Aşıq Şəmşirin 125 illiyi
UNESCO-da qeyd edildi
Parisdə, UNESCO-nun mənzil-qərargahında
"Qeyri-maddi mədəni
irsin mühafizəsi haqqında Konvensiya"nın iştirakçı
dövlətlərinin Baş
Assambleyasının 7-ci sessiyası
keçirilib.
Sessiya çərçivəsində,
habelə UNESCO-da akkreditasiyadan keçmiş
qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin iştirakı ilə
UNESCO QHT Forumu baş tutub.
"Aşıq Şəmşir" Mədəniyyət
Ocağı İctimai
Birliyindən AZƏRTAC-a bildirilib
ki, UNESCO QHT Forumunda Aşıq Şəmşirin
anadan olmasının
125 illiyi qeyd edilib. İctimai birliyin nümayəndəsi
Fazil Qasımov forumda Aşıq Şəmşirin ədəbi
irsi haqqında ətraflı məlumat verib. Azərbaycanın
aşıq sənətinin
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs üzrə Reprezentativ Siyahısına
daxil edilməsi və "Aşıq Şəmşir" Mədəniyyət
Ocağı İctimai
Birliyinin UNESCO-da məsləhətçi statusu
qazanması ilə ölkəmizdə bu sənətin yeni inkişaf mərhələsinə
qədəm qoyduğunu
bildirən Fazil Qasımov milli mədəniyyətin qorunub
saxlanmasında xalq musiqisinin əvəzsiz rolunu vurğulayıb.
Fazil Qasımov, həmçinin,
UNESCO-nun qeyri-maddi mədəni
irs şöbəsinin
müdiri Tim Kurtis ilə görüşüb.
Görüşdə "Aşıq Şəmşir"
Mədəniyyət Ocağı
İctimai Birliyinin
UNESCO ilə əməkdaşlığının
yeni layihələrlə
daha da genişlənəcəyinə
əminlik ifadə olunub. Fazil Qasımov Aşıq
Şəmşirin anadan
olmasının 125 illiyinə
ithaf olaraq düzəldilmiş sazı
və sənətkarın
ifa etdiyi 75 saz havasından ibarət diski UNESCO-nun sözügedən şöbəsinə
hədiyyə edib.
Qeyd edək ki, sessiya ərzində
Baş Assambleyanın
keçirildiyi binada
"Aşıq Şəmşir"
Mədəniyyət Ocağı
İctimai Birliyinin stendi qurulub. Ziyarətçilərə Azərbaycanın qeyri-maddi mədəni irsi, aşıq sənəti və ictimai birliyin fəaliyyəti barədə
məlumat verilib.
525-ci qəzet.- 2018.- 8 iyun.- S.7.