Xoşniyyətli "Loqos"la Gəncə
səfəri
Artıq bir
aydır ki, bir qrup gənc jurnalistlə bərabər Azərbaycan
Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu,
Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin
təşkilatçılığı ilə keçirilən
"Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi
və Media" layihəsində iştirak edirik.
Layihənin əsas məqsədi
jurnalistləri psixoloji mövzuda maarifləndirmək, eyni
zamanda, "Loqos"u mətbuata daha yaxından
tanıtmaqdır. Hər iki məqsədin saf və faydalı olduğunu
düşünürək qatılmışdım layihəyə.
Qədim
Gəncəyə yeni dostlarla
Nəzərdə
tutulan proqrama görə layihə çərçivəsində
Bakıda keçirilən bir-birindən gözəl,
maraqlı və son dərəcə faydalı təlimlərdən
sonra "Loqos"un regionlardakı bəzi
filiallarına ekskursiyalara gedəcəkdik. Bu
ekskursiyalardan ilki iyunun 9-u gerçəkləşdi. "Loqos" media işçilərilə birgə
özünün Gəncə filialına səfər etdi.
Hələ səfərdən
öncə tanış olduğumuz
proqramın nə qədər zəngin və dopdolu
olduğunu görmüşdük. Ən maraqlısı
isə Bakıda başladığımız təlimlərin
orada da davam edəcəyi idi. Seçilən
mövzu çox maraqlı olsa da, təlimin nə qədər
maraqlı olacağı haqqında öncədən qəti
bir fikrim yox idi. Təbii ki, hər təlimi müxtəlif
psixoloqlar apardıqlarından onların iş prinsipi, məlumatları
çatdırmaq bacarığını bilmirik. Amma
paytaxtdakı təlimləri və ümumilikdə
"Loqos"un fəaliyyətini rəhbər
tutaraq Gəncə səfərinin və oradakı təlimin də
maraqlı olacağına şübhə etmirdim (Bu haqda daha
geniş danışacağıq).
Nəhayət, iyunun
9-u səhər tezdən "Loqos"un
baş psixoloqu Elmira Mirzəyeva və "Loqos"
jurnalının baş redaktoru Rəhilə
Gülgünün rəhbərliyi ilə qədim Gəncəyə
yeni dostlarla yol aldıq.
Əksəriyyətini
tanımadığın, bir azdan tanıyacağın
insanlarla uzun yola çıxmaq da çox qəribə hiss
imiş. Görəsən, necə olacaq, nələr
yaşanacaq, bu insanlar necə insanlardır, deyə
narahatçılıqlar bürüyər içini. Axı, çox məşhur bir deyim də var,
qardaşını səfərdə tanı. Bu tanışlıq hansı yöndə
olacaqdı? Amma əgər komandanıza
professional psixoloq başçılıq edirsə, deməli,
heç bir narahatçılığa ehtiyac yoxdur.
Elmira
xanımın dediyinə görə, insan beyni yuxudan durandan
iki saat sonra oyanırmış. Biz də səhərin
çox erkən saatında yola düşdüyümüz
üçün həm özlərinə, həm də bizə
istirahət saatı verdi. Yaranmış sakitlikdən
istifadə edib qələm dostum, şair və jurnalist Fərid
Hüseyn və Rəhilə xanımla bu günə qədər
keçdiyimiz təlimlərdən, "Loqos"un iş prinsipi, psixologiya-jurnalistika və ədəbiyyatın
əlaqələrindən söhbət edir, fikir mübadiləsi
aparırdıq. Arada Elmira xanım da bizə
qoşulurdu. Onun qoşulmağı ilə
söhbətimiz fikir mübadiləsindən çıxıb
növbəti psixoloji təlimə, seminara çevrilirdi.
Elmira xanım hər kəlməsi ilə bizə
yeni bilgi, məlumat ötürürdü. Söhbətimiz
əsnasında bir tərəfdən də
düşünürdüm ki, ta uşaqlığımdan
sevdiyim və maraqlandığım, amma heç zaman bu qədər
yaxından tanış ola bilmədiyim bu
elm nə qədər geniş və dərin imiş. İnsan
beyni nə qədər mürəkkəb bir "cihaz"
imiş... Elə bu düşüncələrdə
ikən yaradılan bu şərait üçün
"Loqos"a, Təranə xanım Məmmədovaya yenidən
minnətdarlıq dolur içimə.
Bir azdan
qrup rəhbərimizin sayəsində avtobusda böyük bir
canlanma baş verir. Əvvəlcə
hamımız bir-birimizi salamlayırıq, tanışlıq
veririk. Amma bu da adi salamlaşma,
tanışlıq deyil. Biz o an bəlkə
də dünyanın ən məsum cümləsini işlədirik:
"Salam. Adım Şahanə Müşfiq.
Mən sizin hamınıza qarşı çox
xoş niyyətliyəm!" Və hər
kəs həmin şəxsi alqışlamaqla
özünün də ona qarşı xoş niyyətli
olduğunu sərgiləyir. Beləcə
aramızda saf bir bağlılıq yaranırdı. Daha sonra isə Dövlət Himnimizlə birgə
coşqu başlayır. Bir neçə
saatlıq yol boyu Azərbaycana
aid vətənpərvərlik mahnılarını, xalq
mahnılarımızı olmayan səsimizlə bir-birimizə
qoşulub ifa edirik. Hətta ən
susqunlarımız belə xorun ifasına mənuniyyətlə
qoşulur. Hələ "aramızda iki şair var" deyib Fərid
Hüseynlə mənə şeirlər də oxutdururlar.
Və indicə tanış olduğumuz
insanların yanında səsimizin olmamağı, sözləri
ala-yarımçıq bilməyimiz, musiqini səhv
salmağımız, bir sözlə, heç nə bizi narahat
etmir. Axı, biz bir-birimizə qarşı çox xoş niyyətliyik!
Üzlərdə
sevinc, qəlblərdə inam yaradan "Loqos"
Beləcə,
deyə-gülə mənzil başına çatdıq.
İlk getdiyimiz ünvan "Loqos"un Gəncə
filialı olur. Şəhərin mərkəzində,
əzəmətli binanın ilk mərtəbəsində qərarlaşan
filialda bizi əməkdaşlardan öncə oraya övladı
ilə gələn valideynlər qarşılayır. Regiondakı bir psixologiya mərkəzində bu qədər
çox insanın olmağı deyəsən, məndən
başqa digər həmkarlarımı da təəccübləndirir.
Mən həm də sevinirəm. Çünki ilk qarşılaşdığım
valideynlərin üzündə, gözündə sevinc, təbəssüm,
arxayınlıq görürəm. Hiss edirəm ki, onlar
buraya böyük sevgi və güvənlə gəlirlər.
Rəhilə xanım elə ayaqüstü valideynlərlə
söhbətləşməyə imkan tapır,
uşaqlarının problemi və "Loqos"un
onlara hansı səviyyədə yardım etməsi ilə
maraqlanır. Bütün valideynlər xidmətdən
çox böyük məmnunluq duyduqlarını və
övladlarının problemlərində "Loqos" mütəxəssisləri
sayəsində müsbətə doğru böyük irəliləmələr
müşahidə etdiklərini deyirlər. Bir daha əmin
oluram ki, doğru ünvandayam!
Bu filial və onun fəaliyyəti,
əməkdaşları haqqında "Loqos"un Gəncə filialının baş psixoloqu
Lyudmila Mansurova məlumat verir. Öyrənirik ki, 2016-cı ildə
cəmi üç mütəxəssislə fəaliyyətə
başlayan filialın indi 25 əməkdaşı var. Filial, həmçinin,
Gəncədəki universitetlərin tələbələri
üçün praktik mərkəz rolunu da oynayır. Buraya tək Gəncədən deyil, həmçinin,
ətraf rayonlardan da insanlar müraciət edirlər. Lyudmila xanım, həmçinin, ən çox
müraciət olunan psixoloji problemlər, xəstəliklər
haqqında da danışdı. Təəssüf
ki, bunların içərisində Autizmli uşaqlar
çoxluq təşkil edir. Ən qorxulusu
isə ilbəil bu cür uşaqların sayının
artması imiş. Amma Lyudmila xanım bu
uşaqların nə qədər çoxluq təşkil etsələr
də, müalicələrinin mümkünlüyünü
konkret misallar gətirməklə sübut edir.
"Loqos"un mənim fikrimcə, ən gözəl
xüsusiyyəti inam və ümid aşılamasıdır.
Burada bir daha onun şahidi oldum!
"Şüuraltımız nə istəyir?"
Filialı gəzib
bütün terapiya otaqları ilə yaxından tanış olandan sonra üz tuturuq
"Loqos" Erkən İnkişaf Təlim Mərkəzinə.
Bu mərkəz isə sırf azyaşlı uşaqlarla
məşğul olur. Mərkəzin həyətinə
daxil olanda ilk diqqətimi çəkən divarlardakı
maraqlı şəkillər və həyətdəki yelləncəklər,
nağılvari dekorasiya oldu. Hər tərəfdən
körpə ətri gəlirdi. Burada
uşaqların həm əylənib, həm də yüksək
səviyyədə müalicə almaqları üçün
hər cür şərait yaradılıb. Mərkəzdə bizi icraçı direktor Taciyə
Mehdisoy qarşıladı. Öncə mərkəzlə
tanış olduq. Bura da
müalicə üçün müraciət edən valideyn və
körpələrlə dolub daşırdı. Otaqların hər biri səliqə-səhmanı,
rahatlığı, müsbət aurası ilə bir-birindən
geri qalmırdı.
Tanışlıqdan
sonra proqram üzrə nəzərdə tutulan təlim
başladı. Təlimi Taciyə
xanımın özü aparırdı. Mövzumuz
isə bizim peşəmiz, məşğul olduğumuz sahə
ilə bilavasitə əlaqəli olan şüuraltı idi.
İki saatlıq təlim boyunca mütəxəssisimizlə
birgə "Şüuraltımız nə istəyir?"
sualına cavab tapmağa çalışdıq.
Əziz
oxucu, çox təəssüf edirəm ki, həmin təlimdən
qazandığımız o faydalı bilikləri, məlumatları,
çıxartdığımız nəticələri sizin
üçün qələmə almağa bu sahədəki nə
biliyim, nə də təcrübəm imkan verir. Mən sadəcə yüksək savada, geniş nitq
imkanlarına və səlis, gözəl danışıq
qabiliyyətinə malik olan Taciyə xanımdan danışa
bilərəm.
Taciyə
xanımın, ümumilikdə, "Loqos" mütəxəssislərinin
bəlkə də ən üstün cəhətləri və
uğurlarının başlıca sirri məşğul
olduqları sahənin həyatla, insanla bilavasitə əlaqəsini
dərk etmək, buna bir elm kimi deyil, həyat tərzi kimi
yanaşmalarıdır. Şüuraltının
nə olduğu haqqında o vaxta qədər az-çox təsəvvürümüz
olsa da, Taciyə xanımın sayəsində onun həyatımızdakı
müstəsna rolunu da öyrənmiş olduq. Həmişə deyirlər ki, yaxşı
düşün, yaxşı olsun. Bu
sözün hardan gəldiyi haqqında əsaslı məlumatları
da mütəxəssisimiz bizə aşıladı.
Sən
demə, insan həyatını, hərəkət və
davranışlarını 10 faiz şüur idarə edirsə,
90 faizi şüuraltının payına düşür.
Bizim üzərimizə düşən əsas
vəzifə isə daim hərəkətdə olan
şüuraltımızı yaxşı işlərə,
pozitiv düşüncələrə və müsbət
istiqamətə yönləndirməkdir. Taciyə
xanım demiş, biz nə etsək də,
şüuraltımız onsuz da hərəkətdədir,
hiperaktiv uşaq kimi və o, bizdən enerjisini müsbətə
yönləndirməyimizi gözləyir.
Təlimdən
sonra Taciyə xanım bizimlə qrup-terapiya da apardı. Təsadüfi seçilmiş şəkillərdən
qrup halında bir nağıl uyduracaqdıq. Biz o nağılı uydurduq uydurmağına, amma sən
demə, bu gənc xanım yüksək müşahidəsi,
savadı və təcrübəsi sayəsində bizim
uydurduğumuz 2-3 cümlədən xarakterimizdəki müəyyən
əlamətləri aşkarlayıbmış. İnsanın iki daşın arasında
özünü özünə şərh etmək nə qədər
də maraqlı imiş.
Təlim
o qədər maraqlı gəlir ki, hətta çay süfrəsi
arxasında da psixoloqlarımızı dincəlməyə
qoymuruq, hərəmiz bir tərəfdən
suallarımızı dolu kimi yağdırırıq. Onların isə "islanmaqla" araları
yaxşıdır deyəsən, böyük səbrlə
bizim hər birimizə diqqət edir, suallarımızı ətraflı
şəkildə cavablayırlar.
Anaların
ümidi "Loqos"
Səfərimizin nəzəri,
praktiki hissəsini bitirdikdən sonra bir az
ara vermək istədim və gözümə bir küncə
dayanıb çəkilişdən gizlənən bir ana dəydi.
Yaxınlaşıb nə üçün
buraya gəldiyini, hardan gəldiyini soruşdum. Dedi ki,
altı yaşlı oğlunu artıq bir aydan çoxdur ki, həftədə
üç dəfə Goranboydan buraya müalicəyə gətirir.
Övladında ünsiyyət pozğunluğu,
diqqət dağınıqlığı varmış.
"Loqos"un iki mütəxəssisindən
terapiya alan balacada artıq xeyli irəliləyiş, müsbətə
doğru düzəlmə müşahidə olunur. Övladına
görə çox narahat olan gənc ana onda yaranmış bu
problemə görə bir az da
özünü günahlandırır: "Neçə ildən
sonra tapılmış uşaq olduğuna görə
üstündə çox əsdim, çölə-bayıra
buraxmadım, yaşıdlarından kənar tutdum, ancaq evdə,
öz yanımda cizgi filmlərlə vaxt keçirtdi. Nəticə
də belə..."
Onunla
söhbət edərkən günümüzün vəziyyətinə
göz atıram. Həqiqətən də
valideynlər özlərini zəhmətə salmamaq
üçün uşaqları ta körpəliyindən
internetə, telefona, cizgi filmlərinə öyrədir və
nəticədə uşaqlar ətraf mühitdən tamamilə
uşaq düşürlər. Çox təəssüf
ki, bu hal get-gedə artmaqdadır. Axı hər kəs
aid olduğu mühitdə böyüməlidir. Uşaqların da aid olduğu mühit məhz
yaşıdlarının arasıdır.
Şeyx Nizaminin hüzurunda
Gəncə
səfərimiz dahi Nizami Gəncəvinin əzəmətli məqbərəsini
ziyarətlə yekunlaşır. Artıq ikinci dəfədir
ziyarət etdiyim məqbərə hər ikisində eyni hisslər
yaşadır: qürur, məsuliyyət, həyəcan və
sevgi. Məqbərəyə
yaxınlaşdıqca hərəmiz Nizaminin misralarını
dilimizin altında pıçıldayırıq. O
böyük şəxsiyyətin məhz bizim, bizim ədəbiyyatın,
bizim Gəncənin olduğu üçün hər dəfə
daha müthiş fəxarət duyuruq.
Məqbərənin
yanındakı Nizami və onun "Xəmsə"sinin şərəfinə
ucaldılan abidə kompleksi də şəhərin əzəmətinə
bir başqa əzəmət qatır. Burada
bayquşların söhbətinə qulaq asan Nuşirəvan
şah ("Sirlər Xəzinəsi"), dağları
çapan Fərhad ("Xosrov və Şirin), sevgisinə
görə çöllərə düşən Məcnun və
onun Leylisi ("Leyli və Məcnun), böyük bir
öküzü hündür mərtəbəli binaya
qaldıran Fitnə ("Yeddi gözəl")
və İsgəndərə həyatının dərsini verən
Nüşabə ("İsgəndərnamə") gözəl
bir kompoziya şəklində Gəncəyə səfər edən
qonaqları salamlayır, onları özləriylə birgə
düz doqquz əsr öncəyə aparırlar.
Beləcə,
"Loqos" ailəsi ilə yola
çıxdığımız bir günlük Gəncə
səfərimiz xoş hisslər, zəngin məlumatlar və
kövrək xatirələrlə yekunlaşır. Biz isə
artıq dostu olduğumuz "Loqos" və layihə
iştirakçılarıyla "gələn
görüşə qədər" deyib
sağollaşırıq.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2018.- 12 iyun.- S.4.