Naxçıvan
Teatrının ilk baş rejissoru: səhnə vurğunu Həsən
Səfərli
Hər bir xalqın milli
mədəniyyəti tarixində nadir
simalara təsadüf olunur ki,
onların vasitəsi ilə həmin xalqın varlığı,
mənəvi həyatı və milli şöhrəti qol-qanad açır, mənəvi yüksəliş dövrü keçirir.
Belə nadir şəxsiyyətlərin mənəvi
dünyası, həyat və mübarizə qüdrəti
ümumiləşdirilərək tərəqqipərvər əməllər
və arzular aşılayır. Belə işıqlı şəxsiyyətlərin
sayəsində xalq da öz tarixi və istiqbalı ilə fəxr
edir; o, dünya mədəniyyəti səhnəsində tanınır,
xalqın nəzərində yüksəlir və onların məhəbbətini
qazanır. Belə insanlardan biri də
görkəmli maarif və mədəniyyət xadimi Həsən
Səfər oğlu Səfərlidir.
Həsən Səfər oğlu Səfərli 1898-ci il aprel ayının 15-də Naxçıvan
şəhərində anadan olub. Naxçıvan
şəhər ibtidai məktəbini bitirib, təhsilini
İrəvan Müəllimlər Seminariyasında davam etdirib.
Seminariyanın dram dərnəyinin fəal
üzvlərindən olub. İrəvan
şəhərinin teatr truppasında da epizodik rollarda
oynayıb.
Həsən Səfərli 1917-ci ildə
İrəvan Müəllimlər Seminariyasını bitirib
Naxçıvana qayıdır. Naxçıvanda pedaqoji fəaliyyətə
başlayır. O, Naxçıvanda müəllimlik etməklə
yanaşı, burada teatr həvəskarlarının
hazırladıqları tamaşalarda da iştirak edir.
O, Naxçıvana gəldiyi vaxt artıq burada da inqilabi
hərəkatın axını nəticəsində müxtəlif
dövlət qurumları yaranmış, partiyalar, ictimai təşkilatlar
açıq şəkildə fəaliyyətə
başlamışdılar. Milli azadlıq və
inkişaf uğrunda aparılan mübarizə o dövrdə
çarizm milli müstəmləkə zülmünə daha
çox məruz qalan müsəlman xalqları arasında
xüsusilə güclü idi. Odur ki, Həsən
Səfərlinin Naxçıvana qayıdışı
çox mürəkkəb və qalmaqallı dövrə təsadüf
edir. Azərbaycanın hər bölgəsində
olduğu kimi, Naxçıvanda da hakimiyyət uğrunda
mübarizə getdikcə güclənirdi.
Həmin illərdə çar xəfiyyə
idarəsi bütün Zaqafqaziyada, o cümlədən,
Naxçıvanda, xüsusilə, müsəlman
ziyalıları üzərində möhkəm nəzarət
qoymuşdu. Xalq kütlələrini köləlikdə
saxlamağa cəhd göstərir, yerli məktəbi,
teatrı, maarif müəssisələrini bağlayır, bu
sahədə göstərilən hər bir təşəbbüsü
boğmağa çalışırdı. Həmin illərdə xəfiyyə idarəsinin
amansız senzura və təqibləri, həbslər,
sürgünlər Naxçıvanda çox güclü olan
ziyalılar dəstəsini xüsusilə, müəllimləri
və teatr həvəskarlarını qorxuda bilmir. Naxçıvan ziyalıları, müəllimlər,
teatr həvəskarları siyasətdən kənarda
qalmayıb, günün daha vacib və siyasi məsələlərini
müzakirə edir, xarici müdaxiləçilərə və
daşnak partiyasının siyasətinə qarşı
çıxırdılar. Bu sahədə
gənc müəllim Həsən Səfərli xüsusilə
fərqlənirdi. O, Naxçıvanda 1917-ci ildə təşkil
olunan "El güzgüsü" dram cəmiyyətinin fəal
üzvlərindən biri idi. "El güzgüsü" dram
cəmiyyəti Əliqulu Qəmküsarın rəhbərliyi
və Rza Təhmasibin yaxından köməkliyi ilə
yaradılmışdı. "Rüşdiyyə"
məktəbinin müəllimləri də dram cəmiyyətində
daha fəal iştirak edirdilər.
1917-ci ilin iyun ayının
axırlarında "Ölülər" pyesi tamaşaya
qoyuldu. Tamaşada Əliqulu
Qəmküsar - Şeyx Nəsrulla, Rza Təhmasib - İsgəndər,
Həsən Səfərli- Hacı Həsən, Əli Xəlilov
- Mir Bağır, Rza İsfəndiyarlı - Şeyx Əhməd,
Mirhəsən Mirişli-Nazlı, Qurbanəli Abbasov - Kərbəlayı
Fatma rollarında çıxış edirlər. Tamaşaya rejissorluğu Əliqulu Qəmküsar və
Rza Təhmasib etmiş, bədii tərtibati isə rəssam Bəhruz
Kəngərli vermişdi.
Həmin il Əliqulu Qəmküsarın
rejissorluğu ilə Mirzə Fətəli Axundovun "Molla
İbrahim Xəlil kimyagər", Əbdürrəhim bəy
Haqverdiyevin "Bəxtsiz cavan", Nəcəf bəy Vəzirovun
"Müsibəti-Fəxrəddin" əsərləri
tamaşaya qoyulur. "Molla İbrahim Xəlil kimyagər"də
Molla İbrahim Xəlil, "Bəxtsiz cavan"da Fərhad,
"Müsibəti-Fəxrəddin"də Fəxrəddin
rollarında Həsən Səfərli oynayır.
1918-ci ildə Naxçıvanda
"İmdad" dram cəmiyyəti yaradıldı və həmin
ilin mart ayının 26-da "Ölülər" əsəri
yenidən tamaşaya qoyuldu. "İmdad" dram cəmiyyətinin fəaliyyəti
xurafat nümayəndələrinin, yerli hakimiyyət
orqanlarının xoşuna gəlmədiyindən onlar bu cəmiyyətə
qarşı hər cür təzyiq və təqiblərini
davam etdirirlər. Tamaşadan sonra onların təhriki ilə
bir dəstə cani "İmdad"ın əşyası
saxlanılan otağın qapısını açaraq teatra
aid bütün əşyalara od vurub yandırmış,
stolun üstünə isə "Bir daha "Ölülər"
əsərini tamaşaya qoysanız özünüzü
ölmüş bilin" məzmunlu bir məktub qoyub
getmişdilər. Əlbəttə, belə hədə-qorxular
teatr həvəskarlarının mətanət və əzmini
qıra bilməmiş, Azərbaycan incəsənəti, o
cümlədən, teatr sənəti sahəsində mühum
tədbirlər görülmüşdü.
1919-cu ildə ingilis imperialistlərinin
köməyi ilə hökumət başına keçən
daşnaklar xalqın iqtisadi həyatını pozduqları
kimi, mədəni-maarif işlərini də bərbad hala
salmışdılar. Bu zaman Naxçıvanda teatr binası daşnak
quldurları tərəfindən tövləyə
çevrilmişdi. Vəziyyət olduqca gərginləşir,
teatrın fəaliyyəti zəifləyirdi. Yerli aktyorlar
il ərzində yalnız bir-iki tamaşa
göstərə bilirdilər. Bu tamaşalar Rəşidbəy
Əfəndizadənin "Qonşu-qonşu olsa kor
qızı ərə gedər" və Mirmahmud
Kazımovskinin "Molla Cəbi" əsərlərinin
tamaşalarından ibarət idi. Həmin
tamaşalarla yanaşı, Mirzə Ələkbər Sabirin,
Əliqulu Qəmküsarın, Əli Nəzminin də
şeirlərindən parçaları həvəskar aktyorlar
ifa edirdilər.
"İmdad" cəmiyyətinin belə
çıxışları xanları, bəyləri bərk
narahat etdiyindən bu cəmiyyəti dağıtmağa və
tamaşaların göstərilməsinə mane olmağa
başladılar. Bu hadisədən
sonra Kərim xan "İmdad" dram cəmiyyətini
bağlatmağa nail olur. Şəhər məktəbinin
müəllimləri 1919-cu ildə "Ümid" adlı
yeni bir dram cəmiyyəti də təşkil edirlər.
Bu cəmiyyət cəmisi iki tamaşa verə
bilir. Bu tamaşalar Üzeyir Hacıbəyovun
"Arşın mal alan" operettası və
Mirzə Fətəli Axundovun "Hacı Qara"
komediyası idi. Həsən Səfərli Ü.Hacıbəyovun
"Arşın mal alan"
operettasında Süleyman, M.F.Axundovun "Hacı Qara"
komediyasında Heydər bəy rollarında
çıxış edir.
"Ümid" dram cəmiyyətinin fəaliyyəti
çox qarma-qarışıq bir dövrə təsadüf
etdiyindən fəaliyyəti geniş olmur. Çünki iyirminci
yüzilliyin 18-19-cu illəri Naxçıvan diyarının
çox çətin inkişaf dövrü idi. Rusiyada çarizm devrildikdən sonra imperiyanın əksər
əyalətlərində olduğu kimi, Naxçıvan
bölgəsində də ikihakimiyyətlilik meydana gəlmişdi.
Bir sıra kapitalist dövlətləri
yaranmış mürəkkəb vəziyyətdən istifadə
edərək Azərbaycanın ayrılmaz tərkib hissəsi
olan Naxçıvan diyarına yiyələnmək
üçün cəhdlər göstərirdilər. Həmin dövrdə milli burjuaziyanın, demokratik
fikirli ziyalıların diplomatik səyləri nəticəsində
Naxçıvanda Müsəlman Milli Şurası
yaradılır.
1918-ci ilin may ayının 28-də Azərbaycan Demokratik
Respublikasının qurulması və Azərbaycanın
müstəqil dövlət elan edilməsi Naxçıvan
diyarının əhalisində böyük ümidlər
yaratdı. Bu bölgənin
qarşılaşdığı problemləri dəf etmək
üçün həm yerli əhali, həm də Azərbaycan
Demokratik Hökuməti təxirəsalınmaz işlər
görürdü. 1918-ci ilin noyabr
ayının 18-də keçmiş Naxçıvan Müsəlman
Milli Şurasının üzvləri Araz-Türk
Respublikasını yaradırlar. Aradan iki
ay ötməmiş 1919-cu ilin yanvar ayında Naxçıvan
ingilislər tərəfindən işğal olunur. Bu dövrdə də erməni daşnakları bu
bölgəyə yiyələnmək üçün canfəşanlıq
edirlər. Qırğınlar
başlayır. Lakin Naxçıvan
diyarı Azərbaycan SSR-nin tərkibində Muxtar Respublika kimi
qalır, Naxçıvanın tarixi taleyi həll olunur. Naxçıvanın Muxtar Respublika statusu əldə
etməsi bu bölgənin sonrakı taleyində, onun ərazisinin
qorunub saxlanması, təhlükəsizliyinin təmin edilməsi,
iqtisadiyyatının artırılması və eləcə də
maarif, mədəniyyət, səhiyyənin inkişaf etdirilməsində
də çox mühüm rol oynadı.
Bütün bunlarla yanaşı,
Naxçıvan Muxtar Respublika statusu alanadək həmin
dövrdə yerli mürtəcelər də aktyorlara divan
tutur, tamaşa göstərməyə imkan vermirdilər. Bu məhdudiyyətlərə dözməyən
Naxçıvanın bir sıra artistləri - Əkbər
Abbasov, Əkbər Namazov, Hacı Nəsirov, S.Qurbanov, Teymur
Qasımov, Rza Təhmasib, Əli Xəlilov, Rza İsfəndiyarlı,
Həmid Mahmudov və başqaları Zaqafqaziyanın başqa
şəhərlərinə köçüb gedirlər. Cənubi
Azərbaycanda mühacirətdə olan naxçıvanlı
artistlər də az deyildi.
Sovetləşmənin ilk illərində
Naxçıvan ziyalıları böyük həvəslə
"Ümid" dram cəmiyyətini yenidən təşkil
edirlər. Həvəskarları
və məktəbli gəncləri cəmiyyətin ətrafında
toplayırlar. 1920-ci il avqustun 12-də
M.F.Axundovun "Hacı Qara" pyesi, avqustun 28-də isə
N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi
tamaşaya qoyulur. Həsən Səfərli "Hacı Qara"da Heydər
bəy, "Müsibəti-Fəxrəddin"də Fəxrəddin
rollarında iştirak edir. Bu
tamaşaların təşkilinə maarif orqanları ilə
yanaşı, gənclər təşkilatı da rəhbərlik
edirdi. Onlar tamaşalar vasitəsi ilə
xalqı inqilab komitəsinin tədbirlərini müdafiə
etməyə səfərbər edirdilər.
Yenidən yaradılmış "Ümid" dram cəmiyyətinin
tərkibi Həsən Səfərov (Səfərli), Həmid
Mahmudov, Rza İsfəndiyarlı, Əyyub Abbasov, Səməd
Allahverdiyev, Mirhəsən Mirişli, Heydər Muradov, Heydər
Məmmədov, Əkbər Rzayev, M.Ə.Cəlalov, R.Vəzirov,
Əliqulu Sultanov, Cümşüd Zülfüqarlı,
Ə.Cəfərov, A.K.Sultanov, Seyid Səbrı, A.Qasımov,
M.Ə.Abuzərli kimi gənclərin hesabına daha da güclənirdi.
Sonradan həmin gənclərdən bir neçəsi
talelərini Naxçıvan teatrına bağlayırlar.
1921-ci ilin axırlarında Naxçıvanın fövqəladə
komissarı B.Vəlibəyovun təşəbbüsü ilə
Naxçıvanda həvəskar qadın aktyorları tərəfindən
"Arşın mal alan" musiqili
komediyası tamaşaya qoyularaq naxçıvanlı
qadınlara göstərilir. Tamaşada Süsən Sultanova -
Soltan bəy, Dilbər Sultanova - Gülçöhrə,
Gövhər Kəngərli - Xala, Günəş Kəngərli
- Əsgər, Tovuz Nəcəfova - Süleyman, Xavər
xanım (B.Vəlibəyovun həyat yoldaşı) - Asya,
Xanım Əliyeva - Vəli və Qəmər Nəcəfova
(Əliqulu Qəmküsarın qızı) - Telli rolunda
çıxış etmişlər. Tamaşaya
rejissorluğu Həsən Səfərli, suflyorluğu
Əliqulu ağa Sultanov etmişdir. Əliqulu Qəmküsarın
qızı Qəmər Salamzadə (Nəcəfova)
yazırdı: "Yadımdadır ki, Naxçıvanda
olduğum bir neçə ay müddətində qız məktəbində
tamaşaya hazırlanan "Arşın mal alan"
musiqili komediyasında Telli rolunu mənə tapşırdılar.
Burada iştirak edən qızların içərisində
Soltan bəy və Asya rollarını oynayan Dilbər və
Süsən Sultanova bacıları ilə indi də
görüşür o illəri xatırlayırıq".
O zaman Ü.Hacıbəyovun "Arşın mal alan"
musiqili komediyasının Naxçıvanda tamaşaya
qoyulması qadın azadlığı və çadraya
qarşı mübarizədə, qadınların maarif və
mədəniyyətə cəlb edilməsində mühüm
rol oynamışdı. Bu tamaşadan sonra
Naxçıvan teatrında kişilərin qadın rolu
oynamasına son qoyuldu. Bu dövrdə
başqa sahələrdə olduğu kimi, teatrın inkişafına
ideoloji baxımdan önəm verilir, hər bir tamaşaya sovet
hakimiyyətinin yeni təntənəsi kimi
yanaşılır, teatr sovet təbliğat
maşınının mühüm hissəsi kimi qiymətləndirilirdi.
1921-1922-ci illərdə Naxçıvan teatrında Həsən
Səfərlinin quruluşunda NikolayQoqolun "Evlənmə",
Süleyman Sani Axundovun "Laçın yuvası",
Üzeyir Hacıbəyovun "Məşədi İbad",
"Leyli və Məcnun", "Şah Abbas və
Xurşidbanu", Zülfüqar Hacıbəyovun
"Aşıq Qərib", Səməd Mövləvinin
quruluşunda isə Mirzə Fətəli Axundovun "Hacı
Qara", Rzaqulu Şərqinin "Pul, yoxsa Allah",
Üzeyir Hacıbəyovun "Əsli və Kərəm"
və s. əsərlər tamaşaya qoyulur.
Naxçıvan Xalq Komissarları Sovetinin 21 yanvar 1922-ci il tarixli qərarı ilə Naxçıvan
Xalq Maarif Komissarlığı tərəfindən
hazırlanan Naxçıvan milli teatrın qanun layihəsi təsdiq
edilir. Naxçıvan Xalq Maarif
Komissarlığı teatrın maddi cəhətdən təmin
edilməsi, truppa saxlanılması üçün lazımi
vəsait buraxır. Həmin qərarla əlaqədar
olaraq Naxçıvan MSSR (1924-cü il 9
fevrala kimi Naxçıvan SSR adlanıb) Xalq Maarif
Komissarlığının 8 fevral 1922-ci il tarixli 28 ¹-li əmri
ilə Naxçıvan ölkəsində bütün teatr
işlərini idarə etmək üçün sənaye nəfsə
(incəsənət) şöbəsi yaratmaq qərara
alınır (Dövlət teatrolar direktoriyası). Həmin şöbəyə Həsən Səfərov
- sədr, Həmid Mahmudov və Əli Xəlilov üzv təyin
olunurlar.
Naxçıvan Xalq Maarif Komissarlığının 7
yanvar 1924-cü il tarixli əmri ilə
teatrın işini yaxşılaşdırmaq,
imkanlarını artırmaq məqsədi ilə
Naxçıvan Ölkə Teatr Komitəsi təşkil
olunur. Komitəyə
Qafar Babayev sədr, Əli Ənnağıyev və Mirzə Məhəmməd
Münşiyev üzv təyin olunurlar. Həmin
vaxt Naxçıvan Dövlət Dram Teatrına Səməd
Allahverdiyev - direktor, Əbdülsəməd Mollazadə (Səməd
Mövləvi) dekorçu, Həsən Səfərov - baş
rejissor, Məmmədtağı Qazıyev - suflyor və Mirhəsən
Seyidov (Mirişli) nəzarətçi təyin olunurlar.
Həsən Səfərli teatrın baş rejissoru olduğu
müddərdə teatrın kadr cəhətdən möhkəmlənməsində
müstəsna rol oynayır.
Teatrda quruluşçu və baş rejissor kimi
çalışan Həsən Səfərli Mirzə Fətəli
Axundovun "Hacı Qara" (1920), Əbdürrəhim bəy
Haqverdiyevin "Bəxtsiz cavan" (1920), "Dağılan
tifaq" (1920), "Ac həriflər" (1920), "Ağac
kölgəsində" (1922), "Pəri cadu" (1923),
"Ağa Məhəmməd şah Qacar" (1923), Soltan Məcid
Qənizadənin "Dursunəli və ballıbadı",
"Xor-xor" (1920), Böyükağa Talıblının
"Kef içində", Mirmahmud Kazımovskinin
"Vurhavur", "Daşım-daşım" (1920),
Şəmsəddin Saminin "Dəmirçi Gavə"
(1920), Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin"
(1920), İvan Turgenyevin "Pulsuzluq" (1920), "Pəhləvanani-zəmanə"
(1923), Vasaq Mədətovun "Qırt-qırt" (1920),
"Gaveyiahəngər" (1924), Süleyman Sani Axundovun
"Laçın yuvası" (1921-1923), NikolayQoqolun "Evlənmə"
(1921-1922), "Müfəttiş" (1927), Üzeyir Hacıbəyovun
"Arşın mal alan" (1921-1923), "Məşədi
İbad" (1922-1923-1924-1927), "Şah Abbas və
Xurşidbanu" (1922-1924), "Leyli və Məcnun"
(1922-1924), "Əsli və Kərəm" (1924-1926),
Zülfüqar Hacıbəyovun "Evliykən subay"
(1921), "Aşıq Qərib", "Əlli
yaşında cavan" (1922), Cəlil Məmmədquluzadənin
"Ölülər" (1923-1924), Cəfər
Cabbarlının "Oktay Eloğlu" (1923),
"Aydın" (1924-1927), Hüseyn Cavidin "İblis"
(1923), "Şeyda" (1924), Nəriman Nərimanovun
"Nadir şah" (1924-1927) əsərlərinə verdiyi
quruluşlarda müəyyən nailiyyətlər diqqəti cəlb
edir.
Həsən Səfərli müxtəlif vaxtlarda Mirzə
Fətəli Axundovun "Müsyö Jordan və dərviş
Məstəli şah", "Lənkəran xanının vəziri",
"Molla İbrahimxəlil kimyagər",
"Xırsquldurbasan" əsərlərinin
tamaşasında Müsyö Jordan, Vəzir Mirzə Həbib,
Molla İbrahimxəlil, Tarverdi, Cəlil Məmmədquluzadənin
"Ölülər"ində Hacı Həsən ağa,
Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan
tifaq"ında Nəcəf bəy, "Bəxtsiz
cavan"ında Fərhad, "Pəri cadu"sunda Qurban və
Əmrah, Cəfər Cabbarlının "Sevil"ində
Babakişi və Məmmədəli bəy,
"Aydın"ında Dövlət bəy, Hüseyn Cavidin
"Şeyda"sında Şeyda, "Şeyx Sənan"ında
Şeyx Sədra və Serqo, Nəcəf bəy Vəzirovun
"Müsibəti-Fəxrəddin"ində Fəxrəddin,
"Hacı Qəmbər"ində Cəbi, Vano
Mcedaşvilinin "Qaçaq Kərəm"ində
Qaçaq Kərəm, Üzeyir Hacıbəyovun
"Arşın mal alan"ında Süleyman və Soltan bəy,
"Məşədi İbad"ında Rza bəy,
"Ər və arvad"ında Mərcan bəy
rollarını oynayıb.
Həsən Səfərli pedaqoq kimi də fəaliyyət
göstərib. Naxçıvan
"Rüşdiyyə", "Məktəbi-xeyriyyə"
məktəblərində, Naxçıvan Müəllimlər
Seminariyasında, Pambıqçılıq texnikumunda,
İkiillik müəllimlər institutunda dərs deyib. Akademiklər Məmmədcəfər Cəfərov,
Həsən Abdullayev, Fərəməz Maqsudov, professor Məmmədhüseyn
Təhmasib, şair İslam Səfərli, yazıçı
Nağı Nağıyev, bəstəkar Nəriman Məmmədov,
rəssamlar - Şamil Qazıyev və Əyyub Hüseynov onun
şagird və tələbələri olublar.
Həsən Səfərli 1960-cı ilin may
ayının 18-də Naxçıvan Muxtar
Respublikasının əməkdar müəllimi fəxri
adına layiq görülüb. Maarif və mədəniyyət
fədaisi Həsən Səfər oğlu Səfərli
1960-cı il iyun ayının 2-də Naxçıvan şəhərində
vəfat edib.
Həyat və yaradıcılıqlarını Vətənin,
xalqının tərəqqisi yoluna sərf edənlər,
maarif və mədəniyyətin inkişafında xidmətləri
olanlar heç vaxt unudulmur, həmişə xoş hisslərlə
xatırlanır.
Əli
QƏHRƏMANOV
AMEA
Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun
şöbə müdiri,
sənətşünaslıq üzrə
fəlsəfə doktoru, dosent
aliqehreman@yahoo.com
525-ci qəzet.- 2018.- 8
iyun.- S.6.