İsa Muğanna - Sonuncu: Ənəlhəq
deyən kişi...
(esse)
"Qarayazı meşəsində Anadil
adlı
bir quş
var, Mənim sevdalı qəlbim
tək asılmışdır ayağından".
Səməd Vurğun
Yenə yaz gecəsiydi...
Kəndin bağ-baxçalarında,
yaxınlıqdakı Qarayazı meşəsində Anadillərin
ötən vaxtlarıydı.
Ötmürdülər, inləyirdilər.
Görəsən,
nə deyirdilər?
Bu sirli quşların səsinə
Kürün o tayında Qazaxın Muğanlı kəndində
bir aylı gecədə bir uşaq da heyranlıqla qulaq kəsilmişdi. Babasının "Şolloy" deyə
öydüyü bu uşağın da bilmək istədiyi bircə
şey vardı: o quşlar gecənin bu vaxtında niyə inləyirlər?
Babası deyirdi:
"Oğlum! O quşlar haqda bir əfsanə var. Deyirlər ki,
padşahın bir danasını itirəndən sonra Allaha
yalvarıblar ki, bizi quş eylə, padşahın
danasını tapaq, sonra dönək evə. Hələ
də axtarırlar. Biri deyir: "Musa,
tapdınmı?" o biri deyir: "Yox, İsa,
tapmadım".
Ancaq mənim balam, əslində, o
quşların gəzdikləri dana deyil
"Daaanadır", yəni Bilici! O Bilici sən olacaqsan!
Baba dedikləri azmış kimi,
qayıdıb nəvəsinin başını
sığallaya-sığallaya özü də dönüb
Anadil olurdu, "oxuyurdu":
Şolloyun atı kürəndi,
Yıxıldı, burnu yerə dirəndi.
Şolloyu belə balaca görməyin,
Şolloy yaman biləndi.
Bu oxşamadan sonra evdə uşaqmı
durardı? Bəzən
gizlicə qaçırdı Qarayazıya, Anadillərə
qoşulub ötmək, oxumaq istəyirdi. Axı,
babası demişkən o, bilici olacaqdı. O, hər
şeyi biləcəkdi. Yox, elə bəlkə
hər şeyi indidən bilirdi?!
"Mənin ulu babam Oljabay nə vaxtsa
deyib: Mənim 7-ci nəslimdən kimsə Qalım olacaq. Yəni
geniş mənada: Bilici!
Millət daha çox biliyə ehtiyac duyur. Gəncliyimdə Ulu əcdadımın bu
vəsiyyətini biləndə özüm üçün məqsəd
seçdim: öyrənmək və millətimizə hardan gəlib
hara gedəcəyimizi demək.
Uzun illərdir ki, bununla məşğulam"
(Oljas Süleymanov).
İsa Muğanna da məhz bu işlə məşğul
idi. Millətin kimliyini müəyyənləşdirməklə.
Odər sivilizasiyasının başına gələn
faciələri araşdırmaqla. Bütövlükdə bəşər tarixinin,
(tariximizin) təhrif olunduğunu hamımıza, bəşəriyyətə
başa salmaqla!
İnsanın İlahi varlıq olduğunu
göstərməkdə davam etməklə!
İnsanın saflaşdıqca
saflaşmasını istəyirdi. İnsanın sadəcə "Həqqəm" deməyini
yox... Həqq-Saf Ağ İnsan olmasını
istəyirdi. Onun da bütün sözlərinin canı
bir sözdəydi: "Ənəlhəq" sözündə-insanın
öz-özünü dərk etməsində, öz
özünü tapmasında, zatını, kökünü
bilməsində, Tanrı zərrəsi olduğunu
anlamasında!
"Allahın Ünü" dediyi Anadillərə qulaq
kəsilən yazıçı sonralar özü də Ün eşidirdi.
"Allah dilədiyinə eşitdirir"
("Fatir" surəsi, ayə 22).
***
...Qədim türk ədəbiyyatına məxsus
Manixey mətnlərinin əks olunduğu XV abidənin Ön tərəfində
aşağıdakı sətirlər də yer
almışdır:
4.
Yuxarıdan, göydən, qeybdən bir səs (nida) gəldi.
5. Məni çağırdı. 6-13 Ey sən! Vurundad
oğlu! Sən buradakılardan artıq
görmüsən. İndi vaxtsız
ölmə. Cəld buradan qayıdıb get! - dedi. Və sonra bundan başqa cənub tərəfdən
Xoruq burxanın (elçinin) səsini eşitdim. Amma özünü qətiyyən görmədim.
Bunun ardınca
çox nəvazişlə mənim adımı
çəkib çağırdı".
Bu sətirləri oxuduqca bir daha İsa
Muğannanın özünün və bəzi qəhrəmanlarının
Ün eşitdikləri haqqında məqamlar yada
düşür.
Adamların dəli hesab etdikləri tütək
çalan Cümrü və "Atam sağdı, ölməyib
atam!" deyən Şöşünü heç kim başa düşüb dərk etmək istəmir.
Xüsusən də Şöşü "ruh
görür", "ruhun" səsini eşidir. Şöşünü bircə "Ərənlərdən
nida gəldi" deyən Çürük Aşıq
anlayır. O, "Mən görürəm də,
eşidirəm də!" deyəndə "ruhi xəstə" bir
az rahatlanır, "Axır ki, bir insan tapdım bu səhrada"
deyir.
İsa Muğanna yazır:
"Şöşünün səs eşitməyini yazanda
özümün Ün eşitməyimi bilmirdim. Yəni həyatımı kökündən dəyişdirən
hadisə Od Ağ Üzlə (Yupiterlə) əlaqə gizli
başlanıbmış".
Gizlidən səs gəlirdi. Hamının ruhi xəstə
hesab etdiyi Şöşü bunu eşidirdi.
Sanki Şöşüdən başqa
hamı karıymış.
Göylərdən Ün gəlirdi. Bircə Muğanna
eşidirdi bunu. İsa Muğannadan
başqa hamı doğrudanmı kardı?!
İsa Muğannanın Ayla bağlı
dediyi məsələ - (ruhların Aya uçub getməsi) də
təsadüfi deyilmiş. Qədim
uyğur ədəbiyyatına aid X Abidənin Arxa tərəfindəki
bir cümlə ap-aydın çox şeyi təsdiqləmirmi?
"Ölülərə həyat verən Ay tanrı..."
İsa Muğanna Saf Ağ Elminin qüdrətiylə
formalaşan Saf Ağ İnsandan danışırdı.
Sən demə, qədimlərdə
Naqlar-Ağ insanlar
sifətində yarımallahlar nəsli olubdur.
Onlar şimaldan Hiperboriya deyilən yerdən
gəliblərmiş.
Bu fakt haqqında amerikalı
araşdırıcı Con Motlok "Ey insanlar! Hamınız türksünüz!"
kitabında yazır: "Bir neçə min il
əvvəl şimal qütbünə yaxın cənnətdə
xoşbəxtlik və bolluq içində yaşayan yüksək
sivilizasiyaya və mədəniyyətə sahib olan bir xalq var
idi. Yəhudilikdə və xristianlıqda bu cənnətə
biz "Aden" deyirik. Hindular "Uttara Kuru" tibetli
buddaçılar "Khedar Hand" ("Tanrı
Şivanın ölkəsi") və "Şambala".
Eyni zamanda, bura Suvariya və Sibir, indiki
Siberiya da deyilir.
Qədim qrek (yunan) tarixçiləri və
miflər buranı "Hiperboriya" adlı ilə bizə
çatdırır.
Çinli Taoçular insanın təbiət
ilə vəhdətdə yaşadığı cənnət
kimi izah edirlər".
Nizami o cənnətin bir şimal şəhərində
olduğunu "görmüşdü",
yazmışdı:
Bizdə bərabərdir hamının
varı,
Bərabər bölərik bütün
malları.
...İsa Muğannanın həyatında
möcüzəli və heyrətamiz əhvalatlar az olmayıb.
O, yalnız Ün eşitmirdi, o, həm də
görücüydü. Görürdü hər
şeyi (uzaqları!)
...Ağstafada bir payız günü
hazırlaşırlar ki, Bakıya yola düşsünlər.
Otururlar maşına. "Görücü" İsa deyir:
- Niyə maşının yolu Qazaxa tərəfdir:
(Halbuki maşının yolu Bakıya sarıymış). Həyat
yoldaşı Firuzə xanım onu danlayır ki, "Qoy
görək, sən allah, yenə
başlama!"
Nə isə... Yola
düşürlər. Gəncəyə az
qalmış birdən Firuzə xanım əlini dizinə
çırpıb vaysınır:
- Geri dönün. Bakıdakı
evin açarını öydə (Ağstafada) qoymuşam.
Maşın geri qayıdır-Qazaxa tərəf
səmt götürür.
Bir cürə başqa bir əhvalat da
olub.
Onda yenə Bakıya yola
düşürmüşlər. Onda İsa Muğanna bir daha
görücülük edib, deyib ki, "yenə
maşının yönü niyə Qazaxa doğrudur?"
Yüngülcə gülüşürlər. Pıçıldaşırlar.
Amma Tovuza çatanda yolda təsadüfən şair Məstan Günərlə
(yazıçının bacanağı) rastlaşırlar. Məstan
başlayır ki, "Hara buraxıram sizi, getdik Əsrik dərəsinə,
qonağımsınız".
Və gedirlər.
Axşam üstü Ağstafaya
qayıdırlar ki, səhər tezdən yenidən
hazırlaşıb Bakıya çıxsınlar. Bu dəfə İsa müəllim
qımışır:
- Bə mən sizə deyəndə ki, niyə
maşının yönü Qazaxadı? - inanmırdınız?!
***
"Mənim arzum Bağların
arzusudur".
Allah insanı necə görmək istəyirdisə,
İ.Muğanna da elə görmək istəyirdi.
Saf Ağ Elmi İnsan öldürməyi nəhy
edir. Əhməd
Ağaoğlunun "Sərbəst insanlar ölkəsində"
yalan danışmaq yasaq imiş.
Saf Ağ İnsanlar ölümsüz
insanlar olublar. Aristotel deyirdi ki, ölümsüz olmaq istəyiriksə
"Ölümsüzlüyə yaxın yerlərdə
yaşamalıyıq".
"Allah qulu ol ki, Allahın dilini və
sözünü anlaya biləsən. "Allah
olasan " demirəm" (Ş.Təbrizi).
"Quran" da deyilmirmi ki, mən məni
sevən və mənim sevdiyim qulu o hala gətirərəm ki,
o, mənim görən gözüm, eşidən
qulağım, danışan dilim olar".
Ün eşitmə xüsusiyyəti də məhz bu
cür "qullara" - fövqəl insanlara" dair əlamət
sayıla bilər. Təəssüf ki, min illər
boyu fövqəl insandan indiki insanlara doğru bəşərin
eniş dövrü başlayıb.
"Qabaxlar insanlar - min ildən çox
yaşayırmışlar. Günlərin bir günü Allahlıq
sevdasına düşüllər. Allah da
hirsdənip bınnarın ömrünü azaldıp, özlərini
də xırdaladıp bizim günümüzə
salır". ("Azərbaycan
mifologiyası mətinləri" Bakı-1988).
İsa Muğanna da çox vaxt bu
xırdalıqdan qorxmaqla yanaşı, insanın beyninin
qapanmasından qorxub. Deyib ki, indiki insanların beyni qapalı
olduğu üçün Ordan - Kainatdan gələn
Ünü eşidə bilmirlər.
...İndiki insanlar özlərinə
qapanıb. Ancaq özlərindən
danışmağa "dəm vurmağa"
çalışırlarsa" beyinləri hardan və necə
açıq ola bilər? Onların
çoxu öz səslərinin eşidilməsini istəyirlər,
haqdan gələn Ünün eşidilməsini yox!
Halbuki unudulub ki, "İnsanlar gizli
qalanların aşkara çıxarılması
üçün yaradıldı" (C.Rumi) İsa Muğanna
öz missiyasını yaxşı bilirdi. O, da "Mən insanam! Qaibi
qurdalayan çilingər" deyən böyük türk
şairi N.F.Qısakürək kimi qaibi qurdalayan çilingərliklə
məşğul idi.
Cek Londonun fikrincə, qəhrəmanı
Martin İden
"Allaha yox, insana inanmadığı
üçün məğlubiyyətə uğradı".
İsa Muğanna bu baxımdan qaliblərdəndi. Çünki Allaha da, İnsana da inanırdı!
"Dünyada nə ilə fəxr
edirsiniz! Sualına
çox müdrik şəkildə cavablandırırdı.
"Kainata az-çox bələdliyimlə".
"Az-çox biliciliyimlə!" də
deyə bilərdi və buna haqqı vardı.
***
Onlar 2013-cü ilin yayında
Ağstafadakı evlərinə
yenə də dincəlməyə gəlmişdilər. Heç kimin ağlına gəlməzdi ki, bu,
onların doğma yurd-yuvaya son gəlişləridir. Amma mən nələri isə duymuşdum.
Bir gün içəri girəndə evin
divarlarından böyütdürülüb asılmış
şəkillərini gördüm.
"Yoxsa uçmağa
hazırlaşırlar?"
Təxminim az keçmədən
düz çıxdı.
Biri (İ.Muğanna )
2014-cü ilin yazında, o biri (Firuzə ana) 2016-cı ilin
payızında uçub getdi...
Bir gün öldürdülər Molla Pənahı,
Bir gün bu dünyanın Səmədi
öldü.
Köçdü bu dünyadan İsa
Muğanna,
Deyin Anadilə... "Anadil"
öldü.
Ölümündən bir az
əvvəl İsa Muğanna həyat yoldaşı Firuzə
xanımla deyib ki:
"Orda (guya o biri otaqda) bir yer var, ora dəyib
gəlirəm".
Ayağa qalxdığı ilə
yıxılıb keçindiyi bir olmuşdu.
Lakin O, ölümə yox, Aristotelin dediyi
ölümsüz yerə köçmüşdü.
Necə ki, ölümündən əvvəl
həyatda iki dəfə Ün eşitmiş "Saz"
povestinin qəhrəmanı İsfəndiyar kişi
də ölmədiyini övladlarına belə
anlatmışdı. "A qızım,
yaxın gəlin. Balalarımı da
yaxın gətirin, eşitsinlər.
Eşidin, arxayın olun ki, lap yüz yol
yıxılsam da, mənə heç nə şey olası deyil.
Əzrayıla can vermərəm.
Etiqadım, var!
Ölməyəcəyəm!
...Bu Yerin Göyü də var. Eylərdi cəmi
bəşər
övladının pənahı. Eşitdinizmi, nə
dedim?
- Eşitdik baba. Eşitdik.
- İnandınızmı ölməyəcəm?
- İnandıq, baba!
- Lap axrayın oldunuzmu ki, ölmürəm?
- Olduq, baba, olduq.
- Di keçin, ocağınızı
qalayın, samavarınızı qoyun!"
***
İsa Muğanna yaşayanda,
"İdeal"ı
yazıb, Odər dilindən, Odər mədəniyyətindən,
bütün bəşəriyyətin vahid kökündən
- O dərlərdən "Ən qədim türklərdə
danışanda, dünyada hər şeyin təhrif
olunduğunu deyəndə, yer üzünün Əzəlinin
türklərlə başladığını söyləyəndə,
heç kim inanmaq istəmədi. Çoxları
çaşıb qaldı, əvvəlcə fikirləşdilər
ki, bu nədir yazdığı belə? Hansı
təhriflərdi bunun dedikləri. Odər
dili deyilən nə olan şeydi? Ün nə
olan şeydi?
Ey Sar (İsa peyğəmbər)
işini-gücünü buraxıb ona əsərmi
pıçıldamaqla məşğuldu, nədi? Və
sair...
Elə bil unutmuşdular bir daş yonan və
bir mamaçanın oğlu olan Sokratın dediklərini:
"Mən kiməm? Qəliz, mürəkkəb,
bədheybət bir varlıq, yoxsa ilahiyyata aidiyyatı olan sadə
bir məxluq?!"
Sanki bir vaxtlar Xəyyamın da öləndə
Allaha üz tutub dediyi vida cümləsi də bu
olmamışdı:
"Səni dərk etməyə
çalışdım. Məni bağışla!"
...İndicə isa Muğannanın
ölümünə o dəqiqə inanmaq istədilər. Halbuki sadəcə olaraq,
"yıxılmışdı"...
***
"7 ildi hər şeydən xəbərsiz
kimi yatmışam".
Bunu Səməd Əmirli deyir.
"Bəs biz nə qədərdi, görəsən,
yatırıq?
İsa Muğannadan (Muğannalardan) xəbərsiz?!"
Bunu da biz deməliyik.
Səhvimizi boynumuza almalıyıq.
"Öz içində böyüyən",
"ürəyində atasının tabutunu gəzdirən"
kişini-qədim Odərlərin yadigarını
anlamalıyıq.
Anlamalıyıq "Ənəlhəq"
(Ün Əl Ağ)-Mən Həqqəm!",
Haqqın (Allahın) Ünüyəm".
"Mən surəti həqqəm" (Nəsimi)
deyənlərimizin dərdini, Elmini, Eşqini, Məramını!
Anlamalıyıq ki, Anadillərin adı
İsaq-Musaq quşları" şəkilində bu günəcən
hələ də xalqın yaddaşında yaşayırsa,
niyə İsa Muğannanın "İsahəq, Musahəq"
əsərini də hələ lazımınca başa
düşmək istəmirik. Özü də kimi, kimi?! Ün
eşidəndən sonra tamamilə dəyişmiş, axırda
gözləri tutulmuş bir Kəsi-Saf Ağ İnsanı!? (Saf Ağ insanın gözləri zəifləyib
tutulurmuş).
Anlamalıyıq, gözlərinin son
işığını da bəşəriyyətin
arzuladığı İşığa qatıb vermiş,
fövqalədə bir İnsanı-Bağı! Aman
Allahım! İşığa qardaşım demiş insanın gözləri
işıqsız qalmışdı...
***
Böyük sənətkar müxtəlif
ləqəblərlə yazıb yaratdı.
İsa Hüseynov İsa Anadil oldu.
İsa Anadil İsa Gecəquşu oldu.
İsa Gecəquşu İsa Muğanna
oldu.
"Səsimə səs verən həsrətilə
qocaldım" dedi. Dedi ki, Saf Ağ işıqdı. Heç kəs görmür. Onu
ancaq mənim kimi bədbəxtlər görür".
Dedi ki, "haqq-ədalət xeyrinə
söz deyən insan qalmayıb daha. Deyənlərin
hamısı öz dərdini, öz ağrılarını
deyir".
...Yaradılış təsnifatı 3 yerə
bölünür: (Çəmadat, Nəbadat,
Heyvanat. (İnsan üçüncüyə
aiddir). Bu heyvanı insana çevirmək cəhdidir.
Səbəb aydındır.
"İnsanı insanlıqdan
çıxaran, heyvaniləşdirən bəla Kainatın-Odər
bəşəriyyətinin dilindən
ayrılığıdır".
"Odər dili beynimizin tarixidir Bağ Ünün Kainatla əlaqə
vasitəsi idi".
"İnsan itirmişəm. Qanandan ötrü bu
çox ağır sözdü".
"Bağ İnsandı ay oğul,
İnsandı!"
Göründüyü kimi, İsa
Muğanna babasının "Daaana" (bilici) hesab etdiyi bu
böyük insan (sənətkar) bizim bildiyimiz adi Bilicilərdən
deyildi. Adi
axtarıcılardan deyildi.
O, babası Musanı sonuncu Bağ adlandırsa
da, bir az təvazökarlıq etmişdi. Onun yazdığına görə, sonuncu
Bağı-Musa ağanı Yer kürəsi hədsiz
dözülməz hala düşdüyü üçün
Ordan-Kainatdan gələn işıq gəmisinə mindirib
aparmışdılar. Dəqiq tarix də göstərilib:
1899-cu ildə.
İsa Muğanna ömrünün son illərində
tez-tez göylərə boylanır, "incidiyini"
bildirirdi: "Bu işıq gəmiləri harda qaldı, gəlib
çıxmadı?"
Və gəmi bir gün axır ki, gəlib
çıxdı. 2014-cü il aprelin 1-də
onu da götürüb apardılar. Ən sonuncu Bağ kimi!
***
İsa Muğanna nələr
düşünürdü və nələr
düşünmürdü?
İsa Muğanna nələr deyirdi və
nələr demirdi?
Ona "Sirli adam"
deyirdilər.
"Muğanna" - "Bizim
Muğlar" - Etiqadını gizləyən adam
deməkdir.
Ona Sonuncu Mogikan da deyirdilər.
***
Nəsimi "Ənəlhəq"
sözünü guya Yerdə demişdi. Yalandır!
Nəsimi bu dünyaya, "Ənəlhəq"
deyib gəlmişdi.
İsa Muğanna bu dünyadan Ənəlhəq deyib getdi...
P.S. İsa Muğanna babasının dediyi "Daaana" - Bilici ola
bildimi?
Yaxud sualı belə də qoya bilərik:
"Anadillər Şolloyun babası dediyi
"Daaana"nı tapa bildilərmi?!
"Tapdılar!" demək istərdim.
Amma tapa bildilərsə, bəs onda niyə
susmayıb hələ də ötür, inləyirlər?!
08.05.2018
Barat VÜSAL
525-ci qəzet.-
2018.- 12 iyun.- S.8.