Parisa Arsalani: “Azərbaycandan həmişə
böyük diqqət və sevgi görmüşəm”
Amerikalı musiqi jurnalisti Alexandra
İvanoff onun haqqında danışarkən deyirdi: “Parisa
Arsalaninin səsi qeyri-adi və çox unikal bir səsdir: ahəngdar,
parlaq, dolğun. Səsi rəngli kaleydoskopa malikdir - ekzotik bir ərazinin
rəngləri, itirilmiş sevginin kəhraba çalarları
və arzuların poetikasıdır!.. - Hər
ikisi həm başa düşülən və həm də
vüsala yetməmiş... Baxmayaraq ki, cavandır, onun səsi
öncəki yüzillərə bağlı olan yaşlı
bir ruh kimi danışır.
Onun texniki diapazonu olduqca qeyri-adidir: o,
bu əsintiləri Azərbaycan xalq idiomları (deyim, ləhcə)
boğanaqlarına keçirə bilir. Qərbin mürəkkəb
frazeologiyasına görə Azərbaycan xalq deyiminin uyumu bəlkə
çətin ola bilər, ancaq onun
janrındakı sıxlıqdan
sıçrayışına, fərqlənməsinə səbəb
onun diksiyasının qeyri-adi səs dərinliyi ilə birləşdiyi
aydınlıqdır.
Parisa Arsalaninin ehtiraslı vokalizmi,
güclü iç dünyası onun səmimiyyətini şəkilləndirir...”
Bugünlərdə bu xoş fikirlərin ünvanı,
dünya şöhrətli müğənni, musiqimizi hər
yerdə tanıtdıran və sevdirən İran azərbaycanlısı
sənətçi Parisa Arsalani paytaxtımızın
qonağıdır. Bu bir neçə günlük səfərindən
istifadə edib xanım sənətçi ilə
görüşmək, söhbət etmək şansı
qazandıq. Bütün məsuliyyətimizlə deyə
bilərik ki, bütün dünyanı səsi və bənzərsiz
ifası ilə heyrətə salan Parisa Arsalani bu
görüşümüzdə bizi həm də öz təvazökarlığı,
sadəliyi, səmimiyyəti, mehribanlığı və
gülən üzü ilə bir daha heyrətləndirməyi
bacardı:
- Parisa Arsalani - dünyada
tanınmış ad... Ən müxtəlif
ölkələrdə Azərbaycan musiqisini layiqincə təmsil
edən müğənnisiniz. Bəs niyə
adınız Azərbaycanda çox da eşidilmir?
- Bilmirəm,
bəlkə də Azərbaycana gəlmədiyimə görədir.
Azərbaycan musiqisini təmsil və təbliğ etməyimə
baxmayaraq, axırıncı dəfə doqquz il
öncə gəlmişdim. Konsertlər üçün
kontaklarımız var,
Azərbaycan və Azərbaycan xalqı mənim
başımın və qəlbimin tacıdır, istədikləri
zaman qaçıb gələrəm.
- Azərbaycan musiqisinə bu maraq və
sevgi necə yarandı sizdə?
- Bu, məndə
ta uşaq yaşlarımda yaranıb. Bizim ailəmiz
çox ziyalı və sənətsevər, öz qədim
kültürümüzü saxlayan, mühafizə edən bir
ailə olub. Hələ çox kiçik
yaşlarımdan ən səviyyəli musiqilərimiz bizim evdə
səsləndirilirdi. Yadıma gəlir ki,
bizim evdə ayrı-ayrı Azərbaycanın böyük sənətkarlarının
albomları olardı. Azərbaycanın
dahi bəstəkarlarının əsərləri, “Leyli və
Məcnun” operası və digərlərindən ibarət
albomlarımız vardı. Həmin nəğmələr
indi də qulaqlarımdadır. Bəlkə
də belə bir mühitdə doğulub böyüməyim məndə
bu musiqiyə və ümumilikdə, Azərbaycan mədəniyyətinə
qarşı böyük sevgi yaradıb.
- Əslən Azərbaycandansınız?
- Bəli,
mən İranda Azərbaycanın ən qədim bölgələrindən
biri olan Urmiya şəhərində dünyaya gəlmişəm.
- Musiqi istedadınızı necə
kəşf etdiniz?
- Biz hələ
balaca olanda valideynlərimiz bizə Azərbaycan musiqi alətləri
almışdılar. Və istəyirdilər ki,
biz Azərbaycan musiqisini öyrənək. Ancaq buna baxmayaraq, mənim həmişə səsim
diqqət çəkirdi. Artıq o
vaxtlardan ətrafımda da insanlar səsimin, musiqi duyumumun
olduğunu deyirdilər. İllər
keçdikcə səsimi bəyənənlərin sayı
artırdı. Artıq musiqi biliyinə
güvəndiyimiz bəzi insanlar da bunu deyirdilər. İllər sonra Azərbaycana gəldim və
Konservatoriyanı bitirdim. Sonra isə
musiqimizi dünyada tanıtmaq, təbliğ etmək
üçün buradan getməli oldum.
- Əsasən, hansı
ölkələrdə konsertlər verirsiniz?
- Demək
olar ki, dünyanın hər tərəfindən maraq və
sevgi var. Tez-tez konsertlərə dəvət edirlər. Avropada, Türkiyədə və başqa ölkələrdə
çıxışlarım olub. Amma son
zamanlarda yeni çıxan albomla əlaqədar gələn
konsert təkliflərini gözlətməli oldum. Çünki bütün enerjimi məhz buna sərf
etmək istəyirdim. Dəvət çox
olsa da, bir müddət fasilə verdim. Artıq
albom işıq üzü gördü və
düşünürəm ki, buradan qayıdandan sonra
onları dəyərləndirəcəyik.
- Yeni
albomunuzdan söz düşmüşkən, bir az da ondan danışaq. Təəssüf
ki, hələ Azərbaycana gəlib çıxmayıb.
- Albom
2017-ci ildə işıq üzü gördü. Bəli, hələ ki Azərbaycanda eşidilməyib.
Adı “Resonance”dır. Bəlkə də
bu fakt sizi təəccübləndirə bilər, ancaq biz bu
albomun üzərində dörd il işlədik.
Bunun əsas səbəbi bəlkə də mənim
həddindən artıq həssaslığımdır.
Gördüyüm işin ən yaxşı səviyyədə
olmağına can atıram və buna görə də belə
uzun müddətdə çalışdıq. Təbii ki,
dörd il dayanmadan işlənilməyib, arada
müəyyən fasilələr olub. Və nəhayət,
biz bu albomu bitirdik. Albom çox yüksək
səviyyədə hazırlanıb. Çox yüksək keyfiyyətli studiyada
lentə alınıb. Və səs keyfiyyəti
baxımından “Apple Music” tərəfindən “Masterd For
Itunes” labeli
alıb. Ümumilikdə, doqquz musiqi
var. Azərbaycanın böyük bəstəkarlarının
bəstələri, xalq mahnıları və iki dənə də
öz bəstəm daxil edilib.
- Demək ki, mahnı da
yazırsınız?
- Bəli,
bu albomda söz və musiqisi mənə aid iki mahnım yer
alıb. Birincisi, Urmiya gölü
haqqındadır. Bilirsiniz ki, bizim məşhur
Urmiya gölümüz qurumaq təhlükəsi ilə
üz-üzədir. Mən də öz sahəmin
vasitəsilə Urmiya gölünün səsini, fəryadını
dünyaya çatdırmaq istədim. Əsərin
adı “Flamingo”dur. İkinci əsər isə
bütün dünya azərbaycanlılarının simvoluna
çevrilən futbol klubu “Tiraxtor”a yazdığım
marşdır. Onun da sözləri və
musiqisi mənə məxsusdur. Burada, həmçinin,
“Hapsana” adlı bir parça var ki, həmin musiqi sizdə “Əlimi
bıçaq kəsibdir” adlanır. Bu, artıq
bizdə unudulmuşdu. Mən bu əsəri oxumaqla buna
yenidən can verdim, “Hapsana”nı albom vasitəsilə yada
saldım və insanlarda böyük marağa səbəb
oldu. Bundan başqa, İranda bizim Azərbaycan bölgəsində
çox qədim tarixə malik və yenə o da unudulmaqda olan
“Nazlı yar” adlı xalq mahnısı vardı. Onun eyni melodiyası bu tayda sizdə “Yaylıq”
mahnısıdır. Onun hansının
daha qədim olduğunu bilmirəm. Ancaq
sözlərə nəzər salanda belə
düşünürəm ki, çox güman “Nazlı yar”
daha qədimdir. Həmin mahnını da
yenidən ifa etdim və insanların yadına saldım.
- Albom necə qarşılandı?
- Albom
çox sevildi, öz ətrafında böyük maraq
yaratdı. Xüsusən “Hapsana” və Fikrət
Əmirovun bəstəsi olan “Mən səni araram”
mahnısı heç gözləmədiyim şəkildə
böyük rezonansa səbəb oldu. Albomdan bir müddət
sonra “Apple Music” “Itunes”dan mənə gözləmədiyim
bir elektron formada təbrik məktubu gəldi. Məlum oldu ki, mənim
özüməməxsus şəkildə ifa etdiyim Fikrət
Əmirovun “Mən səni araram” mahnısı “Apple Music” və
“Itunes” Çilidə ən sevilən və ən çox
dinlənən mahnıların siyahısı olan “Top-100” cədvəlinə
daxil olub və birinci sırada yer alıb. Bu
birinciliyi mahnı düz üç həftə öz əlində
saxladı. Ondan sonra həmin musiqi
Kanadanın “Top-200”lüyünə daxil oldu və iki həftə
ərzində orada qaldı.
Bu, mənim üçün böyük
bir uğur idi ki, bizim dilimizi bilməyən insanlara Azərbaycan
musiqisini bu qədər sevdirmişdim. Bu, tək
mənim yox, Azərbaycan musiqisinin çox böyük bir
uğuru idi. Sözləri bilməyən, anlamayan
insanların mənim səsimi və ifamı, bu musiqini bu qədər
sevmələri məni sevindirir. Düşünürəm
ki, elə musiqinin də ən böyük uğuru və
özəlliyi budur.
- Müasir Azərbaycan
musiqisini izləyə bilirsinizmi? Bu
haqda düşüncələriniz necədir?
- Azərbaycanın çox dəyərli musiqisi var. Məsələn, muğam sahəsində. İzlədiyim qədərilə son zamanlar muğamın təbliği yönündə gözəl işlər görülür. Dövlət səviyyəsində muğama xüsusi qayğı ilə yanaşır və bu qayğının nəticəsində Azərbaycan muğamını və musiqisini dünyada da tanıyır və çox sevirlər. Tarix boyu bu musiqini gözəl şəkildə ifa edən və yaşadan sənətkarlarımız olub və indi də onların açdığı cığırla irəliləyən gözəl xanəndələr var. Ondan başqa, cazda da yeni formalar, yeni işlər görülür və düşünürəm ki, kifayət qədər uğurludur. Təəssüf ki, eyni sözləri estrada haqqında ürəklə deyə bilmirəm. Təbii ki, bu sahədə də gözəl işlər var. Amma müşahidə etdiyim qədərilə yeni yaranan mahnılarımızda yad ünsürlərə, xarici təsirlərə meyillilik görürəm. Məsələn, mən dinləyərkən sözləri olmasa, seçə bilmirəm ki, bu, amerikan, türk, yoxsa Azərbaycan bəstəsidir. Mən yenilik tərəfdarı insanam. Amma bu yenilik tamamilə öz kökünü, mədəniyyətini, dəyərlərini kənara qoyub, xaricin nüsxəsini yaratmaq demək deyil. Öz dəyərlərimizin üzərində yeniliklər yarada bilərik. Milliliyimizi qorumaq şərtilə. Əlbəttə, bunu hamısına aid etmirəm. Bu janrda da gözəl və dəyərli musiqilərimiz heç də az deyil.
Biz sənətçilərin əsas məqsədi və məramı bu musiqini layiqincə təmsil etmək, dünya insanına tanıtmaq və sevdirməkdir. Azərbaycan musiqisi dünyanın ən nadir musiqilərindən biridir. Hərçənd ki, tam layiq olduğu qədər tanıdılmayıb. Onu tanıtmaq vəzifəsi də bizim üstümüzdədir. Təbii ki, bu iş dövlətin də nəzər-diqqətindən kənarda deyil. Azərbaycan dövləti son illərdə hər vəchlə bu mədəniyyət nümunəsinin başqa ölkələrdə tanıdılmasına çalışır. Mən şəxsən bir çox ölkələrdə keçirilən bu cür layihələrin şahidi olmuşam.
- Azərbaycanda
sizə olan rəğbətdən razısınızmı?
Münasibət necədir?
- Mən uzaqda olsam da, Azərbaycandan, buradakı dinləyicilərdən həmişə böyük diqqət və sevgi görmüşəm. Dəfələrlə gördüyüm işlərin nəticəsi kimi burada mükafatlandırılmışam. 2016 və 2017-ci illərdə iki il ardıcıl “Azerbaijan Best Awards” mənə təqdim olundu. Ondan başqa, “Türk Dünyası Dostluq Ordeni” kimi nüfuzlu mükafata layiq görülmüşəm. Ondan əlavə Azərbaycan xalqının çox böyük sevgisini hiss edirəm. Hazırda da Bakıda olduğumu eşidən hər kəs görüşmək istəyir. Bu sevgi məni çox sevindirir.
- Dediniz ki,
çox uzun zaman sonra gəlmisiniz Azərbaycana. Deyəsən,
işlə bağlı deyil?
- Bəli, doqquz ildən sonra ilk dəfədir gəlirəm. İşimlə bağlı yox, sadəcə qonaq gəlmişəm bu dəfə. Amma konsert və digər işlərlə bağlı təklifər var Azərbaycandan. Bundan sonra işlə bağlı da səfərlərimiz çox olacaq. Artıq doqquz il kimi uzun müddətlik həsrət yaratmaram (gülür). Azərbaycanlı sevənlərimi yeni işlərimlə sevindirməyi planlaşdırıram.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 9 iyun.- S.10.