"Azərbaycan
mükəmməl, istiqanlı insanların
yaşadığı ölkədir"
TÜRKİYƏLİ REJİSSOR VƏ
PRODÜSSER CAN ÖZBATUR: "BU ŞƏHƏRİN
MEMARLIĞI, HEYKƏLLƏRİ, KONSERT ZALLARI, TEATR BİNALARI
GÖZƏLDİR, AMMA ONLARI VAR EDƏN İNSANLARIDIR"
Bütün gün qaçhaqaçdadır.
İşləyir, öyrənir, müşahidə edir,
bütün bunlarla yanaşı, qarışqanın tozu necə
qucaqladığını belə nəzərdən
qaçırmamağa çalışır.
Tanınmış rejissor və prodüser Can
Özbaturu deyirəm, iki ildir Azərbaycan yaşayır.
Əslən Əskişəhərdəndir. Dokuz Eylül
Universitetinin İncəsənət fakültəsində təhsil
alıb. 1987-1994-cü illərdə Filma-Cass Film Production
şirkətində prodüser kimi çalışıb.
1994-cü ildə Co Production Film şirkətini təsis edib və
2014-cü ilədək burada çoxlu sayda reklam və filmlər
çəkib. 1997-ci ildə Zeynep Atakan ilə birlikdə New
Art Film şirkətini təsis edib və Lola and Bilidi
(Kutluğ Ataman, 2000), "Heçbiryerdə" (Tayfun
Pirselimoğlu, 2002), "İqlimlər" (Nuri Bilge Ceylan,
2005) tammetrajlı filmlərinə prodüserlik edib. Hazırda
Azərbaycanda yaratdığı "CO Production" şirkətində
ölkəmizin film və reklam sektoruna öz töhfələrini
verməkdədir. Az qala, ölkənin bütün bölgələrini
gəzib, tarixini, mədəniyyətini, ən əsası,
dilini öyrənir. Azərbaycan dilində mükəmməl
danışan insanla qarşılaşanda sevinir.
Özünü burada xoşbəxt və rahat hiss etdiyini
deyir. Bütün bunlar və gördüyü işlərlə
bağlı özü ilə ətraflı söhbət
etdik.
- Can bəy, iki ildir ölkəmizdəsiniz. Bu dönəm necə keçdi?
- İki il dopdolu keçdi. Bakıya ilk gəlişim 1990-cı illərə təsadüf
edir. O dövrdəki şərtləri bilirsiniz, SSSR-dən
ayrılma dönəmi idi. Həmin vaxt Türk Hava Yollarının
reklam çarxını çəkmək üçün gəlmişdim,
ancaq görmək istədiyim işləri reallaşdıra
bilməyəcəyimə əmin oldum, başqa ölkəyə
yollandım. Ondan sonra uzun müddət Azərbaycana
gəlmək imkanım olmadı. Növbəti
dəfə 2006-2007-ci illərdə Türkiyə Mədəniyyət
və Turizm Nazirliyi üçün çəkdiyim
tanıtım çarxının təqdimatı
üçün gəldim. O da qısamüddətli idi.
Mütəmadi gəlişim isə Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin
dəvəti ilə Turizm Film Festivalına münsif
olmağımla baş tutdu. Həmin vaxt Azərbaycanla
bağlı eşitdiyim qarışıq fikirlərin uydurma
olduğunu gördüm. Bu ölkənin
mükəmməl, istiqanlı insanların
yaşadığı yer olduğuna gördüm. Ondan sonrakı səfərlərim uzunmüddətli
və ən axırda qalıcı oldu.
- Ölkəmizdə film və reklam işi ilə məşğulsunuz.
Halbuki bu gün Türkiyədə bu sektor daha
çox inkişaf edib. Siz də orada
önəmli işlərə imza atmısınız və
daha artığını edə bilərsiniz. Bəs bu imkanlar varkən niyə Azərbaycanı
seçmisiniz?
- Bu, təcrübəmin doğru yerlərdə istifadəsini
düşünməyimdən qaynaqlanır. Türkiyədə
mənim kimi peşəkarlar çoxdur. Azərbaycanda
isə həm kino, həm reklam sahəsində təcrübəmdən
yararlanmalı olduğunu düşündüyüm qaynar
mühit var. Burada yardım edib, dəstək olacağım,
bildiklərimi paylaşa biləcəyim, bundan istifadə etməli
olan xeyli insan var. Bu, mənə stimul verir. Bundan əlavə,
Azərbaycanın kino sektorunda Türkiyənin 10-15 il öncəki vaxtını görürəm.
Buna görə də,
bizim kimi təcrübə sahiblərinin burada
olmasını vacib hesab edirəm.
- Qarabağla bağlı film üzərində işləyirsiniz.
Bu layihəni reallaşdırmağa necə qərar
verdiniz?
- Müharibə hər yerdə müharibədir. Mənə görə müharibədə qazanan
yoxdur, itirən var, o da insanlardır. Əslində,
bir neçə qolu olan bir filmdir. Bir
insanın hekayəsidir. Həmin hekayədə
Qarabağ da var. Filmlə bağlı danışmazdan əvvəl
bunu qeyd edim, 2014-cü ildə film festivalına dəvət
ediləndə Azərbaycanla bağlı xeyli
araşdırmalar aparmışdım. Qaçqınların
faciəsini, müharibədən zərər görən
insanların həyatını, yaralarını,
ağrılarını öyrənərək gəlmişdim.
Həmin vaxt mətbuat konfransları
keçirilirdi. Mənimlə bərabər
bir neçə ölkədən dəvət edilmiş
münsiflər də var idi. Mətbuat konfransında
jurnalist avstriyalı rejissora "Qarabağla bağlı film
çəkərsiniz?" sualını verdi.
Rejissor buna olduqca siyasi, dolanbaclı və mənə görə
sərt cavab verdi. Dedi ki, bu dəqiqə o
məsələ sual altındadır, Qarabağa daxil olmaq
mümkün deyil və bu haqda düşünmür. Eyni sualı mənə də ünvanladılar.
Qarabağın ərazi bütövlüyünün Azərbaycan
türkləri, Türkiyə türkləri üçün
nə dərəcədə vacib olduğunu, oradakı mədəniyyətin
zənginliyini, tarixini çəkmək üçün belə
bir imkanı yaranarsa, film çəkə biləcəyimi
dedim. Əslində, verdiyim cavab mənim
üçün ideya oldu. Niyə də
yox? Ən azından bu mövzunu
özüm üçün gündəmə gətirdim.
Bununla bağlı daha həssas, daha diqqətli
işləməyə başladım. Müxtəlif
fürsətlər çıxdı, həmin fürsətləri
dəyərləndirmək üçün hərəkətə
keçdim. Yeni dostlar, birlikdə işləyəcəyim
peşəkar insanlarla məqsədlərimizi birləşdirmək
üçün yol qət etdik. Sağ olsun, Mədəniyyət
Nazirliyi bizə dəstək oldu, Cəfər
Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası
qapılarını üzümüzə açdı. Film əsasən insanın müharibədəki tənhalığı,
çəkdiyi əzabları, ailələrin
parçalanması, dağılan həyatlardan bəhs edir.
Ssenarini demək olar tamamlamışıq.
Çəkilişlər payızın
sonlarında gerçəkləşəcək. Filmin rejissoru mənəm, fikri, ideyası mənə
aiddir. Ssenari müəllifi isə
yazıçı Məqsəd Nurdur.
- Filmdə Türkiyədən hansısa
simaları görə biləcəyik?
- Baş rolda azərbaycanlıların çox sevdiyi,
7-dən 70-ə hər kəsin tanıdığı aktyor
iştirak edəcək. Hər halda indi
adını açıqlamaq istəmirəm. Payıza qədər
gözləyək!
- Kann kino festivalının
mükafatçısısınız. Qarabağla
bağlı filmdən də bu gözləntiləriniz var?
- "Var olmaq" filmi ilə bağlı
xeyli planlarımız var. İlk növbədə beynəlxalq
festivallara, eləcə də Kann festivalına təqdim edəcəm. Ən azından ilk mərhələdən
keçəcəyinə inanıram. Bundan
əlavə, orada Qala gecəsi keçirməyi
planlaşdırıram. Sadəcə plan deyil, gerçəkləşdirəcəm.
Qarabağla bağlı bu filmin Azərbaycanın,
bizim qürurumuz olaraq geri dönəcəyinə inanıram.
Demirəm ki, bu film azərbaycanlıların
Qarabağ dərdinə dərman olacaq. Amma
ən azından çəkdiyi sıxıntıları xəfiflədəcək,
unudulan məqamları xatırladacaq, unutmağın
mümkün olmadığını isbat edəcək.
- Siyasi yükü olan filmlər beynəlxalq
festivalların qurbanı olur. "Var olmaq"
filmi də Kannda bu cür aqibətlə üzləşə
bilərmi?
- Kann festivalı ən prestijli, fərqli, siyasətdən
uzaq, sənəti, yaradıcılığı üstün
tutan festivaldır. Mənim bu film festivalına
qatılmağım 2003-cü ilə təsadüf edir. Üç dəfə qırmızı xalçada
addımlamaq şansım olub. Qaydaları
dəyişmir. Hər il eyni sabitliklə,
kriteriyalarla davam edir. Dəyişən
münsiflər heyətidir, amma tərtibat eynidir. Qəbul edəcəkləri səviyyədə film
çəkə bilmisinizsə, 90 faiz nəticə əldə
etmiş sayılırsınız. Kann
festivalı siyasətdən kənardır. Buna görə də, yenidən uğurlu nəticə
alacağıma inanıram.
- Hazırda üzərində işlədiyiniz hansı
layihələr var?
- Əslində, sizin gəlişiniz bizim
üçün əlamətdar günə təsadüf
etdi. İyunun 13-dən etibarən
baş rolda Fərda Aminin iştirak etdiyi "Taksi Liza"
komediya filminin çəkilişlərinə
başlayırıq. Oktyabrın əvvəllərində
kinoteatrlarda izlənəcək. Çəkilişlər
otuz gündən sonra yekunlaşacaq.
- Kutluğ Atalay, Tayfun Pirsəlimoğlu, Nuri Bilgə
Ceylan kimi iddialı adlarla ortaq işləmisiniz. Sizin
üçün bu adlarla film çəkməyin hansı fərqləri
və üstünlükləri oldu?
- Həmin projelərdə quruluşçu prodüser
olaraq işlədim. Üç rejissordur, hamısının
gördüyü iş bir-birindən fərqlidir. Tayfun Pirsəlimoğlu ilə işləmək
insanın içindəki tənhalıq hissini qabardır.
Onun üçün kameranın harada
qoyulması yox, qarşısında kimin oynadığı
önəm daşıyır. Məsələn, bir
avtomobil səhnəsi çəkiləcəksə, hamı
şüşənin təmiz olmasını istəyər,
daha yaxşı görünsün, keyfiyyətli nəticə
olsun deyə... Əgər Tayfunla işləyirsinizsə,
həmin təmizliyə ehtiyac qalmır, çünki o, təbiiliyin
tərəfdarıdır. Pirsəlimoğluna
lazım olan, çirkli şüşənin
arxasındakı aktyorun üz ifadəsidir.
Kutluğ Ataman uzun illər xaricdə
yaşayıb. Buna görə də, hadisələrə öz
prizmasından yanaşır. Tayfundan fərqli
olaraq o, avtomobilin sadəcə, şüşələrinin
deyil, oturacaqlarının da təmiz olmasını tələb
edir. Ola bilər ki, bunlar kobud örnəklərdir. Demirəm,
Kutluğ təmiz işləyir, Tayfun pinti, sadəcə fərq
belədir!
Nuri Bilgə Ceylana gəldikdə isə
Tarkoviski kimdirsə, Bilgə də mənim üçün
odur. Onunla işləyəndə
köməkçiyə çevrilirsən. İştirakçı olmaq əvəzinə,
çəkdiyi filmi gözəlləşdirmək
üçün əlindən nə gəlirsə, etmək
istəyirsən. Bilgə mənim
üçün ustaddır.
- Türkiyə Mədəniyyət və Turizm
Nazirliyinin tanıtım çarxlarını çəkmisiniz. Demək olar ki, Türkiyə
turizminin inkişafında imzanız var. Necə hissdir?
- 2003-cü ildə başlayan, 2010-cu ilə qədər
davam edən bir dönəmdir. Layihələri
qazandıq. Dördə yaxın nazirliklə
işləmək şansımız oldu. Burada
sadəcə, reklam filmlərindən bəhs etmək
düzgün deyil. Türkiyənin 81
bölgəsində həm tarixini, həm mədəniyyətini,
həm də təbiətini əks etdirən fotolar çəkdik.
Türkiyə turizmi ilə zəngin ölkədir.
Belə olduqda oranın qumunu, dənizini, günəşini
turistlərə satmaq mümkün olur. Satmaq
yanlış başa düşülməsin, PR-ı nəzərdə
tuturam. Çəkilişlər
başlamazdan əvvəl təxmini 13 milyon 600 min civarında
olan turist sayı 27 milyona qədər qalxdı. 7 ildə
əldə edilən yüksək say idi. Bunda əməyim,
qatqım olduğu üçün son dərəcə
xoşbəxtəm. Təvazükar insanam.
Getdiyim yerlərdə, qatıldığım mərasimlərdə
sadəcə, adımı deyirəm. Hansı
işlə məşğul olduğumu demək adətim
deyil. Amma bəzən elə olur ki, bu işləri, filmləri ərsəyə
gətirməyimi qürurla söyləmək ehtiyacı hiss
edirəm. Əslində, səkkiz ildən sonra
sizin bu sualı mənə verməyinizə şad oldum, illər
əvvəli öyrənib gəldiyinizə isə təəccübləndim.
Təşəkkür edirəm.
- Bir az da
yaşadığınız, yaratdığınız və
mənim həssas yerim olan Bakı ilə bağlı
danışaq. İstanbuldan köçüb
Bakıya uyğunlaşmaq çətin olmadı ki?
- Azərbaycan insanın istiqanlılığı, təbəssümü
şəhərin cizgilərinə yansıyır. Burada getdiyim ölkələrin paytaxtlarında
görmədiyim bir duyğu var. Küçədə kiməsə
sual verəndə cavablandırırlar, sualdan sual doğur,
söhbət uzanır. Maraqlanırlar,
münasibət qurmağa çalışırlar. İnsan münasibətlərinin bu cür olduğu
yerlərdə divarlar çox da əhəmiyyət kəsb
etmir. Bu ölkə insanları ilə
bütövdür, Azərbaycanı insanlarından ayrı
düşünə bilmirəm. Çox
ölkədə olmuşam, azərbaycanlılar qəbul etməsə
də, dəqiq bir müşahidəm var - bu xalq çox
pozitivdir. Hansı ki, başqa ölkələrdə
bu pozitivliyi belə güclü hiss etməmişəm. Həm ölkə üçün, həm də
xaricdən gələnlər üçün bu avantajdır.
Çox gözəl bir bağa girirsən, bu
vaxt bağban gəlir, bəlkə çox kasıbdır,
ağzında bir dişi yoxdur, amma sənə doğru gülə-gülə
gəlir. Bu məqamda insan onun bir parçası
olduğunu düşünərək, özünü rahat
hiss edir! Bu şəhərin memarlığı, heykəlləri,
konsert zalları, teatr binaları gözəldir, amma onları
var edən insanlarıdır! Bir marketə gedib
alış-veriş edəndə, pulunuz əskikdirsə və
satıcı sizi tanımırsa, deyir get, sonra gətirərsən!
Bu, güvəndir. Sadəcə,
qarşısındakına yox, özünə, öz dövlətinə
inamıdır. Bunu başqa ölkələrdə
görmək mümkün deyil.
- Hər gözəlin bir eybi var, indi deyirsiniz Bakı
eyibsizdir?
- Yox, eyibsiz deyil. Binaların üstündəki
kondisionerləri böyük qüsurdur. Bu cür
memarlığın üstündəki həmin qutular yamaq
kimi görünür!
- Əminəm ki, təcrübənizdən
gənclər də yararlanmaq istəyər. Kino mövzusunda ustad dərsləri
keçməyi düşünürsünüz?
- Ötən yay burada film çəkəndə
günorta yeməyində 160 nəfər vardı. Onların hamısı vaxtaşırı ələndi.
Əlimizdə 5-6 nəfər qaldı. Bu, məndə belə bir fikir yaratdı, maraq, həvəs
var, amma texniki zəifliklər bunun ortaya çıxmasına
mane olur. Texniki zəifliklər deyəndə
avadanlıqları nəzərdə tutmuram. İşə yanaşmaları zəifdir və bu, əskiklikləri
qabardır. Təşkil edəcəyimiz
kurslar akademiya, məktəb deyil, sertifikatlı peşəkarlar
yetişdirməyə dəstəkdir. Onlara
qabıqlarından çıxmaqları üçün
kömək etmək istəyirik.
- Teatrla bağlı planlarınız nə yerdədir?
- Belçikalı yazıçı Filip Blarbondun pyesi əsasında
"Natalia"nı səhənləşdirəcəyik.
Tamaşa sentyabrdan etibarən həftədə üç dəfə
Rəşid Behbudov adına Mahnı
teatrında oynanılacaq. "18+" olan bu
tamaşa qadınlardan bəhs edir. Pyesdə
onların haqq və hüququndan, problemlərindən
danışılır. Qəribə olan isə rejissorun
kişi olmasıdır (gülür).
Türkan TURAN
525-ci qəzet.-
2018.- 14 iyun.- S.5.