Gənc şair, əslən Laçın rayonundandır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

Roma Xosrovun şeirlərindəki klassik ruh, sərbəst və təkrarsız düşüncə tərzi onun yaradıcılığına xüsusi rəng, çalar verir.

 

İtən yurdun acılarını, taleyində yaşanan həyat notlarını, dərd təxəyyülündən süzülən ağrılı misralarla təsvir edir.

 

Özünəməxsus deyim tərzi, xalq dilinin zəngin qaynaqlarından bəhrələnməyi ilə seçilən gənc şair yaşadığı cəmiyyətin, insanların həyat tərzini, şəxsi taleyində söykənən ağrı-acıları, hiss və həyəcanlarını, ovqatını bəşəri dəyərlər fonunda ifadə etməyə çalışır və buna nail olur.

 

Roma Xosrova bu yolda uğurlar arzu edirəm.

 

Nazim Əhmədli, şair

 

MƏNİMÇÜN YUXULAR GÖRÜŞ YERİDİR

 

Sənsiz bu dörd divar isitmir məni,

Sənlə qızınıram yağışın altda.

Gecə hamıdan tez mən yatıram ki,

Şəklin darıxmasın balışın altda.

 

Bəzən bu yaxınlıq bezdirər səni,

Hər gün addım-addım uzaqlaşarsan.

Boş qalan küçələr təkləyər səni,

Bir gün mənsizliklə ayaqlaşarsan.

 

Səni sevdiyimi daşlar, divarlar,

Adını yazdığım ağaclar bilər.

Hər axşam bir qadın keçər içimdən.

Hər axşam bir qadın hayıma gələr.

Bir azca dolmuşdum göylərdən qabaq,

Bulud göz yaşımı görüb kiridi.

Mənim bu şəhərdə yerim yoxdur, yox,

Mənimçün yuxular görüş yeridir.

 

DEYƏSƏN, ÖMRÜMÜN PAYIZ FƏSLİDİR

 

Deyəsən, ömrümün payız fəslidir,

Yatıram yastığa saçım tökülür.

Başımı yanında dik tutsam da mən,

Səndən ayrılanda belim bükülür.

 

Hamıdan gizlədib gözümün yaşın,

Axdıqca qəlbimə su tək içirəm.

Bir vaxt sən atdığın o səhv addımın,

İndi addım-addım üstdən keçirəm.

 

Bütün sevgilərdən uzaq düşmüşəm,

Sevən bir qadın tək qucaqla məni.

Axı səndən yaxşı kim ağlayar ki,

Sevdiyim gözlərlə sən ağla məni.

Gözləyə bilmədim ayaqlarımı,

Yanına gəlməyə ürək tələsdi.

Mənim bu dünyada yaşamağıma,

Səndən bir xatirə şəkil bəsdi.

 

Saçlarım rəngini dəyişəcəkdir,

Baş alıb gedəcəm bir son yağışla.

Mən harda itirdim səni bilmirəm,

Amma unutmadım, məni bağışla.

 

BASDIRDILAR O AĞACI

 

Bu ağacın qollarını,

O kimdir kəsir görəsən?

Budağı qorxu içində,

Yarpağı əsir görəsən?!

 

O ağacda yuva qurub,

Quşlar ora yem gətirdi.

Ağac qolun itirəndə,

Quşlar da evin itirdi.

Qurdlar yedi için, çölün,

Qarışqalar köçüb getdi.

Kölgəsinə sığınanlar,

Baxıb gendən, keçib getdi.

 

Bu dünyada havam çatmaz,

Ağaclar qoldan şikəsdir.

O kəsilən ağac deyil,

O aldığımız nəfəsdir.

 

DAŞ ATMADIQ BİR NƏFƏRƏ

 

Özümüzə güvənmədik,

Yıxdı yada inam bizi.

Gözümüzün tərəzisi,

Aldadırmış tamam bizi.

 

Gəlib düşdük bu şəhərə,

Daş atmadıq bir nəfərə,

Şükür, sağ çıxdıq səhərə,

gözləyir axşam bizi.

 

Addım öndə, fikir dalda,

Yola çıxdıq biz bu halda,

Görən getsək hansı yolda-

Qarşılayar adam bizi?!

 

GÖZÜMDƏN DÜŞƏN ADAM

 

Ay gözümdən düşən adam,

De, kimi gözün axtarır.

Baxırsan ki, üzsüz adam,

Allahın üzün axtarır.

 Yerdə kimdirsə qəm çəkir,

Göydə bulud da nəm çəkir,

Sözün dərdin qələm çəkir,

Şair izin axtarır.

 

Yol gedir o gündüz, gecə,

Ağlı itib necə-necə,

Qapı-qapı, küçə-küçə-

Bir adam özün axtarır.

 

BİR KİŞİ SEVGİSİ ÖLDÜYÜ YERDƏ

 

Böyüyür... böyüyür xırdaca bir söz,

Bir sözün içində boğulur adam.

qədər dartılsa yenə yay kimi,

Qayıdıb özünə yığılır adam.

 

Hərə bir ürəyin içində imiş,

Ürək sıxıldıqca sıxılır adam.

Bu qısa ömürdə, bu uzun yollar,

Dolaşır ayağa yıxılır adam.

 

Birinin üstünə kölgəsin salır,

Birinin üstündə dağ olur adam.

Bir kişi sevgisi öldüyü yerdə,

Bir qadın bətnində doğulur adam.

 

QARA GÜNÜN SƏHƏRİYƏM

 

Sənin qəlbin bir dünyadır,

Mən onun şəhəriyəm.

Misra-misra, sətir-sətir,

Öz ömrümün əsəriyəm.

 

Harda idin sənsiz təkdim,

Ürəyimə dərdlər əkdim,

Bu həsrətə hasar çəkdim,

Ayrılığın çəpəriyəm.

 

Tut qibləyə üzünü,

Unutma özün-özünü,

Qara gözlüm, gözünü,

Qara günün səhəriyəm.

 

QƏLƏM MÜRƏKKƏBİN TÖKÜB KİRİDİ

 

Sən mənim qəlbimə çəkdiyin dağı,

Rəssamlar kağıza çəkə bilmədi.

Sənə ürəyimdə tikdiyim evi,

Varlılar şəhərdə tikə bilmədi.

 

Bu fəsil ömrümdə quraqlıq oldu,

Gözüm göz yaşını tökə bilmədi.

Qələm mürəkkəbin töküb kiridi,

Kağızlar dərdimi bükə bilmədi.

 

Səni elə yerdə əkdim solmadın,

Bağbanlar belə gül əkə bilmədi.

Səni ürəyimə elə toxudum,

Heç kim bu ilməni sökə bilmədi.

 

Roma XOSROV

 

525-ci qəzet  2018.- 8 iyun.- S.7.