"Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyəti Yunus Oğuzu mükafatlandırdı

 

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən (AMM) verilən məlumata görə, tanınmış yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin fəxri fərmanı ilə təltif edilib.

Bununla əlaqədar cəmiyyətdən AMM-ə məktub ünvanlanıb. Qeyd olunur ki, Yunus Oğuz iki ölkə arasında ədəbi əlaqələrin dərinləşməsinə, özbək tarixinin, ədəbiyyatının fəal təbliğinə, habelə xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə bu mükafatla təltif olunur. Fəxri fərmanı cəmiyyətin sədri, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov imzalayıb.

Yunus Oğuzun "Əmir Teymur", "Sultan Alp Arslan", "Şah arvadı cadugər", "Atabəy Eldəgiz" əsərləri Daşkənddə özbək dilində nəşr olunub. Hazırda yazıçının aprel hadisələri ilə bağlı "Ovçu" əsəri özbək dilinə tərcümə edilir.

Daşkənd, Səmərqənd Kokand şəhərlərində yazıçının kitablarının təqdimatları keçirilib. Yunus Oğuzun "Əmir Teymur" əsəri Özbəkistanda maraqla qarşılanıb ən çox oxunan əsərlər sırasındadır.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2018.- 13 iyun.- S.7.