Fədakarlıq və unudulmazlıq
düsturu: professor Ramiz Zöhrabov
Müasir
Azərbaycan musiqişünaslıq
elmində öz fərdi üslubu və yaradıcılıq
təmayülləri ilə
seçilən görkəmli
alimlər sırasında
Azərbaycan Respublikasının
Xalq artisti, "Şöhrət" ordenli,
"Humay" mükafatı
laureatı, sənətşünaslıq
elmləri doktoru,
professor Ramiz
Zöhrabov əvəzedilməz
yer tutur.
Ramiz Zöhrabovun
elmi, pedaqoji, publisistik, ictmai fəaliyyətinin miqyası
çox genişdir. Musiqişünas-alimin
elmi məqalələri
nəinki Azərbaycanda,
eləcə də Zaqafqaziya, Orta Asiya və Qazaxıstan,
Pribaltika respublikalarında,
Moskva və Sankt-Peterburqda, Yaxın Şərq ölkələrində,
o cümlədən, İranda
və Türkiyədə,
həmçinin, Almaniyada
nüfuzlu jurnal və toplularda nəşr olunmuşdur.
Ramiz Zöhrabov
görkəmli musiqişünas
alim kimi Azərbaycan musiqi elminə böyük töhfələr vermişdir. R.Zöhrabovun elmi yaradıcılığının
əsas istiqamətini
Azərbaycan muğamının
öyrənilməsi - janr
təsnifatı, tarixi
və nəzəri təhlili təşkil edir. Öncə qeyd etmək lazımdır ki, xalq və professional musiqimizə, bəstəkarlarımızın
yaradıcılığına həsr olunmuş 20 monoqrafiyanın, dərsliyin
və 300-dən artıq
elmi-populyar məqalənin
müəllifi olan R.Zöhrabovun elmi tədqiqatlarının başlıca
obyekti muğamdır.
Onun Azərbaycan musiqi elmində muğam sənəti ilə bağlı hərtərəfli tədqiqatları
nəticəsində bu
sahə genişlənmiş
və inkişaf etmişdir. R.Zöhrabovun kitablarının zəngin məzmunu gözümüz qarşısında
muğam dünyası
haqqında parlaq təsəvvür yaradan mənbələrdir. O, Azərbaycan
muğamının tədqiqi
sahəsində mühüm
nailiyyətlər əldə
etmiş və demək olar ki, muğamşünaslığın
bir elm sahəsi kimi inkişafında əhəmiyyətli xidmətlər
göstərmişdir. Onun elmi
yaradıcılığında, həm də ictimai fəaliyyətində
muğam sənətinin
tədqiqi və təbliği qarşılıqlı
əlaqədə öz
əksini tapmışdır.
Alimin elmi əsərlərinin siyahısına nəzər
salsaq görərik ki, çap olunmuş iyirmi monoqrafiyadan on ikisi məhz muğam sənətinin, muğam janrlarının öyrənilməsinə
həsr olunmuşdur: "Azərbaycan
təsnifləri" (Moskva,
1983), "Azərbaycan zərbi
muğamları" (Bakı,
1986), "Muğam" (Bakı,
1991), "Azərbaycan təsnifləri"
(Təbriz, 1991), "Teoretiçeskie
problemı azerbaydjanskoqo
muqama" ("Azərbaycan
muğamının nəzəri
problemləri", Bakı,
1992), "Azərbaycan şifahi
ənənəli professional musiqisi" (dərs vəsaiti, Bakı, 1996),
"Azərbaycan modal musiqisi"
(Tehran, 1999), "Çahargah" muğam dəstgahının
nəzəri əsasları"
(Bakı, 2000), "Rast"
muğam dəstgahının
nəzəri əsasları"
(Bakı, 2002), "Zərbi
muğamlar" (Bakı,
2004), "Azərbaycan rəngləri"
(Bakı, 2006), "Azerbaydjanskaya
professionalnaya muzıka
ustnoy traditsii: muqamı-dastqəx i zerbi muqamı" ("Şifahi ənənəli
Azərbaycan professional musiqisi:
muğam dəstgahlar və zərbi muğamlar", Bakı,
2010), "Azərbaycan muğamları"
(2013). Adlarından da görürük
ki, R.Zöhrabovun tədqiqatlarında muğamın
bütün janrları
əhatə olunmuş,
onların nəzəri
əsasları öyrənilmişdir.
Eyni zamanda, onun muğamlarla
bağlı tədqiqatlarında
bəstəkar yaradıcılığında
muğama aid janrlardan istifadə məsələləri
həmişə diqqət
mərkəzində olmuşdur.
R.Zöhrabovun musiqişünas kimi elmi yaradıcılığının
bir qolu da təhsil və maarifçiliklə
bağlıdır. Vaxtilə
onun Teleradio Verilişləri Şirkətində
müəllifi və aparıcısı olduğu
"Bəstəkarlarımızın portreti", "Sənətə
həsr olunmuş ömür", "Poeziya
və musiqi",
"Romans axşamı" və xüsusilə "Xalq musiqisi inciləri"
silsiləsindən "Muğam
sənəti haqqında",
muğam dəstgahlarına
həsr edilmiş verilişlər tamaşaçı
yaddaşına həkk
olunmuşdur. Bu verilişlərdə R.Zöhrabov
musiqinin rəngarəng
sahələrinə dair
dəqiq məlumatları,
sənət aləminin
sirlərini sadə və anlaşıqlı tərzdə tamaşaçıya
çatdırmışdır ki, bu da
təbii olaraq, xalqın estetik zövqünün və bədii dünyagörüşünün
inkişafına xidmət
etmişdir.
R.Zöhrabovun maarifçilik fəaliyyəti
son illərdə xüsusilə
məhsuldar olmuşdur. 2005-ci ildən
etibarən Heydər Əliyev Fondu tərəfindən müntəzəm
olaraq keçirilən
televiziya muğam müsabiqələrinin münsiflər
heyətinin üzvü
olmuş R.Zöhrabov öz obyektiv mövqeyini nümayiş etdirməklə yanaşı,
müsabiqə iştirakçılarını,
eləcə də tamaşaçıları muğam
sənəti ilə bağlı maraqlı mülahizələri ilə
məlumatlandırırdı və onun çıxışları
həqiqətən, ustad
dərslərinə bərabər
idi.
Bütün dünya üzrə geniş tamaşaçı
kütləsinin diqqətini
özünə cəlb
edən bu müsabiqələrin muğam
sənətinin inkişafında,
təbliğində, gənc
ifaçılar nəslinin
yetişdirilməsində mühüm
rolu olmuşdur.
Respublikanın musiqi həyatında
möhtəşəm bir
hadisə kimi tarixə düşən və artıq bu il
beşillik yubileyini qeyd etdiyimiz "Muğam aləmi" Beynəlxalq Muğam Festivalının (bədii
rəhbəri Respublikanın
Xalq artisti, professor Firəngiz Əlizadə) keçirilməsi isə beynəlxalq miqyasda Azərbaycan muğamının,
Azərbaycan muğamşünaslığının
təntənəsidir.
Azərbaycan dövlətinin muğam
sənətinə diqqət
və qayğısı,
Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun Prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və
rəhbərliyi ilə
keçirilən "Muğam
İrs", "Muğam-Dəstgah",
"Muğam-İnternet", "Muğam Mərkəzi",
"Muğam dünyası",
"Muğam-Antologiya", "Muğam ensiklopediyası"
kimi irihəcmli layihələr sayəsində
XXI əsrin əvvəllərində
Azərbaycan muğamı
öz intibah dövrünü, dirçəliş
dövrünü yaşamağa
başladı. Bu layihələrin həyata
keçirilməsinə görkəmli
sənətkarların, yüksək
səviyyəli mütəxəssislərin
cəlb olunması da onların uğurunun rəhni oldu.
R.Zöhrabov eyni zamanda, bəstəkar
yaradıcılığına da çox diqqət
yetirmişdir. O, mütəmadi
olaraq, musiqi həyatımızda baş
verən əlamətdar
hadisələr, bəstəkar
əsərlərinin premyerası,
musiqişünaslıq nəşrləri
ilə bağlı dövrü mətbuatda resenziyalarla çıxış
etmişdir. Bu da onun ziyalı
kimi öz sözünü deyərək,
sənət dostlarının
uğurlarını təqdir
etməsindən irəli
gəlirdi. Bununla o, musiqi
publisistikası sahəsini
inkişaf etdirmişdir.
R.Zöhrabovun "Bəstəkarlarımız
haqqında söz",
"Bəstəkarlarımızın portreti" kitablarında Azərbaycan bəstəkarlarının
dəqiq, incə ştrixlərlə yaradılmış
portretləri geniş
oxucu kütləsinə
çatdırılmışdır.
R.Zöhrabov eyni zamanda, Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasında pedaqoji işlə məşğul olub, uzun illər boyu "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasına
rəhbərlik etmişdir.
Onun tədqiqatları tədris
sahəsində də
böyük rol oynamışdır. O, Azərbaycan
şifahi ənənəli
musiqi sənətinin tədqiqi ilə məşğul olan bir sıra musiqişünas-alimlər
yetişdirmişdir.
İndiki musiqişünaslar nəslinin
əksəriyyəti Ramiz
müəllimin tələbəsi
olmuşlar. R.Zöhrabov, həmçinin, bir çox musiqişünasların diplom
işlərinin, magistr
və namizədlik dissertasiyalarının elmi
rəbəri, doktorluq
dissertasiyalarının elmi
məsləhətçisi olaraq, öz tədqiqat metodikasını
onlara aşılamış
və öz ardıcıllarını yetişdirmişdir.
Ramiz müəllimin
pedaqoji əməyinin
bir bəhrəsi də istedadlı musiqişünas, musiqi elmində ilk addımlarını
atan öz qızı Leyla Zöhrabovadır və inanırıq ki, Leyla onun elmi-tədqiqatçılıq
yolunun layiqli davamçısı olacaq.
Ramiz Zöhrabov
musiqişünaslıq fəaliyyəti
ilə yanaşı, bəstəkarlıqla da məşğul olmuşdur. O, xalq çalğı alətləri
orkestri üçün
"Bayram lövhələri",
"Uşaq səhnələri",
"Ərdəbil lövhələri"
süitalarının, "Xoreoqrafik miniatürlər"in,
kamera orkestri üçün "Yumoreska"nın,
bir sıra kamera-instrumental əsərlərin
və mahnıların
müəllifidir. Onun əsərləri
dəfələrlə Azərbaycan
Bəstəkarlar İttifaqının
Qurultay, Plenum və Festivallarının proqramına
daxil edilərək müvəffəqiyyətlə səslənmişdir.
R.Zöhrabov fəal ictimai musiqi xadimi kimi
geniş fəaliyyət
göstərərək, 30 illik bir dövrdə
Azərbaycan Bəstəkarlar
İttifaqının üzvü,
habelə İdarə
Heyətinin üzvü,
"Musiqişünaslıq" bölməsinin rəhbəri,
1990-cı ildən 2012-ci ilədək
Azərbaycan Bəstəkarlar
İttifaqının Katibi
vəzifəsində çalışmışdır.
Bəstəkarlar İttifaqının Plenum və Qurultaylarının,
festivalların, yubiley
gecələrinin, müəllif
konsertlərinin, elmi simpozium və konfransların keçirilməsində
və bu tədbirlərin dövrü
mətbuat səhifələrində
işıqlandırılmasında R.Zöhrabovun yüksək
təşkilatçılıq bacarığı xüsusi
qeyd olunmalıdır.
O, müxtəlif respublika
konfranslarında və
beynəlxalq simpoziumlarda
etnomusiqişünas-alim kimi
dəyərli məruzələrlə
çıxış etmiş,
Azərbaycan bəstəkarlarının
yaradıcılığını geniş təbliğ etmişdir.
Ramiz Zöhrabov, həmçinin,
Azərbaycan Respublikası
Təhsil Nazirliyi Elmi-Metodik Şurasının
"İncəsənət və musiqişünaslıq"
bölməsini sədri,
Respublika Baş Elmi Tədqiqat Pedaqoji İnstitutunun müdafiə üzrə elmi şurasının üzvü, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
Şirkətinin Bədii
Şurasının üzvü,
"Xalq musiqi ifaçıları" Cəmiyyətinin
İdarə Heyətinin
üzvü kimi çox geniş ictimai fəaliyyət göstərərək musiqi
mədəniyyətimizin inkişafı
naminə yorulmadan çalışmışdır.
Elmi və pedaqoji fəaliyyəti ilə musiqişünaslığımızın inkişafına güclü
təsir göstərmiş,
musiqi-ictimai xidmətləri
ilə milli musiqi sənətimizin tərəqqisi və təbliği yolunda əzmlə çalışmış
Ramiz Zöhrabov geniş musiqi ictimaiyyətinin, elm və
mədəniyyət xadimlərinin,
bütün musiqisevərlərin
dərin hörmətini
qazanmış sənətkar
kimi daima xalqımız tərəfindən
ehtiramla yad ediləcək.
Cəlal ABBASOV
Azərbaycan Bəstəkarlar İttifaqının
katibi, Əməkdar incəsənət xadimi,
professor
525-ci qəzet 2018.- 22 iyun.-
S.6.