Türk tarixinin qədim qatlarına... Və müasir metodlarla

 

Nizami CƏFƏROV

 

Hər şeyi öz arşını ilə ölçən sovet ideologiyası XX əsrin sonlarına doğru elmi- tarixi təfəkkürün ən müxtəlif sahələrində öz "tarixi" mövqeyini nəinki itirməyə, həm də çox ciddi tənqid obyektinə çevrilməklə danılmaz uğurları səviyyəsində belə yerli-yersiz şübhə doğurmağa, hətta müəyyən mənada ironiya ilə qarşılanmağa başladı ki, ilk illər bu, tamamilə təbii idi.

 

etiraf etmək lazımdır ki, həmin illərdə sovet tarixşünaslığına olan ironik münasibət, xüsusilə, kifayət qədər fundamental əsaslara malik akademik araşdırmaların "gözdən salınması" artıq öz dövrünü başa vurmaqda olan ideoloji konyukturun ondan heç də dayanıqlı olmayan yeni (milli!) konyukturla əvəz edilməsi təsəvvürünü doğurmaya bilməzdi. Ancaq bütün hallarda tarixşünaslıqda köhnə konyukturla yeni konyukturun "dialoq"una ehtiyac vardı ki, həmin "dialoq" XXI əsrin əvvəllərində, yenə də tamamilə təbii olaraq, öz yerini hər cür konyuktur ideoloji maraqlardan mümkün qədər uzaq akademik araşdırmalara verdi.

 

Türk tarixşünaslığında keyfiyyətcə yeni mərhələnin başlamasını şərtləndirən amillərdən birincisi, fikrimizcə, bu sahəyə müasir dünyagörüşlü (və elmi-metodoloji baxımdan hazırlıqlı) gənclərin gəlməsidirsə, ikincisi (və birincisindən az əhəmiyyətli olmayanı) həmin gənclərin türk tarixşünaslığının tarixinə lazımi sayğı-ehtiramla yanaşmaqla zəruri və ya qaçılmaz polemikanı akademik səviyyədə aparmağa son dərəcədə ciddi diqqət vermələridir.

 

Artıq qədim türk, ümumən qədim dünya tarixi üzrə ciddi mütəxəssis kimi tanınan Zaur Həsənovun ilk elmi uğuru 2002-ci ildə Nyu-Yorkda rus dilində çıxan "Çar skiflər" monoqrafiyası oldu. Və həmin əsər böyük elmi-ictimai rezonans doğurdu.

 

Dünyanın ən görkəmli yazıçı-mütəfəkkirlərindən olan Çingiz Aytmatov yazırdı:

 

"Zaur Həsənovun kitabı ilə tanışlıq cavan müəllifin geniş dünyagörüşü, zəngin mütaliəsindən böyük məmnunluq hissi doğurur. Zaur Həsənovun bilik səviyyəsi və tədqiqatçı energetikası XXI əsrin müasir təfəkkürünü hərəkətləndirən yeni cavan alimlər nəslinin böyük elm aləminə qədəm qoyduğundan xəbər verir".

 

"Çar skiflər haqqında yazılmış bu tədqiqat əsərinin ən böyük uğuru ondan ibarətdir ki, bu əsər hələ Herodotdan əvvəl bizim ərazimizdə oğuzdilli skif tayfalarının yaşadığını və onların Skif çarlığı dövlətini yaratdığını tutarlı elmi dəlillərlə sübuta yetirir" deyən xalq şairi Bəxtiyar Vahabzadə onu da əlavə edir ki, "gənc tədqiqatçı Zaur Həsənovun uzun zəhmət və axtarışlarının bəhrəsi olan bu əsər millətmizə, milli düşüncəmizə, türkçülük ideologiyamıza, dövlətçiliyimizə və ümumən tariximizə xor baxanlara, qara yaxanlara, bizi öz soykökümüzdən qoparmaq istəyənlərə elmi əsaslara dayanmış tutarlı cavabdır".

 

Akademik Tofiq Hacıyev Zaur Həsənovun araşdırmalarında polemik ruhun vüsətini ayrıca (və xüsusi metodoloji dəyər olaraq) göstərmişdir:

 

"Zaur Həsənov hər bir tərəfin fikrini bütün təfərrüatı ilə verir, qoy, mütəxəssislər hansını məntiqli sayır, ona inansınlar. Müəllif bu təfərrüata birona görə varır ki, özünün təmsil etdiyi konsepsiyanın gücünə, gerçəkliyinə inanır".

 

Sual olunur: Zaur Həsənovun "təmsil etdiyi" (və ya işləyib hazırladığı) bu konsepsiyanın mahiyyəti nədən ibarətdir?

 

Qısaca olaraq deyə bilərik ki, bu konsepsiya müqayisəli - tarixi eyniləşdirmə (identifikasiya) metodu əsasında aparılan araşdırmaların ortaya çıxardığı və ya inandırdığı nəticələrin elə bir sistemidir ki, mifoloji, etnoqrafik, linqvistik, sosial, dini, ədəbi-bədii, siyasis. həyat sahələrində çar skiflərin türk mənşəyi barədə aydın təsəvvür yaratmaqla yanaşı, həmin təsəvvürün həm dərinləşməsi, həm də genişlənməsi üçün tədqiqatçı qarşısında real elmi idrak perspektivləri açır... Və təsadüfi deyil ki, müəllif mövcud tarixi materialın toplanıb sistemləşdirilməsinə, təsnifat və ya modelləşdirilməsinə nə qədər enerji sərf edirsə, təxminən o qədər də metodun (və nəticə etibarilə, konsepsiyanın) mükəmməlliyinə diqqət yetir ki, bu onun əsərini ənənəvi araşdırma texnologiyalarından xeyli fərqləndirir.

 

Mən hələ o vaxtlar Zaur Həsənovun kitabı barədə yazmışdım:

 

"Çar skiflər" - eyni zamanda, həm bir tarixçinin, həm bir dilçinin, həm də bir ədəbiyyatşünasın əsəridir... Skif sözləri, anlayışları və sosial dünyagörüşünün rekonstruksiyasında böyük rolu və perspektivləri olan, müəllif tərəfindən ilk dəfə tətbiq edilən polisemantik etimologiya metodu xüsusi maraq doğurur..."

 

Və məsələ burasındadır ki, Zaur Həsənovun "müqayisəli - tarixi eyniləşdirmə"si adət etdiyimiz metod anlayışından və ya təsəvvüründən kənara çıxaraq çox hallarda biri digəri ilə sıx əlaqədə olan tədqiqat üsullarının konseptual məcmusu təsiri bağışlayanda da öz mükəmməlliyini nəinki itirir, əksinə, etnik-mədəni əlaqələri, həmin əlaqələrdə zühur edən etnoloji kompleksləri daha aydın dərk etməyə daha geniş metodoloji meydan açır.

 

Əlbəttə, "müqayisəli - tarixi eyniləşdirmə" gənc bir tədqiqatçının o qədər də böyük olmayan təcrübəsində birdən-birə (və bu mükəmməllikdə) meydana çıxa bilməzdi. Və bunu "Çar skiflər" müəllifinin özüetiraf edir:

 

"Bu kitabın yazılması prosesində, o cümlədən də elmi eyniləşdirmə metodunun işlənib hazırlanmasında, çar skiflərin dilinin bərpasında... atam Həsən Əziz oğlu Həsənov çox böyük köməklik göstərmişdir...

 

... Atama mənə həyatım boyu verdiyi mənəvi dayağa, aşıladığı, bəşər mədəniyyətinə olan məhəbbətə görə də təşəkkürümü bildirmək istərdim".

 

bu hissiyyatlı sözlər birona görə mənalıdır ki, arxasında, həqiqətən, böyük intellektual məsuliyyət dayanır.

 

Zaur Həsənov "Çar skiflər"i bir neçə il sonra - 2005-ci ildə Bakıda azərbaycanca nəşr etdirdi. Həmin nəşrə yazdığı ön sözü müəllif belə yekunlaşdırır:

 

"...Tədqiqatımızın nəticələrini dəstəklədikləri üçün bir çox ölkələrdən olan, o cümlədən də qeyri-türk xalqlarını təmsil edən alimlərə, işimizə maraq göstərən oxuculara minnətdarlığımı bildirmək istərdim. Bu maraq bizə inam verir ki, gələcək tədqiqatlar türk xalqlarına dünya ictimaiyyəti qarşısında öz tarixlərinə və ərazilərinə olan hüquqlarını təsdiqləməyə kömək edəcək".

 

Keçən il Zaur mənə Beynəlxalq Türk Akademiyasının nüfuzlu "Müasir türkologiya" seriyasından nəşr etdiyi irihəcmli "Skiflərin:qədim aşquz /işquz/ quzların sosial-mədəni dəyərləri" kitabını (Astana, 2013) təqdim elədi. Bir neçə gün bundan əvvəl Astanada Akademiyanın keçirdiyi növbəti III "Böyük Çöl" Humanitar Forumunda olarkən Zaurun həmin kitabını türkologiyanın klassiklərinin əsərlərinin nümayiş etdirildiyi sərgidə gördüm. Və fəxrlə alıb vərəqlədim... Klassiklərə ehtiram göstərmək lazımdır... Qocasına da, cavanına da...

 

Zaur Həsənovun araşdırmalarında, mənə elə gəlir ki, bütün metodların fövqündə dayanan bir "metod" da var: türk tarixinin qədim qatlarına... Və müasir metodlarla!..

 

525-ci qəzet  2018.- 21 iyun.- S.7.