Azərbaycan Xalq Cümhuriyyətindəki Litva konsulunun istiqlal mövzulu əsəri

 

Tərcüməçidən ön söz

 

Vintsas Kreve-Mitskəviçyus (1882-1954) XX əsr Litva ədəbiyyatının ən məşhur klassik yazıçılarından biridir, eyni zamanda, görkəmli ədəbiyyatşünas alim, ictimai-siyasi və mədəni xadim olaraq tanınıb. O, Kaunas və Vilnüs universitetlərinin professoru (1922-1943), həmçinin, Litva SSR Elmlər Akademiyasının ilk prezidenti olub (1941). Kreve onun ədəbi təxəllüsüdür, əsl soyadı isə Mitskəviçyusdur.

Vintsas Krevenin ədəbi irsi Litva ədəbiyyatı qızıl fondunun çox mühüm bir hissəsini təşkil edir. Bu irsin bir qismi indiyədək Litva məktəblərində tədris proqramlarına daxil edilir və müntəxəbati əsərlər kimi tədris olunur. Litvalı ədəbiyyatşünas və tənqidçi, professor Vitautas Kubilyus (1926-2004) yazır ki, "...V.Kreve öz yaradıcılığında Avropa universallığını və janr müxtəlifliyini çoxvektorlu və polifonik şəkildə əks etdirən, milli idealizm yönlü ədəbiyyata dramatik əhatəlilik və klassik dolğunluq gətirən ilk Litva yazıçısı olaraq, ən məşhur milli  psixoloji surətlərin və milli ədəbi üslubun yaradıcısıdır..."

V.Kreve, həmçinin, çoxəsrlik Litva-Azərbaycan ədəbi-mədəni və ictimai-siyasi əlaqələri tarixinə yeni səhifələr yazmış, xalqlarımız arasındakı münasibətlərin inkişafına qiymətli töhfələr vermiş, Azərbaycan mədəniyyəti qarşısında müstəsna xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun həyat və yaradıcılığının, elmi-pedaqoji, mədəni-maarif və ictimai-siyasi fəaliyyətinin on bir ilə yaxın dövrü (1909-1920) sıx şəkildə Azərbaycanla bağlı olub.

Litvalı yazıçı 1908-ci ildə müqəddəs Vladimir adına Kiyev İmperator Universitetini bitirdikdən sonra - 1909-1920-ci illərdə Bakı 1-ci realnı məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyib, həmçinin, Bakıda ictimai-siyasi və mədəni xadim kimi fəaliyyət göstərib.

Həmin illərdə Bakı 1-ci realnı məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyən böyük pedaqoq və yazıçı Abdulla Şaiqlə (1881-1959) V.Kreve dostluq və yaradıcılıq əlaqələri saxlayıb. A.Şaiq 1957-ci ildə V.Kreve haqqında yazdığı xatirələrində minnətdarlıq hissilə qeyd edir ki, Litva yazıçısı onun "...ədəbi görüş dairəsinin genişləndirilməsində və dünya ədəbiyyatı xəzinəsini öyrənməsində böyük əmək sərf etmiş və çox mühüm rol oynamışdır".

V.Kreve 1917-1918-ci illərdə Bakı şəhər Dumasının deputatı olaraq fəaliyyət göstərib. O, eyni zamanda, 1918-1920-ci illərdə müstəqil Litva-Azərbaycan dövlətlərarası münasibətləri təməlinin qoyulmasında və ölkələrimizin beynəlxalq aləmdə de facto tanınmasında önəmli işlər görüb. Belə ki, V.Kreve 1919-cu ilin martından 1920-ci ilin iyun ayına kimi Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətindəki ilk konsulu olaraq çalışıb (V.Kreve həmin illərdə Bakıda Vikenti İosifoviç Mitskeviç kimi tanınıb. - M.H.).

V.Krevenin həyat və fəaliyyətinin Bakı dövrü bir yazıçı və dramaturq kimi onun yaradıcılığında ən məhsuldar və dəyərli illər hesab olunur. O, Litva ədəbiyyatının qızıl fonduna daxil olmuş bir sıra məşhur əsərlərini - "Şarunas" dramını, "Skirgayla" və "Kürəkən" pyeslərini, "Daynava diyarı qocalarının rəvayətləri" kitabını, "Küləşlə örtülmüş dam altında" hekayələr toplusunu, "Səma və Yer oğulları" roman-epopeyasının böyük hissəsini və digər klassik əsərlərini məhz Bakıda yaradıb.

Şərq fəlsəfəsi, eləcə də Azərbaycan ədəbiyyatı və mədəniyyəti, Bakının qaynar ictimai-siyasi mühiti və o dövrdə burada baş vermiş coşqun hadisələr V.Krevenin ədəbi, elmi və publisistik yaradıcılığına güclü təsir göstərib. Xüsusilə qeyd etmək lazımdır ki, V.Krevenin Bakıda Şərq mövzusunda yaratdığı əsərlər onun ədəbi irsində müstəsna yer tutur və nüfuzlu kreveşünas alimlərin fikrincə, sənətkarın bütün yaradıcılığının ideya-fəlsəfi açarı hesab olunur. Bunu litvalı yazıçının Azərbaycan mövzusunda yaratdığı əsərlər ("Azəristan ölkəsi", "Qartal haqqında nəğmə", "Çarpışan qüvvələr" və "Bolşeviklər") barədə də demək mümkündür. Həmin əsərlər Litva ədəbiyyatına əvəzsiz bədii incilər, bənzərsiz surətlər, yeni məzmunlu bədii təsvir və ifadə vasitələri, əsrarəngsiz təşbeh və metaforalar sistemi, lirik-fəlsəfi duyğular dünyası və xüsusi bir Şərq zənginliyi gətirib.

V.Krevenin Şərq mövzusunda yaratdığı əsərlərin bir qismi onun ilk dəfə 1930-cu ildə Kaunasda çapdan çıxmış məşhur "Şərq hekayətləri" adlı kitabında toplanıbdır. Bu kitaba Baltik xalqları ədəbiyyatı tarixində ilk dəfə olaraq İslam, Buddizm, Zərdüşt və Yəhudi dinləri mövzusunda yazılmış beş dini-fəlsəfi əsər - "Pratyekabudda", "Kralın ən yaxşı şərabını saxladığı qab", "Azəristan ölkəsi", "Çarpışan qüvvələr" və "Qadın" adlı hekayətlər daxildir.      

V.Krevenin Bakıda yaratdığı Şərq mövzulu məşhur əsərlərdən biri də "Qartal haqqında nəğmə" rəvayətidir. Əsər ilk dəfə müəllifin 1912-ci ildə Vilnüsdə buraxılmış "Daynava diyarı qocalarının rəvayətləri" kitabında çap edilib. Kitaba doqquz rəvayət daxildir. Romantik ruhda qələmə alınmış bu rəvayətlər eyni zamanda həm milli, həm də bəşəri ideyalarla zəngindir.

Tanınmış Litva ədəbiyyatşünasları Yonas Lankutis (1925-1995) və Albertas Zalatoryusun (1932-1999) fikrincə, V.Kreve "Daynava diyarı qocalarının rəvayətləri" toplusunda bədii üslubun elə parlaq ifadə formasını yaradıb ki, müasir oxucular və ədəbiyyat araşdırmaçıları Litva folklorunun poetikası haqqında mülahizələr yürüdərkən, çox zaman qədim folklor nümunələri əvəzinə bu əsərlərə istinad edirlər. Sözügedən rəvayətlər özündə "nazlamalara", "əzizləmələrə" aid çoxlu sayda orijinal epitetlər, Litva folkloru üçün xas olan rasional məzmunlu metafor və təkrirlər qalereyasını ehtiva edir. Bir sıra parçalarda isə, hətta Litva poeziyasının ən gözəl şeir nümunələrinin melodikliyindən belə geri qalmayan həmahənglik və incəlik hiss olunur.

Bütün bunlarla bərabər, kitaba daxil olan rəvayətləri - ələlxüsus, "Qartal haqqında nəğmə" əsərini oxuyarkən Şərq motivlərini aydınca sezmək mümkündür. Həm də ki, Qartal surəti Litva folkloru və ədəbiyyatı üçün səciyyəvi hal deyildir. Sözgəlişi qeyd edək ki, digər Şərq xalqlarının ədəbiyyatları ilə yanaşı, Azərbaycan folklorunda da "Qartal haqqında nəğmə"yə bənzər bir sıra ədəbi nümunələr mövcuddur. Odur ki, əsərdə, həmçinin, Azərbaycan folklorunun izini və ab-havasını, Azərbaycan dağlarının əyilməz əzəmətini duymaq çətin deyil. Bütün bunlar bir daha V.Krevenin öz yaradıcılığında həm də Azərbaycan ədəbiyyatı və ümumən Şərq folkloru qaynaqlarından faydalandığını göstərir.

"Qartal haqqında nəğmə" rəvayəti mənsur şeir formasında yazılmış əsər olaraq, Azadlığa və Müstəqilliyə oxunan möhtəşəm bir Himn kimi səslənir. Rəvayət Litva ədəbiyyatının ümumi mənzərəsinə çox təbii şəkildə daxil olub və ədəbi  ictimaiyyət tərəfindən elə məhəbbətlə qəbul edilib ki, V.Kreve ədəbi istedadının ən sadiq  pərəstişkarları "Qartal haqqında nəğmə" əsərindən bir çox parçaları bu gün də əzbərdən söyləyirlər.

 

 

Həmzəyev, Mahir.

 

525-ci qəzet.-  2018.- 6 iyun.- S.7.