Ədəbiyyatşünas
alimin yaradıcılıq üfüqləri
Baba BABAYEV
Təyyar Salamoğlu keçən əsrin
80-ci illərində ədəbiyyatşünaslıq və tənqidə
gələn nəslin istedadlı nümayəndələrindən
biridir.
30 ildən artıqdır ki, o, bu sahələrin
hər ikisində ardıcıl və məhsuldar şəkildə
çalışmaqdadır. Bu illər ərzində onun tənqid və ədəbiyyatşünaslığımızın
problemlərinə nüfuzu, bir an da olsa, səngiməmiş,
əksinə, daha da dərinləşməkdə, sistemli və
konseptual səciyyədə meydana çıxmaqdadır. "Təyyar Salamoğlu" imzası bu gün ədəbi-elmi
nüfuzun etalonu sayıla bilən azsaylı imzalar
sırasındadır.
Alimin yaradıcılıq yolunu üç mərhələyə
ayırmaq mümkündür: birinci mərhələdə
onun yaradıcılığı dar ixtisas sahəsi ilə
bağlı araşdırmalarla səciyyələnir. Bu illərdə
o, kütləvi tirajla çap olunan "Pedaqoji mühit və
uşaq ədəbiyyatı" monoqrafiyasını (1992) və
XIX əsrin sonu, XX əsrin əvvəllərinə dair
uşaq ədəbiyyatı nümunələrindən ibarət
"Azərbaycan klassik uşaq ədəbiyyatı" (1998,
M.Məmmədov və Y.Babayevlə birlikdə) toplusunu ədəbi-elmi
ictimaiyyətə təqdim edir. Onun bu istiqamətdəki
fəaliyyəti müəyyən qədər diqqət
çəksə də, bu illərdə hələ o, Azərbaycan
ədəbiyyatşünaslığının sıra nəfəri
olmaqdan irəli gedə bilmir. Ancaq ədalət
naminə demək lazımdır ki, bu illərdəki elmi
yaradıcılığına tam şəkildə nəzər
saldıqda müşahidə etmək mümkündür ki,
o, heç vaxt ədəbiyyatşünaslığın
sıra nəfəri kimi qalmaq fikrində olmayıb.
Birinci mərhələdə Səməd Mənsur, Əhməd
Cavad, Almas İldırım,
Umgülsüm Sadıqzadə ilə bağlı zəngin
faktlar və orijinal təhlil manerası əsasında yazılmış
məqalə - araşdırmaları T.Salamoğlunun ədəbiyyatşünaslığın
geniş üfüqlərinə can atmasının və bu
istiqamətdə müəyyən uğurlar əldə etməsinin
faktları kimi dəyərləndirmək olar. Həmin
məqalələrin toplusu şəklində meydana
çıxan "Faciəli talelər (Azərbaycan mühacirət
və repressiya şeirinə dair portret-oçerklər)"
kitabı (1998) müəllifini mühacirət və repressiya
şeirinin tədqiqatçısı kimi tanıdır, ədəbiyyatşünas
nüfuzunu artırır.
2000-ci illərin əvvəlləri
T.Salamoğlunun yaradıcılığı üçün
yeni mərhələnin başlanğıcı olur. "Təzə əsrin
ibtidası"nda o, "80-ci illər Azərbaycan romanı:
janr təkamülü" mövzusunda doktorluq
dissertasiyası üzərində işləyir. Dövri mətbuatda sözü gedən on illiyin
romanı ilə bağlı bir-birinin ardınca çap
etdirdiyi məqalələr elmi ictimaiyyətin diqqətini
çəkir, T.Salamoğlunun analitik təfəkkürə
malik ciddi ədəbiyyatşünas obrazı
formalaşmağa başlayır. Anarın, Y.Səmədoğlunun,
Ç.Hüseynovun, Elçinin, M.Süleymanlının, F.Kərimzadənin,
İ.Əfəndiyevin, İ.Hüseynovun, S.Azərinin və
başqalarının 80-ci illər roman
yaradıcılığı haqqında məqalələri
elmi məcmuələrlə bərabər, dövri mətbuatda
sıx-sıx görünməyə başlayır. Onun 80-ci illər romanının poetik sistemini nəzəri
cəhətdən ümumiləşdirən məqalələri
meydana gəlir. Tarixi romanın tipologiyası ilə
bağlı elmi-nəzəri ümumiləşdirmələri,
M.Baxtinin polifonik roman nəzəriyyəsinin milli praktikaya
uğurlu tətbiqi (bunu deyərkən daha çox onun
"Yanar ürək"dən "İdeala - monolojidən
dialojiyə" adlı məqaləsini nəzərdə
tuturuq), milli romanşünaslıqda ilk dəfə olaraq yeni roman
üslubu- "sinkretik üslub
- üslubların sinkretizmindən yaranan roman üslubu"
haqqında nəzəri baxışlarını meydana
qoyması, 80-ci illər romanının şərti-metaforik məzmunu,
struktur problemləri ilə bağlı milli
romanşünaslığımız üçün tam yeni
olan araşdırmaları ədəbi-elmi ictimaiyyətin onu həqiqi
romanşünas alim kimi qəbul etməsi ilə nəticələnir.
Alimin "Müasir Azərbaycan romanının poetikası (XX
əsrin 80-ci illəri)" (2005), "Müasir Azərbaycan
romanı: janr təkamülü (XX əsrin 80-ci illəri)"
(2007) və "Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri"
(2008) adlı fundamental tədqiqatları meydana
çıxır.
T.Salamoğlunun kitablarında onun tənqidçi istedadının
yaratdığı imkanların nəticələri
də toplanıb. Həmin nəticələr, xüsusən
"Yarımçıq əlyazma" romanı postmodernizm və
polifonik roman konsepsiyalarının sintezində,
"Çağdaş Azərbaycan ədəbiyyatında
Qarabağ mövzusu", "Erməni kölgəsi: erməni
sindromu və yaxud siranuşçuluq nədir?", "Dərddən
boğulan şair... Dərddən doğulan şeir...",
"Ruhun dindiyi yerdə...", yaxud “Mətləb Nağı
lirik şair kimi" və b. məqalələri onun "ədəbiyyat
tarixindən tənqidə doğru" gedən yolda (Abbas
Hacıyev) ədəbi prosesin ən müxtəlif sahələrinə
analitik nüfuz imkanlarının faktı kimi dəyərləndirilməlidir.
T.Salamoğlu içində
yaşadığımız əsrin ikinci onilliyinə son dərəcə
geniş diapazona malik tənqidçi, xüsusən ədəbiyyatşünas
kimi daxil olur. Yaradıcılığının
əhatə dairəsi o qədər genişlənir, o qədər
müxtəlif ampulalarda meydana çıxır ki, ədəbi-elmi
mühit onun ədəbiyyatımızın tarixi və
çağdaş ədəbi proseslə bağlı
yazılarını, sözün həqiqi mənasında,
heyrətlə qarşılayır. Əsrin
10-cu illərində T.Salamoğlu ədəbi mühit tərəfindən
qəbul edilən bir tənqidçi-ədəbiyyatşünasdan
ədəbiyyatımıza elmi münasibətdə tam yeni
baxış bucaqları və metodoloji yanaşmalar ortaya qoyan
bir alimə qədər inkişaf yolu keçir.
Sözü gedən onillikdə onun ədəbi-elmi mühitə
təqdim olunan kitabları aşağıdakılardır:
"Müasir Azərbaycan ədəbiyyatı" (2012),
"Ədəbi tənqid tarixinə dair portret-oçerklər"
(2014), "Azərbaycan ədəbiyyatının müasir
problemləri" (2014), "İsmayıl
Şıxlının bədii nəsri" (2014),
"M.Ə.Sabirin milli intibah idealı" (2015), "Azərbaycan
ədəbiyyatı: mübahisələr, həqiqətlər"
(2016), "Qarlı aşırımdan keçən
yollar" (2016), "Mir Cəlal nəsri və
müasirlik" (2018). 2017-2018-ci illərdə onun bir-birinin
ardınca "Azərbaycan" jurnalında çap olunan və
indiyə qədər heç bir kitabında yer almamış
"M.Ə.Sabir: uzaqdan və yaxından" (2016, ¹4),
"Qaranlıq dünya" problemi və Mirzə Cəlilin nəsr
qəhrəmanları" (2017,
¹3,4), "Türk qanlı" sənətkarın "Avropa
qiyafəli, müsəlman etiqadlı" əsərləri"
(2018, ¹1), "Vaqif və Vidadi dünyagörüşü
savaşlarında" (2017, ¹11) məqalələrini də nəzərə
alsaq, alimin son illərdə gördüyü işin miqyas nəhəngliyini
təsəvvür etmək olar. Fikrimizcə, bu
"təsəvvür"ü konkretləşdirmək
üçün təqdim olunan kitab və məqalələrdəki
araşdırmaların sahə istiqamətlərini tipoloji cəhətdən
ümumiləşdirməyə xüsusi ehtiyac var.
İlk növbədə, onun əvvəlki mərhələlərdəki
yaradıcılığında
rastlaşmadığımız tam fərqli sahə diqqətimiz
çəkir: Azərbaycan ədəbi tənqidinin tarixi.
"Azərbaycan ədəbi tənqidinin tarixinə dair
portret-oçerklər" kitabında özünə yer alan
məqalələrdə professional ədəbi tənqidimizin
M.F.Axundzadədən başlayan tarixindən XX əsrin 80-ci
illərinə qədərki, prinsip etibarı ilə isə
müstəqillik dövrünə qədərki tənqidimizin
əksər böyük nümayəndələrindən əhatəli
söz açılıb. T.Salamoğlunun
araşdırmalarında müstəqillik dövrünün ədəbiyyatşünaslıq
düşüncəsi, qoyulan problemlərə, tənqid
tariximizin nümayəndələrinin
yaradıcılığına yeni elmi-nəzəri və metodoloji
baxış bucağı ilə yanaşılıb. Ədəbi materiala bu cür yanaşma isə, onu tənqidşünaslığımızın
böyük nümayəndələrini təkrar etməməyə,
tənqid tariximizə dair öz sözünü deməyə
tam şəkildə imkan verib.
Əsrin ikinci onilliyində T.Salamoğlunun
ədəbi tənqidimizin tarixi ilə paralel surətdə
araşdırdığı sahələrdən biri də
sovet dövrü Azərbaycan ədəbiyyatıdır. Onun bu istiqamətdəki
araşdırmaları "Müasir Azərbaycan ədəbiyyatı",
"İsmayıl Şıxlının bədii nəsri",
"Qarlı aşırımdan keçən yollar",
"Mir Cəlal nəsri və müasirlik" kitablarında
cəmlənmişdir. Bu tədqiqatlarda Əhməd Cavad,
Umgülsüm Sadıqzadə, Almas İldırım, Mir Cəlal,
Mehdi Hüseyn, İsmayıl Şıxlı, İlyas Əfəndiyev,
F.Kərimzadə yaradıcılığı sistemli təhlil obyekti olmuşdur.
Məlumdur ki, bizim ədəbiyyatşünaslığımız
sovet dövrü Azərbaycan ədəbiyyatını əsasən
iki böyük mərhələdə öyrənməyə
üstünlük verir. Birincisi, sosrealizmin "qəti normativləri çərçivəsində"
(T.Əlişanoğlu) olan mərhələ, yəni 50-ci illərin
birinci yarısına qədərki mərhələ, ikincisi,
yeni keyfiyyət mərhələsi, başqa sözlə,
sosrealizmin sərhədlərinin dağılması mərhələsi.
T.Salamoğlu Mir Cəlal, M.Hüseyn
yaradıcılığını birinci mərhələnin,
İ.Şıxlı, İ.Əfəndiyev, F.Kərimzadənin
yaradıcılığını isə ikinci mərhələnin
nümayəndələri sırasında araşdırır. Lakin tənqidçi V.Yusiflinin dəqiq
ifadə etdiyi kimi, yaradıcılıq stixiyası etibarı
ilə "standartlara uyğunlaşan" tədqiqatçı
olmadığı üçün ədəbiyyatşünaslığın
mövcud standartlarından kənara çıxır və
onun Mir Cəlal, M.Hüseyn yaradıcılığı ilə
bağlı araşdırmaları, xüsusən Mir Cəlalın
30-40-cı illərdəki fəaliyyəti ilə bağlı
apardığı sistemli tədqiqatlar prof. H.Qasımovun
düzgün ümumiləşdirdiyi kimi "20-50-ci illərin
ədəbiyyatını insan amilindən, şəxsiyyət
başlanğıcından sərf-nəzər etmək fikrinə
tənqidi yanaşma təlqin edir".
T.Salamoğlu repressiya və mühacirət ədəbiyyatını
20-30-cu illər ədəbiyyatımızın milli qolu kimi təqdim
etsə də, Mir Cəlaldan və M.Hüseyndən
"sosrealizmin qəti normativləri" dövrünün sənətkarları
kimi bəhs açsa da, bu iki yaradıcılıq istiqamətini
qarşı-qarşıya qoymaq niyyətində deyildir. Bu bir həqiqətdir ki, T.Salamoğlu "ədəbi
missiyası etibarı ilə "inqilabçı" yox,
"təkamülçü"dür. Dağıtmaqla
yox, yaradıcı kombinasiyalarla məşğuldur" (Seyfəddin
Rzasoy).
Alim ədəbi tənqid tarixinə dair
araşdırmalarında olduğu kimi, sovet dövrü ədəbiyyatımızı
da tədqiq edəndə bilavasitə bədii mətn həqiqətlərinə
istinad edir. Məhz bu tip tədqiqat
üsulu onun araşdırmalarını indiyə qədər
deyilmişlərin çərçivəsindən kənara
çıxarır. O, son vaxtlarda "Ədəbiyyat qəzeti"ndə
"Ədəbiyyatla ədəbiyyatşünaslıq
arasında" silsiləsindən yazılar çap
etdirmişdir. Bu yazıların əsas dəyəri ədəbiyyatımızın tarixini, xüsusən XX əsr
ədəbiyyatını öyrənmək üçün
onun tam yeni bir metodoloji tədqiqat üsulu ortaya qoyması ilə
müəyyənləşir. T.Salamoğlu belə
bir qəti qənaətdən çıxış edir ki,
"bizim ədəbiyyatımızla ədəbiyyatşünaslığımız
arasında sovet rejiminin ədəbiyyat siyasəti Çin səddi
kimi dayanır". Tədqiqatçı
tam əminliklə belə bir məsələ qoyur ki, bizim vəzifəmiz
bu Çin səddini söküb dağıtmaq, ədəbiyyatımızın
həqiqi mahiyyətindən uzaq düşmüş ədəbiyyatşünaslığımızı
ona yaxınlaşdırmaqdır. Alimə
görə, bunun ən doğru yolu bədii mətnləri
sovet ədəbiyyatşünaslıq kanonlarından, inersial təhlil
təcrübəsindən azad olaraq təhlilə cəlb etməkdir.
T.Salamoğlu ancaq nəzəri konsepiya ilə
çıxış etməklə kifayətlənmir,
özünün çoxsaylı təhlillərində bu
konsepsiyanı tətbiq edir. Onun istər
"sosrealizmin qəti normativləri" dövründə
yazıb-yaradan Mir Cəlal, M.Hüseynlə bağlı, istərsə
də sonrakı dövr sənətkarları ilə bağlı
təhlilləri bu mövqedən aparılır və nəticədə
tam yeni qənaətlər əldə edilir.
Adıçəkilən tədqiqatlarında
alim Mir Cəlal, M.Hüseyn, İsmayıl Şıxlı,
İlyas Əfəndiyev, F.Kərimzadənin sovet dövrü
yaradıcılığı haqqında ədəbiyyatşünaslığımızda
indiyə qədər mövcud olan baxış sistemini dəyişməyə
calışıb. Etiraf etməliyik ki, ədəbiyyatşünaslığımız
Cahandar ağa tipli surətləri müəyyən qədər
milli mövqedən qiymətləndirməyə
çalışsa da, qiymətləndirmələrin
böyük əksəriyyətinin əsasında
obrazların taleyini və xarakterini sinfi müstəvidən dəyərləndirmək
tendensiyası qalmaqda davam edir. Tədqiqatçı
istər Cahandar ağa obrazını, istərsə bədii
konfliktin şərti-metaforik məzmununu, istərsə də
bədii konfliktin məişət hadisələri çərçivəsində
yox, siyasi qarşıdurmalardan güc alması - milli
varlıqla müstəmləkəçi rejimin üz-üzə
gəlməsindən yaranması məsələlərinə
tam yeni aspektdə elmi həll verir. Düşünürük
ki, aşağıdakı mülahizələr
T.Salamoğlunun "Dəli Kür"ü metodoloji
baxımdan düzgün şəkildə, büsbütün
orijinal mövqedən təhlil etməsi haqqında elmi qənaət
formalaşdırmaq gücündədir. "...Elmi ədəbiyyatda
"Cahandar ağa milli xarakterdir" mülahizəsinin
özünə yer almasını tamamilə təbii hesab
edirik. Ədəbiyyatşünaslıqda bu fikir
birmənalı qəbul olunmuşdur. Amma
görünür ki, bəzi hallarda mahiyyətinə
varılmadan qəbul olunmuşdur. Çünki
çox vaxt bu tezisin ardınca "Cahandar ağa mənsub
olduğu təbəqə, istismarçı sinif kimi
ölümə məhkumdur" tipli mülahizələr gəlir.
Halbuki bu iki fikir bir-birini tam şəkildə
inkar edir. Çünki xarakter millidirsə, deməli, o,
yaşarıdır, heç vaxt "ölümə məhkum"
ola bilməz. Yox, əgər
"ölümə məhkum"dursa, onda milli deyil. Sonuncu fikir xarakterə sinfi yanaşmanın nəticəsidir,
mülkədardısa, deməli, ölümə məhkumdur.
Əslində, "Dəli Kür"ün qəhrəmanı
"ölümə məhkumluğ"un yox, "ölümə
məhkum edilmə"nin aqibətini və
ağrısını yaşayır, həm də mülkədar
kimi yox, mənsub olduğu sinfin "yük"ünü
çəkən obraz kimi yox, mənsub olduğu millətin
xarakterini varlığında daşıyan obraz kimi"
(T.Salamoğlu. İsmayıl
Şıxlının bədii nəsri.s.116-117).
Tədqiqatçının
yaradıcılığında Cahandar ağaya münasibətdən
sonra "ictimai yuxarılar"a elmi
baxışın bütöv bir konsepsiyası üzə
çıxır və bu konsepsiya əslində, ədəbiyyatşünaslığımız
qarşısında "ictimai yuxarılar"a - varlı təbəqələri
təmsil edən obrazlara elmi yanaşmanı dəyişmək
problemini qoyur. Salamoğlu öz tədqiqatlarında
bu konsepsiyanı inkişaf etdirmək yolu ilə irəliləyir.
İ.Əfəndiyevin
"Üçatılan" povestindəki Hacı
Tanrıverdi obrazına münasibətdə bu konsepsiyanın
uğurlu tətbiqini müşahidə edirik. İndiyə
qədər ədəbiyyatşünaslığımızda
"sovet hakimiyyətinə düşmən", "inqilaba
düşmən qüvvələrin ... düşmən
mövqeyini ifadə edən", "dünyada varını
qorumaq idealından başqa heç nə tanımayan" bir
obraz kimi, başqa sözlə, sırf sinfilik mövqeyindən
dəyərləndirilən bu obrazın tamam fərqli bir məzmununu
və missiyasını bizə təqdim edir:
"...İ.Əfəndiyevin Hacı Tanrıverdiyə
münasibəti sələflərinin münasibətindən
kəskin şəkildə fərqlənir. İ.Əfəndiyev
Hacı Tanrıverdini tərəkəmə obalarının
varlı insanlarının ümumiləşdirilmiş obrazı
kimi yaradır və sovet hökumətinin gəlişi ilə
onun və onun kimilərin düşdüyü
acınacaqlı vəziyyətin realist təsvirini verir.
Yazıçı heç bir halda Hacı Tanrıverdini
"düşmən" kimi xarakterizə etmir... Hacı Tanrıverdinin taleyi mürəkkəbliklər
və ziddiyyətlərlə dolu zamanın tərkib hissəsi,
reallığı idi. Yazıçı
bu reallıq haqqında həqiqəti ifadə edir. Bu həqiqət isə Hacı Tanrıverdiyə nifrət
hissi təlqin etmir. Əksinə,
düşdüyü faciəli vəziyyətlə
bağlı Hacı Tanrıverdi və onun ailəsinin taleyi
oxucuda ağrılı hisslər yaradır"
(T.Salamoğlu. Ən yeni Azərbaycan ədəbiyyatı
məsələləri. s.193).
T.Salamoğlu Cahandar ağa, Hacı Tanrıverdi
obrazlarına sinfi mövqedən verilən təhlillərin
birbaşa ideoloji təsirlər altında meydana
çıxdığı, buna görə də obrazların
həqiqi təbiətini açmaqdan uzaq olduğu,
yazıçı mövqeyinin və obrazın xarakterinin ancaq
milli həyat problemlərinə, dövrün ictimai-siyasi hadisələrinə
obyektiv elmi baxışla düzgün açıla biləcəyi
qənaətindədir. Buna görə də o,
elmi mövqeyini daha əsaslı şəkildə sübut etmək
üçün F.Kərimzadənin "Qarlı
aşırım" romanını monoqrafik araşdırmaya
cəlb edir. Monoqrafiyanın "Qarlı
aşırım" romanı və ədəbi tənqid
(Estetik düşüncənin dinamikliyi, tənqidi
düşüncənin statikliyi)" adlı fəsilində
roman qəhrəmanlarına, xüsusən Kərbəlayı
İsmayıl və Abbasqulu bəy obrazlarına
yanaşmaların əsas konturlarını ümumiləşdirməyə
çalışır və yalnız bundan sonra "Qarlı
aşırım"ın bədii mətn həqiqətləri"ni
(II fəsil) təhlil müstəvisinə çəkərək
Kərbəlayı İsmayıl obrazını tam yeni bir
rakursda təqdim edir: "Cahandar ağa kimi Kərbəlayı
İsmayıl da ölümə məhkumluğun yox,
ölümə məhkum edilmənin aqibətini
yaşayır. "Qarlı
aşırım"da Kərbəlayının tale yolu sovet
hökumətinin gəlişi ilə milli varlığın
düçar olduğu böyük fəlakəti ..., milli
varlığın sovet hökumətinə müqavimətini
simvollaşdırır. Bu simvol daxilində
Kərbəlayı tragik qəhrəman funksiyasında
çıxış edir. Bu
çıxışı reallaşdıran güc milli
psixologiyadan gəlir" (T.Salamoğlu. "Qarlı
aşırım"dan keçən yollar. s.119).
T.Salamoğlunun tədqiqatları daha geniş
üfüqlərə can atmaqdadır. Onun
yaradıcılığında araşdırmanın obyektləri
daha geniş diapazon kəsb etməkdədir. Son illərdə o, XIX əsrin sonu, XX əsrin əvvəllərindəki
Azərbaycan ədəbiyyatını da öz tədqiqat
arsenalına daxil etmişdir.
Fikrimizcə, 2012-ci ildə (3-cü
nömrə) "Azərbaycan" jurnalında çap
etdirdiyi "Sabirin milli intibah idealı ("İctimai
yuxarılar"a münasibət kontekstində)" məqaləsi
ilə onun yaradıcılığı yeni bir keyfiyyət mərhələsinə
daxil olur. Çünki
bu məqalədə T.Salamoğlu M.Ə.Sabir satirasına tam
yeni bir rakursdan yanaşma təqdim edir.
Tədqiqatçı "ictimai
yuxarılar"a münasibətdə satirik
gülüşün ancaq ifşaedici (öldürücü,
məhvedici) xarakter daşımasına dair ədəbiyyatşünaslığımızda
artıq kanonlaşmış elmi fikri qəbul etmir və məsələyə
bu baxışda sinfi yanaşmanın öndə olması qənaətinə
gəlir. Sabirin sənət
kredosunu millətin ictimai tərbiyəsi ilə bağlayan tədqiqatçı
onun satiralarında həm ictimai aşağıların, həm
də ictimai yuxarıların milli şüur yoxsulluğu
prizmasından tənqid edilməsi fikrini önə çəkir.
Tədqiqatçıya görə, "milli
şüuru oyatmaq, vətəndaş birliyinə və
düşüncəsinə nail olmaq Sabirin sənət
kredosu, sənət konsepsiyası idi. Şair
öz sənət kredosu uğrunda mübarizə və
mücadiləyə işin ibtidasından - tərbiyədən
başlamışdı".
M.Ə.Sabir satirası haqqında araşdırmalarını
getdikcə dərinləşdirən tədqiqatçı bu
istiqamətdə yeni-yeni məqalələrlə
çıxış edir. Problemlərin konseptual qoyuluşu
baxımından biz onun "Sabir satirasının dialoji məzmunu"
məqaləsini də xüsusi olaraq fərqləndirmək
istəyirik. Əslində, bu məqalə
təkcə Sabir satirasına yox, bütövlükdə milli
tənqidi realizmin estetikasına fərqli bir baxış ortaya
qoyur. Məlumdur ki, tənqidi realizmin
estetikasında estetik idealın inkar yolu ilə təsdiqi
aparıcı prinsip kimi qəbul edilmişdir. Lakin "Sabir satirasının dialoji məzmunu"
məqaləsində tədqiqatçı əsaslandırmağa
çalışır ki, Sabir satirasıda müəllifin
estetik idealı həm inkar, həm də təsdiq pafosu ilə
gerçəkləşir. Başqa sözlə,
Salamoğlu Sabir satirasını ancaq eybəcərliyi tənqid
pafoslu yox, eyni zamanda, cəmiyyət həyatında gedən
bütün mütərəqqi prosesləri - inkişaf meyillərini
öz içinə alan
yaradıcılıq kimi təsəvvür edir. T.Salamoğlu Sabir satirasının polifonik məzmununu
önə çəkir. M.Baxtinin polifonik-dialoji roman nəzəriyyəsində özünə yer alan dialoji əks
etdirmə üsulundan bəhrələnən tədqiqatçı
Sabir satirasında da "qəhrəmanın (burada satirik tipin
- B.B.) söz"ünün həm özünün, həm də
başqasının sözünün məzmununu əks etdirməklə
dialoji səciyyə qazanması" fikrindən
çıxış edərək belə bir qənaətə
gəlir: "Əksər satiralarda tipin monoloqu hadisəyə
yalnız özünün münasibətini yox, həm də
başqalarının münasibətini ifadə edir. Məhz bu cəhət, bir daha təkrar edək ki,
satiraların inkar və təsdiq məzmununu önə
çıxarır" (T.Salamoğlu. M.Ə.Sabirin
milli intibah idealı. s.136). Tədqiqatçı
"Hophopnamə"dən dialoji məzmunlu çoxsaylı
mətnləri təhlil predmetinə çevirərək Sabir
satirasının ancaq inkar pafosu ilə yox, həm də təsdiq
pafosu ilə böyük sənət faktına çevrilməsi
düşüncəsindən çıxış edir.
Xüsusi vurğulamaq istəyirəm ki,
"tənqidçinin məlum ardıcıllıqla
düşüncə hərəkəti" (Ə.R.Xələfli)
miqyassız bir enerji ilə davam etməkdədir. Onun "Azərbaycan"
jurnalının son illər nömrələrində çap
olunmuş "Qaranlıq dünya" problemi və Mirzə Cəlilin
nəsr qəhrəmanları" (2017, ¹3, 4), "Türk
qanlı" sənətkarın "Avropa qiyafəli, müsəlman
etiqadlı" əsərləri" (2018, ¹1) tədqiqatları
artıq T.Salamoğlunun üzərinə son dərəcə
ağır, lakin eyni dərəcədə şərəfli
olan bir missiya götürmüş olduğunu göstərməkdədir.
Bizə elə gəlir ki, T.Salamoğlu
üzərinə götürdüyü missiyanı eyni inad və
cəsarətlə, eyni dözüm və təmkinlə, eyni
intellektual və elmi səviyyə ilə davam etdirəcəkdir. XIX əsrin sonu, XX əsrin əvvəllərində
yaşayıb yaradan maarifçi və tənqidi realist sənətkarlar
haqqında araşdırmalarının sərhədlərini
genişləndirəcək və bu tədqiqatlar son nəticədə
milli maarifçi
və milli tənqidi realizmin estetikasına dair
mükəmməl elmi prinsiplərin müəyyənləşməsinə
gətirib çıxaracaqdır. Ona da qətiyyən
şübhə etmirik ki, alim Azərbaycan ədəbi tənqidinin
tarixinə, sovet dövrü Azərbaycan ədəbiyyatına
dair araşdırmalarını da eyni ruhda və əzmdə
davam etdirəcəkdir. Biz bütün
bunların ən yaxın illərdə gerçəkləşəcəyinə
tam inanırıq.
525-ci qəzet.- 2018.- 21
iyun .- S.8.