Siyasi fırtınalara
barbarlığın təsiri
Təbiət və cəmiyyət
kataklizmləri
Telman ORUCOV
(XIX əsr Argentinasının
timsalında)
Təbiət kataklizmləri Yer kürəsinin
ayrı-ayrı hissələrində baş verməklə
böyük fiziki dəyişikliklər, gözlənilməyən
düzəlişlər əmələ gətirir.
Dənizlərin sahillərinin konfiqurasiyası öz əvvəlki
görünüşünü itirir, dağlar
dağıntıya məruz qalır, iqlim müəyyən
müddətə korlanır, atmosferdə havanın çirklənməsi
baş verir, bəzən hətta Günəş
işığı yer səthinə gəlib çatmır. 1883-cü ildə
İndoneziyadakı Krakatau adasında baş verən vulkan
püskürməsində adanın özü okeanın dibinə
çökmüş, on kilometrlərlə
hündürlüyə qalxan kül - Günəş və
Ay batması effekti yaratmışdı.
Kataklizm qədim yunan sözü olub, daşqın, ərazinin
su basması deməkdir. Kataklizm qlobal olmaqla,
dağıdıcı atmosfer və vulkan püskürməsi
proseslərinin təsiri altında yer səthinin geniş məkanında
üzvi həyatın xarakterində və şərtlərində
baş verən kəskin dəyişiklikdir. Daha geniş mənada, təbiətdə və cəmiyyətdə
baş verən dağıdıcı metamorfozadır.
Təbii fəlakətlərə tufan, tornado
(burağan), vulkan püskürməsi, zəlzələlər,
sunamilər, daşqınlar, dəniz sularının və
çayların daşıb sahili basması, torpaq
sürüşməsi daxildir. Bu fəlakətlər
insanın yaşayış mühitinə ağır ziyan
vurduğundan, onu ciddi problemlərlə üzləşdirir,
geniş miqyasda faciələrə səbəb olur. Kütləvi həlak olma baş verir, şəhərlər,
digər yaşayış məntəqələri məhv
olur, xarabazara çevrilir. Qədim Roma
imperiyasının İtaliya ərazisindəki Pompeya və
Herkulanum şəhərləri 79-cu ildə Vezuvi
vulkanının püskürməsi nəticəsində
kül təbəqəsi və lava altında qalmış,
minlərlə insan bir andaca həyatla
vidalaşmışdı. 1755-ci ildə
Portuqaliyanın paytaxtı Lissabon şəhəri zəlzələ
nəticəsində tamamilə dağılmış, 32 min nəfər
şəhər sakini həlak olmuşdu. 1988-ci ildə
Ermənistanın Spitak və Leninakan (indiki Gümrü) şəhərlərində
zəlzələdən 55 min adam
ölmüşdü. 1990-cı ildə İranda baş verən
zəlzələdə 40 min nəfər ölmüş, 100
min adam yaralanmışdı. Ümumiyyətlə,
XX əsrdə - 1908-ci illə 1990-cı il arasında
dünyada 23 təbii fəlakət baş vermiş, bu
kataklizmlərdə 1,5 milyona qədər
adam həlak olmuşdu.
2004-cü ilin dekabrında İndoneziyadakı Sumatra
adasının qərb sahilində sunami əmələ gətirən
zəlzələ olmuş, onun gücü 9.3 bala
çatmışdı. Sunami Hind okeanı sahillərindəki
torpaqlara böyük ziyan vurmuş, 230 min nəfər
adamın ölümünə səbəb olmuşdu. Sahillərdə dalğa 30 m. hündürlüyə
qalxmışdı. Sunami Asiya qitəsinin
6 ölkəsinin ərazisinə böyük
dağıdıcı təsir göstərmişdi. Bu vaxt yer səthində azad olunan enerjinin, 1945-ci ildə
Xirosimada atılan atom bombasının gücündən 1500 dəfə
çox olduğu bildirilir.
Bütün bunlar təbiət kataklizmlərinin dəhşətli
epizodlarıdır. Statistikanın iri rəqəmləri nəzərə
alınmasa belə, insan həyatının itkisi onun
yaxınları üçün ağır faciədir.
Bu fəlakətlərə qarşı səmərəli
profilaktik tədbirlər, tikintinin seysmik təhlükəni nəzərə
almaqla layihələşdirilməsi və inşa edilməsi,
əlbəttə, itkilərin və dağıntıların
miqyasının xeyli azalmasına şərait yaradır və
seysmik zonada olan şəhərlərə son onilliklərdə
böhran anlarında nisbətən az xətər
toxunması və dağıntının minimuma enməsi bu
mülahizəni təsdiq edir. Yatmış
vulkanların olduğu ərazidə vulkanlarla əlaqədar
risk faktorunu, onun gələcəkdə püskürməsi nəticələrini
minimuma endirmək üçün mümkün tədbirləri
təhlil etmək mühüm əhəmiyyət kəsb edir.
Təbiət kataklizmləri insan iradəsindən kənarda
baş verir, onun qarşısını almaq da əslində,
mümkün deyildir. Lakin ona hazırlıq görülməsi,
adamların vaxtında xəbərdar edilməsi, nəticələrinin
həcmini azalda bilər. Böhranı əmələ
gətirən faktorlara və onların simptomlarına, həmçinin,
fəlakətin yaranması ehtimalına məhəl
qoyulmaması isə ağır nəticələrə gətirib
çıxarır. Belə vəziyyətdə,
qəflətən böyük təhlükəyə məruz
qalmış insan baş verən kataklizmlərə
qarşı gücsüz, çox vaxt aciz qalır və
böyük haqq verməyə məcbur olur.
Lakin insanların, sotsiumun həyatında baş verən
bir sıra bədbəxtliklər isə onların
şüuru və fəaliyyəti nəticəsində
baş verir və bunlarda da təbiətin iştirakını
axtarmaq ağılsızlıqdır. Cəmiyyətdəki
kataklizmlər insan şüurunun cəhdi, müxtəlif
ideyaların həyata keçirilməsinin nəticəsi kimi
meydana çıxır. Bu fəlakətlər
bütöv xalqların həyat tərzini dəyişir, Lev
Tolstoyun təbiri ilə desək, insan ruhuna yad olan hadisə
kimi müharibələr, həm də xeyli qan tökülməsi
ilə müşayiət olunan inqilablar baş verir. Cəmiyyətdəki kataklizm öz
dağıdıcı və təsir gücünə görə
heç də təbiətdəki bənzərlərindən
geri qalmır. Bəşər tarixi ərzində
müharibələr daim ağır nəticələrə səbəb
olmuş, insanların nisbətən dinc həyatına zəhər
qatmışdır.
Müharibə, demək olar ki, dəyişilməz qalan
barbarlığın nəticəsi kimi meydana
çıxmışdır. Tarixin ilk dövrlərində
müharibə metodlarında heç bir məhdudiyyət yox
idi. Məğlub olan qüvvələri və
əhalini işgəncə, köləlik, ölüm və
mülkiyyətinin başqasının əlinə keçməsi
gözləyirdi.
Primitiv, savadlılıqdan əvvəlki müharibələr
öz xüsusiyyətlərinə görə heyvanları təqlid
etməyə bənzəyirdi. Lakin tarixdən əvvəlki
müharibələr, güman ki, heyvanlar arasındakı
döyüşlərdən hansısa bir şəkildə fərqlənirdi.
Çünki heyvanlar özlərini müdafiə
edəcəkləri barədə siqnal verdikdə, çox
vaxt döyüşdən vaz keçilirdi.
Müharibələrin məqsədi təkcə rəqibi,
düşməni qırmaq olmayıb, həm də bu vaxt
baş verən həmrəyliyin yüksəlməsi
hesabına sosial qrupu qoruyub saxlamaq idi. Müharibə, eyni
zamanda fərdin müəyyən fiziki ehtiyaclarını
ödəmək niyyətinə xidmət edirdi.
Vuruşmanı həm də etologiya - heyvanların təbii
şəraitdəki davranışı elmi ilə izah edirlər. Heyvanların
bir-birilə vuruşması insanın tətbiq etdiyi
müharibənin başa düşülməsinə də
inandırıcı kömək edə bilər. Təcavüzkar davranış, adətən, buna
sövq edilmələr nəticəsində baş verir və
bu, vuruşmağa aparır. Başlıca
münaqişə şəraitləri heyvanlar arasında da
aqressivliyə gətirib çıxarır. İnsan isə ətraf mühitin faktorlarına cavab
verdikdə, müxtəlif davranış nümunələrinə
cəlb olunur. Heyvanların sayı artanda
onların törəmə qabiliyyətləri azalır.
Belə bioloji nəzarət mexanizminin insan cəmiyyətində
necə fəaliyyət göstərməsi isə
lazımınca öyrənilməmişdir.
Heyvanların ərazi imperativi, ərazinin sərhədləməyə
və ona müdaxilələrə qarşı müdafiə
olunmağa onları məcbur edir. Axı həmin ərazi
qidalanma və bala verməyə xidmət edən zona rolunu
oynayır. Onlardakı bu analogiya insan davranışlarına da
keçir.
İnsanın psixoloji təbiətinin şərtləri
də müharibə aparılmasında müəyyən rol
oynayır, bəzi psixoloqlar insanın daxili aqressivliyini
vurğulayırlar. Elə insan qrupları vardır ki, onlar
aqressivlikdən uzaq olurlar. Qrenlandiyanın eskimos
(inuit) tayfaları heç vaxt bir-biri ilə
vuruşmamışdı. İnsanın psixoloji
təbiətinin şəraitləri də müharibə
aparılmasında müəyyən rol oynayır.
İbtidai
insanlar, sonra ayrı-ayrı tayfalar qida əldə etmək
naminə bir-birinə hücum etdikdə və ya basqından
müdafiə olunduqda xırda toqquşmalar, azacıq qan
axıdılması və ya az sayda
ölümlə başa çatan vuruşlar baş verirdi. İbtidai insan qənimət kimi əldə etdiyi əsirləri
yeyirdi və bir sıra tayfalarda kannibalizm geniş
yayılmışdı. Son vaxtlara qədər
Sakit okeandakı Solomon adalarında kannibalizmin mövcud
olmasını insan kəllələrindən düzəldilmiş
xırda təpələr təsdiq edir. Karfagenin
məşhur sərkərdəsi Hannibalın adından
götürülmüş bu cinayət əməlində isə
onun əsgərlərinin heç bir təqsiri yox idi,
romalılar ona qarşı nifrəti qızışdırmaq
üçün bu əsassız ittihamı ortaya
atmışdılar.
Dövlətlər yarandıqdan sonra isə onlar yeni ərazilər
işğal etmək, bundan böyük fayda götürmək
və ya iqtisadi rəqiblərini məhv etmək
üçün müharibə vasitəsinə, “ölüm
maşınını” işlətməyə əl
atırdılar. Homerin qələmə aldığı “İliada” əsərində
yunanların Avropadan Kiçik Asiyaya keçərək
varlı bir şəhər olan İlionla və ya Troya ilə
on il ərzində müharibə
aparması, bu şəhər-dövlətin məhv edilməsi
və tarixdən birdəfəlik silinməsi ilə nəticələndi.
Elə həmin dövrlərdə, bizim erandan əvvəl
XIII əsrdə Misir faraonu II Ramzes Suriyadakı Orant
çayının üstündəki Kadeşdə hetlərlə bir neçə
il qanlı müharibə aparsa da, heç nəyə nail
olmamış, həmişəlik sülh barədə
saziş bağlamışdı.
Qədim şəhər sivilizasiyasının ilk
beşiyi olan (bizim eradan əvvəl VI minillikdə)
Mesopotamiyada aparılan müharibələr ilk imperiyaların
yaranmasına səbəb olmuşdu. Bibliyada Assuriyanın
Yerusəlimə qarşı müharibəsi xüsusi qeyd
edilir. B.e.ə. VII əsrin əvvəllərində
isə Yeni Babilistan çarı Nabuhadanossor qiyam qaldıran
yerusəlimliləri əsir kimi Babilə sürgün
etmişdi. Bibliyanın “Ağılar”
kitabı Babil əsirliyinin dəhşətlərindən
söhbət açır.
B.e.ə.
II əsrdə (b.e.ə. 146-cı il)
romalılar Üçüncü Puniya müharibəsində
Karfageni işğal etdikdə, şəhəri məhv etməklə,
onu Troyanın acı taleyini yaşamağa sövq etmişdi.
Ümumiyyətlə, savadlı sivilizasiyalarda təkamül
nəticəsində müharibənin sayı və sərtliyi
artdı. İlk şəhərlərin meydana gəlməsindən
sonra həm də ilk professional ordular yarandı. Onlar tədricən həcmcə böyüdülər,
özü də həm mütləq qaydada, həm də əhalinin
ümumi sayına nisbətdə.
Müharibə texnikaları da daha çox təkmilləşirdi. Müharibələr
coğrafi cəhətdən daha geniş yayılanda,
savaşla sülh arasındakı aydın fərq
böyüdü. Müharibələr əsasən
ərazi tutmaq, öz torpaqlarını qoruyub saxlamaq
üçün aparılırdı.
XV və XVI əsrlərdə texnoloji ixtiralar, xüsusən
partlayıcı maddələrin inkişafı və sonralar
metaldan istifadə edilmənin
yaxşılaşdırılması silah texnikalarını
da xeyli irəli apardı. Müharibə elə
bil ki, tsiklik xarakter daşıyırdı, hər 50 ildən
bir öz zirvəsinə çatırdı.
Ordular daim həcmcə böyüyürdü və
muzdlu qüvvələrdən istifadə edildiyi dövrə
nisbətən üç dəfə böyük tərkibə
malik idi.
Napoleon 200 minlik ordusu ilə döyüşə girdiyi halda,
bir dəfə 1 milyon nəfərə qədər adamı səfərbərliyə
almışdı, bu da Fransa əhalisinin beş
faizinə bərabər idi. XIX əsrdə
Avropa ölkələrində əhalinin hər min nəfərindən
orta hesabla 5 nəfəri orduya cəlb edilirdi.
Əhalinin sayının artması ilə birlikdə
ordunun da tərkibi böyüyürdü. Hərbi xərclər
dövlətin ümumi büdcəsinin üçdə birinə
bərabər olurdu. XX əsrin ikinci yarısında hərbi
məqsədlərə xərclənən vəsaitlə
müqayisədə təhsilə 1,5 dəfə,
səhiyyəyə isə 3 dəfə az pul xərclənmişdi.
Müharibələr həm də insan həyatı
hesabına çox baha başa gəlirdi. XX əsrdəki iki dünya
müharibəsində 60 milyon nəfər adam
ölmüşdü. Nüvə silahı ilə aparılan
müharibə isə daha ağır nəticələrə
səbəb ola bilər.
Müharibədə ən çox uduzan isə
xalqdır, çünki ağır itkilər də, ehtiyac
girdabında boğulmaq da, aclıqdan əziyyət çəkmək
də məhz onun payına düşür. Böyük Fransa
inqilabının görkəmli xadimi Jan-Pol Marat,
özünün qətlə yetirilməsindən bir il əvvəl,
1792-ci ildə “Quldarlığın zəncirləri” əsərində
yazmışdı ki, bu növdən olan müharibələrdə
(təcavüzkar, qeyri-müdafiə tipli - müəllif) hər şey xalqın əleyhinədir.
Əgər ordu tar-mar edilmişdirsə, döyüş
meydanındakı birinci itkilər bədbəxtliklərin ən
azıdır. Digər daha qorxulu bədbəxtliklər
ruhu iflasa uğratmaqda, ölkəni gücdən salmaqda
gecikmirlər, rəhbərlərin ona vurmağa tələsdiyi
daha dəhşətli zərbələrə qoşulurlar”.
Ona görə də təcavüzkar müharibəni
başlayanların günahı ölçüyə
sığmazdır. Unutmaq olmaz ki, müharibə və
despotizm bir-birinə kömək edir.
(Ardı var)
525-ci qəzet.-2018.-15 iyun.-S.22.