Cəmiyyəti düşündürən yazıçı

 

NƏRİMAN ƏBDÜLRƏHMANLININ 60 İLLİYİNƏ

 

Bədirxan ƏHMƏDLİ

 

Çağdaş ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri Nəriman Əbdülrəhmanlının 60 yaşı tamam olur.

Ədəbi prosedə bir yazıçı, publisist, kinossenarist, tərcüməçi və tədqiqatçı kimi tanınan N.Əbdülrəhmanlı Azərbaycan bədii nəsrini onlarla hekayə, iki povest, beş romanında yaratdığı orijinal obrazları, xarakterləri, təkrarolunmaz süjet xətləri, təhkiyəsi, dili və modern nəsr texnikası ilə zənginləşdirmişdir. Onun tərcüməsində oxucular dünya ədəbiyyatının yüzə qədər roman, povest və hekayələri ilə tanış olmuşdur. “Könül elçisi...” və “Qurban...”, “Taclı  əsərlərilə tarixi romançılıq özünün yeni mərhələsinə daxil olmuşdur.

N.Əbdülrəhmanlı əvvəlcə publisistika ilə məşğul olub, daha sonra isə hekayələrini, məqalələrini və tərcümələrini dərc etdirib. Kinopublisistika və kino tarixi ilə əsərlər yazıb. Bir çox ssenariləri üzrə bədii və sənədli kinofilmlər çəkilib. 80-ci illərdən bədii tərcüməylə ciddi və ardıcıl məşğul olur; dünya ədəbiyyatının görkəmli nümayəndələri Xorxe Luis Borxes, Jan-Pol Sartr, Qoderzi Çoxeli, Orxan Pamuk, Fərəh Pəhləvi, Andrey Platonov, Gustav Le Bon, Fyodor Dostoyevski, Paulo Coelyo, Qabriel Qarsia Markes, Andrey Platonov, Nəcib Fazil Oısakürək, İsgəndər Pala, Əlif Şəfəq, Vasili Şukşin, Yuri Kazakov, Vladimir Varava, Fazil İskəndər, Murakami, Ahmet Hamdi Tanpınar və b. onlarla roman və hekayələrini dilimizə çevirib. Əsərləri türk, rus və ingilis, gürcü dillərinə tərcümə olunub.

Bədii nəsr N.Əbdülrəhmanlı yaradıcılığının ana xəttidir. Yeni yüzillikdə bir-birinin ardınca “Yelçəkən” (povest və hekayələr, 2004), “Yalqız” (roman və hekayələr, 2006), “Könül elçisi, yaxud Xuan de Persia - Oruc bəy Bayatın hekayəti” (roman, 2006), “Yolsuz” (roman, 2011), “Yolçu” (roman, 2013), “Qurban” (roman-xronika, 2014), “Dönəlgə” (hekayələr, povest, roman, 2015), “Taclı” (2016) və s. onlarla kitabları dərc edilib. “Gönül elçisi, Don Juan de Persia - Oruç bey Bayatın hikayesi” (2015) romanı və “Dört dörtlük” (İstanbul, 2007) kitabları Türkiyədə işıq üzü görüb. Yazıçının orijinal nəsr və tərcümə yaradıcılığı təxminən otuz cildi əhatə edir. Çoxjanrlı və çoxsahəli (elmi, publisistik, ədəbi, bədii, tərcümə və s.) yaradıcılığında heç kimə bənzəməyən yolu və üslubu, ədəbi-bədii texnologiyaları, orijinal obrazları, janr, struktur yenilikçiliyi mühüm yer tutur.

Bədii yaradıcılığa ötən əsrin 80-ci illərindən  hekayə ilə başlayıb. Ədəbi orqanların az olduğu, üstəlik, bədii əsər çap etdirməyin üzücü bir prosesdən keçməli olduğu bu illərdə onun cəmi bir neçə hekayəsi dərc edilib və belə demək mümkünsə, böyük ədəbiyyata gəlməkdə on-on beş il gecikib. 90-cı illərdə dərc edilən “Yelçəkən”, “Şeytan mövsümü”, “Gələn adam”, “İşıqsızlıq”, “Kəpənək” və s. hekayələri ilə ədəbi mühitin diqqətini cəlb edib. Bu hekayələr strukturu, süjet xətti, mövzu və problematikası ilə yeni bir hekayəçilikdən xəbər verirdi. Hekayələrin çoxunda ənənəvi təhkiyəçilikdən və süjet xəttindən, dialoqlardan, bütövlükdə nəsr texnikasından, demək olar, imtina edilir. “Gələn adam” hekayəsi bir şəxsin düşüncələri üzərində qurulub. Gələn adam cəmiyyətdə elə bir yer tutmamış, həyatda yaşamağı bacarmayan adamlardandır; onun bu cəmiyyətdə gedəsi yeri, üz tutası adamlar çox azdır. İçki onu cəmiyyətdəki işindən, adamlardan ayrı salmış, ailədə hörmətdən düşmüşdür. Nəticədə iki uşağı və arvadından ayrılmışdır. Onun-bunun evində gecələyir. Ən qəribəsi də odur ki, bu qəhrəman (Gələn adam) nəinki dəyişmək, həyatı yenidən başlamaq iqtidarındadır, heç bu barədə düşünmək belə istəmir. Lakin bununla yazıçının məqsədi onu cəmiyyətə yad ünsür kimi təqdim etmək deyil, əksinə, bu vəziyyətə düşməsində cəmiyyət problemlərini düşünmək və həll etmək istəyindən irəli gəldiyini göstərməkdir.

N.Əbdülrəhmanlı hekayələrində təhkiyə orijinallığı xüsusi yer tutur. Təhkiyənin birinci cümləsindən başlamış sonuncuya qədər hadisə və təsvirlər bir-birinə sıx bağlı olur. İlk cümlədən başlayan təhkiyə cazibədarlığı ideyanın açılmasına qədər davam edir. “Yelçəkən” hekayəsinin qəhrəmanının müəllifə “...nə sirdisə, hər gecə yuxumda uçuram. Elə bil hardansa əsən yel məni qabağına qatıb aparır...” etirafı hadisələrin sonuna doğru təsdiqini tapır. Hardansa “əsən yelin” onu qabağına qatıb aparması hekayənin süjet xəttini də müəyyən edir və bununla 80-ci illərin mövcud cəmiyyətində ziyalı zümrəsinin obrazını yaradır. Oxucu Yelçəkənlə yanaşı, onun Dostu, Qəmsiz cavan, Köşəyazarı, Uzunsaçlı şair, Bəyazüzlü şair, Solğun bənizli nasir, öndər və b. obrazlar yaratmaqla mövcud cəmiyyətin bütün zümrələrini təmsil etməyə çalışır. Hekayədə 80-ci illər milli azadlıq ideyaları ilə nəfəs alan və bu sahədə müəyyən işlər görmüş bir azadlıq aşiqinin ümumiləşmiş obrazı da yaradılır. Yelçəkənin olduğu məkanlar-Akademiya, Yazıçılar Birliyi, televiziya, çayxana və s. yerlər, işlətdiyi “demokratiya”, “azadlıq”, “plüralizm” ifadələri dövrün reallığını olduğu kimi əks etdirir.

N.Əbdülrəhmanlı hekayələrində hadisəçiliyə qaçmır, əksinə, böyük bir dövrün epoxal hadisələrinin (“Yelçəkən”də olduğu kimi) psixoloji məqamlarını əks etdirir. Onun qəhrəmanları cəmiyyətin sanki incidilmiş, aldadılmış, alçaldılmış, yaxud cəmiyyətdə yer tutmayan məğlub olmuş kəsimləridir. Onlar üçün bu cəmiyyətdə yaşamaq çox çətindir, çətinliklə yaşadıqları kimi həyatda da elə bir mövqeyə sahib olmurlar. Onlar həyatda ya işsizdir, ya maddi sıxıntı içərisində boğulur, çabalayır, ya da kirayədə  yaşayırlar. Rayon qəzeti nəzdindəki ədəbi birliyin üzvü Məhərin “fərqlənmək”, “məşhur olmaq” üçün Kazım Biləndərin onu televiziyaya dəvət etməsi, lakin dost-tanış arasında biabır olması (“Çıxış”), arvadının tənəli danışıqlarına qulaq asıb dolanışığını yaxşılaşdırmaq üçün şər işə qol qoyan Kişinin səkkiz il iş alması, həbsdə olarkən anasının vəfat etməsi, ailəsinin dağılması (“Dönüm”), saflıq, paklıq nümunəsi ağlıkəm Lələnin (“Lələ”) taleyi belələrindəndir. “İşıqsızlıq”, “Cümə axşamı”, “Gözəl kişi”, “Ağ bayraq”, “Qapı”, “Təsadüfi adam” hekayələrində qəhrəmanlar zülmətdən, düşdükləri uğursuzluq zolağından çıxmaq uğrunda mübarizə aparırlar.

N.Əbdülrəhmanlının həm hekayələri, həm də romanları üçün xarakterik olan xüsusiyyətlərdən biri qəhrəmanlarına ad verməməsidir. Yazıçı bir çox obrazlarına ad vermir; Yelçəkən, Kişi, O, Gələn adam, Kişi qırığı, Lələ və s. adlarla adlandırır və bununla sanki onları rəmzləşdirir, ümumiləşdirir.  Bununla belə, obrazların adsız olması əsərin bədii effektini azaltmır, bəlkə də artırır. Çünki onun əsərlərində obrazların ənənəvi təqdimatı və traktovkası ilə qarşılaşmırıq, burada ad aparıcı deyil, onun daşıdığı ictimai yük, fəlsəfi tutum üstünlük təşkil edir. Yazıçının bu obrazlarının hər biri sosial gerçəyi ifadə edir və sosyo-mədəni toplumların iç-içə olan psixolojisini yaşadır.

N.Əbdülrəhmanlının “Dönəlgə”, “Göy adamı” povestləri, “Könül elçisi...”, “Yalqız”, “Yolçu”, “Yolsuz”, “Qurban...”, “Taclı” romanları milli nəsr poetikasını zənginləşdirən və dünya bədii düşüncəsinə yaxınlaşdıran əsərlərdəndir.  Assosiasiyalar üzərində qurulmuş “Yalqız” romanı çoxqatlı məzmuna malik olmaqla polifonikliyi ilə seçilir. Əsərin assosiasiyalar üzərində qurulması müəllifə qəhrəmanın və cəmiyyətin ayrı-ayrı problemləri ilə bağlı düşüncələrini (real və irreal) verməyə imkan yaradır. Yazıçının romana Hermen Hessenin “Yalquzaq” əsərindən gətirdiyi “Yalquzağıydı, eyni zamanda, mənim yaşadığım dünyadan daha artıq başqa aləmdən olan çəkingən, hətta çox çəkingən varlığıydı...” proloqu onun sakit, qapalı, bir qədər də bəxtsiz taleyi haqqında müəyyən bir müəllif xəbərdarlığı kimi səslənir. Əsərin Yalqızın borc üçün qardaşının yanına getməsilə başlamasının da müəyyən mənası var; onun kitab almağa belə pulunun olmaması mövcud durumu bütün reallığı ilə əks etdirir. Roman boyu qəhrəmanın ətrafında baş verən hadisələr onun tənhalığını şərtləndirən amil olduğundan, əslində, bu yalqızlığı bütövlükdə cəmiyyətə aid etmək olar. Əsərin qəhrəmanı vaxtilə kənddən böyük ümidlərlə şəhərə gələrək burada ali məktəb bitirib böyük iddialarla yaşasa da, cəmiyyətdə, həyatda özünə gün ağlamayan, “bir qarın ac-bir qarın tox” ömür sürən, allahın ona göndərdiyi talesizliyi ilə barışmış bir adam təsiri bağışlayır. Bununla yazıçı demokratik cəmiyyətqurma prosesinə özünün müstəqil baxışı olan ziyalıların ümumiləşmiş obrazını yaratmağa çalışmışdır. Əslində, onu cəmiyyətdən təcrid edən də hadisələrə, insanlara fərqli baxışı, münasibətləridir. Olsun ki, əsərin qəhrəmanı ilə yazıçı şəxsiyyəti arasında müəyyən uyğunluqlar, paralellər də aparmaq olar. Bu cəhətdən N.Əbdülrəhmanlının qəhrəmanı 80-90-cı illər Azərbaycan cəmiyyətinin düşdüyü tənəzzül və çıxılmazlığı yaşayan və buna qarşı mübarizəsi, əks hərəkət istiqaməti olmayan ziyalılığın obrazını ifadə edir. Bu mənada Yalqız ziyalılığın məhvə məhkum olmasını aktlaşdırır. Zamanın qəhrəmanının yalqızlıq, tənhalıq girdabına düşməsi və buradan çıxa bilməməsinin (və ya özünü öldürməklə çıxmağının) nədənlərini ictimai-siyasi, mənəvi-əxlaqi proseslərdə axtarmaq lazım gəlir. Üstəlik, bu qəhrəman yazı-pozu adamı olduğundan onu narahat edən suallar, həllini görmək istədiyi problemlər ictimai-siyasi, mənəvi sferanı tamamilə özündə ehtiva edir. Vəzifəli dostu, köhnə tanışı və qəzetçi  tanışı ilə söhbətləri, yalqızlıq zamanındakı düşüncələri müasir ədəbi, mədəni elitada gedən prosesləri reallığı ilə çatdıra bilir. Bu hadisələrin düşüncələr düzümündə qəhrəmanın dili ilə verilməsi əsərin ideya məzmununa xidmət edir.

N.Əbdülrəhmanlı “Yalqız” romanı ilə yeni roman təfəkkürü (və modelini!) inkişaf etdirdi, onun bədii nəsri bütün parametrlərilə (üslub, təhkiyə, fəlsəfi tutum, psixoloji təhlil və s.) modernist nəsr anlayışını özündə ehtiva edir. Bu cəhətdən N.Əbdülrəhmanlının romanı türk yazıçısı O.Pamukun qəhrəmanları ilə yaxın və eyni düşüncəni təmsil edir. “Yalqız”dan sonra yazdığı “Yolçu” və “Yolsuz” romanları ilə bir qədər də bu xətti irəli apardı. Sonuncu iki roman əvvəlki romanların davamı kimi səslənir. Bu cəhətdən bu romanları N.Əbdülrəhmanlı yaradıcılığında triada kimi qiymətləndirmək olar.

“Yolsuz” romanı bir psixoloji araşdırma üzərində qurulub, bu psixoloji araşdırmanı yazar və baş qəhrəmanla birlikdə oxucu da aparır. Romanın baş qəhrəmanı psixoloq əsər boyu “qadını olmuş kimsə” ilə münasibətlərinə aydınlıq gətirmək və ayrılmalarının nədənlərini, buraxdığı səhvlərin səbəb və nəticələrini araşdırmağa çalışır. Bu obrazı yaratmaqla yazıçı romanda hər şeyi bilən, hadisələri süjet boyu düzən və onlara münasibət bildirən (və bütün bunlarla yazıçıya kömək göstərən) obraz yaratmağa nail olur. Burada psixoloq (romançı) həm də müəllif işini görür, özünün yaşadığı həyatın tarixini yazır və yazarla oxucu bir çox məsələlərdə qəhrəmanla gah eyniləşir, gah da cəmiyyətə suallar ünvanlayırlar.  Mövzunun özü yazıçının macəra və dedektiv janrlarının elementlərindən, yeri gəldikcə, istifadə etməsinə imkan yaradır. Əsərin strukturunun mürəkkəb kombinasiyalar üzərində qurulması yazardan maksimum  sənətkarlıq və romançılığın indiyədək qullanılmamış formalarından bəhrələnmək, ortaya yeni bir təhkiyə qoymağı şərtləndirir.

“Yolsuz”da psixoloq və aktrisanın münasibətlərinin psixoloji məqamları da mürəkkəb kombinasiyalar üzərində qurulub: psixoloq həm peşəsinin imkan verdiyi nəzəri və praktiki düşüncə orbitindən çıxış edir, həm qadınını itirmiş bir ər roluna girir, həm də bir yazar olaraq bu münasibətlərə bədii, fəlsəfi aspektdən yanaşır. Süjet boyu müəllifin də psixoloqun boyuna biçilmiş bu rollardan hansına üstünlük verməsi aydın olmur, çünki bu rolların (hələ bunlardan başqa epizodik rollar da var) hər biri onun dünyagörüşünün müxtəlif məqamlarına işıq salır. Birgə yaşadıqları ilk illərdə qadınının filmə çəkilməsini istəməməsinin əsasında onun kino mühitinin qadına formalaşmış münasibəti dayanırdı: “... özüm o mühitdən uzaq olsam da, hərdənbir operator dostumun yanına gedib-gələndə orda aktrisaya, qadına necə münasibətin olduğunu sezirdim; çoxundan ötrü aktrisa potensial məşuqə, söz atmaq, əl vurmaq, dalınca olar-olmaz şeylər danışmaq üçün bir məxluqdu”.

“Yolsuz” romanının strukturunda “yolsuz”ların və “yolsuz”luğun  taleyi dayanır; onların keçib gəldiyi “yol”un yolsuzluğu və “yolsuzluğun yolu” zəncirvari şəkildə göstərilir; altmış yaşlı üç kitab müəllifi şairin  psixoloji  müalicəsinin əsasında cəmiyyət və şair qarşılaşması (yaxud qarşıdurması!) dayanırdı. Psixoloqun “könüllü yardım” adlandırdığı xanımın taleyində də bir yolsuzluq baş qəhrəmanın həyatı ilə paralellik təşkil edir: ərinin xəyanəti nəticəsində psixoloji müvazinətini itirməkdə olan bu xanım daxili iztirab duyan kişi (psixoloq) ilə ayaqda qalmağa çalışır.

“Yolsuz”un modern özəlliklərindən biri də roman boyu müəllifin özətlərdən (tezis), xülasələrdən, ayrıntılardan və suallardan istifadə etməsidir. Bu qədər hadisənin düzülüşü və oxucuya təqdimində yazıçı qətiyyən xaosa yol vermir, son dərəcə zərgər dəqiqliyi ilə mürəkkəb kombinasiyalarla zaman və məkanı dəyişir, bir hadisədən və zamandan, eləcə də məkandan digərinə keçə bilir. Bir çox hadisə və məkan zənginliyində yalnız özət texnikasının qullanımı ilə çıxmaq mümkün idi ki, yazıçı bundan uğurla yararlanmışdır. Bu romanda özətin ən çox işlədilən formalarından biri obrazların keçmişini və bugününü xülasə şəklində oxucuya çatdırmaqdır; romançı burada hadisələr və talelər arasında əlaqə yaratdıqdan sonra anidən zamanında irəli-geri hərəkət edərək məkanı da dəyişməyə nail olur. Zamanda geriyə dönüş (retrospection) obrazların keçmişini özətləməklə yanaşı, yazıçını təhkiyə monotonluğundan da qurtarmış olur. Yəni N.Əbdülrəhmanlının bu romanının mürəkkəb strukturundakı (əsərin əsasında psixoloqun düşüncələri, şərhləri, münasibəti dayanır) ilk baxışdan monotonluq (dialoqsuz hadisələrin şərhi) yaratmalı olsa da, yazıçı bu strukturun mürəkkəbliyindən məhz çeşidli roman texikasından istifadə etməklə çıxır.

N.Əbdülrəhmanlı yaradıcılığında tarixə münasibət və baxış özünəməxsusdur. “Könül elçisi, yaxud Don Xuan de Persiya Oruc bəy Bayatın hekayəti” və “Qurban. Yüz ilin “Əli və Nino” əfsanəsi” və “Taclı” romanları tarixi düşüncəni əks etdirmək baxımından bədii nəsrimizdə yeni bir mərhələnin əsasını qoyur.  “Könül elçisi...” romanında yazıçı tariximizin qaranlıq səhifələrinə baş vuraraq I Şah Abbas hakimiyyəti dövründə Moskov çarlığına və Avropa ölkələrinə göndərdiyi səfarətin birinci katibi Qərbdə Don Xuan de Persiya adı ilə tanınan Oruc bəy Bayatın ömür hekayətindən bəhs olunur. Azərbaycan ədəbiyyatında tarixi romanın az qala yüz ilə qədər yaşı vardır; bu dövrdə Y.V.Çəmənzəminli, M.S.Ordubadi, A.Zöhrabbəyov, İ.Hüseynov, Ə.Məmmədxanlı, Ə.Cəfərzadə, M.İsmayıl, F.Kərimzadə, S.Rüstəmxanlı və başqalarının tarixi romanları keçmişin təsvirində müəyyən bir mərhələ təşkil etmişdir. Lakin çağdaş dövrdə tarixə yeni təfəkkürlə yanaşmaq və təsvir etmək nəsrin başlıca vəzifələrindəndir. Bu cəhətdən yazıçının “Könül elçisi...” romanı özünün üslubu, dili, sintaksisi, strukturu və hadisələrə yanaşması baxımından milli tarixi romanın yeni bir mərhələyə daxil olmasını göstərir. Roman 9 fəsildən ibarətdir, lakin müəllif bu fəsillərdən əlavə “Ön söz yerinə, yaxud dördüncü kitabın sirri”, “Kitabı yazmağımın səbəbi” bölümlərində tarixi hadisələrə müraciətin səbəblərinə baş vurur. Təbii ki, Oruc bəy Bayat haqqında tarixi materiallar çox azdır, bu az materialların özündə belə, ziddiyyətli fikirlər çoxdur. Buna görə də yazıçı romana maraqlı struktur verir; belə ki, uzun müddətdən bəridir ki, Oruc bəy Bayat haqqında düşünsə də, Təbrizdə və Həştərxandakı araşdırmaları bir nəticə vermir. Təbrizli dostunun fikrincə, xristianlığı qəbul etmiş bir adamın həyatı ilə maraqlanmaq özü çətin bir məsələdir. Buna baxmayaraq, bir müddət sonra təbrizli dostu iki vərəqdən ibarət bir əlyazma göndərərək “Bu sənədin surətini hardan, necə tapmağımla maraqlanma. Nə dil bilsin, nə dodaq. İşin uğurlu olsun. Əgər köməyi dəyəcəksə, çox şad olaram. Qardaşın Pərviz Kazımi” sətirlərini yazır. İki vərəqlik əlyazma isə Oruc bəy Bayatın oğlu Sultanəliyə məktubundan ibarət idi. Bu məktub yazıçıya Oruc bəy Bayatın əslində olduğu kimi göstərilmədiyinə qəti əminlik və romanın yazılmasına ümid yaradır. Ən əsası isə Oruc bəy başına gələn hadisələri dörd kitabda əks etdirdiyini və onları da Xoca Dilmandan göndərdiyini qeyd edirdi. Məktubdan öyrənmək olur ki, onun məmləkətinə dönməməsi və dinini dəyişməsinin əsas səbəbi iyirmi beş ilini şaha, məmləkətinə və dininə sədaqətlə xidmət etmiş,  lakin şahın ətrafını bürüyən “satqınlar, yaltaqlar, kafirlər” dövləti, dini təhlükə qarşısında qoyduqlarından bu yola əl atmışdır. Təbrizdən gələn bu məktubdan sonra yazıçı Oruc bəyin oğluna göndərdiyi əlyazmanı axtarmaqla məşğul olur və nəhayət o əlyazmanı Gürcüstan Əlyazmalar İnstitutundan tapmağa və çətinliklə də olsa üzünü köçürməyə müvəffəq olur. Əslində, yazıçının təqdim etdiyi romanın strukturunda əlyazma-roman paralelliyi əsərin ana xəttini təşkil edir. Əlbəttə, bu, bir üslubdur və yazıçı bununla mətn içində mətn strukturuna üstünlük verir. Maraqlıdır ki, romanda verilən iki təhkiyə (yazıçı və Oruc bəy Bayat) və dil sona qədər paralel şəkildə davam edir.

Yazıçı Oruc bəy Bayatı dinini dəyişən, Qərbdə şənin sonetlər yazılandan daha çox bir insan, şair, vətənpərvər, döyüşçü və diplomat kimi təsvir edir. Yazıçı romanda Qərbdə “qadın düşgünü” kimi tanıdılan Oruc bəyin obrazını dağıtmağa nail olmuş, tariximizin ən qaranlıq səhifələrini işıqlandırmışdır. Ömürlük qürbətə məhkum olan Oruc bəyin əslində, bir vətənpərvər olduğunu, əzablı yolçuluq, macəralı həyat, üzləşdiyi təhlükələr belə onu tutduğu həqiqət yolundan döndərə bilmir. Romanda çağdaş tarixi problemlərimizin əsasının o zamanlardan qoyulduğunun, bir çox məsələlərdə hələ də tarixdən dərs almadığımızın nəticəsi də aydın olur.

N.Əbdülrəhmanlının bir qədər yaxın tarixi hadisələrə həsr olunmuş “Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi” roman-xronikası sonuncu  əsəridir. Lakin əsər roman haqqında roman olmaqdan çıxaraq iki yazıçının-Y.V.Çəmənzəminli və Məhəmməd Əsəd bəyin və azərbaycanlı mühacirlərinin taleyi haqqında rekviyemə çevrilib. Mürəkkəb, ziddiyyətli hadisə və faktlarla zəngin olan bu iki şəxsiyyətin həyatını təsvir etmək üçün orijinal yolla gedir; hər iki yazıçının həyatını bir-birindən xəbərsiz eyni faciəli taleyə doğru getdiyi yolu təsvir edir. Roman yeni model üzərində qurulur; bu struktur bir qədər “Könül elçisi” romanına da bənzəyir, ancaq orada yalnız Oruc bəy Bayatın taleyi əks etdirilirsə, burada paralel olaraq Y.V.Çəmənzəminli, M.Əsəd bəy, “Əli və Nino” romanının, eləcə də Cümhuriyyət və cümhuriyyətçilərin taleyi önə çəkilir, hətta Cümhuriyyətin Qurban obrazının yaradılmasına doğru gedir. Bütün bunları yazıçı özünəməxsus nadir təhkiyə quruluşunun hesabına edir; təhkiyənin tarixilik və müasirlik konteksti zəngin hadisə və informasiyaların çatdırılmasına imkan yaradır. Bu təhkiyə yazıçıya onlarla insan taleyini, sovet rejiminin insanları repressiyaya məruz qoymasını bütün gerçəkliklərilə təsvir etməyə imkan verir. Uzun illərin gərgin axtarışlarının məhsulu olan romanın 37 fəsildə verilməsi, eləcə də mətnin hər fəsildə paralel olaraq gah Y.V.Çəmənzəminli, gah da M.Əsəd bəyin üzərində gəzişmələri onun oxunuşunu asanlaşdırdığı kimi, hadisələrin də götürülmüş xətt üzrə davam etməsini şərtləndirir.

Yazıçı romanda 30-40 ilin tarixi hadisələrini, şəxsiyyətlərini milli istiqlal düşüncəsi fonunda əhatə etməyə çalışır; Y.Vəzirin, demək olar ki, hər addımını izləyir, onun və ətrafında olan insanların (Mirhəsən Vəzirov, Haşım bəy Vəzirov, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, C.Hacıbəyli, N.Yusifbəyli, Qəzənfər Musabəyov, Nəriman Nərimanov, Mir Abdulla, Hilal Münşi, İbad Əliyev, Elfride Ehrenfels, Cümhuriyyətin xaricə oxumağa göndərdiyi tələbələr, eləcə də, əsrin əvvəllərindən 40-cı illərə qədərki baş vermiş hadisələr və s. ) zərgər dəqiqliyilə bir-birilə əlaqələndirilir və bağlanır. Yazıçı yalnız arxiv sənədlərində, mətbuatda, xatirələrdə donuq, səpələnmiş vəziyyətdə qalan faktları konstatasiya etmir, xronoloji hadisələrdən özü yeni bir tarix yazmağa müvəffəq olur. Dövrün lokal və qlobal tarixi hadisələrini bir-birinə asanlıqla bağlayır. Bu cəhətdən roman demək olar ki, dövrün epoxal tarixi hadisələrini tam əhatə edir. Özünün də qəlbən inandığı bu tarixə oxucunu çox asanlıqla inandırır. Y.Vəzirin Kiyevdə konsulluq, İstanbulda səfirliyi dönəmi, mühacirət illəri, vətənə dönüşü, repressiyası və s. tarixi hadisələrlə şəxsi talenin fonunda əks etdirilir. Yazıçı əldə etdiyi arxiv sənədlərindən son dərəcə yerində və məharətlə istifadə edərək hadisələrin təsvirində sənədliyi qoruyub saxlayır, lakin bunu qətiyyən bədiiliyin zəifləməsi hesabına etmir. Romanda yüzlərlə şəxsiyyətin, onlarla tarixi hadisənin təsviri belə romanın strukturuna xələl gətirmir, bəlkə də yazıçı ideyasının açılmasına xidmət edir. Ə.Ağaoğlunun Nuru paşanın siyasi müşaviri olması, Qafqaz İslam Ordusu Azərbaycandan çıxarkən Milli Hökumət başçılarının onu dilə tutmalarına rəğmən İstanbula qayıtması, Maltaya sürgün olunanda səlahiyyətlərinə daxil olmasa da, xariciyyə vəkili Əhməd Fərid bəyin hüzuruna gedib onun həbsinə etiraz etməsi, keçmiş tələbə yoldaşı Qəzənfər Musabəyovun bolşeviklərə qoşulması və s. onlarla hadisələr sənədlərə, xatirələrə, gündəliklərə əsasən verilir. Bəzən yazıçı hər hansı bir məqalədən, qəzet materialından və sənədlərdən passajlar da verməyi lazım bilir. Bu passajlarla yazıçı tarixi romanın əsas məziyyətlərindən olan tarixiliklə bədii təxəyyülün sintezini yaratmış olur.

N.Əbdülrəhmanlının romanları çağdaş bədii nəsrimizdə özünəməxsus yer tutur; bu əsərləri ilə yeni bir roman mərhələsinin başlanğıcını qoyur. Onun özünəməxsus dünyası və bədii üslubu var; bu üslub sadə bir mexanizm üzərində qurulur, yaşadığı dünyanın gerçəyini ürəyinin və ağlının süzgəcindən keçirərək yeni bir dünya yaratmaq. Bir modern romançı olaraq roman dünyası insan ruhunun dərinliklərini, gizlinliklərini bütün varlığı ilə üzə çıxarmağa xidmət edir. Hər  romanda yazarın yeni bir dünya yaratması və oxucularına tanıtması sənətdə yeni bir mərhələnin yaradılması deməkdir. Bu mənada “Yalqız”, “Yolçu” və “Yolsuz” triadasını  bütün parametrlərilə (mövzu, problem, ideya, obrazlar, dil və struktur və s.) həm yazarın, həm də nəsrimizin ədəbi hadisələri olaraq diqqəti cəlb edir.

N.Əbdülrəhmanlının nəsr dili çox çevikdir; demək olar ki, onun nəsr dilində artıq hadisələr, fikirlər, heç cümlələr, sözlər belə yoxdur. Hətta bədii mətnlərinin əvvəlindən sonuna qədər dil materialından hər hansı bir sözü, ya hissəni çıxarmaq mümkün deyil. Zatən çoxqatlı süjet xətlərinin çarpaz təsvirinə yazıçı dilin çevikliyi, sözlərin, cümlələrin məna yükü hesabına nail olur. Yazıçının bəzən yarım səhifə, ya bir səhifədə davam edən nəsr sintaksisi aydındır, oxucunu yormur, fikir yüklü olduğundan semantik və üslubi məna daşıyır.

N.Əbdülrəhmanlının nəsr yaradıcılığı üslub polifonikliyi və sintetikliyi ilə diqqəti cəlb edir. Hekayələri də daxil olmaqla hər bir əsərində yazıçı fərqli, bədii materialı bütün təfərrüatı ilə ifadə edə bilən bir üslub qullanır.  Bəlkə də bir yazıçı kimi Nərimanın uğurlarını şərtləndirən əsas faktorlardan biri budur. Nərimanın yazıçı üslubu yalnız öz yaradıcılığında deyil, ümumən Azərbaycan romançılığında yeni və orijinal olduğu kimi, həm də ayrıca bir mərhələdir. Yazıçının üslub sintetikliyi romandakı hadisələri bir-birinə ilmək edir, eyni anda bir çox zaman və məkan ünsürünü, baxış bucağını ələ ala bilir, onları bir-birilə qarşılaşdırır, eləcə də birləşdirir. Yazıçının fövqəladə sintez yetənəyi dərin, çoxqatlı həyati görüşlərini, bədii gerçəklikləri təsvir etmək, hadisələrin fəlsəfi mahiyyətini açmaq üçün yetərli olur. Bütün bunlara rəğmən, yazıçı üslubunun ən böyük özəlliyi təbiiliyi, hadisələri sıralama ilə sadə, sadə olduğu qədər də tutumlu, ictimai, fəlsəfi yüklü fikirlərlə davam etdirməsidir. Onun bənzərsiz üslubu elə ilk cümlədən oxucunu sehrləyərək əsərin sonuna qədər onu buraxmır, özünü, varlığını qəbul etdirir.

Nəriman Əbdülrəhmanlı yaradıcılığının monumentallığı ilə şəxsiyyəti bir harmoniya təşkil edir; sanki yazıb yaratmaq üçün dünyaya gəlib. Əsərlərindəki nəsr texnikası və bədii texnologiyaları, ideya və məzmun çoxqatlılığı ilə bədii nəsrimizi dünya nəsrinə xeyli dərəcədə yaxınlaşdırıb. Çağdaş ədəbi prosesin mərkəzində qərar tutub. Həyatda son dərəcə orijinal və təvazökar adamdır. Yaradıcılığında cəmiyyətə müəyyən mesajlar verməyi, cəmiyyəti düşündürməyi bacarır. Yazdıqlarına inanır və oxucunu da buna inandırır.  Çox az-az yazıçılardandır ki, özünün zəngin, intellektual dünyası var. Bu intellektuallıq onun əsərlərində, obrazlarında da özünü göstərir. Milli ədəbi prosesdəki yerini və mövqeyini yaxşı görür və dönmədən, yorulmadan üzərinə düşən yazıçılıq missiyasını həyata keçirir. Bu çətin və keşməkeşli yolda biz də YAZIÇIYA yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

525-ci qəzet.-2018.-15 iyun.-S.16-17.