"Ədəbiyyatşünaslığın əsasları" müasir elmi-nəzəri və milli-ideoloji kontekstdə

 

       Azərbaycanda ədəbiyyatşünaslıq elminin hələ orta əsrlərə qədər gedib çıxan tarixi var.

      Həmin ilkin qaynaqlar erkən orta əsrlərin nəzəri-estetik fikrini özündə əks etdirir. Ümumən, Azərbaycan ədəbiyyatşünaslığının inkişafında şair və yazıçıların xüsusi rolu olmuşdur. N.Gəncəvi, M.Füzuli, M.F.Axundzadə kimi mütəfəkkir sənətkarların bədii ədəbiyyat və ədəbi inkişafın xarakteri barədə irəli sürdükləri fikirlər indi də öz əhəmiyyətini saxlamaqdadır.

      Həmin ənənə sonrakı dövrlərdə də qorunub saxlanmışdır ki, müasir Azərbaycan ədəbiyyatşünaslığının mühüm istiqamətlərindən biri olaraq ədəbiyyat nəzəriyyəsinin, məsələn, Mikayıl Rəfili, Cəfər Xəndan və Mir Cəlalın fəaliyyəti timsalında inkişaf tarixi də özlüyündə bu fikri təsdiqləyir.

     Bir sıra müəlliflərə görə, "60-cı illərdən etibarən bizdə bir dənə də olsun əməlli-başlı "Ədəbiyyat nəzəriyyəsi" kitabı, yaxud dərsliyi çap olunmayıb. Ona görə çap olunmayıb ki, hazırlanmayıb. Unudulmaz professorlar Cəfər Xəndanın, Mikayıl Rəfilinin 50-ci illərdə yaranan "Ədəbiyyat nəzəriyyələri" isə bir sıra məziyyətlərinə baxmayaraq, illər keçdiyi və dövr dəyişdiyi üçün artıq köhnəliblər. Bu, Şərq poetikası məsələlərinə münasibətdə daha aydın nəzərə çarpmaqdadır. Azərbaycan ədəbiyyatının tarixi poetikasını öyrənmək, onun janrlar nəzəriyyəsini işləyib hazırlamaq filoloq-alimlərimizin qarşısında dayanan birinci dərəcəli vəzifələrdən olmalıdır".

     Qeyd etmək lazımdır ki, Azərbaycan ədəbiyyatşünaslığının ədəbiyyat nəzəriyyəsi istiqamətinin hazırkı mərhələyə qədər keçdiyi təşəkkül və inkişaf yolunda üzərindən "illər keçdiyi və dövr dəyişdiyi üçün artıq köhnəliblər" dediyimiz nəşrlərin hər biri özünəməxsus iz qoymuşdur.

     XX əsr Azərbaycan nəsrinin yükünü çiyinlərində daşımış görkəmli yazıçılardan biri, əməkdar elm xadimi, professor Mir Cəlalın filologiya elmləri doktoru Pənah Xəlilovla birgə (F.Hüseynovun redaktorluğu ilə) çap etdirdikləri "Ədəbiyyatşünaslığın əsasları" kitabı gərgin zəhmətin və çoxillik səmərəli tədqiqatların nəticəsi kimi ayrıca və diqqətəlayiq hadisədir. Ali məktəb tələbələri, aspirantlar və ədəbiyyat müəllimləri üçün nəzərdə tutulmuş bu kitab ilk dəfə 1972-ci ildə "Maarif" nəşriyyatında işıq üzü görmüşdür. Kitabda mövzular müqəddimə, surət varlığın bədii inikasıdır, sənət və ədəbiyyatda tipiklik, bədii ədəbiyyatın varlığı, idrak əhəmiyyəti, ədəbiyyatın partiyalılığı və xəlqiliyi, bədii ədəbiyyatın tərbiyəvi rolu, klassik ədəbiyyatın əhəmiyyəti, sənətkarın şəxsiyyəti və yaradıcılığı, məzmun və forma vəhdəti, bədii əsərin kompozisiyası, bədii əsərin dili, ədəbi növlər, lirik növ,  Azərbaycan şerinin vəznləri (heca vəzni, əruz vəzni, sərbəst vəzn) Azərbaycan şeirinin janrları, epik növ, epik əsərlərin janrları, dramatik növ, ədəbiyyatda gülüş (satira və yumor), ədəbi metod (romantik və realist metod), ədəbi məktəb (klassisizm, sentimentalizm, romantizm, tənqidi realizm, sosialist realizmi) kimi sərlövhələr altında qruplaşdırılmışdı.

     Dövrün təhsil standartlarına yüksək səviyyədə cavab verən dərslik olduğu üçün yenidən işlənib təkmilləşdirilmiş "Ədəbiyyatşünaslığın əsasları" kitabının ikinci nəşri 1988-ci ildə yenə "Maarif" nəşriyyatında gerçəkləşdirilmişdir. Əsərdə giriş, əruz vəzninə dair məlumat və bəzi digər oçerklər yenilənmiş, o cümlədən, ədəbi cərəyanlar oçerki genişləndirilmiş, ötən illər ərzində Şərq və Azərbaycan intibahına dair meydana çıxmış yeni tədqiqatlardakı qənaətlər nəzərə alınmışdır.

     Əsasən, ali məktəb tələbələri üçün nəzərdə tutulan, sonralar mütəxəssislərin də stolüstü kitablarından birinə çevrilən dərsliyin "Ədəbiyyat haqqında ümumi məlumat" adlanan birinci, "Ədəbi əsərlər haqqında" adlanan ikinci və "Ədəbi növlər və janrlar" adlanan üçüncü fəsillərini prof. Mir Cəlal, "Giriş", "Forma və məzmun", "Əsatir" hissələrini və "Bədii üslub, ədəbi metod və cərəyanlar" fəslini prof. P.Xəlilov yazmışdı. Üçüncü fəslə aid "Dramatik növ" yarımfəslinin müəllifi prof. T.Mütəllimov idi. Yeri gəlmişkən,     "Ədəbiyyatşünaslığın əsasları"nın üçüncü nəşri də 2005-ci ildə "Çaşıoğlu" nəşriyyatı tərəfindən (312 s.) gerçəkləşdirilmişdir. Uzun müddətdən bəri istifadə olunması bu kitabın klassik ənənələrə və dərin elmi məntiqi əsaslara söykəndiyini göstərir. Belə söyləmək olar ki, sonrakı illərdə işıq üzü görmüş yeni "Ədəbiyyat nəzəriyyəsi" dərslikləri də öz strukturu və mövzulara yanaşma prinsiplərinə görə "Ədəbiyyatşünaslığın əsasları"ndan lazımınca faydalanmışdır.

    Haqqında danışılan nəşrin üç mühüm fəslinin müəllifi professor Mir Cəlal hələ 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsi üçün ədəbiyyatşünaslıq kursu üzrə proqram işləyib hazırlamış, ömrünün sonunadək dərs dediyi bu ali təhsil ocağında həmin fəndən mühazirələr oxumuşdur. "Ədəbiyyat və incəsənət" qəzetinin 1957-ci il 19 oktyabr tarixli nömrəsində dərc olunmuş "Ədəbiyyatşünaslığımız inkişaf yollarında" məqaləsi, bədii yaradıcılığa marksist-leninçi yanaşmanın müəyyənləşdirdiyi hüdudlar çərçivəsində olsa belə, alimin hələ o illərdən ədəbiyyatşünaslıq məsələlərinə konseptual münasibətindən xəbər verirdi.

    Filologiya təhsili alan tələbələrin birinci kursda istifadə etdikləri "Ədəbiyyatşünaslığın əsasları" kitabına gəlincə, əsər ədəbiyyatşünaslığın mühüm sahəsinin - ədəbiyyat nəzəriyyəsinin ayrı-ayrı problemlərinin aydın elmi şərhini verir. İctimai şüurun ayrılmaz tərkib hissələrindən sayılan bədii yaradıcılığın mənəvi əsasını üzə çıxarmağı, obrazlar vasitəsilə düşünməyin təbiətini aşkar etməyi və bunun da insanların müəyyən ideallar naminə estetik zövqünün formalaşdırılmasında əhəmiyyətini işıqlandırmağı qarşıya məqsəd kimi qoyan müəlliflər, belə demək mümkünsə, öz məqsədlərinə də nail olmuşlar. Kitabın 1972-ci il nəşri ilə bağlı rəylərdən birində qeyd olunduğu kimi, ədəbiyyatşünaslıq, o cümlədən, ədəbiyyat nəzəriyyəsi müəyyən prinsiplər əsasında söz sənəti ilə ictimai gerçəklik arasındakı mövcud qarşılıqlı münasibətləri, onun sənətkarın yaradıcılıq gücündən və dünyaya baxışından, ilham qaynağından, yazıb-yaratdığı dövrün qabaqcıl meyillərindən asılılığını açıb göstərməlidir. Dünya bədii-estetik söz sənətinin tarixi inkişaf təcrübəsi və bu təcrübənin elmi-nəzəri təhlili göstərir ki, ədəbiyyat dərin mündəricəyə malik bir məfkurə silahıdır. O, bəşəriyyətin inkişafının ayrı-ayrı mərhələlərində ictimai fikrin tərkib hissəsi olmaq etibarilə insanın mənəvi-məfkurəvi fəaliyyətinin mühüm sahəsini təşkil edir. Ədəbiyyat nəzəriyyəsi ədəbi fikrin inkişafını şərtləndirən ümumi qanunauyğunluqlara əsaslanaraq bədii yaradıcılıq prosesinin, ədəbi vasitələrin, üsulların, əsərlərin, növlərin, məktəblərin, üslubların təhlili qaydası və yollarını müəyyənləşdirir. Ədəbi qəhrəman, xarakter, süjet, quruluş, dil və başqa məsələlər bu nəzəriyyənin öyrəndiyi sahələrdir. Bədii ədəbiyyat sənətin bir sahəsi olduğuna görə ədəbiyyat nəzəriyyəsi incəsənətin nəzəri məsələlərini öyrənən estetika elmi ilə üzvi bağlıdır... Ədəbiyyat nəzəriyyəsi də estetikadan və ədəbiyyat tarixindən ayrılıqda inkişaf edə bilməz.

    Bütün bu cəhətlər, gerçəkdən, ədəbiyyat nəzəriyyəsi dərsliyini meydana gətirən alimlərin hansı çətinliklərlə üz-üzə qala biləcəklərini təsəvvür etməyə imkan verir. Lakin bəhs olunan dərsliyin müəllifləri məhz ədəbiyyatşünaslıq haqqında bəlli elmi sistem və düzgün metodoloji prinsip əsasında gərəkli bir dərslik yaratmaq yolunda qarşılaşdıqları çətinlikləri ciddi və səmərəli çalışmaları sayəsində dəf etməyə müvəffəq olmuşlar.

    Dərsliyin birinci fəslində bədii əksetmənin spesifik xarakteri, varlığın bədii inikası olaraq surət, sənət və ədəbiyyatda tipiklik, bədii ədəbiyyatın varlığı idrak əhəmiyyəti, ədəbiyyatın tərbiyəvi əhəmiyyəti, klassik ədəbi irsə münasibət, sənətkarın şəxsiyyəti və yaradıcılığı kimi fəlsəfi-estetik kateqoriyalar, eləcə də dövrün ideoloji tələbinə uyğun məsələlərdən ədəbiyyatın partiyalılığı və xəlqiliyi geniş elmi-nəzəri və bədii material əsasında işıqlandırılmışdır. Təbii və canlı surət yaratmağı realist sənətin çox mühüm şərti sayan müəlliflər bu fəsildə Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərlərini konkret təhlillər fonunda bədii surətin növləri, rəngarəng təzahür formaları haqqında dolğun təsəvvür yaratmış, klassik surətlərin müqayisəsi vasitəsilə tipiklik anlayışının bədii-fəlsəfi mahiyyətini, bu kateqoriyanın ictimai varlıqla, həyatla canlı və qırılmaz əlaqəsini müəyyən etmişlər.  "Bir qəlbin tarixi bir xalqın tarixi qədər zəngindir" fikrini yüksək dəyərləndirən müəlliflər mənən zəngin bir insanın qəlb aləminin bədii ifadəsinin çətin və mürəkkəb olduğunu, bunun üçün sənətkarda güclü təxəyyülün vacibliyini diqqətə çatdırırlar.

    Bütün mülahizələrində bədii ədəbiyyatın tarixi təcrübəsinə söykənən müəlliflər ədəbiyyatın partiyalılığı və xəlqiliyindən danışarkən belə, ədəbiyyatda xalq ruhu və təfəkkürünün üstün tutulmasını, xalqın tarixinin aydın ifadəsini, xalq mənliyinin hər surət, epizod və lövhədə görünməsini əsərdə mühüm meyar sayır, sənətkarın öz fikir və duyğuları, estetik idealları etibarilə irəliyə, gələcəyə çağırmalı, oxucusunu yüksəltməli və onun iradəsini qanadlandırmalı olduğunu vurğulayırlar.

    Kitabın ikinci fəslində bədii əsərin məzmun və forma vəhdəti, kompozisiyası və dili məsələlərindən söhbət gedir. Müəlliflər klassik söz ustalarının yaratdıqları surətlər əsasında mövzu, məzmun və qayə kimi anlayışlarla bağlı orijinal mülahizələr yürüdərək məzmunla forma arasındakı dialektik əlaqəni açır, onların varlığa münasibətdə bir tərəfdən obyektiv gerçəkliklə, digər tərəfdən yazıçının subyektiv aləmi ilə üzvi bağlılığını, yəni obyektivliklə subyektivliyin daxili rabitəsini aşkara çıxarırlar. Bədii əsərin formasını müəyyənləşdirən məzmun, süjet, söz kimi ünsürlərin vəhdəti milli söz xəzinəsində yer tutmuş əsərlərin timsalında müxtəlif ədəbi növlər və şəkillərin tarixi inkişafı nöqteyi-nəzərindən təsvir edilir.   Kitabda təkcə neologizmlərdən deyil, arxaizm, jarqonizm və dialektizmlərdən necə, nə zaman, hansı məqsədlə istifadə imkanlarına toxunulmuş və məcazın növlərinin, müxtəlif təsvir vasitələrinin mükəmməl elmi izahı ilə yanaşı, klassik və müasir sənətkarların yaradıcılığından səciyyəvi ədəbi-bədii nümunələr verilmiş, bədii dil haqda aydın təsəvvür yaradılmasına çalışılmışdır.

     Dərsliyin üçüncü fəsli lirik növ, şeir vəznləri (heca vəzni, əruz vəzni, sərbəst vəzn), lirik növün janrları, epik növ (epik növün janrları), dramatik növ (dramatik növün janrları) və ədəbiyyatda gülüş; satira və yumor yarımbölmələrindən ibarətdir. Bu fəsildə ədəbi növlər və həmin ədəbi növlərə daxil olan janrlar haqqında zəngin faktlar əsasında bitkin məlumat verilmişdir. Ritm, ahəng, vəzn haqqında söhbət bir növ Azərbaycan şerinin vəznləri bəhsinə giriş xidməti görür. Şifahi və yazılı ədəbiyyatda təmsil olunan şeir növlərinin ölçüsü, bölgüsü, qafiyə sistemi haqqında hissələr elmi səciyyə daşıyır, eyni zamanda, milli poeziyanın geniş texnikası və bədii imkanları haqqında aydın təsəvvür yaradır. Bu fəsildə ayrı-ayrı növlərə aid bəzi janrların təmsil edilməməsinə baxmayaraq, bütövlükdə janrlar və növlərin təbiəti haqqında həm Azərbaycan, həm də dünya ədəbiyyatının təcrübəsinə əsaslanmaqla irəli sürülən mülahizə və mühakimələr aydınlığı, lakonikliyi və inandırıcılığı ilə səciyyələnir.

     Əsərin dördüncü fəslində ədəbi metod və ədəbi məktəblər məsələsi işıqlandırılır. Müəlliflər o illərin ali məktəb dərsliklərində əsasən ədəbi metodun inkişaf tarixi izlənsə də, ədəbi cərəyanların əmələ gəlməsi və inkişaf xüsusiyyətlərinin geniş əhatə olunmadığını vurğulayırlar. Ədəbi metod müəyyən dövrdə estetik fikri ən çox məşğul edən mürəkkəb problemlərdən olduğuna görə nəzəri fikrin ədəbi metod və ədəbi məktəblə bağlı mülahizələri də geniş nəzərdən keçirilməkdədir. Bu fəsildə klassisizm, sentimentalizm, romantizm, tənqidi realizm, sosialist realizmi kimi ədəbi hadisələrə də müvafiq bölmələr ayrılmışdır. Məsələn, sentimentalizm cərəyanının təsviri zamanı ingilis, fransız və rus ədibləri ilə yanaşı,   Azərbaycan yazıçılarının da yaradıcılığında özünü büruzə verən sentimentalist meyillər haqqında məlumat nəzəri səciyyə daşıyır. Eyni fikir romantizm və tənqidi realizm bəhsinə də aid oluna bilər. Müəlliflərə görə, ədəbi cərəyanlar çox, əsaslandıqları yaradıcılıq üsulu isə ikidir: romantik və realist üsul. İkisi də qədimdən bəri inkişaf edib dərinləşməkdədir.

     Ədəbiyyatın və incəsənətin bütün xalqlarda və dövrlərdə oxşar qanunauyğunluqlara və keyfiyyətlərə malik olduğunu nəzərə alan dərslik müəllifləri "Ədəbiyyat nəzəriyyəsi"ndə irəli sürdükləri müddəaları da elə məhz dünya ədəbi təcrübəsindəki qanunauyğunluqları ümumiləşdirmə əsasında qurmuşlar. Eyni zamanda, məlum olduğu kimi, həm də hər bir xalqın özünün elə milli bədii formaları var ki, onlara başqa xalqların ədəbi təcrübəsində rast gəlinmir. Odur ki, ciddi ədəbiyyat nəzəriyyəsi ümumi ədəbi-nəzəri mülahizələr irəli sürmək və nəticələr çıxarmaqdan mümkün olduqca qaçır. "Ədəbiyyat nəzəriyyəsi" dərsliyinin müəllifləri də haqlı olaraq xalqların ədəbiyyatlarının milli inkişaf xüsusiyyətlərini bütün hallarda nəzərə almışlar. Yəni müəlliflər Azərbaycanda ədəbiyyatşünaslığı bu dərsliyin nümunəsində bir fənn kimi sistemləşdirərkən, ədəbi-estetik kateqoriyalar haqda qənaətlərində də məhz milli bədii dəyər və təcrübəyə əsaslanmaq yolunu seçmişlər. Kitabda mövcud nəzəri kateqoriyaların şərhində istinad edilən başlıca elmi qənaətlər Şərqin və o cümlədən,  Azərbaycanın çoxəsrlik ədəbiyyatının zəngin tarixi təcrübəsinə söykənir. Bütün bunlar öz növbəsində dünya ədəbiyyatı təcrübəsində rast gəlinən faktların elmi, məfkurəvi və bədii cəhətdən qavranmasını da mümkün edir. Elmi fikirlərin, nəzəri mülahizələrin şərhi üçün bədii ədəbiyyatdan örnəklər yerli-yerində olub son dərəcə dəqiqliklə seçilmişdir.

     Azərbaycan ədəbi-nəzəri fikrində ədəbiyyatşünaslığın əsasları və ədəbiyyat nəzəriyyəsi fənləri üzrə ən mötəbər dərslik kimi ... "Ədəbiyyatşünaslığın əsasları" öz missiyasını bu gün də yerinə yetirir.

    Yazıldığı dövrün siyasi kontekstindən müəyyən məsafədə qala bilmiş "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi ədəbiyyat nəzəriyyəsi ilə bağlı gəlinən qənaətlər baxımından əvvəlki dövrlərin mövcud nəzəri təlimlərinin icmalı təsiri bağışlamır və söz sənəti ilə əlaqədar başlıca hadisələrin, anlayış, kateqoriya və məfhumların mahiyyəti haqqında həm düzgün, həm də bitkin təsəvvür yaradır.

 

 

    Pərvanə BƏKİRQIZI

    AMEA Nizami Gəncəvi adına

    Ədəbiyyat İnstitutunun Ədəbiyyat

    nəzəriyyəsi şöbəsinin baş elmi işçisi,

    filologiya üzrə elmlər doktoru

 

   525-ci qəzet.- 2018.- 12 iyun.- S.6.