölkələr Təşkilatının
(OPEC) baş katibinin tədbirdə iştirakı,
Türkiyə və Böyük Britaniyanın
dövlət rəhbərlərinin
təbrikləri buna misal göstərilə bilər...
- Təbii ki, bu, belə də
olmalı idi. Bu layihədən qazanan təkcə Azərbaycan deyil, bütövlükdə Avropa
və dünyadır.
Bu baxımdan, bu layihənin gerçəkləşməsinə,
onun rəsmi açılış mərasiminə
də diqqət gözlənilən idi və başqa cür ola
da bilməzdi. Mən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş
katibi Məhəmməd
Barkindonun çıxışına
və təbriklərinə
toxunmaq istəyirəm.
Çünki OPEC dünyada neft
ixracı ilə bağlı ən mühüm təşkilatlardandır.
Cənab Barkindo çıxışında "Bu layihə bir ilham mənbəyidir",
- deyərək, Azərbaycanın,
eləcə də, regionun və dünyanın bu layihədən qürur hissi duymalı olduğunu söylədi.
O bildirdi ki, bu layihə və onun artıq
sürətlə inkişaf
etməkdə olan fazası çoxmilyardlı
kapital qoyuluşu layihəsidir. Həmçinin,
qeyd etdi ki, bu layihə
dünya miqyasında ən böyük enerji layihələrindən
biridir və bu tərəfdaşlıq
Cənub Qaz Dəhlizi ilə Xəzər dənizindən
daha çox, qaz ehtiyatlarının nəql olunmasına imkan yaradaraq, qlobal enerji təhlükəsizliyinə,
xüsusilə Avropanın
enerji təhlükəsizliyinə
töhfə verəcək.
Hesab edirəm ki, bunlar Cənub Qaz Dəhlizinin önəminə verilən
ən gözəl, ən dəyərli yanaşmalardan biri və birincilərdəndir.
Odur ki, bu layihənin
açılışı ilə bağlı Azərbaycan xalqını,
Azərbaycan dövlətini
və ilk növbədə
ölkə prezidentini
təbrik edir, Azərbaycanın qarşıdakı
dövrdə də daha böyük və yeni layihələrə
uğurla imza atmasını arzulayıram.
Bu gün Azərbaycan
dünyaya güclü
iradəsini, qətiyyətini
və dünya üçün nə qədər önəmli bir tərəfdaş olduğunu nümayiş etdirdi. Dünya bizə nə
qədər lazımdırsa,
Azərbaycan da bir o qədər dünyaya lazımdır.
Dünya
belə demək mümkünsə, Azərbaycana
məhkumdur.
Kamil
HƏMZƏOĞLU
525-ci qəzet.-
2018.- 7 iyun.- S.5.