"Qədim dövlətçilik ənənələrini əks etdirən mənbələri araşdırmaqdan qürur duyuram"

 

Müsahibimiz Bayraqşünaslıq və heraldika üzrə mütəxəssis, tarix üzrə fəlsəfə doktoru, "QƏSR" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi sədrinin birinci müavini Pərvin Gözəlovdur.

 

- Pərvin müəllim, ictimaiyyət sizi bayraqşünaslıq üzrə mütəxəssis kimi tanıyır. Niyə məhz bayraq? Hardan yarandı bu maraq?

- Bayraqlarla, xüsusən Azərbaycanın tarixi bayraqlarıyla məşğul olmağı maraqdan əlavə, həm də vətənə bağlılığımla əlaqələndirirəm. Çünki tarixi bayraqların öyrənilməsi bilavasitə həmin dövrün dövlətçilik ənənələrinin öyrənilməsidir. Dövlətin bir çox sahələri var, amma dövləti ilk təmsil edən bayraqdır. İstər yarışlarda, istərsə də döyüşlərdə. Mən 2006-cı ildə,  aspirantura zamanı bu sahəni seçdim. Tədqiqatlarımın əsas obyekti Azərbaycanın tarixi dövlətçilik atributları olub. Azərbaycanın tarixi bayraqları sırasında bu günə kimi gəlib çatan yalnız Azərbaycanın xanlıqlar dövrünün bayraqları idi. Respublikada mövcüd olan, tarixi dövlətçilik ənənlərimizi əks etdirən tarixi bayraqlarımızda xanlıq dövrünün 13 bayrağının orijinalı var. 2010-cu il mayın 5-də "Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi" ("Znamena Azerbaydjanskix xanstv kak istoçnik po istorii qosudarstvennosti") adlı tarix üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişəm.

- İndiki bayrağımızın tarixi qaynaqlarını araşdırmısınızmı?

- Əlbəttə. Xalq Cümhuriyyəti dövlət bayrağının tərtib olunmasında Azərbaycanın tarixi bayraqlarının, tarixi dövlətçilik ənənələrinin öyrənilməsi barədə qərər qəbul etmişdi. Lakin Xalq Cümhüriyyətində ilk bayraq, Osmanlı bayrağının oxşarı qəbul edildi. Bayraqda təkcə ulduz fərqli idi, qırmızı parça üzərində aypara və səkkiz güşəli ulduz seçilmişdi. Çoxsaylı iradlardan sonra özündə türkçülüyü, demokratiyanı və islamçılığı ifadə edən üçrəngli bayraq qəbul edildi.

- Tədqiqatlarınız boyunca ən böyük tapıntınız nəyi hesab edirsiniz?

- 2015-ci ildə şəxsi vəsaitimlə Sankt-Peterburqakı muzeylərdə və fondlarda elmi ezamiyyət dövründə tədqiqatlar aparmışam. Tədqiqatlarım nəticəsində Naxçıvan xanlığına məxsus olmuş üç bayrağı aşkar etdim. Bayraqların ikisinin orijinalı hazırda mövcuddur, lakin üçüncü bayraq özü yoxdur, yalnız arxiv sənədlərdəki şəklini aşkar etmişəm. Bayrağın Naxçıvan xanlığına aid olması bir sıra suallar yaradırdı. Çünki bütün sənədlərdə bayrağın 19-20 oktyabır 1812-ci ildə Aslandüz döyüşündə qənimət kimi götürülməsi qeyd edilir. Döyüş də Persiya ilə (indiki İran) Rusiya arasında olub. Mən 2017-ci ilin mayında keçirilən "İn Hoc Signo Vinces" bayraqşünaslıq simpoziumunda "Naxçıvan və İrəvan xanlıqlarının bayraqlarında şir rəmzi" mövzusunda məruzə edərək tarixi sənədlərə əsaslanan dəlillər gətirdim. Deməli, həmin döyüş haqqında general Katolevskinin yazdığı akt var. Aktda qeyd olunub ki, həmin döyüş zamanı Naxçıvan xanı Kərbəlayi xanın oğlu Şeyxəli bəy əsir düşüb. Deməli, döyüşdə götürülən üç bayraqdan biri Naxçıvan xanlığına məxsus olub. Və o bayraq da həmin bayraqdır. XVIII əsrdə Naxçıvan xanlığına məxsus olmuş dövlət bayrağında aypara və səkkizgüşəli ulduz və iki rəngli (yaşıl və qırmızı rəng) döyüş bayrağlarındakı rəmz və rənglər Xalq Cümhüriyyətinin 9 noyabr 1918-ci ildə qəbul etdiyi üçrəngli bayrada da olub. Mənim Naxçıvan xanlığına məxsus olmuş üç bayrağı aşkar eləməyim tək mənim təqdiqatlarım üçün deyil, bütün Azərbaycan elmi və dövlətçiliyi üçün çox mühüm hadisə, töfhədir.

- Bu sahədə sizdən başqa tədqiqatçı varmı?

- Bayraqşünaslıq elmi sahəsində ilk dissertasiya mənə məxsusdur. Bayraqşünaslıq köməkçi fənn kimi dar mövzudur, ancaq geniş və dəqiq tədqiqatlar tələb edir. Mənim "Bayraqşünaslıq - bayraqlar haqqında elm" adlı ilk məqaləm AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 2006-cı il məqalələr toplusunda çap olunub.

- Tədqiqatlarınızdan gəldiyiniz ortaq nəticə nədən ibarətdir?

- Əvvəlki və indiki tədqiqatlarımı birləşdirib ümumi nəticə çıxarsaq, deyə bilərəm ki, xanlıqlarda elə bayraqlar olub ki, forması, yazıların, rəmzlərin yerləşdirilməsinə görə Osmanlı bayraqları ilə oxşardır. Bu bənzərlilik meyillilikdən irəli gəlirdi. Hər iki millət türkdür və hər zaman bir-birinə yaxın olub. Tarix boyunca Azərbaycan dövlətçiliyinin formalaşmasına türkçülüyün təsiri böyük olub.

- Bildiyimizə görə, bu ilin mart ayında Rusiyada konfransda iştirak etmisiniz.

- Bəli, bu il  martın 27-də Qırmızı ordunun yaradılmasının yüz illiyi ilə əlaqədar konfrans keçirilirdi. Tədbirə Azərbaycandan mən qatılmışdım və "Bakı uğrunda döyüş" adlı məruzəylə çıxış etdim. Məruzəmdə Rusiyada müvəqqəti hökümətin dağılmasından, Cümhuriyyətin qurulmasından və sükutundan danışılırdı. Məruzəmdə qeyd elədim ki, həmin dövrdə Azərbaycanın tarixi torpağı olan İrəvanda Ermənistan yaradıldı. Və tədbirdə iştirakçılara 1809-1817-ci llərə aid hərbi xəritə göstərdim. Bizim bütün xanlıqlarımız, o cümlədən, İrəvan xanlığı da daxil olmaqla, həmin xəritədə açıq-aydın Azərbaycan ərazisi kimi göstərilib. Özü də bu, elə-belə xəritə deyildi, hərbi arxivdə saxlanılan xəritə idi. Konfrans iştirakçısı olan erməni əsilli alim mənə yaxınlaşıb etiraz etdi, yaratdıqları saxta tarixlərini müdafiə etməyə çalışdı. Mən isə hər şeyi sənədlərlə göstərdiyimi və bu sənədlərin Çar Rusiyasında hazırlandığını, saxlandığını dedim. Onların artıq deməyə sözü qalmadı.

- Bəs may ayında baş tutan Avstriya səfəriniz nə ilə əlaqədar idi?

- 16-18 may tarixlərində Avstriyanın Qrats şəhərində "İN HOC SIGNO VINCES" (Bu bayraq altında qalib gələcəksən) Beynəlxalq veksilloloji (bayraqşünaslıq) simpozium keçirilirdi. Mən o tədbirdə "Bakı xanlığının XVIII əsr bayrağının üzərində əjdaha rəmzi" mövzusunda məruzə ilə çıxış etdim. Tədbirdə mənimlə  bərabər, Almaniya, İspanya, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Tula şəhərlərindən, Ukraynadan, İsveç Krallığından, Avstriya və Polşadan olan bayraqşünas alimlər iştirak edirdilər.                                              

Məruzəyə başlamazdan əvvəl qeyd etdim ki, bayraqşünaslıq (veksillologiya) elminin Azərbaycanda tədqiqi, dövlətçilik ənənələrinin əyani sübutu olan tarixi bayraqların nümayiş etdirilməsi Azərbaycan Prezidenti canab İlham Əliyevin, Birinci-vitse prezident Mehriban xanım Əliyevanın Azərbaycan tarixinə, elminə və mədəniyyətinə göstərdikləri şəxsi qayğının nəticəsidir.

Ümumiyyətlə, mən bayraqşünaslıq üzrə beynəlxalq konfrans və simpoziumlarda 2014-cü ildən iştirak edirəm. 2014-cü ildə Polşanın Varşava şəhərində keçirilən tədbirdə "Azərbaycanda Bayraqlar kolleksiyası", 2016-cı ildə İsveçin paytaxtı Stokholm şəhərindəki tədbirdə "Naxçıvanın XVIII-XIX əsr bayraqları", 2015 və 2017-ci illərdə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən tədbirlərdə "Azərbaycanda veksilloloqiyanın inkişafı" və "İrəvan və Naxçıvan bayraqlarında şir rəmzi", nahəyət, bu ilin mayında keçirilən tədbirdə "Bakı xanlığının XVIII əsr bayrağının üzərində əjdaha rəmzi" adlı elmi məruzələrlə çıxışlar etmişəm. Azərbaycanın dövlətçilik tarixinin əyani göstəricisi olan tarixi bayraqları, tarixi hakimiyyət rəmzlərini, onların mənalarını, tarixini, inkişaf mərhələlərini araşdıraraq beynəlxalq səviyəli elmi mütəxəssislərə təqdim etmişəm.

- Bir bayraqşünas alim kimi hansı Bayraq fondları ilə tanışsınız, tədqiqatlarınız zamanı istifadə etmisiniz?

- Demək olar ki, əsas Bayraq fondlarının hamısı ilə şəxsən tanışam. Moskvada, Sankt-Peterburqda, Stokholmda, Varşavada, Milanda, Avstriyanın Qrats şəhərlərində olan bayraq fondları ilə yaxından tanışlığı var. Azərbaycanın tarixi bayraqlarını araşdırmaq o demək deyil ki, ancaq öz tariximizlə kifayətlənməliyik. Biz, ən azından arada oxşarlıq, hansısa əlaqələr varsa, onları araşdırıb üzə çıxara bilmək üçün dünyanın, Avropanın tarixi dövlətçilik atributları, ənənələri ilə də maraqlanmalı, öyrənməli və tədqiqat aparlamalıyıq.

- Hazırda fəaliyyətinizi necə davam etdirirsiniz?

- Yenə də bu sahədə araşdırmalarım davam edir. Konfranslarda Azərbaycanın qədim dövlətçilik ənənələrini əks etdirən tarixi mənbələri araşdırıb beynəlxalq elmi ictimaiyyətə olduğu kimi təqdim edirəm və bu işdən qürur duyuram. Düşünürəm ki, bu araşdırmaları yalnız özümüz yazıb özümüz oxumalı deyilik. biz bunları dünyaya da təqdim etməliyik. Hazırda əsas fəaliyyətim məhz bu sahəyə yönəlib.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-  2018.- 7 iyun.- S.4