Şabranda Xaqani Poeziya Günləri
İyunun
8-də Şabran şəhərində ənənəvi
Xaqani Poeziya Günləri təşkil olunub.
Tədbirdə
Şabran rayon İcra Hakimiyyətinin başçısı,
yazıçı-publisist Novruz Nəcəfoğlu, Azərbaycan
Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Xaqani
Poeziya günləri təşkilat komitəsinin rəhbəri,
yazıçı Elçin Hüseynbəyli, AYB Şabran
bölməsinin rəhbəri, yazıçı Aydın
Tağıyev, Türkiyənin İLESAM təşkilatının
rəhbəri, şair Məhmət Nuri Barmaqsız,
yazıçı Seyran Səxavət, AYB mətbuat xidmətinin
rəhbəri, şair Xəyal Rza, Şabran ziyalıları,
şairləri iştirak ediblər.
2012-ci
ildən keçirilən Xaqani Poeziya Günləri artıq
iki ildir ki, daha geniş çevrədə Şairlər
günü çərçivəsində baş tutur.
Ötən il Türkiyədən gələn
şair və yazıçıların iştirakı ilə
keçirilən tədbir bu il də VIII Şairlər
günü tədbirlərinin yekunu olaraq yadda qaldı.
Tədbiri giriş
sözü ilə açan Şabran rayon İcra Hakimiyyətinin
başçısı, yazıçı-publisist Novruz Nəcəfoğlu
ölkəmizdə ədəbiyyata, mədəniyyətə,
klassik irsə, bu mənəvi dəyərlərin
yaradıcılarına, söz və sənət adamlarına
hörmət və ehtiramdan söz açıb, qonaqları qədim
Şabran torpağında salamlamaqdan məmnunluğunu bildirib:
"Artıq yeddinci dəfədir ki, biz Xaqani Poeziya Günlərini burda,
şairin adını daşıyan poeziya evində
keçiririk. Amma ötən ildən Azərbaycan
Yazıçılar Birliyinin təşkil etdiyi Şairlər
günü ilə bir araya gəlməyimiz bizim tədbirləri
bir az da genişləndirdi. Şabranda
həmişə sözə, sənətə dəyər
verilib, buranın tarixə, ənənələrə söykənən
dəyərləri var, Xaqani burda məhbəsdə olub, amma
biz bu tədbirləri keçirməklə onun xatirəsinə
ehtiramımızı bildiririk. Xaqani
Şirvani təkcə Şərqdə yox, bütün
dünyada məşhurdur. Ədəbiyyatşünasların
Xaqaniyə başqa münasibəti var, oxucuların fərqli
yanaşması var onun əsərlərinə. Mən Xaqaniyə bir oxucu kimi baxıram, onu şair
kimi sevirəm. Xaqanini biz bu yurdla
bağlamışıq. Şübhə
yoxdur ki, insan əziyyət çəkdiyi məkanı,
gününün xoş keçmədiyi ünvanı
özü üçün xoş qarşılamaz. Ona görə biz bilmirik ki, Xaqani bizə necə
baxır? Amma bizlər onu sevirik və
bütün bu tədbirlərin kökündə
şabranlıların Xaqaniyə sevgisi, sayğısı
dayanır. Əgər Şabranda, bu
coğrafi məkanda yaşayan mərd insanlar, sözü dəyərləndirən
insanlar olmasaydı, Xaqani elə bəlkə də, "Həbsiyyə”si
ilə birgə Şabran qalasında illərlə
qalacaqdı. Görün şabranlılar
necə mərd, cəsarətli, igid adamlar olublar ki, o qalabəyi
necə böyük ürək sahibi olub ki, Xaqani Şirvaninin
Rum Qeysərinə
yazdığı məktubun ünvanına
çatdırılmasına şərait yaradıb. Ona görə elə bilirəm ki, Xaqaninin ruhu
bütün bu işlərimizə sevgiylə baxmalıdır".
Daha sonra Xaqani Poeziya
Günlərinin təşkilat komitəsinin rəhbəri,
yazıçı Elçin Hüseynbəyli bu cür tədbirlərin
keçirilməsinin əhəmiyyətindən
danışıb: "Baxın, tarixin ədaləti necə
özünü göstərir. Xaqani Şabranda məhbəsə
atılıb, amma indi Novruz müəllim burda ona heykəl
ucaltmaqla, adına poeziya evi tikməklə,
hər il bu tədbirləri keçirməklə tarixi ədaləti
bərpa etmiş olur, şairin azadlığını ona
qaytarır. Həmçinin, belə
görüşlərin, söz məclislərinin
keçirilməsi yaradıcı adamlar üçün son dərəcə
vacibdir. Çünki yalnız söz, sənət
mühiti bizlərə ruh, enerji, qol-qanad verə bilər.
Ona görə mən İcra
başçısı Novruz Nəcəfoğlu başda
olmaqla tədbirin təşkilatçılarına, Şabran
camaatına, ziyalılarına öz minnətdarlığımı
bildirirəm".
Azərbaycan
Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid Şabrandakı ədəbi
mühitdən söz açıb: "Hər il Şabranda ən
müxtəlif ədəbi görüşlər, tədbirlər,
imza günləri keçirilir. Azərbaycan
Yazıçılar Birliyinin şimal bölməsinin rəhbəri,
yazıçı dostumuz Aydın Tağıyevin təşkilatçılığı
ilə burda əsl sənət ab-havası yaradılıb.
Bizim üçün də bu tədbirlərə
qatılmaq, burdakı oxucularla görüşmək çox
xoşdur. Bu il Şairlər günü
Tbilisi, Şamaxı, Şəmkir, Beyləqan, Bakıda
keçirildi və Şabranda yekunlaşmasında da bir məntiq
var, əlbəttə".
Sonra Şairlər
gününün təşkilatçısı Xəyal Rza
çıxış edib: "Ötən il Türkiyədən
gələn böyük heyətlə, həmçinin, Azərbaycan
şair və ziyalıları ilə birgə bu tədbiri
keçirmişdik. Elə o zaman Novruz müəllimin
həssaslığını, diqqətini müşahidə
etmişdik. Bu il də yenə
İLESAM üzvləri ilə birgə Tbilisidən başlayan
tədbirlərimiz bir neçə rayonda keçirildi, ənənəvi
olaraq Bakıda Müşfiqin xatirəsini andıq, adına tədbirlər
keçirdik. İndi də Şabrdan VIII
Şairlər Gününə yekun vurulur. Bir neçə gün ərzində ədəbi
mühitin bu tədbirlərlə məşğul olması,
bölgələrdə canlanmanı görmək, sözə,
şeirə sevgini görmək bizə böyük sevinc gətirdi.
Bu gün Şabranda da bu ovqatı hiss edir və hər kəsə
sözə, şeirə olan sevgi üçün təşəkkür
edirik".
Yazıçı Pərvin
Şabranda keçirilən ilk imza günündən söz
açıb: "Şabranda keçirilən tədbirlərdən,
Poeziya günlərinin əhəmiyyətindən
danışıldı artıq. Ona görə mən sadəcə öz minnətdarlığımı
dilə gətirmək istəyirəm. Çünki
mənim ilk kitabımın ilk imza günü məhz
Şabranda keçirilib. Bunu heç
unutmuram, çünki həmin gün mənim oxucu ilə ilk
görüşdüyüm, ilk dəfə kitab
imzaladığım gün idi. Məncə,
şabranlıların klassik ədəbiyyatın nümayəndəsi
Xaqani Şirvaniyə də, gənc qələm sahiblərinə
də, çağdaş ədəbiyyatın
tanınmış simalarına da bu sevgisi, sayğısı
xüsusi məqamdır. Həm tarixi ənənələrdən,
həm də bugünkü mühitdən, rayondakı
ab-havadan irəli gəlir. Bu mənada
Şabranın İcra başçısı Novruz Nəcəfoğlunun
son dərəcə maraqlı bir yazıçı olması
qələm adamları üçün xeyli faydalıdır
deyə bilərik".
İLESAM rəhbəri,
şair Məhmət Nuri Barmaqsız Azərbaycanda
özünü evindəki kimi hiss etdiyini və burdakı tədbirlərdən
məmnun qaldığını dilə gətirib:
"Artıq Azərbaycanla ədəbi əlaqələrimiz
elə bir səviyyə alıb ki, bura tez-tez gəlirəm. Dostlarım zarafatla hərdən Ankaraya da gəl
deyirlər. Ötən ildən Şabranla
bağlı təəssüratlarım unudulmazdır. Bu
il də Tbilisidə, Şamaxıda, Şəmkirdə,
Beyləqanda, Bakıda unudulmaz günlər yaşadıq,
görüşlər keçirdik. Yenə
Şabranda sizinlə bir aradayıq və bütün tədbirlərin
məhz burda yekunlaşmasında bir məna görürəm.
Yenə klassik irsimizə qayıtmaq, Xaqanini yada
salmağımız son dərəcə gözəldir".
Sonra Məhmət Nuri Barmaqsız "Kəpənək
ömrü" şeirini səsləndirib.
AYB-nin Şabran rayon
bölməsinin sədri Aydın Tağıyev
çıxış edərək həm AYB rəhbərliyinə,
həm də icra başçısı Novruz Novruzova təşəkkürlərini
bildirib: "Dostlarımız çıxış edib
Şabranda keçirilən söz-sənət
görüşlərindən danışırlar. Mən tam səmimiyyətimlə demək istəyirəm
ki, Novruz müəllim başda olmaqla hər kəs ədəbiyyata,
ədəbiyyat insanlarına böyük sevgi ilə
yanaşır burda. Şairlər
gününün Şabran ədəbi mühiti
üçün əhəmiyyəti böyükdür.
Hər kəs sözün, ədəbiyyatın bayramı
hesab edir bu günü..."
Tədbirin
davamında şair-qəzəlxan Namiq Məna şeirlər
oxuyub, Şabran aşıqları, xanəndələri musiqi
parçaları ilə tədbirə rəngarənglik gətiriblər.
Sonda Xaqaninin abidəsi önündə xatirə
şəkli çəkilib.
NƏZRİN
525-ci qəzet.-
2018.- 12 iyun.- S.7.