Tiflisdə 26-28 may hadisələrinin
Bakıda əks-sədası
AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ
CÜMHURIYYƏTİ İLİ ELAN ETMİŞDİR
Şirməmməd HÜSEYNOV
Müsəlman Şərqində ilk demokratik respublika -
Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə
və hansı sistem üzərində qurulmuş,
yaradılmışdı? Dövrün mətbuatında
mötəbər şərhləri nəzərdən
keçirək.
(Əvvəli ötən şənbə
saylarımızda)
TİFLİSDƏ 26-28 MAY HADİSƏLƏRİNİN
BAKIDA ƏKS-SƏDASI
1918-ci ilin 28 may İstiqlal Bəyannaməsi ilə xalqımızın
tarixi və taleyinin yeni dövrü başlamışdır.
Milli müstəqillik, dövlətçiliyimizin yenidən bərpa
edilməsi uğrunda mübarizə tarixinin tədqiqi və
öyrənilməsi sahəsində görüləcək
işlər hədsiz dərəcədə çoxdur. Son
vaxtlar hətta bu sahəyə aid xüsusi bir cildlik
ensiklopediya nəşrinə hazırlıq haqqında da
söhbət gedir. Təşəbbüsü alqışlamaq
lazımdır. Amma gərək söhbət müəyyən
siyasi məqsəd və müvəqqəti müəyyən
dəstənin sifarişi və istəyindən getməsin.
Tariximizi saxtalaşdırmaq, hakimiyyətdəkilərə
uyğunlaşdırmaq meyllərinə də son qoymaq
vaxtı gərək ki, gəlsin. Bunun üçün də
tərəfsiz, sistemli, geniş, hərtərəfli tədqiqat
üsulu bərqərar olmalıdır. Mən mətbuat
tariximizi öyrənirəm. Bildiyimiz kimi dövri mətbuat
dövrün kollektiv yaddaşıdır, hadisələrin
yazılı salnaməsidir. 1918-1920-ci illərdə Azərbaycanda
və onun sərhədlərindən kənarda ana dilində
60-a yaxın adda mətbuat orqanı
çıxmışdır. Məncə müxtəlif
istiqamətli, mənsubiyyətli, qayəli bu mətbuat
orqanlarını nəzərdən keçirmək bir
çox mətləbləri aydınlaşdırmaq baxımından
vacib və lazımdır. Məsələn, 1918-ci il mayın
26-28-də Tiflisdə Zaqafqaziyada üç müstəqil
dövlətin yarandığı elan edilmişdir. Bu tarixi
hadisələr o dövrki mətbuatda necə qiymətləndirilmiş,
oxuculara, geniş kütləyə necə
çatdırılmışdır? Maraqlı deyilmi? Məncə
maraqlıdır!
Məlumdur ki, 1918-ci il martın sonu və aprelin ilk
günlərində bolşevik rus, erməni daşnak qüvvələri
Bakı şəhəri və quberniyasını azərbaycanlılardan
təmizləyib Sovet Rusiyasına ilhaq etmək məqsədilə
yerli müsəlman əhalisinə qarşı kütləvi
qırğın-genosid siyasətinə əl atdılar. On
minlərcə günahsız dinc əhali qətliama məruz
qaldı. Canını qurtarmaq cəhdilə çoxları
şəhəri və kəndləri tərk etməyə məcbur
oldu. Azərbaycanlılara məxsus evlər, iş yerləri,
dükanlar, ictimai binalar yandırıldı, yağmalandı.
İlk hücum hədəfləri sırasında istiqlal
mücahidlərinin milli qərargahına çevrilmiş
“Açıq söz” və “Kaspi” qəzetləri
redaksiyaları və mətbəələri də tar-mar
edildi. Şəhərdə hakimiyyəti ələ
keçirmiş Bakı komissarları müxalifət qəzetlərinin
nəşrini qadağan etdilər. Ana dilində əsas mətbuat
orqanı kimi N.Nərimanovun redaktorluğu ilə “Hümmət”,
bir də aprelin 4-dən rəsmi “Bakı ətrafı fəhlə,
əsgər və matros şurasının əxbarı”
adlı sovet qəzeti çıxmağa başladı. Beləliklə,
1918-ci ilin aprelindən Azərbaycan istiqlal mücahidləri mətbu
orqansız qaldılar. Bu vəziyyət 1918-ci il sentyabrın
15-nə, yəni C.Hacıbəyli və Ş.Rüstəmbəyovun
redaktorluğu ilə Gəncədə rəsmi hökumət
qəzeti “Azərbaycan”nın nəşrinə qədər
davam etdi.
1918-ci ilin mayın 26-28-də Tiflisdə və
bütünlüklə Qafqazda cərəyan edən hadisələrə
anadilli mətbuatda münasibət necə idi? Bu barədə
“Hümmət” qəzetində ilk yazıya mayın 30-da, onun
77-ci sayında rast gəlirik: “Müstəqil Gürcüstan”,
“Ramişvilinin nitqi”, “Gürcüstanın istiqlalının
elanı”, “Seratelinin nitqi” bu qəbildəndir.
Zaqafqaziya Seyminin son iclasında gürcü menşeviklərinin
rəhbərlərindən biri İ.G.Seretelinin qəzetdə
dərc olunmuş nitqində oxuyuruq: “Menşevik sosial-demokrat
firqəsi həmişə qabaqda olaraq inqilab və birlik cəbhəsində
mübarizə etmişdir. Bu qüvvə Rusiyada olduğu
zaman, menşevik firqəsi Qafqaziyada Qafqaz demokratiyasını
birləşdirməyə başladı. Seym
çağırıldı və müstəqil Zaqafqaziya
Cümhuriyyəti binasının qoyulması elan edildi.
Menşevik firqəsinin yaxşılıqla işə
girişməsinə baxmayaraq məəttəəssüf
qanlı müharibə meydanlarında üz verən
müşkül hallardan naşi Qafqaz Cümhuriyyəti dəxi
pozuldu. Belə ki, çox xəsarətlərə
düçar olmuş erməni milləti bizdən
ayrıldı. Bədbəxt müsəlman cəmaəti isə
qara mübəlliğlərin təşviqatı sayəsində
demokratiyanın amalı və sülh müzakiratı
üçün mübarizə etməkdən imtina etdi.
Gürcü milləti valqız qaldı. Vaxt oldu ki,
sosial-demokrat firqəsi öz varlığını mühafizə
etmək üçün ən ciddi, ən lazımlı
binagüzarlıqda bulunmasını düşündü.
Yevropa demokratiyasının böyük müəllimi
demişdir: “Həmisə politika zamanı işin gedişinə
layiqincə qiymət qoymalıdır”. Cəmaət bilməlidir
ki, həmişə xəyalat ilə yaşaya bilməz.
Zaqafqaziya cəmaətinin arasında birlik yoxdur. Qnların
müxtəlif tələbatından anlaşılır ki,
birləşə bilməzlər. Seym dəxi bütün Zaqafqaziya
əhalisinin orqanı olduğu üçün bundan sonra daha
davam edə bilməz.
Gürcü tayfasının hökumət təşkilatı
yoxdur və onların Batumda rəsmi nümayəndələri
yoxdur. Belə olduqda gürcülər bu ağır və
müşkül bir halda məcburdurlar ki, özlərinə -
Gürcüstana muxtariyyət elan edərək demokratik
amalına yetişmək üçün mübarizə edənlərin
pişdarı (avanqardı) olsunlar. Gürcülər öz
varlıqları üçün çalışmaqla bərabər
qonşuları olan millətlərin dəxi qardaşlıq və
birliklərinə xidmət edəcəklər. Gürcü
demokratiyası ümumindir. Və buna görə də
bütün demokratiya ona kömək etməlidir”.
“Hümmət” qəzetinin yenə həmin 77-ci nömrəsində
“Tiflis. 27 may. Gürcüstan istiqlalının elanı” sərlövhəli
teleqram-yazıda deyilirdi ki, “Zaqafqaziya Seymi qapanandan sonra,
dvoretsin Ağ zalında gürcü Milli Komitəsinin üzvləri
Jordaniyanın sədarəti altında bir iclas yapdılar.
Jordaniya öz nitqində Gürcüstan istiqlalını təbrik
edərək dedi ki, gürcü milləti özünün
keçmiş padşahlıq zamanında Gürcüstan
nahiyyəsində olan sair millətlər nümayəndələri
ilə gözəl əlaqədə bulunduqları kimi indi də
o gözəl məsləki təqib edəcəklərdir.
Sayca az olaraq Gürcüstanda yaşayan millətlər dəxi
gürcülər ilə bir hüquqda olacaqlardır”.
Qəzetdə oxuyuruq ki, mayın 26-da saat dördə 55
dəqiqə işləmiş Gürcüstanın istiqlaliyyət
elanı oxunmuşdur. İstiqlal Bəyannaməsində
deyilirdi:
“Bu gündən sonra gürcü milləti özünə
məxsus ixtiyarata malikdir.
Gürcüstan dövlətinin şəkli-idarəsi
demokratik cümhuriyyətdir.
Beynəlmiləl ixtilaflar olduqda Gürcüstan həmişə
bitərəfdir.
Gürcüstan Cümhuriyyəti ümumbeynəlmiləl
qəvaidinə (qanunlarına) razı olaraq bütün
qonşuları ilə hüsn (yaxşı) əlaqədə
bulunacaqdır.
Gürcüstan Cümhuriyyətində bilafərq din və
məzhəb hamı müsavülhüquqdur”.
Maraqlıdır ki, Gürcüstanın dövlət
müstəqilliyinin elan edilməsinə geniş yer
ayırmış “Hümmət” qəzeti “Azərbaycanın
istiqlaliyyəti” sərlövhəli yazısında, xəbərində
xəsislik etmiş, bu mühüm tarixi hadisəyə
çox az yer vermişdir. Xəbər bütünlüklə
belədir:
“Tiflis. 29 may. Müsəlman Milli Şurası
bütün xariciyyə nazirlərinə belə bir fərman
ilə müraciət ediblər: “Zaqafqaziyanın mavərasından
(tərkibindən) Gürcüstan ayrılan kimi Şura dəxi
Azərbaycanı Cümhuriyyəti ənam (xalq cümhuriyyəti)
üzrə müstəqil elan edir. O cümlədən Şərqi-Cənubi
Qafqaziyanın Azərbaycan istiqlaliyyəti Bakı, Gəncə
və Yerevan quberniyalarından ibarətdir”.
“Hümmət” qəzetinin dərc etdiyi bu tarixi sənədlər
bəzi məsələlərin anlaşılması və təhlili
baxımından maraq doğurur.
“Günay” 10, şənbə, 3 may 2003
MİLLİ MƏSƏLƏLƏR
AZƏRBAYCAN HEYƏTİ-MÜRƏXXƏSƏSİ
RƏİSİ RƏSULZADƏ ƏMİN BƏYİN
MÜHÜM BƏYANATI
Axirən darülfünun müdərrislərindən
Halim Sabit bəy, möhtə-rəm Rəsulzadə Əmin bəy
əfəndiyə bir məktub göndərmiş, Qafqasiyada,
həmçinin bütün Şərq və Şimal
türk aləmlərindəki milli cərəyanlar haqqında
istizahatda bulunmuş, cavablarının bir qəzetəyə və
ya məcmuələrdən birinə verilməsini də rica
etmiş olduqlarından Rəsulzadə Əmin bəy əfəndi
də məcmuəmizi tənsib buyuraraq izahatna-mələrini
göndərmişlərdir. Böyük bir məmnuniyyətlə
eynən dərc ediyoruz.
Soruşulan suallar bunlardır:
1. Qafqasiya müsəlmanları arasındakı siyasi cərəyanlar
və firqələr haqqında məlumat.
2. İttihadi-islam cərəyanı nə haldadır?
3. İttihadi-islam ətrafında toplananların
sünnilik və şiəlik məsələsinə nəzərləri
necədir?
4. Türkçülük cərəyanı nə zaman
başladı və bugünki hal və təzahüratı nə
yoldadır?
5. Bizim İstanbul qəzetəçilərindən
birinin şübhə etdiyi vəchlə sünnilik və
şiəlik əqidəsinin türkçülük cərəyanına
qar-şı ziyanı varmı və bu möhtərəm əqidələr
haqq ərbabının bir-birinə yaxınlaşmalarına
mane olacaq surətdə var olaraqmı izah ediyor?
***
Möhtərəm Halim Sabit bəy!
Qafqasiya əhvali-siyasiyyəsi ilə ora əhali-islamiyyəsi
haqqın-da bir takım istizahatı mütəzəmmin məktubunuzu
Bursaya getmək üzrə aldığımdan cavabını
bir az təxirlə yolladığım üçün məzur
görün-məmi rica edərim əfəndim.
1. Qafqasiya
müsəlmanları arasında ən qüvvətli cərəyan
mil-liyyət cərəyanıdır. Milliyyətpərvərliyin
Qafqasiya islamlarınca iki növü təbəllür etməkdədir:
türkçülük, islamçılıq.
Türkçülüyü tərvic edən qüvvət
Türk Ədəmi-Mərkəziyyət firqəsi
“Müsavat”dır. Müsavat daha Rusiya hürriyyətinin
ibtidasında ikən milli-məhəlli prinsiplər üzərinə
qurulu Qoşma Xalq Cümhuriyyəti (Cəmahiri-Müt-təfiqəyi-Ənam)
əsasını müdafiə etdi. Firqənin nəzəriyyəsi
bütün dünyanın milli hökumətlərə təqsim
ediləcəyi həqiqətinə istinad ediyor. Bu firqəcə
ideal olaraq böyük bir Turan mütəsəvvirdir. Bu Turan
Türk hökuməti-müttəfiqəsi şəklində
vücudpəzir ola biləcəkdir. Müsavat firqəsi
türkçü olmaqla bərabər, islamiyyətdəki
camiəi-diniyyəyi dəxi təqdir edər, beynəlmilliyyəti-islamiyyə
fikrinin müdafeidir. İttihadi-islamı o üç yüz
milyonluq əfradın ittihadından ibarət bilmək, ona
görə mühal və xəyaldır. Halbuki mədəniyyəti,
hürriyyəti və həyati-siyasiyyəsiylə bərabər
diri vücud halına gələn miləli-islamiyyənin mənfəətləri
iktizası olaraq ittihadları həm təbii, həm də
mümkünül-vüqudur. Bu iki əsasla bərabər
Müsavat firqəsi, türkçülüyün də, beynəlmilliyyəti-islamiyyənin
də yalnız müasir olmaq və əsrimizdəki fünun
və sənaye ile mücəhhiz bulunmaq surətiylə
vücudpəzir olacağına əmindir. Bunun
üçün də demokratdır, radikaldir. Türkləşmək,
islamlaşmaq, müasirləşmək firqənin düsturi-əsasını
təşkil edər.
Müsavat firqəsi sosialist bir firqə deyildir; fəqət
“şovinist” bir milliyyətçilikdən də uzaqdır.
Qafqasiya islamları tərəqqiyyati-iqtisadiyyə nöqteyi-nəzərindən
feodalizm halından çıxaraq sərmayə-darlıq
üsuli-iqtisadına keçiyorlar. Burjua qismi burada bir amili-tərəqqidir. Müsavat firqəsinin tərzi-hərəkəti
də iştə bu cəhətə mə-tufdur. Hüquqi-ənamı
muhafizə etmək üzrə firqə tərəqqipərvər
bulunan növ-zühur burjua qismilə biletilaf maneyi-tərəqqi
bulunan əski feodalizm təsirində bulunan qüvvətlərə
qarşı müariz və mübariz bulunmaqdadır. Firqənin
bu xüsusiyyəti bilxassə ərazi məsələsinə
aid olan proqramından anlaşılır. Firqə əski xan və
bəylərin əlində faidəsiz bir surətdə qalan
böyük torpaqlar əleyhindədir. Bu kimi ərazinin cəbrən
alınıb da möhtac bulunan kəndlilərə
paylanması tərəfdarıdır. Fəqət eyni zamanda
paylanacaq ərazinin köylünün mül-kiyyətinə
verilməsini bilxassə iltizam edər. Çünki mülkiyyət
əsasının ifasında bir amili-tərəqqi
görür. Möhtac olduğu toprağı köylü
pulsuz alır. Fəzlə ərazisi müsadirə edilməsi
üzündən hasar-didə olan torpaq sahibi də təmin
olunur, gərək iman etdiyi uzaq əməl, gərək
istehsalına çalışdığı yaxın məqsəd
və gərək bunların hüsuli üçün
tutduğu yol az bir zamanda firqəyə böyük bir əksəriyyət
qazandırdı. Gərək Birinci Qafqasiya Müsəlman
qurultayında və gərək onu mütəaqibən
Moskvada toplanan Böyük Müsəlman qurultayında firqənin
tərvic etdiyi nəzəriyyə və təqdim etdiyi siyasi qərarnamələr
əksəriyyət qazandı. Milli-məhəlli muxtariyyətlər
əsasına müstənid bir Rusiya cümhuriyyəti-müttəfiqəsi
haqqındakı mətləbi mütəzəmmin bulunan qərarnamənin
Moskva qurultayınca bir əksəriyyəti-qahirə ilə qəbulu,
Müsavat firqəsinin zəfəri-nihaisini təşkil
ediyordu.
Moskvada firqənin əməli-siyasiyyəsinə
qarşı mücadilə edən cərəyan,
islamçı və mərkəziyyətçi cərəyan
idi. Bu cərəyana görə müsəlmanlar bir millətdirlər.
İslamın tərəqqisi də Rusiya
demokra-tiyasının tərəqqipərvəranə və
mücəddidanə təsirinə bağlıdır. Bunun
üçün də ayrı-ayrı türk və ya müsəlman
muxtariyəti-milliyyələrinə ərzi-ehtiyac etmədən
Moskva və ya Petroqradda milli və mədəni işlərin
röyəti üçün bir müsəlman parlamanı dəvətilə
iktifa etməli. Başqa xüsuslarda isə Rusiya Cümhuriyyətinin
kamilül-hüquq bir vətəndaşı olub
qalmalıdır. Moskva müzəffəriyyətindən sonra
türkçülüklə ədəmi-mərkəziyyət
fikri Rusiya islamları arasında olduqca yol aldı. Müsavat
firqəsinin təsiri Qafqasiya daxilindən çıxaraq
Volqaboylarına, Krıma, Türküstana qədər
nüfuz etdi. Türküstanda xüsusi surətdə
şöbələri açıldı. Dağıstanda qəza
hövzələri təsis edildi. Qafqasiya Azərbaycanı
bulunan Bakı, Gəncə, İrəvan vilayətləri isə
az bir zamanda firqə təşkilatlarının şəbəkələrilə
əhatələndi. Nəhayət, Bakıda ilk Qafqasiya
qurultayını andıracak dərəcə şükuhlu
bir firqə qurultayı təsis edildi. Bu qurultayda millətin
bütün sünufi-mütərəqqisi iştirak ediyordu.
Qurultay nümayəndələrinin nisfindən ziyadəsi
köylü və əmələ olaraq zəhmətkeş
xalqın nümayəndələri, nisfi-digəri də
ürəfa qismi ilə gənclik idi.
Türkiyədəki Türk Ocaqlarının
proqramına siyasət dəxi əlavə etsəniz haman
Müsavat firqəsi haqqında bir fikir əldə edə bilərsiniz.
Müsavat firqəsinin əmrnaməsi boyunca tələb olunan
Azərbaycan, Krım, Qırğızıstan,
Başqırdıstan, Türküstan muxtariyətləri bu
gün yaxşı-pis bir həqiqət halını
almış oldu.
Türk federalizmi başda “Açıq söz” olmaq
üzrə gərək Qafqasiya və gərək sair yerlərdə
nəşr olunan mətbuati-islamiyyənin əksəriyyəti
tərəfindən müdafiə olunuyor. Gənclik əksəriyyət
etibarilə bu milli firqəyə mənsubiyyəti ilə kəndisinə
mənəvi bir qüvvət iktisab ediyordu. Firqənin mərkəzi
Bakıda bulunuyordu. Bakı sənaye və ticarət mərkəzidir.
Son zamanlarda nüfusi-ümumiyyəsi dörd yüz mini
keçməktə olan bu şəhər ticarət və sənayecə
çox irəliləmişdir. Burada yüz minə yaxın təkcə
əmələ vardır. Bütün Rusiya fabrik və
zavodlarına verdiyi neft vasitəsilə Rusiya həyati-iqtisadiyyə
və sənayesinin mühərriki məqamında bulunan mədənlərdə
çalışan bu say ordusu sosializm fikirlərində
çox irəliləmiş olan beynəl-milliyyət fikrinin
bir amili-müəssiridir. Əmələdən əlavə
burada tüccar və sair mütəvəssit siniflərə mənsub
olmaq üzrə dəxi bir çox xaricdən gəlmə ənasir
vardır. Böylə ki, əslində bir türk şəhəri
ikən Bakı, Amerika şəhərlərinə bənzər
əqvam məhşəridir. Böylə ikən
şayani-diqqətdir ki, müsəlman əmələsinin əksəri
haman Müsavat firqəsinə mənsubdurlar. Bakı əmələsinin
haman nisfi müsəlmandır.
Müsavat firqəsi Qafqasiya həyat və şəraiti-islamiyyəsi
nöqteyi-nəzərindən bir mərkəz firqəsini təşkil
ediyordu. İbtidayi-hürriyyətdə hər yanda təəssüs
etməyə başlayan milli komitələrdə bu firqənin
bir amili-müəssir olduğu görülüyordu. Hər mərkəz
kimi Müsavat iki cinahdan düçari-təərrüz
oluyordu. Sağ cinahda “İttihadi-islam” əməli ilə təşəkkül
etmiş mühafizəkarlar duru-yorlardı. Bunlar əksərən
mollalardan, böyük mülkədarlardan, feo-dalizm ənənatı
ilə qəti-əlaqə etmək istəməyən ərbabi-axərdən
ibarət idilər. Əvvəlcə “Rusiyada müsəlmanlıq”
ünvanilə təəssüs edib nəzəriy-yəcə
islamiyyətin qövmiyyət prinsiplərinə mütəhəmmil
olmadığını iləri sürüyor,
türkçülüyü bir təfriqə kimi tələqqi
ediyorlardı. Məsaili-ictimaiyyə babında isə
müvafiqi-şəri-şərif həll olunacaq deyə
işin içindən çıxıyorlardı. Bədə
bu firqə “İttihad” ünvanilə adlanmışdır.
Sol cinahda əvvəl başda müsəlman bolşevikləri,
daha sonra menşevikləri gəliyor. Üçüncü dərəcədə
müsəlman sosialistlər ittifaqı duruyordu. Müsəlman bolşeviklərinin
başında doktor Nərimanov durmuşdur. Siyasiyyətcə
pək kütah-nəzər olan Nərimanovla arkadaşları
rus, erməni və sair beynəlmiləl bolşevik heyətilə
təşriki-məsai edərək Müsavatın milliyyətpərvərliyinə
qarşı bütün hiddət və şiddətlərilə
mübarizə ediyorlardı. Onlar əvvəldə Azərbaycan
və sair xüsusi türk və müsəlman muxtariyyətlərinə
zidd olub türk müqəddərati-siyasiyyəsinin rus əmələ
və köylüsü təqziratından ayrı
olmadığını iddia ediyor. Müsəlman əmələsi
ilə köylünü ağaları, bəyləri,
xanları və onlara xidmət edən “namussuz” əhli-irfan və
mühərrirləri tərd və nəfy etməyə dəvət
ediyorlardı. Hətta rus bolşevikləri əsas etibarilə
müqaddərati-milliyyəyi millətin kəndisi təyin etməyə
müvafiqət etməkdə ikən bunlar müsəlman
kütləsinin böylə bir təyini-müqəddərat
keyfiyyətindən istifadələrinə belə razı
olmuyorlardı. Çünki böylə olursa cəmaət
avam olduğundan ağaların mövqeyi-iqtidara keçəcəklərini
təxminlə müsəlman “müftəxor”unun təğəllübündənsə
beynəlmiləl “proletariat” hakimiyyəti daha islahdır,
diyorlardı. Bunlar ibtidadan axıra qədər hər növ
təşkiati-milliyəyə müariz olub Müsavatı dəxi
əksixtilalçı bir qüvvət olmaq üzrə ənzari-əcanibində
təşhir etməyə səy ediyorlardı. Böylə ikən
bərəkət versin ki, nüfuz və etibarları
yalnız kəndilərindən istifadə edən bolşeviklər
nəzdinə münhəsir qalaraq, müsəlman kütləsi
hüzurunda isə etibar və nüfuzları yoxdu. Əmələ
məhəllələrində müsəlman bolşeviklərini
müsəlman əmələlər hər zaman ədavətlə
qarşılıyorlardı. Bolşevik socialist-demokratlardan
sonra sol cinah partilərindən menşeviklər gəliyor.
Bunlar dəxi bolşeviklər kimi milliyyət cərəyanını
mənfi bir nəzərlə görüyor; fəqət onlar
qədər ifrata varmayaraq etidalla hərəkət ediyorlardı.
Bunlar da zəif bir mövqedədirlər.
Sol cinaha mənsub olmaq üzrə üçüncü
dərəcədə müsəlman sosialistlər ittifaqı
gəliyor. Bu müəyyən bir parti deyil, sosialist-məşrəb,
radikal düşünən bəzi gənclərin
ittihadından ibarət bir uyuşmadır. İçlərində
islamçı da var, türkçü də. Bunların
sosializmi hər halda milliyyət rəng və ruhuyla məşbudur.
Nəzəriyyətcə sosialist olsalar da, əməliyyət
və fəaliyyətcə haman milliyyətpərvərdirlər.
Bunların Müsavata qarşı vaqe olan tənqidatı digərləri
qədər ədavətkaranə deyildir. Məsaili-milliyyədə
və əksər məsaili-ictimaiyyədə mərkəz
firqəsilə tövfiqi-hərəkət etmək tərəfdarıdırlar.
Bu firqələr xaricində bir takım əhalicə məruf
cəmaət xadimləri dəxi vardır ki, firqələrin
heç birisinə mənsub olmayıb bitərəf namilə
məşhur olmuşlardır. Bu bitərəflər dəxi əksərən
tərzi-hərəkət etibarilə “müsavatçı”
olub əksərən də onunla təşriki-məsai və
tövhidi-hərəkətdə bulunmuşlardır. Bu
mütəfərrik cərəyanların Qafqasiya müsəlmanları
arasındakı dərəcəyi-etibarları isə
aşağıdakı adətdən anlaşıla bilər.
Mavərayi-Qafqaz Seymində 44 müsəlman əzadan
otuzu Müsavat firqəsilə bitərəflərə, yeddisi
sosialist ittifaqına, dördü menşeviklərə,
üçü də İttihada mənsub olub içlərində
bir nəfər də olsun bolşevik yox idi. Azərbaycan
Şurayi-Millisinin firqələrcə təqsimatı dəxi
bu haldadır.
Bakı bolşeviklər istilasına keçdikdən
sonra mərkəzi təşkilati-siyasiyyələri yağma
və tarac edildikdən sonra Qafqasiya əhali-islamiyyəsi bir tərəfdən
Bakıda intişar edən mətbuatdan, digər tərəfdən
də mütərəqqi və əməlpərvər bir mərkəzi-idarədən
məhrum qal-dılar. Bu sayədə mühit
sağlaşdıqca sağlaşdı ki, bu da
nüfuzi-siyasinin radikallardan mühafizəkarlara keçməsini
intac elədi. Bunun təsirində olaraq yeni bir takım təşəübati-siyasiyyə
görünməyə başladı ki, bunun dərəcəyi-etibar
və əhəmiyyətini göstərəcək bir
fürsət və vaxt daha zühur etməmişdir.
Cənubi Qafqasiyada həyati-siyasiyyə bu halda ikən,
Şimali Qafqasiyada siyasi cərəyanlar bir az başqa bir yolda
cərəyan eləmişdir. Burada Əmanət və
Müridlik əsasına müstənid dini bir cərəyan
çox qüvvət peyda edərək hər şeyi şəriətə
tabe etdirmək istəyən bir, müasir bir mədəniyyət
üzərinə müntəzəm bir üsuli-idarə təsis
ilə bütün dağlıları yaşadıqları
şəraiti-həyatiyyənin müştərək mənafeyi
üzərinə tövhid etdirməkdən və Şimali
Qafqasiya ilə Dağıstandan mürəkkəb bir vəhdaniyyəti-siyasiyyə
icadından ibarət digər cərəyanla bərabər bir
də Dağlı bolşeviklərdən ibarət
üçüncü bir məsləki-qərib vardır.
Axırıncı hər yanda olduğu kimi burada da təhribkar
bir rol oynamaqdan başqa bir işə yaramaz. Əvvəlincisi
isə əsrə uymaz vəhmiyyat ilə möhriqdir.
Ortadakı mərkəz cərəyanı isə Şimali
Qafqasiya namına hərəkət edən hökuməti təsis
edənlərdən ibarətdir. Bunlar birincinin mətləbini
tədil ilə təmini-nüfuz və etibar edərək bir
həyati-siyasiyyə təsisinə müvəffəq ola biləcək
mahiyyətdədirlər. Bolşeviklər xaricində dəxi
Şimali Qafqasiya münəvvəranı miyanında Rusiya
mütəmayilləri bulunub onlarla təşriki-məsai etmək
tərəfdaranı bulunmuşsa da, heç bir zaman
kütleyinas tərəfindən məzhəri-qəbul
olmamış, bolşevik xürucundan sonra isə tamamilə
ortadan qaldırılmışdır. Şimdiki halda
Qafqasiyanın gərək şimalında və gərək cənubunda
olsun Türkiyə təvəccühatından, Türkiyə
təmayülatından qüvvətli bir cərəyan təsəvvür
olunamaz, qəlbi-millətdən qopan bu arzu adətən
ünsüri bir mahiyyət iktisab eləməktədir. Azərbaycan
hökumətinin dəvəti üzərinə Gəncəyə
gəlmiş olan orduyi-Osmaniyyə komandanı möhtərəm
Nuri Paşa həzrətlərinə qarşı əmsalı
naməsbuq bir surətdə göstərilən istiqbal, milli gənc
şairlərimizdən Ə.Cavad əfəndinin “Niyə gəlmədin?”
itabi-aşiqanəsilə xitab elədiyi Türkiyə
haqqında bəslədiyi hissiyyatı ilə arzuyi-ümumiyə
nə dərəcə sadiq bir tərcüman olduğunu
göstəriyordu.
2.
İttihadi-islam Qafqasiya üçün artıq bir əməl
və arzu şəklindən çıxaraq tətbiqat və
əməliyyat məsələsi təşkil eləmişdir.
İftiraqi-islam bir çoxlarının
düşündüyü kimi məzhəblərin təəddü-dündən
hasil olma bir məsələ deyil, bəlkə ərbabi-məzahib
arasındakı ədəmi-təhəmmül və yekdigərinə
qarşı ibraz olunan ehtiramsızlıq məsələsi
idi. Hürriyyəti-məzahib hürriyyəti-vicdan məsələsidir.
Əhli-məzahib arasında müsahilə və ehtiram
mövcud olursa ixtilaf vaqe olsa da rəhmətlik olur. Bu hal
Qafqasiyada tamamilə hasil olmuşdur. İndiki halda Qafqasiyada
şiələr də var, sünnilər də; fəqət
şiə və sünni məsələsi yoxdur.
3. Şiəlik
və sünnilik birər ictihad məsələsidir. Qafqasiya
ittihadçılarınca ictihadlar möhtərəm
tutulmalı, kimsə kəndi ictihadından dolayı müaxizə
edilməməlidir. İttihadı tövhidi-məzahib şəklində
tələqqi edib də Qafqasiya ittihadçılarından bəzi
müf-ritləri sünniliyi də şiəliyi də inkar edərək:
“Mən nə sünni, nə də şiə deyil, islamam” deyənlər
varsa da, inad və təəssüb olmayınca fürunun əsli
unutdurmayacağına qane olanlar və ittihadın hüsuli
üçün yalnız təəssübün ortadan
qalxmasıyla iktifa edənlər daha çoxdur.
4.
Türkçülük cərəyanı əslinə
baxılsa Bakıda yövmi türkcə qəzetələr təsis
olunduğu andan etibarən zimni bir surətdə
başlanmışdır. Ana dili məktəbi, ana dili
yazısı tələb edərkən Qafqasiya cəmaəti-islamiyyəsi
haman türkçülüklə süluk ediyordu. Möhtərəm
Ağaoğlu Əhməd bəy kəndi “İrşad”ı
ilə islam, islam deyə bağırıyor və
ittihadi-islamdan bəhs ediyordu isə də bu bir sözdü. Məna
etiba-rilə dönüb dolaşıb islamçılık və
türkçülük şəklini alıyordu. 1905-ci ildə
Hüseynzadə Əli bəy əfəndi Bakıda nəşr
olunan “Füyuzat”ı ilə “Türk qanlı, islam etiqadlı
və firəng qiyafətli olalım” derkən daha sərih
bulunan “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək”
düsturunu ilham etmək istiyordu. Hər nə qədər Əhməd
bəylə Əli bəy türkləri təlqin
ediyorlardısa da aşkar türkçülük etdikləri
yoxdu. Bu fikir sonradan qüvvət bulmaya başladı. “Türk
yurdu”nun yurdçuluğunun Qafqasiya üzərinə təsiri
oldu. Nəhayət, “Açıq söz” qəzetəsi
yövmi qəzetə olmaq üzrə Qafqasiyada
türkçülük cərəyanının vasiteyi-nəşri-əfkarı
bulundu. Bir çox gənc şair və mühərrirlərimiz
türkçülük məsləkinin müridi kəsildilər.
Mehmed Emin bəy türkcəsini hər kəs təqlidə
başladı. Bu yolda Cavad bəy nam gənc bir şairimizin
“Qoşma” namilə nəşr elədiyi nümunələr,
barmaq üsulu şeir yazmada azərbaycanlı türklərin
müvəffəqiyyətlərini göstərir. Digər
müqtədir şairlərimiz bulunan Hüseyn Cavid əfəndinin
dəxi barmaq üsuluyla yazdığı qiymətdar
parçaları vardır. Qafqasiya türkçüləri
eyni zamanda xalqçıdırlar. Xalq ədəbiyyatını
tədqiq edən müdəqqiqlərimiz, həyati-milliyəyi
təsvirlə uğraşan mühərrirlərimiz və
türklüyü ruhuna yabancı bulunan təsiratdan xilasa
çalışan mücahidlərimiz vardır.
Siyasət sahəsində isə
türkçülüyün nə dərəcə müəssir
olduğu yuxarıda zikr elədiyimdən bir daha təkrara
lüzum görmüyorum.
5. Şiəliklə
sünniliyin türkçülük cərəyanına
ziyanını bilmiyorum. Şiəliklə sünnilik cərəyanlarının
türkçülükdən pək çox zərər
gördükləri isə meydandadır. İttihadi-islam fikri
hər yerdən ziyadə Qafqasiyada ruyi-qəbul gördü.
Çünki bu fikir eyni zamanda, milliyyət fikrilə də
bir gəliyordu. Çünki şiə də, sünni də
kəndisinin türk olduğunu dərk etdikcə mucibi-ixtilaf
bir şeyi qalmıyor. İkisi də qatı
ittihadi-islamçı kəsiliyordu. Doğrusu, məzkur qəzetənin
mülahizəyi-məluməsini oxurkən Şimali Azərbaycan
türklüyü namına hissiyatım rəncidə
olmuş, ürəyimdə bir acı duymuş idim.
Sualınızla məzkur acının ürəyimdə
qalmadığına səbəb olduğunuz üçün
sizə təşəkkürlər edərim.
Azərbaycan Heyəti-Mürəxxəsəsi rəisi Rəsulzadə
Məhəmməd Əmin
“Yeni məcmuə”, 25 temmuz (iyul) 1918, ¹54, İstanbul, səh.
26-28
İstizah - açıq izah tələb etmə
Tənsib - münasib görmə, uyğun hesab etmə
Mütəzəmmin - əhatə edən, içərisinə
alan
Mühal - qeyri-mümkün, çətin
Mətuf - əyilmiş, bir tərəfə doğru
dönmüş
Qahirə - üstün gələn; qalib
Nisf - yarı, yarım
Mütəvəssit - orta, mərkəzi; vasitəçi
Məşrəb - gediş, hərəkət; həvəs,
meyl
İntac - nəticələnmək
Təşəüb - şöbələrə
ayrılma, qollara ayrılma
(Ardı var)
525-ci qəzet.-
2018.- 9 iyun.- S.20-21.