Müqəddəslik
İMAM
HÜSEYN (Ə.S.) MƏKTƏBİNİN SİRRİ,
FƏLSƏFƏSİ, ESTETİKASI VƏ ƏXLAQI
BARƏDƏ
Loğman RƏŞİDZADƏ
yazıçı-publisist
Tarix şəxsiyyətlərə borcludur. Minnətdar olmasa da
belə. Tarixin ləngərli ağır
çarxlarını irəli aparan, cəmiyyətin daş yükünü zaman-zaman çiyinlərində daşıyan
seçilmişlərdir.
Onlar əsrlərin tıxacında boğulub qalan
ehkamları dağıdır, zorakılıqlara üsyan edir,
humanizm, azadlıq və insan haqları kimi bəşəri dəyərləri
bir daha sübut eləmək, dünyanın kar qulağına
üfürmək üçün, mücadiləyə
qoşulur, döyüşür, vuruşur və bu haqq yolunda
canını belə əsirgəmirlər. İmam Hüseyn (ə.s.) həzrətləri belə uca, qətiyyətli, dönməz, tarixin, çərxi-fələyin gərdişini dəyişmək iqtidarında
olan insanlardan biriydi. Azadlığa,
müstəqilliyə can atan, həqiqətə və düzlüyə təsnə olan bu
qətiyyətli, sarsılmaz iradə
sahibi heç
kimə qul olmamaq və
insanları qul
təhdidindən qurtarmaq,
müqəddəs dinimizi öz
bakirə ilkinliyinə qaytarmaq, Məhəmməd (s.ə.s) əxlaqına yenidən qovuşdurmaq üçün
canıyla, qanıyla mübariz bir mücahidə çevrilir. Və təsadüfi deyil ki,
Hüseyn (ə.s.) mənəviyyatı, Hüseyn (ə.s.) əxlaqı, snobizmə qarşı
Hüseyn (ə.s.) sadəliyi, nəcibliyi, alicənablığı zamanlar keçdikcə qocaman tarixin aydın, duru çöhrəsində daha gur
işıq
timsallı bərq vurur,
zaman-zaman insan ruhunun
və yaddaşının etibarlı bələdçisi kimi
təcəlla edir.
Müqəddəs nəslin müqəddəs övladı kimi həyata göz açan, dünyanı bədən üzvlərindən daha çox bəsirət gözü ilə dərk edən, iti, işlək bir beyin,
parlaq zəka, kövrək ürəklə, coşqun arzu və
istəklərlə, azadlıq, haqq və həqiqət eşqiylə qeyri-müəyyənlik bilmədən yaşayan, mübarizə aparan İmam Hüseyn (ə.s.) dünyanı, insanları və
insanlığı xilas
etmək
üçün doğulanlardan idi. “Böyük şəxsiyyətlər qarşılarına böyük məqsədlər qoyurlar,
qalanları isə
öz arzularının arxasınca gedirlər” (İrvinq Vaşinqton). Uca Yaradan İmam
Hüseyni (ə.s.) doğuluşdan böyük məqsədlər üçün
yaratmış, ona
haqq-ədalət mücəssəməsi kimi can
vermişdi. O möhtəşəm
Həzrətin öz sözləri bunu
daha dəqiq ifadə
edir: “Güclü nə istəyirsə, ona nail
olur” - təsəvvürünü dağıtmaq
bir tale
yazısı kimi mənim boynuma
düşən
borcdur. Mən, məndən sonra
gələcək nəsilləri düşünərək, bir zalım güclünün gücünə müqavimət göstərə biləcək başqalarının da mövcud olduğunu nümayiş etdirməyə çalışıram. Bu, əqidə, iman və
vicdan məsələsidir. Və mən həmin əqidə
uğrunda ölməyə belə, hazıram”. Bu sözlərdə onun yaşam, mübarizə, əxlaq
və mənəviyyat məktəbinin fəlsəfəsi aydın görünür. İmam
Hüseyn (ə.s.) şəxsiyyəti universal baxış və yanaşma tələb edir. Bəşəri öncüllər, liderlər, dövlət xadimləri İmam Hüseyni (ə.s.) bu gün də özlərinə kumir bilir, onun ruhu qarşısında baş əyir,
İmam Hüseyn (ə.s.) məktəbinin davamçıları olmalarıyla fəxr edirlər.
Bütün dünyada xalq azadlığının,
demokratiyanın və bəşəri bərabərliyin
simvolu sayılan Hindistan lideri Mahatma Qandinin ən böyük
və müqəddəs idealı İmam Hüseyn (ə.s.)
olmuşdur. Mahatma Qandidən soruşurlar:
- İdealın kimdir?
- İmam Hüseyn (ə.s.)!
- Niyə İmam Hüseyn (ə.s.)?
- Çünki o, azadlıq uğrunda, ideya uğrunda
az bir qüvvə ilə son damla qanına kimi vuruşdu, amma
dönmədi.
Mahatma Qandi öz çıxışlarının
birində hind xalqına belə söyləyir: “Mən sizlərə
ən gözəl və ən qiymətli bir şeyi ərməğan
edirəm. Müqəddəs İmam Hüseyn (ə.s.) Azadlığını!”
Günlərin birində Qandi Hindistandan Qahirəyə uçarkən pilotdan soruşur:
- Hansı
ölkələr üstündən uçacağıq?
- İranın, İraqın.
- Kərbəla şəhəri üzərindən
uçarkən, mənə söyləyin.
Təyyarə Kərbəla səmaları üzərində
olduqda ona bu barədə məlumat verdilər. Qandi də
öz növbəsində hamını ayağa durub baş
əyməyə çağırır. Bunun
səbəbini soruşduqda isə
belə cavab verir: “Ona görə baş əyirik
ki, bu torpaqda dünyada azadlığı
müqəddəslik zirvəsinə qaldıran İmam Hüseyn (ə.s.) uyuyur”.
Öz əxlaqı, mənəviyyatı, əqidəsi,
qəhrəmanlıq məktəbi ilə bəşəri
nümunəyə çevrilən İmam Hüseyn (ə.s.)
haqqında belə qiymətli, fikirlər çoxdur. Belə dəyərli
nümunələrlə tanış olduqca Hüseyn (ə.s.)
böyüklüyü, Hüseyn (ə.s.) əzəməti
daha canlı, monumental, daha ibrətamiz və yenilməz
görünür.
Başqa bir nümunə. 2017-ci ildə Moskva İslam Mərkəzində, MQU-nun tələbəsi Ələkbər Qasımovun rəhbərliyi ilə Azərbaycan ziyalıları, tələbələri Məhərrəmlik mərasimi ətrafında fitnə törədənlərə cavab olaraq müzakirə keçirirlər. Müzakirə “İmam Hüseyn (ə.s.) nəyin naminə üsyan
etmişdi? Hakimiyyət
naminəmi?” adı altında sual-cavab formasında aparılmışdı
(Bax: “Radi çeqo vosstal
İmam Xuseyn?
Razve radi vlasti?” - Alekper Qasımov. 2017, facebook). Ələkbər Qasımov deyir: “Universitet idarəçilik dərsində bizə belə bir sual verdilər: “Dünyanı dəyişən
hansı tarixi şəxsiyyətləri tanıyırsız?” Kimisi Napoleonun adını çəkdi,
kimisi başqa birinin...
Şanxaydan olan
bir çinli tələbə yoldaşımız: “Mən belə bir şəxsiyyət tanıyıram, o, Hüseyn ibn Əlidir” - dedi. Bəli, İmam Hüseyn (ə.s.) məktəbinin sorağı Çinə
qədər gedib
çatıb. Soruşdular ki, o kimdir? Cavab
verdi ki, o şəxsdir ki,
öz məğlubiyyətilə qalib gəlmişdir. O, öz məğlubiyyətilə Yaxın Şərqi
dəyişə bildi. Rus
cəmiyyətində Məhərrəmlik təziyyəsi haqqında belə bir fikir yaratmaq istəyirlər ki, İmam Hüseyn (ə.s.) sadəcə, hakimiyyət uğrunda üsyan edib. Bu suala
düzgün və
savadlı cavab vermək
üçün ilk növbədə bilmək lazımdır ki,
hakimiyyət
nədir və nə
üçün lazımdır? Hakimiyyət,
mahiyyətcə insanların
iradəsinə rəğmən onlara
təsir göstərmək və onları idarə etmək imkanına malik
olmaq deməkdir. Bununçün
müəyyən sosial
status qazanmalısan ki,
insanları idarə
edə biləsən. Burada mühüm məqama, insanların
istəyinə rəğmən onları
idarə etmək məqamına diqqət yetirmək lazımdır. Maddi imkanlar olmalıdır ki, məqsədini həyata keçirə biləsən. Amma bir
sıra adamlar yenə
də davam edir ki,
İmam Hüseyn (ə.s.) hakimiyyət
uğrunda vuruşub. Bu, düzgün deyil. Buna
İmam Hüseyn (ə.s.) öz sözüylə cavab verir:
“Əgər mənim babamın dini canlı
qalacaqsa, mənim ölümüm sayəsində yaşamaqda davam edəcəksə, onda məni qılıncla qətlə yetirin”. Tarixdən belə bir misal gətirin ki,
hakimiyyətə
susamış insan
özünü qurban verməyə hazır olsun. Hakimiyyət
uğrunda üsyan edənlər, hər vəchlə hakimiyyəti
ələ keçiriblər. İmam Hüseyn (ə.s.) isə özünü, ailəsini, övladlarını, tərəfdarlarını, əsabələrini qurban verib.
Bu, məntiqidirmi?.. Məgər İmam Hüseyni (ə.s.) hansısa fatehlə
müqayisə etmək olarmı? İmam
Hüseyni (ə.s.) hakimiyyətə susamış tiranlarla müqayisə edirlər. Məntiq haradadır? İmam
Hüseyn (ə.s.) Yezidə
beyət eləməkdənsə, ölümü üstün tutur. Əqidə yolunda canını fəda
edir. Bununla da, dini xilas edir.
İmam Hüseyn (ə.s.) Mədinədən Məkkəyə
gedəndə vida xütbəsində deyir: “Ey Allahım, sən
şahidsən ki, mən ora hakimiyyət xatirinə getmirəm.
Heç kəsə əzab vermək istəmədiyimçün
gedirəm. Mənim əsas məqsədim
insanları əzablara, məhrumiyyətlərə
düçar etməməkdir. Əsas məqsədlərimdən
biri insanları haqqa çatdırmaq, günahlardan çəkindirməkdir.
Mənim məqsədim yalnız öz
babamın, Allahın Rəsulunun və atam Əlinin yolunu davam
etdirməkdir”.
O adam ki, artıq doğulanda qeybdən
gələn nidayla şəhid olacağı barədə
özü də bilirdi, ona, “hakimiyyət uğrunda üsyan
etdi” - demək ağır və insafsız ittihamdır.
Belə ittihamlar ayrı-ayrı dillərdə
danışan müxtəlif ağızlardan zaman-zaman
eşidilib. Bizdə də
belə təftişçilər, təfriqəçilər
az deyil. Lakin Əhli-beyt məhəbbəti,
İmam Hüseyn (ə.s.) sevgisi insanların qəlbində əbədiyyətin
özü qədər baqidir. Çünki
İmam Hüseyn (ə.s.) ilahi tapşırığı,
müqəddəs bir missiyanı yerinə yetirmişdir.
Müqəddəslik isə əbədiyyətlə
ekvivalentdir. Odur ki, zaman İmam Hüseynə
(ə.s.) və Hüseyn (ə.s.) məktəbinə
atılan daşları saman çöpü kimi fəna
yelinin qanadlarında boşluğa uçurub. Bu böhtanlar Hüseyn (ə.s.)
böyüklüyü, əzəməti və əbədiliyi
fonunda, doğrudan da bir heçlikdir. Xüsusən,
son vaxtlarda qəzetlərdə, sosial şəbəkələrdə
şiə müsəlmanlarının əzadarlığına
qarşı aşağılayıcı
çıxışlara, qeyri-adekvat münasibətlərə
rast gəlirik. Belələrinin bəlkə
də öz məntiqi var, lakin məntiq absurda söykənəndə,
məntiqin məntiqsizliyi yaranır, deyilən fikir ən
azından qıcıq doğurmaqdan oyana getmir. Belə
yerdə, “yel qayadan nə aparar”, - deyimi yada düşür. Bəlkə də bu məsələni hər kəsin
öz vicdanının ixtiyarına buraxmaq olardı. Amma bəşəri dəyərlərə laqeydlik,
mənəviyyata etinasızlıq, müqəddəsliyə
sayğısızlıq, özü də bəzən müəyyən
sindrom təhlükəsini sezdirir. Odur ki,
insanların hissiyyatına toxunan hər söz, müqəddəs
duyğuları aşağılayan hər
çıxış, iman və dinə açıq istehza
heç cür qəbuledilməzdir. Məhəmməd
Peyğəmbər (s.ə.s.) deyirdi ki, elm insanın
ağlını, intellektini cilalayır, insan ruhunu isə
yalnız din tərbiyə edə bilər. Deməli, biz
ruhu tərbiyə mənbəyimizi də bəyənmir, onda ləkələr
axtarır, ruhumuzun mükəmməlliyini şübhə
altına alırıq... Odur ki, belə fikirlər
rezonans doğurub haqlı qalmaqallara səbəb olur. Dini
ənənələrə və rituallara qarşı
çıxanlar arasında savadlılar az
deyil. Amma fərqli məsələlərə
münasibət bildirmək üçün,
görünür, bəzən savad kifayət eləmir. Hər hansı bir məsələyə, yaxud obyektə
və subyektə qiymət verəndə gərək ki, onun
aurasına, onun havasına və daxili mahiyyətinə
qovuşasan. Eyni zamanda, söz dediyin,
haqqında fikir söylədiyin hər şeydə
özünü tapasan. Başqa cür, məsələlərə
münasibətdə mahiyyət bir tərəfdə qalır,
insan özünü, öz daxilini, öz mənliyini və
ideyasını, xarakter və xasiyyətini etiraf edir. İmam Hüseyni (ə.s.) qəbul etmək
üçün onu sevmək lazımdır. Sevmək üçünsə onu dərk etmək,
onun mübarizəsini, həyat amalını, şəhidlik mərtəbəsilə
naxışlanmış ömür yolunu anlamaq
lazımdır. İmam Hüseyn (ə.s.) əqidə
adamı olub, mərd, dönməz, mənliyini,
azadlığını qoruyub saxlaya bilən şəxsiyyət
kimi tarixə düşüb. O, ölümüylə
dini ucaltdı, yaşatdı, ilkin bakirəliyinə və təmizliyinə
qovuşdurdu. Yezid və onun tərəfdarları
İslam dinini şəxsi mənafe obyektinə
çevirmiş, kef və əyləncələrə qurban vermişdi.
Yezid və ərkanının sürdüyü
bədxərc və əxlaqsız həyat tərzi həqiqi
insanlıq qaynaqlarına və ilahi paklığa son dərəcə
ziddiyyət təşkil edirdi. İmam
Hüseyn (ə.s.) mücadiləsi bu bəlalara qarşı
idi. Bütün islam dünyası
dinimizin yaşaması və tərəqqisi naminə İmam
Hüseyn (ə.s.) məktəbinin şəhidlərinin
tökülən qanlarına borcludur. Bunu
başa düşmək üçün qəlbən, ruhən
İmam Hüseyn (ə.s.) məktəbinin əxlaqına
az-çox bağlı olmalısan. Bunun
üçün dünyaya İmam Hüseyn (ə.s.)
gözüylə baxıb, onun ərkanından qiymət verməlisən.
O deyirdi: “İnsanlar dünyanın quludur. Dinləri
də sadəcə dillərindədir. Dünyalarına
zərər verməyənə qədər dindən dəm
vururlar. İlk imtahan və sınağa
yetişdikdə gerçək dindarların nə qədər
az olduğu meydana çıxır”.
Bax, İmam Hüseyn (ə.s.) belələrinə,
belə eybəcərliklərə qarşı vuruşurdu. Onun uca məqamını
anlamaq üçün belə məsələləri, ən
azından fəhm eləmək lazımdır. Məhz, elə buna görə də əsrlərdir,
qərinələrdir İmam Hüseyn (ə.s.) ruhuna
sığınıb ona ağlayır, göz yaşı
tökür, əzadarlıq edirik. Əgər
bu göz yaşları min illər bundan qabaqkı kimi yenə
də davam edirsə, niyə bu hikməti dərk eləməyə
cəhd göstərməyək? Buradakı
İlahi işarəni, Tanrı sifarişini, Allah əmrini niyə
anlamayaq? Bəlkə bunu anlamaq yox, duymaq
lazımdır. Axı savad heç də
duyğuları tam oyatmır, hissiyata toxunmur. Ürək, qəlb, ruh Hüseyn (ə.s.) müqəddəsliyinə
qovuşanda adamın bəsirət gözü
açılır. Əgər Qurani-Kərimə
qailiksə, onun ilahi diqtəsini qəbul ediriksə, Peyğəmbər
(s.ə.s.) əfəndimizə gələn vəhyləri qəlb
köynəyimizdən məmnuniyyətlə keçiririksə,
onda bu vəhyi də ilahi nida kimi etiraf etməliyik. Bu, həm də Hüseynə (ə.s.) olan bəşəri
kədərin, min illərlə kəsilməyən göz
yaşlarının məntiqi cavabıdır.
Həzrəti İmam Hüseyn (ə.s.) doğulduğu
zaman Allah cənabi - Cəbraili-Əminə əmr verdi: “Get Hüseynin (ə.s.) doğumunu qutla və
ayrıca başsağlığı dilə”, - dedi. Cəbraili-Əmin
aldığı buyruğu gəlib Həzrəti Məhəmmədə
(s.ə.s) bildirdiyi zaman Peyğəmbər (s.ə.s.) dedi: “Ey
qardaşım, təbrikin səbəbini anladım, fəqət,
başsağlığının səbəbi nədir?” -
soruşdu. Cəbrail: “Ya Rəsulallah! Doğulmuş olan bu məzlum
Hüseyn səndən sonra Kərbəla deyilən yerdə qəddarcasına
şəhid ediləcəkdir”- cavab verdi.
Bu xəbəri alan kimi Allahın Rəsulu
ağlamağa başlayır. Orada olan Həzrət
Əli (ə.s.) də məsələdən agah olur. Həzrət Əli (ə.s.) bu olayı Həzrəti
Fatiməyə anladınca o, atasının yanına gedir və
məsələni onun özündən dinləyir. O
zaman Həzrəti Fatimə: “Ey atam, bu hadisə nə vaxt
olacaq?” - deyə soruşur. Həzrəti
Peyğəmbər (s.ə.s.): “Bu hadisəni nə mən, nə
sən, nə Əli, nə də Həsən görəcəyik”
- deyir.
Bunu duyan Həzrəti Fatimə: “Ey əziz atam, bizlərin
olmadığı o zamanda mənim məzlumum
üçün kimlər ağlayıb göz yaşı
tökəcəklər?” - deyərək təkrar
ağlamağa başlayır. Bu an qeybdən
bir nida gəlir: “Ey xanım! Axır zaman əhlindən
Peyğəmbər xanədanına bağlı olan
bütün topluluqlar hər il sənin məzlum Hüseynin
üçün ağlayıb ona matəm tutacaqlar”.
Bu iqtibas, məncə, İmam Hüseyn (ə.s.)
üçün tökülən göz yaşlarının
mahiyyəti haqqında Allah əmri və ilahi iradə barədə
kifayət qədər ciddi arqumentdir. Qaldı, göz yaşına, rişxəndə,
bu da yumşaq desək, qəbuledilməzdir. Bu, hər kəsin tam subyektiv halına, özəl,
obyektiv yaşam tərzinə uyğun bir nəsnədir.
Həm fizioloji, həm ruhi-mənəvi mənada
bu, hər kəsin özünəməxsus bir halətdir.
İnsan ruhi-emosional gərginlikdən, yaxud ən
adi, primitiv fiziki ağrılardan, yaxud sığaldan gülə
də bilər, ağlaya da bilər. Göz
yaşları qəlbin dərinliklərindən qaynayan bir
çeşmədir, insana ruhi rahatlıq, daxili paklıq,
hissi-emosional əminlik gətirir. Bu,
hansısa bir məqamda kütləviləşirsə, bəşəri
bir kədər nöqtəsində qovuşursa (bizim
mövzumuza uyğun, deyək ki, İmam Hüseyn (ə.s.)
şəhadəti ünvanında), bunda mütləq bir hikmət
aramaq lazımdır. Axı, necə ola
bilər ki, Hüseyn (ə.s.) faciəsinə zaman-zaman
hamı bir nəfər kimi acısın və
ağlamış olsun. Məntiqidirmi? Bəli, tamamilə. Heç bir
zor, əmr, inzibati güc bunu yarada bilməz. Yalnız qəlblərə dolan, ürəklərdə
yaşayan ilahi eşqdən başqa.
Xalqın mənliyini,
özgürlüyünü min illərlə yaşadan onun
dili, adət-ənənələri, mənəvi-əxlaqi dəyərləri,
maddi-mədəni və qeyri-maddi irsi, dini inanclarıdır. Xalqın əsl sifəti və
siması olan bu dəyərlərə hörmət, şəksiz,
mütləqdir. Bu gün biz min illər
boyunca tapındığımız dini inanclara şübhə
ilə yanaşırıqsa, onu təftiş və bəzi
hallarda inkar ediriksə, demək, bütövlükdə
xalqı və onunla birlikdə özümüzü inkar
edirik. Azərbaycan xalqının əksər
kəsiminin şiə müsəlmanları olmasına rəğmən
onların dini rituallarını, ibadətlərini, dini
inanclarını bəyan edən hərəkətlərini təftiş
etmək, əslində, təfriqə və təxribatdan
başqa bir şey deyildir. Onların əzadarlığına
rişxənd etmək, onları radikalizmdə suçlamaq
tarixi həqiqətdən və müasir düşüncə
müstəvisindən kənardır. Şiəliklə
radikalizm bir-birinə daban-dabana ziddir. Şiəliyin
fəlsəfəsi terrora, qəsdə, insan qətlinə,
kütləvi qırğına ziddir. Şiəliyin
nəzəri-teoloji mənbələri, fəlsəfi-estetik
qaynaqları ilə tanışlıq bir daha göstərir
ki, onun mahiyyətində humanizm, islamın mənəvi-əxlaqi
cövhərini təşkil edən sülh, barış və
bəşəri əxlaq təşkil edir. Şiəliyin mənəvi-estetik əsasında baqi
olan sufilikdə özünü təkmilləşdirmə, mənəviyyatdakı
sıxıntı və narahatlıqları təmizləyərək
Allaha qovuşmaq qayğıları dayanır. Şiələrdə radikalizm yoxdur - mərdlik,
dönməzlik, igidlik, əqidə uğrunda şəhadətə
qədər getmək var. İmam Hüseyn (ə.s.) kimi.
Əqidəni radikalizmlə
qarışdırmaq düşüncəsizlikdir. Ən böyük şiə hökmdarı Şah
İsmayıl Xətaiyə Çaldıran
döyüşündən bir gün öncə əsabələri
deyir ki, şahım, Sultan Səlimin başı qoşunun
düzəninə qarışıb, gecəynən hücum
edib osmanlıları yenək. Şah İsmayıl
müdrik və mərd bir sufiyanəliklə: “Mən yolkəsən
quldur deyiləm, gecə xəlvətcə hücuma keçəm”,
- deyir. Şiə əxlaqı budur! Bəli, əsl Hüseyn
(ə.s.) əxlaqı!
Bu gün dünya çapında islama
atılan böhtanlar, qarayaxmalar xeyli artmışdır. Bəlkə də bu, islamın
çağdaş günümüzdə uğurları və
Qərbin ictimai həyatına getdikcə daha çox
oturuşmasıyla bağlı narahatlıqlardan
qaynaqlanır... Çoxları bu gün Şərqin
geri qalmasının səbəbi İslamdır, - deyə
yaxasını cırır.
Belələrinə cavab olaraq, pakistanlı alim, Nobel
mükafatçısı Əbdüs Səlamın cavabı
bu gün də aktualdır: “Şərq həqiqi islamdan
uzaqlaşdığı üçün geridədir...”
Bizim camiədə də belə
tendensiyalar mövcuddur. Elmdə, texnikada, təhsildə, səhiyyədə
dinin ucbatından geri qaldığımız iddia edilir. Mən isə tamam fərqli düşünürəm.
Bunun üçün kifayət qədər
obyektiv əsaslar da mövcuddur. Azərbaycan
və azərbaycanlılar min illər boyunca İslam dininə
qaildir və İslam əxlaqı ilə yaşayıb
formalaşmışlar. Azərbaycanın ictimai-siyasi,
elmi-fəlsəfi fikir tarixində İslam dininin, islam elminin, islam fəlsəfəsi və
estetikasının rolunu istəsək də dana bilmərik.
Din həmişə elmdə, təhsildə, mədəni
yüksəlişdə dominantlıq edib. İslam dini bizim
üçün zaman-zaman qapalı, qaranlıq mühit
yaratmışsa, ruhumuzu və ağlımızı çərçivəyə
salmışsa, bizi bəzilərinin təbirincə,
uçuruma yuvarlatmışsa, Nizami, Xaqani, Füzuli, Tusi, Bəhmənyar,
Şah İsmayıl Xətai, Mirzə Fətəli Axundov,
Mirzə Cəlil, Cavid, Sabir, Üzeyir bəy, C.Cabbarlı, Səməd
Vurğun, M.Ə.Rəsulzadə, Topçubaşov, Yusif Məmmədəliyev,
Q.Qarayev, F.Əmirov, T.Quliyev, A.Məlikov, ən nəhayət,
müasir müstəqil Azərbaycanın qurucusu, memarı Ulu
öndərimiz Heydər Əliyev hansı mühitdə,
hansı ictimai-siyasi ab-havada yetişib
formalaşmışlar?.. Dinin
sxolostikasını, xurafat cəhətini də
danmırıq. Bu mövcud olub və bu
gün da var. Lakin bu, üzdə olan ötəri bir halətdir,
dinin əsl fəlsəfəsinə, mahiyyətinə yad nəsnədir.
Buna qarşı isə zaman-zaman mübarizə
aparılır və aparılmalıdır.
Respublikamızda İslama münasibət,
dini inanclara qayğı, inanclı insanlara diqqət əsl
müasir və sivil təfəkkür üstündə qərar
tutmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin
uzaqgörən, müdrik siyasəti sayəsində dövlətimizin
dinə və dindarlara böyük himayəsi və
qayğısı dini əqidəylə dünyəvi təfəkkürün
birgələşməsinin yeni nümunəsinə
çevrilib. Möhtərəm
Prezidentimizin permanent, dəyişməz, stabil siyasəti nəticəsində
ölkəmiz müasir İslam dövlətlərinin mədəni-mənəvi
paytaxtlarından birinə çevrilmişdir. Bu gün Azərbaycan bütün dinlər
üçün isti qucağını açmış,
onlar üçün tolerant bir siyasət formalaşdırmışdır.
Bütün bunların sayəsində Azərbaycanda
artıq məzhəb ayrı-seçkiliyi, dini
dözümsüzlük, müxtəlif fobiyalar demək olar
ki, tarixin arxivinə gömülmüş, bütün dini
konfensiyaların sərbəst fəaliyyəti
üçün geniş şərait
yaradılmışdır. Respublikamızda
dinlərarası əlaqələrdə yeni ənənələr
formalaşdırılmışdır. Uca Allahın
adıyla onlar həmişə bir yerə toplaşır,
müsəlman, xristian, yəhudi və s. icmalarının
nümayəndələri bir-birinin məclisində məmnuniyyətlə
iştirak edirlər. Bütün bunlar
müdrik, uzaqgörən dövlət siyasətimizin tərkib
hissəsidir. Belə bir demokratik və ahəngdar cəmiyyətdə
dini radikalizm axtarmaq, inanca irad tutmaq nə dərəcədə
məntiqidir?..
Böyük Allahın adından ayrı-ayrı məzhəb
adamlarının birləşdirilməsində, müxtəlif
dini icmaların, konfessiyaların bir məcrada
qovuşdurulmasında, dinin mənəviyyat, əxlaq və
haqq-ədalət yolunda saflaşmasında, təmizlənməsində
hörmətli şeyximiz, ruhani atamızın, Bütün
Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin
də rolu əvəzsizdir. Hörmətli
şeyximizin yorulmaz və fasiləsiz fəaliyyəti, beynəlxalq
nüfuzu Azərbaycan folerant və demokratik dini mühitin
yaranmasında müstəsna rol oynamış, bu sahədə
dövlət siyasətini tamamlamışdır. O,
öz müdrik rəhbərliyi və hərəkətləriylə
islam dininin cəmiyyətdə
böyük nüfuz qazanmasına yardımçı
olmuşdur. Bütün bunlar dinlə xalqın,
dövlətin birliyinə nümunə deyilmi? Bu birliyə, bu demokratik və tolerant əlaqələrə
kölgə salmaq nə qədər ədalətdən və
imandandır? Cəmiyyətin bu halı, bu aram və əminliyi nə üçün bəzilərini
qıcıqlandırır?
Dünyanın ən nadir maddi-mədəniyyət abidələrindən
olan Tac-Mahal yeganə tikilidir ki, ondan uzaqlaşdıqca
kiçilmək əvəzinə, sanki bir az
da böyüyür, əzəməti daha da artır.
İlahi varlıq, ləyaqət və əqidə mücəssəməsi
İmam Hüseyn (ə.s.) də elə şəxsiyyətlərdəndir
ki, biz zaman məsafəsilə ondan uzaqlaşdıqca, sanki ona
daha çox qovuşur, o uca Həzrətə bir az da yaxınlaşırıq. Vaxt,
zaman uzaqlığı onun böyüklüyünü,
möhtəşəmliyini daha da artırır. Bəlkə
bu müasir narahat dünyamızın sınaq
qarşısında çabalarından yana
narahatlıqlardan qaynaqlanır? Bəlkə
Hüseyn (ə.s.) mərdliyinə, əqidəsinə, qeyrətinə,
Hüseyn (ə.s.) fədakarlığına zaman bu gün
daha çox ehtiyac duyur? Bəlkə elə buna görə
də ona doğru atılan addımlar günü-gündən
çoxalır, dərgaha uzanan əllərin
sayı-hesabı itir, axıdılan göz yaşları
sel-suya çevrilir?.. Bəli,
Hüseyn (ə.s.) bu gün daha çox canlı və diridir.
Yəqin ki, lazım olduğuna görə.
Unutmayaq ki, Hüseyn (ə.s.) həmişə
lazımdır. Hüseynlik əxlaqı və
mənəviyyatına bəşəriyyət əbədi bir
təsnədir. Odur ki, unudulan da deyil.
İllər boyu saleh əməlləriylə qəlblərdə
yaşayan haqq, iman, insanlıq, müqəddəslik məktəbi
qoy unudulmasın! Unudulmasın!
Unudulmasın! Unudulmasın!
525-ci qəzet.-
2018.- 15 iyun.- S.14-15.