Elm və mədəniyyət tariximizdə
Nəsirəddin Tusi yaradıcılığı
Azərbaycan xalqı, ictimai-siyasi, elmi-ədəbi
mühiti və uzun bir tarixi mərhələdə Yaxın
Şərqə, bötüvlükdə dünyaya
böyük simalar, görkəmli xadimlər bəxş
etmişdir.
Bu gün
də belə bütün bəşər mədəniyyəti
və sivilizasiyası Əcəmi Əbubəkir oğlunun
memarlığına, Nizami Gəncəvinin poetik istedadına,
Bəhmənyarın fəlsəfəsinə, Yusif Məmmədəliyev
və Lütfi Zadə kimi alimlərin kəşflərinə
minnətdar qalmaqdadır. Görkəmli elm
adamı, şair və ədəbiyyatşünas Nəsirəddin
Tusi də məhz belə əvəzsiz şəxsiyyət və
görkəmli xadimlərdən biridir. Bəşər
tarixində onun adı göstərdiyi misilsiz xidmətlərə
görə həmişə öndə gəlir. Bu da fəxarət
və qürur doğuran haldır ki, Azərbaycan
xalqının görkəmli övladları Nizami Gəncəvi
bəşər tarixində şeriyyət və sözün
qüdrət simvolu hesab olunduğu kimi, Nəsirəddin Tusi də
elmin simvolu olaraq ehtiramla xatırlanır.
Nəsirəddin Məhəmməd ibn Məhəmməd
ibn Həsən Tusinin (1201-1274) XIII əsrin görkəmli
alim, ictimai xadim və ədiblərindən biri kimi adı
çox zaman elmin rəmzi olaraq çəkilir. Ensiklopedik zəka
sahibi olan və öz sağlığında belə, “Alimlər
alimi” kimi şöhrətlənən Nəsirəddin Tusinin təvəllüd
tarixi və anadan olduğu yer haqqında müəyyən
mübahisələr mövcuddur. Mənbələrdə
bu görkəmli elm adamının 17 fevral 1201-ci ildə, bəzilərində
isə 1181, 1210-11-ci ildə doğulduğu haqda fikirlər
var. Alimin 1201-ci ildə doğulması ehtimalı daha
güclüdür və bu rəqəmə daha çox
inanılır. Nəsirəddin Tusinin anadan olduğu
yerin Həmədanda Bahar, bəzilərinə görə
Xorasanda Tus vilayəti, bəzilərinə görə Qum, bəzilərinin
fikrincə isə Savənin Cəhrud kəndi olması barədə
fikirlər mövcuddur. Amma mənbələrdə
onun naxçıvanlı olması ilə də bağlı
fikirlər mövcuddur. Belə ki, Nəsirəddin Tusinin
nəslinin Naxçıvanda Ordubadda yaşaması və buna
görə də I Şah Abbasın oranı
bütünlüklə vergidən azad etməsi barədə
1604-cü ildə verdiyi fərman bu gün də XVII əsrdə
tikilmiş böyük Came məscidinin qapısı
üstündəki daş kitabədə həkk olunaraq
qalmaqdadır. Həmin kitabədə əks olunmuş fərmanda
deyilir: “Ordubad qəsəbəsinin bütün əhalisinin
...xilafət məkanlı, Cəmşid cəlallı, mələk
qoşunlu Şah Abbas Bahadur xanın xanədanına nisbət
bəslədikləri məhəbbət və fədakarlığın
həqiqəti aşkar edildiyindən, ...bu camaatın ümumiyyətlə,
fədakarlığı, xüsusilə yüksək Nəsiriyyə-Tusiyyə
silsiləsinin fədakarlığı müqabilində
şahın müzayiqəsiz mərhəmətinin bir qisməti
onlara bəxş edildi”.
Nəsirəddin Tusi misilsiz şəxsiyyət və əvəzsiz
bir alim idi. Hətta
şagirdinin riyaziyyat sahəsində istedadını görən
müəllimi heyrətə gələrək adamların
arasında qürurla demişdi: “Mənim riyaziyyat sahəsində
bildiklərim bu uşağınkından çox deyil. O, gələcəyin
ən böyük alimi olacaq. Kim buna şübhə
etsə, bir vaxt mənim sözlərimi xatırlayaraq
peşman olar”. Doğrudan da, gələcəyin
ən qüdrətli alimlərindən olan Nəsirəddin
Tusi elmin müxtəlif sahələri ilə dərindən
maraqlanmış və hərtərəfli bir elm adamı kimi
şöhrət tapmışdı. Onun qələmindən
çıxan yüzdən artıq ciddi əsər elmin
astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq
və digər sahələrinə həsr olunmuşdur. “Şərh əl-İşarat” (“Fəlsəfə
kitabı”), “Zic-i İlxani” (“Astronomiya haqqında”), “Təcrid əl-əqaid”
(“Kəlam kitabı”), “Tezkeri-həyat”, “Təhriri-Uqlidis”, “Təhrir
əl-Məcəsti”, “Əsas əl-iqtibas” (“Məntiq
kitabı”), “Əsraf əl-əşraf”, “Əxlaqi-Nasiri” kimi əsərlər
məhz Nəsirəddin Tusinin zəngin elmi-ədəbi
dünyagörüşü və bilklərinin monumental
göstəricisidir. Nəsirəddin Tusinin
dünya elmi qarşısında mühüm xidmətlərindən
biri də Marağada böyük bir rəsədxana tikdirməsidir.
Həm də görkəmli siyasi xadim olan Nəsirəddin
Tusi sahib-mənsəb etibarı və elmin dərinliklərinə
nüfuz edən biliklərindən istifadə edərək
dövrün hökmdarını inandırmağa
çalışmışdı ki, “Marağa” rəsədxanasının
tikintisi kainat elmi və hadisələrini qabaqcadan bilmək
üçün bir məqam olacaq. Hətta
onun hökmdarı inandırmaq üçün istifadə
etdiyi boş qazan üsulu bu gün də dillər əzbəri
olan bir məsələ çevrilib. Həm
də əxlaqçı və tərbiyəçi olan Nəsirəddin
Tusi geniş şöhrət qazanmış “Əxlaqi-Nasiri”
kimi əxlaq və mənəvi tərbiyə kitabında əxlaqi-ictimai
görüşlərini təqdim etmişdir. Bu görkəmli alim həm bədii
yaradıcılıq, həm də ədəbiyyatşünaslıqla
da məşğul olmuşdur. Tədqiqatçı,
filologiya üzrə elmlər doktoru Yaqub Babayev haqlı olaraq
yazır ki, “onun (Nəsirəddin Tusinin-R.Q.) ədəbiyyatşünaslıq
bacarığı və bədii talantı nəhəng və
uca elmi əzəmətinin kölgəsində qalmış,
daha doğrusu, alim Tusi şair və ədəbiyyatşünas
Tusini unutdurmuşdur”. Bu baxımdan görkəmli
alimin “Meyarül-əşar” (“Şeirin ölçüləri”)
və məntiqə dair yazılmış
“Əsasül-iqtibas” risaləsinin 9-cu fəsli poetikaya həsr
olunan sanballı əsərlər kimi diqqəti cəlb edir.
Bu mənada Tusini görkəmli filosof-alim
Aristotellə müqayisə edib “Şərqin Aristoteli”
adlandırmaq olar. Bu mənada ki,
dünyanın 7 müdrikindən biri kimi ad-san qazanmış
Aristotel həm də dünya ədəbiyyatşünaslığının
elmi cəhətdən əsasını qoyan məşhur
“Poetika” əsərinin müəllifidir. Hətta
görkəmli Azərbaycan ədəbiyyatşünası və
ədibi professor Mir Cəlal onun haqqında bəhs edərək
deyəcəkdi ki, “bəşəriyyət Aristotelin
“Poetika”sından sonra ədəbiyyatşünaslıq elminə
çoxmu yenilik edib?” Bu mənada Nəsirəddin
Tusi öz istedadını daha çox dəqiq elmlərə
həsr etməyinə baxmayaraq, zəngin şeir ənənələrinə
malik olan Azərbaycan xalqının
yaradıcılığından çıxış edərək
poetika haqqında sanballı kitab yazan ilk müəlliflərdəndir.
Alimin məzarının başdaşı üzərində
olduqca gözəl bir xətlə yazılmış bu
sözlər də ona verilən yüksək qiyməti
özündə ifadə edir: “Dinin və xalqın
dayağı, elm dünyasının şahı. Analar belə bir oğul bir daha doğmadı”.
Alim və
ədibin haqqında bəhs edən filologiya üzrə elmlər
doktoru Yaqub Babayev yazır: “Xacə Nəsirəddinin şəxsiyyət
və yaradıcılığında möhtəşəm
elmi qabiliyyəti ilə şairlik məharəti
qovuşmuş şəkildə idi. Sadəcə
olaraq onun elmi siması o qədər parlaq idi ki,
danışanları həmişə nisbətən
kiçik görünən şair Tusinin deyil, daha əzəmətli
görünən alim Tusinin fəaliyyəti cəlb edirdi.
Bu mütəfəkkir şəxsiyyət isə
şeirin həm nəzəriyyəsi, həm də praktiki
inşası ilə məşğul olmuş, qiymətli
poeziya nümunələri yaratmışdır”. Alimin
şairlik məharətindən xəbər verirdi ki, o,
nücum elminə həsr olunmuş “İxtiyarati-Seyrül Qəmər”
və “Şərhi-Təqvim” adlı elmi əsərlərini
nəzmlə qələmə almış, elmi mülahizələrini
bədii vasitə və dillə ifadə etmişdir. Hətta alimin “Əxlaqi-Nasiri” əsərində də
xeyli poetik nümunələr vardır ki, onun şairlik məharəti
və poetik düşüncəsini uğurla təcəssüm
etdirir. Alimin bədii
yaradıcılığından müəyyən bir hissə
elmə məlumdur. Rübai, qəzəl,
qitə, təkbeyt və başqa janrlarda yazılmış bu
bədii nümunələr həm də məharətli və
geniş poetik düşüncəli şair Tusinin istedad və
qabiliyyətinin nailiyyətləridir. Bədii
yaradıcılığa da malik olan Nəsirəddin Tusi
şeirlərindən birində: “Mənim üçün səadət
günü və eyşü şadlıq gecəsi mütaliə
gecəsidir”, - deyə oxumaq və bilik qazanmağı insan
üçün ən vacib hal saymışdır. Ədəbi-bədii yaradıcılığa malik sənətkar
olan Tusi bədii əsərlərini nəzm və nəsr
şəklində yazmışdır. Bu əsərlərdə
Tusinin nadir istedadı və bədii təfəkkürü
özünü nümayiş etdirir. Onun
şeirlərində insanın mənəvi gözəllikləri,
həyat eşqi əsas yer tutaraq həyatdakı zülmə
və zalıma qarşı mübarizə ruhunu əks etdirir.
Tusinin bədii irsində ictimai məzmunun aparıcı
yerdə dayandığını xüsusilə qeyd etmək
lazımdır. Hər şeydən əvvəl ona
görə ki, Nəsirəddin Tusinin mənsub olduğu ictimai
mühitin, dövrün özü qarışıq,
ictimai-siyasi hadisələrlə zəngin idi. Təsadüfi deyildi ki, Tusinin özü şəxsiyyət
və dünyagörüşü etibarilə müxtəlif
elm sahələrilə məşğul olan, varlıq,
dünya haqqında düşüncələrə sahib bir
alim və söz sənətkarı idi. Bu da maraqlı ola bilər ki, dövrün bir sıra ədalətsizlikləri
və zülmünə alimin özü də məruz
qalmışdı. Xaqani Şirvani, Fələki,
M.P.Vaqif kimi görkəmli elm adamı və şair Nəsirəddin
Tusi də həm öz istedadına görə
paxıllıqla qarşılanmış, həm də hökmdarın
zindana salınma cəzasına məruz qalmışdı.
Qeyd edək ki, alimin həyatının Kuhistan
dövründə əvvəllər ona xoş münasibət
bəsləyən hökmdar Nasir Möhtəşəm
sonradan onu cəzalandıraraq Ələmut qalasında göz
dustağına çevirmişdir. Alim
“Şərhül-işarət” adlı əsərində də
etdiyi qeydlərdə şəraitinin
ağırlığını təsvir etmişdir. Amma bununla belə, məhz bu ağır şəraitdə
belə istedadlı alim və ədib neçə-neçə
qiymətli əsərini qələmə almışdır.
Ömrünün ən yaxşı
çağlarında gününü zindanda keçirmək
bu nəhəng şəxsiyyətin yaradıcılığında
ədalət axtarıcılığı, ictimai etiraz və
şikayətləri ilə əks olunmuşdu. Bu
baxımdan onun bədii irsində “Görürəm” rədifli
əsəri xüsusilə diqqət cəlb edir:
Bu qədər
cövri-dövrdən ki, məni zar görürəm,
Deyəcək kimsə yox, aləmi tar-mar görürəm.
Hara
döndümsə eşitdim qəm ilə qüssə
sözün,
Kimə baxsam, gecə-gündüz onu ağlar
görürəm.
Heç kim üz tutmayan ən nakəs adamlar indi,
Üzə çıxmış, çatıb hər mənsəbə
onlar, görürəm.
Harda pis
vardısa, çevrilib olub izzətli,
Əyləşib
ali imarətdə tacidar görürəm.
Zamanın
gərdişi kinlə zəncirin hazır edib,
Tək hünər əhlini qılmış da giriftar
görürəm.
Şairin
dövrdən giley üzərində yazılmış bu əsərini
Azərbaycan ədəbiyyatında bir ənənə şəklini
alan “Görmədim” rədifli şeirlərlə
müqayisə etmək olar. İstər aşıq ədəbiyyatındakı
Ələsgərin, istərsə də yazılı ədəbiyyatımızakı
M.P.Vaqifin “Görmədim”
rədifli şeirləri məhz bu məzmuna uyğundur. Bunu
da əlavə etsək ki, şair Nəsirəddin Tusi görkəmli
şairlər Xaqani və Fələki Şirvani kimi uzun
müddət zindanda qalıb, onun yaradıcılığındakı
zülm və sitəmdən şikayətin həmin ədəbi
simaların yaradıcılığındakı şikayətlə
vəhdətini aydın görmək olar.
Qeyd edilənlərə əsasən, bütün
dünyanın nəhəng alim və mütəfəkkir kimi
tanıdığı Nəsirəddin Tusi həm də
gözəl şair və həssas söz ustadıdır. Onun zəngin elmi irsi ilə
birlikdə heç də az əhəmiyyət kəsb etməyən
bədii irsi bu görkəmli şəxsiyyətin
yaradıcılıq istedadına işır tutur, ona ədəbiyyatımızın
görkəmli söz ustadı kimi əbədiyaşarlıq
qazandırır. Azərbaycan dövləti də həmişə
bu böyük şəxsiyyətə qayğı ilə
yanaşmış, yubileyləri böyük təntənə
ilə qeyd edilmiş, adına medal təsis
olunmuş, əsərləri təkrar-təkrar çap
olunmuşdur. Dünyaşöhrətli alimin 800
illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq aləmdə
də təntənəli şəkildə qeyd edilmişdir.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin
şöbə müdiri, filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet 2018.- 15 iyun.- S.23.