“Uşaqlıqdan
devizim “Daim irəli!”dir...”
Yazıçı
Varislə müsahibə
Yazıçı Varis Yolçuyev son günlərdə
özünün bir sıra uğurları ilə diqqət mərkəzindədir.
O,
mayın 24-dən 28-dək Rusiya Federasiyasının Soçi
şəhərində 30-dan artıq ölkənin, eləcə
də Rusiyanın 50 regionunun 170 yazıçısının
qatıldığı nüfuzlu “LiFFt-2018” ədəbiyyat
üzrə üçüncü festivallar festivalında
hamını qabaqlayaraq qızıl medala layiq
görülüb.
Buna
görə də səfərdən yenicə
qayıtmış yazıçımızla bu festival və
digər uğurları, gördüyü işlər barədə
söhbət etdik:
- Varis
müəllim, bu günlərdə növbəti uğura imza
atmısınız. Bu münasibətlə sizi
təbrik edirik. Oxuculara bu haqda daha geniş
məlumat verməyinizi istərdik.
-
Artıq 3-cü ildir ki, keçirilən Avrasiya materikinin ədəbiyyat
üzrə “LiFFt festivallar festivalı” kifayət qədər
nüfuzlu festivaldır. Belə ki, təsisçiləri
Avrasiya Millətlər Assambleyası, Rusiya Millətlər
Assambleyası, LiFFt Avrasiya Xalqlarının mədəni
inkişafına Dəstək Fondu olan, rəsmi tərəfdaşları
Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi,
Rusiyanın Mətbuat və kütləvi kommunikasiyalar üzrə
Federal Agentliyi, habelə festivalın keçirildiyi Krasnodar
diyar qubernatorluğu və Soçi şəhər merliyi olan
bu festivalın işini izləməyə beynəlxalq tərkibli
böyük məmur, diplomat və media ordusu təşrif
buyurmuşdu. Festival Proqramında böyük ədəbiyyat
forumu, müxtəlif müsabiqələr, dəyirmi masalar,
ustad dərsləri, seminarlar, sərgilər, kitab təqdimatları,
kitab yarmarkaları, maraqlı incəsənət proqramları
yer almışdı. Festival may ayının 27-də
Soçi şəhərinin Mərkəzi konsert salonunda
keçirilən qala gecə ilə yekunlaşdı.
Rusiyanın və qonşu ölkələrin dövlət və
hökumət rəsmilərinin, səfirlik əməkdaşlarının,
Rusiyanın aparıcı mediasının, eləcə də
materikin bir neçə olkəsindən gəlmiş jurnalistlərin
təşrif
buyurduğu bu mərasim Azərbaycan
üçün qürurverici keçdi. Belə
ki, festivalın baş mükafatı münsiflər heyətinin
yekdil qərarı ilə mənə təqdim olundu.
Çexiyadan, Avstriyadan, Rusiyadan, Monqolustandan, Almaniyadan və
Fransadan olan vitse-laureatlar gümüş və bürünc
medallarla təltif olundular. Bütün digər
festival iştirakçıları isə fəxri diplomlara və
festival iştirakçısı sertifikatlarına layiq
görüldülər.
Festivalın
qalibi kimi mənə qızıl medal, “Qızıl LiFFt” seriyasından
yüksək tirajla “Metamorfoza” romanının çapı
müqaviləsi, qiymətli hədiyyələr təqdim
olundu. Təltif mərasimində, eləcə də
“Rossiya” telekanalına müsahibə verərkən mən bu qələbəsini
Azərbaycan Cumhuriyyətinin 100 illiyinə həsr etdiyimi
söylədim. Xatırladım ki, əvvəlki
iki “LiFFt” festivallar festivalının qalibləri Konstantin
Kedrov-Çelışev (Rusiya) və Oljas Süleymenov
(Qazaxıstan) olmuşlar.
- Belə bir uğuru gözləyirdinizmi?
-
Əslində, mən maksimalist adamam, uşaqlıqdan devizim
“Daim irəli!” olduğundan kiçik hədəflər
götürmürəm, yalnız böyük hədəfləri
nişan alıram. Festivalın
3-cü günü qısa siyahı açıqlananda
adımı siyahıda görəcəyimə heç bir
şübhəm yox idi. Ancaq
düzünü deyim ki, qızıldan daha çox
gümüşə ümid edirdim. Çünki
əsas favorit olan çexiyalı yazıçı da, digər
iddialı namizədlər də orada böyük nümayəndə
heyətinə malik idilər, böyük dəstək
görürdülər. Mənsə tək idim, yeganə
güvəndiyim “İyirmi bir” və “Sonuncu mogikan” kimi hekayələrimin
jüri tərəfindən hədsiz bəyənilməsi,
oxucu simpatiyasının mənim tərəfimdə olması,
festivalaqədərki uğurlar və titullar salnaməmin
genişliyi idi. Rusiya hökuməti ölkənin bir neçə
ali təhsil ocağının filologiya və
yaradıcılıq fakültələrini təmsil edən
istedadlı tələbələrin festivalda
iştirakını maliyyələşdirmişdi ki, onlar
tanınmış yazarlardan ustad dərsləri ala bilsinlər,
özlərini çağdaş ədəbi prosesin bir parçası hiss
etsinlər. Hekayələrim həmin tələbələr
arasında əl-əl gəzirdi. Tələbələr
mənim əsl dəstək qrupum idi.
- Orada sizə və Azərbaycan ədəbiyyatına
qarşı münasibət necə idi?
-
Yuxarıda sadaladıqlarımdan yəqin anladınız ki, mənə
qarşı münasibət çox gözəl idi. Dörd gün ərzində publikanın və
medianın demək olar ki, gözünün önündə
qərarlaşmışdım. Amma
bütövlükdə götürdükdə, kifayət qədər
təbliğ olunmamağımız, ədəbiyyatımızın
dünyaya çıxmasına xalq olaraq heç can
atmamağımızın gətirdiyi mənfiliklər, əlbəttə,
özünü göstərirdi. Ədəbiyyat
forumunda mən təmsil etdiyim ölkənin dünyanın ən
zəngin ədəbiyyat xəzinəsinə malik
olmasını təkcə elə böyük Nizami Gəncəvinin
mövcudluğu ilə ortaya qoymağa
çalışdım. Halbuki bugünün
özündə də Nizamini fars şairi
hesab edənlər əksəriyyət təşkil edir,
festival nümayəndələri içərisində də
belələri az deyildilər. Yeri gəlmişkən,
Nizanin portretini çəkib festivalın muzeyinə təqdim
də elədim. Ümumilikdə, materik yazarları
çağdaş Azərbaycan yazıçılarından
Anarın, Elçinin Kamal Abdullanın
yaradıcılığına yaxşı bələddirlər,
şairlərimizdən Vaqif Səmədoğlunun şeirlərini
əzbər bilənlər də var. Çingiz Abdullayev
postsovet məkanında çox tanınır və sevilir.
Azərbaycanla bağlı festival günləri ərzində
ən maraqlı olan iki məqamı da qeyd edim. Festival
medalçısı olmuş Monqolustan təmsilçisi Xadaa
Sandoo adlı çox unikal bir şəxs Mərkəzi
kitabxanada Dünya poeziyası antologiyasının növbəti
cildinin prezentasiyasını keçirdi. Bu
şəxs on ildir ki, dünya xalqlarının ən gözəl
şeir nümunələrini toplayıb ingilis dilinə
çevirtdirib öz vəsaiti ilə çap edir.
2018-ci il antologiyasında xalq şairimiz Nəriman
Həsənzadənin adını görəndə çox
gözəl hisslər keçirdim. Festival
çərçivəsində Avrasiya Millətlər
Assambleyasının sifarişi ilə hazırlanan Avrasiya
Ədəbiyyatı Antalogiyası adlı kitabın təqdimatında
isə yenidən sevinc hisslərinə büründüm.
Belə ki, dünyanın bütün böyük
kitabxanalarına hədiyyə ediləcək, yüzə
yaxın ölkəsində təbliğ olunacaq bu Antalogiyada
gözəl şairimiz Rəşad Məcidin şeirləri,
Əjdər Olun və mənim hekayələrim də yer
alıb. Azərbaycana ən böyük
münasibət isə son gündə hətta bizə xor
baxanların belə bayrağımızın
ucaldilmasını, himnimizin səsləndirilməsini alqışlamaları
oldu.
Qarabağ müharibəsi yaşayan xalqın nümayəndəsi
kimi məni ən çox maraqlandıran mükafatsız qalan
ermənilərin böyük nümayəndə heyətinin qələbəmə
reaksiyası idi. Qala gecəsində qızıl
mükafatçı olaraq mənim adım elan olunanda və Azərbaycan
bayrağı dalğalananda bütün zal məni davamlı
alqışlayanda onların əyləşdiyi sıraya
göz atdım, hamısının bir nəfər kimi
ayağa qalxıb zala qoşulmasının və əl
çalmasının şahidi oldum. Bilirsiniz,
festivalın qızıl medalçısı kimi necə
qürur hissi keçirirdimsə, ermənilərin mənim
bayrağımı alqışlamaq məcburiyyətinə
görə də beləcə qürur duydum.
- Və festivaldan cəmi bir neçə gün sonra beynəlxalq statuslu yüksək bir vəzifəyə təyin olundunuz. Yeri gəlmişkən, bu münasibətlə də sizi təbrik edirik.
- Bəli, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri vəzifəsinə təyin olunmuşam. Bu mötəbər qurumda həmsədrlik missiyasını Almaniya, Fransa, Rusiya, Qazaxıstan, Belarus, Danimarka, Avstriya və Çindən olan digər 8 həmsədrlə birgə icra etməyə başlamışam ki, onların da arasında Sergey Biryukov, Nadaa Sendoo, Aleksandr Ratkeviç, Oljas Süleymenov kimi tanınmış və nüfuzlu şəxsiyyətlər yer alıb.
Həmsədrlərin missiyası 5 milyard nəfərdən artıq əhali yaşayan, 94 ölkəni birləşdirən bu nəhəng materikdə böyük və əhatəli ədəbiyyat layihələrinin təşkili məsələləri ilə məşğul olmaqdır. Əsas məqsədi xalqların geniş dialoqu, qarşılıqlı əlaqələri və ictimai diplomatiyası əsasında Böyük Avrasiya Əməkdaşlığı İctimai İnteqrasiya Modelinin formalaşdırılmasını təmin etmək hesab edilən Avrasiya Millətlər Assambleyasının bir qurumu olaraq Ədəbiyyat Şurası özlüyündə cəmiyyətlərin ədəbiyyata, ümumən mədəniyyətə daha çox diqqət ayırmasına, mənəvi-əxlaqi dəyərlərə daha çox önəm verilməsinə xidmət edir.
Belə yüksək beynəlxalq tribuna əldə etməyimdən böyük qürur duyur, fürsətdən istifadə edib Azərbaycanımıza, mədəniyyətimizə, ədəbiyyatımıza fayda gətirmək üçün əlimdən gələni əsirgəməyəcəyimi bildirirəm.
- Ümumiyyətlə,
tənqidçilərin, ədəbi mühitin sizin
yaradıcılığınıza münasibətindən
razısınızmı?
- Mən Azərbaycan Yazıçılar Birliyinin komissiya üzvü olmaqla yanaşı, həm də Rusiya Yazıçılar İttifaqının, “İnternational union of Writers” təsisatının da üzvüyəm, indi həm də Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədriyəm. Beynəlxalq miqyasda götürsək, Şərqi Avropanın ən böyük ədəbiyyat dərgisi olan “Rossiyskiy kolokol” dərgisinin şərhçisi Yelena Vasilyevanın, tanınmış Rusiya yazıçıları Sergey Lukyanenkonun, Aleksandr Qritsenkonun, ABŞ-ın tanınmış ədəbiyyat agenti Lun Menkenin, tanınmış Belarus yazarı Aleksandr Ratkeviçinn, abxaz yazarı Vladimir Delbanın, Türkiyənin nüfuzlu Milliyyet qəzeti ədəbiyyat redaksiyasının, Özbəkistanın Darakçı nəşrinin redaktoru Rustam İqbolun yaradıcılığım haqqında səsləndirdikləri xoş sözlər, yazılan məqalələr, Moskva şəhərində fəaliyyət göstərən Qorki adına Beynəlxalq Ədəbiyyat institutunda müdafiə olunan elmi işlərdən birinin yaradıcılığıma həsr olunması belə deməyimə əsas verir ki, tənqidçilərin, ədəbi mühitin mənim yaradıcılığıma münasibəti obyektiv və gözəldir. Şübhəsiz ki, Azərbaycanda da yaradıcılığıma diqqət ayıran, dəyər verən tanınmış, nüfuzlu ədəbiyyat xadimləri az deyil. Nəsrimizin canlı klassiki Elçinin, ədəbi tənqidimizin görkəmli nümayəndələri Vaqif Yusiflinin, Nizaməddin Şəmsizadənin adlarını çəkməyə bilmərəm.
Mən ədəbiyyata doxsanıncı illərdə böyük yazıçımız İsmayıl Şıxlıdan dərs alaraq gəlmişəm. Amma ilk romanım yalnız 2008-ci ildə işıq üzü görüb. Cəmiyyətdə ədəbiyyatın rolunun olmaması, kitab mağazalarının kütləvi məhv edilməsi fonunda mən ədəbiyyata hansısa hazır güclü bir əsərlə yox, balletristika ilə gələsi oldum. “Sonuncu ölən ümidlərdir” adlı bu roman planlarımın həyata keçməsində ilk addım oldu. “Kitab klubu” ilk kitabımı müstəqil Azərbaycanın tarixində ən çox oxunan kitab elan etdi, 10 min tirajlıq debüt nəşri, sonradan 6 il dalbadal təkrar nəşr, pirat kitabı bazarının ən çox ona üz tutması kimi faktlar var, kitab söylənəndə ağız büzən minlərlə gənc bu kitabla mütaliəyə başladı.
Mən cəmiyyətin diqqətini ədəbiyyata yönəltdim, sonra isə kütləvi oxucuya belletristik əsərlər yönəltməklə yanaşı, özəl oxuculara “Metamorfoz”, “Yetmiş yeddinci gün”, “Yanvarın 13 günü”, “Sonuncu mogikan” kimi fəlsəfi-psixoloji əsərlər təqdim etdim.
Belletristikaya görə tənqid olundum, düzdür, amma sonrakı yolum mənə bol təriflər, mükafatlar, böyük tirajlar gətirməkdədir. Mənim ədəbiyyat devizim “Yazıçı oxucunun ardınca getməz” söyləyən həmkarlarımdan fərqlidir. Onlar sandıq ədəbiyyatı yaratmağı üstün tuturlar, mənsə ədəbiyyata oxucu gətirməyi üstün tuturam. İlk romanımın oxucusu olan yüz minlərin indi bir hissəsi yenə belletristika axtarışındadır, amma digər hissəsi hazırda həvəslə ciddi ədəbiyyat oxuyur.
-
Yaradıcılığınızla bağlı yeni
planlarınız nələrdir?
- Mənimçün bir sutka 23 saatdan, bir ay 29 gündən, bir il 11 aydan ibarətdir. Vaxt elə sürətlə uçur ki, görəcəyim işləri çatdıra bilməməkdən qorxuram. Ona görə də daha əzmlə çalışıram. Uğurlar qənaətlənmək, tükənmək üçün deyil, digər uğurlara stimul almaq üçündür. Qarşıda yenə növbəti uğurlar olacaq, inşallah.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 9 iyun.- S.11.