Azərbaycan dili tarixşünaslığına töhfə   

 

         Azərbaycan dili anlayışının tarixi haqqında fikir söyləmək Azərbaycan dilinin tarixini araşdırmaq qədər çətin və məsuliyyətli bir işdir.

         Məlumdur ki, türk xalqlarına aid linqvonimlər (dil adları) ya etnos adlarından, ya da toponimlərdən əmələ gəlir. Digər xüsusi isimlər (əsasən şəxs adları) əsasında yaranmış dil adlarına da türk xalqlarında rast gəlmək olur (məsələn: özbək dili, cığatay dili). Bəzən belə adlar siyasi, ideoloji amillərin, yaxud dövlətə məxsus metodologiyanın təsiri ilə dəyişikliyə məruz qalır (Məsələn, sovet dövründə türk dili "Azərbaycan dili", oyrot dili "Altay dili" adlandırılır). Bu öz növbəsində on illərlə davam edən (və sonralar da davam edəcək) müxtəlif tipli proseslərin başlanğıcı olur. İlk növbədə köhnə linqvonimlə hər cür ictimai-kommunikativ, hətta linqvistik bağlılıq itir. Köhnə linqvonimə aid olan bədii, mədəni, elmi irslə əlaqə zəifləyir (dil daşıyıcılarının adaptasiyası bir yana) və hər bir halda bu əlaqəni bərpa etmək üçün istənilən bədii, elmi ədəbiyyatda, mətbuat dilində izahlar, şərhlər tələb olunur. Bu sırada xalqın etnogenezi ilə də bağlı məsələlərin həllində çətinliklər yaranır, onun mənşəyi düzgün istiqamətdə izah olunmaya bilir.

        Bəzən dillər, xüsusilə ədəbi dil zaman və məkan fərqləri ilə müxtəlif cür adlandırılır. Orta əsrlər ümumtürk ədəbi dili Nəvainin sələfləri olan şairlər tərəfindən türki adlandırılır, Mahmud Kaşğari XI əsr ədəbi dili üçün Xaqaniyyə türkcəsi, Ədib Əhməd Yüqnəki Kaşğar tili ifadələrini işlədir. Bəzən də olur ki, dillərə ayrı-ayrı xüsusiyyətlərinə görə adlar verilir. M.Kaşğari XI əsrin məlum linqvonimləri ilə yanaşı, ədəbi normalılıq, alınmaların dildə mövcudluğu və bu tipli digər kriteriyalara görə onları təsnif edir: öztürkcə olan, ən yeni, ən doğru, ən açıq, ən tatlı olan, incə, pozuq dillər və s.

       Sözsüz, bunlar ciddi elmi araşdırmaların mövzusudur və elmi araşdırma olmadan istənilən linvonimin mənşəyi, yaranma tarixi, etnosun tarixinə və dilinə münasibəti barədə ən azı ağlabatan fikir söyləmək mümkün deyil. Odur ki, müasir dövrdə türk dillərindən birinin adı olan "Azərbaycan dili" anlayışının öyrənilməsi, yaranma tarixi, mahiyyəti, dilimizin  öz adı, eləcə də adlandırıldığı müxtəlif terminlər, Cənubi Azərbaycanda hələ də mövcud olan türki termininin işləkliyi (və bu ad altında ana dilimizin nəzərdə tutulması; məsələn: Şəhriyarın şeirlərində bu cürdür) kifayət qədər əhəmiyyətli məsələlərdəndir.

      Bu baxımdan gənc alim Aysel Qəriblinin "Elm və təhsil" nəşriyyatında çap edilən "Azərbaycan dili" anlayışının tarixi" kitabı "Azərbaycan dili" anlayışının formalaşma prosesi, mahiyyəti barədə mükəmməl təsəvvür yaradan ciddi elmi araşdırmaların nəticəsidir. Əsərdə "Azərbaycan dili" anlayışının tədqiqi tarixi, təşəkkül tarixi və dövrləri, mənşəyi, "Azərbaycan dili" anlayışının Azərbacan coğrafiyasına bağlılığı məsələləri, eləcə də türk xalqlarının adlandırılma tendensiyaları, "türk dili" anlayışının təşəkkülü, mənşəyi haqqında məlumat verilir, "Azərbaycan dili" anlayışının normalaşmasından, müasir mərhələdə "Azərbaycan dili" anlayışından bəhs olunur.

      İlk öncə "türk dili" anlayışının tarixi dövrləşdirilir. Birinci dövrü əhatə edən tarixə qədərki "türk dili" anlayışından bəhs olunur, türk linqvoniminin müxtəlif mənbələrdə bizə gəlib çatan variantları - turuhka (Misir mənbələrində və hindlilərdə), etrusk (Avropa mənbələrində), syunnu, xunnu; (Çin mənbələrində) sözləri haqqında məlumat verilir. İkinci dövr "türk dili" anlayışının yazılı abidələrdə təmsil olunduğu orta əsrləri əhtə edir; sonuncu dövr isə "türk dili" anlayışının müxtəlif xalqlara diferensiasiyası ilə səciyyələnir.

     Orta əsr mənbələrindən biri - Mahmud Kaşğarinin "Divani-lüğət-it türk" əsəri "türk dili" anlayışının məzmununu daha dəqiq, daha real şəkildə əks etdirir. Çox maraqlıdır ki, bu dövrdə ədəbi türkcə anlayışını ifadə etmək üçün M.Kaşğari "Xaqaniyyə türkcəsi", Əhməd Yüqnəki "Kaşğar tili", Y.Balasaqunlu isə "Buğra xan dili" birləşmələrindən istifadə edirlər. Xaqaniyyə türkcəsinin orta əsrlər boyu tanındığı "türki" termini isə XIX əsrə qədər (Məhəmməd Əfşarın "Fənni-sərfi-türki", M.Ş.Vazehin "Kitabi-türki" əsərlərinin adlarını xatırlayaq), Cənubi Azərbaycan (İran) ərazisində XX əsrdə də işlənmişdir.

     Şərq, Şimal-Qərb, Cənub-Qərb türkcələrinin diferensiallaşması ilə orta əsrlər türk ədəbi dilləri təşəkkül tapır (məmlük-qıpçaqca, səlcuqca, cığatayca və s.).

     Sonrakı inkişaf dövründə kifayət qədər aydın məzmuna malik "türk dili" anlayışından sonra daha konkret, etnik və coğrafi sərhədləri aydın olan türk dilləri anlayışı aktuallaşır.   Müəllif "türk dilləri" anlayışının da təşəkkül tarixini üç dövrə bölür:

 

     a) ilk orta əsrlərdən yeni dövrün əvvəllərinə qədər;

     b) yeni dövrün əvvəllərindən XIX əsrin ortalarına qədər;

     c) XIX əsrin ortalarından sonra.

 

     Əsərdə hər dövr özünəməxsus xüsusiyyətləri ilə səciyyələndirilir. Birinci dövrdə "türk dilləri" anlayışı "dağınıq" və ya "pərakəndə" şəkildə mövcuddur. Türk xalqları və dilləri XIX əsrin əvvəllərindən diferensial şəkildə dərk edilir. XIX əsrdə türk ləhcələri, türk-tatar dilləri birləşmələrindən istifadə olunur.

     XIX əsrin sonu, XX əsrin əvvəllərində dil (ədəbi dil) müəyyənliyinə aid daha bir termin - "ortaq türk dili" anlayışı gündəmə gəlir. XX əsrin sonlarından etibarən türkoloji dilçilikdə ortaq türk dili ideyası əhəmiyyətli yer tutmağa başlayır. Görkəmli alimlər, dil tədqiqatçıları müasir dövrdə ümumtürk ədəbi dilinin yaradılması yollarından bəhs edirlər.

     Kitabda "Azərbaycan türkcəsi" anlayışının təşəkkülü, "qədim Azərbaycan dili" anlayışı haqqında mülahizələr irəli sürülür, Azərbaycan adının mənşəyi ilə bağlı fikirlər araşdırılır, Az (türk tayfasının adı) + ər ("igid") + bay (ər sözünün mənasını gücləndirir) + qan ("məkan") izahının doğruluğu şübhə altına alınır; izahdakı sözlərin həm semantik strukturu dağınıq görünür, həm də türk dilinin söz yaradıcılığı üçün səciyyəvi sayılmır.

     Azərbaycan türkcəsi anlayışının mənşəyindən bəhs edən müəllif qeyd edir ki, "Kitabi-Dədə Qorqud"dakı "oğuz tayfalarının dili" anlayışı nəticə etbarilə "Azərbaycan dili"nin sələfidir. XX əsrin 30-cu illərinə qədər (XIX əsrin II yarısını çıxmaq şərtilə) türk dili ifadəsi "Azərbaycan dili" anlayışının bütün məzmun tutumunu ifadə edir. XX əsrin 30-cu illərinin ortalarından etibarən stabilləşən ənənəyə görə "Azərbaycan dili" linqvonimi Azərbaycanda yaranan türkdilli ədəbiyyatın dilini ifadə etmək üçün işlədilir. Müəllif doğru olaraq qeyd edir ki, bu linqvonimdən Azərbaycan dilinin qədimliyinə doğru qeyd-şərtsiz istifadə elmi-metodoloji problemlər yaradır. Elə buradaca qeyd edir ki, "Azərbaycan dili" anlayışının öz adı ilə meydana çıxmasının əsas tarixi səbəbi türk dillərinin diferensiasiyası nəticəsində Azərbaycan türkcəsinin təşəkkülüdür.  Maraq doğuran mülahizələrdən biri də ilk orta əsrlərdən başlayaran türk dilinin diferensiasiyasının türk dilləri, məsələn, oğuz qrupu üçün ümumi və ortaq olan eposların dilində özünü göstərməsidir. Ortaq eposlar regional keyfiyyətlərinə, dilinə görə fərqləndirilir. Müəllif yazır ki, M.Füzuli, Ş.İ.Xətai, Həbibi, M.Əmani, M.V.Vidadi xətti ilə diferensiallaşan Azərbaycan türkcəsinin yazılı ədəbiyyatda ən aydın təzahürü M.P.Vaqifin dilidir. Lakin təəssüf ki, nə Vaqif, nə də onun müasirləri öz dilləri barədə heç bir məlumat vermədikləri kimi, onun adını da çəkmirdilər.

     XIX əsrdə rus (və bəzi Qərbi Avropa) mənbələrində türk dili ilə yanaşı, tatar dili, türk-tatar dili adları işlədilməyə başlayır. Həmin dövr rus dilində "tyurkskiy yazık" və "turetskiy yazık" anlayışları fərqləndirilir. "Aderbidjan ləhcəsi" ifadəsi işlədilir (İ.N.Berezin tərəfindən). Bu dövrdə ana dilimiz "Qafqaz tatarcası", "Zaqafqaziya tatarcası" da adlandırılır. Son iki linqvonimin yaranma və işlənmə yeri rus mənbələri idi. Bizcə, XVIII əsrin sonu - XIX əsrin əvvəllərində coğrafi baxımdan ruslara daha yaxın olan və etnik xüsusiyyətlərinə, o cümlədən, dilinə rusların daha çox bələd olduqları türk xalqı Volqaboyu tatarları olmuşdur. Bu səbəbdən ruslar XIX əsrin 20-ci illərində Cənubi Qafqazla ilk tanışlıq zamanı tatar dilinə yaxın türkcəni də bu cür - tatar dili, Qafqaz tatarcası, Zaqafqaziya tatarcası adlandıra bilərdilər.

     Kitabda, həmçinin, XX əsrin 20-ci, 30-cu illərində "türk dili"ndən "Azərbaycan dili"nə keçid prosesləri, XX əsrin ikinci yarısı Azərbaycan dilçiliyində, Şimalda və Cənubda, həmçinin, müasir mərhələdə "Azərbaycan dili" anlayışından geniş şəkildə bəhs olunur. Əsər bütövlükdə Azərbaycan dili anlayışının tarixinə dair ilk böyük araşdırma olduğu qədər də Azərbaycan dili tarixşünaslığına çox qiymətli töhfədir.

 

 

      Yadigar ƏLİYEV

      Filologiya üzrə elmlər doktoru,

      professor

 

      525-ci qəzet.- 2018.- 12 iyun.- S.7.