Söz tablosunun sehrində

 

Bəzən eyni bir fərddən çox danışılanda yorulursan. Sanki söz gücdən düşür, təsiri azalır. Arayırsan, yeni duyğu, yeni nəfəs axtarırsan. Və birdən sədəf içərisində gizlənən incilərin arasında daha şəffaf, daha cəlbedici, forma və məzmunca daha mükəmməl birini tapırsan.

Çağdaş poeziyamızda, deyərdim ki, gənc şair Aqşin Evrən də məhz belə bir tapıntıdır. Bu nadir istedadı şəxsən tanımasam da, onun həyata, özünüdərkə, dünyaya münasibətinə və gördüklərini fərqli, rəngarəng bədii əks etdirmə tərzinə başqa bir baxışla yanaşıram.

Aqşin Evrən bənzərsiz, qəribə bir özəlliyə malik şairdir. Onun şeirlərinin möcüzəli sehrinə düşdükcə öz-özümə sual verirəm ki, bir gənc ən səmimi, ən duyğusal hissləri fikirlərin fövqündə necə ifadə edə bilər? Bu yaşda həyata, hər ana, hər məqama  "üçüncü göz"lə necə baxa bilər?

 

Göy qurşağından asılmış yelləncəkdəyik.

Başını çiynimə söykəmisən.

Qolumu şərf kimi dolamışam boynuna.

Bizdən bir qədər aralıda,

yayından çıxmış oxu ətrafında fırlanır Yer kürəsi:

Asta-asta parfümlü külək əsir,

Pinqvinlər bu soyuqluqdan yorulub Günəşə sarı tələsir.

Buzlaqlar əriyib Afrikanın stəkanına dolur,

Çətirimizin üstünə balaca mələklər yağır.

Ölü dəniz balıq doğur.

Yavaş-yavaş Çernobıla yayılır oksigenli hava.

Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində,

Ozon dəliyini örtürlər çərpələnglə.

Bütün dinlərin surələri eynidir:

"Əxlaq"

Qocalar evində sükut, otaqlar boş.

Uşaq evləri olub "Oyuncaq və əyləncə mərkəzləri",

Teatrlarda anşlaq....

Bütün dövlətlərin adı Yer kürəsidir,

bütün bayraqlar göyərçin qanadı,

bütün musiqilər körpə gülüşü...

Bütün  əlifbalarda

"X,O,Ş,B,Ə,X,T,L,İ,K" kimidir hərflərin düzülüşü:

Biz də bu hərflərdən  yapışıb yellənirik.

Nə müharibə var, nə göz yaşı, nə də qəm.

Astaca pıçıldayıram sənə:

- Əzizim, dodağını gətir, söz deyirəm.

 

"Dünya yaşıl olanda" adlı bu  şeirin bircə misrasını belə ixtisar etmək mümkün deyil. Əsl məhəbbətin təsirindən doğan istəklərin, mübaliğələrin  sehri oxucunu möcüzəli,  ağappaq bir aləmə aparır. Və bu aləm ilahi nur rəngindədir. Bu nur göz yaşını, müharibəni, sərhədləri, bütün pislik və ədalətsizlikləri üstələyib, yenib. Bu aləm sevginin  unutdurduğu şər, qaranlıq və bədbəxtlikdən azaddır. Burada "xöşbəxtlik" sözünün ən ali "qafiyəsi" özünə yer alıb. Və bu sehirli məkanda sevən öz sevgisini qulaqlara deyil, dodaqlara etiraf edir.

Yalnız bir şeirdə əks olunanlar: duyğuların səmimiliyi, fikirlərin ifadə tərzi, hadisələrə özünəməxsus yanaşma qətiyyən yamsılama deyil və təkrarsızdır. Bəlkə də, sözün bədii yüksəkliyidir.

Aqşin Evrən poeziyası əslində, sözlərin, fikirlərin, duyğuların rəngli harmoniyasından yoğrulub. Onu oxuduqca misraların arasında doğulub böyüyən həyatsevər, inkişafda, bütün vücudunda yalnız insanlıq duyğularını yaşadan yetənəkli bir "mən" tapırsan və bu "mən" ciddi poeziya işığında "biz"lərə çevrilir.

 

Küçəni aparır Yanvar küləyi,

Üşüsən özünü bürü telinə.

Nəbzini dondursa qar dənələri,

Əlimi əlcəktək geyin əlinə.

 

Yığaraq havadan qar zərrələrin,

Sənə bəyaz qardan gəlinlik hörüm.

Beləcə, ömür-gün yoldaşı olaq,

Razıyam, bu yolda daş olsun ömrüm.

 

Əvvəl ürəyimə yatmışdın, xanım,

İndi yatağımda -  sol yanımda yat.

Girsin aramıza gülüzlü körpə,

O səni oyatsın, sən məni oyat.

 

Şair bu şeiri cəmi 18-19 yaşlarında qələmə alıb və bu nümunə bir yeniyetmədə olan fikir mükəmməlliyini mübaliğəsiz  olaraq təqdim edir. Poeziya elə bir məfhumdur ki, əslində, müəllifi oxucuya özü təqdim etməlidir. Elə şeirin də vəzifəsi, məncə, budur. Aqşin Evrən məhz belə şairdir. Fikrin zənginliklərinə varıb cövlan etmək, hamıya məlum olanlara başqa gözlə, başqa ürəklə yanaşmaq gənc bir şairin fərqliliyini, təkrarsızlığını dönə-dönə diqqətə çatdırır:

 

Bir qoca gördüm elə bu axşam,

Düzmüşdü İsanın önünə şam.

Dedim ki, nə tonqal, nə yandırılmaq?

İsa heç çarmıxa çəkilməmişdi;

Hər iki qolunu yana açmışdı,

Böyük bəşəriyyəti qucaqlamaqçün.

Nə böyük səbəbmiş bu ağlamaqçün?!

Elə atam kimi hönkürdü qoca,

Əsl adam kimi hönkürdü qoca.

 

Bu, "Müqəddəs Varfolomey gecəsi" şeirindən bir parçadır. Şeir bütövlükdə olaylara bir gəncin fəlsəfi yanaşmasıdır. "Cənnət anaların ayaqları altındadır" fikrinə üstüörtülü poetik münasibətdən başlayaraqTanrı ədaləti axtarışına qədər bu şeirdə  başdan-başa fəlsəfi fikir mübadiləsi müşahidə olunur. Eyni zamanda, təşbehlər, qafiyəli təzadlar oxucunu heyrətləndirir:

 

Rahibə yanımda yel kimi əsdi,

Gəlib tez söndürdü şamları o,

Gəlib tez yandırdı axşamları o.

 

"Yol nəqliyyatı" şeirində də Aqşin Evrən rəngli təzadlarla dərin, mənalı söz assosiasiyası yaratmış və bunun fonunda modern bir "vücudnamə" formalaşdırmışdır. Şeirdəki mükəmməl fikir konteksti isə ümumbəşəridir:

 

Bir gün uşaqlıq oyuncaqlarını götürüb,

üççarxlı velosipedini sürüb ömründən gedəcək,

Alın tərini örtəcək qara saçlar.

Və bir gün başın şahmatlaşacaq: qara saçlar, saçlar.

At fiqurunu xatırladacaqsan;

Ömründən atan gedəcək,

Sonra anan, sonra can sağlığın...

Qulağından uşaq səsi gedəcək.

Gözlərinin quyusundan su çıxaracaq kirpiklərin,

Bu dərin quyuda baxışlarının sonu uçurum,

Ümidlərinin yolu - dib.

Üstünü örtüb yatacaqsan;

Ayılıb görəcəksən ki,

Allah da gedib.

 

İstedad ilahi bir xəzinə, sərvətdir. Aqşin Evrən poeziyası isə məhz istedadların içərisində çox dəyərli tapıntıdır. Oxuduğum  bütün şeirlərində bircə dənə "rəndələnməli"  misra yoxdur. "Unutmağın resepti", "Bənazir Bhutto ölməmişdi", "Bir qucaqlıq canın var", "Yadımdan çıxıb evdə qalıb", "Barmaqlar", "Zen" və başqaları oxucunu düşündürür, zövq verir, poetik fikirlərin dərinliyində  qərq edir. Buradakı mükəmməliyi çözmək üçün bəzən sözün özü belə aciz qalır. Və yekunda bu qənaətə gəlirsən ki, Aqşin Evrən öz şeirlərinin həm ön, həm də son sözüdür.

 

 

Gülşən SADIXLI

 

525-ci qəzet.-2018.-14 iyun.-S.8.