Azər Paşa Nemətov: “Atamı Gənc
Tamaşaçılar Teatrında çox incitmişdilər...”
Azərbaycan Teatr Xadimləri
İttifaqının sədri, Akademik Milli Dram Teatrının
bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovun
APA-ya müsahibəsi
Proloq. 10 iyun, 2018.
Bu
müsahibəni ötən ilin avqustunda – Azər Paşa Nemətovun
70 illik yubileyi münasibəti ilə
hazırlamışdım. Söhbətimizin
bir ilə yaxın işıq üzü görməməsinin
səbəbkarı mən yox, müsahibim özüdür.
Bir gün zəng vurdu:
- Gəl, bu müsahibəni
indi yaymayaq. Mənə elə gəlir, hər
şeyi bu qədər xırdalığına qədər
danışmaq, şəxsi məsələlərdə bu qədər
səmimi olmaq lazım deyil. Saxla, mən bu
dünyada olmayanda yayarsan.
O gündən az qala bir il keçdi. Nəhayət,
Azər Paşa Nemətovu razı salmaq mümkün oldu.
Və əlbəttə, teatr dili ilə desəm,
bu müsahibəni iki nəfərlik söz oyunu kimi qəbul
edə bilərsiniz.
***
Məkan
Teatr Xadimləri İttifaqı. Pəncərədən
o tərəfdə avqust istisi. Geniş olmayan iş
kabinetini gözümüzün qabağına gətirək. Ona görə yox ki, ittifaq sədrinin şəraiti
yoxdur. Qətiyyən! Azər Paşa Nemətov sədr üçün nəzərdə
tutulan ger-geniş kabineti konfrans otağı edib. Hə,
bir də indi oturduğu kabinetdə atasının izi, nəfəsi,
həniri var...
Mən diktofonu
qoşuram və ilk sual: “Yubiley yaşına çatanlar geriyə
baxıb özlərinə üçcə sözlük
sual-hesabat verirlər: mən necə yaşadım?!
Soruşmaq istəyirəm: Sizi də bu insanlardan saymaq
olarmı? Yoxsa əksinə, hesabat gündəlik veriləndə
yaşamaq daha rahat olur?”.
Cavabdan əvvəl
xatırlamıram siqaret yandırır, ya yox. Bu
detalı yadımızda saxlayaq, lazım olacaq:
“Əlbəttə,
hesabatı gündəlik vermək daha yaxşıdır.
Çünki insana rahatlıq, xoşbəxtlik
gətirir. Bir də hər gün
özü ilə baş-başa qalmağı bacaran adamlar məsuliyyətli,
ədalətli olurlar. İnsanın məsuliyyəti və ədaləti
varsa, deməli, bütün ömrü boyu könül
rahatlığı da olacaq.
Bizim
üçün vacib olan könül rahatlığı
deyilmi? Mən adi insanam. Tək qalanda
düşünürəm ki, sabah, biri
gün nə etmək istəyirəm? Və Allaha dua edirəm:
arzularımı, planlarımı həyata keçirmək
üçün mənə sağlamlıq, güc,
ömür ver! Etiraf edim, ömrü boyu tələsən adam olmuşam. Həmişə mənə
elə gəlib, nəyisə çatdıra bilməyəcəyəm.
-
Tanıdığım bütün yaradıcı adamları
narahat və tələskən görmüşəm...
-
Yaradıcı adam doğulanda bu cür doğulur. Daha
doğrusu, onu Allah bu cür yaradır: hər şeylə
razılaşmayan, hər şeyi qəbul etməyən... Bu, tale məsələsidir və bizim iradəmizdən
kənardadır. Sadə şəkildə
desəm, yaratmağı bacaran adamlar xaraktercə qəliz
olurlar. Cavan olanda düşünürdüm ki, daha
çox işləməliyəm, özümə
qarşı bir az da tələbkar
olmalıyam. Sonra
yaş üstünə yaş gəldi və anladım ki,
bunun üçün Allah insana imkan yaratmalıdır.
- Sizin yaradıcı və
narahat təbiətiniz ətrafınızdakı insanlara
qayğı, problem yaradıbmı?
- Məncə, yox.
Əgər məsələni iş və təmənna
müstəvisinə gətirsək, heç kimdən heç
nə istəməmişəm. Qürurlu
olmuşam, dolayı, əyri yollarla getməmişəm.
Eşitdiyimə görə mənimlə
işləmək həm asandır, həm çətin.
Haqqımda kimsə deyir ki, sərt, zəhmli
adamdır. Başqası deyir, yox, siz
tanımırsınız, ürəyiyumşaqdır. Bütün bunlar haqqında heç vaxt
düşünməmişəm.
Sadəcə,
normal insanam və bütün insani normaları gözləməyə
çalışıram. Tutduğum vəzifələrin
imkanlarından, səlahiyyətimdən istifadə edib insanlara
kömək etməyə istəyirəm. Çünki atam Zəfər
Nemətovdan, İsmayıl Dağıstanlıdan, Ələsgər
Ələkbərovdan, Lütfəli Abdullayevdən belə
şeyləri götürmüşəm. Həmişə görmüşəm ki, bu adamlar ətraflarında
olanlar üçün kimlərinsə qapısını
döyüb, xahiş ediblər.
- Teatr
Xadimləri İttifaqının sədri və ölkənin ən
böyük teatrının rəhbərisiniz. Deməli,
başqaları üçün xahiş edəndə
qürur məsələsini gözləmirsiniz...
- Hesab edirəm, bu mənim
borcumdur. Üzərimə
götürdüyüm məsuliyyəti başa
düşürəm. Ona görə məni
seçiblər ki, ehtiyacları olanda gücüm çatan qədər
bütün teatr xadimlərinə köməklik göstərim.
Əlim və səlahiyyətim çatan qədər
də köməklik göstərmişəm. Mənə deyirlər, etdiklərinizə görə
cənnətin qapısı sizin üzünüzə həmişə
açıqdır. Mən isə demişəm,
bunu biz yox, Allah bilər.
- Stolunuzun üstündə
“Qurani-Kərim” görürəm...
- Mənə görə
inamsız insan normal insan deyil. Təkcə Allaha
inamı nəzərdə tutmuram. İnsanın
insana inanmamağından böyük faciə varmı? Buddizm təlimini də oxumuşam, İncil və
“Tövrat”ı da, “Quran”ı da. Bütün
ilahi təlimlər inam təlqin edir. Bəli,
“Qurani-Kərim” stolumun üstündədir. Mənim üçün “Qurani-Kərim”
kitabların, İslam dinlərin ən mükəmməlidir.
Kimlərsə İslamı məqsədli şəkildə
gözdən salmaq, inanclı insanların səhv olaraq radikal
obrazlarını yaratmağa çalışırlar. Amma bütün çirkin cəhdlər boşa gedəcək,
İslam yenə hər zaman
olduğu kimi qalib olacaq. Çünki bizim
dinimiz sevgi, məhəbbət, sülh və əminəmanlıq
dinidir.
Haşiyə: Tərtib
etdiyim sual siyahısına baxıram. Keçmişə
qayıtmalıyıq. O vaxtlara ki, 15 yaşlı Azər
Paşa Qara Qarayevdən musiqi dərsi alırdı. Bir də o vaxtlara ki, rejissor olmağını istəməyən
atasına acıq edib evdən getmişdi. Öz
sözünü özünə xatırladıram: “Hər şeyi təzədən
başlasaydım, rejissor olmazdım. Rejissor hər
tamaşa hazırlayanda yeni həyat yaşayıb ürəyinin
bir hissəsini əridir”.
Və soruşuram
ki, peşə seçimində “səhvə” yol verdiyiniz
rejissor ömrü hardan başladı, necə başladı?
- Bu peşəni
seçməyimdə atamın rejissor olmağının rolu
böyük olub. Atama rejissor kimi də, insan kimi
də qibtə edirdim. Sonuncu dəfə
onunla xəstəxanada görüşmüşdüm.
Evə gedəndə dedi, Azər, yox, bağışla, Azər
Paşa, mən həyatım boyu nəyə nail olmuşamsa,
sənin ananın hesabına olub. Bütün ömrün boyu
ananın qayğısını çək və yadından
saxla: o mələk simalı pak
insana mənim borcum çoxdur. Əslində
atam bu sözlərlə mənimlə vidalaşırdı.
Bu vəsiyyəti heç vaxt unutmadım.
Anam üçün nə bacardımsa,
yaxşı olmağı üçün əlimdən nə
gəldisə, etdim. Atam rejissor
olmağımı istəmirdi. Mən də
inciyib evdən getdim. Musiqi məktəbində oxuyanda
Qara Qarayev yazdığım əsəri eşidib
soruşmuşdu ki, bunu kim yazıb?
Biləndə
ki, Zəfər Nemətovun oğluyam, yanına
çağırdı və təklif elədi, Konservatoriyada
onun sinfində azad dinləyici olum. Belə də oldu və
mən bir il ərzində qeyri-adi insan olan
Qara müəllimdən
çox şey öyrəndim. Amma rejissorluq məni
daha çox cəlb edirdi. Diplom tamaşama Qara Qarayev gəlib
baxdı, mənə hədiyyə verdi. Və qayıtdı ki, səndən çox
böyük rejissor olacaq, amma bəstəkar kimi ondan da
böyük olacaqdın, axmaq. (Gülür).
Bəxtim ondan gətirib ki, Qara Qarayevi, Tofiq Quliyevi, Mehdi Məmmədovu,
İlyas Əfəndiyevi, Cahangir
Cahangirovu, Salam Qədirzadəni, Mustafa Mərdanovu, Tələt
Eyyubovu, Yusif Vəliyevi, Seyfəddin Dağlını, Tofiq
Kazımovu, Səttar Bəhlulzadəni şəxsən
tanımışam. Tofiq Quliyevi biz əmi
çağırırdıq. Tofiq Quliyev də
mənə oğlum, anama bacı deyirdi. Anam
evimizdə bu insanlar üçün süfrə
açıb, atam onların hər birini dostu, qardaşı
bilib. Məsələn, Cahangir Cahangirov “Füzuli”
kantatasını ilk dəfə bizim evdə ifa edib və
özü də oxuyub. Kantata bitəndən sonra Qara
müəllim dedi, Cahangir, sən həyatda heç nə
yazmasan da, bu musiqi ilə Azərbaycan tarixinə adını
yazdırmısan. Yadıma gəlir, Mehdi Məmmədovla
Tofiq Kazımov bir-biri ilə küsülü idilər. Atam onları bizə çağırıb
barışdırmışdı.
- Rejissor
istedadınızı atanıza nə vaxt sübut elədiniz?
- 1971-ci ildə atam
diplom tamaşama baxmışdı. Mənə
heç nə demədi. Evə gəldim, anam
qayıtdı ki, Azər, Zəfər sənin tamaşana
baxıb, mənə dedi, sənin bu oğlun var ha, bunun dili də
var, dilçəyi də, o çox böyük rejissor olacaq.
Mənim üçün bu sözləri atam,
Qara Qarayev və Ədil İsgəndərov deyib. Və əlbəttə, onların mənim
haqqımda dediyi bu sözlər böyük qiymətdir.
Tələbəlik illərim də çox
maraqlı keçib. Tələbə
yoldaşlarımdan Mikayıl Mirzəni, Əlabbas Qədirovu,
Pərviz Cəfərovu, Azər Süleymanovu itirmişəm.
Rasim Balayevə, Vaqif Əsədova, Məhərrəm Bədirzadəyə
Allah cansağlığı versin, onlar bu gün də mənim
əziz dostlarımdır.
- Siz gəncliyinizdə
boksla da məşğul olmusunuz?
- Bəli. Soruşa bilərsən ki, niyə məhz boksla?
Çünki hamı məni döyürdü,
ona görə də ən sərt idman növü olan boksa
getdim. Sonralar SSRİ idman ustası adını
qazandım. Çoxlu yarışlarda
iştirak etmişəm. Cəmi iki dəfə
məğlub olmuşam. Bunun da səbəbi
belə olub ki, həkimlər yarışa buraxmayıblar.
Birində zədəyə görə, o birində
qızdırmam olub, yarış qadağan edilib. Mən zəifləri həmişə müdafiə
etmişəm. O zaman yumruğumla, indi qabiliyyətimlə.
- Sankt-Peterburqa niyə
getdiniz? Vaxtilə Zəfər Nemətovun təcrübə
keçdiyi bu şəhərə sizi çəkib aparan nə
idi? Deyəsən, atanıza qarşı
olan qruplaşmaların əziyyətini oğul kimi siz çəkməli
idiniz?
- Atam 1930-cu ildə Milli
Dram Teatrına işə qəbul edilib. Teatrda Cəfər
Cabbarlının seminarlarında iştirak edib, püxtələşməyində
bu seminarların böyük rolu olub. Bir il
sonra isə teatrın göndərişi ilə Teatr Məktəbinə
qəbul olunub. Atamdan imtahanı Hüseyn Cavid,
Abbas Mirzə Şərifzadə, Hacıağa Abbasov və
Rza Darablı götürüb. Hüseyn
Cavid və Abbas Mirzə
Şərifzadə atamı öz doğmaları kimi çox
istəyiblər.
1933-cü ildə babam Əli Paşa Nemətov
işlədiyi mədəndə cərəyan vurmasından vəfat
edib. Ona görə də ailənin
bütün çətinliyi atamın üstünə düşüb.
Atamı Gənc Tamaşaçılar
Teatrında çox incitmişdilər. Məcbur
olub teatrdan çıxmışdı. Ondan sonra cəmi
iki il yaşadı. Gənc
tamaşaçılar Teatrında işləyəndə mənə
qarşı da eyni hərəkəti etdilər. Bir qrup adam imza atmışdılar ki, bu rejissoru istəmirik.
Sonra qaytarmaq istədilər, dedim, mən əşya deyiləm,
getdiyim yerə bir də qayıtmıram. O vaxtkı Leninqrad Gənc
Tamaşaçılar Teatrına gedəndə orda dedilər,
sən Azərbaycandan gəlmisən, ona görə hər
şeyi təzədən başlamalısan. Mən
etiraz elədim ki, Mehdi Məmmədovun tələbəsiyəm.
Bir müddət Georgi Taratorkin, Lev Dodinlə bir yerdə
çalışdım.
Teatrın rəhbəri
mənim haqqımda soruşanda hamısı dedi, çox
maraqlı rejissordur və bizim məktəbimizlə işləyir.
Sonra məni ştata qəbul etdilər və
Leninqrad həyatım başladı. Xaricə qastrollara
getdim, teatrın rəhbəri xaricə gedəndə məni
öz yerinə təyin edirdi.
- Bakıya
qayıtmağa məcbur idiniz?
- Məcburiyyət məsələsi
deyildi. Ulu öndərimiz Heydər Əliyevi
minnətdarlıq hissi ilə xatırlayıram. O, kənarda
olan və özünü təsdiq etmiş insanları Azərbaycana
dəvət edirdi ki, yaradıcı potensiallarını öz
ölkəmizə sərf etsinlər. Bakıya
qayıdandan sonra Mədəniyyət Nazirliyi mənimlə
bağlı məsələlərə soyuq yanaşdı.
Ev söz vermişdilər, alınmadı.
Bir müddət işsiz qaldım. Mənə
evi 35 il sonra prezidentimiz İlham Əliyev
verdi. Ulu Öndərimiz “Hamlet”, “Ah, Paris,
Paris...” və başqa tamaşalarıma gəlib
baxmışdı, uğurlu tamaşalar münasibəti ilə
məni təbrik etmişdi. Hər dəfə
soruşurdu ki, işlərin necədir, həyatından
razısanmı? Mən hər şeyin
qaydasında olduğunu deyirdim. Evimin
olmadığını bir dəfə də açıb demədim.
- Aktyor kimi
özünüzü sınamaq istəyiniz olubmu? İstəyirəm,
bu haqda danışaq...
- Ömrüm boyu istəmişəm
məşhur aktyor olum. Amma aktyor olmaq
üçün öz tələblərimə uyğun
olmamışam. Mənim aləmimdə
aktyor hündürboy və bariton səsli olmalıdır.
Aktyorluğu bir
dəfə multfilmdə etmişəm. Ağadadaş
Qurbanovun qızı Firəngiz Qurbanova multfilm çəkirdi.
Biz ailəvi dost idik və həmin filmdə çəkildim. Məktəbdə nə şuluqluq salırdımsa,
atamın əvəzinə Ağadadaş əmini məktəbə
aparırdım. Direktor da deyirdi ki, görə
sən nə boyda nəhəngi mənim yanıma gətirmisən?
(Gülür).
- Özünüz kino
çəkmək həvəsində olmamısınız?
- Cavan vaxtı çəkmək
istəyirdim. “Debüt” studiyasının rəhbəri, mənim
əziz dostum, canım-gözüm Eldar Quliyev dedi, 39
yaşında məşhur rejissorsan, əməkdar incəsənət
xadimisən, sənin nəyinə
lazımdır debüt film çəkmək? Qoymadı.
Mən də acıq elədim, bir də ona demədim
film çəkmək istəyirəm.
- 1978-ci ildə Bakıda
“Zirzəmi” teatrı yaratmısınız. O günləri necə
xatırlayırsınız?
- Düzü, həmin
teatrı hansı ildə yaratdığımı dəqiq
bilmirəm. Tarixini unutmuşam. Yadıma gəlir ki, həmin vaxtlarda işsiz idim.
Ona görə də aktyor olmayan tələbələri
institutlardan seçdim və tamaşalar hazırlamağa
başladıq. Teatrı gəmiçilik
idarəsinin evlərindən birinin zirzəmisində
yaratmışdıq. Çox böyük
maraqla qarşılanmışdı. Hətta
oturmağa yer tapmaq olmurdu.
Sonra təmir
etdiyimiz həmin zirzəmi kiminsə xoşuna gəlmişdi,
ona görə də bizi ordan çıxardılar. Sonralar yenə o cür teatr yaratmaq istəyirdim,
alınmadı. İndiki İçərişəhər
metrosu ilə üzbəüz bina var, onun
çardağında teatr yaratmaq istəyirdim. Sonra dedilər,
divarda çat var, buranın təmiri çox vəsait
aparacaq.
Üç il sonra rəssamlara emalatxana kimi verdilər. Necə
olur, emalatxana ola bilirdi, teatr yox? Həmişə özümə teatr yaratmaq istəmişəm,
imkan verməyiblər.
- Həsən Turabov və
Vaqif İbrahimoğlu ilə dostluğunuz haqqında çox
eşitmişəm...
- Ümumiyyətlə,
dostlarım çox olub. Elçin Məmmədov,
Həsən Turabov, Fuad Poladov, Mikayıl Mirzə, Vaqif
İbrahimoğlu yaxın dostlarım olublar. Rasim Balayev,
Altay Hacıyev, Məhərrəm
Bədirzadə, Vaqif Əsədov, Elmi Mirzəyev indi də
yaxın dostlarımdır. Elmi indi Ucarda, Altay
Bakıda yaşayır. Vaqif
İbrahimoğlu Gənc Tamaşaçılar Teatrına
aktyor kimi gəlmişdi, bir yerdə işləyirdik. Sonra mehribançılıq, dostluq yarandı. Mən Vaqif haqqında necə yüksək fikirdə
idimsə, o da eyni şeyi mənim haqqımda deyirdi. Vaqiflə danışmaq mənə çox
maraqlı gəlirdi. Bir-birimizi başa
düşürdük. Vacib olan budur.
Həsən Turabov da az danışan adam
idi, mən də. Bir dəfə gedib
yeyib-içdik. Sonra məlum oldu ki, beş
cümlə o danışıb, beş cümlə mən, vəssalam.
Həsənağa səhəri zəng etdi ki, Azər, biz məclisə
gedəndə mütləq üçüncü adam lazımdır ki, söhbət eləsin.
- Səhv etmirəmsə,
Həsənağa Turabov ürək tutmasından, Vaqif
İbrahimoğlu xərçəngdən dünyasını
dəyişib...
- Bəli. Vaqif
Ankarada xəstə yatanda İsrafil İsrafilovla gedib ona
baş çəkdik. Daha doğrusu, əvvəl
İstanbulda Yaşar Nuriyə baş çəkdik, sonra
Ankaraya getdik.
II HİSSƏ
Akademik
Milli Dram Teatrının binası. İş
otağı. Müsahibənin əvvəlində
siqaret yandırmaq detalını əbəs yerə demədim
ki, yadda saxlayaq. Söhbətimizin bundan
sonrakı hissəsi necə deyərlər, “tütün
dumanı” içində keçdi. Yaradıcı adam üçün, yox, elə insan
üçün dost itirmək, doğma adamı soyuq
torpağa tapşırmaq nə deməkdir, bilirsinizmi? Mən
bilirəm: alışqan çıqqıltısı,
tütün közərtisi, qırılan səs, bir də...
hə, bir də eynək altında yaşaran insan
gözü...
Sual: Turabov və
İbrahimoğlunun ölüm xəbərini necə,
hansı vəziyyətdə eşitdiniz?
Cavab: Bu haqda
danışmaq mənim üçün çətindir. Həqiqətən çətindir. Həsən Turabovun qızı zəng vurdu ki,
atamın vəziyyəti pisdir. Həkim
götürüb getdim. Çox keçmədi,
həkim otaqdan çıxdı ki, ürəyi işə
salmaq mümkün oldu, amma beyin dayanıb. Ölümü necə olub?! Nəvəsi
Həsənağadan nə isə istəmişdi. Bu da ayağa qalxıb ki, qonşu otağa keçib
nəvəsinin istədiyini gətirsin, otağa
çatmamış yıxılmışdı. Bax, belə. (Uzun sükut). Vaqifin vəziyyəti tamam pis idi. Hamı evinə qalxırdı ki, vidalaşsın.
Düşənlər də deyirdi, çox
arıqlayıb, tanımaq olmur. Mən
qalxmadım. İstəmirdim, Vaqif
yaddaşımda o cür qalsın.
Yuxarı qalxanlara da
tapşırdım ki, Vaqifə deyin, Azər Paşa
burdadır, o biləcək niyə yuxarı qalxmamışam.
Səməndər Rzayev mənim
yaddaşımda bax o cür xəstə vəziyyətdə
qalıb. Palatanın qapısını açdım,
gördüm, bir nəfər tanımadığım adam uzanıb. Qapını
örtdüm ki, səhv gəlmişəm. Səsi hələ də qulaqlarımdadır.
Qışqırdı ki, Azər Paşa, Azər Paşa... Tanımadın məni?! Çox
dəyişmişəm?! Mən də
yalan danışdım. Dedim, Səməndər,
yatmışdın, istəmədim oyadam səni.
- Başa
düşürəm, danışmaq çətindir. Ona görə söhbəti dəyişirəm.
Xalq diplomatiyası çərçivəsində Kamal
Abdulla, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli
ilə Qarabağ və Ermənistana səfər edən
ziyalılardan biri də siz olmusunuz. Bəlkə
o səfər haqqında danışaq?
- Polad
Bülbüloğlu nazir olanda mən teatrın bədii rəhbəri
idim. Bizim sözümüz düz gəlmirdi.
Ona görə də mən teatrı tərk elədim.
Poladın bunda günahı var idi. Özümə də bəraət
qazandırmıram.
Mənim
xasiyyətim də şəkər deyil, amma istiot da deyiləm.
Yəni dil tapmaq olardı. Uzun
illər keçdi və bir gün Polad
Bülbüloğlundan mənə zəng gəldi. Dedi,
Azər, telefon söhbəti deyil, Bülbül Fonduna gələ
bilərsən? Getdim, görüşdük.
Polad dedi, kiçik nümayəndə heyətidir, istəyirik
sən də bizimlə Şuşaya gedəsən. Hətta soruşdu ki, qorxmursan? Dedim, Polad, sən məni yaxşı
tanıyırsan. Belimə dinamit
bağlasanız, Qarabağdan ötrü gedib özümü
partladaram. Bu ölüm mənim
üçün şərəfli ölüm olar. Evdən rayona ezamiyyət adı ilə
çıxdım. Bizə güllə
keçirməyən jilet və kaska verdilər. Dedim, geyinmirəm. Mən öz
torpağıma gəlmişəm, niyə bunu geyinməliyəm?
Eyni sözü Kamal Abdulla da dedi, Fərhad da, Polad da. Heç
birimiz nə kaska, nə jilet geyinmədik. Bizə
köhnə bir “Volqa” ayırmışdılar. Yollar bərbad, yaşayış çox
aşağı səviyyəli idi. Xankəndində
çay, kofe təklif etdilər, biz yubanmayıb Şuşaya
qalxdıq.
- Səhv etmirəmdə,
siz vaxtilə Xankəndidə tamaşa
hazırlamısınız...
-Bəli,
hazırlamışam. Şuşada
Bülbülün evinə getdik. Hamımız
sarsılmışdıq, ağlayırdıq. Bülbülün evində yaşlı arvad
yaşayırdı. Poladdan icazə istədi
ki, olar yenə burda yaşayım? Polad da dedi, qal, amma həyət-bacaya
da bax, dağılmasın. Qadın yenə
soruşdu ki, siz nə vaxt qayıdacaqsınız? Çox təsirli idi. Küçələrdə
camaat bir-birinə deyirdilər ki, azərbaycanlılar öz evlərinə
qayıdıblar. Hətta biri Qarabağ ləhcəsi
ilə qayıtdı ki, gəlin çıxın də, harda
qalmısınız?! Yerevanda Köçəryanla
görüşəndə Kamal Abdulla çox yaxşı bir
fikir dedi: “Yaxşı olar, Şuşa məscidini bərpa edək.
Siz qərar çıxarın, təmirini biz
özümüz edərik”.
Köçəryanı
lap cavanlıq vaxtlarımdan tanıyırdım. Xankəndində tamaşa hazırlayanda Köçəryan
avtoparkda işləyirdi. Xidməti
maşın ayırmışdılar, naharı hər gün
Şuşada edirdim. Cıdır
düzünə gedəndə Köçəryan mənə
ayrılan xidməti maşının qapısını
açıb-bağlayırdı. Yerevanda
görüşəndə soruşdum ki, məni
tanıdın? Qayıtdı ki, yox, hardan
tanımalıyam? Dedim, mən Xankəndində
tamaşa hazırlayanda sən məni müşayiət
edirdin. Əlbəttə,
tanımışdı. Mən onda
çox dəyişməmişdim. Saçım
da, bığım da qara idi. Sadəcə,
özünü sındırmaq istəmədi. İrəvanda hamımız çox sərt
danışdıq. Geri qayıdanda erməni
ziyalılar bizimlə Bakıya gəldilər. Cənab prezident bizi qəbul etdi. Mən prezidentimizi onsuz da sevirdim, amma o
görüşdən sonra onun mərdliyinə, iradəsinə
bir daha heyran oldum.
- Azər müəllim,
biz niyə teatral deyilik?
- Biz incəsənəti
çox sevən xalqıq. Eyni zamanda bizim
xalqımız istedadlı və həssasdır. Sadəcə, cəmiyyət çox dəyişib.
Mədəni tərbiyə insanda uşaq
yaşlarından başlamalıdır. Adamlar var,
ömrünün yarısını yaşayıb, amma teatrda
olmayıblar.
Deyirəm,
gəl səni teatra aparım, cavab verir ki, vaxtım yoxdur.
Ömür gedir, amma kinoya, teatra, konsertə getməyib.
Ayda, iki ayda bir dəfə vaxt tapmaq çətin
olmamalıdır. Yaxud soruşanda ki, teatra
niyə gəlmirsiniz, deyir, dəvət etmirsiniz, axı.
Mən heç kimi tamaşalarıma dəvət
etmirəm. Ona görə də
tamaşalarımın çoxu televiziyaya çəkilməyib.
Teatra ailəni dəvət edərlər,
hamını yox. Sosial problemlərə
görə teatra gələ bilməyənlər var, amma bu, bəraət
yeri deyil.
- Altı-səkkiz manata
bilet almaq sosial problem üçün bəhanə
olmamalıdır...
- Ümumiyyətlə,
teatrın qiyməti bu cür olmalı deyil. Müasir
teatr sovet-bolşevik teatrı deyil. Rusiyada
bilet 100 dollardır. Bizdə isə pulsuz
bilet istəyirlər. Bu yaxınlarda
Moskvada iki-üç tamaşaya baxdım. Bilet satılıb qurtarmışdı, insanlar
yaxınlaşırdı ki, artıq biletiniz olmaz? Bu cür mənzərəyə vaxtilə biz də
şahid olmuşuq. İndi qayğılar
çoxdur. Teatr tox adam
üçündür. Güzəranı
çətin olan adamların yadına teatr düşə
bilməz.
- Ayda on min manat qazanan adamlar
da teatra gəlmir, axı. Buna nə deyirsiniz?
- Bu da uşaq
vaxtlarından tərbiyə ilə bağlıdır. O
adamların anlayışı ancaq puldur, yeyib-içməkdir,
gəzməkdir.
- Siz müəllimsiniz,
gənc rejissorlar yetişdirirsiniz. İstərdim, bir qədər
də bu haqda danışaq...
- 70-ci ildən institutda
dərs demişəm. Yaşar Nuri, Zərnigar
Ağakişiyeva, Azər Zeynalov mənim məşhur tələbələrim
olub. Heç bir tələbəmə təmənnalı
münasibətim, pis niyyətim olmayıb. Əksinə, əllərindən tutub kömək
etmişəm. Maddi gücüm
çatıbsa, etmişəm, olmayıbsa, mənəvi dəstək
durmuşam. Tələbənin həmişə
pula ehtiyacı olub. Kiçik
qayğılara görə onların sənətdən
uzaqlaşmasına yol vermək olmaz. Mənim tələbələrim
Anar
Sadıqov və Əlif Cahangirli bizim teatrda
çalışırlar. Onlara çox
böyük ümidim var. Məqsədim bu iki gənci teatrda
işə düzəltmək olmayıb. Onlarla
bağlı ali məqsədlərim var.
İstəyirəm, bu peşədə gələcəyə
hazır olsunlar, bütün çətinlikləri
görsünlər. Ola bilər, tələbə
institutda ümumi nəzəri bilikləri öyrənsin, amma
teatrda bunu tətbiq edə bilməsin. Vacib
olan aktyorlarla işləmək, teatrın yazılmayan
qanunlarını öyrənməkdir. Teatr rejissoru kərpic
kimi olmalıdır: yandırdıqca, bərkiməlidir. Bax, bu mənim həyatımın devizi olub.
Epiloq və
ya söhbətin diktofona düşməyən hissəsi.
Bunu mənə Azər Paşa Nemətov müsahibədən
iki gün qabaq danışıb:
“İlk
maaşıma atam üçün şərf
almışdım. Çox xoşuna gəlmişdi.
Təsirlənmişdi. Uzun
illər həmin şərfi taxdı. Boynunda
hər görəndə qürur hissi keçirirdim ki, bunu
atama mən almışam. Sonra atam
dünyasını dəyişdi. Həmin qırmızı,
üstü butalı şərfi indi mən taxıram”.
Bu, təkcə
sənətə, dost-doğmaya yox, əşyalara da sədaqət
deməkdir. Yubiley yaşın mübarək, sədaqətli
adam...
525-ci qəzet.- 2018.- 13 iyun.- S.4.