"Bir ayrılıq odu var..."ın müəllifi və qəhrəmanı

 

 

Dördlük sarayımı qurub tikəndən,

Ustadla həmdəməm yaxından, gendən.

Ruhumda Kürdoğlu çinarı bitib

Şairi ilk dəfə gördüyüm gündən.

 

Əli Rza Xələfli

 

1950-60-cı illərdən başlanan və daha çox Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və Məmməd Arazın adı ilə bağlanan vətəndaşlıq poeziyasının görkəmli nümayəndələrindən biri də Hüseyn Kürdoğludur.

 

Vətənin ağrılı taleyi onun vətəndaşlıq düşüncəsinin baş xəttidir. Həmin xətt bu günün vətəndaşlıq  poeziyasında eynən qalmaqda və aktuallığını saxlamaqdadır. Qarabağ dərdi, 20 faiz torpaqlarımızın işğalı H.Kürdoğlu yaradıcılığının aparıcı xəttini çağdaş ədəbiyyatımızın aparıcı leytmotivinə çevirir və şairin yaradıcılığının müasirliyindən soraq verir.

 

Həqiqi ədəbiyyat ənənə üzərində yüksəlir, ölməzlik qazanır. H.Kürdoğlu sənəti müasir poeziyanın özül daşlarından biri kimi çıxış etməklə bərabər, onun özü və "söz"ü də tərənnüm obyektinə çevrilir. H.Kürdoğlunun özü və "söz"ü çağdaş sənətin böyük "Söz"ünə ona görə çevrilə bilir ki, bu günün sənətkarı onun özündə və "söz"ündə özünü görür: Özünün şəxsiyyət və sənət taleyini, özünün vətən sevgisini, vətəndaş ağrılarını - əzabını görür.

 

Əli Rza Xələflinin "Bir ayrılıq odu var..." poeması (Bakı, 2018), fikrimizcə, məhz bu ovqatdan doğulmuş bir əsərdir. Şairlə qəhrəmanı arasındakı ruh birliyi Əli Rzanın poetik ilhamını hərəkətə gətirən, onu vulkan kimi püskürməyə sövq edən ən əsas psixoloji amildir. Şairlə qəhrəmanı arasındakı ruh birliyi Vətənin faciəli taleyinə ağrılı münasibətdən doğur.

 

Poemanın "Ağrıların işığında" adlı bədii-fəlsəfi düşüncələrlə açılmasında tam bir qanunauyğunluq vardır. Sənətkarın fəlsəfi düşüncələrində ağrı insanlığı, vətəndaşlığı şərtləndirən meyar səviyyəsində ümumiləşir. Sənətkarın varlığını büsbütün bürüyən ağrı - xüsusən yurd itkisi, itirilmiş torpaqlarımızın çəkilməyən dərdləri ona bu keyfiyyəti çağdaş Azərbaycan insanının insanlığını müəyyənləşdirən meyar kimi müəyyənləşdirməsinə psixoloji əsas yaradır.

 

"Hər yaşarı ağrının bir kamil ustadı var" deyən sənətkarın poeziyasında təkcə kədər motivinin ifadəsi kimi çıxış etmir, onun poetik mənalandırmalarında "ağrı" sözü polifonik məzmun qazanır, Vətən naminə, doğma yurd, torpaq naminə və eyni zamanda, bəşəriyyətin və insanlığın taleyi ilə bağlı fədakarlıq məzmunu qazanır. Ə.Rzanın poetik "mən"inin ağrısı Vətənə böyük sevgidən doğur.

 

Poemada "ağrı" obrazı milli poetik düşüncənin etalonu səviyyəsinə qaldırıla, mənalandırıla bilir. "Ağrı" böyük sənətə gedən yolun leytmotivi kimi çıxış edir. Şair ağrıdan doğulan sənətin böyüklüyünə, adını tariximizə yazmış əbədiyaşar sənətkarlarımızın sənət yolunda "ağrı"nın oynadığı rola dərin poetik məna verir:

 

Ağrıyanı ağrısız çətin duyar, anlayar,

Ağrısız doğulsaydı yaranmazdı Şəhriyar.

 

Ağrısızlıq eşqinə çox şairlər tor atdı,

Vurğunluğun ağrısı Səməd Vurğun yaratdı.

 

Bu misralarda böyük sənətə gedən yolun fəlsəfəsi - açarı təqdim olunur. "Ağrısız doğulsaydı yaranmazdı Şəhriyar", "Vurğunluğun ağrısı Səməd Vurğun yaratdı" misralarını Şəhriyarın və S.Vurğunun keçdiyi həyat və sənət yolunun bədii düşüncə kodu kimi qəbul edir və bu "kod"un intəhasız məzmununda Şəhriyarın və S.Vurğunun həyat və tale yolunun ziqzaqlarını, keşməkeşlərini bütün dolğunluğu ilə görür və təsəvvür edirik. Böyük poeziyaya gedən yol da elə buradan, bu həqiqətin dərkindən başlanır. Ə.R.Xələfli böyük sənət yoluna Nizamini, Nəsimini, Füzulini, Sabiri, Mirzə Cəlili, Bəxtiyarı, S.Vurğunu öz içindən keçirərək, sənət yolunun mayakına çevirərək qədəm basır. Bu yol təkcə sənətin sirlərinin mənimsənilməsi yolu deyil, bu ruh yoludur, amal uğrunda dərisi soyulmağa qədər gedə bilmək əzmidir. Ə.R.Xələflinin varlığı həyatımıza bu "ruh"dan boylanır. Onun poeziyasını bu ruh qanadlandırır. Sələflərinin şəxsiyyət və sənət taleyinin ən yaxşı ənənələrini varlığında və poeziyasında yaşadan H.Kürdoğlunun ömür və sənət yoluna müraciət də buradan qaynaqlanır. H.Kürdoğlu poeziyasının milli tarixi varlığa bağlılığından güc alan ölməzlik ruhu şairi bir ahənrüba kimi öz cazibə dairəsinə salır, onun haqqında "söz" demək ehtiyacını qaçılmaz edir, "Bir ayrılıq odu var..." poeması yaranır. Və bu poema ona görə yaranır ki,

 

Hüseyn Kürdoğlu səsi ağrıların başıdı,

Zamandan ağır yükü başı üstə daşıdı.

 

Bu misralarda ifadə olunan həqiqətin məzmunu nədən ibarətdir? Axı "zamandan ağır yükü başı üstə daşımaq" keyfiyyəti sıradan bir sənətkarın gücü daxilində olan iş deyil. Bunun üçün zamanın fövqünə qalxmaq, zamanla üz-üzə durmaq lazımdır. H.Kürdoğlunun şəxsiyyətində və "söz"ündə belə bir ucalıq vardımı?

 

Ə.R.Xələflinin "Bir ayrılıq odu var..." kitabı iki hissədən ibarətdir: "Bir ayrılıq odu var..." poeması və H.Kürdoğlunun həyat və sənət yolundan bəhs edən ədəbi-publisistik düşüncələr - esselər. Bu esselərin birində oxuyuruq: "Qarabağın, eləcə də Laçının işğalına dözməyən Hüseyn Kürdoğlu sözü ilə əsl türk ərəni kimi düşmənə qarşı döyüşürdü. Bu döyüş, həm də onun türk soyuna xor baxanlara qarşı çevrilmişdi. Şairin "İstiqlalımız" qəzəli ... od yurdu, milli bayrağı, milli dövləti ilə öyünən, fəxarət duyan sənətkarın vətəndaşlıq himnidir:

 

Baş qoyub, can qıymışıq, qeyrətdir istiqlalımız,

Qanımızda kükrəmiş qüdrətdir istiqlalımız".

 

"Qürur qaynağı: sözün etnik yaddaşı" essesində H.Kürdoğlu fenomenini daha əhatəli təqdim məqsədi ilə müəllif fikrində davam edir: "Hüseyn Kürdoğlu isə vuruşur, bu gün də yaşarı poeziyası ilə vuruşur. Sözü ilə yaratdığı Vətən xəritəsini əsgər vətəndaş hünəri ilə qoruyur.

 

Milli qürur, vətəni ilə fəxr etmək, yurda bağlılıq, eləcə də Laçına sevgi Hüseyn Kürdoğlu poeziyasının baş xəttidir".

 

H.Kürdoğlunun tale yolu ilə bağlı bu deyilənləri ancaq şair xəyalının məhsulu kimi dərk etmək səmərəli nəticə verməz. Çünki şair xəyalına boy verən Ə.R.Xələflinin həyati müşahidələridir. Və təsadüfi deyil ki, bu ədəbi-publisistik düşüncələr elmi ədəbiyyatşünaslığın gəldiyi qənaətlərlə birmənalı şəkildə təsdiq olunur. H.Kürdoğlu haqqında monoqrafiya müəllifi prof. Q.Paşayev məlumat verir ki, 2014-cü ildə şairin "Özbəkistanda çap olunmuş "Seçilmiş əsərləri"nə yazdığı "Ön söz"də kitabın redaktoru, professor Həmidulla Baltabayev onu "dərdli elin dərdmənd şairi" adlandırmışdır.

 

Q.Paşayevin monoqrafiyasında bunları da oxuyuruq: "Onun ürək çırpıntılarını, üzüntülərini, dərd-ələmini əks etdirən, ürəklərə od salan şeirlərini oxuyaraq akademik Tofiq Hacıyev bəyan etdi: "Bütün məsuliyyəti ilə deyirəm ki, millətimizin bugünkü böyük dərdindən, Qarabağ faciəsindən heç kəs Hüseyn qədər çox və onunku qədər nüfuzedici yazmayıb. Çünki şair olanlardan heç kəs Laçın və Əhmədli (onun kəndi) yoxluğunu onun kimi əyani yaşamayıb".

 

Ədəbi-elmi fikrin birmənalı qənaətləri bir daha təsdiq edir ki, H.Kürdoğlu öz həyat və sənət yolu ilə, həyat və sənət yolunun yaratdığı harmoniya ilə xalqımızın ədəbi-tarixi yaddaşında heç vaxt pozulmayacaq izlər buraxıb və elə buna görə də poema qəhrəmanına çevrilmək onun haqqıdır. Təbii ki, Ə.R.Xələfli də ilk növbədə bu haqqın işığında öz sələfini poemasının qəhrəmanına çevirməyin onun sənət "söz"ünü yüksəklərə qaldıracağına inanıb. Çünki bu inam olmadan "Bir ayrılıq odu var..."ı yazmaq mümkün deyil.

 

Ey ustad, ruhuna tapındım ki, mən

Uçam göylərində əsir yerlərin.

 

"Bir ayrılıq odu var..." a gedən yol, "Bir ayrılıq odu var..."ın yazılma səbəbi bu misralarda öz aydın ifadəsini tapmışdır. "Ey ustad, ruhuna tapındım ki, mən" misrası poemanın bioqrafik məzmununu - H.Kürdoğlunun həyat və sənət yolundan bəhs edən bir əsər olduğunu işarələyir. Lakin elə həmin misra və onun ardınca gələn misra poemanın məzmununu üfüqlərə qədər genişləndirir. "Uçam göylərində əsir yerlərin" misrasında şairin baş məqsədinə, poemanın əsas ideya xəttinə aşkar işarə var. Bu işarə əsəri Azərbaycan xalqının torpaq itkiləri, Qarabağ faciəsi və bütün bunlardan doğan ruhi üzüntülərinin bədii əksi kimi dərk etməyə istiqamətləndirir, poemanın vətəndaşlıq pafosunu önə çəkir. Eyni zamanda, müxtəlif xarakterli və tipli bədii təsvir və tərənnüm obyektlərinin daşıdığı missiyaya aydınlıq gətirir. Bununla bərabər isə poemanın kompozisiya sistemini başa düşməyə və təsvirlərin müəllif mövqeyinin ifadəsindəki yerini dərk etməyə açar verir.

 

Poemanın kompozisiya sistemində Hüseyn Kürdoğlu obrazının yeri birincidir. Əlbəttə, bu birinciliyin özü də şərti qəbul edilməlidir. Çünki bu poemada doğma yurd, Vətən obrazları da öz ağrılı və məşəqqətli tale yolu ilə mükəmməl poetik obrazlar səviyyəsinə qaldırılıb. Yurd, Vətən sevgisinə bələnən, yurd-doğma ocaq ağrısına bürünən vətəndaşınmı obrazı öndədir, yoxsa Vətənin, yoxsa elə bunlar bir-birini tamamlayaraq poemanın kompozisiya sistemində yer alır? Qəti fikir demək çətindir. Ona görə ki, Vətənlə vətəndaş cisim ilə can kimi ruhi vəhdətdə alınır. Sufinin ilahi varlığa can atması, onunla birləşib əbədiyyətə qovuşması kimi, dərviş xəyallı şairin içində də Vətən, yurd sevgisi Allah sevgisi qədər böyüyür, müqəddəsləşir və məhz bu böyüklüyü ilə müasirlərinin gözündə qeyri-adilik, ülvilik məqamı qazanır. H.Kürdoğlu poemada bu ülvilik məqamında təqdim olunur. Həm də təkcə Ə.R.Xələflinin poetik mənalandırmaları, tərənnüm və vəsfləri ilə yox, müasirlərinin H.Kürdoğlunun özünə və "söz"ünə münasibətini analitik bədii təhlilin mərkəzinə çəkməklə. Poemanın "Göz yaşı - köz yaşı" adlı hissəsində oxuyuruq:

 

Ruhumda məclis var - müdriklər bir-bir,

Fikir köhlənini meydana çəkir.

 

Bu misralar poemanın kompozisiya sisteminə aydınlıq gətirir, poetik sistemi bir bütöv kimi görməyə imkan verir, bədii strukturun mükəmməlliyini şərtləndirir.

 

Poemanın "Əzəldən əzəl sözüm", "Sözümün əzəli sözüm", "Dədələrdən gələn yol", "Şairin yurduna səyahət" hissələri şairin öz səsidi, H.Kürdoğlu haqqında şairin öz "söz"üdü. "İnsan-Vətən kitabı"nda akademik N.Cəfərovun, "Yurd ağıları"nda professor Q.Kazımovun, "Göz yaşı - köz yaşı"nda müdrik Teymur Dədənin - akademik Teymur Bünyadovun səsini eşidir, sözünü dinləyirik. "Kərkükdən üzü bəri"də professor Q.Paşayev danışır, "Qardaşımdan qalan dünya"da professor Ş.Alışanlının hüznlü qardaş səsini eşidir, "Şair çörəyini yemişəm" deyən oğlu İlham Alışanlının ata həsrətini duyuruq. Müdrik şairimiz Zəlimxanın ruhunun səsi bizi kövrəldir, Zəlimxanlı - Hüseynli dünyanın ziqzaqlarından keçirir, Sahib Abdullayevin, Ağa Laçınlının, Şuşalı Zülfüqarın xatirələr dünyasına baş vururuq. Hər sözdə, hər səsdə, hər xatirədə H.Kürdoğlu dünyası yenidən gözümüz önünə gəlir, bizim üçün indiyə qədər gizli, üstüörtülü qalan nə qədər sirlər açılır. H.Kürdoğlu dünyasının ümmana bənzər genişliyi, okeana bənzər dərinliyi qarşısında mat-məhbut qalırıq. Təkcə H.Kürdoğlu düşüncəsinin nəhayətsizliyi bizi heyrətləndirmir, təkcə H.Kürdoğlunun "zamanın əsən yellərinə istedad yelkəni ilə qarşı sinə gərmək bacarığı" qarşısında ürəyimiz riqqətə gəlmir, həm də bu nəhayətsiz dünyanın sirlərini yüksək sənətkalıqla açan Ə.R.Xələfli sənətinin ecazları içində qalırıq.

 

Ə.R.Xələfli bu əsərdə polifonik romana məxsus bədiilik keyfiyyətlərindən sənətkarlıqla bəhrələnir. Poemanın bədii strukturu polifonik roman strukturundan güc alır. Polifonik romanda hər bir obraz əsərə öz ideya yükü ilə daxil olduğu kimi, əsərin obyektiv ideyasının müəyyənləşməsində müəllif mövqeyi ilə bərabər, hər bir obraz öz sözü və "səs"i ilə iştirak etdiyi kimi, bu poemada da müəllif H.Kürdoğlu həqiqətini oxucusuna obyektiv şəkildə təqdim etmək üçün onun müasirlərinin obrazını özünəməxsus ideya yükü ilə əsərin bədii strukturuna daxil edir. Biz poemada H.Kürdoğlunun həyat və sənət mübarizələri haqqında, onun siyasi rejimə qarşı duran həyat və sənət amalı haqqında ancaq müəllif sözü, müəllif mövqeyi ilə yox, həm də kənar "səs"lərin sözü və mövqeyi ilə tanış oluruq.

 

Poemada H.Kürdoğlunun yuxarıda adları sadalanan müasirlərinin onun həyat və sənət yolu haqqında verdikləri qısa xarakteristikalar bizdə poemanın qəhrəmanı haqqında obyektiv təəssürat formalaşdırır. Əslində, bu üsulla Ə.R.Xələfli H.Kürdoğlunu bizə bütöv cəmiyyətin gözü ilə təqdim edir. Bir-birini təsdiq edən həqiqətlər, bir-birini müxtəlif bucaqlardan tamamlayan həqiqətlər bizim gözlərimiz qarşısında H.Kürdoğlunun "türk qanlı" mübariz şair obrazını pozulmaz cizgilərlə canlandırır. Azərbaycanın ən görkəmli vətəndaş ziyalılarının obrazlarının səsi və sözü bizi bir daha belə bir həqiqətə inandırır ki, "Hüseyn Kürdoğlunun yazdıqlarının; Bir bütöv adı var - "Vətən kitabı". Biz poemadan keçən bir həqiqətə də inanırıq ki:

 

Hüseyn Kürdoğlunun vətən sevgisi

Gələn nəsillərə örnək yeridi.

 

Ə.R.Xələfli Hüseyn Kürdoğludanmı Vətən sevgisinə gəlir, yoxsa Vətən sevgisindən Hüseyn Kürdoğluna? Bunu dəqiq müəyyənləşdirmək, qəti hökm vermək çətindir. Çünki nə zaman H.Kürdoğlunun əməllərinin vəsfindən Vətənin tərənnümünə keçilir, harda H.Kürdoğlunun qan ağlayan qəlbinin iztirabları Vətən, Qarabağ ağrılarının poetik ifadəsini tamamlayır - bunu  ayırmaq çətindir. Poetik keçidlər heyrətamiz dərəcədə hiss olunmadan baş verir. Əli Rzanın poetik uğurunun başlıca şərti odur ki, biz harada "Kürdoğlunamə", harada "Qarabağnamə", harada "Vətənnamə" oxuduğumuzu hiss etmirik.

 

Ə.R.Xələfli "Vətəndən, millətdən, dildən danışan; Sevgi dastanıdır yazdığım əsər" desə də, deməsə də, biz bu bədii həqiqəti bütün varlığımızla hiss edirik, qavrayırıq.

 

Çəkdim simlər üstə təzanə gəldi,

Kökləndi duyğular tez ana gəldi.

Dilimdə göyərib bitən divani

Simlərə çatmamış təzanə gəldi -

 

deyərək bizə təqdim etdiyi "Qarabağdı" rədifli divanını biz uşaqlıqda dastan söyləyən aşığın dastanı kimi dinləyir, özümüz də hiss etmədən bu "Qarabağ" dastanının ruhuna köklənirik. Bu dastanı dinləyən zaman içimizdəki yaraların közü qopur, bizi ağrıdır, bizə əzab verir, lakin nə sirri-sehrdisə, biz bu dastanın sona yetməsini istəmirik. Deyəsən, düşünürük ki, dərdlərimizi dərk edir, ağrılarımızı yaşayırıqsa, demək, yaddaşımız təzələnir və bu təzələnmə bizi Qarabağ uğrunda mübarizəyə səfərbər edir:

 

Qürurunun beli sınmış Kəlbəcəri unutmasan,

Ağlar gözlü Zəngilanın yarasını qanatmasan,

Qara bulaq sularına - Köndələnə can atmasan,

Bir Ağdamın gözlərində ağı görsən, Qarabağdı.

 

"Ustadlar ustadnaməni iki deməzlər, üç deyərlər, biz də deyək, üç olsun" kimi dastan ənənəsindən məharətlə bəhrələnən sənətkar xalq şeirinin ən müxtəlif janrlarındakı dördlükləri poemanın bədii strukturuna daxil edir, obrazlı demiş olsaq, bu dördmərtəbəli sarayların harayı ona Azərbaycanın düşmən əlində əsir olan yurd yerlərini bütün etnoqrafik və tarixi cizgiləri ilə bədii düşüncə arsenalına gətirməyə imkan verir:

 

Əmanətdi Həmzə Sultan sarayı,

Ağoğlan məbədi, Ağoğlan çayı.

Sultan Baba türbəsinə baş əyim,

Hər misra ruhumdan ehtiram payı.

 

Ə.Rzanın "yaddaş kitabını təzələ"məkdə məqsədi milli mübarizə, mücadilə ruhunu bir daha oyandırmağa, xalqın yurd yeri düşüncəsini öləziməyə qoymamağa, üfürüb alovlandırmağa xidmət edir.

 

Daşı daş biləni bir naşı gördüm,

Hər daşı qəlbimin sirdaşı gördüm -

 

deyən Ə.R.Xələfli milli düşüncəyə mücadilə, mübarizə, vuruş toxumları səpir, "bir dəmirçi Gavə" misallı Azərbaycan oğlunu "çarəmiz, ümidimiz, türkümüz Azərbaycan" uğrunda sözün bütün  mənalarında savaşa hazırlayır.

 

Ə.Rzanın Vətən yanğısı vulkan kimi püskürür. Bunun bir səbəbi poetik ilhamının gücünə, bir səbəbi Vətənə sonsuz məhəbbətinə bağlıdırsa, bir və əsas səbəbi onun da H.Kürdoğlu kimi yurd itkisi ilə üz-üzə qalmasıdır. Akademik T.Hacıyev H.Kürdoğlu poeziyasında Qarabağ faciəsinin müəkkəmməl poetik ifadəsini şairin yurd sevgisinin nahəyətsizliyi, yurd itkisinin dözülməzliyi ilə bağlayanda, şübhəsiz ki, böyük və acı həqiqətdən çıxış edirdi. Əslində, bu sözlər, elə poemanın da yazılma və poetik mükəmməllik səbəblərini kodlaşdırır. R.Həmzətovun çox məşhur və ibrətamiz sözləri yada düşür: "Hamı üçün Vətən Moskvadan başlanır, mənim üçün öz aulumdan". H.Kürdoğlu üçün Vətn Əhmədlidən başlanırdı, Ə.R.Xələfli üçün Xələflidən. Böyük Vətənin simvolu olan Əhmədlinin itkisi H.Kürdoğlunun varlığını necə yandırmışdısa, Xələflisiz keçən dörddə bir əsr də Ə.Rzanın bütün ruhunu sarsıdıb. Deyirlər, dərd adamları birləşdirir. H.Kürdoğlu - Ə.R.Xələfli  bağlılığını təkcə ustad - şagird, sələf-xələf münasibətləri tənzimlənir, hər iki şairin ruhu yurd itkisindən keçərək birləşir, onları bir-birinin davamı olan, biri o birini tamamlayan havaları çalmağa kökləyir.

 

Təyyar SALAMOĞLU

 

525-ci qəzet.- 2018.- 13 iyun.- S.8.