Cümhuriyyət məmurunun dünya şöhrəti (Məhəmməd Ağa-Oğlu)

 

 AXC-100

 

Vilayət QULİYEV

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Mehmet Ağa-Oğlunun fikrincə, “Corpus of İslamic Metalwork” əsərinin başlıca konsepsiyası ümumidən xüsusiyə, təsvirçilikdən konkret sahənin təfərrüatlı elmi tədqiqinə doğru hərəkət olmalı idi.

 

Birinci cildin ilk kitabı üçün nəzərdə tutulmuş müqəddimədə o, yazırdı: “İslam incəsənəti sahəsində təxminən bir əsrə yaxın davam edən ilkin axtarış və araşdırmalardan sonra artıq tələbələri ümumi şəkildə məlumatlandırmaq cəhdlərindən onları islam xalqlarının tətbiqi sənətlərinin müxtəlif qollarının spesifik öyrənilməsinə keçid üçün hazırlamaq zamanı gəlib çatmışdır”.  Alim sanki şəxsi nümunə göstərərək əsaslandırdığı prinsipial yanaşma tərzi ilə bağlı çoxəsrlik islam incəsənətinin geniş yayılmış qollarından biri kimi metal işləmələrə üz tutmağı məqsədəuyğun saymışdı.

 

Bu sahədə həmin dövrə qədər ciddi tədqiqatların və baza rolunu oynayacaq elmi ədəbiyyatın olmadığını nəzərə alan Mehmet Ağa-Oğlu əsərinin iki kitabdan ibarət ilk cildini mövcud mənbələrin təsvirinə həsr etməyə qərar vermişdi. Burada islama qədərki metal işləmələri ilə bağlı qaynaqlara  mühüm yer ayrılmışdı.

 

Müəllif əsərin II-XI cildlərini müxtəlif  dövrlərdə və coğrafiyalarda, fərqli sülalələrin hakimiyyəti altında mövcud olmuş islam ölkələrində metal işləmələrinə həsr etmək niyyətində idi. Hər cilddə geniş tarixi oçerk, biblioqrafiya, sözlük, habelə  illüstrasiyaların - çoxsaylı foto-şəkillərin, cizgi və sxemlərin verilməsi nəzərdə tutulurdu. Xroniki ardıcıllıq prinsipinin gözlənildiyi cildlər müvafiq şəkildə bu adlar altında nəşr olunmalı idi: “Sasani İranının metal işləmələri”, “İlkin türk metal işləmələri”, “İlkin İslam metal işləmələri”, “İran, Anadolu, Mavərənnəhr və Suriyada metal işləmələri”, “Məmlüklər dövründə Suriya və Misirdə, Rəsulilər dövründə Yəməndə metal işləmələri”, “Qızıl Buynuzda (Bizans imperiyası nəzərə tutulur - V.Q.)  metal işləmələri”, “Elxanilər, Teymurilər və Səfəvilər dövründə İranda metal işləmələri”, “XIII əsrdən XVII əsrə qədər türk metal işləmələri”, “Məqrib ölkələrinin, islam İspaniyası və islam Siciliyasının metal işləmələri”, “İslam Hindistanının metal işləmələri”. Nəhəng layihə ilə bağlı müxtəlif dillərdəki mənbələrdən çox narın, xırda xətlə yazılmış və yüzlərlə səhifəni əhatə edən iqtibaslar, qeydlər, istinadlar hazırlanmışdı. Miqyasına görə bu, bütöv bir alimlər qrupunun, elmi-tədqiqat institutunun görəcəyi iş idi.

 

Sonuncu, XII cild “Bütün dövrlərdə və bütün islam ölkələrində metal işləmələrinin sistemli kataloqu” adlandırılacaqdı. Bu cilddə eyni zamanda metal emalınə və metal üzərində işi tətbiqi-dekorativ sənət səviyyəsinə qaldıran müsəlman sənətkarları haqqında bioqrafik məlumatlaın verilməsi nəzərdə tutulurdu. Tədqiqat predmetinə gəldikdə isə ağır toplardan və zirehdən tutmuş qapı cəftələrinə və zərgərlik məmulatına qədər bədii-sənətkarlıq, özünəməxsusluq baxımından diqqəti çəkən və müsəlman mədəniyyətinə mənsub metal mənşəli hər şey alimin  marağının fokusunda dayanırdı.

 

Müəllif tədqiqatı üçün 63 muzey, 36 şəxsi kolleksiyada, Avropanın və Yaxın Şərqin 12 dini institutunda, habelə dünyanın müxtəlif guşələrindəki 13 tanınmış incəsənət  dəllallarında saxlanan zəngin islam metal işləmələri nümunələrindən yararlanmaq niyyətində idi. Burada tez-tez istinad etdiyim Zeynəb Simavi özünün “Mehmet Aga-Oglu and the formation of the field of islamic art in the United States” adlı araşdırmasında yazırdı ki, “İslam metal işləmələrinin məcmusu” çoxcildliyi üslubi, tarixi və coğrafi baxımdan, habelə əhatə etdiyi məsələlərin genişliyi nöqteyi-nəzərindən heyrətamiz dərəcədə cəsarətli, iddialı elmi təşəbbüs idi. Maraqlıdır ki, həmin vaxta qədər ortaya belə böyük miqyaslı tədqiqat  çıxarmağa heç bir cəhd göstərilməmişdi. Əgər əsər tamamlansaydı, o, həqiqətən də islam incəsənətinin öyrənilməsinə qeyri-adi bir töhfə sayıla bilərdi”.

 

Lakin elmi fəaliyyətinin bu ən vacib işini başa çatdırmaq, islam incəsənətinə əvəzsiz xidmət göstərmək  Mehmet Ağa-Oğluya nəsib olmamışdı.

 

Alimin həyatının son iki ili haqqında onun Vaşinqton Tekstil Muzeyinin qurucusu Georg Hevitt Myersə və Misirin İskəndəriyyə şəhərindəki kral I Faruk universitetinin professoru Alan Yakob Veysə məktubları müəyyən təsəvvür yaradır. Myers onu Vaşinqtona, rəhbəri olduğu muzeyə xalça eksperti kimi işləməyə, eyni zamanda, nəzərdə tutulan sərgilər üçün kataloqlar yazmağa dəvət etmişdi. On illik sərbəst həyatdan sonra Mehmet Ağa-Oğlu təklifə həvəslə razılıq vermiş və dərhal paytaxta köçməklə bağlı qərar vermişdi.

 

Myersə 1 fevral 1948-ci il tarixli məktubunda o, böyük sevinclə yenidən muzey dünyasına qayıtmağa hazır olduğunu bildirirdi. Muzeydə onun ilk işi fondlarda saxlanan zəngin xalça kolleksiyasının kataloqunu hazırlamaq və əjdaha təsvirli xalçaların sərgisini təşkil etmək olmuşdu. ABŞ-nın ictimai və fərdi kolleksiyalarının eksponatları  əsasında düzənlənən “Əjdaha rəsmli xalça qrupu” (“Dragan carpet group”) sərgisi 1948-ci il oktyabrın 18-dən həmin il noyabrın 19-na qədər nümayiş etdirilmiş və böyük maraqla qarşılanmışdı. Bu, təxminən 11 illik fasilədən sonra Mehmet Ağa-Oğlunun yenidən muzeyçilik sahəsinə qayıdışı, habelə fərdi qaydada təşkil etdiyi ilk spesifik xalça sərgisi idi.  Sərginin izahlı kataloqunun hazırlanması da ona həvalə edilmişdi.

 

Georg Myerslə əldə olunmuş razılığa əsasən, alimin Vaşinqton Tekstil Muzeyindəki işi müvəqqəti, yaxud sınaq xarakteri daşıyırdı. İlk işinin uğur qazanacağı təqdirdə muzeyin mövcud eksponatları əsasında silsilə kataloqlar tərtib etməli idi. Bu, kifayət qədər ciddi və məsul iş sayılırdı. Öz-özlüyündə aydındır ki, ustalıqla hazırlanan kataloq muzeyin vizit kartı, onun gələcək uğurlarının rəhni sayılırdı. Gələcəyə hesablanan planlar kifayət qədər çox idi. Lakin vaxtsız ölüm Mehmet Ağa-Oğluna  bu sahə ilə məşğul olmağa imkan verməmişdi.

 

1949-cu ilin əvvəllərində alim Misirdən, İskəndəriyyə şəhərindəki Kral I Faruk universitetinin gözəl sənətlər bölümünün rəhbəri, professoru Alan Vasedən iş təklifi almışdı. Onu növbəti tədris ilində universitetdə islam incəsənəti və arxeologiyasından mühazirələr oxumağa çağırırdılar. Artıq dəhşətli xərçəng xəstəliyinin vücudunu sarmaqda olduğundan hələ də bixəbər qalan Mehmet Ağa-Oğlu təklifi minnətdarlıq hissi ilə qəbul etmişdi. İyirmi illik Amerika həyatından sonra  Şərq aləmi, islam dünyası onu maqnit kimi özünə çəkirdi. Odur ki, var gücü ilə çalışıb yaya qədər “Əjdaha rəsmli xalça qrupu” sərgisinin kataloqunu başa çatdırmaq, sonra isə yeni tədqiqatları üçün geniş meydan açan antik mədəniyyət mərkəzi İskəndəriyyəyə yollanmaq istəyirdi.

 

Mehmet Ağa-Oğlu 1949-cu il iyulun 4-də, 53 yaşının tamamına təxminən iki ay qalmış, qarşısına qoyduğu məqsədlərin çoxunu gerçəkləşdirmədən dünyaya göz yumdu. Həyatının başlıca əsərini - üzərində on ildən çox çalışdığı “İslam metal işləmələrinin məcmusu” çoxcildliyini sona çatdırmaq ona qismət olmadı. Lakin zəngin elmi fəaliyyəti, araşdırdığı mövzular onun adının elm tarixində qalmasına kifayət idi. Birləşmiş Ştatlarda isə professor Mehmet Ağa-Oğlunu tərəddüd etmədən istər akademik səviyyədə, istərsə də muzeyçilik sahəsində islam incəsənətinin öyrənilməsi və tədqiqi işinin  pioneri sayırlar.

 

Ölümü münasibəti ilə həmkarı, Detroyt Gözəl Sənətlər İnstitutunda estafeti Mehmet Ağa-Oğlundan almış professor Adele Coulin Weibel (1880-1963) “Ars İslamic”ada təsirli bir nekroloq dərc etdirmişdi. Bu nekroloqda xanım professor azərbaycanlı alimi “insanlıq cazibəsi və elmi sanbalı qarşısında duruş gətirmək mümkün olmayan” bir alim və insan kimi dəyərləndirmişdi. Mehmet Ağa-Oğlunun müxtəlif ölkələrdə çıxan çeşidli sənət jurnallarının səhifələrinə yayılmış əsərlərinin ilk biblioqrafiyasının hazırlanması da professor Weibelin zəhmətinin bəhrəsidir. Biblioqrafiyaya iki kitab, üç sərgi kataloqu və 44 elmi məqalə daxildir. Məqalələr demək olar ki, bütün İslam dünyasının, o cümlədən, Azərbaycanın mədəniyyət və incəsənətinin ayrı-ayrı şəxsiyyət və hadisələrinə həsr olunmuşdu.

 

Maraqlı bir fakta da diqqət yetirmək yerinə düşərdi: Weibel Mehmet Ağa-Oğlunun əsərləri sırasında 1928-ci ildə İstanbulda türkcə çap olunmuş “Türk incəsənətinin tarixi” adlı kitabının da adını çəkir. Belə bir kitab həqiqətən mövcud olmuşdumu? Çünki alim heç yerdə özünün  bu adda əsərin müəllifi olduğunu iddia etməmişdir. Türk arxeologiyası üzrə tanınmış mütəxəssis Skott Redford “İslamic Archaelogy in the Early Years of the Turkish Republic” (2004) araşdırmasında məsələyə aydınlıq gətirərək həqiqətən də adı çəkilən kitabın layihə kimi düşünüldüyünü, onun ayrı-ayrı hissələrinin 1920-ci illərin ikinci yarısında müstəqil məqalələr şəklində yayımlandığını, lakin müəllifin öz əsərini bitkin bir monoqrafik tədqiqat kimi ərsəyə gətirə bilmədiyini yazmışdı.

 

Yəqin ki, Mehmet Ağa-Oğlunun tarixi vətəni, mühacirətdəki əqidə və amal yoldaşları ilə hər hansı şəkildə əlaqəsi məsələsi alimin müxtəsər bioqrafiyası ilə tanış olan hər kəsi maraqlandırır. Heç şübhəsiz, Mehmet bəy milli kimliyinin  fərqində idi və həyatının sonuna qədər də bu düşüncədən sərf-nəzər etməmişdi. Doğrudur, Türkiyədə yaşadığı dövrdə Azərbaycan siyasi mühacirətinin istiqlal mübarizəsində fəal iştirakı haqqında danışmaq çətindir. Amma eyni zamanda, yaxasını tam kənara çəkdiyini söyləmək də düzgün olmazdı. Məsələn, Türkiyədə yaşadığı dövrdə Müsavat partiyası Xarici Bürosunun nəzdində fəaliyyət göstərən Azəri Türk Gənclər birliyinin fəaliyyətində yaxından iştirak etməsi barəsində faktlar mövcuddur. Amerikaya köçəndən sonra mühacirətin ağrı-acısını birlikdə bölüşdükləri əski cümhuriyyətçilərlə hər hansı bir şəkildə əlaqə saxlamışdımı? Ana vətənində baş verən olaylarla maraqlanmışdımı? Şübhəsiz, bu tipli suallara yalnız Mehmet Ağa-Oğlunun hələ də Vaşinqtonun Freer Galleri of Art fondunda saxlanan və öz tədqiqatçısını gözləyən şəxsi arxivinin, ilk növbədə isə epistolyar irsinin araşdırılması nəticəsində predmetli cavab vermək mümkündür.

 

lll

 

Ötən əsrin 30-cu illərinin miqyasları baxımından həddən artıq uzaq və yad Amerikada çoxlu sayda azərbaycanlının yaşadığını iddia etmək qeyri-mümkündür. Onların arasından ölkəmizdə az da olsa tanınan, adı çəkilən Mehmet Ağa-Oğlundan başqa universitet professoru səviyyəsinə yüksələn, elmi mühitdə şöhrət qazanan digər bir həmvətənimizin ola biləcəyini   düşünmək isə daha çətindir. Lakin nə qədər qəribə görünsə də, həmin dövrdə ABŞ-da, Miçiqan universitetində Mehmet Ağa-Oğlundan az məşhur olmayan belə bir həmvətənimiz vardı. O da incəsənət sahəsində, daha doğrusu, Cənub-Şərqi Asiya, Uzaq Şərq keramikası üzrə nüfuzlu mütəxəssis idi. Ömür yolunun mühüm bir hissəsi Mehmet Ağa-Oğlu ilə yanbayan keçmişdi. Maraqlıdır ki, onun da soyadı Ağa-Oğlu idi.

 

Söhbət görkəmli sənətşünas-alim, Mehmet bəyin birinci həyat yoldaşı, xalis Azərbaycan türkü,  professor Qəmər Ağa-Oğlundan (1903-1984) gedir.

 

İndiyə qədər adı Azərbaycanda demək olar ki, heç kəsə bəlli olmayan bu görkəmli həmvətənimiz, ABŞ-nın ilk qadın incəsənət professorlarından və muzey mühafizlərindən biri kimi tanınan Qəmər xanım haqqında söhbətə bir qədər uzaqdan başlamaq lazım gələcək.

 

Yuxarıda İstiqlal Muzeyinin təşkili və çar Rusiysıanın Azərbaycanda müstəmləkə siyasətinə dair materiallar toplayan komissiyanın işində Mehmet Ağa-Oğlunun parlamentin qanunvericilik şöbəsinin müdiri, milli ruhlu  ziyalı və ictimai xadim Hüseyn Mirzəcamalovla birlikdə çalışdığını qeyd etmişdim. Yaş fərqinə baxmayaraq, maraq və məqsəd ümumiliyi onları biri-birinə yaxınlaşdırmış, aralarında dostluq münasibəti yaranmışdı. Müəyyən müddətdən sonra isə bu səmimi dostluq  yaxın qohumluğa çevrilmişdi.

 

Hüseyn bəy də bolşevik işğalından sonra Azərbaycanı tərk etmişdi. Yüzlərlə həmvətəni kimi qardaş Türkiyədə sığınacaq tapmışdı. Həm də tək gəlməmişdi. Bacısı Xeyransa xanımı və onun uşaqlarını - dörd qızı ilə bir oğlunu da özü ilə gətirmişdi. Bacısının əri, Qarabağ xanlarının nəslindən olan  Talıbxan bəy Talıbxanbəyov (1859-1920) həm çar hakimiyyəti, həm Cümhuriyyət dövründə müxtəlif qəzalarda polis pristavı və qəza rəisi kimi çalışmışdı. Odur ki, bolşeviklərin hədəfinə ilk gələnlərdən  olmuşdu.

 

Türkiyədə Hüseyn Camal Yanar kimi tanınan və ilk mühacir dalğasından olan azərbaycanlıların məhəbbətlə “dayı” adlandırdıqları Hüseyn bəy bacısı uşaqlarının təlim və tərbiyəsində mühüm rol oynamışdı. Özünün ailəsi və övladı olmadığından bütün qayğı və diqqətini gənc qohumlarına yönəltmişdi. Xoşbəxtlikdən zəhməti hədər getməmişdi. Onlardan üçü - Sürəyya, Qəmər və Dilşad elm və mədəniyyət tarixinə öz adlarını həkk edə bilmişdilər.

 

Böyük bacı - Sürəyya Talıbxanbəyli (1899-1974-cü ildən əvvəl) İstanbul universitetinin dil-ədəbiyyat fakültəsini bitirmişdi. İlk nikahla Azərbaycan Cümhuriyyətinin sonuncu hökumət kabinəsində daxili işlər naziri vəzifəsini tutmuş siyasi mühacir Mustafa Vəkilovla (1886-1965) ailə qurmuşdu (Bu barədə 1937-ci ildə Bakıda müsavatçı kimi həbs edilib ölüm cəzasına məhkum olunan Mədinə xanım Qiyasbəyli-Vəkilovanın istintaq işində məlumat verilmişdi. Mədinə xanım M.Vəkilovun əmisi qızı idi, 1930-cu ilə qədər onunla əlaqə saxlayırdı). Lakin sonradan ayrılmışdılar. Ali təhsilini İstanbul universitetinin dil-ədəbiyyat fakültəsində almışdı. Universiteti bitirdikdən sonra özünü elm sahəsində sınamağı qərara almışdı. Azərbaycan türkcəsi ilə Anadolu türkcəsinin dialektoloji baxımdan  müqayisəli tədqiqi diqqətini çəkmişdi. Dilçilik elminə maraq göstərməsində həmvətəni, həmin dövrdə universitetin dosenti vəzifəsində çalışan gələcəyin böyük türkoloqu Əhməd Cəfəroğlunun tövsiyə və təşviqləri az rol oynamamışdı. 1930-cu illərdə Əhməd bəyin naşiri və redaktoru olduğu “Azərbaycan Yurd Bilgisi” jurnalı ilə fəal əməkdaşlıq edirdi. Məcmuənin dörd sayında (1933, ¹ 1, s.23-31; ¹ 2, s.65-71; ¹ 3, s.212-219, ¹ 4, s. 273-277) onun “Qarabağ və İstanbul şivələrinin sərfiyyat baxımından müqayisəsi” adlı silsilə məqalələri işıq üzü görmüşdü. Məqalələr universiteti bitirərkən hazırladığı doktora tezi əsasında yazılmışdı.  Folklora dair bir sıra araşdırmaların da müəllifidir.

 

İlkin mənbələrə yaxşı bələd olan görkəmli tədqiqatçı, professor Ədalət Tahirzadə Sürəyya xanımın Məhəmməd Qarabağlı adlı azərbaycanlı professorla evlənib Amerikaya köçdüyünü və həyatının sonuna qədər orada yaşadığını yazır (“Azərbaycan müəllimi”, 30 mart 2012-ci il). Lakin müasirlərinin  xatirələrindən  aydın göründüyü kimi, Sürəyya xanım M.Vəkilovdan ayrılandan sonra Bəkir Odoğlu adlı Anadolu türkü ilə ailə qurmuş, bu nikahdan Bərrin, Murad, Can, Tarik adlı övladları dünyaya gəlmişdi. O, İstanbul liseylərində ədəbiyyat müəllimi kimi çalışmış, həyatını da burada başa vurmuşdu. Hər şeydən göründüyü kimi, Ədalət Tahirzadə yanlışlığa yol verib, aşağıda haqqında daha geniş bəhs edəcəyimiz Qəmər xanımla böyük bacısını qarışıq salıb.

 

İkinci bacı - Türkiyədə atom fizikası üzrə ilk mütəxəssislərdən biri olan professor Dilşad Talıbxan Elbrus (1915-1979) haqqında Azərbaycan mətbuatında nisbətən çox yazılıb. Ona görə də deyilənləri təkrar etməyə lüzum görmürəm. Sadəcə onu vurğulamaq istərdim ki, Dilşad xanım Cümhuriyyət ideallarına qeyri-adi vurğunluğu ilə seçilib, istər İstanbul Qız liseyində, istərsə də universitetdə təhsil aldığı illərdə Azərbaycan siyasi mühacirətinin Məhəmməd Əmin Rəsulzadənin də iştirak etdiyi çoxsaylı tədbirlərinə yaxından qatılıb.

 

Həyatını Azərbaycandan və Türkiyədən uzaqlarda - Amerikada başa vuran isə ailənin ortancıl övladı - Qəmər Talıbxanbəyli (Ağa-Oğlu) olub. Qəmər xanım 1903-cü il oktyabrın 15-də atasının xidmət yerində - Şuşada doğulmuşdu. Həyatının Azərbaycanda keçən dövrü haqqında çox az məlumat mövcuddur.  Orta təhsilini Bakıda, qız gimnaziyasında aldığını yəqinliklə söyləmək mümkündür.

 

O, hələ sadəcə Məhəmməd Ağayev kimi tanınan Mehmet Ağa-Oğlu ilə çox güman, Bakıda tanış olmuş, Türkiyəyə mühacirətə gedəndən az sonra isə evlənmişdilər. Çünki əri ilə birlikdə Qəmər xanım da  1922-ci ildə universitet təhsili almaq üçün Qərbi Avropaya - Almaniya və Avstriyaya yollanmışdı. Berlin, İen və Vyana universitetlərində tanınmış mütəxəssislərin yanında Şərq incəsənəti üzrə mükəmməl kurs keçmiş, əcnəbi dillərə yiyələnmişdi. Yeganə övladları - Gültəkin A.Ludden də 1923-cü ildə Almaniyada doğulmuşdu.

 

1927-ci ildə İstanbul universitetindən Şərq tarixi üzrə namizədlik dərəcəsi alan Qəmər xanım da muzeyçilik sahəsində çalışmağa başlamışdı. İki il sonra isə Detroyt Gözəl Sənətlər İnstitutunun əməkdaşlıq təklifini qəbul edən əri Mehmet Ağa-Oğlu ilə birlikdə Amerikaya köçmüşdü.

 

Ağa-Oğluların Miçiqandakı mənzili 1930-cu illərdə Amerikada sayca hələ o qədər də  böyük olmayan türk icmasının, özəlliklə də tələbə gəncliyin mütəmadi toplaşdığı yerlərdən idi. Bu münasibətlə çağdaş türk araşdırmaçılarından biri diqqəti həmin dövrdə Miçiqan universitetində sosiologiya ixtisası üzrə təhsil alan Türk İşçi Partiyasının gələcək lideri, Nazim Hikmətin məhbəs yoldaşı Bəhicə Boranın (1910-1987) məktublarına yönəldib. Məktublardan götürülmüş aşağıdakı sətirlər Miçiqanda bəlkə də barmaqla sayılacaq türk ailələrindən biri olan Ağa-Oğlu ailəsində səmimiyyət atmosferinin və türkçülük ruhunun yaşadığını, soydaşlar üçün bir  mədəni-mənəvi ocağa çevrildiyini düşünməyə əsas verir: “...bir də Şərq sənəti dərsi verən Mehmet Ağa-Oğlu bəy var. İndi özü İrandaymış. Gələcək ay təkrar bura dönəcəkmiş. Eşi və on-on iki yaşlarında qızı buradadır. Keçən gün onu (xanımını -V.Q.) ziyarətə getdik. Ufaq-təfək, şirin və zəki bir qadındır” (bacısı Nəfisə Urala 16 noyabr 1934-cü il tarixli məktubundan);  “Raqib Nurəddin bəy burada ikən İslam sənəti tarixi dərsi verən Mehmet Ağa-Oğlu bəylərə getmişdik. Raqib bəy pianonun arxasına keçdi, “Yeni Turan”ı çaldı. O çaldı, mən söylədim. Əski günləri andıq. Mehmet bəylərin bir çox alaturka (türk üslubunda - V.Q.) valları da var. Onları qrammafona qoyub məmləkəti düşünürük” (yenə bacısına 19 may 1935-ci il tarixli məktubdan); “Mehmet Ağa-Oğlu bəyin eşi Qəmər xanım da gələn ay İstanbula gedir. Sabah yox, o biri gün (cümə günü) bütün türk tələbələrə çay verir” (anasına 22 oktyabr 1936-cı il tarixli məktubdan).

 

Qəmər Ağa-Oğlu 1937-1938-ci illərdə Miçiqan universitetində postgraduate student - indiki terminlə desək, aspirant kimi  kurs keçmiş və Şərq incəsənəti tarixi üzrə namizədlik dərəcəsi almışdı. Ardınca isə Antropologiya muzeyinin dəvəti ilə elmi-tədqiqatlar aparmaq məqsədi ilə burada assisent kimi fəaliyyətə başlamışdı.

 

İkinci Dünya müharibəsi illərində qısa müddətə ABŞ ordusunun tədris proqramına cəlb edilmişdi. İkinci cəbhənin açılması ərəfəsində amerikalı zabitlərlə rus dili məşğələləri aparırdı.

 

Müharibə qurtarandan dərhal sonra - 1945-ci ildə Antropologiya muzeyinin Şərq bölməsində (Asiya kolleksiyası) mühafiz assisenti kimi işini davam etdirmişdi. 1951-ci ildə mühafiz yardımçısı, 1956-1974-cü illərdə isə mühafiz olmuşdu. Yeri gəlmişkən, Qəmər Ağa-Oğlu son illərə qədər muzeyin tarixində yeganə qadın mühafiz olaraq qalmaqda idi.

 

Bioqrafiyası və elmi karyerası ilə bağlı daha bir neçə məlumat: Qəmər xanım 1949-1962-ci illərdə Miçiqan universitetinin Antropologiya fakültəsində müəllim, 1962-ci ildən həmin fakültədə, 1964-cü ildən isə İncəsənət tarixi bölümündə associate professor (dosent) vəzifəsini tutmuşdu. Həmin vaxtdan   əməkliliyə ayrıldığı 1974-cü ilə qədər incəsənət tarixi professoru olmuşdu.

 

O, Cənub-Şərqi Asiya keramikası üzrə beynəlxalq miqyasda tanınan nüfuzlu tədqiqatçı və ekspert idi. 1944-1974-cü illərdə Şimali Amerikanın, Avropa və Asiya ölkələrinin çeşidli muzey kolleksiyalarında araşdırma aparmışdı. Onun “The William collection of  East Asian ceramics”, “The William collection of Far Eastern ceramics. Tonnancour section”, “Ying Ch`ing porselen found in Filippin”, “Ming blu and white jars in the University of Micigan collection” kimi kitabları, habelə çoxsaylı məqalələri və sərgi kataloqları mütəxəssislərin fikrincə Asiya və Uzaq Şərq incəsənətinin öyrənilməsinə ciddi töhfə idi. O, keramika mədəniyyətinə həsr olunmuş bütün beynəlxalq  konfransların iştirakçısı, bir çox hallarda isə məruzəçisi  qismində çıxış etmişdi. Miçiqan Universitetinin kampusunda (Ann-Arbor), habelə yerli Təbiət Tarixi muzeyində yaxından iştirakı və təşkilatçılığı ilə çoxsaylı şərq incəsənəti sərgiləri keçirilmişdi.

 

Qəmər Ağa-Oğlu bir arxeoloq kimi çöl ekspedisiyalarında, qazıntı işlərində iştirak etmirdi. Lakin Cənub-Şərqi Asiyada aparılmış arxeoloji tədqiqatlar zamanı tapılan maddi-mədəniyyət nümunələrini, ilk növbədə isə keramika məmulatını onun qədər yüksək peşəkarlıqla araşdıran, təsnifatını aparan, tarixi və sənətkarlıq meyarları ilə dəyərləndirən ikinci bir mütəxəssis yox idi. Uzun illər soydaşımızla birlikdə çalışan Miçiqan universitetinin professoru Karlo Sinopoli alim həmkarının məhz bu cəhətlərinə diqqət çəkərək yazırdı: “Mən həmişə Qəmərin bir neçə addım irəlini görməsindən və kolleksiyalara dərin bələdliyindən heyrətlənirdim. Asiya keramikasını incəlikləri ilə anlayıb dəyərləndirmək baxımından şübhəsiz, dövrünü xeyli qabaqlamışdı. Onun əsərləri bu gün də yarandığı şəraitin ruhuna uyğunluğunu qorumaqdadır. Kolleksiyamızdakı əlyazmalarında irəlini görməyə imkan verən xeyli məqamlar var və yenə ondan öyrənməyə davam etməliyik”.

 

Aradan keçən onilliklər də yüksək səviyyəli mütəxəssis kimi Qəmər Ağa-Oğlunun adının Asiya incəsənəti ilə məşğul olan amerikalı mütəxəssislərin yaddaşından silə bilməmişdi. Onun ölümündən 33 il sonra,  2017-ci ilin iyununda Miçiqan universiteti yanındakı Asiya muzeyinin mühafizi təyin olunan  Karlo Sinopoli demişdi: “Mən qürur duyuram ki, bir zamanlar Qəmər Ağa-Oğlunun - Asiya keramikası sahəsində bu qeyri-adi alimin tutduğu vəzifədə çalışacağam”.

 

lll

 

Mehmet və Qəmər Ağa-Oğlular alim kimi öz sahələrində şöhrətin zirvəsinə yüksəlsələr də, gündəlik həyatda xoşbəxtlik formulunu tapa bilməmişdilər. Həmin dövrdə bəlkə də bütün Amerikada yeganə olan bu ziyalı azərbaycanlı ailəsində nikah çox ehtimal ki, İkinci Dünya müharibəsinin sonlarına yaxın pozulmuşdu. Çünki həmin vaxtdan Mehmet Ağa-Oğluya dair sənədlərdə həyat yoldaşı kimi  artıq Qəmər xanım deyil, Dorota Pace Ağa-Oğlu (1910-1963) göstərilir. Ərinin ölümündən sonra onun arxivini Freer Gallery of Art-a verən də Dorota olmuşdu. Materiallarda yarana biləcək yarımçıqlığı aradan qaldırmaq üçün Qəmər xanım da 1959-cu ildə əlində olan bütün Ağa-Oğlu sənədlərini, əlyazmalarını və s. eyni qalereyaya təqdim etmişdi.

 

Professor Qəmər Ağa-Oğlu 1974-cü ildə həyatının 30 ildən çoxunu verdiyi Miçiqan universitetindən əməkliliyə ayrılmışdı. Ancaq vəfat etdiyi günə - 1984-cü ilin avqust ayına qədər Antropologiya bölümü və alim həmkarları ilə əlaqələrini kəsməmişdi. Universitet və onun nəzdində fəaliyyət göstərən muzeyin rəhbərliyi məsləhətçi qismində məşhur professorun  bilik və təcrübəsindən zaman-zaman yararlanmışdı. Zəngin elmi kitabxanası vəsiyyətinə əsasən 1985-ci ildə qızı Gültəkin A. Ludden tərəfindən Miçiqan universitetinin Antropologiya bölümünə hədiyyə edilmişdi.

 

Yeganə övladları, dost və yaxınlarının Gilli/Gülli deyə çağırdıqları Gültəkin Ağa-Oğlu da (1923) ailə ənənəsini davam etdirərək gözəl sənətlər üzrə ixtisaslaşmışdı. Ohayo universitetinin sənət tarixi bölümünün rəhbəri, professor Franklin Luddenlə (1921-2001) ailə qurmuşdu. İnternet vasitəsi ilə apardığım axtarışlar 95 yaşlı Gültəkin Luddenin indi də həyatda olduğunu, Ohayo ştatının Kolumbus şəhərində yaşadığını göstərir. ABŞ-nın məşhur ünvan portalında - whitepages.com saytında göstərilən telefonuna bir neçə dəfə zəng vursam da, cavab verən olmadı. Vaşinqtondakı səfirliyimizə məktub göndərib məsələ ilə maraqlanmalarını, ABŞ-da islam-Şərq incəsənəti tarixində parlaq iz buraxmış azərbaycanlı ailənin həyatda olan son nümayəndəsini, soydaşımızı axtarıb tapmaq xahişi ilə müraciət etmişəm.

 

Hələlik bir cavab yoxdur.

 

Almaniyada doğulan, bütün şüurlu həyatını Amerikada yaşayan Gültəkin Luddenin Cümhuriyyətdən xəbərsiz qalmasını bəlkə də təbii qarşılamalıyıq.

 

Onun Azərbaycandan gedib Amerikanı “fəth edən”, xalqımızın intellektual potensialını və yaradıcı təxəyyülünü cəsarətlə ortaya qoyan valideynləri isə, heç şübhəsiz Cümhuriyyətin yadigarı, Cümhuriyyətin davamçıları  sayılmalıdırlar...

 

May, 2018-ci il. Budapeşt

 

525-ci qəzet.-2018.-15 iyun.-S.18-19.