Şərif
Ağayarın “Ağ göl”də dedikləri...
Ağa CƏFƏRLİ
Dünya sürətlə inkişaf edir, hər gün
bizi heyrətləndirən hadisələr baş verir, hər
gün olmasa da, çox mühüm kəşflər,
ixtiralar edilir, amma insanın mahiyyəti dəyişmir. Səbrlə
Xilaskarı gözləyir, onun bir gün dünyada
bütün ədalətsizliklərə son qoyacağına dərin
inam bəsləyir. Çox məqamlara inanan, çox məqamlarda
aldanan insanın bircə özünə inamı yoxdur. Və
bütün problemləri elə bu özünə
inamsızlıq yaradır.
“İncil”i oxuyanlar, yəqin ki, İsanın suyun üzərində
gəzməsini xatırlayır. İsa suyun üzərində
gəzəndə uzaqdan onu tanımayan həvarilər qorxuya
düşdülər, o isə dedi ki, qorxmayın, bu, mənəm,
əgər inamınız varsa, ürəyinizdə zərrəcə
şübhə yoxdursa, bunu siz də edə bilərsiniz. Həvarilərdən
biri bunu bacardı, suyun üstü ilə gəzdi, ancaq tez də
qorxuya düşdü ki, mən bunu necə bacarıram.
Qorxuya düşən kimi batmaq təhlükəsi ilə
üzləşdi, İsa ona dedi ki, suyun üstüylə gəzəcəyinə
niyə axıra qədər inanmadın?..
Şərif Ağayarın “Ağ göl”ündəki qəhrəmanlar
da Xilaskar axtarışındadır, iman var hardasa, amma inam
yoxdur. Özünə inam! İnam olsaydı, dəmir
hasarları yerli-dibli sökərdilər, Ağ gölün
işğalına imkan verməzdilər, Ağ gölü
satmazdılar və Qiyamət başlamazdı.
Hə, bir də nəfsin qulu olmaq məqamı var.
Buddaya görə, arzular əzabdır və insan əzablardan
qurtulmaq üçün arzularından imtina etməlidir.
Başqa dinlər də bizə ilk növbədə nəfsdən
imtinanı təlqin edir, xoşbəxtliyin burda olduğunu
söyləyir. Pircahanlılar da xoşbəxt idi:
“Onacan Pircahan qəsəbəsini qucağına alan
qumsal təpəliklərdə qurd quzuyla otlayırdı.
Söz məsəli deyil, gerçəkdən. Qurdun quzuyla
otladığını Camal ata öz gözləriylə
görmüşdü. Adamboyu qaratikan kollarının dibində
bir quzuyla bir qurd göz-gözə dayanmışdı. Quzu
yanaşıb qurdun boynunu qoxlayır, zərif nəfəsi
uzun, gümüşü tüklərin ucunu xəfifcə
titrədirdi. Qurdsa qulaqlarını şəkləyib burnuyla
quzunun varlığını yoxlayır, dilini
boyun-boğazına toxundurub mərhəmət ifadə
edirdi...
... Pircahanlılar sadə yaşasalar da, kasıb deyildilər.
Ağ gölün sərvəti hamının rahat
dolanışığına çatırdı. Ruzilərindən
arxayın olduqları üçün özlərini xoşbəxt
sanırdılar, yalan danışmağa, kimisə
aldatmağa, mübahisə etməyə, üzdə bir,
gizlində başqa cür görünməyə ehtiyac
duymurdular”.
Amma bir gün dövran dəyişdi, “hər şey tərsinə
çevrildi, Pircahanın yığvalı döndü”.
Pircahanı nəfs yıxdı, nəfs
dağıtdı. Bircə Camal ata mənən sağ
qaldı, hörümçək kimi tor-hasar hörməklə
hamını, kəndliləri də, övliyaları da,
Ağ gölü də, müqəddəs iydə
ağaclarını, hətta bəlkə peyğəmbəri
də qorumaq istəyən siması çirkin, daxili gözəl
insan! Lal olmayan, amma heç vaxt danışmayan və
danışmamağı da hiss olunmayan şəxs... Və
pircahanlılar arasında özünə inanan bircə o idi.
İnanırdı ki, gücü hər şeyə
çatar. Ağ gölü, iydə ağaclarını
qorumağa da, bu müqəddəs varlıqlara görə
bütün dünyanı cəhənnəmə çevirməyə
də.
Çevirdi də!
Halbuki ona Xilaskar kimi baxırdılar, övliyaları
görmüşdü. Amma bütün jestləriylə “Xilas
məndə deyil, özünüzdədir” - deyirdi. Hər kəs
mənəvi anlamda özünü xilas etməli idi, Camal ata
buna yaxşı nümunə idi. Amma təbii ki, kamilliyə
çatmaq ümumxalq işi deyil.
***
Əslində, yenicə oxuyub bitirdiyim “Ağ göl”
romanı haqqında ilkin təəssüratlarım burda
bitirdi. Ancaq birdən-birə müəlliflə bağlı
düşüncələrimi bölüşməyə də
ehtiyac duydum.
Şərif Ağayarın “Ağ göl” romanını
birnəfəsə oxudum və hələ əsərin təsirindən
çıxmamış kitab haqqında üç
yazını gözdən keçirdim. Üç yazıdan
ikisində Şərifin son illər xeyli məhsuldar olduğu
qeyd olunurdu. Və bu qeydlər ona görə xüsusi diqqətimi
çəkdi ki, “Ağ göl”ü oxumağa başlamamışdan
əvvəl mən də bu məqam haqqında
düşünürdüm. Kitabın arxasında Şərifin
tərcümeyi-halı verilib və mən o yazıya diqqət
yetirəndə Ağayarın kitablarının adını
gördüm. O kitabların hamısını oxumuşam, o
kitablardakı detallar, o kitablardakı qəhrəmanlar, obrazlar
bir-bir gözümün önündən keçdi. Fikirləşdim
ki, Şərif son illər ərzində gör necə
yaxşı əsərlər yazıb, ədəbiyyat
havası ilə necə nəfəs alıb. Bu, gəlişigözəl
söz deyil. Baxın, Şərifin bütün romanları,
povestləri haqqında sanballı, zövqünə
inandığımız insanların müsbət rəyi var.
“Haramı” bu gün də son dövrlərin ən
yaxşı əsəri kimi xatırlanır. “Arzulardan
sonrakı şəhər”in Sim-sim.az saytındakı
müzakirəsini özüm təşkil etmişdim, Səfər
Alışarlı kimi gözəl yazıçı,
dünya ədəbiyyatını əlinin içi kimi bilən
insan əsər haqqında o qədər yüksək sözlər
söylədi ki, özüm də xeyli təəccübləndim.
“Gülüstan” romanını Trierin “Dogvil” filmi ilə
müqayisə etmişdilər. Bu kitablarla bağlı
müxtəlif oxucular müxtəlif fikir söyləyə bilər,
lakin bir fakt dəqiqdir: Bu əsərlərin hamısında
istedad var, ağrı var, acı var, zəhmət var. Və nəticə
etibarilə ortada ciddi mətn var.
Yəqin demək artıqdır ki, əsas məsələ
nə yazmaq yox, necə yazmaqdır. Yeri gəlmişkən, bəzən
Şərifi kənddən-kəsəkdən yazmaqda ittiham
edirlər. Bizim mövqeyimiz bəlli, bir-iki cümlə
öncə fikrimizi dedik. İndi görün nədən
yazmaq məsələsinə illər öncə görkəmli
yazıçımız İsa Hüseynov necə reaksiya
vermişdi? İsa Hüseynovdan soruşmuşdular ki, niyə
atanızdan çox yazırsınız? “Çünki
atamı ən yaxşı tanıdığım kişidir”
- deyə ustad cavab vermişdi. Elə bilirəm, əlavə
şərhə ehtiyac yoxdur.
Şərif yaxşı yazmağı bacarır. Belə
yaxşı, ciddi mətnlərdən biri də bu günlərdə
yaranıb - “Ağ göl”.
“Ağ göl”ün daha bir maraqlı cəhətindən
bəhs edim. Mətn ciddidir, təsvirlər boldur, uzun cümlələr
də nə qədər istəsən... Buna baxmayaraq,
yuxarıda da qeyd etdiyim kimi, kitab birnəfəsə oxunur. Mənə
elə gəlir ki, bunu biz Şərifin böyük uğuru
kimi vurğulamalı, peşəkarlığının
növbəti göstəricisi saymalıyıq.
“Gülüstan”dakı mətn ağırlığı “Arzulardan
sonrakı şəhər”də azalmışdı, “Ağ
göl”də isə bu məsələlər yüksək səviyyədə
nizamlanıb.
“Ağ göl” əvvəlcə üçüncü
şəxsin dilindən yazılmış əsər təsiri
bağışlayır. Amma sonradan birinci şəxs peyda olur
və özü də qəribə şəkildə:
“Bircə mən şahidəm ki, Camal ata yalan
danışmırdı!”
“Bircə mən şahidəm ki, Ağ baba pirinin əhvalatını
heç bir pircahanlı unutmurdu”.
“Bircə mən şahidəm ki, Camal ata qəsdən
belə etmirdi, uşaqlıqdan tünlük sevən deyildi,
onun öz dünyası vardı”.
Müəllif oxucunu intizarda saxlayır. Axı kimdir bu,
“Bircə mən”? Şərif bu sirri sonda açır və
məlum olur ki, “Bircə mən” Camal atanın vaxtilə
Ağ göldə batmış, indi isə ruhu göylərdə
dolaşan oğludur. Yazıçının bu priyomu da onun
ustalığının göstəricisidir.
Romandakı obrazlar sistemindən danışsaq, xeyli
maraqlı və təhlil ediləsi məqamlar var. Şərifin
əvvəlki əsərlərində parlaq obrazlar
çoxdur. Məsələn, Qoluyox Vəliyyədin hər
zaman yadda qalacaq parlaq obrazlardandır. Səməndəri,
“Estafet” hekayəsindəki babanı, “Şəkil” hekayəsindəki
nəvəni, “Arzulardan sonrakı şəhərdə”ki
Holden Kolfild kimi həssas, zarafatcıl, hazırcavab. Eyni
zamanda, qəzəbli və narahat Həsəni unutmaq olmaz. Amma
“Ağ göl”də Şərif parlaq obrazlar yaratmaqdan vaz
keçib. Camal atadan və “Bircə mən”dən başqa
xüsusi fərqləndiriləsi obraz yoxdur. O mənada ki,
Camal ata istisnadır. Pircahanlıların hamısı kütləvi
psixozdan əziyyət çəkir, hamıda kollektiv
şüur var. Davranışlar, yanaşmalar eynidir. Fərqli
baxış ölümə məhkumdur. Kobud desək,
hamı bir-birinin tayıdır. Burda bəlkə də bir az
maarifçi düşüncəsi ilə seçilən
Maarif müəllimi fərqləndirmək olardı. Ancaq
birincisi, Maarif müəllimin kütləyə müqaviməti
lağlağıdan o yana keçmir, ikincisi, müəllim
Ağ gölün satılmasına razılıq verməklə
kütlənin ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir.
Kütlə zahirən qalib gəlir, əslində isə məğlub
olur, məhvə sürüklənir. Belə təəssürat
yaranır ki, müəllif qəsdən obrazları kütlənin
içində əridir. Kütlənin mahiyyətini, kütlənin
gücünü, faciələrin baiskarını göstərmək
üçün...
Romanın strukturundan söhbət açsaq, Şərif
əsərdə xüsusi struktur oyunlarına getməyib və
məncə, əcəb edib. Şərif bu oyunlarda uduzur desək
haqsızlıq olar, amma bura onun meydançası deyil və
özünü qonaq komanda kimi hiss edir. Belə oyunların
olmadığı yerdə isə Şərif doğma
meydançadadır və “rəqib”i hətta böyük
hesabla məğlub etməyi bacarır. Bunu Şərifin
özü də hamıdan yaxşı bilir. Məhz bu səbəbdən
“Ağ göl”də struktur oyununa çox getməyib və
qazanıb. Burdakı oyunlar bədii həlli verilmiş həddədir.
Bir məqamı da qeyd etmək yerinə düşər.
“Ağ göl”də Şərif sanki bir az da “xəsislik” edib.
Mümkün qədər çalışıb ki, mətndə
artıq detal, artıq fikir, geniş izah-filan olmasın. Bu da əsərin
rahat oxunmasını şərtləndirən amillərdəndir.
Şərif oxucunu artıq detallarla, cümlə, təsvirlərlə
yormur, ümid edirəm ki, digər oxucular da bu məqamı
yüksək qiymətləndirəcəklər.
İndi isə ən vacib məqamlardan biri haqqında...
Bir dəfə bir dostumuzun əsərindən yazıb qeyd
etmişdim ki, müəllifin dili, mətni yaxşıdır,
inşallah ideyası da olar. Şəriflə “Ağ göl”
haqqında danışanda həmin yazıya işarə edərək
zarafatla demişdi: “Oxu bəyənəcəksən,
ideyası da var”.
Vacib məqam bax budur. Şərif “Ağ göl”də nə
deyir? Məncə, deyir ki, din
(Hacı Mikayıl) bir yandan, elm (Maarif müəllim) bir yandan,
siyasət (Saleh Qəbzəliyev) bir yandan insanı istismar edir.
Üstəlik, daha güclülər (“Vord ist Mayn” şirkəti)
zəifləri əzib məhv edəndə, elm də, siyasət
də, din də asanlıqla onun tərəfinə keçir.
Təmiz olan hər şey məhv olub gedir. Ən
yaxşısı Camal ata kimi öz halal, təbii
dünyasında Ağ gölə baxaraq, iydə
ağaclarının qoxusundan məst olaraq yaşamaqdır.
Buddistlər kimi...
Bəs Ağ göl və iydə ağaclarının
timsalında təbiət məhv olub gedirsə? O zaman qiyamət
başlayır. Qiyamət isə Allahın, həqiqətin,
doğrunun qisasıdır. Halallığın qələbəsidir.
Camal ata təbiiliyin, düzlüyün, sənətin
simvoludur. Onun övliyaları görüb-görməməsi
vacib deyi, insan təbiətin harmoniyasını uyarsa, təmiz
yaşayarsa elə övliyaları görmüş kimidir.
Zahiri şeylər hamısı boşdur. Necə ki, Camal ata
zahirən eybəcərdir.
Şərif bu əsərdə hamıya bir yol göstərir.
Elçin Səlcuq demiş, gedə biləcəyiniz yollar
sağ olsun...
Sonda Şərifə həmişə dediyim bir
sözü burda da qeyd etmək istəyirəm. Mən bir oxucu
kimi onun potensialını daha yüksək qiymətləndirirəm
və həmişə özünə deyirəm ki, mən səndən
bundan da yüksək səviyyədə əsərlər
gözləyirəm. Son zamanlardakı məhsuldarlığı,
ciddi ədəbiyyat adamlarının rəğbətini
qazanan əsərlər ortaya qoyması, elə “Ağ göl”
romanı da göstərir ki, Şərif Ağayar
özünü realizə etmək prosesinə yüksək səviyyədə
qədəm qoyub və daha yaxşı əsərlər
yaradacaq.
Yolun açıq olsun,
Yazıçı!
525-ci qəzet.-
2018.- 9 iyun.- S.22.