Azərbaycan
Xalq Cümhuriyyəti dövründə dövlət-din
münasibətləri
Azərbaycan tarixinin ən şərəfli,
eyni zamanda, ağrılı və acılı mərhələlərindən
birini Azərbaycan Xalq Cümhuriyyəti dövrü təşkil
edir.
Bütün daxili və xarici təzyiqlərə
baxmayaraq, 1918-ci il may ayının 28-də
elan edilən və cəmi 23 ay ömür sürən Azərbaycan
Xalq Cümhuriyyəti qısa müddətdə böyük
işlər gördü, özündən sonra zəngin mədəni
və mənəvi irs qoydu.
Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin
maddi və mənəvi irsinə diqqət
artırıldı, həmin dövrün tarixinin öyrənilməsi
istiqamətində ciddi addımlar atıldı. Ulu Öndər Heydər
Əliyevin əsasını qoyduğu bu siyasət Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin böyük
uzaqgörənliyi ilə davam etdirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 2017-ci il may
ayının 16-da "Azərbaycan Xalq Cümhuriyyətinin 100
illik yubileyi” haqqında, 2018-ci il yanvar ayının 10-da isə
2018-ci il ilin Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti
İli" elan olunması barədə sərəncam
imzalaması bu siyasətin uğurla davam etdirilməsinin,
Prezident İlham Əliyevin Azərbaycanın zəngin tarixinə
və mədəniyyətinə göstərdiyi diqqət və
qayğının göstəricisidir.
Azərbaycan Xalq Cümhuriyyətinin daxili
siyasətində önəm verilən sahələrdən bir
dövlət-din münasibətləri olmuşdur. Qısa müddətdə bu sahədə çox
ciddi addımlar atıldı, dövlətin din siyasətini həyata
keçirən Xalq Maarifi və Dini Etiqad Nazirliyi
yaradıldı, qarşısında ciddi vəzifələr
qoyuldu.
Həmin dövrün dövlət-din münasibətlərini
araşdırmaq üçün o mərhələdə cərəyan
edən hadisələri öyrənmək, ictimai və siyasi
durumu təhlil etmək xüsusi əhəmiyyət
daşıyır.
XIX əsrin sonu - XX əsrin əvvəli
dünyada bir çox ciddi dəyişikliklərinbaş verməsi
ilə yadda qaldı, sosial-iqtisadi proseslər sürətləndi,
burjuaziya cəmiyyəti formalaşmağa başladı, yeni
siyasi partiya və təşkilatlar yarandı.
Eyni zamanda, Rusiyada iqtisadi vəziyyət
ağırlaşdı, ölkəni tətil hərəkatları
bürüdü və siyasi hakimiyyət zəiflədi. Ölkə rəhbərliyi
bu gerçəkliyi nəzərə alaraq, ciddi siyasi qərarlar
qəbul etdi, ölkə vətəndaşlarının
hüquq və azadlıqlarının təmin olunması məqsədilə
bir sıra tədbirlər həyata keçirdi. Lakin bütün bu qərarlar ölkədə siyasi
sabitlik yaratmaq və hakimiyyəti qorumaq üçün yetərli
deyildi.
1917-ci ilin fevral burjua-demokratik inqilabı
çarizmin 300 illik hökmranlığına son qoydu. Bu hadisə Rusiya ərazisində
yaşayan xalqların azadlıq hərəkatlarını daha
da gücləndirdi. Zaqafqaziyada, o cümlədən,
Azərbaycanda milli - demokratik hərəkat geniş vüsət
aldı. Bu prosesdə milli burjuaziya, xalq
ziyalıları fəal iştirak etdilər. Oktyabr
çevrilişinin qələbəsindən sonra bölgələrdə
milli demokratik hərəkatı xeyli gücləndirdi, milli
dövlət quruculuğu hərəkatı daha geniş əraziləri
əhatə etməyə başladı, zülmdən azad
olmaq, söz, dil və din azadlığı əldə etmək,
öz milli dövlət quruluşunu yaratmaq bu hərəkatın
əsas hədəflərindən birinə çevrildi.
Bununla Azərbaycan xalqının milli mənlik
şüurunun gücləndiyi bir şəraitdə suveren Azərbaycan
Respublikasını elan etmək üçün əlverişli
şərait yarandı. Müstəqilliyin elan olunması çar hökumətinin
milli müstəmləkəçilik əsarətindən
yorulmuş və öz milli dövlətini yaratmaq arzusunda olan
yerli əhalinin əsas arzusu idi.
Həmin illərdə istedadlı Azərbaycan gənclərinin
imperiyanın və dünyanın müxtəlif təhsil
ocaqlarına göndərilməsi öz bəhrəsini verdi. Onlar Vətənə
qayıtdıqdan sonra milli demokratik hərəkatın
yaranmasında böyük rol oynadılar. Avropada mütərəqqi
ideyalarla tanış olan gənc mütəxəssislər
böyük ideyalara qovuşmaq üçün ilk növbədə
qan yaddaşına qayıtmağın, özünü dərk
etməyin, millətinin tarixini, mənəvi dəyərlərini
araşdırmağın vacibliyini yaxşı
anlayırdılar.
Bu məqsədlə milli məktəblər
açılır, proqramlar hazırlanır, dərsliklər
yazmağa təşəbbüs göstərilir,
ayrı-ayrı xarici müəlliflərin ən yaxşı əsərləri
Azərbaycan dilinə tərcümə olunurdu. O dövrdə milli
ziyalılarımızın qabaqcıl nümayəndələrindən
Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə,
Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə,
Məhəmməd Hadi, Hüseyn Cavid, Üzeyir bəy
Hacıbəyov, Mirzə Ələkbər Sabir, Abdulla
Şaiq, Əlimərdan bəy Topçubaşov, Firidun bəy
Köçərli, Məhəmməd Əmin Rəsulzadə
və başqaları mətbuatda çıxış edərək
xalqın şüurunun oyanmasında, millətin
formalaşmasında mühüm rol oynayırdılar. Bu işdə Həsən bəy Zərdabinin və
Məhəmməd Əmin Rəsulzadənin millətçilik
və dövlətçilik, Cəlil Məmmədquluzadənin
demokratiya və azərbaycançılıq ideyaları
böyük təsir gücünə malik idi.
Azərbaycan Xalq Cümhuriyyətinin elan
edilməsi ilə nəticələnən milli dirçəliş,
demokratikləşmə, maarifçilik və xeyriyyəçilik
hərəkatlarında din xadimləri də fəal iştirak
edirdilər. Maarifçilik, elm və savadın təbliği
insanlar arasında böyük təsir gücünə malik
nüfuzlu şəxsiyyətlər tərəfindən
aparılırdı. Çünki
maarifçiliyə yönəlmiş xeyriyyə tədbirlərini,
elm və biliyin təbliği işini belə şəxslərin
köməyi olmadan aparmaq uğursuzluğa məhkum idi.
Həmin dövrdə uzun müddət
Rusiya imperiyasının işğalına məruz qalan
Şimali Azərbaycanın milli demokratik qüvvələrinin
Bakını siyasi mərkəzə çevirmək
üçün təşkilatlanmasında Təzəpir məscidi
mühüm rol oynadı. Azərbaycan ziyalıları vaxtilə
Çar Rusiyasının sünnilərlə şiələr
arasında qızışdırdığı ixtilafları
aradan qaldırmaq üçün Qafqaz Müsəlmanlarının
Qurultayının çağırılmasını qərara
aldı. Bu qərarı hər iki məzhəbin
din xadimləri razılıqla qarşıladı və 1917-ci
ilin aprelində "İsmailiyyə" binasında (indiki
AMEA-nın Rəyasət Heyətinin binası) geniş
toplantı keçirildi. Üç
gün davam edən qurultaya Şimali Azərbaycanın
bütün qəzalarından, o cümlədən,
Dağıstan, Basarkeçər, Borçalıdan nümayəndələr
dəvət edildi. İclas başa çatdıqdan sonra
tədbir iştirakçıları İsmailiyyədən Təzəpir
məscidinə yollandılar, yüzlərlə din xadimi
müfti və şeyxülislamın iştirakı ilə məsciddə
Cümə namazı qıldılar. Sonra isə
sünni-şiə ixtilafına son qoymaq üçün
şeyxülislamla müfti qucaqlaşıb Qurana əl basaraq
Çar hökumətinin
qızışdırdığı ədavəti aradan
qaldırmağa çalışacaqlarına and içdilər.
1918-ci ilin may ayının 28-də Azərbaycan Milli
Şurası müsəlman dünyasında ilk dəfə
olaraq müstəqil və demokratik respublikanın
yaradılmasını elan etdi. Azərbaycan
Demokratik Respublikasının istiqlal bəyannaməsində
milli və dini məsələlərlə bağlı
müddəalar öz əksini tapdı.
1918-ci il iyunun 17-də hökumət təsis olundu, milli ənənələrə
qayıtmaq, əhalinin dini ehtiyaclarını təmin etmək
məqsədilə Xalq Maarifi və Dini Etiqad Nazirliyi (XMDEN)
yaradıldı və N.B.Yusifbəyli bu quruma rəhbər təyin
olundu. Nazirlik dərhal din xadimləri və dini
qurumlarla sıx əməkdaşlığa başladı.
Ölkənin parlamentində Azərbaycanın milli, dini tərkibi
nəzərə alındı, müsəlmanlara 80, xristianlara
35 yer ayrıldı, özü də ən çox yer ermənilərə
verildi. Onları parlamentdə 21 deputat təmsil
edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin
yaradılmasına, şiə və sünni ruhani idarələrinin
əməkdaşlığına nail oldu. Azərbaycanın müstəqilliyinin
elan olunmasına qədər bu idarələr Tiflisdə yerləşirdi.
Lakin bölgədə cərəyan edən son
dərəcə mürəkkəb hadisələri nəzərə
alaraq, hər iki ruhani idarəsinin rəhbərləri Məhəmməd
Pişnamazzadə və müfti Mustafa Əfəndizadə Azərbaycana
köçmək qərarına gəldilər. XMDEN-nin
10 avqust 1918-ci il tarixli qərarı ilə
onlar Gəncəyə köçdülər və
könüllü olaraq 1918-ci ilin sentyabrın 1-də vahid
orqanda birləşdilər. Sentyabrın 7-də
XMDEN bu qərarı təsdiq etdi və Bakı 1918-ci ildə
Bolşeviklərdən azad olunduqdan sonra ruhani idarəsi buraya
köçürüldü.
Həmin dövrdə dini təyinatlı məkanlar
xalqın məşvərət yerinə çevrilmişdi,
din xadimləri milli oyanışa dəstək verirdilər. Təzəpir məscidi və
İsmailiyyə binası bu qəbildən olan mərkəzlərdən
hesab edilirdi. Düşmən Azərbaycan
xalqının birliyinin təmin olunmasında Təzəpir məscidinin
oynadığı rolu yaxşı bilirdi. Ona görə
də mart ayının 31-də müsəlman əhalisinə
qarşı soyqırımına başlayan
daşnak-bolşevik birləşmələri XX əsrin əvvəllərində
Azərbaycanın ictimai-siyasi həyatında, eləcə də
milli şüurun oyanmasında, elmi-dini maarifçiliyin təbliğində
xüsusi rola malik möhtəşəm memarlıq abidələrindən
biri olan "İsmailiyyə" binasını,
"Kaspi" qəzetinin redaksiyası və mətbəəsini,
orada yenicə çap olunmuş Qurani-Kərimin 5 min nüsxəsini
yandırıb külə döndərdilər.
1918-ci ilin oktyabrında Pişnamazzadənin
təşəbbüsü ilə həm şiə, həm də
sünni cərəyan başçılarının
yığıncağı keçirildi. Müfti Hüseyn
Qayıbzadə 1917-ci ildə dünyasını dəyişdiyindən
və bu, çar Rusiyasının dağıldığı
illərə təsadüf etdiyindən yerinə yeni müfti
təyin edilməmişdi. Müftinin vəzifəsini
İdarənin yığıncağında işçilər
tərəfindən seçilən Mustafa Əfəndizadə
icra edirdi. Mustafa Əfəndi Pişnamazzadə
ilə yaxın münasibətdə idi və uzaqgörən,
millətini sevən, müdrik şeyxülislama dərin
hörmət bəsləyirdi. 1918-ci ilin 30
oktyabrında Şeyxülislamın imzası ilə hökumətə
367 N-li təkliflər məktubu ünvanlandı. Təkliflər
4 bölmədən ibarət idi:
1. Azərbaycan Cümhuriyyəti hüdudlarında "Məşixət-i
İslamiyyə" adlı ruhani idarəsi təsis edilsin və
ona Türkiyədə mövcud olan Məşixət kimi tam
müstəqillik verilsin;
2. 7 sentyabr tarixli 311 saylı təqdimatda göstərilən
Məşixətin iki sədrindən birinə
Şeyxülislam, digərinə müstəşar, yaxud
müşavir adı verilsin.
3. Şeyxülislam iclaslarda iştirak etmək hüququ
qazanaraq rəsmən Nazirlər Şurasının
üzvü hesab edilsin;
4. Ruhani heyətin komplektləşdirilməsi
üçün Məşixətin birbaşa sərəncamına
kredit ayrılsın. Sadalanan və digər bu
kimi məsələlərin həll edilməsi məqsədi
ilə bizim də iştirakımızla fövqəladə
yığıncaq çağırılsın.
Şeyxülislam M. Pişnamazzadə
başda olmaqla ruhanilər bu çətin ideyanın təşəbbüsçüsü
oldular və sonra da onu həyata keçirdilər. Bununla məzhəb
ayrılıqlarından istifadə edərək Qafqazda müsəlmanlar
arasında düşmənçilik yaratmaq istəyən
Çar Rusiyasının siyasətinə son qoydular.
Bu, Pişnamazzadənin müstəqil
dövlətimizə göstərdiyi xidmətin nəticəsi
idi. Belə ki, dini rəhbərlər
hökumətin mövqeyini gözləmədən, özləri
hər iki idarənin birləşdirilməsi və Qafqaz
Müsəlmanları Ruhani İdarəsinin Türkiyə
nümunəsi əsasında "Məşixət"
adı ilə yenidən qurulması təşəbbüsü
ilə çıxış etdilər. 1918-ci il 1 sentyabr tarixli birgə qərar ilə hər
iki idarə "Məşixət" adlanan vahid bir idarədə
birləşdirildi.
1918-ci il sentyabrın 15-də
Bakının işğaldan azad olunmasından sonra Məşixətin
Bakıya köçürülməsi qərara
alındı. Molla Məhəmməd Pişnamazzadə səhhəti
ilə bağlı 1918-ci il dekabrın
10-da idarənin sədri və Şeyxülislam vəzifəsindən
istefa verdi. Azərbaycan Xalq Cümhuriyyəti
Dini etiqad naziri Musa bəy Rəfiyevin tövsiyəsi ilə
dekabrın 12-də Təzəpirin axundu 47 yaşlı Ağa
Əlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin
sədri və Şeyxülislam seçildi. Beləliklə, müsəlmanların dini işlərinin
idarə edilməsində bir-birinə münasibətdə
muxtar, ikili sünni-şiə ruhani rəhbərliyi aradan
qaldırıldı, Qafqaz müsəlmanlarının vahid
idarəsi yaradıldı. Şeyxülislam
idarənin rəhbəri, yəni Qafqaz müsəlmanları
Ruhani İdarəsinin başçısı, müfti isə
onun müavini oldu.
XI Qızıl Ordu Şimali Azərbaycanı
işğal edənədək Azərbaycan Xalq Cümhuriyyəti
Milli Şurası, sonra isə Parlamenti və Hökuməti
mövcud olduğu qısa müddətdə iqtisadi,
ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə
aid bir çox islahatlar həyata keçirdi, ölkə vətəndaşlarının
hüquqlarının təmin edilməsinə yönəlmiş
qərar və tədbirlərdə əhalinin vicdan
azadlığı məsələləri xüsusi yer tutdu.
Azərbaycan Xalq Cümhuriyyəti milli ənənələrin
qorunması, o cümlədən, əhalinin dini
ehtiyaclarının ödənilməsi ilə bağlı əhəmiyyətli
addımlar atdı, hökumətin qərarı ilə ruhanilər
və dini idarələr büdcədən maliyyələşdi,
dini vergilər də bilavasitə dövlət xəzinəsinə
daxil oldu.
Azərbaycan Xalq Cümhuriyyəti iki ildən az müddət yaşasa da, Azərbaycan
dövlət quruluşunun bərpa olunması, Azərbaycan
istiqlaliyyətinin dirçəldilməsi,
xalqımızın milli mənlik şüurunun oyanması
üçün az iş görmədi.
Ceyhun MƏMMƏDOV
Azərbaycan İlahiyyat İnstitutunun
rektoru
525-ci qəzet.- 2018.- 21 iyun.- S.6.