Ömürdən
sonrakı ömür
Təranə MAHMUDOVA
BDU-nun Beynəlxalq jurnalistika
kafedrasının dosenti
Bir türk şairi var - Edip Cansever. Onun
yaradıcılığından kiçik bir parçaya rast
gəlmişdim. Anlamlı misralar idi: “Kimsənin
öldüyü yox, yaşadığı da. Hər kəs
bir az var, o qədər”.
Oxuduğum andaca tutdu məni bu misra. Həqiqətən
də hərə bir az mövcud olur - insan yoxdan var olur,
ömrünü yaşayır, sonra yenə dünyanı tərk
edir, yəni gəldiyi kimi də gedir. Ömür dediyimiz həmin
o bir azdır - 50, 60, 70, lap 90, 100 yaş milyon illərdir
mövcud olan həyatın müqabilində “bir az” deyil, nədir?
Beynimizin daxili “daxılı” - xatirələr
Yaşadıqca, həyatı daha yaxından
tanıdıqca bəzi həqiqətlər (və ya həqiqət
hesab etdiklərimiz) və qanunauyğunluqlar bəlirlənir.
Uşaqlığında, gəncliyində əhəmiyyət
vermədiyin nəsnələr xüsusi anlam qazanır. Məsələn,
həyatda xatirələrin nə qədər mühüm nəsnə
olduğunu anlayırsan. Yaşadıqların artıq xatirədir,
bunu sübut etməyə heç ehtiyac da yoxdur. Amma
yaşamadıqlarımız da potensial xatirələrdir.
İndimiz olanlarla olacaqlar arasında bir körpüdür,
keçiddir.
Xatirələr də ünsiyyətin bir
növüdür. Amma fərqli bir forması - səssiz,
külək kimi azad, adında və məzmununda əsasən
pozitivlik daşıyan düşüncə “seli”. Atam
haqqında yazdıqlarım da onun valideyn kimliyi haqqında
beynimin hifz etdiyi xatirələrdən bir qismidir; əsaslarıdır
da deyə bilərəm. Ona görə də xüsusi bir
quruluşa, ardıcıllığa tabe deyil, daha çox
mozaikdir.
Bir az rəsmiyyət
Ələddin Mahmudov Bakı Dövlət Universitetinin
Mexanika-riyaziyyat fakültəsinin professoru, fizika-riyaziyyat elmləri
doktoru idi. Ayrı-ayrı dövrlərdə dekan, dekan
müavini və digər vəzifələrdə
çalışıb. Universitetin fəal ictimai xadimlərindən
biri olub. Xeyli sayda gənc alimin, o sıradan da əcnəbi tədqiqatçıların
yetişdirilməsində xüsusi xidmətləri olub. Say
yazmıram, çünki gənc alim yetirşdirmək ancaq
onların dissertasiya işlərinə rəhbərliklə
bitmir. Əsl alim əməlləri, davranışı, şəxsiyyəti
ilə neçə-neçə tələbəsinin yol bələdçisi
ola bilər.
O - ölüm!
Ölümün özü ilə gətirdiyi
sarsıntılar içərisində məni ən çox
məyus edən və hər şeyin birdəfəlik bitdiyinə
amansızcasına inandıran
gerçəkliklərdən biri də itirdiyin insan barəsində
keçmiş zamanda danışmaqdır. O belə idi, o belə
deyirdi, belə edirdi... Axı cəmi bir neçə dəqiqə
əvvəl onun haqqında indiki zamanda
danışırdın. Və anlayırsan ki, bu
keçmiş zaman bir də heç vaxt indiki zaman olmayacaq - hər
şey birdəfəlik bitib. Haqqında danışmaq istədiyim
insanla - atamla üz-üzə ünsiyyət 21 il bundan öncə
iyun günlərinin birində kəsildi. O, həyatdan
köçdü. Həyatımda ölümün amansız
və sərt gerçəkliyi ilə ilk dəfə həmin
gün üzləşdim. Həm genetik olaraq, həm də
davranışları ilə məndə mənəvi dəyərlərə,
kitablara, elmə, sosial fəallığa, özünü
axtarmağa, təkmilləşməyə və daha nələrə
maraq oyatmış bir insanı itirmişdim. Çox şey
yarı yolda qırılmışdı, yarıda
qalmışdı. O “çox şey” mənim
üçün həm də ünsiyyət deməkdir. Həyatın
bir başqa adı da ünsiyyət imiş, sən demə.
Futbol tutqusu
Atamın yoxluğunu bütün kəskinliyi ilə bir
də ölümündən sonrakı ilk futbol üzrə
dünya çempionatı vaxtı hiss etdim. Oyunlara baxdıqca
ağzımı doldurub fikirlərimi, proqnozlarımı ona
demək istəyirdim. Çox maraqlı olacağı gözlənilən
oyunlar haqqında onun fikrini bilməyi arzulayırdım. Kim
udacaq? Bu qrupdan kim qalib çıxacaq? Və... demək istədiklərim
elə ağzımda da qalırdı və mən onları
geri “udmalı” olurdum - eşitməsini və
cavablandırmasını istədiyim insan həyatda deyildi
çünki. Mənə ondan başqa heç kim o
cavabları verə bilməzdi ki. Atam futbolu çox sevirdi.
“Futbol həyatın sevincidir” deyəcək qədər
çox. Onun bu oyuna hədsiz sevgisi bizə də
“yoluxmuşdu”. O qədər ki, böyük bacım hələ
lap kiçik yaşlarından “Neftçi”nin bütün
oyunçularının adını əzbər bilirmiş,
qapıçıdan tutmuş hücumçuya kimi. O qədər
ki, həmin vaxtlar Bakıda qız-qadınların stadiona getmədiklərini
bilə-bilə tez-tez ona “Bizi də apar futbola, nə olar”
deyirdik. Atam “Neftçi”nin
Bakıda keçirilən bir oyununu da qaçırmazdı,
oyunlara mütləq dostlarıyla stadionda baxardı.
“Neftçi” Bakıda oynamayanda isə radioda oyunun
reportajını verən kanalı tutub dalğaların
xışıltısına rəğmən sona qədər
dinləyərdi. “Neftçi”nin keçmiş
futbolçularının bir neçəsi ilə yaxından
tanış idi. Bəzən uzun-uzun danışardılar
telefonla. Ən çox da tanınmış futbolçu Ələkbər
Məmmədovla. Onlar danışmağa başlayanda bilirdik
ki, söhbət tez bitməyəcək. Bir dəfə də
çimərlikdə “Neftçi”nin əfsanəvi
futbolçusu Anatoli Banişevski ilə az qala saat yarım
söhbət etmişdilər - birnəfəsə. Bu
futbolçularmı çox danışmağı sevirlər,
yoxsa riyaziyyatçı Ələddin Mahmudovunmu sualları
çox olurdu, bilmirəm.
Çox vaxt stadiondan evə qayıdanda səsinin gərildiyini
hiss edirdik. Hamımız bir-birimizə baxıb gözlərimizlə
“danışardıq”. O vaxt hamımızın ağlından
eyni şey keçirdi - yenə əsəbləşib
qışqırıblar yəqin. Onda buna hirslənərdik,
amma indi bu sətirləri yazdıqca gülümsəyirəm.
“Neftçi” udanda atamın gözlərinin gülümsədiyi
kimi.
Bakı tutqusu
Atam Gürcüstanda doğulub boya-başa
çatmışdı. Orta məktəbi bitirdikdən sonra təhsilini
universitetdə davam etdirmək üçün Bakıya
üz tutmuşdu. Özünün dediyi kimi - bircə qələmlə
gəlmişdi Bakıya. Məktəbi medalla bitirdiyinə
görə universitetin istənilən fakültəsinə
imtahansız daxil ola bilərdi. Atası, yəni babam,
oğlunun hüquq fakültəsinə daxil olmasını istəyirmiş,
sırf ənənəvi yanaşmalar baxımından. Atam bu
fikrə qətiyyətlə “yox” deyərək
riyaziyyatçı olmaq arzusunun arxasınca gedib -
mexanika-riyaziyyat fakültəsinə. Və...bir daha geriyə
- Gürcüstana dönməyib. Ömrünün son günlərində
belə əbədi məkanının Bakıda
olmasını arzulamışdı.
Bir dəfə Gürcüstanda istirahətdəydik. Atam
harasa çəkilib özü ilə hər yerə
apardığı sevimli, kiçik radiosuna qulaq asırdı.
Bir müddət sonra geriyə - çoxluğa döndü. O
vaxt SSRİ kosmonavtları açıq səmadaylarmış,
oradan da birbaşa reportaj verirlərmiş. Birdən
Bakının üzərindən uçduqlarını deyiblər.
Atam onların Bakı haqqında dediklərini elə
eşitdiyi kimi - rusca, tərcümə etmədən dedi:
“Kakaya krasota, kakoy krasavets - qorod Baku”. O qədər qürurlu
idi ki bunu deyəndə. Gözlərindəki
işıltını görmək lazım idi o an.
Universitet tutqusu
Atam təhsil aldığı,
çalışdığı və həyatını
bağladığı yeri - universiteti, mexanika-riyaziyyat
fakültəsini çox sevirdi. Xəstəliyi ilə əlaqədar
həyatının son aylarını evdə keçirməli
oldu. O, evə sığmırdı, özünə yer tapa
bilmirdi. Ölümündən cəmi bir gün əvvəl
yığışıb universitetə getdi. Heç kim onu
saxlaya bilmədi. Bunu necə edə bildiyi bizim
üçün - ailəsi üçün hələ də
böyük müəmmadır. Sanki vidalaşmağa
getmişdi, sanki ürəyinə dammışdı ertəsi
gün həyata gözlərini əbədi yumacağı.
Yoxluqdan sonrakı kimlik
İnsanın fiziki yoxluğundan sonra onu tanıyan
insanların xatirəsində necə yaşaması, nə ilə
yadda qalması, başqa sözlə, şəxsiyyətin “məzmunu”
kimi məsələlər xüsusi önəm kəsb etməyə
başlayır. Maraqlısı da budur ki, insanın əsl “məzmunu”
məhz onun ölümündən sonra bəlirlənir.
İnsan həyatda olmayanda onun haqqında əməlləri
“danışır”.
Atam haqqında düşüncələrimə həsr
etdiyim bu yazını yazmağa məni ruhlandıran həm də
onun ölümündən sonrakı illərdə (elə
indi də) insanların Ələddin Mahmudov kimliyinə
göstərdikləri münasibət oldu. Başqa sözlə,
onun xatirəsinə duyduqları ehtiramı görmək,
atamı tanıyan insanların (həmkarları,
keçmiş tələbələri və s.) adını
eşidərkən üzlərinə “qonan” o pozitiv ovqatı,
səmimiyyəti, səslərindəki hörmət əlamətini
sezmək özəl bir hissdir.
İllər öncə uzaq səfərdən
qayıdarkən təyyarə dəyişimi üçün
gözləmə salonunda gəlini və nəvələri ilə
Bakıya qonaq gələn ahıl, nurlu və çox səmimi
bir insanla təsadüfi tanışlığım başqa
bir təsadüfü üzə çıxardı. Qürbətdə
yaşayan bu şəxs ara-sıra Bakıya gəlib
qohumlarına, dostlarına baş çəkdiyini bildirdi.
Köhnə Bakıdan, məktəb və universitet illərindən
danışmağa başladı. Mexanika-riyaziyyat fakültəsini
bitirdiyini biləndə atamın da vaxtilə orada
çalışdığını dedim. O saat
sözümü kəsərək soruşdu: “Familiyası?”.
“Mahmudov, Ələddin Mahmudov” dedim. Onun reaksiyasını indi
sözlə izah etmək çox çətindir. Atamın vəfat
etdiyini biləndə isə kövrəldi, gözləri
yaşardı. O nurlu insanın bundan sonra yol boyu Bakıya
çatana qədər ən kiçik məsələlərdə
belə kömək etmək cəhdləri isə məni
kövrəldirdi.
Məni qətiyyən tanımayan, amma kimdənsə
riyaziyyatçı Ələddin Mahmudovun qızı
olduğumu bilən insanların yaxınlaşaraq “Mən Ələddin
müəllimin tələbəsi olmuşam. Allah ona rəhmət
eləsin!” deyib haqqında xoş, pozitiv sözlər söyləyən
xeyli sayda insan oldu bu illər ərzində. Həmin anlarda hiss
edirdim - bu insanlar əslində, onunla danışmaq, ona
zamanında demədiklərini, deyə bilmədiklərini ifadə
etmək istəyirdilər. Məclislərdə deyilən “Ələddin
müəllim kimsəsiz, kasıb tələbələrin
atası idi” sözləri atamı mənə bir daha
tanıtdı.
Söhbət təkcə deyilənlərin atama aid
olmasından getmir. Söhbət həm də insanların xatirələri
yaşatmasından gedir, yəni müsbət nümunələri,
davranışları özündə yaşadan insan beyninin
seçimlərindən. Bir də yaşam üçün,
bir icmanın, millətin və daha geniş miqyasda -
insanlığın var olması üçün
xeyirxahlığın, mənəviyyatın
mövcudluğunu vacib sayan və bunu qoruyub saxlayan kollektiv
yaddaşın gücündən, prioritetlərindən.
Çünki həmin kollektiv yaddaş bilir - bir millətin,
toplumun sağlamlığı mənəviyyatdan keçir.
Atamın fiziki yoxluğundan iki onillikdən də
çox vaxt keçir. Məncə, bir insanın
yaddaşlardakı yerinin nə qədər möhkəm
olub-olmadığını sınamaq üçün yetərli
bir zamandır. Dediyim kimi, bu illər ərzində atam
haqqında çox xoş sözlər eşitdim. Ən əsası
da odur ki, bu sözləri söyləməyə, o münasibəti
göstərməyə həmin insanları heç nə
vadar etmirdi, onların heç nədən, heç kimdən
asılacaqları yox idi. Məndən də heç yox idi.
Bu arada, futbol üzrə növbəti dünya
çempionatına lap az qalıb - bir həftədən də
az.
525-ci qəzet.-
2018.- 9 iyun.- S.23.