Cümhuriyyət məmurunun dünya şöhrəti (Məhəmməd Ağa-Oğlu) - AXC-100

 

Vilayət QULİYEV

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Mehmet Ağa-Oğlunun təşəbbüsü ilə təşkil olunan sərgilər təbliğ və tanıtma funksiyasını uğurla yerinə yetirməklə bir sırada Detroyt Gözəl Sənətlər İnstitutu islam incəsənəti fondunun əsaslı şəkildə zənginləşməsinə də imkan yaratmışdı.

Həm də bu, Amerika iqtisadiyyatında güclü tənəzzülün - Böyük Depressiyanın yaşandığı dövrdə baş vermişdi. İnstituta əvvəlki illərlə müqayisədə daha az maliyyə vəsaiti ayrılmasına baxmayaraq, məhz Ağa-Oğlunun yaratdığı islam incəsənətinə diqqət və sevgi mühiti sayəsində fonda daxil olan əsərlərin sayı artmışdı. İnstitutun əsas elmi nəşrinin - “Bulletin of the Detroit İnstitute of Arts of the City of Detroit” məcmuəsinin 1931-ci il fevral sayında göstərildiyi kimi, bu məsələdə azərbaycanlı alim özü də şəxsi nümunə göstərərək İnstitut muzeyinə orta əsrlərə dair iki nadir əlyazma kitabı hədiyyə etmişdi. Fondun genişlənməsini və eksponatların sayının artmasını nəzərə alan rəhbərlik Detroyt Gözəl Sənətlər İnstitutunun islam incəsənəti nümunələri üçün əlavə qalereya tikdirmişdi.

İnstitutun əsas elmi nəşrinin - yuxarıda adı çəkilən “Bulletin of the Detroit İnstitute of Arts of the City Detroit” məcmuəsinin ən fəal müəlliflərindən biri Mehmet Ağa-Oğlunun özü idi. Sənət tarixçilərinin yazdığına görə, 1929-1938-ci illərdə məcmuədə onun islam incəsənəti tarixinin müxtəlif problemlərinə həsr olunmuş 13 elmi məqaləsi işıq üzü görmüşdü. Bu, birlikdə çalışdığı həmkarlarının jurnaldakı  yazılarının ümumi sayından daha çox idi. Digər tərəfdən, müxtəlif Şərq və Qərb dillərindəki qaynaqların cəlb edildiyi və tənqidi şəkildə nəzərdən keçirildiyi məqalələrin hamısı tam əsasla elmi yenilik adlandırıla bilərdi.

1933-cü təhsil ilinin əvvəlindən Mehmet Ağa-Oğlu fəaliyyət sahəsini genişləndirərək həm də Miçiqan Universitetinin professoru kimi çalışmağa başlayır. Yeni işi - pedaqoji həyata qədəm qoyması ilk növbədə məşhur Karneqi Fondunun universitetə ayırdığı qrant sayəsində mümkün olmuşdu. Qrantın başlıca məqsədi incəsənət, xüsusi ilə də islam ölkələrinin sənət tarixi ilə məşğul olan mütəxəssislərin yetişdirilməsi ilə bağlı idi. Nəticədə Miçiqan universiteti ABŞ ali məktəblərinin tarixinə islam incəsənəti kafedrasına malik ilk təhsil müəssisəsi, professor Mehmet Ağa-Oğlu isə həmin kafedranın ilk rəhbəri kimi daxil olmuşdu. Alim yeni, mühüm sahə ilə  bağlı mühazirə və seminarları muzeyçilik işi sahəsində ən yaxın köməkçisi olan İsabel Hubbardla birlikdə aparırdı.

1935-ci və 1938-ci illərdə azərbaycanlı sənətşünas ABŞ-ın başqa bir məşhur ali məktəbinin - Prinston universitetinin dəvəti ilə burada ərəb və fars incəsənətinə dair silsilə mühazirələr oxumuşdu. Onun zəngin Şərq və Qərb mənbələri əsasında müstəqil surətdə yaratdığı “İslam incəsənətinin tarixinə giriş” kursu mövzunun elmi əsaslarla, ən başlıcası isə sistemli öyrənilməsi baxımından amerikan universitetlərinin tarixində ilk təşəbbüs idi. Həm də yəqinliklə demək olar ki, təşəbbüs uğurla nəticələnmişdi. Çünki Mehmet Ağa-Oğlu yeni tədris sahəsi ilə bağlı məşğələlərini başlayanda cəmisi altı tələbəsi vardı. Bir neçə ildən sonra isə islam incəsənətinin tarixi üzrə mütəxəssis kimi yetişmək istəyənlərin sayı 22-yə çatmışdı. Doğrudur, həmin vaxt alim artıq öz alma-materindən - Miçiqan universitetindən uzaqlaşmışdı. Lakin hər şeydən də göründüyü kimi, səpdiyi toxumlar münbit zəminə düşmüşdü. Artıq çeşidli mühazirə kursları və seminarları əhatə edən spesifik tədris sahəsi kifayət qədər populyarlıq qazanmışdı və Mehmet Ağa-Oğlunun şəxsi iştirakı olmadan da uğurla davam etdirilirdi.

Beləliklə, Mehmet Ağa-Oğlu ABŞ-a gəldikdən cəmisi beş il sonra bu ölkənin muzey və universitetlərində islam incəsənətinin tarixi üzrə mütəxəssislərin yetişdirilməsi işinin əsasını qoymuş, ilk vaxtlar sadəcə seminar səviyyəsində aparılan məşğələlər zəminində nümunəvi tədris proqramı hazırlaya bilmişdi.

Həm Detroyt Gözəl Sənətlər İnstitutu, həm də Miçiqan universitetində fəaliyyət göstərməsi, yəni muzeylə bir sırada yüksək tədris müəssisəsində də çalışması alimə elmi araşdırmalarında nəzəriyyə ilə təcrübəni birləşdirməyə imkan yaratmışdı. Bunun faydasını isə ilk növbədə özlərini islam incəsənətinin tarixinə həsr etmək istəyən gələcək mütəxəssislər görürdülər. Nəticədə, 1936-cı ilin baharında  bilavasitə azsaylı tələbələrinin yaxından köməyi  ilə   o, Detroytda “Fars miniatürü”, Miçiqanda isə universitet kolleksiyası əsasında islam ölkələrinə xas ağac üzərində işləmələrdən, habelə müsəlman və kopt bədii parça nümunələrindən, dulusçuluq örnəklərindən ibarət maraqlı sərgilər təşkil etmişdi. 

1934-cü ildə Mehmet Ağa-Oğlu islam incəsənətinin öyrənilməsi tarixində adını əbədiləşdirən mühüm bir addım atdı - təkcə ABŞ-da deyil, dünya miqyasında yeganə olan “Ars İslamica” jurnalının əsasını qoydu. Zeynəb Simavinin də yazdığı kimi, “Ars İslamika” o zaman islam sənət tarixinin elmi cəhətdən  tədqiq edilib araşdırılmasını qarşısına məqsəd qoyan ilk və tək jurnal idi”. Toplunun 1934-cü ilin yanvarında çıxan birinci sayında onun Detroyt Gözəl Sənətlər İnstitutu ilə Miçiqan universitetinin birgə nəşri olduğu göstərilmişdi. Lakin növbəti saydan etibarən universitet jurnalın nəşri və yayılması ilə bağlı bütün məsələləri öz üzərinə götürmüşdü. Bu işlə Miçiqan universiteti yanındakı Freer sənət qalereyası, Smithsonian İnstitutu və sənət tarixi departamenti məşğul olurdu. Mehmet Ağa-Oğlu üç ildən sonra redaktorluqdan uzaqlaşsa da, jurnalın nəşri 1951-ci ilə qədər davam etmişdi. 1954-cü ildə isə “Ars İslamica” fəaliyyətini “Ars Orientalis” adı altında yeniləmiş və bu günə qədər nəşr olunmaqdadır. İstər könhə, istərsə də yeni nəşrin elektron versiyası yaradılıb və onlar sərbəst istifadəyə açıqdır.

Amerikada nəşr olunmasına baxmayaraq, jurnalda dil məhdudiyyəti tətbiq olunmurdu. Məqalələr əsasən üç Avropa dilində - ingilis, fransız və alman dillərində nəşr edilirdi.  Qaynaqlar bir qayda olaraq orijinalın dilində göstərilirdi. Nəşr illüstrasiya baxımından kifayət qədər zəngin və görümlü idi. Hətta bu baxımdan onun öz zəmanəsinin qabaqladığını söyləmək mümkündür.

Toplunun ilk cildinə yazdığı “Redaktordan” adlı qeyddə Mehmet Ağa-Oğlu spesifik nəşr kimi “Ars İslamica”nın prinsipial məqsədinin “islam incəsənətinin öyrənilməsinə marağın stimullaşdırılması olduğunu” vurğulayaraq bu məqsədlə aşağıdakı şərtlərin yerinə yetirilməsini vacib sayır və onları  fəaliyyətində əsas tutacağını göstərirdi: “İslam ölkələrində incəsənətin və tətbiqi sənətlərin tarixi-bədii inkişafı ilə bağlı müxtəlif problemlərin akademik səviyyədə müzakirəsi üçün imkan yaradılması başlıca məqsədimizdir. Xüsusi qeyd etmək istəyirik ki, jurnal toxunduğu məsələlərdə neytral mövqe  tutacaq, irəli sürülən fikirlərdən, nöqteyi-nəzərlərdən hər hansı birinə açıq şəkildə tərəfdar, yaxud açıq şəkildə qarşı çıxmayacaq. Nəşrin səhifələri ümumi maraq doğuran problemlərlə bağlı biri-birinə zidd baxış bucaqlarından verilən şərhlər və ortaya atılan  suallar üçün daim açıq olacaq. Çünki naşirlərin fikrincə, yalnız belə bir çap siyasətinin yürüdülməsi nəticəsində jurnal gələcəklə bağlı qarşısına qoyduğu hədəflərinə qovuşa bilər”.

Redaktorun prinsipial qeyd-şərti təsadüfi xarakter daşımırdı. Çünki “Ars İslamica” müsəlman sivilizasiyası haqqında çox müxtəlif, hətta bəzən biri-birini inkar edən araşdırmaların meydana çıxdığı şəraitdə nəşrə başlamışdı. Belə  vəziyyətdə hətta ən nüfuzlu mütəxəssis tərəfindən irəli sürülməsindən asılı olmayaraq yalnız bir mülahizənin, bir münasibətin yeganə düzgün yanaşma tərzi kimi dəstəklənməsi digər fikirlərin sıxışdırılmasına, boğulmasına  yol aça bilərdi. Ona görə də obyektiv həqiqətlərin ortaya qoyulması üçün Mehmet Ağa-Oğlu ilk saydan rəhbərlik etdiyi nəşrin sağlam elmi polemikaya, sağlam və səmərəli polemikaya açıq olduğunu xüsusi  vurğulamağa lüzum görmüşdü.

Ona görə də təsadüfi deyil ki, qısa müddət ərzində “Ars İslamica” istər Birləşmiş Ştatlarda, istərsə də Avropa və Asiyanın elmi mərkəzlərində islam incəsənətini obyektiv mövqedən araşdırılmasına yaşıl işıq yandıran bir nəşr kimi böyük populyarlıq qazanmışdı. “The Bulletin of the American İnstitute for Persian Art and Archeology” məcmuəsi elmi dövriyyəyə daxil olmasının ikinci ilində həmkarı “Ars İslamica”nın uğurlarını yüksək qiymətləndirərək göstərirdi ki, jurnal “iddialı proqramı və yüksək standartları ilə” qarşısına qoyduğu məqsədləri doğrultmaq əzmində olduğunu nümayiş etdirir: “Məcmuə çapının mükəmməlliyi və gözəlliyi ilə seçilir, illüstrasiyalar yüksək keyfiyyətlidir. “Ars İslamica” dünyanın istənilən guşəsindəki istənilən incəsənət jurnalı ilə rəqabətə girə bilər. Birləşmiş Ştatları Yaxın Şərqin öyrənilməsində belə fəal mövqe tutan ölkələr sırasında görmək haqlı razılıq doğurur”. Miçiqan universitetinin 1935-37-ci illərə aid rəsmi hesabatlarında - “The President`s Report to the Board of Regents for the Academic Year 1936-1937” adlı sənəddə dövrün digər mətbu orqanlarından alınmış digər təqdir və təşviqedici  sitatlara da rast gəlmək mümkündür.

Təbii ki, Miçiqan universiteti belə bir nəşri ərsəyə gətirdiyi üçün professor Mehmet Ağa-Oğluna minnətdar idi. 1937-ci ildə ABŞ-ın qədim ali məktəblərindən biri sayılan universitet yaranmasının 100 illiyini qeyd edəndə mühüm elmi nailiyyətlər sırasında “Ars İslamica”dan seçmələrdən ibarət ayrıca bir kitabın çapı da məqbul görülmüşdü. Kitabda jurnalın müxtəlif saylarından götürülmüş  35 məqalə toplanmışdı. Onlardan 14-ü ABŞ alimlərinə, qalanları isə dünyanın digər ölkələrindən olan sənət tarixçilərinə məxsus idi. Kitabın hazırlanmasında Mehmet Ağa-Oğlunun rəhbərliyi ilə “Ars İslamica”nın redaksiya heyətinin üzvləri yaxından iştirak etmişdilər. Nəşri mübaliğəsiz, Şərq incəsənəti müntəxəbatı adlandırmaq olardı. Çünki burada seçmə məqalələri ilə təmsil olunan müəlliflərin bir çoxunun adının arxasında çoxcildli tədqiqat əsərləri, elmi məktəblər, çoxsaylı davamçılar, ekspedisiyalar, ciddi axtarışlar dayanırdı.

Nəhayət, islam incəsənəti ilə bağlı Miçiqan  universitetinin həyatındakı başqa bir mühüm yenilik də Mehmet Ağa-Oğlunun adı və fəaliyyəti ilə bağlı idi. 1930-cu illərin ortalarında Miçiqan bu təhsil ocağının yetişdirmələri sırasında dil və mədəniyyətin təbii daşıyıcıları kimi Yaxın Şərq ölkələrindən tələbələrin cəlb edilməsi ideyası ortaya çıxanda mühüm layihənin gerçəkləşdirilməsi azərbaycanlı alimə həvalə olunmuşdu. Bu məqsədlə Mehmet Ağa-Oğlu İran, Türkiyə, İraq, Suriya və Misir hökumətləri ilə danışıqlar aparmış, nəticədə adları çəkilən ölkələrin hər biri islam incəsənəti üzrə mütəxəssis kimi tam kurs keçmək üçün Miçiqan universitetinə iki tələbə (bütünlükdə 10 nəfər) göndərmişdilər. Universitetin 1934-1935-ci illər üçün təqdim etdiyi hesabatda tələbələrin öz ölkələrinin müvafiq qurumları ilə birlikdə seçilməsində, ümumiyyətlə, onların ABŞ-a gəlmələri və təhsilə başlamaları ilə bağlı bütün məsələlərdə professor Mehmet Ağa-Oğlunun  aparıcı rol oynaması xüsusi vurğulanmışdı.

Bu baxımdan istər universitetə cəlb ediləcək şərqli tələbələrin seçilməsi, istərsə də müsəlman Şərqi ilə yeni elmi əlaqələrin yaradılması baxımından fars ədəbiyyatının klassiki Əbülqasim Firdovsinin 1934-cü ildə İranda geniş qeyd olunan 1000 illik yubileyi gözlənilməz fürsətə çevrilmişdi. Mehmet Ağa-Oğlu yubiley komitəsinin məsul katibi, məşhur İran alimi Səid Nəfisinin təşəbbüsü ilə Miçiqan universitetinin və Detroyt Gözəl Sənətlər İnstitutunun təmsilçisi kimi ümumdünya miqyaslı mədəni tədbirə dəvət almışdı.

Yubiley çərçivəsində Tehranda keçirilən dünya şərqşünaslarının elmi  konfransında o, böyük Azərbaycan şairi Nizami Gəncəvinin Vaşinqtondakı Freyer qalereyasının fondlarında saxlanan “Xosrov və Şirin” poemasının əlyazması barədə məruzə ilə çıxış etmişdi. Beş illik ayrılıqdan sonra Şərqlə yeni təmas imkanı yaradan İran səfəri haqda təəssüratlarını Amerikaya dönəndən sonra “Firdovsinin məzarını ziyarət” adı altında Miçiqan universitetinin “Michigan Alumnus” adlı məcmuəsinin 1935-ci il saylarından birində dərc etdirmişdi.

Mehmet Ağa-Oğlunun İran səfəri 1934-cü ilin avqustundan noyabrına qədər çəkmişdi. O, Tehranla bir sırada Yaxın və Orta Şərqin Yerusəlim, Beyrut, Dəməşq, Bağdad, Qahirə kimi şəhərlərində də olmuşdu. Miçiqan universiteti arxeoloqlarının Selevk və Karanisdə apardığı qazıntılara baş çəkmişdi. İranın daxilində isə qədim fars mədəniyyətinin özəlliklərini aşkara çıxarmaq baxımından daha çox maraq doğuran Kirmanşah, Həmədan, Qəzvin, Məşhəd, Nişapur, Tus, Qum, İsfahan, Buşehr, Şiraz şəhərlərini gəzib dolaşmış, Persepolisin qədim abidələrinə tamaşa etmişdi. Səfər həm universitet üçün tələbələrin seçilməsi, həm də İran alimləri ilə işgüzar əlaqələr qurulması baxımından səmərəli olmuşdu.

Elmi jurnallarda mütəmadi olaraq islam incəsənətinin müxtəlif problemləri barəsində  məqalələrlə çıxış etməsinə baxmayaraq, Mehmet Ağa-Oğlunun ilk monoqrafik əsəri - “Persian Bookbindings of the Fifteenth Century” (“On beşinci əsr fars kitab cildçiliyi”) 1935-ci ildə Miçiqan universitetinin nəşriyyatında çap olunmuşdu. Tədqiqatın meydana çıxmasında İstanbulla bir sırada İranın muzey və kitabxanalarında aparılan axtarışlar da müəyyən  rol oynamışdı. Çox güman ki, əsər bir yox, bir neçə cild olacaqdı. Bunu 1935-ci il nəşrinin üzərindəki “Birinci cild” ifadəsindən də görmək mümkündür.

Bir neçə epizodik təşəbbüsü istisna etmək şərti ilə islam dünyasında xüsusi sənət növü kimi meydana çıxan kitab cildçiliyi məsələsi ilk dəfə Mehmet Ağa-Oğlunun tədqiqatında özünün bütün incəlikləri, bədii sənətkarlıq və texniki özünəməxsusluqları ilə araşdırılmışdı.  Əsər haqqında “American Magazine of Art”, “Apollo”, “Bookbinding Magazine”, “The Bulletin of the American İnstitute for Persian Art and Archeology”, “Michigan Alumnus and Parnasus” kimi nüfuzlu amerikan sənət jurnallarında, habelə türk, ingilis, fransız dərgilərində təqdiredici resenziyalar çap edilmişdi. Resenziyalarda yekdilliklə Ağa-Oğlunun islam dünyasında kitabçılıq və kitab tərtibatı işinin ilk mükəmməl araşdırıcılarından biri olması, həm də tədqiqatını Qərb alimləri üçün naməlum mənbə və qaynaqlar əsasında aparması xüsusi ilə vurğulanırdı.

Mehmet Ağa-Oğlunun ikinci monoqrafik əsəri - “Safawid Rugs and Textile: The Collection of the Shrine İmam Ali at Al-Nacaf” (“Səfəvi xalçaları və parçaları: Nəcəf şəhərindəki İmam Əli matəmgahının kolleksiyası əsasında”) kitabı aradan altı il keçəndən sonra, 1941-ci ildə  Kolumbiya universiteti nəşriyyatında çap olunmuşdu. Kitab üçün materiallar alimin 1934-cü ildə, Yaxın və Orta Şərqə bir neçə ay çəkən səfəri zamanı toplanmışdı. Qeyri-müsəlmanlar İmam Əli matəmgahına buraxılmadıqlarından Mehmet Ağa-Oğlu müsəlmanların müqəddəs saydıqları bu məkana ayaq basan ilk sənət tarixçisi idi. Əsərinin giriş hissəsində də qeyd etdiyi kimi, Nəcəf müctəhidləri onun tam bir həftə ərzində matəmgahda qorunub saxlanan və əksəriyyəti Səfəvi hökmdarlarının hədiyyəsi olan xalçaları, qumaşları öyrənməsinə, habelə foto-şəkillərini çəkməsinə icazə vermişdilər. Müsəlman və Azərbaycan türkü Mehmet Ağa-Oğlu üçün edilən istisna nəticəsində islamın müqəddəs saydığı bu yer dünyaya öz sənət yönü ilə də açılmışdı. Eyni zamanda, türk əsilli Səfəvi xanədanının təkcə şiəlik sevgisi deyil, həm də böyük mədəni ənənələri və potensialı dünyaya nümayiş etdirilmişdi.

Kitab təkcə materiallarının yeniliyi və orijinallığı deyil, yüksək çap mədəniyyəti baxımından da diqqəti cəlb edirdi. Təsadüfi deyil ki, azərbaycanlı alimin əsəri bədii və texniki tərtibatının mükəmməlliyinə görə Amerika Qrafika Sənəti İnstitutu tərəfindən nəşr edildiyi ilin 50 ən yaxşı kitabından biri hesab olunmuşdu. Zeynəb Simavinin yazdığına görə, münsiflər heyəti onu Nyu-York Ümumi Kitabxanası tərəfindən ölkə üzrə müsabiqəyə göndərilən 631 adda kitabın içərisindən seçib fərqləndirmişdilər.

Bu əsəri bizim üçün qiymətli edən başlıca cəhət, heç şübhəsiz, onun Azərbaycan türklərinin incəsənəti ilə bağlılığı idi. Başqa bir diqqətəlayiq cəhət isə Səfəvi dövrü tətbiqi sənət nümunələrinin fars mədəniyyətinin faktı kimi deyil, türk-islam kontekstində araşdırılması sayıla bilər. Təəssüf ki, indiyə qədər Azərbaycan xalça məktəblərindən və xalçaçılığın tarixindən yazan müəlliflər həmvətənimizin ABŞ-da meydana çıxmış bu qiymətli tədqiqatına lazımi diqqət yetirməmişlər.

 

***

 

1938-ci ilin iyununda Mehmet Ağa-Oğlu heç kimin gözləmədiyi halda Miçiqan universitetindəki vəzifəsindən istefa vermişdi. Lakin hələ bir neçə ay  Detroyt Gözəl Sənətlər İnstitutunun Yaxın Şərq incəsənəti kolleksiyasının fəxri mühafizi kimi qalmaqda davam etmişdi. İlin sonunda isə institutla da vidalaşmışdı. Yalnız aradan on il keçəndən sonra  Vaşinqton Tekstil Muzeyinin dəvətini qəbul edərək paytaxtda çalışmağa başlamışdı. Alimin həyat və fəaliyyətini araşdıranlar indiyə qədər bu gözlənilməz qərarın səbəblərini, pərdə arxasını aşkara çıxarmaq üçün hər hansı bir ip ucu tapa bilməyiblər.

Lakin Miçiqan universiteti və Detroyt Gözəl Sənətlər İnstitutu ilə həmişəlik vidalaşmazdan əvvəl Mehmet Ağa-Oğlu San Fransiskodakı D.H. De Young Memorial Muzeum-un böyük bir islam incəsənəti sərgisi keçirmək dəvətinə razılıq vermişdi. Təklif ona Detroytda birlikdə çalışdıqları sənətşünas Valter Heildən gəlmişdi. Heil bir müddət əvvəl De Young Muzeumun direktoru təyin edilmişdi və yeni ranqda ilk işi yaxından tanıdığı, dostluq münasibətləri saxladığı Mehmet Ağa-Oğlunu islam incəsənəti sərgisinin təşkili üçün San Fransiskoya çağırmaq olmuşdu. Amerikanın qərb hissəsində birinci dəfə düzənlənən, 1937-ci il fevralın 24-dən martın 22-nə qədər tamaşaçılara açıq olan sərgidə ABŞ və Avropanın 18 ictimai və 29 fərdi kolleksiyasına məxsus 266 əsər nümayiş etdirilirdi.

“The Art Digest” məcmuəsi San Fransisko sərgisinin qeyri-adi uğuruna, tamaşaçılar arasındakı populyarlığına, ən başlıcası isə həmin dövrə qədər solğun, darıxdırıcı  əyalət muzeyi imicinə malik  De Young Memorial Muzeumun simasını əsaslı şəkildə dəyişdiyinə xüsusi diqqəti çəkmişdi. Başdan-ayağa “amerikana” üslubunda qurulan muzeyin qısa müddətə də olsa, tamaşaçı marağının fokusunda dayanması, bir sənət məbədinə çevrilməsi islam incəsənətinin özünəməxsusluğu və təkrarsızlığı, ən başlıca isə eksponatların yüksək zövqlə seçilməsi ilə əlaqələndirilmişdi. Sərginin Mehmet Ağa-Oğlu tərəfindən hazırlanmış kataloqu elə həmin il San Fransiskoda nəşr edilmişdi.

1930-cu illərdə Mehmet Ağa-Oğlu islam dünyasında min kilometrlərlə uzaqda, Birləşmiş Ştatlarda müsəlman xalqların mədəniyyətini, onların bəşər sivilizasiyasına töhfələrini araşdıran azsaylı alimlərdən biri idi. Həmin dövrdə amerikan cəmiyyətində islama düşmən münasibət bəslənməsə də, ümumi laqeydlik, bəzi hallarda isə açıq-aşkar bəyənməzlik atmosferi hökm sürürdü. Heç kim bu işlə islam mədəniyytinin öyrənilməsi və təbliği ilə sistemli şəkildə məşğul olmamışdı. Xrisitian dəyərlərin hakim mövqe tutduğu bir cəmiyyətdə islam dini ardıcıllarının da əsrlər boyu özünəməxsus bir mədəniyyət yaratdığı və yaşatdığı ideyasını yaymaq fikrinə düşməmişdi. Belə  şəraitdə Mehmet Ağa-Oğlunun üzərinə yalnız islam mədəniyyətinin araşdırılması və təbliği yox, həm də bu məsələ ilə məşğul olan Detroyt Gözəl Sənətlər İnstitutunun və Miçiqan universitetinin əlaqədar bölümünün etimad və nüfuzunun artırılması vəzifəsi düşürdü.

Bu münasibətlə tədqiqatçılarından birinin də yazdığı kimi, “Ağa-Oğlu təkcə islam incəsənətinə maraq oyandırılmasında deyil, bu sahə ilə məşğul olan qurumların nüfuzunun artırılmasında da önəmli xidmətlər göstərmişdi”.

“Art news” qəzetində dərc etdirdiyi “Kolumbiyada islam incəsənəti” adlı məqaləsində Mehmet Ağa-Oğlu sadəcə ABŞ-da deyil, dünya miqyasında islam mədəniyyəti və incəsənətinə kifayət qədər diqqət yetirilməməsindən ürək ağrısı ilə bəhs edərək yazırdı: “İndiki dövrdə islam incəsənətinin praktiki olaraq saya salınmadığını demək bir qədər çətin olsa da, onun dünya sənət tarixinin ən sonuncu fəsillərindən biri kimi gözdən keçirildiyini söyləməyə tam əsas var. Əksər kolleclərin sənət departamentləri bu sahənin öyrənilməsinə maraq göstərmir, bir neçə istisnanı çıxmaq şərti ilə muzeylərin ekspozisiyalarında sistemli şəkildə toplanmış islam incəsənəti nümunələrinə təsadüf edilmir. Bunun da nəticəsində mətbuat indiyə qədər ümumən Qərbi Avropa, yaxud Şərqi Asiya ilə müqayisədə islam ölkələrinin incəsənətini daha az əhəmiyyətli saymaqda davam edir”.

San Fransiskodakı möhtəşəm sərginin əsas məqsədlərindən biri də bu yanlış təsəvvürü aradan qaldırmaq idi. Mehmet Ağa-Oğlunun fikrincə, belə sərgilər elmi əhəmiyyətindən daha çox maarifləndirici funksiya daşıması baxımından qiymətli idi. Ancaq bu tipli maarifçilik aksiyaları həmişə rəğbət hissi ilə qarşılanmışdı. Yerli əhalinin - Amerika hindularının qədim irsinin şüurlu şəkildə məhv edildiyi, irqi ayrı-seçkiliyin hələ də rəsmən mövcud olduğu ABŞ-da islam mədəniyyətinin uğurlarını təbliğ etmək o qədər də asan deyildi. Qürurverici faktdır ki, həmvətənimiz Mehmet Ağa-Oğlu bu işin pionerlərindən biri idi.

Yenidən Vaşinqton Tekstil Muzeyində mühafiz kimi fəaliyyətə başladığı 1948-ci ilə qədər, aradan keçən on il (1938-1948) ərzində alim nə ilə məşğul olmuşdu? Zəngin təcrübəsini, bilik və bacarığını hansı sahədə tətbiq etmişdi? Bu dövrdə onun Nəcəfdəki Səfəvi kolleksiyası haqqında kitab və bir neçə məqalə çap etdirdiyi haqda yuxarıda bəhs açmışdıq. Lakin Mehmet Ağa-Oğlunu öz sehrinə salan əsas problemlə müqayisədə bu işlər sadəcə epizodik xarakter daşıyırdı.

Həmkarları - Detroyt institutundan olan Veibelin və Metropoliten muzeyinin mühafizi Marius Dimandın Ağa-Oğlunun vaxtsız vəfatı münasibəti ilə yazdıqları və “Ars İslamica”da dərc etdirdikləri “İn Memoriam” adlı nekroloqdan da göründüyü kimi, universitetdən ayrıldığı 1938-ci ildən başlayaraq alim bütün vaxt və enerjisini islam metal mədəniyyətinin araşdırılmasına yönəltmişdi. O, hətta bütöv bir elmi-tədqiqat institutunun öhdəsindən çətinliklə gələ biləcəyi ağır yükün altına girmişdi - böyük fədakarlıqla on iki cild olaraq  planlaşdırdığı  “Corpus of İslamic Metalwork” (“İslam metal əsərlərinin məcmusu”) əsəri üzərində işə başlamışdı. Layihə, şübhəsiz, kifayət qədər möhtəşəm və iddialı idi, çox böyük vaxt, gərgin axtarışlar,  ən başlıcası isə  tükənməz istək, iradə tələb edirdi.

Mehmet Ağa-Oğlu min ildən çox dövr - VII-XVIII əsrlər arasında Hindistandan tutmuş İspaniyaya qədər böyük bir coğrafiyada islam dünyasının metal işləmələrini araşdırmaq fikrində idi. Təəssüf ki, müəllif yalnız əsərin birinci cildinin ilk kitabını tamamlaya bilmişdi. Bütünlükdə on ildən çox müddət ərzində ən müxtəlif mənbələrdən tədqiqat üçün toplanmış zəngin materiallar - əlyazmaları, sxemlər, rəsmlər, foto-şəkillər, xəritələr, eskizlər (bütünlükdə yeddi böyük qutu) indi də Vaşinqtonda “Freer Gallery of Art and Arthur and M.Sakler Gallery Archives”də saxlanmaqdadır. Mehmet Ağa-Oğlunun ölümündən sonra kimsə bu istiqamətdəki tədqiqatları davam etdirmək fikrinə düşməmişdi.

On iki cildin hər birinin əhatə dairəsi və əsas xətləri ilə bağlı ilk dəfə 1951-ci ildə “Ars İsamica”da çap olunan “Memorandum of the “Corpus of İslamic Metalwork” adlı müəllif qeydləri alimin nə qədər intəhasız bir mövzunu əhatə etmək, islam metal mədəniyyəti, metal işləmələri barəsində misli-bərabəri olmayan elmi saqa, yaxud epopeya yaratmaq niyyətində olduğunu aşkara çıxarır.

Çoxcildli tədqiqatda ümumən Yaxın Şərq incəsənəti, habelə islam dekorativ sənətinin digər qolları ilə də əlaqəli şəkildə müsəlman dünyasındakı metal işləmələrin coğrafi, tarixi, sosial, iqtisadi, texnoloji, terminoloji, epiqrafik, ikonoqrafik, üslubi-sənətkarlıq aspektlərini araşdırmaq əsas hədəf kimi götürülmüşdü. Kitaba orta əsrlərdə islam ölkələrində metal işləmələrin tarixi, xarakteri və texnologiyası ilə bağlı ərəb, fars və türk dillərində tərtib olunmuş terminoloji sözlüyün - qlossarinin əlavə edilməsi də nəzərdə tutulmuşdu. Müəllif bu məqsədlə latın, yunan, Çin, uyğur, ərəb, fars, türk mənbələrindən əksəriyyəti ilkin qeydlər şəklində qalmış xeyli material toplamışdı. Bütün bu qaynaqlar məlumatsızlıq ucbatından, yaxud  bilincli şəkildə bəşər sivilizasiyasının tarixi inkişafı ilə bağlı Avropa alimlərinə məxsus tədqiqatlara cəlb olunmadığından müsəlman xalqları ümumdünya mədəni prosesindən, insanlığın qovuşduğu zəngin irs və mənəvi sərvətlərdən təcrid edilmişdilər. Mehmet Ağa-Oğlu özünün fundamental “Corpus of İslamic Metalwork” əsəri ilə heç olmazsa, bir sahədə bu tarixi ədalətsizliyi aradan qaldırmaq istəyirdi.

 

 

Budapeşt, may, 2018-ci il

 

(Ardı növbəti şənbə sayında)

 

 

525-ci qəzet.-  2018.- 9 iyun.- S.18-19.