“Dəniz” Aptek

 

PƏRVİN

 

“ÇOK YORĞUNUM, KAPTAN!”

 

N.Hikmət

 

Yaz ilə qış yarışa giriblər elə bil! Əllərimi ovxalayıram, barmaqlarım qıc olub  soyuqdan. Mart ayında belə hava olar? - dodağımın altında deyinirəm.

 

- Həri də, özbaşınlıqdı da... A balam, biz görmüşiy Noruzun topu atıldı, hava düzələr. Hindi bu nə havadı, başım çıxmır. Hələ qar da diyillər e... Diyirəm yuxarılar baxmırlar heç nəyə, diyirlər belə... Kasıbınki yaydı... Bəlkə düz dimirəm?

 

- Hımmm...

 

- Yox e, vallah belə olmaz, danışmırıq-danışmırıq, lap eliyirlər. Sən də mənim bacım...

 

- Qabaqdan Xaqani küçəsinə dönərsiz zəhmət olmasa. Sağ tərəfdəki aptekin qarşısında saxlayarsız...

 

- Özüm ölüm, oleydi Sovet vaxtı, beş-onun tutub basardılar dama, ağılları gələrdi başdarına. Adama diyən gərey nəyüvüz çatmır, işdiyin də...

 

- Alo! Bəli... Buyurun... “Sağlam” aptekindən tapmaq olar. Əvvəlcədən sifariş versəz, gətirəcəklər. Sağ olun. Dayı, siz hara sürürsüz, axı dedim Xaqani küçəsinə dönməliyik?!

 

- Aaa, bu  Nizami küçəsiymiş ki. Day nöş əsəbləşirsən, ay qızım... Nizami də Xaqanidən balaca şair olmıyıb ki... Hindi fırlanıb qayıdaram.

 

Maşının damını ağacdələn döyəcləyir elə bil. İlin-günün bu vaxtı dolu yağır. Səsi adamın başına düşür. Bir yandan da bu tıxaclar. Yer üzündə deyingən ərdən və çox danışan sürücüdən böyük bəla ola bilməz. Taksi sürücüləri də ki heç. Elə bil marağa yatıb gözləyirlər, biri düşsün əllərinə, benzinin qiymətindən tutmuş, işıqforların saniyə fərqinəcən nə dərdləri var döşəsinlər qabırğana...

 

- Hə, burda saxlayın bir dəqiqə, sayğacı söndürməyin, gəlirəm.

 

- Tələsməginən.

 

Bu tikinti şirkətləri düşünürlər ki, “narahatçılığa görə üzr istəyib” ömrümüzü-günümüzü toz-torpağa qərq edə bilərlər. Əşi, mən də bu taksist kimi hər şeyə görə deyinirəm elə.

 

- Salam. Bu birinci dərman var sizdə?

 

- İndi yoxdu, amma istəsəniz, sabaha gətirərik. Azı 10 ampula sifariş verməlisiz amma.

 

- Axı, bundan cəmisi üçünü yazıb həkim...

 

- Onsuz da ayrı yerdə tapmayassız. Bizi də başa düşün, axı sizə görə xüsusi sifariş verəcəyik. Bizə də sərf eləməlidi, bir qazancımız olmalıdı, ya yox? Vallah kirayə haqqını da artırıblar, bu ay ziyana işləmişik. Həkimlər də ancaq öz tanış-bilişləri...

 

Bəli də... İşə düşdük. İndi saxta dərmanlar, vaxtı ötmüş preparatlar, nə bilim, düzgün müalicə olunmayan xəstələr, resepti səhv yazan həkimlər, hamısının hirsini tökəcək üstümə.         

 

- Anladım, ay xanım, əsəbləşməyin. Amma mənə bu gün, indi lazımdı, evdə xəstə uşaq qoyub çıxmışam. Sabahacan gözləyə bilmərəm. Bəlkə ayrı apteklərdən öyrənim? Yəni deyirsiz tapa bilmərəm?!

 

- İnanmırsız, götürün zəng edin də. Bu ətrafdakı apteklərin nömrələri var bu kitabçada...

 

- Ay sağ olun. Alo, salam, sizdə “Labileks” iynəsi varmı? Oldu, bağışlayın. Salam, sizdə seftriakson qrupundan... (Dud, dud, dud...) Alo, salam, xanım, zəhmət olmasa “Labileks” iynəsi üçün baxın, varmı sizin aptekdə? Yox, uşaqlar üçün. Nə vaxt zəng edim? Yaxşı. Alo... Çox üzr istəyirəm...aha... aydındı, telefonla məlumat vermirsiz...

 

- Sizə dedim də, çətin tapasız. Əşi, kimdi ey, özünü öldürən, yoran. Sifariş verin, sabaha gətirdək, amma minimum on ampula...

 

- Yaxşı, yazın sifarişi... Beh də verməliyəm, eləmi?

 

- Əlbəttə, dərman alan yoxdu ey... sifariş edək, qalsın üstümüzdə?

 

- Oldu, buyurun, sabah neçədə gəlim? Bir dəqiqə, bu zəngə cavab verim... Alo, bəli...

 

- Salam, siz uşaqlarınızın sağlam olmasını istəyirsiz? Siz onları təmiz su ilə təmin etmək istəyirsiz? Siz onların ekoloji cəhətdən saf, minerallarla zəngin su içməsini istəyirsiz? Elə isə “Dupduru” su filtrlərini sifariş edin, təbiətdən gələn bulaq suyunu evinizə çəkin... Şirkətimizdə yaz endirimləri. İndi sifariş verin, birini hədiyyə qazanın. 3 filtr alana biri hədiyyə. Uşaqlarınızın sağlamlığı sizin əlinizdədi!

 

Bu da yeni malını sırıma növüdü. Zəng edib vaxtını, əsəblərini talan edirlər, əvəzində təmiz su, al, iç, sakitləş!

 

- Dərman saat neçədə sizdə olacaq? Həmin vaxtda gəlim ki, yubanmayım.

 

- Nə bilək, ay xanım?! Görmürsüz tıxacları, bizdən asılı deyil axı, nömrə qoyun, zəng edərik... Yazın bura nömrənizi... Oldu, sifariş hazır olan kimi, xəbər verəcəyik sizə.

 

- Yaxşı. Sağ olun.

 

Bunların tibbi savadı var görəsən? Yəqin bu cür bumbuz, vecsiz danışığı Hippokratdan öyrəniblər. Yazıq Hippokrat!

 

- Noldu, ay qızım? Tapılmadı dərman?

 

- Yox, dayı. Gedək qabağa, bəlkə ordakı aptekdə tapıldı...

 

- Görmürsən, tıxacdı? Xəbərün yoxdu ki, bayramdı? Bayaqdan gözləyirəm, gəlib pulumu verəsən gedim evə dincəlim, o dey qabağdakı binada oluram, həəə... Bu tıxacda maşın sürənin ağlı yoxdu ki...

 

- Nə bayramıdı?

 

- Aaa, mən nə bilim? Əvvəl pervi may olurdu... Hindi ona oxşıyan nəsə çalıb-oynamaq bayramıdı... Cavanlar tökülüşüblər küçələrə, yollar bağlıdı. Burdan o yana gedə bilmərəm.

 

- Axı... Bəs... Dərman... Hava da belə soyuq...

 

- A bala, mən bir addım sürüb, yarım saat duracam e. Havayı benzin yandırım sənə görə? Aaa, heç dəxli var sən Allah? Cavan adamsan düş yavaş-yavaş piyada get də...

 

- Yaxşı, buyurun. Sağ olun.

 

Axı bu gün nə bayramı ola bilər? Heç cür yadıma sala bilmirəm. Əcəbdi, adamın kələyini kəsən soyuq, gah sulu qar yağır, gah dolu, külək də bumbuz havanı iliklərimə yeridir elə bil, amma taksist demiş, cavanlar çalıb-oynayırlar. Təki olsun. Bircə bu dərman tapılsaydı. Uşaq xəstələnəndə də itə dönürəm lap. Axır vaxtlar əsəblərim pozulub deyəsən. Gərək özüm də həkimə gedəm...

 

- Alo, hə ana. Yox, hələ ki aptekləri gəzirəm. Neyləyir? Qızdırması çox qalxmayıb ki? Yollar bağlıdı, piyada gedirəm. Yox, narahat olma, soyuq deyil mənə. Əşi, təki dərman tapılsın ey. Bir az başını qat, gəlirəm. Başqa nəsə lazımdı? Hə, bildim, alaram... Oldu, nigaran qalma.

 

Nə qəribədi ana ürəyi?! O da öz övladına görə narahat olur. Neyləsin yazıq? Nə isə. Allah kərimdi. Aha, deyəsən burdan o tərəfə piyada da getmək olmaz axı? Görəsən niyə bağlayıblar buranı...

 

- Salam rəis, bu küçəni necə, hardan keçim?

 

- Ay xanım, görmürsüz burda çəkiliş gedir? Mane olmayın...

 

- Mən soruşuram ki, bu küçə tam bağlanıb, piyada da getmək olmaz?

 

- Dedim ki çəkiliş gedir... Burdan o biri, paralel küçəyə keçib dolanbac yolla gedə bilərsiz.

 

- Axı küçənin aşağısında, lap yaxında aptek var, mənə ora lazımdı, bəlkə icazə verəsiz...

 

- Ay qız, sənə Azərbaycan dilində dedim ki olmaz da... Cavan adamsan, keç o biri küçədən get də...

 

- Evdə xəstə uşaq qoyub çıxmışam, xahiş edirəm yardım.......

 

- Pay atonnan, ay qız, bir sənə görə bu boyda millətin çəkilişini, işini pozum? Yeri get də...

 

Yenə yaxşıdı, nənəsi uşağın yanındadı, bir az arxayınam. Bu nə bəladı, nə virusdu belə yayılıb, hamı xəstədi. Yəqin dərmalar da ona görə tapılmır.

 

- Alo. Bəli mənəm...

 

- Sizin nömrənizi uşaq poliklinikasından veriblər. İki dəqiqə vaxtınızı alacayıq.

 

- Buyurun... Nə ilə bağlıdı?

 

- Sizə yüz faiz orqanik, təbii qida məhsulları təklif edirik. Uşağınızın sağlam, güclü, enerjili olmasını istəyirsizsə, bizim təklif etdiyimiz qida məhsullarından istifadə edin. Birbaşa Afrikadan banan, Amerikadan kartof, Hindistandan ədviyyat, Portuqaliyadan ananas...

 

- Yox-yox, sağ olun. Ehtiyacımız olsa, sizə müraciət edərik.

 

- Nə vaxt zəng eləyək?

 

- Özümüz zəng edərik lazım olsa...

 

- Haçan?

 

- İşə düşmədik, heç haçan...

 

Günümə-saatıma bax da. Mən bir tin aşağıdakı aptekə gedib çıxa bilmirəm, bu da mənə Amerikadan kartof gətirir... Əşi, nə isə... Deyəsən, aptek işləyir, qorxurdum bu çal-çağıra görə bağlı ola...

 

- Salam. Sizdə bu birinci preparat varmı?

 

- Bircə dəqiqə... Bu seftriakson qrupundandı eləmi? Yəqin bilirsiz ki, bu soyuqdəyməyə qarşı güclü dərmandı... Onu da bilməlisiz ki, bununla müalicə kompleks şəkildə aparılmalıdı... Hə, bir də çoxlu maye qəbul eləməlisiz. Amma göbələk əmələ gətirə bilər bu dərman. Ona görə gəlin sizə göbələk əleyhinə kapsullar verim.

 

- Hə, sağ olun verərsiz. Bəs dərman özü...

 

- Bircə dəqiqə... Deməli bu seftriakson qrupundandısa... ımmm... həm də körpə uşaq üçündü... Bircə dəqiqə... Deməli siz göbələyə qarşı da kapsulları uşağın yaşına uyğun seçməlisiz. Biz də yeni....

 

- Bildim, təşəkkür... Amma sizdə bu dərman yoxdu?

 

- Bircə dəqiqə... Baxım... Hə, siz göbələklə mübarizə üçün məlhəm də ala bilərsiz.

 

- Alaram, məlhəm də alaram, kapsul da... Amma iynənin özünü alsam, lap yaxşı olar...

 

- Bircə dəqiqə... Hə, deyəsən var burda. Amma bir dənə qalıb... Bircə dəqiqə... Bu telefona cavab verim baxacam indi...

 

Əczaçı xanım telefonu qulağına qoyub başladı, nə başladı... Sən demə, İran alimləri sübut ediblər ki, namaz qılanda adamın ürəyi uşaq kimi atılıb-düşür. Dünyanın axırına beş-on gün qalıbmış ey... Banklar hamısı bağlanacaq! Uşaqları aldatmaq çətin məsələdi vallah... Hə də, kim deyərdi ki, Lalə ərindən boşanacaq?!

 

Daha səbrim çatmır bunlara qulaq asmağa. Xanımın sözünü kəsməli oluram:

 

- Siz Allah bağışlayın, vacib söhbətinizi bölürəm, amma mümkünsə o iynəni  verin, bu günlük vurulsun, sabah üçün sifariş vermişəm.

 

- Bəli də... Sifarişi bizdə niyə verməmisiz? Niyə belədi axı, kömək elədiyimiz müştərilər xeyiri özgəsinə verirlər... Biz də kirayə haqqı, işıq pulu, təmizlik pulu, zibil pulu veririk... İşçilərə maaş da bir yandan dərd olub... Üç gündü dönər yemirəm, qənaət edirəm. Belə olmaz axı. Sifarişi bizdə verəydiz, 7 faiz endirim edəydik sizə...

 

- Gələn dəfə, xanım... İndi tələsirəm, evdə xəstə uşaq gözləyir...

 

- Bircə dəqiqə...

 

- Nə bircə, nə yarımca dəqiqə... dərmanımı verin gedim... Bir də spirt, pambıq... Oldu sağ olun. Allah balalarınızı saxlasın!

 

Yaxşı qurtardıq. Yoxsa bu dönər davası uzun çəkəcəkdi. Deyəsən, yol bir balaca açılıb. Taksi...

 

- Salam, 28 maya apararsız? Amma zəhmət olmasa bir az sürətli gedək, tələsirəm.

 

- Alo, bəli mənəm.

 

- Salam, sizi Maarif idarəsindən narahat edirik. Diplomların qeydiyyatı şöbəsindən. Diplomunuz onlayn sistemdə, bazada görünmür. Adətən saxta diplomlar sistemə daxil edilmir. Ona görə...

 

- Siz nə danışırsız? Saxta diplom nədi? Mənim az qala on illik ali məktəb təhsilim, üç diplomum var. Hamısının da sürəti şəxsi işimdədi.

 

- Əsəbləşməyin, xanım. Amma səhər diplomlarınızın əslini bizim şöbəyə təqdim edin. Əsla gecikdirməyin. Çünki artıq sabah saxta diplomlar haqda hesabatı təqdim etməliyik. Sağ olun.

 

Lənətə gələsən! Adamın əsəbləriylə nə qədər oynayarlar axı. Sən demə,  Nizami Xaqanidən pis şair deyilmiş. Bircə dəqiqə... Bircə dəqiqə... Ay bədbəxt polis, sən nə biləsən ki, qadınla danışmaq nə deməkdi? Bu birindən də antibiotik istəyirəm, göbələk əleyhinə dərmanı soxuşdurur.  Saxta diplom. Hım! Diplomlar da bağdakı sənədlərin içində qalıb deyəsən... Tərsliyə bax da... Əşi, cəhənnəm olsun hamısı, bu havada uşağı qızdırma içində qoyub bağa gedəsi deyiləm ki!

 

lll

 

- Canım, ürəyim... Körpə mələyim! Ananın ağıllısı...

 

Bir balaca nasaz olan kimi lap nazlanır. Əzizlənmək istəyir. Şükür ki, anam yaxşıca ovuşdurub, çoxlu çay-su verib, səhərkinə baxanda xeyli yaxşılaşıb. Nənələrin metodlarına nə çatar?! Keçi piyindən başlayıb, zoğal mürəbbəsindən keçib, yodla şəkil çəkmək sənətinəcən hamısı xeyirlidir...

 

- Qızdırması düşüb. Bayaqdan oynayırıq... İndi iynəni də vurarsan düzələr. Nə gec gəldin bəs? Nigaran qalmışdım - anam deyir.

 

- Əşi, bilmirsən guya?! Əvvəl dərmanı tapa bilmirdim, sonra da gah reklam şirkətləri zəng eləyir, gah Maarif idarəsi, hirsimdən partlıyırdım.

 

- Yığdın iynəni? Havasın çıxartdın? Gəl qucağımda uzandıraq, vur...

 

Balaca, nənəsindən də, məndən də çoxbilmişdi. İynəni uzaqdan görən kimi qiyyəsi göyə çıxır. Birtəhər uzandırıb vururuq iynəsin.

 

- Ay caan, ay cannn, nənə öldürər hamısını. Nə pis qızdı bu, sənə iynə vurdu? Eybi yox, babaya deyərik döyər onu. Pişt... Hə pişt... Maşallah, düzəlib balaşka. Hə, nə deyirdin, Maarif idarəsi zəng eləmişdi, nə istəyirdilər? - anam ola, məsələnin vacehinə yetməyə. Şoka düşərdim soruşmasaydı...

 

- Deyirlər ki, diplomlarım onlayn sistemdə tapılmayıb, ona görə sabah əslini aparmalıyam. Yoxsa saxta sayacaqlar sənədlərimi... - deməyim bəs idi ki, anam özündən çıxsın. Paho, dedim deməmiş olaydım.

 

- Bəs, diplomların əslini verməmisən onlara? Keçən dəfə bağda olanda atan demədi sənədlərini götür apar? Niyə aparmadın? İndi bu havada bağa gedəsən gərək. Mən uşaqla oturmuşam, dur get sənəd qovluğun götür gəl. Əynini də qalın elə.

 

- Heç yana gedən deyiləm. Özləri araşdırıb taparlar. İşim-gücüm qurtarıb, bu soyuqda uşağı da xəstə-xəstə qoyub diplom dalınca gedəcəm - demişdim ki, anam açıldı, nə açıldı...

 

- Mən burda nəyəm bəs? Bu boyda məsuliyyətsizlik olmaz axı. Uşağın yanında oturmuşam da... Sən... vecsiz...atan bilsə... Allah eləməsin... Düzələn deyilsən... Nazirlikdə... Elviranın oğlunu işdən... İndiki cavanlar... O biri otaqda əynimi dəyişə-dəyişə anamın odlu-alovlu nitqindən ancaq bu qırıq-kəsik sözləri, ifadələri tuta bilirdim. Bir yandan da yaxşı ki, beləydi. Danlaqlara dözməyə heç halım yox idi. Uşağının sağalmağına sevinməyə də imkan vermirlər e... Əşi, nə isə. Gedim-gəlim, səhər aparım diplomu... lənət şeytana. Yaxşı ki, bağın açarlarından bir dəsti o vaxtdan bizdə qalıb. Yoxsa atamın da “istintaq”ına tab gətirə bilməzdim...  Hələ görüm bu havada o boyda yolu sürən taksist tapılacaqmı?! Abşeron cavanları da “çalıb-oynayırlar”sa batdıq.

 

lll

 

Bu dəfə bəxtim gətirdi. Bu taksi sürücüsü çox danışan deyil. Heç dinib-danışmır. Maşın hamar, nəm asfaltın üstündə sanki sürüşür. Yağış şüşəni damla-damla vurduqca maşının içindən gördüyüm bir parça səmanın rəngi dəyişir. Amma bir-iki saniyəlik. Maşının şüşəsiləni sağa-sola sürüşüb bu gözəl tablonu pozur. Doğrudan da yer üzündə deyingən, dır-dır edən, çürükçü kişidən böyük faciə ola bilməz. Fərqi yoxdu ərindi, atandı, qardaşındı, sürücündü, ya da binanın gözətçisi... O ki başladı “əşşi”lərlə, “nə bilim”lərlə, “nə isə”lərlə danışmağı, günün qara oldu. Deyir, Nizami Xaqanidən yaxşı şair olub, ona görə bu küçəyə döndüm. Hım! Heç dəxli var sən Allah... Elə bil hamıya keyləşdirici iynə vurublar, vallah. Deyirsən, uşağım xəstədi, key kimi baxır üzümə. Bu havada mənim nə itim azıb bağda? Nədi-nədi bunlar özlərini əziyyətə salıb arxiv eşələmək istəmirlər.

 

Maşın asfaltın üstüylə üzür. Bir balaca hava döndü, şəhərin bütün eyibləri üzə çıxır. Yolboyu sıralanmış hündür həmişəyaşıl ağaclar əcaib görünür lap. Abşeron çirkinliyini bahalı kosmetikayla ört-basdır edən arvadlara oxşayır. Uca ağacların arxasında elə gizlənib, yaşıl rənglə üz-gözünü elə bəzəyib, sanki tanımırıq bunu. Bomboz, rəngsiz, cansız Abşeron deyil də guya. Bəzi adamlar kimi bahalı paltar geyinib, özünü başqa cür aparmağa çalışır. Bu yolüstü kafelərin hansına girsən, çayın böyründə bir sürü köhnə, dadsız keks, konfet sırıyacaqlar sənə. Çay içmək istəyirsənsə, bunları da yeməlisən, deyir,  “bizdə nabordu”... Hələ bu “Palma” kafesinə bax da, divarına da dəngül-düngül palma şəkilləri çəkiblər ki, “göz oxşasın”.  Abşeron deyil e, Afrikadı lap... Deyir, uşağının sağlam olmağın istəyirsənsə, sənə Afrikadan banan gətirək!

 

Nə çox deyindim. Yenə min şükür, nədisə bir hüzn, rahatlıq var bu yollarda. Yoxa lənət... Deyəsən, hava da düzəlir axı... Bakının, Abşeronun havasını bilmək olur bəyəm? Gün çıxdı yaxşı ki. Anam da bu yun sviteri zorla geyindirdi mənə. İstidən bişəcəm.

 

Şossedən qəsəbənin içərisinə, sağa burulunca havanın rəngi də dəyişilir. Səma açıq qəhvəyi rəngə çalır. Pürrəngi çay qoxusu gəlir hardansa. Qəsəbə yolları elə həmənki kimidi. Bu kələ-kötür yollarda maşın bir az sürətli getsə, uşaqlıqdan sevdiyimiz “Şən dağlar” karuselinə çevrilə bilər. Dəniz görünür artıq. Maşının şüşəsini açıb ciyərdolusu nəfəs alıram. Hasarsız, çəpərsiz bağların adamsızlığı içimi hüznlə doldurur. Həlimə xalagilin bağında təzə adamlar var deyəsən. Hə, yadıma düşdü, axı keçən il Cəmilə xalanın qudasına satmışdılar bağı, indi orda təzə ailə qurmuş cavanlar yaşayırlar deyəsən. Yay gəlsəydi, bir neçə günlük də olsa, qalardıq bağda. Yayda buranın ayrı ləzzəti var. Amma indi...

 

- Burdan sağa. Qabaqdan sola dönərsiz. Sağdakı yaşıl darvazada saxlayın. Aha, burda. Borcum nə qədər edəcək? Buyurun. Yox, sağ olun, gözləməyə ehtiyac yoxdu.

 

Bağın qapısına yaxınlaşanda ürəyim həyəcandan çırpınır. Niyə? Bilmirəm. Paslanmış qıfılı açana kimi əllərimi tər basır, boğuluram, təlaşlanıram. Ax bu qapının unudulmaz səsi. Uşaq vaxtı bu səsə bənd idik ki, yerimizdən dik atılıb qapıya qaçaq, qonaqların gəlişinə sevincimizdən uçaq. Həyətə girmək olmur, hər yeri ot basıb, qaratikan ətəklərimə ilişir. Hər il yayda buraları abıra salana kimi bir neçə gün işləməli, əziyyət çəkməli olurduq, amma sonra bütün yayı kef eləyirdik. Şəhər uşaqları üçün qayğısızlığın yeganə simgəsi Abşeron bağlarıdı. Asfaltın istisindən qaçıb dənizin qırağında rahatlıq, sərinlik tapmağımız, qonşu uşaqlarıyla dostlaşmağımız, çay süfrələri, gecələr stolüstü oyunlar, zarafatlar, səhərəcən pıçıldaşmalar, hamısı bizim idi, bizim həyatımız idi. Külafirənginin damını külək aparmışdı. Gecə uzanıb aya-ulduzlara baxa-baxa dənizin səsini dinləyər, xəyallar qurardıq. Hərdən özümüzdən nağıllar da uydurub danışardıq. Mənim nağıllarımda dəniz Allahı Poseydon hamının əlindən alardı qızı... Uzaq bir adaya aparıb gizlədərdi hər kəsdən... Ehh, uşaqlıq idi də! Deyəsən, Gülçöhrə xalagil evdədilər. Qonşulardan təkcə onlar yay-qış burda qalırlar. Elə yaxşı edirlər, nə var ey şəhərdə?!

 

- Gülçöhrə xalaaaa... - deyib qışqırıram. Bizim talvardan onların evlərinin qabağı görünür. Yenə reyhan əkiblər həyətdə. Bir az ondan sonra günəbaxanlar, onun da yanında çox sevdiyimiz qarğıdalı... Səliqəylə bellənmiş, sırayla əkilmiş ləklər, cərgəylə bir-birini əvəz edən rənglər adamın gözünü oxşayır. Hələ reyhanın qoxusu... Gülçöhrə xalaaaa... Deyəsən, evdə deyillər. Bəlkə bacısıgilə gedib. Nə idi ay Allah onun bacısının adı, məscidin yanında yaşayırdılar ey? Gərək Samirdən soruşam, onun bu işlərdə yaddaşı yaxşıdı. Nə gözəl havadı, lap elə bil yaz gəlib. Reyhanların da rənginə bax ey. Adamın ağlını başından alır... Nə qəribə ifadədir, “burda ölüb qalmaq”. Hardan gəlir görəsən?! Aaa, doğrudan ha, nə qədər yadımdan çıxmayıb düşüm diplomları qoyum çantama... Hava qaralmadan qayıdım şəhərə, görüm uşaq necə oldu?! Tərs kimi, telefonun da enerjisi bitdi, zəng eləyə bilmirəm. Gülçöhrə xalaaaa... Yoxdular, heyif. Xar tutu kəsiblər deyəsən. Bütün yayı ağız-burnumuz qapqara olardı xar tut yeməkdən... Nə məzəli olmuşdu Samirin vedrəni başıma keçirməyi. Amma atam da yaxşı tənbeh elədi onu.

 

Külək qalxır deyəsən. Abşerondu da... Dəniz də dalğalıdı yaman! Dənizin səsi gəlir. Bəlkə beş-on dəqiqəlik sahilə düşüm, hələ vaxta var... Bu Xanım xalagilin bağında nə qədər gizlənpaç oynamışıq, quyuya girib gizlənirdik, heç kim tapa bilmirdi. Məryam xalanın nəvələri yaman forsdu idilər. Pah, şəhərlidilər bunlar, kəndçiləri bəyənmirlər... Mamed dayı da ilbizlərlə düşmən idi, meynələri yeyirlər - deyirdi, hirslənirdi. Rubaba xala, bir dəfə çaşıb Rubaba “əmi” demişdim ona... Elə əmi kimi bir şey idi vallah. Həyətlərinin aşağı hasarını sökdürmüşdü ki, dənizin qabağın kəsməsin. Aşağı başda oturub dənizə tamaşa edirdi bütün günü, arada samovara da od salırdı. Düz  iki dəqiqəyə samovar qaynadırdı...

 

Onlarla hasar qonşusu Hüseynağa əminin quyunun yanında ayağı qaçmışdı, başı çarhovuzun tininə dəymişdi, elə ordaca qalmışdı yazıq. Uşaqları da Rusyətdə... Onlar gələnəcən qonşular dəfn elədilər kişini, yasını da, ehsanını da necə lazımdı verdilər. Necə qorxmuşduq onda, balaca idik də, birinci dəfə ölümlə tanış olurduq, yas görürdük. Deyəsən, elə o hadisədən sonra Mehriban vaxtından əvvəl doğdu... Rəhim əminin kiçik qızıydı... Gecənin ortasında qışqırığına bütün kənd ayağa qalxmışdı. Doğum evi uzaqda, maşın yox, necə edəcəkdilər?! Bircə Şirin kişinin maşını vardı, onunla da küsülüydü Rəhim əmi. Bir də görürlər ki, Şirin dayı maşını sürüb gəlib, “Rəhim, sən bir köpüklük kişi deyilsən, amma qızını hara lazımdı ora aparacam” - demişdi... Beləcə barışmışdılar! Rəhim əmini infarkt vurub deyəsən, keçən il gələndə yataqdaydı, indiyə sağalar bəlkə də...

 

Bu da dəniz! Min hoqqa çıxarırdıq yayda dəniz kənarında. Səsi də dəyişməyib, üzü də qırışmayıb dənizin. Elə həmənkidi. Bizim dənizimizdi... Su da ilıqdı. Müəmmadı da bu Abşeron havası... Adamın lap çimməyi gəlir. Amma yox, xəstələnərəm, dərmanın tapılmayan vaxtında. Sonra gərək azı on ampula dərman sifariş verəm... Bir də mütləq su filtrləri almalıyam ki, təmiz su içim, sağlam olum. Komediyadı lap... Nizami Xaqanidən zəif olmayıb. On il filoloji təhsil aldım, amma bu həqiqəti bir taksistdən öyrəndim. Gərək evdə danışım, gülsünlər... Deyir, diplomunuz saxtadı... Daha bu ağ oldu da... Bircə dəqiqə... Bircə dəqiqə... Gərək mən də aptekçi qız kimi göbələk əleyhinə dərmandan danışaydım bunlara... Bircə dəqiqə... Hahahahah... Amma yaxşı gün oldu. Nə qəribə xasiyyətim var ey mənim... Yaz ilə qış yarışa giriblər elə bil!

 

525-ci qəzet 2018.- 9 iyun.- S.16-17.