Bakıda
Ukrayna yazıçılarının əsərləri
təqdim olundu
Mirzə Fətəli Axundov adına Milli Kitabxanada
tanınmış Ukrayna yazıçıları Vladimir
Danilenkonun “Qürub çağının
işığında” və Nikolay Xomiçin “Sərdabənin
sirri” kitablarının təqdimat mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə açan Azərbaycan
Tərcümə Mərkəzinin İdarə heyətinin sədri,
yazıçı Afaq Məsud tarix boyu Ukrayna-Azərbaycan
xalqları arasında mövcud olan dostluq və
qardaşlıq münasibətlərindən, son illər Mərkəzin
Ukrayna-Azərbaycan ədəbi əlaqələri üzrə
həyata keçirdiyi layihələrdən, Ukrayna ədəbiyyatını
Azərbaycana, Azərbaycan ədəbiyyatını Ukraynaya
tanıdan antoloji nəşrlərdən söz açaraq, bu
işin bundan sonra da, daha geniş və əhatəli şəkildə
davam etdiriləcəyini bildirib.
Sonra söz Ukrayna səfiri Aleksandr Mişenkoya verilib.
Səfir xalqlar arasında anlaşmanın və
doğmalığın təməlini qoyan belə layihələrin
ictimai-siyasi əhəmiyyətindən danışaraq bu şərəfli
missiyanı davamlı və layiqli şəkildə həyata
keçirdiyinə görə, Tərcümə Mərkəzinə
minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Azərbaycan
Respublikası Prezidenti yanında “Bilik Fondu”nun direktoru Oqtay Səmədov,
mərkəzin aparat rəhbəri Yaşar Əliyev, Elm, təhsil
və mədəniyyət idarəsinin müdiri,
yazıçı Etimad Başkeçid kitabların ədəbi-bədii
məziyyətləri barədə danışaraq hər iki nəşrin
Ukraynanın tarixi, müasir həyatı, ədəbi-bədii
düşüncəsi barədə Azərbaycan oxucusunda
dolğun təsəvvür yaradacağını, kitaba, ədəbiyyata
diqqət və marağın artmasına töhfəsini verəcəyini
bildiriblər.
Sonda söz Ukrayna yazıçılarına – Ukrayna
Yazıçılar Birliyinin sədri Vladimir Danilenko və
tanınmış nasir Nikolay Xomiçə verilib.
Yazıçılar son iki ildə Ukrayna Yazıçılar
Birliyinin Azərbaycan Tərcümə Mərkəzi ilə
sıx əməkdaşlıq çərçivəsində
ərsəyə gətirilmiş nəşr layihələrindən
danışaraq ilk dəfə olduqları Bakının
gözəlliyindən heyrətə gəldiklərini, qədim
şairlərin heykəlləri ilə dolu olan şəhərin,
burada baş tutan kitab bayramları ilə böyük ədəbiyyat
ocağına, bədii düşüncə və kitab mərkəzinə
çevrildiyini diqqətə çatdırıblar.
Tədbirin sonunda Vladimir Danilenko Ukraynanın milli
ornamentli suvenirini Afaq Məsuda təqdim edib.
525-ci qəzet.-
2018.- 9 iyun.- S.13.