Qazax dili

 

Güc azaldı, yerə düşdü o bayraq,

Dünkü batır oldu bugün bir qorxaq,

Azad olan o şəxs indi zəncirdə,

Qanı soyuq, qəlbi tamam duracaq.

 

Uçan quşun qanadları qırıldı,

Günəş kimi güclü ellər yoruldu,

Yada düşmür altın anam Altayım,

Batır xanlar tarixlərə qərq oldu.

 

Sən birlikdən, sən qeyrətdən güc aldın,

Sonra da itirib əlindən saldın.

Əski çağdan, qədim çağdan yadigar

Nurlu ulduz - ana dilim, sən qaldın.

 

Sən ey qədim, zəngin, güclü, gen dilim, 

Təmiz, dərin, iti, oynaq, şən dilim,

Dağılmış türk gənclərini bağrına

əlinlə yığıb topla sən dilim.

 

Dostluq göz yaşı

 

Dostluq şərabdan doğar,

Dost olar iki əyyaş,

Yaxın olar ruhları,

Axsa gözdən isti yaş.

 

Dostluq mərəzdən doğar,

Dost olar iki xəstə,

Daim axar göz yaşı,

Olar qulağı səsdə.

 

Ayıq adam fərqlidir,

Belə şeylərə baxmaz.

Dəyər verməz dostluğa,

Gözündən yaş axmaz.

 

Dostunu candan sevən,

Şərab versin, üstəlik,

Dua etsin durmadan,

Dostu tapsın xəstəlik.

 

Yer üzünə

 

Yer üzünə adım-sanım yayılmış,

Mən keçmişəm bu bədəndən,

bu başdan.

Atılmışam neçə qanlı döyüşə, 

Bir dəfə qorxmamışam savaşdan.

 

Neçə çətin dar dərədən keçmişəm,

Sıçrayaraq düz çıxmışam Altaya,

Bir batıram, ürək, qeyrət sahibi,

Qırda durub yay çəkmişəm Xıtaya.

 

Bir ovçuyam, oxu-yayı çaşmayan,

Aslanlara hücum edən igid ər,

Hər kölgəyə hürən itdən çəkinsəm,

Çəksin məni öz kamına qara yer.

 

Sür atını, Sərsəmbay

 

Haydı, tez ol, Sərsəmbay,

Dan sökülür, anam vay!

Qırda açaq səhəri,

Təp-təp-təp!

Kaş olmazdı bu məktəb,

Kaş görməzdim şəhəri!

 

Hələ dönüb geri bax!

Elə bil ki sanki dağ!

Şəhər - yatan dev, pəri!

Hər tərəfi sis, qaroy,

Hər nəfəsi od, aloy,

Oyur-oyur gözləri.

 

Qulaq batır səs-küydən,

Ürək bulanır iydən,

Tıncıxıram, xudam vay!

Geri dönüb edək,

Birbaşa kəndə gedək,

Sür atını, Sərsəmbay!

 

Burda hamı həyasız,

Göz eləsən arvad, qız

Tez altına sərilər,

Üzlərinin qanı yox,

Gözlərinin canı yox,

Kişiləri pərilər.

 

Burda odlu ürək yox,

Şeydən özgə dilək yox!

Bunlar donuz, avara,

Gecə dölü pərilər,

Cənnətdən xoş görünər

Bunlara dar mağara.

 

Göyü görməz, kor onlar,

Baxsana, çox ulduz var!

Gülə-gülə süzür ay!

Çaşıb qaldım şəhərdə,

Qır gəzir bu yerdə?

Sür atını, Sərsəmbay!

 

Səni basmasın yuxu,

Gözəl bir nəğmə oxu,

Qoy çağlasın diləyim.

Çatım doğma elimə,

Boy atdığım yerimə,

Dağa dönsün ürəyim!

 

Sarı Arka torpağım,

Mənim odum-ocağım,

uzanıb yataram,

Sənin ipək yelinin,

Şirin, kövsər gölünün

Ləzzətini dadaram!

 

Geri baxmadıq hərdən,

Uzaqlaşdıq şəhərdən!

Söylə, canım, ağatay,

Geri baxıb edək?

Birbaşa kəndə gedək!

Sür atını, Sərsəmbay!

 

Mənə , ölüm, ağı de

 

Yoruldum, gücüm bitdi,

Günəş buludda itdi.

Külək yenə çağlayır,

Kiminsə öldüyünü

onu gömdüyünü

Bizə deyib ağlayır.

Külək, tökmə yaş-irin,

Ölüm nəğməsi şirin.

Canım üzüldü buna,

Ölüm, bir ağı söylə,

Ağla məni böylə.

Meşənin qırağında,

Ömrünün şən çağında,

Rəqs edirmiş bir qayın,

Həm nəğmə deyirmiş,

Sevinc, nəşə yeyirmiş,

Sakit, əmin, arxayın.

Birdən ağac devrilmiş,

Nəğmə yasa çevrilmiş.

Canım üzüldü buna,

Ölüm, bir ağı söylə,

Ağla məni böylə.

 

Əlinə bayraq alıb,

Qanla qılınc suvarıb,

Dağ seli tək gurlayan,

Gözünü qan bürüyən,

Daim önə yürüyən

Bir igid ər, qəhrəman,

Döyüşdə olmuş həlak,

Fatihə vermiş külək.

Canım üzüldü buna,

Ölüm, bir ağı söylə,

Ağla məni böylə.

 

Çox uzaqda yağız çöl,

Çöl içində tənha yol.

O yolla bir qəhrəman

Bütün gecə yürümüş,

Onu kədər bürümüş,

Söküləndə qızıl dan,

Ölüb getmiş naməlum,

Dənf eləmiş yellə qum.

Canım üzüldü buna,

Ölüm, bir ağı söylə,

Ağla məni böylə.

 

Yanağından qan daman,

Dodağından bal daman,

Qıvrım-dalğa saçı var,

İnci kimi saçılmış,

Ağzı gül tək açılmış,

Olsa on beş yaşı var,

Çoxlu göz yaşı tökmüş,

Yaşda boğulub ölmüş,

Canım üzüldü buna,

Ölüm, bir ağı söylə,

Ağla məni böylə.

 

İməkləyən bir bəbək,

Sanki qanadlı mələk,

Tamaşadır, tamaşa,

Qül-qül edir bulaq tək,

Sanki dadlı çiyələk,

Bənzər nazik qamışa,

Qəfil yummuş gözünü,

Yel oxşamış üzünü.

Canım üzüldü buna,

Ölüm, bir ı söylə,

Ağla məni böylə.

 

Uzaqda bir göl, iri,

Köpükləri mirvari.

Gölün altında özəl

Varmış altmış otaq,

Altın sırım, ipək bağ,

Hər otaqda bir gözəl,

Tam on altı yaşında,

Hüsn-qələm qaşında,

Canım üzüldü buna,

Ölüm, b ir ağı söylə,

Ağla məni böylə.

 

Köpək

 

Ayıq-sayıq sərt köpək

Qurdları fərq edərək

Sübhə qədər hürdü.

Boşa hürdü deyə

Yal vermədi köpəyə,

Xanımı hirs bürüdü.

 

Bundan incidi köpək,

Bir tərəfə gedərək

Səs etmədi, kiridi.

 

Qurdlar bunu görüncə

Ağıla dalıb gecə

Qoyunları sürüdü. 

 

Əskərin şeiri

 

Canım atım, Qara Göy,

Yellə yarış, yelqanad,

Ərliyimin isbatı

Uzun nizəm, göy polad.

 

Millət adı gələndə

Qanım qaynayır mənim,

Millətimə qurbanam,

Əynimdədir kəfənim!

 

Göydə günəş şahiddir:

Yağıdan qorxmaz gözüm!

Qorxunc deyil ildırım,

İldırımam mən özüm!

 

Kim deyir qoy desin,

Ölümə açdım qanad.

Ərliyimə dəlildir

Uzun nizəm, göy polad.

 

Əgər savaşda ölsəm,

Nizəm olsun başdaşım.

Qardaşımdır Qara Göy,

Silahımsa yoldaşım.

 

Qara Göyüm, canım at,

Yellə yarış, yelqanad!

 

Mağcan CUMABAYEV

 

525-ci qəzet.-2018.-14 iyun.-S.7.