Milyonçu mesenatın nazir
övladı: Mirzə Şəmsi oğlu Əsədullayev
Azərbaycan
Xalq Cümhuriyyəti - 100
Azərbaycanda ən böyük sənaye
maqnatlarından sayılan milyonçu Şəmsi Əsədullayevin
(1840-1913) adı əsrin başlanğıcında təkcə
öz vətənində və Rusiyada deyil, Avropanın Bakı
neftinə maraq göstərən dövlətlərində də
məşhur idi.
Şəmsi Əsədullayevin neft mədənləri, sənaye
müəssisələri vardı, bir-birindən
yaraşıqlı və dəbdəbəli mülklərin
sahibiydi. Özü də bu obyektlər və mülklər təkcə
Azərbaycanda deyil, Rusiyanın bir neçə iri şəhərində,
o cümlədən, Moskvada və hətta uzaq xaricdə də
yerləşirdi. Ancaq onu öz vətənində
məşhurlaşdıran, hörmət və nüfuz sahibi
kimi tanıdan var-dövlət sahibi olmasından daha çox
mesenantlığı, onlarla, yüzlərlə adama əl
tutması idi. Azərbaycan övladları
üçün açdığı məktəblər,
millətinə göstərdiyi xeyriyyəçilik xidmətləri,
ölkənin gələcəyini düşünərək
qabiliyyətli gənclərin Rusiya və Avropanın
tanınmış ali təhsil
ocaqlarında oxumalarına maddi yardımlar etməsi,
ixtisası uyğun gələnləri öz zavodlarında və
mədənlərində işlə təmin etməsi idi. Onun sənaye obyektlərində Behbudağa
Cavanşir, Məmmədhəsən Hacınski kimi məşhur
dövlət və siyasi xadimlər, Azərbaycanın
başqa tanınmış şəxsləri işləmişdilər.
Bir sözlə, milyonçu mesanat Şəmsi Əsədullayev
milli tərəqqi yolunda böyük xidmətləri olan bir
şəxsiyyət kimi tariximizdə özünə əbədi
yaşamaq haqqı qazanmış bir insandır. Onun zəmanəsinin
əsl ziyalısı kimi təhsilə və elmə yüksək
qiymət verməsi, bu yolda bütün imkanlarını əsirgəməməsi
deyilənləri bir daha təsdiqləyir. O, bir çox
soydaşlarımızın təhsil aldığı Tiflisdəki
Aleksandrovski Müəllimlər İnstitutunun əsas himayədarlarından
biri olmuş, Bakıdakı təhsil ocaqlarına müntəzəm
maliyyə yardımları göstərmişdir.
Ş.Əsədulalyev 1903-cü ildə Moskvaya
köçmüş və ömrünün axırına qədər
orada yaşamışdır. Moskvada dəbdəbəli
saraylardan heç nə ilə geri qalmayan bir neçə
mülki olan Ş.Əsədullayev bu mülklərdən
birini həmin şəhərdə təşkil edilmiş
müsəlman xeyriyyə cəmiyyətinə
bağışlamışdır. Təkcə
bu faktın özü onun necə insan olduğunu, xalqı
üçün hansı işlər gördüyünü əyani
nümayiş etdirir.
Bolşevik hakimiyyəti cəza orqanlarının
kütləvi repressiyalarına məruz qalan Cümhuriyyət
nazirlərindən biri də Şəmsi Əsədullayevin
oğlu Mirzə Əsədullayev idi. Özlərinə
sinfi düşmən hesab etdikləri bir şəxsin, üstəlik
müstəqil Azərbaycan dövlətində yüksək məqam
sahibi olmasını, hökumətin tərkibində millətinin
iqtisadi və mənəvi yüksəlişi uğrunda əzm
və peşəkarlıqla çalışmasını
onlar necə bağışlaya bilərdilər? Bəy-xan hakimiyyəti adlandırdıqları Xalq
Cümhuriyyətini devirmələrinə savadsız kütlənin
nəzərində haqq qazandırmaq üçün də
Mirzə Əsədullayevin həbsi və cəzalandırılması
göydəndüşmə bir imkan idi və bu imkandan
qanlı rejimin qurucuları məharətlə istifadə etdilər.
Həbsə almazdan bir müddət qabaq onun və ətrafında
olan adamların izlənilməsini təşkil edir,
keçmişi və əlaqələri barəsində
müfəssəl məlumatlar toplamağa
çalışırlar. Əslində, Mirzə
Əsədullayev həm 11-ci ordunun xüsusi şöbəsinin,
həm də Azərbaycan ÇK-sının nəzarəti
altına düşür. Hər iki cəza orqanına rəhbərlik
edən cəllad Pankratov onun cəmiyyətdən təcrid
edilməsinin bacardıqca sürətləndirilməsi ilə
bağlı tabeliyindəki işçilərə qəti göstərişlər
verir. Bir-biri ilə sanki
yarışa girən bu əməkdaşlar
bütün imkanları işə salırlar.
113 ¹-li əməkdaş
xəbər verir: "Sizin 1236 saylı
tapşırığınıza görə məlumat verirəm
ki, Mirzə Şəmsi oğlu Əsədullayev Balaxanı həbsxanasında
oturub, ancaq hazırda FK-ya keçirilib, guya onu güllələmək
istəyirlər. Bu məlumatlar M.Əsədullayevin
yaşadığı Qoqol küçəsindəki evində
həbsxanaya ona yemək aparan M.Əsədullayevin xidmətçisindən
toplanıb. M.Əsədullayevin qızı hazırda Mərdəkanda
bağ evindədəir".
Agentura yolu ilə toplanmış bu məlumatlar onun əksinqilabi
fəaliyyətdə günahlandırılaraq həbs edilməsi
üçün daha tutarlı dəlillərin əldə
olunması məqsədi güdürdü. Ancaq təbii ki, heç bir
siyasi partiyanın üzvü olmayan və siyasi məsələlərlə
çox az maraqlanan bir şəxsə
qarşı belə ittihamlar irəli sürülməsi
üçün faktlar əldə etmək əslində,
mümkün deyildi.
Təhlükəsizlik
orqanlarının arxivində saxlanılan N saylı iş. Rəngi saralmış vərəqlər Mirzə
Əsədullayevin taleyinin ən ağır günlərinin bəlkə
də həyatda olan yeganə şahidləridir.
İstintaq-arxiv işindən aydın olur ki, o, aprel
işğalından 29 gün sonra 1920-ci il
may ayının 2-də həbs edilib. Həmin gün Az.SSR
FK-nın sədri Pankratov 129 saylı order imzalayaraq komissar
Djuravskiyə: "Axtarış aparmaq və Mirzə Əsədullayevi
həbs etmək tapşırığı verib. Sənədin
arxasında bu əmri yerinə yetirmiş komissarın
imzası var: "M.Əsədullayevi həbs etdim
27.05.1920".
Eyni
gündə Az.SSR FK-da 783 saylı həbs vərəqi
doldurulub: "Əsədullayev Mirzə Şəmsi oğlu 45
yaş, təhsili orta, neft sənayesi işləri üzrə
mütəxəssis, sənayedən gələn vəsaitlə
yaşayır, ailəlidir, 129 nömrəli orderlə həbs
edilib. Sənədin arxasında qeyd var: otuz səkkiz min rubl
götürüldü".
FK-da qeydə
alınmaqla həbs edilənlər və saxlanılanlar
üçün tərtib olunan Anketdə isə onun barəsində
göstərilənlərə özünün dedikləri əsasında
bir sıra yeni məlumatlar da əlavə edilir:
"Əsədullayev Mirzə Şəmsi oğlu, Azərbaycan
dövlətinin vətəndaşı, müsəlman,
Bakı şəhərində arvadı və dörd
qızı ilə yaşayır. Bitərəf. Neft sənayeçisi, Şəmsi Əsədullayevin
müəssisəsində varis, firmanın səlahiyyətli
nümayəndəsi. 1919-cu ildə Azərbaycanın
ikinci hökumət kabinəsinin üzvü olub. Xəzinədən əmək haqqı alıb.
Şəxsi əmlakı olmayıb. Məsuliyyətə cəlb edilməyib. Hərbi xidmətdə olmayıb".
"Nə vaxt həbs olunmusunuz? sualının
qarşısında "FK tərəfindən order təqdim
edilmədən 27 may 1920-ci ildə həbs edilmişəm. Məni həbs edəcəklərini bildiyim
üçün evdə qalıb FK agentini gözləmişəm.
Qoqol küçəsi 9 nömrəli binada yerləşən
mənzilimdə həbs olunmuşam.Tutulduğum üç
gün ərzində bir dəfə də dindirilməmişəm.
Nəyə görə həbs olunduğum və
ittihamın nədən ibarət olduğu mənə
aydın deyil".
Anketin
"Məhbusun qeydləri adlanan hissəsində isə Mirzə
Əsədullayev yazıb: "Xüsusi həkimimin rəyinə
görə xəstəliyimin cərahiyyə əməliyyatına
ehtiyacı olduğuna baxmayaraq, mənim bütün xahişlərim
cavabsız qalıb".
Az.SSR FK əməkdaşlarının
apardıqları axtarış nəticəsində
aşağıdakılar aşkar edilib
götürülür: "25 min rubl pul, iki gümüş
pul, böyük tapança, 40 ədəd gülləsi ilə
birlikdə, kiçik "Brauninq" ¹153859, patron
darağı və iki sumka güllə ilə birlikdə, 20 ədəd
gümüş qaşıq, gümüş süd qabı 2
ədəd, gümüş qaşıq 4 ədəd, 2 ədəd
gümüş şamdan və s. gümüş əşyalar".
Oxucu yəqin razılaşar ki, çox məşhur bir
soyadın nümayəndəsi olmasına baxmayaraq, Mirzə
Əsədullayev və onunla bərabər bu soyadı
daşıyanlar barəsində məlumatlı şəxslər
barmaqla sayıla bilər. Əlbəttə,
sovet rejiminin mövcudluğu illərində Azərbaycanın
bu cür əsilzadə, milyonçu ailələri
haqqında söhbət açmaq qeyri-rəsmi şəkildə
yasaq edilmişdi."Əsilzadə”, "milyonçu”
sözlərinin özünün arzuolunmaz
sayıldığı, antisovet ifadələr
siyahısına salındığı bir vaxtda quruluşun
özünə düşmən bildiyi həmin şəxsləri
necə təbliğ etmək olardı. Belə
insanlar, onların nəsillərə nümunə olan xeyrirxah
əməlləri barədə nüfuz sahiblərinin
ara-sıra qeydlər istisna edilməklə yalnız rejimin
süqutunun son illərində açıq yazmaq və
danışmaq imkanı yarandı. Müstəqil
bir dövlətin vətəndaşları 20-ci əsrin Şərqdə
ilk demokratik respublikası olmuş Azərbaycan Xalq Cümhuriyyətinin
qurucuları barəsində istənilən qədər məlumat
almaq və onların şərəfli ömür yolunu
öyrənmək imkanı qazandılar. Fəaliyyəti
ilə qürur duyduğumuz həmin hökumətin nazirlərindən
biri kimi Mirzə Əsədullayevin həyatının hərtərəfli
tədqiq və təbliğ olunması da bizlərin mənəvi
borcudur.
Mirzə Şəmsi oğlu Əsədullayev 1875-ci ildə Bakı şəhrində anadan olmuşdu. Orta təhsilini Bakı gimnaziyasında başa vurduqdan sonra o, atası Şəmsi Əsədullayevin neft şirkətində əmək fəaliyyətinə başlamışdı. Ancaq sonra təhsilini heç bir ali məktəbdə davam etdirməməsinə baxmayaraq, atası onun mükəmməl təhsil görməsi, dövrünün əsl ziyalısı kimi yetişməsi üçün evdə hərtərəfli təhsil almasına lazımi şərait yaratmışdı. Atası Moskvada yaşadığı illərdə Bakıda neft şirkəti ilə bağlı bütün məsələləri həll edən Mirzə üçün bu fəaliyyət ikinci məktəb rolunu oynayır, o, sahibkar kimi şirkətin az qala bütün işləri ilə məşğul olmaqla kifayət qədər püxtələşir. Mirzə Əsədullayevin Avropa ölkələrini gəzməsi də onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamış, Avropa mədəniyyətini qavramasına, bir ziyalı kimi formalaşmasına güclü təsir göstərmişdir. Məktəbdə və evdə rus dilində təhsil aldığı üçün türk dilini mükəmməl bilməyən M.Əsədullayev 1912-ci ildə Moskva konservatoriyasında oxuyan Üzeyir Hacıbəyovdan ana dilində dərs almışdır. Ü.Hacıbəyov Parisin Sorbonna Universitetində oxuyan kiçik qardaşı Ceyhun Hacıbəyliyə (1891-1962) 1912-ci ildə yazdığı məktubda bu məsələyə toxunmuşdur ("Ədəbiyyat və incəsənət qəzeti, 4 noyabr 1988-ci il). Üzeyir bəy kimi dahi şəxsiyyətdən, Azərbaycan publisistikasının ən böyük nümayəndələrindən birindən dərs almaqla türk dilini necə öyrənməyin mümkünlüyü barədə isə əlavə nəsə deməyə ehtiyac yoxdur.
Bəlkə də elə bu dərslərin təsiri idi ki, onda nəinki Azərbaycan ədəbiyyatına, həmçinin, milli mətbuata çox böyük maraq yaranmışdı. Təsadüfi deyildi ki, 1915-ci il martın 11-də Mirzə Əsədullayev "Qardaş köməyi" adlı qəzet nəşr etdirməyə başlamışdı. Cəmi bir nömrəsi çapdan çıxan qəzetdə göstərilirdi ki, əldə olunacaq gəlir hərbzadə müsəlmanlar nəfinə, o cümlədən, birinci dünya müharibəsi zamanı çar ordusundakı azərbaycanlılardan ibarət (rus mətbuatında "Dikaya diviziya" adı ilə tanınan) süvari qoşun hissələrindəki döyüşçülərə sərf ediləcəkdir.
(Ardı var)
Lətif
ŞÜKÜROĞLU
Tarix üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-
2018.- 13 iyun.- S.6.