"Azərbaycan mətbəxi haqqında rəvayətlər"in təqdimatı oldu

 

İyunun 7-də Azərbaycan Milli Kulinariya Assosiasiyasının Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan mətbəxi haqqında rəvayətlər" ("Skazannya pro azerbaydjansku kuxnyu") kitabının təqdimat mərasimi keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov kitabın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə işıq üzü gördüyünü bildirib. Diqqətə çatdırıb ki, Xarkov vilayətindəki "Dostluq" Azərbaycan-Ukrayna Cəmiyyəti tərəfindən "ASPİ AQRO" MMC-nin ("Savalan" şərablarının istehsalçısı) sponsorluğu ilə Ukrayna dilində nəşr olunmuş bu kitabın ilk təqdimatı Xarkovda keçirilib. Nəşrdə Azərbaycan mətbəxinin kabab, dolma, küftə, xaş, plov, xəngəl, paxlava digər nümunələri, habelə samovar armudu stəkan haqqında rəvayətlər yer alıb.

 

Kitaba Xarkov Texniki İqtisad Kollecinin direktoru, Ukrayna Kulinariya Assosiasiyasının vitse-prezidenti Lyudmila Radçenko, professor, Xarkov İctimai İaşə Ticarət Universitetinin rektoru Aleksandr Çerevko, Xarkov vilayətindəki "Dostluq" Azərbaycan-Ukrayna Cəmiyyətinin sədri, texnika elmləri doktoru, Azərbaycanın Əməkdar elm xadimi professor Murad Ömərov "Ön söz" yazıblar.

 

Murad Ömərov bildirib ki, kitabın nəşrində məqsəd Azərbaycan xalqının çoxəsrlik mədəni ənənələrinin qorunması, milli mətbəx haqqında geniş məlumatın ukraynalılara çatdırılmasıdır.

 

Milli Məclisin deputatı Qənirə Paşayeva kitabın iki xalq arasında dostluq əlaqələrinin inkişafına töhfə verəcəyini söyləyib.

 

Tədbirdə Milli Kulinariya Assosiasiyasının bir sıra üzvlərinə VI dərəcə "usta" dərəcələri təqdim olunub.

 

 

525-ci qəzet  2018.- 8 iyun.- S.7.