Könül
Vəlibəyli: “Ötən 10 ilimin ən gözəl bəhrəsi..."
CÜMHURİYYƏT İLİNDƏ
MİLLİ GEYİMLƏRİMİZƏ
GÖSTƏRİLƏN CİDDİ MÜNASİBƏT VƏ
GENİŞ İCTİMAİ RƏĞBƏT OLDU”
2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 100 illik yubiley ili kimi əlamətdardır.
Bu münasibətlə cari il Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə
“Cümhuriyyət İli” elan olunub.
İstər Azərbaycanda, istərsə də ölkəmizin
hüdudlarından kənarda bu tarixi hadisə ilə
bağlı müxtəlif tədbirlər, layihələr həyata
keçirilir. Hər bir qurum öz sahəsi üzrə bu ilə
töhfə verməyə çalışır. Bakı
Milli Geyim Evi də bu sırada özünəməxsus yer
tutur.
Mərkəzin rəhbəri Könül Vəlibəyli
ilə bu mövzuda söhbətləşmişik:
- Könül xanım,
Bakı Milli Geyim Evi olaraq, Cümhuriyyət ilində
gördüyünüz böyük işlərlə tez-tez
gündəmə gəldiniz. Bu ildə fəaliyyətiniz necə
başladı və necə davam edir?
- Artıq 2017-ci ildən Bakı Milli Geyim Evi olaraq
Cümhuriyyət ilinə hazırlaşmağa
başlamışdıq. Çünki keçən ildən
bilirdik ki, bu il ölkəmizdə çoxsaylı dövlət
tədbirləri keçiriləcək və bu, təkcə
ölkəmizdə deyil, digər ölkələrdə də
təşkil olunacaq. Buna görə də artıq bir ilə
yaxındır ki, biz hazırlaşırdıq. İlin əvvəli,
əsasən də Novruz bayramından bir çox xarici ölkələrdəki
səfirliklərdən təkliflər gəlmişdi. Onlar
deyirdilər ki, Cümhuriyyətimizin yubileyi ilə
bağlı keçiriləcək tədbirlərdə
qonaqları məhz milli geyimlərimizdə qarşılamaq
istəyirlər. Əlbəttə ki, bu, mənimçün
çox böyük fəxr və qürurdur. Bu gün bizim
milli geyimlərimizi təkcə sənətçilər
deyil, artıq diplomatlarımız, millət vəkillərimiz,
cəmiyyətdə yüksək statusa malik
ziyalılarımız da geyinmək istəyirlər. Təkliflərdən
dərhal sonra onlar milli geyimlər hazırlamağa
başladıq. Həmin ərəfələrdə bir qrup
ziyalı xanımlarımız Sidney şəhərində
keçirilən qurultaya qatıldılar. Orada böyük
beynəlxalq konfrans keçirildi. Onların içərisində
həkimlər, alimlər, müxtəlif yaşda olan fəal
xanımlarımız vardı və biz onlar üçün
də son dərəcə həvəslə uyğun geyimlər
hazırladıq.
Hələ iyun ayının əvvəli
olmağına baxmayaraq, bizim artıq iki ölkədə
böyük dəfiləmiz keçirilib. Həmçinin, bu ərəfədə
Azərbaycan Diplomatik Akademiyasında çox gözəl məzun
gecəsi və Cümhuriyyətimizin 100 illiyinə həsr
olunmuş tədbir keçirildi. Oradakı müəllimlər,
tələbələr bizim milli geyimlərimiz, kəlağayılarımız,
araqçınlarımızla göründülər.
Cümhuriyyət ilində milli geyimlərimizə göstərilən
ciddi münasibət və geniş ictimai rəğbət
ötən 10 ilimin ən gözəl bəhrəsi oldu. Mən
indi bunu böyük fəxr və məsuliyyət hissilə
deyirəm.
- Bu il hansı ölkələrdə dəfilələriniz
oldu?
- Bu il üçün bizim ilk dəfiləmiz Cənubi
Koreyanın Seul şəhərində oldu. Bu barədə bizə
təklif Seul Moda Assosiasiyasından gəldi. Onlar dedilər ki,
biz istəyirik Koreya və Azərbaycan milli geyimlərindən
ibarət bir dəfilə təşkil edək. Biz də bu təklifi
böyük məmnuniyyətlə qəbul etdik və burdan
ora 35-ə yaxın milli geyim apardıq. Onun hardasa 10-u kişi,
25-ə yaxını isə qadın geyimləri idi.
Koreyalılar həmin dəfilədə bizim Azərbaycan milli
geyimlərimizi geyindilər. Həqiqətən də çox
gözəl və fərqli idi. Doğrudur, mən Amerikada
bizim “Arşın mal alan” əsərimiz səhnələşdirilərkən
də xaricilər üçün milli geyimlərimizi
hazırlamışdım. Amma həmin gün koreyalı gənclər
bizim geyimlərimizi çox gözəl və yüksək səviyyədə
təqdim etdilər. Mən başda Azərbaycanın
Koreyadakı səfiri Rəmzi Teymurov olmaqla bu dəfilənin
təşkilində əməyi olan hər kəsə təşəkkür
edirəm. Rəmzi bəyin həyat yoldaşı Könül
xanım da ictimai məsələlərdə olduqca aktiv,
dövlətimizi, dövlətçiliyimizi sevən, təbliğ
edən bir xanımdır. O, həm də çox gözəl
pedaqoqdur. Orada universitetlərin birində pedaqoji fəaliyyətlə
məşğuldur.
Ondan sonra orada keçirilən ikinci dəfiləmiz də
ən az birinci qədər böyük marağa səbəb
oldu. Həmin tədbirə də müxtəlif ölkələrdən
yüzlərlə diplomatlar, səfirlər, səfirlik
nümayəndələri, işgüzar insanlar
qatılmışdılar. Orada Azərbaycan milli geyimi, milli
yeməkləri çox gözəl şəkildə təqdim
edildi. Onların bizə, mədəniyyətimizə
qarşı bu qədər böyük marağı sevindirici
idi.
Biz hələ oraya getməmişdən öncə
bizə başqa bir təklif də Sankt-Peterburqdan gəlmişdi.
Orada Ermitaj muzeyinin tərkibindəki Ermitaj otelində
Cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş
böyük tədbirdə biz 10-a yaxın milli geyimlərimizi
milli musiqlərimizin sədaları altında təqdim etdik.
Biz orada “Ənənədən gələcəyə” devizi
altında çıxış etdik. Ənənəni
Bakı Milli Geyim evi, gələcəyimizi və müasir
modamızı isə tanınmış modelyer Fəxriyyə
Xələfova təmsil edərək öz işlərini
nümayiş etdirdilər. Orada Sankt-Peterburqun
ziyalıları, alimləri, incəsənət xadimləri
iştirak edirdilər.
- Sözlərinizdən belə başa
düşürük ki, digər ölkələrin bizim milli
geyimlərimizə qarşı böyük maraqları var.
- Bəli, elədir. Ölkə daxilində
keçirilən Novruz bayramı ərəfəsi və
bayramdakı tədbirlərdə sənətçilərimizi,
hətta məktəblərdə balaca balalarımızı
öz milli paltarlarımızla geyindirmək təbii ki,
xoşdur, gözəldir. Ancaq burdan əlavə, ölkə
xaricində də təbliğatın böyük
üstünlükləri var. Bu mədəniyyəti təkcə
biz görməli deyilik, bunu digər xalqlar, dövlətlər
də görməli, bu barədə məlumatlanmalıdırlar.
İndi Bakı Milli Geyim Evi Amerikadan, Meksikadan, Cənubi
Koreyadan, Avstraliya, Malayziya və başqa bu kimi uzaq ölkələrdən
dəfilə təklifləri alır.
Bütün fəaliyyətim boyunca bir şeyi
özüm üçün təsdiq etdim ki, biz dünya
üçün çox maraqlıyıq. Bizim adət-ənənələrimizi,
keçmişimizi, milli-mənəvi dəyərlərimizi,
musiqimizi, sənət əsərlərimizi çox sevir və
dərindən maraqlanırlar. Bizim geyimlərimizi sevə-sevə
təqdim etdiyimiz Əməkdar artist Fərqanə Qasımova
bütün dünyada musiqimizin layiqli təbliğatı ilə
məşğuldur. Bütün Türk dünyasının
sevilən müğənnisi, Xalq artisti Azərin
xanımın da TRT-Avaz kanalında illərdir
aparıcılığını etdiyi verilişin geyimlərini
biz hazırlayırıq.
Əslində, heç də böyük bir
işçi qüvvəsi yoxdur burada. Çox kiçik bir
kollektivlə biz bu qədər böyük işlərin
öhdəsindən gələ bilirik. Çünki kollektivin
hər bir üzvü öz işini sevən və peşəkar
insanlardır. Bunun üçün kollektivimə minnətdaram,
əlbəttə.
- Səhnə geyimləri
hazırlayırsınızmı?
- Bəli. Bildiyiniz kimi, İncəsənət
Universitetində Bakı Milli Geyim Evinin tədris mərkəzi
fəaliyyət göstərir. Həmçinin, həmin
universitetin nəzdində yaradılmış “Səda” Tədris
Teatrı ilə də əməkdaşlığımız
var. Onların tamaşalarında, layihələrində istifadə
olunan geyimləri biz hazırlayırıq. Elə iki gün
öncə premyerası keçirilən “Hərə bir qəhrəman”
tamaşasının geyimlərini də biz hazırladıq.
Yazıçı Qan Turalının pyesi əsasında
rejissor Gümrah Ömərin quruluşu ilə hazırlanan bu
tamaşa da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyinə həsr olunub. Bu tamaşa təklifi İncəsənət
Universitetinin keçmiş rektoru Fərəh xanım
Əliyevadan gəldi. Rollarda “Sabah” qrupunun gənc
aktyorları, tələbələr rol alıb.
Düşünürəm ki, çox maraqlı və önəmli
bir iş ortaya qoya biliblər.
- Bəs səhnə geyimlərinin
spesifikası nədir?
- Biz artıq uzun müddətdir ki, səhnə geyimlərini
hazırlayırıq. Azərbaycan Dövlət Akademik Rəqs
Ansamblının, F.Əmirov adına Azərbaycan Dövlət
Mahnı və Rəqs Ansamblının, Gəncə
Filarmoniyasının, Göygöl ansamblının və s.
bu kimi bir neçə böyük kollektivlərin səhnə
geyimlərini hazırlamışıq. Səhnə geyimlərini
mən çox sevirəm. Çünki hər tamaşa
özü özlüyündə bir tarixdir, hər obraz bir
yaradıcılıq nümunəsidir. Bütün bunları
hazırlamaq böyük əmək, diqqət və sevgi tələb
edir. Çünki bu əsərlərdə həm
keçmişimiz, həm müasir dövrümüz, həm
də gələcəyimiz var. İndi elə bir zamanda
yaşayırıq ki, gənclərimizi nə təəccüləndirmək,
nə də qane etmək olur. Ona görə də bu iş
ayrıca diqqət və müşahidə qabiliyyəti tələb
edir. Biz Rus Dram Teatrında “Karnaval” və “Arşın mal alan”
kimi iki böyük tamaşanın geyimlərini
hazırlamışıq. Səhnə əsərini
hazırlamaq yalnız parçayla, iynə-sapla, aksesurla deyil,
həm də insanla, dövrlə, tarixlə, hadisəylə məşğul
olmaqdır. Bu mənada çox maraqlıdır.
Ən böyük arzum gələcəkdə çəkiləcək
hansısa tarixi filmin geyimlərini hazırlamaqdır. Bilirəm
Kinostudiyada köhnə filmlərdən qalmış kifayət
qədər paltarlar var. Amma çox istərdim ki, Bakı
Milli Geyim evi bu cür böyük bir layihədə yer
alsın. Bunun nə zamansa olacağına ürəkdən
inanıram.
- İllər öncə
“Sara Xatun” qadın jurnalı nəşr edirdiniz. Amma jurnal
müəyyən müddət fasilədən sonra bu il yenidən
çap olundu. Bu işiniz necə davam edir? Reaksiyalardan məmnunsunuzmu?
- Bu jurnal Azərbaycan mədəniyyətində, mətbuatında
çox önəmli bir hadisəyə çevrilmişdi.
Müəyyən səbəblərdən bir müddət nəşrini
dayandırmalı olsaq da, gördük ki, buna ehtiyac
böyükdür və biz bunu yenidən bərpa etdik.
Jurnalın bərpası bizə itirdiyimiz dostları yenidən
qaytardı. Bizi axtaran, tapa bilməyəm, geyimlərimizi əldə
etmək istəyənlər bu jurnal vasitəsilə yenidən
bizimlə əlaqə yarada bildilər. Məsələn, biz
bu jurnalla bir layihə həyata keçirdik. Layihə çərçivəsində
biz cəmiyyətimizin müxtəlif sahələrində
tanınmış, öz işinin peşəkarı olan
xanımlarımızla milli geyimlərdə fotosessiyalar etdik.
Bu da məhz Cümhuriyyət ilinə təsadüf etdi və
mən bu ildəki uğurlarımızın yarıdan
çoxunu məhz bu jurnala borcluyam. Bu da mətbuatın,
piarın önəmini bir daha sübut edir. Görülən
işlər mütləq
işıqlandırılmalıdır ki, cəmiyyət də
məlumatlansın. Bu imkanı da bizim üçün “Sara
Xatun” jurnalı yaratdı.
Bu jurnalla bağlı da müxtəlif təkliflər
aldıq və biz gələcəkdə də bu
uğurların davam edəcəyinə inanıram.
- Cümhuriyyət ilinin qalan ayları
üçün hansı planlarınız var?
- Yüzdən çox geyimimiz hazırdır. Bizə
xarici ölkələrdən təklif olanda mütləq canla-başla
iştirak etməyə çalışırıq. Ölkə
daxilində isə keçirilən tədbirlər var ki, biz o
tədbirlərdə iştirak edən sənətçilərimizi.
Gənclərimizi milli geyimlərimizlə təmin edirik və
edəcəyik. Bakı Milli Geyim Evi ilə yanaşı, həmçinin,
“Sara Xatun” jurnalımızın iki nömrəsi məhz
Cümhuriyyət ilinə həsr olunacaq. Onlardan biri bizim
Cümhuriyyət dövründə fəaliyyət göstərən
ziyalı xanımlarımıza həsr olunacaq. Həmçinin,
bildiyiniz kimi, Sara Xatun bizim ilk diplomat qadınımız olub.
Biz bununla bağlı da bir layihə düşünmüşük.
Yəqin ki, ölkə daxilində və xaricində fəaliyyət
göstərən diplomat xanımlarımızı
oxucularımız jurnalımızın səhifələrində
milli geyimlərimizdə görəcəklər. Bizim
gördüyümüz işlər tək bu ili əhatə
etmir. Biz 10 ildir yorulmadan çalışırıq, bundan
sonra da böyük ruh yüksəkliyi ilə davam edəcəyik.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-
2018.- 9 iyun.- S.12.