Yazıçı Nəriman Əbdülrəhmanlının 60 illik yubileyi qeyd olunub

 

Tərcümə Mərkəzində tanınmış yazıçı Nəriman Əbdülrəhmanlının anadan olmasının 60 illik yubileyi qeyd edilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən qurumun direktoru, yazıçı Afaq Məsud yubilyarın ədəbiyyat, kino, televiziya və digər sahələrdəki uğurlu fəaliyyətindən danışıb, onun təkcə yaradıcılığı ilə deyil, həm də həyat tərzi, dünyaya baxışı ilə böyük yazıçı, ciddi ədəbiyyat adamı olduğunu vurğulayıb.

Qeyd olunub ki, 1980-ci illərdən publisistik yazıları ilə mətbuatda çıxış edən N.Əbdülrəhmanlı tezliklə hekayə və povestləri ilə də oxucuların rəğbətini qazanıb. Ötən əsrin 80-ci illərin axırlarından kinopublisistikakino tarixi ilə də ciddi məşğul olan N.Əbdülrəhmanlı dördcildlik “Azərbaycan kino sənəti tarixi” monoqrafiyasını yazıb. Onun qələmə aldığı ssenarilər üzrə bədii və sənədli filmlər çəkilib. N.Əbdülrəhmanlı həmin illərdə, həmçinin folklor araşdırmaları aparıb, bir çox aşıq və şairlərin yaradıcılığını toplayaraq kitab halında nəşr etdirib, onlarla kitabın tərtibçisi və redaktoru olub.  

2000-ci illərdə romanları işıq üzü görən yazıçı bədii tərcümə ilə də ciddi məşğul olub, gürcü, rustürk dillərindən dünya ədəbiyyatı nümunələrini dilimizə çevirib. O, 2006-cı ildə Beynəlxalq Sənət mükafatına, 2011-ci ildə Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülüb. “Yalqız” romanı 2010-cu ildə Milli Kitab mükafatının ilk onluğuna daxil olub, “Yolsuz” romanı isə 2011-ci ildə həmin müsabiqənin üçüncü mükafatına layiq görülüb. 2018-ci ildə Azərbaycan Yaradıcılıq Fondunun "Ədəbiyyat adamı" mükafatına layiq görülən yubilyarın əsərləri rus, ərəb, gürcü, ingiliss. dillərə tərcümə olunub. Nəriman Əbdülrəhmanlı istefada olan mayor, Qarabağ müharibəsi veteranıdır.

Qeyd edək ki, Nəriman Əbdülrəhmanlı 1958-ci il iyunun 3-də Gürcüstanın Qaraçöp mahalının Düzəyrəm kəndində anadan olub. O, Bakı Dövlət Universitetində və Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alıb. Respublikanın bir sıra qəzet və jurnallarında, televiziya və nəşriyyatlarında, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və digər yerlərdə müxtəlif vəzifələrdə işləyən N.Əbdülrəhmanlı 2003-cü ildən Azərbaycan Tərcümə Mərkəzində çalışır.

 

 

525-ci qəzet.-  2018.- 6 iyun.- S.7.