Haqq işimizə sanballı töhfə: "Soyqırımından Xocalıya..."

 

İSTANBULDA "XOCALIYA ƏDALƏT!" KAMPANİYASININ 10 İLLİYİNƏ HƏSR OLUNAN ELMİ ƏSƏR İŞIQ ÜZÜ GÖRÜB

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun ön söz müəllifliyi ilə AZƏRTACn xüsusi müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının "Soyqımından Xocalıya..." elmi əsəri İstanbulda türk dilində çapdan çıxıb.

 

Türkiyədə fəaliyyət göstərən BİLGESAM (Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzi) Araşdırmalar Mərkəzi tərəfindən tərcümə olunmaqla nəşrə hazırlanaraq çap edilən əsər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının 10-cu ildönümünə ithaf olunub.

 

Xatırladaq ki, əsərin Azərbaycan dili versiyası cari ilin fevralında Bakıda "Zərdabi LTD" mətbəəsində də çap olunub.

 

Ön söz, giriş, "Xocalı soyqırımı-25", üç fəsil, nəticə, rəsmi sənədlər, xülasə və ədəbiyyat siyahısından ibarət əsərdə saxta "Böyük Ermənistan" iddiasının ortaya çıxmasının siyası səbəbləri, inkişaf istiqamətləri, müasir dövrdəki vəziyyəti kimi məsələlər əlaqəli şəkildə tədqiqata cəlb olunub. Bundan başqa, kitabda 200-ə yaxın rəsmi sənəd və təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticələrinin əks etdirən, o cümlədən, bu mövzunun ayrı-ayrı istiqamətlərinə aid olan KİV materialı foto şəkilində yerləşdirilib.

 

Hər iki nəşrdə Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış Azərbaycanlıların soyqırımı haqqında 26 mart 1998-ci il tarixli Prezident Fərmanı, Prezident İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı müraciətinin mətni, eləcə də Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Prezident Sərəncamı yerləşdirilib. O cümlədən, təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etməsi və onun ağır nəticələri barədə dövlətimizin başçısının beynəlxalq tribunalardakı nitqlərindən sitatlar verilib və rəsmi sənədlərin tarixi mahiyyəti və onlar əsasında həyata keçirilən siyasətin nəticələri barədə geniş məlumatlar vardır.

 

Professor Əli Həsənov ön sözdə yazır: "...Bu kitab Xocalı soyqırımının dəhşətlərini göstərməklə bərabər, Xocalı faciəsinin fəsadlarına dözmək üçün nikbinlik aşılayan ilk elmi əsərdir. Kitabda bütün bu məqamlara dair, əksəriyyəti xarici olmaqla, çoxsaylı mənbələrdən istifadə edilmişdir.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyasının 10-cu ildönümünə ithaf olunan bu əsər geniş oxucu kütləsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və müasir vəziyyətinin öyrənilməsi ilə məşğul olan tədqiqatçılar, eləcə də bu istiqamətdə gələcəkdə elmi əsərlərin yazılmasına dəstək üçün əsaslı və dəyərli vəsaitdir".

 

Əsərin girişində XIX əsrin sonlarına Osmanlı dövlətinə qarşı silahlanmağa başlayan ermənilərin yaratdıqları terror təşkilatlarının fəaliyyətindən, onların dəyişən ictimai-siyasi şəraitlərdə istifadə etdikləri hiyləgərliklərdən, metod və vasitələrindən, o cümlədən, təcavüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdikləri işğalçılıq siyasətinin ağır nəticələri və çoxsaylı terror aktları barədə müfəssəl məlumat verilir.

 

"Xocalı soyqırımı-25" sərlövhəsi ilə təqdim olunan hissədə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar 2017-ci il fevralın 26-da Bakı şəhərində təşkil olunmuş izdihamlı ümumxalq yürüşünün keçirilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı nitqində yer alan Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasəti barədə, eləcə də Xocalı soyqırımı ilə bağlı məqamlar, Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımı ilə bağlı daha bir qərarı əks olunub. Həmçinin, 2017-ci il fevralın 22-də Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə "Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm" mövzusunda beynəlxalq konfrans, ötən ilin noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin birmənalı olaraq bir daha dəstəklənməsi barədə qəbul olunmuş Birgə Bəyannamə, tarix elmləri doktoru Oleq Yuryeviç Kuznetsovun 2017-ci ilin martında Xocalı soyqırımının tanınması üçün petisiyaya başlaması kimi məsələlərdən bəhs olunur.

 

"Uydurma "Böyük Ermənistan" xülyası beynəlxalq sülhə və tərəqqiyə təhdid kimi" başlıqlı birinci fəsil iki paraqrafdan ibarətdir. Bu fəslin "Xocalı soyqırımı XX yüzillikdə insanlığa qarşı törədilən ən ağır bəşəri cinayətdir" paraqrafında Xocalı soyqırımının dəhşətlərini əks etdirən rəsmi məlumatlar, erməni rəsmi dairələrinin və siyasətçilərinin bu bəşəri cinayətə göstərdikləri faşizm münasibəti əks etdirən faktlar toplanıb. Burada ideologiyaların insan cəmiyyətindəki yeri, rolu və məqsədinə aydınlıq gətirilir. Müəllif təkzibolunmaz faktlar və əsaslı mənbələrdən əldə etdiyi informasiyalara əsaslanaraq yazır: "Cəfəng "Böyük Ermənistan" xülyası ermənilərdə terrorçuluq, saxtakarlıq, dələduzluq, qətl və qarət, yalan və böhtan, süni məzlumluq, avantüra, əsassız iddialılıq və s. kimi xüsusiyyətləri daha da gücləndirən, qeyri-sağlam əməllərini mütəşəkkilləşdirən iyrənc bir prosesdir. Əsassız iddialarda olmaq, xülyanı gerçəkləşdirmək üçün cinayət etmək uydurma "Böyük Ermənistan" iddiasının əsas sütunudur".

 

Bu fəslin ikinci paraqrafında isə erməni millətçi və din xadimlərinin antibəşəri əməlləri ətraflı təhlil olunub. Ermənistanda fəaliyyət göstərən istismar müddəti çoxdan başa çatmış "Metsamor" atom elektrik stansiyasının böyük bir region üçün ekoloji fəlakət mənbəyi olduğunu diqqətə çatdıran müəllif bildirir ki, bu stansiya Ermənistan hakimiyyəti üçün qonşu dövlətlərə şantaj vasitəsi kimi lazımdır və bu stansiyada texniki problemlərin həlli adı altında xarici ölkələrdən və beynəlxalq təşkilatlardan dəfələrlə maliyyə yardımı alınıb. Nüvə enerjisi və texnologiyalarından təkcə terrorçu təşkilatların yox, işğalçı və terrorçu dövlətlərin də yararlanması təhlükəlidir.

 

"Xocalı soyqırımının şahidləri: dəhşətli və qanlı gecə" adlı ikinci fəslin birinci paraqrafında Xocalı soyqırımı zamanı əsir düşən günahsız insanların əlyazmaları, eləcə də o dəhşətli gecədə itkin düşmüş soydaşlarımız haqqında acı xatirələr yer alıb. Paraqrafdakı materiallar bir daha təsdiq edir ki, ermənilər Xocalıda törətdikləri soyqırımı aktını məhz düşünülmüş şəkildə məqsədyönülü niyyətlə həyata keçiriblər.

 

Fəslin ikinci paraqrafında əsalandırılır ki, "Xocalıya ədalət!" beynəlxalq sülh hərəkatıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyasının mahiyyəti, bu çağırış əsasında görülən işlər və onun real nəticələrindən bəhs olunur. Dünyada sülhün və əmin-amanlığın bərpa olunması Xocalı soyqırımının dünya birliyi tərəfində tanınmasından asılıdır. Paraqrafda Xocalı soyqırımı ilə bağlı yazılan əsərlər, xarici KİV-lərdə dərc olunan məqalələr, o cümlədən, efir materialları, təşkil olunmuş beynəlxalq konfranslar və digər anma mərasimləri barədə geniş məlumat verilir. Bu fəslin ikinci paraqrafında Azərbaycan xalqına qarşı törədilən soyqırımları dair rəsmi sənədlərin mətnləri yer alıb. Paraqrafda, həmçinin, Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınmasına dair informasiyalar tarixi ardıcıllıqla oxucuya çatdırılır. Azərbaycandan başqa, Pakistan, Cibuti və Sudan dövlətləri Xocalıda törədilənləri birmənalı şəkildə soyqırımı olaraq, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Panama, İordaniya və Rumıniya isə bu faciəni qətliam kimi tanıyırlar. İndiyədək ABŞ-ın 21 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə soyqırımı aktı kimi tanınması prosesi sürətlə davam etməkdədir. Məlumat verilir ki, hazırda (2018) Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi qorunmaqdadır.

 

"Ermənistan: dəyişməyən işğalçı xislət" başlıqlı sonuncu fəslin "Aprel döyüşlərinin status-kvoya təsiri" adlı birinci paraqrafında Azərbaycan və Ermənistan arasında 1994-cü ildə əldə olunmuş atəşkəsdən sonrakı dövrdə təcavüzkar tərəfin davamlı olaraq məqsədyönlü şəkildə Azərbaycana hücum xarakterli hərəkətlər etməsinə dair informasiyalar tədqiqata cəlb olunub. Müəllif təkzibolunmaz faktlar və rəsmi informasiyalar əsasında oxucuya çatdırır ki, əslində, 2016-cı ilin aprel döyüşləri təcavüzkar Ermənistanın işğalçılıq siyasətindən geri çəkilməməsinin məntiqi nəticəsidir. "Cocuq Mərcanlının bərpası: Soyqırımından Xocalıya..." sərlövhəli növbəti paraqrafda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncamların mətni və bu rəsmi sənədlərin qüvvəyə minməsindən sonrakı proseslər ətraflı şəkildə təhlil olunub. Həmçinin, paralel olaraq 2016-cı ilin aprel döyüşlərinin nəticələri, Azərbaycan xalqının öz torpaqlarının müdafiəsi naminə göstərdiyi birliyi tərənnüm edən informasiyalar əlaqəli şəkildə işlənilib.

 

Burada Cocuq Mərcanlının bərpası ilə bağlı Prezident Sərəncamlarının icrası, bu yaşayış məskəninin yenidən, müasir standartlara uyğun qurulması, həmçinin, əhalinin böyük ruh yüksəkliyi ilə öz doğma yurduna qayıdışı, eləcə də Azərbaycanın hər yerindən olmaqla ictimaiyyətin ayrı-ayrı təbəqələrinin göstərdiyi doğma münasibətə dair bir-birindən dəyərli məlumatlar sistemli şəkildə oxucuya təqdim olunur. Cocuq Mərcanlının bərpasını Qarabağa tarixi qayıdışın əsası kimi dəyərləndirən müəllif mövzu ilə bağlı xarici KİV-lərdə dərc olunan məqalə və məlumatları ilkin mənbələri göstərilməklə tədqiqata cəlb edib.

 

Ötən il Azərbaycanda baş verən, eləcə də ölkəmizə aid çoxsaylı dövlət əhəmiyyətli məsələlər barədə ətraflı məlumat verən müəllif bu paraqrafın sonunda 2017-ci il noyabrın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibəti ilə keçirilmiş təntənəli mərasimə  müraciət edib. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən mərasimdən də sitat gətirmişdir. Belə ki, Bakı Ali Neft Məktəbinin birinci kurs tələbəsi Mahirə Əsədzadənin çıxışında deyilir: "Möhtərəm cənab Prezident, mən əslən Qarabağdanam, Cocuq Mərcanlı kəndindənəm. Köçkün ailəsində böyümüşəm, qaçqın məktəbində oxumuşam. Yaranan şəraitdən asılı olaraq, ailəmlə birlikdə Bakıya köçmək məcburiyyətində qalmışdıq. Lakin indi Siz bizə bizim kəndimizi qaytardınız, evimizi, məscidimizi qaytardınız. Ən əsası Qarabağa qayıtmaq ümidimizi bir daha gücləndirdiniz. Bütün dünyaya sübut olundu ki, Sizin rəhbərliyinizlə Qarabağ işğaldan azad olunacaq. Qarabağ bizimdir, bizim olacaq... Həyəcanlı anlar yaşamışam. Həyatımın ən böyük arzularından olan Bakı Ali Neft Məktəbinə qəbul olunmaq üçün bu il qəbul imtahanlarında maksimum 700 bal toplamışam, 17 yaşımda Sizin Sərəncamınızla Prezident təqaüdünə layiq görülmüşəm". Müəllif yazır ki, məhz bu fakt Azərbaycan xalqının öz torpağına və Vətəninə bağlılığının təzahürü kimi Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan hakimiyyətinə təzyiq etmək istəyən qüvvələrə ən tutarlı cavabdır.

 

Müəllif yazır: "Müasir leksikonumuzda "cocuq" sözü o qədər geniş işlənməsə də, onun anlamı uşaq mənasını daşıyır. Mərcan isə Azərbaycanda geniş yayılmış qadın - ana adıdır. Bu gün dünyada qadın və uşaqların problemi beynəlxalq təşkilatların humanitar məsələlərə dair müzakirələrində ən çox rast gəldiyimiz məsələdir. Bəli, Azərbaycan xalqı şəhidlərinin qanı hesabına öz ana və balasına sahib çıxdı. Deyə bilərik ki, Azərbaycan dövləti düşmən təhlükəsində olan bir kəndə yeni həyat gətirməklə özünün sağlam ana və uşaq siyasətinə daha bir töhfə verdi. Bu kəndi bizə qaytaran təbii ki, Azərbaycan dövləti və onun sarsılmaz sütunu olan Milli Ordumuzdur. Aprel döyüşlərində şəhid olanlara ehtiram və qaziliyə yüksələn xalqımızın qəhrəman övladlarına, hər iki qəbildən olan fədailərin ailələrinə dövlət qayğısı və ictimai məhəbbət isə təhlükəsiz gələcəyimizin nişanəsidir".

 

Bu paraqrafda 2017-ci il aprelin 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşməsi barədə də məlumat yer almışdır. Qeyd olunur ki, görüşdə Mehriban Əliyevanın iştirakı ilə "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi" layihəsi təqdim olunub. Mehriban Əliyevanın həmin mərasimdəki çıxışından bir hissəni təqdim etmək maraqlıdır: "Azərbaycan sülhsevər ölkədir. Məhz buna görə biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik və buna görə 20 ildən çoxdur ki, danışıqlar aparırıq. Lakin heç kim unutmamalıdır ki, Ermənistan Azərbaycanın torpaqlarını sülh yolu ilə işğal etməyib və Azərbaycan bu işğalla heç vaxt barışmayacaq. Azərbaycan əsgərləri, Azərbaycan oğulları öz Vətəni yolunda mübarizə aparırlar, döyüşürlər, ömürlərini qurban verirlər, onların mübarizəsi haqq mübarizəsidir".

 

Kitabın ayrı-ayrı fəsillərində mövzunu əhatə edən, eləcə də Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Bakıda keçirilmiş ümumrespublika yürüşündən rəsmi fotolar, həmçinin, xarici ölkələrdə dərc olunan məqalələrin sürəti əksini tapıb. "Xocalı soyqırımının tanınmasına dair sənədlər" paraqrafında isə Əli Həsənovun ötən il 8 dildə nəşr olunan "Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması" elmi əsərində Xocalı soyqırımının tanınmasına dair rəsmi sənədlərin sürəti olduğu kimi yerləşdirilmişdir.

 

Aydın AĞAZADƏ

"525-ci qəzet"in Türkiyə üzrə xüsusi müxbiri

İstanbul

 

525-ci qəzet 2018.- 22 iyun.- S.7.